Sən Yehovanın yardımını qəbul edirsənmi?
«Rəbb mənə yardımçıdır, mən qorxmaram» (İBRANİLƏRƏ 13:6).
1, 2. Yehovanın yardımını qəbul etmək və Onun göstərişlərinə qulaq asmaq nəyə görə vacibdir?
TƏSƏVVÜR et ki, dağlıq yol ilə səyahətə çıxmısan. Lakin sən tək deyilsən, səninlə öz işini yaxşı bilən bələdçi gedir. Təcrübədə və dözümlülükdə səndən üstün olmasına baxmayaraq, o, səbirlə sənin yanınca gedir. Bə’zən büdrəməyin onun nəzərindən qaçmır. Təhlükəli yerdə yıxılmayasan deyə sənə əlini uzadır. Sən onun yardımından imtina edəcəksənmi? Əlbət ki, yox! Axı söhbət sənin həyatından gedir.
2 Bir məsihçi kimi, bizlər çətin yolla gedirik. Bu ‘ensiz yolda’ biz tənhamı yeriməliyik? (Matta 7:14). Xeyr, Müqəddəs Kitabdan öyrənirik ki, yer üzündə ən yaxşı Bələdçi olan Yehova Allah insanlara Onunla yeriməyə imkan verir (Yaradılış 5:24; 6:9). Həmin yolda Yehova Öz xidmətçilərinə kömək edirmi? O deyir: «Sənin sağ əlindən tutub “Qorxma, sənə kömək edəcəyəm” deyən Allahın Rəbb Mənəm» (Yeşaya 41:13). Yuxarıda xatırlanan bələdçi kimi, Yehova, Onunla yeriməyə çalışan kəslərə Öz köməkliyini və dostluğunu təklif edir. Bizlərdən kim bu cür yardımdan imtina etmək istəyərdi?
3. Bu məqalədə biz hansı sualları müzakirə edəcəyik?
3 Əvvəlki məqalədə, Yehovanın keçmişdə Öz xalqına yardım etmək üçün istifadə etdiyi dörd üsulu nəzərdən keçirdik. Allah bu gün də eyni cür yardım göstərirmi? Və biz Onun yardımını qəbul etdiyimizə necə əmin ola bilərik? Gəlin bu sualları müzakirə edək. Belə olan halda biz Yehovanın həqiqətən də bizim Yardımçımız olduğuna əminliyimizi möhkəmləndirərik (İbranilərə 13:6).
Mələklərin yardımı
4. Nəyə görə bizim günlərdə Allahın xidmətçiləri mələklərin yardımına bel bağlaya bilərlər?
4 Mələklər Allahın müasir xidmətçilərinə yardım göstərirlərmi? Sözsüz. Doğrudur, bu gün onlar Allahın xalqını təhlükədən azad etmək üçün gözə görünmürlər. Hətta Müqəddəs Kitabın yazıldığı dövrlərdə belə, onlar nadir hallarda gözə görünürdülər. Bugünkü kimi, çox vaxt onlar görünməz tərzdə yardım göstərirdilər. Buna baxmayaraq, Allahın xidmətçiləri mələklərin onlara həmişə yardım etməyə hazır olduqlarını bilərək, özlərini daha ürəkli hiss edirdilər (2 Padşahlar 6:14-17). Mələklərin yardımına bel bağlamaq üçün bizim də tam əsasımız var.
