Şeytanın təbliğatına qarşı dur
«ALDANMAYIN! Allahınız sizə kömək etməyəcək. Təslim olun, əks təqdirdə, axırınız pis olacaq!» — deyə Aşşur padşahı Sanxerivin elçisi bu sözlərlə Yerusəlimin sakinlərinə müraciət etdi. Aşşur padşahının ordusu Yəhuda torpağına soxulmuşdu. Elçinin məqsədi Yerusəlimin sakinlərinin döyüş ruhunu qırmaq, qorxutmaq və təslim olmağa məcbur etmək idi (2 Pad. 18:28—35).
Aşşurlular qəddarlıq və amansızlıqları ilə tanınırdılar. Onlar əsirləri ilə necə davrandıqları haqda tükürpərdici şeylər yaymaqla düşmənlərini vahiməyə salırdılar. Tarixçi Filip Teylorun sözlərinə əsasən, onlar «terror siyasəti ilə yanaşı, təbliğat da aparırdılar; bunda məqsədləri istila etdikləri xalqları öz idarəçilikləri altında saxlamaq və başqalarına qarşı necə qəddar olduqları haqda xəbərlər yaymaqla, eləcə də psixoloji təsir göstərməklə potensial düşmənlərini qorxuya salmaq idi». Təbliğat çox güclü silahdır. «O, insanların zehninə zərər vurur»,— deyə Filip Teylor qeyd edir.
Həqiqi məsihçilər ‘qan və ətlə deyil, pis ruhi qüvvələrlə’, yəni Allaha qarşı üsyan qaldıran ruhani varlıqlarla mübarizə aparırlar (Efes. 6:12). Bu varlıqların başçısı Şeytan İblisdir. O da hədə-qorxu ilə yanaşı, təbliğata əl atır.
Şeytan iddia edir ki, o, hər birimizi nöqsansızlığımızdan döndərə bilər. Əyyubun günlərində o, Yehova Allaha demişdi: «İnsan canına görə hər şeyini verər». Başqa sözlə, təzyiq göstər, gec-tez insan Allah qarşısında nöqsansızlığından dönəcək (Əyy. 2:4). Şeytan haqlıdırmı? Doğrudanmı hamımızın nöqsansızlığının müəyyən həddi var və həmin həddi aşanda sağ qalmaq üçün prinsiplərimizdən keçəcəyik? Şeytan məhz bu cür düşünməyimizi istəyir. O, bu fikri bizə təlqin etmək üçün məkrli təbliğatdan istifadə edir. Gəlin onun bəzi üsullarını nəzərdən keçirək və ona qarşı necə mübarizə apara biləcəyimizə baxaq.
‘Mayaları torpaqdandır’
Şeytan Əyyuba baş çəkməyə gələn üç nəfərin arasında olan Elifazdan istifadə edərək insanların onun hücumları qarşısında aciz olduğunu söylədi. İnsanlar haqda «palçıq evlərdə» yaşayanlar kimi danışaraq o, Əyyuba dedi: «Mayası torpaqdan olanlara, güvədən tez əzilənlərə O güvənərmi? Ömürləri səhərdən axşama çatmır, fərqi yoxdur, hamı əbədi yox olur» (Əyy. 4:19, 20).
Müqəddəs Yazıların başqa yerində biz «saxsı» — gildən hazırlanmış tezsınan ‘qablara’ bənzədilirik (2 Kor. 4:7). Biz miras aldığımız günah və qeyri-kamillik ucbatından zəifik (Rom. 5:12). Öz gücümüzlə Şeytanın hücumları qarşısında durmaq mümkün deyil. Amma məsihçi olduğumuz üçün biz Yehovanın köməyinə arxalana bilərik. Zəifliklərimizə baxmayaraq, biz Onun gözündə qiymətliyik (Yeşaya 43:4). Üstəlik, Yehova diləyənlərə müqəddəs ruh verir (Luka 11:13). Onun ruhu bizə «ən üstün qüdrət»i verə bilər ki, Şeytanın başımıza gətirdiyi bəlalara tab gətirə bilək (2 Kor. 4:7; Filip. 4:13, İ—93). Əgər «möhkəm imanla» İblisə qarşı dursaq, Allah bizi möhkəmləndirəcək və güc verəcək (1 Pet. 5:8—10). Buna görə də Şeytan İblisdən qorxmalı deyilik.
