Ey gənclər, Yaradanınızı xatırlayın
«Cavanlıq günlərində səni Yaradanı xatırla». VAİZ 12:1
1. Yehova Ona xidmət edən gənclərə etibar etdiyini necə bildirir?
GƏNC məsihçilər Yehovanın gözündə təravətləndirici gözəl şeh damlaları kimidir. O, qabaqcadan demişdi ki, Oğlunun «döyüş günü» gənc oğlan və qızlar «könüllü olaraq» Məsihə xidmət edəcəklər (Məz. 110:3). Həmin peyğəmbərlik insanların əksəriyyətinin allahsız, xudbin, pulpərəst və itaətsiz olduğu günlərdə yerinə yetməli idi. Ancaq Yehova bilirdi ki, Ona xidmət edən gənclər belə insanlardan seçiləcəklər. Ey gənc bacı və qardaşlar, görün Allah sizə necə etibar edir!
2. Yehovanı xatırlamaq nə deməkdir?
2 Təsəvvür edin, gənclərin öz Yaradanını xatırladığını görəndə Allah necə sevinir (Vaiz 12:1). Əlbəttə, Yehovanı xatırlamaq sadəcə Onun haqqında fikirləşmək demək deyil. Biz bunu hərəkətlərimizlə göstərməliyik: Onun xoşuna gələn işləri görməli, qanun və prinsiplərinin gündəlik həyatımızda rəhbər olmasına yol verməliyik. Bu həm də o deməkdir ki, Yehovanın bizim yaxşılığımızı istədiyinə əmin olub, Ona etibar etməliyik (Məz. 37:3; Yeşaya 48:17, 18). Sən də Yaradanına belə etibar edirsənmi?
«Bütün qəlbinlə Rəbbə güvən»
3, 4. İsa Yehovaya etibar etdiyini necə göstərmişdi və bizim günlərdə Yehovaya etibar etmək nə üçün vacibdir?
3 Yehovaya etibar etməkdə ən yaxşı nümunəni, əlbəttə ki, İsa Məsih göstərmişdir. O, Süleymanın məsəlləri 3:5, 6 ayələrindəki sözlərə uyğun yaşayırdı: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər». İsa vəftiz olunduqdan çox keçməmiş Şeytan ona yaxınlaşıb dünyanın hakimiyyətini və şan-şöhrətini təklif edərək imtahana çəkdi (Luka 4:3-13). Lakin İsa aldanmadı. O bilirdi ki, həqiqi ‘sərvət, şərəf, həyat’ — ‘təvazökarlığın və Rəbb qorxusunun nəticəsidir’ (Sül. məs. 22:4).
4 Bu gün dünyada tamahkarlıq və xudbinlik hökm sürür. Belə ab-havada İsanın nümunəsini təqlid etmək müdriklik olardı. Həm də yadda saxlamalıyıq ki, Şeytan Yehovanın xidmətçilərini həyata aparan dar yoldan sapdırmaq üçün hər şeyə əl atacaq. O, hər kəsi məhvə aparan geniş yolda görmək istəyir. Onun səni aldatmasına yol vermə! Əksinə, daim Yaradanını xatırla. Ona tam etibar et və sürətlə yaxınlaşan ‘həqiqi həyatdan’ möhkəm yapış (1 Tim. 6:19, haşiyə).
Gənclər, müdrik olun!
5. Bu dünyanın gələcəyinə dair nə fikirləşirsiniz?
5 Yaradanlarını xatırlayan gənclər öz yaşıdlarından qat-qat müdrikdirlər. (Məzmur 119:99, 100 ayələrini oxu.) Onlar Allahın nöqteyi-nəzərinə şərik olduqları üçün yaxşı bilirlər ki, bu dünyanın gələcəyi qaranlıqdır. Yaşınızın az olmasına baxmayaraq, şübhəsiz, siz də insanların getdikcə gələcəyə daha çox qorxu və təlaşla baxdığını görürsünüz. Yəqin məktəbdə ətraf mühitin çirklənməsi, qlobal istiləşmə, meşələrin qırılması və bu kimi problemlər barədə eşitmisiniz. Dünyada baş verənlərə görə insanlar dərin narahatlıq keçirirlər, lakin yalnız Yehovanın Şahidləri başa düşürlər ki, bütün bunlar Şeytanın dünyasının sonunu göstərən əlamətin bir hissəsidir (Vəhy 11:18).
