Qəzəbi nə zaman əsaslı hesab etmək olar?
MÜQƏDDƏS YAZILARIN «Vaiz» kitabında oxuyuruq: «Qəzəb ağılsızların ürəyində yuva salar» (Vaiz 7:9). Bu ayənin göstərdiyi kimi, kimsə xətrimizə dəyəndə həddindən artıq kəskin reaksiya göstərməməli, əksinə, bağışlamalıyıq.
Bəs Vaiz 7:9 ayəsində bütün haqsızlıqlara və təhqirlərə dinməz-söyləməz dözməli olduğumuzmu nəzərdə tutulur? Yaxud bu o deməkdirmi ki, başqaları bizi bağışlamalı olduqları üçün, sözlərimizin və hərəkətlərimizin onları əsəbiləşdirməsi bizi narahat etməli deyil? Bu cür qənaətə gəlmək düzgün deyil.
Yehova Allah məhəbbətin, mərhəmətin, bağışlamağın və çox səbirliliyin təcəssümüdür. Bununla belə Müqəddəs Kitabda Onun dəfələrlə qəzəbləndiyi haqda deyilir. Günahlar ağır olanda isə, O, qəti tədbirlər görürdü. Gəlin bir neçə nümunəni nəzərdən keçirək.
Yehovaya qarşı işlədilən günahlar
Biz 1 Padşahlar 15:30 ayəsində Yarovamın «Rəbbi qəzəbləndirərək» etdiyi və «İsrailə etdirdiyi günahlar» haqqında oxuyuruq. 2 Salnamələr 28:25 ayəsində Yəhuda padşahı Axaz haqqında deyilir ki, o, «başqa allahlara buxur yandırmaq üçün səcdəgahlar düzəltdi. Beləcə atalarının Allahı Rəbbi qəzəbləndirdi». Başqa bir nümunə isə Hakimlər 2:11-14 ayələrində gətirilir: «İsrail övladları Rəbbin gözündə pis olan işlər görərək Baal bütlərinə qulluq etdilər... Buna görə də Rəbbi qəzəbləndirdilər... Rəbbin İsrailə qarşı qəzəbi alovlandı və onları basqınçılara təslim etdi».
Yehovanı qəzəbləndirən və ciddi cəzaya layiq olan başqa günahlar da var. Misal üçün, Çıxış 22:18-20 ayələrində oxuyuruq: «Cadugər qadın sağ qalmasın. Heyvanlarla cinsi əlaqəyə girən hər kəs öldürülməlidir. Rəbdən başqa digər allahlara qurban gətirən adam tamamilə məhv olunsun».
Qədim israillilər Yehovaya qarşı ciddi günahlar işlədəndə və lazımi tərzdə tövbə etməyəndə, Allah onları bağışlamırdı. Tövbə edib, Yehovaya itaətkarlıq yoluna qayıtmaq istəməyən günahkarlar məhvə düçar olurdular. Məsələn, Yehova İsrail xalqını b. e. ə. 607-ci ildə babillilərin, b. e. 70-ci ilində isə romalıların əlinə təslim etməklə onları cəzalandırdı.
Gördüyümüz kimi, pis insanların sözləri və hərəkətləri Yehovanı qəzəbləndirir və O, hətta ciddi günahlar işlədib tövbə etməyən insanları ölümlə cəzalandırır. Bu o deməkdirmi ki, Vaiz 7:9 ayəsində deyilən sözləri Yehovaya aid etmək olar? Qətiyyən yox! Çünki Yehovanın qəzəblənməyə haqqı var və O, həmişə ədalətlə mühakimə edir. Müqəddəs Kitabda Onun haqqında deyilir: «O, işləri kamil Qayadır, çünki bütün yolları haqdır [ədalətlidir], Sadiq Allahdır, heç zaman haqsızlıq etməz, Adil və doğru olan Odur» (Qanunun təkrarı 32:4).
Başqalarına qarşı işlədilən cinayətlər
Allahın qədim İsrailə verdiyi Qanuna əsasən, başqalarına qarşı işlədilmiş ağır cinayətlər ciddi nəticələrə gətirib çıxarırdı. Məsələn, gecə vaxtı oğru kiminsə evinə girərdisə və ev sahibi onu öldürərdisə, ev sahibi ağır cinayətin qurbanı olduğu üçün qan tökülməsində günahkar hesab olunmurdu. Qanunda bu haqda deyilirdi: «Əgər gecə oğru birinin evinə girərkən yaxalanıb öldürülsə, qoy qanı batsın» (Çıxış 22:2).
