Siz Məsihin iştirakının əlamətini sezirsinizmi?
HEÇ BİR insan ağır xəstəliyin və təbii fəlakətin qurbanı olmaq istəməz. Lakin bədbəxtliklərdən qaçınmaq üçün, müdrik insan təhlükə sezilən əlamətlərə ciddi yanaşmalı və buna uyğun davranmalıdır. İsa Məsih sezməli olduğumuz xüsusi bir əlaməti təsvir etmişdir. Onun haqqında bəhs etdiyi bu əlamət bütün bəşəriyyətə tə’sir edəcəkdir. Bu, həm sizin üçün, həm də ailəniz üçün böyük əhəmiyyət kəsb edir.
İsa, bütün pislikləri məhv edəcək və yer üzünü Cənnətə çevirəcək Allahın Padşahlığı haqqında danışırdı. Padşahlığın nə vaxt gələcəyini bilmək istəyən həvarilər İsadan soruşdular: «Sənin gəlişinə [«iştirakına», YD] və dövrün sonuna əlamət nə olacaq?» (Matta 24:3).
İsa bilirdi ki, onun göylərdə Xilaskar Padşahlığın taxtında əyləşməsi və yer üzünü idarə etməsi, onun ölüb, dirilməsindən yüz illər sonra baş verəcək. O, taxta çıxmasının gözəgörünməz olacağını nəzərə alaraq, şagirdlərinin onun ‘iştirakını’ və ‘dövrün sonunu’ sezə bilmələri üçün əlamət təsvir etdi. Özünə bir neçə səciyyəvi xüsusiyyəti daxil edən bu əlamət — bütövlükdə İsa Məsihin iştirakına işarə edən bir əlaməti təşkil edir.
Müjdəçi Matta, Mark və Luka İsanın cavabını dəqiqliyi ilə qeydə almışlar (Matta 24, 25-ci fəsillər; Mark 13-cü fəsil; Luka 21-ci fəsil). Müqəddəs Kitabın digər yazıçıları əlamətin başqa təfsilatlarını da yazmışlar (2 Timoteyə 3:1-5; 2 Peter 3:3, 4; Vəhy 6:1-8; 11:18). Bu məqalədə əlaməti tam şəkildə müzakirə etmək mümkün olmadığı üçün, biz onun əsas beş səciyyəvi xüsusiyyətini nəzərdən keçirəcəyik. Siz bunun həqiqətən də vacib və bilavasitə sizin həyatınıza da aidiyyəti olduğunu görəcəksiniz. (6-cı səhifədəki çərçivəyə baxın.)
«Dünya tarixində dönüş mərhələsi»
«Xalq xalqa, dövlət dövlətə qarşı qalxacaq» (Matta 24:7). Almaniyada çap olunan «Şpiqel» jurnalında yazılan mə’lumata görə, 1914-cü ilə kimi insanlar inanırdılar ki, onları azadlıq, tərəqqi və çiçəklənmə dolu «qızıl» gələcək gözləyir. Lakin hər şey tamam başqa cür oldu. «GEO» jurnalında deyilir: «1914-cü ilin avqustunda başlayıb, 1918-ci ilin noyabrında başa çatan müharibə bütün dünyanı sarsıtdı. Bu müharibə keçmişlə dövrümüz arasında uçurum yaradaraq, tarixin dönüş nöqtəsi oldu». Bu qanlı toqquşmada beş qit’ədən 60 milyon əsgər iştirak etmiş və hər gün onlardan təxminən 6 000 nəfər həlak olmuşdur. Təəccüblü deyil ki, milliyətindən və siyasi baxışlarından asılı olmayaraq, bütün tarixçilər 1914-1918–ci illəri «tarixin dönüş mərhələsi» adlandırırlar.
Birinci Dünya müharibəsi insan cəmiyyətinə sağalmaz yara vurdu və bununla da bu sistemin sonunun başladığını göstərdi. XX əsrin sonrakı illərində dünyanı müharibələr, silahlı toqquşmalar və terrorizm daha da sarsıtdı. XXI əsrin ilk illərində də yaxşıya doğru dəyişən heç bir şey olmadı. Müharibə ilə yanaşı, əlamətin başqa cəhətləri də özünü göstərir.
Aclıq, yoluxucu xəstəliklər və zəlzələlər
«Qıtlıqlar... olacaq» (Matta 24:7). Birinci Dünya müharibəsi dövründə bütün Avropanı aclıq bürümüşdü və bəşəriyyət hələ də bu bəladan əziyyət çəkir. Tarixçi Alan Bullok yazır ki, 1933-cü ildə Rusiyada və Ukraynada «aclıq içində olan izdiham kəndbəkənd dolaşırdı... Yolun kənarlarına meyitlər sərilmişdi». 1943-cü ildə jurnalist T. H. Uayt Çində yerləşən Xenan əyalətində baş verən dəhşətli aclığın şahidi olmuşdur. O yazır: «Aclıq vaxtı, demək olar ki, insan orqanizmi hər şeyi qida kimi qəbul edir, yeməli hesab etdiyi nə varsa hamısını üyüdür, yeyir və enerjiyə çevirir. Yalnız ölüm qorxusu insanda elə hiss yarada bilər ki, o, hətta yeməli olmayan şeyləri də yeyə bilər. Son bir neçə onillikdə Afrika ölkələrində aclığın adi hala çevrilməsi çox kədərlidir. Planetimizdə hamı üçün kifayət qədər qida məhsulunun olmasına baxmayaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına əsasən, dünyada 840 milyon insan kifayət qədər qidalanmır.