İnsan ‘haqsızlığı su kimi içir’
«İnsan, həqiqətən, təmiz ola bilərmi? Qadından doğulan insan saleh ola bilərmi?» — deyə Elifaz soruşdu. Və sonra sözünə davam edərək dedi: «Allah müqəddəslərinə belə, etibar etmirsə, göylər belə, Onun gözündə təmiz deyilsə, haqsızlığı su kimi içən iyrənc, korlanmış insana O etibar edərmi?» (Əyy. 15:14—16). Elifazın Əyyuba dediyi o idi ki, Yehova heç bir insanı saleh hesab etmir. İblis də mənfi düşüncə tərzindən istifadə edir. O istəyir ki, biz keçmiş səhvlərimizə görə narahatçılıq keçirək, özümüzə həddindən artıq tənqidi yanaşaq və islahedilməz olduğumuzu düşünək. O həmçinin istəyir ki, biz Yehovanın bizə qarşı həddən artıq tələbkar olduğunu düşünək və Onun mərhəmətini, bağışlayan olduğunu və köməyini lazımınca qiymətləndirməyək.
Əlbəttə, ‘hamımız günah işlətmiş və Allahın izzətindən məhrum qalmışıq’. Heç bir qeyri-kamil insan Yehovanın mükəmməl tələblərinə müvafiq ola bilməz (Rom. 3:23; 7:21—23). Amma bu o demək deyil ki, Onun gözündə bizim heç bir dəyərimiz yoxdur. Yehova bilir ki, bizim günahlı vəziyyətimizdən sui-istifadə edən «İblis və şeytan adlanan... qədim ilan»dır (Vəhy 12:9, 10). Bizim ‘torpaqdan düzəldiyimizi’ bilən Yehova bunu nəzərə alır və bizdə səhv tutmağa çalışmır (Məz. 103:8, 9, 14).
Əgər pis yolumuzdan əl çəkib səmimi-qəlbdən tövbə ediriksə, Yehova günahımızdan keçəcək (Yeşaya 55:7; Məz. 51:17). Günahlarımız «qıpqırmızı parça kimi görünsə də, onlar qar kimi ağ olacaq»,— deyə Müqəddəs Kitabda qeyd olunur (Yeşaya 1:18). Buna görə də Allahın iradəsini yerinə yetirərkən gəlin heç vaxt təslim olmayaq.
Günahlı olduğumuz üçün biz heç vaxt Allah qarşısında saleh ad qazana bilmərik. Adəmlə Həvva kamilliyi və əbədi yaşamaq imkanını yalnız özləri üçün deyil, bütün nəsilləri üçün də itirdilər (Rom. 6:23). Ancaq bəşəriyyətə böyük məhəbbətindən irəli gələrək, Yehova günahlarımızın bağışlanması üçün müəyyən tədbirlər gördü və bunun üçün biz Onun Oğlu İsa Məsihin fidyə qurbanlığına iman gətirməliyik (Mat. 20:28; Yəh. 3:16). Bu, Allahın «lütfü»nün necə də gözəl təzahürüdür! (Tit. 2:11). Bizim günahlarımızın bağışlanması mümkündür! Onda nəyə görə Şeytana yol verməliyik ki, bunun belə olmadığını düşünməyimizə nail olsun
«Onun ətinə və sümüyünə toxun»
Şeytan iddia edirdi ki, Əyyub sağlamlığını itirsə, imandan dönəcək. İblis Yehovanı buna təhrik etməyə çalışaraq dedi: «Onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək» (Əyy. 2:5). Əgər Allahın Düşməni zəifliklərimizə görə heç bir işə yaramadığımızı düşünməyimizə nail olsaydı, şübhəsiz, çox sevinərdi.