5. Bizim günlərimizdə mələklərin təbliğ işində iştirak etdiyini Müqəddəs Kitab necə göstərir?
5 Yehovanın mələklərini bizə də aidiyyatı olan bir iş xüsusi olaraq maraqlandırır. Bu hansı işdir? Cavabı Vəhy 14:6 ayəsində tapa bilərik: «Göyün ortasında uçan başqa bir mələyi də gördüm. Onun əbədi bir Müjdəsi var idi ki, yer üzündə yaşayanlara, hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa təbliğ etsin». Bu «əbədi... Müjdə», ehtimal ki, İsanın qabaqcadan söylədiyinə əsasən yaşadığımız sistem öz sonuna çatmazdan əvvəl «millətlərin hamısına şəhadət olaraq bütün dünyada» təbliğ olunacaq «Padşahlıq haqqında olan... Müjdə» ilə əlaqəlidir (Matta 24:14, İ–93). Əlbət ki, mələklər şəxsən özləri təbliğ etmirlər. Bu vacib işi İsa insanlara həvalə edib (Matta 28:19, 20). Məgər bizə verilən tapşırığın yerinə yetirilməsində müqəddəs mələklərin — müdrik və qüdrətli ruhani varlıqların yardım göstərmələri bizi ruhlandırmırmı?
6, 7. a) Mələklərin bizim təbliğ işimizə dəstək olduqları nədən görünür? b) Yehovanın mələklərinin yardımını alacağımıza əmin olmaq üçün nə etmək lazımdır?
6 Mələklərin bizim işimizə yardım etdiyinə dair çoxlu sübutlar var. Məsələn, tez-tez eşidirik ki, Yehovanın Şahidləri xidmət edərkən, bir qədər əvvəl dua edərək Allahdan həqiqəti tapmaqda onlara kömək etməsini xahiş edən insanlarla qarşılaşırlar. Belə hallar çox tez-tez baş verdiyi üçün onları adi təsadüf hesab etmək düz olmazdı. Mələklərin rəhbərliyi sayəsində getdikcə daha çox insanlar «göyün ortasında uçan» mələyin: «Allahdan qorxun! Ona izzət verin», çağırışına hay verə bilirlər (Vəhy 14:7).
7 Yehovanın qüdrətli mələklərinin sənə yardım etmələrini arzulayırsanmı? Belə isə bütün qüvvəni xidmətinə həsr elə (1 Korinflilərə 15:58). Yehovanın işini həvəslə yerinə yetirərək, biz Onun mələklərinin yardımına bel bağlaya bilərik.
Mələklərin Başçısının yardımı
8. İsa göydə hansı mövqeyi tutur və bu bizi necə möhkəmləndirir?
8 Yehova bizə mələklərin yardımını başqa cür də təqdim edir. Vəhy 10:1 ayəsində ‘üzü günəşə bənzəyən’ başqa ‘güclü bir mələk’ təsvir olunur. Rö’yada görünən bu mələk, ehtimal ki, dirilmiş İsa Məsihi səmavi izzətində təmsil edir (Vəhy 1:13, 16). İsa həqiqətənmi mələkdir? Müəyyən mə’nada elədir, çünki o baş mələkdir (1 Saloniklilərə 4:16). İsa Yehovanın ruhani oğullarından ən qüdrətlisidir. Yehova onu səmavi ordusunun Başçısı tə’yin etmişdir. Biz bu baş mələyin vasitəsilə böyük yardım əldə edirik. Hansı üsulla?
9, 10. a) Günah işlətdiyimiz zaman İsa bizim yardımçımız rolunda necə çıxış edir? b) İsanın nümunəsi bizə necə kömək edir?
9 Yaşa dolmuş həvari Yəhya yazırdı: «Əgər biri günaha batsa belə, Atanın yanında Müdafiəçiyə, yə’ni adil olan İsa Məsihə malikik» (1 Yəhya 2:1). Yəhya nəyə görə İsa haqqında bizim günahlarımızla əlaqədar Müdafiəçi, yə’ni yardımçı kimi danışır? Biz hər gün günah işlədirik, günah isə ölümə aparır (Vaiz 7:20; Romalılara 6:23). İsa isə öz həyatını bizim günahlarımız uğrunda qurban verdi. O, bizim mərhəmətli Atamızın yanında oturur və bizi müdafiə edir. Hər birimizin bu cür yardıma ehtiyacı var. Biz bu yardımı necə ala bilərik? Günahlarımızdan tövbə etmək və Allahdan Məsihin qurbanlığı əsasında bağışlanmamızı xahiş etmək zəruridir. Həm də diqqət yetirməliyik ki, köhnə günahlara yenidən qayıtmayaq.