6. Bəzi gənclər necə aldanmışlar?
6 Əfsuslar olsun ki, Allahın bəzi gənc xidmətçiləri sayıqlıqlarını itirmiş və bu dünyanın sonuna nə qədər az qaldığını nəzərdən qaçırmışlar (2 Pet. 3:3, 4). Başqaları pis dostluğun və pornoqrafiyanın təsiri altına düşərək ağır günah işlətmişlər (Sül. məs. 13:20). Sonun belə yaxın olduğu bir vaxtda Allahın lütfünü itirmək necə də acınacaqlı olardı! Eramızdan əvvəl 1473-cü ildə Vəd edilmiş diyarın astanasında, Moav düzənliyində düşərgə salanda israillilərlə baş vermiş hadisədən özünüzə dərs götürün. Orada nə baş vermişdi?
Məqsədə çataçatda məhv oldular
7, 8. a) Şeytan Moav düzənliyində hansı hiyləyə əl atdı? b) Bizim günlərdə Şeytan nədən istifadə edir?
7 O vaxtı Şeytan açıq-aydın israillilərin vəd olunmuş mirası almalarına mane olmaq istəyirdi. Balam peyğəmbər vasitəsilə onları lənətləmək niyyəti boşa çıxanda, Şeytan daha güclü hiyləyə əl atdı; o çalışdı ki, israillilər Yehovanın xeyir-duasından məhrum olsunlar. Moavın cazibədar qadınları onları yoldan çıxartdı. Bu dəfə Şeytan müəyyən dərəcədə öz məqsədinə nail ola bildi. İsraillilər Moav qızları ilə əxlaqsızlıq etməyə və Peordakı Baal bütünə səcdə etməyə başladılar! Allahın onlara miras vermək istədiyi Vəd edilmiş diyarın çox yaxın olmasına baxmayaraq, təxminən 24 000 israilli həyatını itirdi. Bu necə də böyük faciə idi! (Say. 25:1-3, 9).
8 Bu gün biz vəd olunmuş daha yaxşı diyara, yeni dünyaya sürətlə yaxınlaşırıq. Şeytan, həmişə olduğu kimi, bu gün də Allahın xalqını pozmaq üçün cinsi əxlaqsızlıqdan istifadə edir. Dünyanın əxlaq normaları o qədər aşağı düşüb ki, əxlaqsızlıq adi bir şeyə çevrilib, homoseksualizmin isə hər kəsin şəxsi işi olduğu hesab edilir. Bir bacımız deyir: «Uşaqlarım homoseksualizmin və nikahdan kənar cinsi əlaqənin Allahın gözündə pis olduğunu yalnız evdə və Padşahlıq Zalında eşidirlər».
9. Cinsi hisslərin güclü olduğu dövrdə gənclər hansı çətinliklə üzləşirlər və bunun öhdəsindən necə gələ bilərlər?
9 Öz Yaradanını xatırlayan gənclər bilirlər ki, cinsi əlaqə nəslin artırılması və həyatın davam etməsi ilə bağlı olan müqəddəs ənamdır. Onlar anlayırlar ki, bu cür münasibətlər Allahın müəyyən etdiyi kimi, nikah daxilində olmalıdır (İbr. 13:4). Ancaq cinsi hisslərin güclü olduğu və sağlam düşüncəyə üstün gələ bildiyi dövrdə əxlaqi təmizliyi qoruyub saxlamaq çətin ola bilər. Bəs ağlına nalayiq fikirlər gələndə nə edə bilərsən? Yehovaya ürəkdən dua et ki, fikrini təmiz şeylərə yönəltməyə kömək etsin. Yehova Ona səmimi-qəlbdən müraciət edənləri həmişə dinləyir. (Luka 11:9-13 ayələrini oxu.) Təmiz və imanı möhkəmləndirən şeylər haqqında söhbət etməklə də fikrimizi yaxşı şeylərə yönəldə bilərik.