Amma əvvəllər xidmət etdiyimiz kimi xidmət edə bilmiriksə, buna görə Yehova bizi rədd etmir. Təsəvvür edək ki, yaxın bir dostumuzun üstünə hücum çəkib yaralayıblar. Məgər o, əvvəllər bizim üçün etdiklərini indi edə bilmədiyinə görə gözümüzdən düşəcək? Əlbəttə, yox! Biz bundan sonra da onu sevəcək və onun qayğısına qalacağıq, xüsusilə o, bizi müdafiə etməyə çalışdığı üçün yaralanıbsa. Məgər Yehovadan bundan az şey gözləməliyik? «Allah haqsız deyildir ki,.. Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun»,— deyə Müqəddəs Kitabda qeyd olunur (İbr. 6:10).
Müqəddəs Yazılarda ‘kasıb bir dul qadından’ bəhs olunur, görünür, o, çox illər idi ki, sədaqətlə Yehovaya ibadəti dəstəkləyirdi. İsa bu qadının məbədin ianə qutusuna «iki lepton» atdığını görəndə onun və ianəsinin heç bir dəyəri olmadığını fikirləşdimi? Yox, həqiqi ibadəti dəstəkləmək üçün şəraitinin yol verdiyini etdiyi üçün onu təriflədi (Luka 21:1—4).
Əgər nöqsansızlığımızı qoruyub saxlasaq, əmin ola bilərik ki, qeyri-kamillik ucbatından yaranan xəstəliyin və ya qocalığın bizə nə qədər zərər yetirməsinə baxmayaraq, Yehova ilə münasibətlərimiz möhkəm qalacaq. Bədbəxtliklər Onun xidmətçilərinin ibadətlərini məhdudlaşdırdığına görə Allah Öz sadiq xidmətçilərini heç vaxt atmayacaq (Məz. 71:9, 17, 18).
«Xilas dəbilqəsini» geyinin
Özümüzü Şeytanın təbliğatından necə qoruya bilərik? Həvari Pavelin yazdıqlarına diqqət yetirək: «Rəbbdə və Onun üstün qüdrətində qüvvətlənin. İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın bütün zirehlərini geyinin». Ruhani zirehlərdən biri də ‘xilas dəbilqəsidir’ (Efes. 6:10, 11, 17). Şeytan bu dünyada güclü təbliğat apardığı üçün biz onu geyinməli və heç vaxt çıxarmamalıyıq. Dəbilqə əsgərin başını qoruyur. ‘Xilas dəbilqəmiz’ — Allahın gözəl yeni dünya ilə bağlı vədlərini yerinə yetirəcəyinə dair əminliyimiz zehnimizi Şeytanın yalanlarından qoruyur (1 Salon. 5:8). Müqəddəs Yazıları diqqətlə araşdırmaqla ümidimizi möhkəm və canlı saxlamalıyıq.
Əyyub Şeytanın qəzəbli və acıqlı hücumlarına tab gətirdi. Əyyubun dirilməyə olan imanı o qədər güclü idi ki, hətta ölüm qorxusu belə onu imanından döndərə bilmədi. O, Yehovaya dedi: «Sən çağıranda cavab verəcəyəm, əllərinin bu işinin həsrətini çəkəcəksən» (Əyy. 14:15). Əyyuba nöqsansızlığını qorumaq naminə ölmək lazım gəlsəydi belə, o şübhə etmirdi ki, Allah sadiq xidmətçilərini məhəbbətdən irəli gələrək dirildəcək.
Qoy bizim də həqiqi Allaha etibarımız bu qədər güclü olsun. Yehova Şeytanın və onun əlaltılarının vurduğu hər bir zərəri aradan qaldırmağa qadirdir. Gəlin Pavelin yazdığı sözləri heç vaxt unutmayaq: «Allah sadiqdir; O, gücünüzdən artıq imtahan olunmanıza razılıq verməz, lakin imtahan ilə yanaşı, qurtuluşu da təmin edəcəkdir ki, tab gətirə biləsiniz» (1 Kor. 10:13).
[20-ci səhifədəki şəkil]
Yehova sənin Ona sədaqətlə xidmət etməyini qiymətləndirir
[21-ci səhifədəki şəkil]
Xilas dəbilqəsini geyin və onu çıxartma