10 İsa bizim uğrumuzda ölməklə yanaşı, təqlid etməyimiz üçün bizə kamil nümunə də qoymuşdur (1 Peter 2:21). Onun nümunəsi bizə yol göstərir, ciddi günahlardan qaçınmağa və Yehovanı razı salacaq həyat sürməyə kömək edir. Məgər bu cür yardıma malik olmaq bizim üçün xoş deyilmi? Bundan əlavə İsa öz davamçılarına söz verdi ki, onlara başqa yardımçı göndərəcək.
Müqəddəs ruhun vasitəsilə edilən yardımı
11, 12. Yehovanın ruhu nədir, onun gücü nə qədərdir və o bizə bu gün nəyə görə lazımdır?
11 İsa və’d etmişdir: «Atadan xahiş edəcəyəm ki, O, daim sizinlə bərabər olmaq üzrə sizə başqa bir Təsəlliverici versin. Bu, həqiqət Ruhudur; Onu dünya qəbul edə bilməz» (Yəhya 14:16, 17). «Həqiqət Ruhu», yə’ni müqəddəs ruh şəxsiyyət deyil, Yehovanın fəal qüvvəsidir. Bu qüvvənin həddi yoxdur. Yehova həmin qüvvənin vasitəsilə Kainatı yaratmış, heyranedici mö’cüzələr göstərmiş və rö’ya vasitəsilə Öz iradəsini açmışdır. Bu gün Yehova Öz fəal qüvvəsindən bu cür istifadə etmir, lakin bu o deməkdirmi ki, müqəddəs ruh bizə lazım deyil?
12 Əksinə! Bu «çətin anlarda» Yehovanın ruhu bizə əvvəlkindən daha çox lazımdır (2 Timoteyə 3:1). O bizə sınaqlara tab gətirməkdə güc verir. O bizə, bizi Yehova ilə və ruhani bacı-qardaşlarımızla yaxınlaşdıran gözəl keyfiyyətlər yetişdirməkdə kömək edir (Qalatiyalılara 5:22, 23). Şübhəsiz, müqəddəs ruh gözəl yardım təqdim edir. Bəs onu əldə etmək üçün nə etmək olar?
13, 14. a) Yehovanın Öz xidmətçilərinə müqəddəs ruhunu vermək istədiyini haradan bilirik? b) Hansı əməllərimiz göstərə bilər ki, biz əslində müqəddəs ruhun yardımını qəbul etmirik?
13 Birincisi, duada müqəddəs ruh istəmək vacibdir. İsa demişdir: «Madam ki, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!» (Luka 11:13). Bəli, Yehova dünyada ən gözəl Atadır. Əgər biz sidqi-ürəkdən imanla Ondan müqəddəs ruh diləsək, onda O bizə mütləq müqəddəs ruh verəcəkdir. Belə isə biz Allahdan müqəddəs ruh istəyirikmi? Biz bu haqda xahişi hər gün dualarımıza daxil etməliyik.
14 İkincisi, biz müqəddəs ruhu, onun təqdim etdiyi rəhbərliyə əsasən davrananda alırıq. Təsəvvür edək ki, məsihçi pornoqrafiyaya baxmaq meyli ilə mübarizə aparır. O, bu iyrənc vərdişdən azad olmaq üçün duada müqəddəs ruh istəyir. O, həm də kömək üçün yığıncağın ağsaqqallarına müraciət edib. Onlar isə ona qətiyyətlə hərəkət etməyi və əxlaqsız materiala hətta yaxınlaşmamağı məsləhət görüblər (Matta 5:29). Əgər o, ağsaqqalların məsləhətinə e’tinasız yanaşaraq, yenidən özünü sınaqlara mə’ruz qoyursa, necə? O, müqəddəs ruhun ona kömək etməsi barədə dua edir, bəs duasına müvafiq olaraq davranırmı? Əks təqdirdə həmən adam Allahın ruhunu kədərləndirmək və özünü bu ən’ama layiq olmamaq təhlükəsi altına atır (Efeslilərə 4:30). Bizlərdən hər birimiz bacardığımız qədər hər şeyi etməliyik ki, bundan sonra da müqəddəs ruhun gözəl yardımına malik olaq.