Zorlamanın qurbanı olan qadının qəzəblənməyə və özünü təhqir olunmuş hiss etməyə tam haqqı var, çünki zorlama Allahın gözündə ən ağır cinayətdir. Musanın qanununa əsasən, qadını zorlayan kişi ölməli idi, «ona görə ki bir adam qonşusuna necə hücum edib öldürərsə, bu iş də elədir» (Qanunun təkrarı 22:25, 26). Biz Musanın qanunu altında olmasaq da, bu qanun bizə zorlamanın Yehovanın gözündə dəhşətli bir cinayət olduğunu başa düşməyə kömək edir.
Zorlama bizim günlərimizdə də ağır cinayət hesab olunur və buna görə ciddi cəza nəzərdə tutulub. Bu cür cinayətin qurbanı olan şəxsin tam hüququ var ki, caninin cəzalandırılması üçün polisə xəbər versin. Əgər zorlamanın qurbanı olan kəs yetkinlik yaşına çatmayıbsa, ehtimal ki, cinayət haqqında valideynlər xəbər verməli olacaqlar.
Cüz’i səhvlər
Əlbəttə, hər xırda şeylər haqqında hüquq-mühafizə orqanlarına xəbər vermək tələb olunmur. Beləliklə, biz hər bir cüz’i səhvə görə inciməməli, əksinə, bağışlamalıyıq. Bəs biz neçə dəfə bağışlamalıyıq? Həvari Peter bir dəfə İsadan soruşdu: «Ya Rəbb! Qardaşım mənə qarşı neçə dəfə günah işlədərsə, mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» İsa ona cavab verdi: «Sənə deyirəm ki, yeddi dəfə yox, yetmiş kərə yeddi dəfə» (Matta 18:21, 22).
Bununla belə, öz məsihçi şəxsiyyətimizin üzərində daima işləməliyik ki, mümkün qədər başqalarının xətrinə dəyməyək. Məsələn, bə’zən elə alınmırmı ki, sən başqaları ilə sərt və ya nəzakətsiz davranırsan? Yəqin bu onların xətrinə dəyir. Lakin başqalarının inciməməli və bağışlamalı olduqlarını düşünmək əvəzinə, problemin sənin özündə olduğunu e’tiraf etməlisən. Biz sözlərimizə və hərəkətlərimizə fikir verməliyik ki, başqalarının hisslərinə toxunmayaq. Bu, başqalarını mümkün qədər az əsəbiləşdirməyə kömək edəcək. Müqəddəs Kitab bizə xatırladır: «Düşünmədən danışanın dili qılınc kimi yaralar, hikmətlinin dili isə insanları sağaldar» (Süleymanın məsəlləri 12:18). Əgər istəmədən kiminsə xətrinə dəymişiksə, üzr istəməklə vəziyyəti düzəltmək mümkündür.
Allahın Kəlamı bizi təşviq edir ki, «sülh gətirən və bir-birimizi ruhən inkişaf etdirən şeylərə can ataq» (Romalılara 14:19). Mərhəmət və nəzakət göstərdiyimiz zaman Müqəddəs Kitabın növbəti məsləhətinə riayət etmiş oluruq: «Yerində deyilən sözlər, gümüş oymalar içində qızıl almalara bənzər» (Süleymanın məsəlləri 25:11). Bu cür nitq necə də xoş və məlahətlidir! Hörmətlə və mülayimliklə deyilən sözlər ən inadkar insanla belə münasibəti düzəltməyə kömək edir, axı əbəs yerə deyilməyib ki, «şirin dil sümükləri belə, yumşaldar» (Süleymanın məsəlləri 25:15).
Allahın Kəlamı məsləhət edir: «Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz» (Koloslulara 4:6). Əgər sözlərimizə ‘duz qatılıbsa’, onlar xoşa gələn olur və başqalarını əsəbiləşdirmir. Məsihçilər, Müqəddəs Kitabın məsləhətinə riayət edərək, başqaları ilə münasibətdə ‘sülh axtarmağa və onun ardınca qaçmağa’ can atırlar (1 Peter 3:11).
Göründüyü kimi, Vaiz 7:9 ayəsi bizi təşviq edir ki, başqalarının cüz’i səhvlərinə görə inciməyək. Əgər insan bilərəkdən səhv etsə də, əsəbiləşməyə dəyməz, axı biz hamımız qeyri-kamilik. Lakin əgər kiməsə qarşı ağır günah işlədilibsə, o özünü təhqir olunmuş hiss edə və ola bilsin, lazımi tədbirlər görmək qərarına gələ bilər (Matta 18:15-17).
[31-ci səhifədəki şəkil]
Eramızın 70-ci ilində Yehova tövbə etməyən israillilərin Romalılar tərəfindən məhv edilmələrinə yol verdi.
[32-ci səhifədəki şəkil]
«Yerində deyilən sözlər, gümüş oymalar içində qızıl almalara bənzər».