Qarşınıza müdrik məqsədlər qoyun!
10. Hansı düşüncə tərzindən qaçmalıyıq və özümüzə hansı sualları verə bilərik?
10 Bir çox gənclərin çılğınlığının və öz ehtiraslarına görə yaşamalarının səbəblərindən biri odur ki, onlarda «ilahi söz» — Allahın rəhbərliyi və gələcəyə möhkəm ümid yoxdur (Sül. məs. 29:18). Onlar Yeşayanın günlərində «sevinc və şadlıq» üçün yaşayan, ‘ət yeyib, şərab içən’ xəyanətkar israillilərə bənzəyirlər (Yeşaya 22:13). Bu cür insanlara həsəd aparmaq əvəzinə, nə üçün Yehovanın sadiq xidmətçilərinə verdiyi gözəl ümid haqqında düşünməyəsən? Sən yeni dünyanı səbirsizliklə gözləyirsənmi? Yehovanın sənə verdiyi ‘mübarək ümidi gözləyərkən’ ‘bu dünyada təmkinli ömür sürməyə’ var gücünlə çalışırsanmı? (Tit. 2:12, 13). Bu suallara necə cavab verməyin məqsədlərinə və həyatda vacib hesab etdiyin şeylərə təsir edəcək.
11. Nəyə görə məsihçi gənclər məktəbdə yaxşı oxumalıdırlar?
11 Dünya istəyir ki, gənclər bütün gücünü dünyəvi məqsədlərə sərf etsinlər. Təbii ki, məktəbdə oxuyanlar yaxşı təhsil almaq üçün çox çalışmalıdırlar. Axı onların məqsədi yalnız yaxşı iş tapmaq yox, həmçinin yığıncağa fayda gətirmək və Padşahlığın bacarıqlı təbliğçisi olmaqdır. Bunun üçün yaxşı ünsiyyət etməyi, məntiqli düşünməyi və fikirlərini sakit və hörmətcil tərzdə ifadə etməyi bacarmaq lazımdır. Müqəddəs Kitabı öyrənib onun prinsiplərini həyatlarında tətbiq etməyə çalışan gənc məsihçilər ən yaxşı təhsili alır və xoşbəxt əbədi gələcək üçün möhkəm təməl qoyurlar. (Məzmur 1:1-3 ayələrini oxu.)a
12. Məsihçi ailələr hansı nümunəni izləməlidirlər?
12 Qədim İsraildə valideynlər uşaqlarının təlim-tərbiyəsinə çox ciddi yanaşırdılar. Bu, həyatın, demək olar ki, hər sahəsini, xüsusilə də ruhani məsələləri əhatə edirdi (Qanun. t. 6:6, 7). Beləliklə də, valideynlərinə və Allahdan qorxan başqa insanlara qulaq asan gənc israillilər təkcə bilik deyil, həm də Allah haqqında biliyin verdiyi hikmət, idrak, dərrakə və uzaqgörənlik kimi dəyərli keyfiyyətlər əldə edirdilər (Sül. məs. 1:2-4; 2:1-5, 11-15). Məsihçi ailələr də təhsilə eyni cür yanaşmalıdırlar.