Allahın Kəlamından əldə edilən yardım
15. Müqəddəs Kitabı adi kitab kimi qəbul etmədiyimiz nədən görünəcək?
15 Yehovanın sadiq xidmətçiləri artıq çox əsrlərdir ki, Müqəddəs Kitabdan yardım əldə edirlər. Biz Müqəddəs Yazıları adi kitab kimi qəbul etməməliyik, yadda saxlamaq lazımdır ki, o bizə çox kömək edə bilər. Lakin kömək əldə etmək üçün sə’y tələb olunur. Müqəddəs Kitabı oxumağı özümüz üçün vərdişə çevirməliyik.
16, 17. a) Məzmur 1:2, 3 ayələrinə əsasən Allahın qanununu oxumaq necə mükafatlandırılır? b) Nədən görünür ki, Məzmur 1:3 ayəsində sə’ylə çalışmaq mənzərəsi təsvir edilir?
16 Məzmur 1:2, 3 ayələrində Allahdan qorxan insan barəsində deyilir: «O ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu tə’limatı dərin düşünər. Axar sular kənarında əkilən ağac kimi barını mövsümündə verər, yarpağı solmaz, etdiyi hər işdə uğur qazanar». Bu sözlərin məğzini başa düşürsənmi? Düşünmək olar ki, burada çay kənarındakı kölgəli ağacdan ibarət sakit bir mənzərə təsvir edilib. Nahardan sonra bu cür yerdə bir balaca mürgüləmək necə də xoş olardı! Lakin bu məzmur bizə istirahət haqqında düşünməyi təklif etmir. Bu məzmur tamamilə başqa bir mənzərəni — sə’ylə çalışmaq mənzərəsini təsvir edir. Bu nədən görünür?
17 Diqqət yetirək ki, burada təsvir olunan ağac — çay kənarında təsadüf nəticəsinə əmələ gələn, adi kölgəli ağac deyil. Bu, bilərəkdən müəyyən yerdə — «axar sular kənarında əkilən» bar gətirən ağacdır. Bəs bir ağac bir neçə axar suyun kənarında necə böyüyə bilər? Məsələ ondadır ki, meyvə bağlarının sahibləri əksər hallarda ağacların yanından keçən suvarma kanalları çəkirdilər. İndi məsələnin məğzi bizə aydındır! Əgər biz məzmurda təsvir olunan ağaca bənzər tərzdə ruhani mə’nada çiçəkləniriksə, bu yalnız ona görə baş verir ki, bizə görə böyük iş görülmüşdür. Biz, təmiz həqiqət sularını yanımıza çatdıran təşkilatla bağlıyıq. Lakin bizim də öz tərəfimizdən sə’y göstərməyimiz tələb olunur. Biz düşünməyə və tədqiqatlar aparmağa vaxt həsr edərək, bu qiymətli suları özümüzə hopmalıyıq. Bu, Allahın Kəlamında olan həqiqətlərin şüurumuzda və ürəyimizdə kök salması üçün lazımdır. Belə olan halda biz də gözəl səmərələr gətirə bilərik.
18. Suallarımıza Müqəddəs Kitabdan cavab tapmaq üçün nə etmək lazımdır?
18 Əgər Müqəddəs Kitab sadəcə olaraq kitab rəfində durursa, ondan heç bir fayda olmayacaq. Digər tərəfdən isə gözləmək olmaz ki, onun əlimizə keçən ilk səhifəsini açmaqla bizi maraqlandıran suala cavab tapacağıq, çünki Müqəddəs Kitab fövqəl’adə qüvvəyə malik deyil. Qərar qəbul etmək lazım gələndə, «Allah bilgisini» (KM) gizlədilmiş xəzinə kimi axtarmaq lazımdır (Süleymanın məsəlləri 2:1-5). Düşdüyümüz vəziyyətə dəqiqliklə uyğun gələn Müqəddəs Kitab prinsipini tapmaq üçün, adətən sə’ylə və diqqətlə tədqiqat aparmaq lazımdır. Yardım üçün bizə Müqəddəs Kitaba əsaslanan çoxlu nəşrlər təqdim olunmuşdur. Allahın Kəlamında müdrik məsləhətlər axtararaq onlardan istifadə edəndə, biz Yehovanın Özündən gələn köməyi qəbul edirik.
Həmimanlıların vasitəsilə edilən yardım
19. a) Nəyə görə «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarında olan məqalələrə həmimanlılardan gələn yardım kimi baxmaq olar? b) Jurnallarımızdan birində olan hər-hansı məqalənin sizə necə kömək etdiyini danışın.
19 Yehovanın xalqı həmişə bir-birinə yardım göstərib. Yehova bu cəhətdən dəyişilibmi? Əsla. Şübhəsiz ki, bizlərdən hər birimiz ehtiyac duyduğu zaman həmimanlılarından vaxtlı-vaxtında aldığı yardımı xatırlayır. Ehtimal ki, «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarında olan, çətin anlarda sənə təsəlli verən, problemi həll etməkdə kömək edən və ya sınaqlar zamanı sənə dəstək olan məqalələri xatırlayırsan. Yehova bu yardımı sənə «vaxtlı-vaxtında... yemək vermək üçün» tə’yin olunmuş «sadiq və ağıllı qul»un vasitəsilə göstərib (Matta 24:45-47).
20. Ağsaqqallar necə «insanlar timsalında hədiyyələr» olurlar?
20 Buna baxmayaraq, biz çox vaxt şəxsən tanıdığımız həmimanlılarımızdan yardım alırıq. Məsihçi ağsaqqal ürəyimizə tə’sir edən mə’ruzə ilə çıxış edə bilər, bizə çətin anda dayaq ola biləcək çoban ziyarəti edə bilər, ya da ki, hansısa çatışmazlığımızı anlayıb, onun öhdəsindən gəlməyə kömək edən xoş məsləhət verə bilər. Minnətdarlıq hissi duyan bir məsihçi qadın ağsaqqalın ona necə kömək etdiyi haqda yazırdı: «Biz təbliğ xidmətində olarkən, o məni ürəyimi açmağa təşviq etdi. Məhz elə həmən gündən əvvəlki gecə Yehovaya dua etmişdim ki, öz narahatçılıqlarımı bölüşə biləcəyim kimi isə tapım. Və budur, növbəti gün həmin qardaş mənimlə anlayışla danışdı. O, Yehovanın artıq uzun illər ərzində mənə necə yardım etdiyini görməkdə kömək etdi. Bu çobanı mənə yetirdiyi üçün Allaha minnətdaram». Beləliklə ağsaqqallar bizim bundan sonra da həyata aparan yolla gedə bilməyimiz üçün Yehovanın İsa Məsih vasitəsilə verdiyi «insanlar timsalında hədiyyələr» olurlar (Efeslilərə 4:8, YD).
21, 22. a) Məsihçi yığıncağının üzvlərinin Filipililərə 2:4 ayəsindəki prinsipə əsasən davranmaları hansı səmərəni gətirir? b) Nəyə görə hətta balaca xeyirxah əməllər də əhəmiyyət kəsb edir?
21 Yalnız ağsaqqallar deyil, lakin hər bir sadiq məsihçi «yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdün» kimi ilhamlanmış məsləhətə riayət etməyi arzu edir (Filipililərə 2:4). Məsihçi yığıncağının üzvləri bu cür davrananda, bu yaxşı əməllər timsalında gözəl bəhrələr gətirir. Məsələn, bir ailə bir qəfil başlarına gələn böyük fəlakətdən əziyyət çəkməyə başlayır. Ata qızı ilə birlikdə maşında mağazaya gedir. Geriyə qayıdarkən avtomobil qəzasına uğrayır. Qız ölür, ata isə ağır xəsarət alır. Onu xəstəxanadan buraxanda, kişi o qədər zəif olur ki, öz qayğısına qala bilmir. Onun həyat yoldaşı isə baş verən hadisədən çox sarsıldığından ərinə qulluq edə bilmir. Yığıncaqda bir ər-arvad qəm-qüssə içində olan bu valideynləri öz yanlarına götürürlər və bir neçə həftə onlara qayğı göstərirlər.