Sizi sevənlərə qulaq asın
13. Bəzi gənclərə hansı məsləhətlər verilir və onlar nə üçün ehtiyatlı olmalıdırlar?
13 Adətən gənclərə hamı, o cümlədən yalnız dünyada uğur qazanmağa təşviq edən məktəb müəllimləri də məsləhət verir. Bütün bu məsləhətlərin üzərində düşünərkən duada Allahdan rəhbərlik istə və Allahın Kəlamındakı, eləcə də sadiq və ağıllı qulun nəşrlərindəki prinsipləri nəzərə al. Müqəddəs Kitabdan bilirsən ki, Şeytanın əsas hədəfi gənclər və təcrübəsizlərdir. Məsələn, təcrübəsiz Həvva Eden bağında yad bir şəxsə, onu zərrə qədər də sevməyən Şeytana qulaq asdı. O Öz məhəbbətini bir çox sahələrdə göstərmiş Yehovaya qulaq assaydı, hər şey tamam başqa cür olardı! (Yar. 3:1-6).
14. Biz nə üçün həm Yehovaya, həm də məsihçi valideynlərimizə qulaq asmalıyıq?
14 Yaradan səni də sevir və Onun məhəbbəti safdır. O, sənin yalnız indi deyil, əbədiyyən xoşbəxt olmanı istəyir! Buna görə də, qayğıkeş ata nəvazişi ilə sənə və bütün xidmətçilərinə belə sözlərlə müraciət edir: «Yol budur, gedin bu yola» (Yeşaya 30:21). Əgər valideynlərin Yehovanı ürəkdən sevirlərsə, bu sənin üçün daha bir xeyir-duadır. Qarşına məqsədlər qoyarkən onların məsləhətlərinə hörmətlə qulaq as (Sül. məs. 1:8, 9). Onlar sənin var-dövlətdən və bu dünyanın şan-şöhrətindən qat-qat üstün olan əbədi həyatı almağını istəyirlər (Mat. 16:26).
15, 16. a) Yehovaya nədə əmin ola bilərik? b) Barukun nümunəsindən hansı vacib dərsi öyrənirik?
15 Öz Yaradanını xatırlayanlar Yehovanın onları «heç» buraxmayacağına və «əsla» tərk etməyəcəyinə əmin olduqları üçün sadə həyat sürürlər. (İbranilərə 13:5 ayəsini oxu.) Bu sağlam əhval-ruhiyyə dünyanın düşüncə tərzinə zidd getdiyi üçün, ehtiyatlı olmalıyıq ki, onun ruhu bizə təsir etməsin (Efes. 2:2). Yerusəlimin b. e. ə. 607-ci ildə darmadağın edilməsi ərəfəsində, çətin günlərdə yaşayan Yeremyanın mirzəsi Barukun nümunəsinə baxaq.
16 Ola bilər, Baruk maddi cəhətdən daha yaxşı yaşamaq istəyirdi. Yehova bunu gördü və ona xeyirxahlıqla xəbərdarlıq etdi ki, özü üçün «çox şey» istəməsin. Baruk müdriklik və təvazökarlıq göstərib, Yehovaya qulaq asdı və Yerusəlim məhv olan zaman sağ qaldı (Yer. 45:2-5). Digər tərəfdən isə, Yehovanı ikinci yerə qoyub, maddi cəhətdən «çox şey» əldə edən Barukun müasirləri xaldeylilər (babillilər) Yerusəlimi zəbt edəndə hər şeylərini itirdilər. Çoxları hətta həyatını da itirdi (2 Saln. 36:15-18). Barukun nümunəsindən görürük ki, Allahla yaxşı münasibət bu dünyanın var-dövlətindən və şan-şöhrətindən daha vacibdir.
Onların yaxşı nümunəsini təqlid edin
17. İsa, Pavel və Timotey Yehovanın müasir xidmətçilərinə nə üçün gözəl nümunədirlər?