22 Sözsüz ki, həmimanlılara göstərilən yardım həmişə faciə və ya böyük sə’ylərlə əlaqədar olmur. Bə’zən bizim aldığımız yardım cüz’i olur. Lakin buna görə biz həmin yardımı azmı qiymətləndiririk? Elə bir halı yadına sala bilərsənmi ki, qardaşın və ya bacının söylədiyi xoş söz və ya qayğıkeş davranışı sənin məhz ehtiyac duyduğun yardım olsun? Yehova çox vaxt bizə məhz bu cür kömək edir (Süleymanın məsəlləri 17:17; 18:24).
23. Yehova bizim bir-birimizə kömək etmək cəhdimizi necə qiymətləndirir?
23 Yehovanın sənin vasitənlə başqalarına kömək etməsini istəyərdinmi? Bu mümkündür. Yehova sənin bu sahədə göstərdiyin cəhdləri çox qiymətləndirir. Onun Kəlamında deyilir: «Kasıba səxavət göstərən sanki Rəbbə borc verər, çünki onun əvəzi Rəbdən gələr» (Süleymanın məsəlləri 19:17). Gücümüzü və vaxtımızı bacı-qardaşlara sərf etməklə, böyük sevinc duyuruq (Həvarilərin işləri 20:35). Bu sevinc, başqalarından qəsdən uzaqlaşanlara əlçatan deyil, hətta belə insanlar özlərini ruhani yardımdan məhrum edirlər (Süleymanın məsəlləri 18:1). Buna görə də gəlin bir-birimizi ruhlandırmaq imkanına malik olmaq üçün məsihçi görüşlərimizi buraxmamağa çalışaq (İbranilərə 10:24, 25).
24. Yehovanın keçmişdə etdiyi heyranedici mö’cüzələri görməsək də, nəyə görə özümüzü məhrum edilmiş hesab etməyə əsasımız yoxdur?
24 Məgər Yehovanın bizə necə kömək etdiyi haqda düşünmək xoş deyilmi? Biz Allahın Öz iradəsini yerinə yetirmək üçün heyranedici mö’cüzələr etdiyi dövrdə yaşamasaq da, özümüzü məhrum edilmiş hiss etməyə əsasımız yoxdur. Ən başlıcası odur ki, Ona sadiq qalmağımız üçün Yehova bizə ən çox lazım olan yardımı göstərir. Və əgər sadiqliyimizi qoruyub saxlayaraq axıra kimi birlikdə tab gətirsək, Yehovanın ən heyranedici və izzətli işlərini görəcəyik! Gəlin Yehovanın məhəbbətdən bizə göstərdiyi yardımı qəbul etməyə qərarlı olaq və ondan tam dərəcədə istifadə edək ki, 2005-ci il üçün olan illik ayəmizə müvafiq yaşaya bilək: «Yardımım... Yehovadandır» (Məzmur 121:2, YD).
Necə düşünürsünüz?
• Bizə bu gün lazım olan yardımı Yehova mələklərin vasitəsilə necə çatdırır?
• Bizə bu gün lazım olan yardımı Yehova müqəddəs ruhun vasitəsilə necə çatdırır?
• Bizə bu gün lazım olan yardımı Yehova Kəlamının vasitəsilə necə çatdırır?
• Bizə bu gün lazım olan yardımı Yehova həmimanlıların vasitəsilə necə çatdırır?
[16-cı səhifədəki şəkil]
Mələklərin təbliğ işinə yardım etdiklərini bilmək xoşdur.
[17-ci səhifədəki şəkil]
Bizə lazımi təsəllini vermək üçün Yehova həmimanlılardan kimi isə istifadə edə bilər.