17 Allahın Kəlamında həyat yolunda yeriməyimizə kömək edən çoxlu gözəl nümunələr var. Məsələn, İsa yer üzündə yaşamış ən istedadlı insan idi, bununla belə o, bütün gücünü insanlara əbədi fayda gətirəcək bir şeyə — ‘Allah Səltənətinin müjdəsinə’ sərf edirdi (Luka 4:43). Yehovaya xidmətdə əlindən gələni etmək üçün həvari Pavel çoxlu ümidlər verən işini atıb vaxtını və gücünü xoş xəbərin təbliğinə həsr etdi. ‘İmanda həqiqi oğul olan’ Timotey Pavelin gözəl nümunəsini təqlid edirdi (1 Tim. 1:2). İsa, Pavel və Timotey seçdikləri həyat yoluna görə peşman oldularmı? Qətiyyən! Pavel dünyanın təklif etdiyi şeyləri Allaha xidmətlə müqayisədə «zibil» sayırdı (Filip. 3:8-11).
18. Bir gənc qardaş hansı böyük dəyişiklikləri etdi və o, nə üçün peşman deyil?
18 Bu gün bir çox məsihçi gənclər İsanın, Pavelin və Timoteyin imanını təqlid edirlər. Məsələn, əvvəllər yüksəkməvacibli işi olan bir gənc qardaş yazmışdır: «Müqəddəs Kitab prinsiplərinə uyğun yaşadığıma görə tezliklə işdə vəzifəmi qaldırdılar. Maddi vəziyyətimin yaxşılaşmasına baxmayaraq, başa düşürdüm ki, külək dalınca qaçıram. Müdriyyətə yaxınlaşıb tammüddətli xidmətə başlamaq istədiyimi bildirəndə, onlar işdə qalacağıma ümid edərək dərhal daha çox maaş təklif etdilər. Ancaq qərarım qəti iti. Çoxları başa düşə bilmirdilər ki, tammüddətli xidmətə görə belə gəlirli işi necə əldən buraxmaq olar. Buna səbəb, Allaha həsr olunmama uyğun yaşamaq istəyim idi. İndi həyatımda birinci yeri Allaha xidmət tutduğu üçün, heç bir pulun və şan-şöhrətin verə bilmədiyi xoşbəxtlik və məmnunluğu duyuram».
19. Gənclər hansı müdrik seçimi etməyə təşviq olunurlar?
19 Bütün dünyada minlərlə gənc bu cür müdrik seçim etmişdir. Beləliklə, gənclər, gələcəyiniz haqqında düşünərkən Yehovanın gününü yadda saxlayın (2 Pet. 3:11, 12). Bu dünyada müvəffəqiyyət qazanan adamlara həsəd aparmayın. Əksinə, sizi həqiqətən sevən adamların məsləhətlərinə qulaq asın. «Göydə xəzinələr» yığmaqla var-dövlətinizi ən təhlükəsiz yerə yığmış olacaqsınız və yalnız bu, əbədi fayda gətirəcək. (Mat. 6:19, 20; 1 Yəhya 2:15-17 ayələrini oxu.) Yaradanınızı xatırlayın. Belə etsəniz, Yehova sizə xeyir-dua verəcək.
[Haşiyə]
a Ali təhsil və sənət seçimi ilə bağlı mövzu «İngiliscə 2005-ci ilin “Gözətçi Qülləsi”ndən öyrəniləcək məqalələr» broşürasının 1-ci hissəsinin 3-9-cu səhifələrində müzakirə olunur.
Xatırlayırsınızmı?
• Allaha etibar etdiyimizi necə göstərə bilərik?
• Ən yaxşı təhsil hansıdır?
• Barukun nümunəsindən nə öyrənə bilərik?
• Kimlər bizim üçün gözəl nümunədir və nə üçün?
[13-cü səhifədəki şəkillər]
Yehova ən yaxşı təhsili verir
[15-ci səhifədəki şəkil]
Baruk Yehovaya qulaq asdı və Yerusəlim məhv olan zaman sağ qaldı. Onun nümunəsindən nə öyrənə bilərsiniz?