«Qırğınlar... olacaq» (Luka 21:11). «Züddoyçe saytunq» qəzeti mə’lumat verir: «Bə’zi hesablamalara görə, 1918-ci ildə ispanka qripi epidemiyasından 20 ilə 50 milyon arası insan tələf olub və bu, taun xəstəliyindən və Birinci Dünya müharibəsində ölənlərin sayından çoxdur». O vaxtdan bəri saysız-hesabsız insanlar malyariya, çiçək, vərəm, poliomielit və vəba kimi xəstəliklər ucbatından həyatlarını itirmişlər. QİÇS-in belə sür’ətlə yayılması bütün dünyanı dəhşətə gətirir. Bəşəriyyət qəribə vəziyyətlə üzləşir: tibb yüksək sür’ətlə inkişaf etsə də, xəstəliklər azalmaq bilmir. Dünya hələ belə çıxılmaz vəziyyətə düşməmişdir. Bütün bunlar qeyri-adi dövrdə yaşadığımızı aydın göstərir.
«Zəlzələlər» (Matta 24:7). Son 100 il ərzində zəlzələlər yüz minlərlə insanın həyatına son qoyub. Bir mənbəyə əsasən, 1914-cü ildən bəri hər il orta hesabla 18 güclü yeraltı təkan qeydə alınır, bu isə, binaların qəza vəziyyətinə düşməsinə və yer üzündə çatların əmələ gəlməsinə səbəb olur. Bundan əlavə təxminən ildə bir dəfə binaları tam şəkildə çökdürən güclü zəlzələlər də baş verir. Müasir texnologiya itkilərin azalmasına kömək etsə də, sür’ətlə inkişaf edən şəhərlərin əksəriyyəti seysmik ərazilərdə yerləşir.
Xoş xəbər!
Göründüyü kimi, axır günlərin fərqləndirici əlaməti əsasən fəlakət və bədbəxtçiliklərdən ibarətdir. Ancaq İsa insanlara sevinc gətirəcək xoş xəbərdən də danışdı.
«Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır» (Matta 24:14). Şəxsən İsanın təməlini qoyduğu bu iş — Padşahlıq haqqında xoş xəbərin təbliğ olunması — axır günlərdə ən yüksək nöqtəsinə çatmalı idi. Həqiqətən də belə oldu. Yehovanın Şahidləri Müqəddəs Kitab xəbərini təbliğ edir və arzu edən hər kəsə Allahın Kəlamındakı prinsipləri gündəlik həyatlarında tətbiq etməyə kömək edirlər. Hal-hazırda altı milyondan çox Şahid 235 ölkə və ərazidə 400-dən artıq dildə təbliğ edir.
Diqqət yetirin ki, İsa ağır vəziyyətə görə həyatın öz axarını dayandıracağını demədi. Həmçinin o demədi ki, bütün dünyada əlamətin yalnız bir xüsusiyyəti nəzərə çarpacaq. İsa, dünyanın hər yerində hiss olunacaq külli miqdarda hadisələrin birlikdə bir əlaməti təşkil edəcəyini peyğəmbərlik etdi.
Diqqətinizi ayrı-ayrı hadisələrin üzərində cəmləşdirmək əvəzinə, bütün bunların dünya miqyasında baş verən yeganə bir əlamətə işarə etdiyini görürsünüzmü? İndi baş verən hadisələr sizə və ailənizə də tə’sir göstərir. Lakin sual yaranır: nəyə görə insanların çoxu baş verən hadisələrə əhəmiyyət vermirlər?
Şəxsi maraqlar birinci yerə qoyulur
«Çimmək qadağandır», «Yüksək gərginlik», «Sür’əti azaldın». İnsanlar çox vaxt bu kimi xəbərdarlıq bildirən yazılı işarələrə əhəmiyyət vermirlər. Nəyə görə? Ona görə ki, biz şəxsi maraqlarımızı güdməyə meylliyik. Misal üçün, biz düşünə bilərik: «Mənə qanunun yol verdiyindən daha sür’ətlə getmək lazımdır». Yaxud da, bizdə qadağan olunmuş yerdə çimməyə güclü həvəs yarana bilər. Lakin xəbərdarlığa məhəl qoymamaq ağılsızlıqdır.
Misal üçün, Avstriya, Fransa, İtaliya və İsveçrədə Alp dağlarının qar uçqunu təhlükəsi olan yerlərdə çox vaxt turistlər müəyyən ərazilərdə «xizək sürməyə icazə verilmir» xəbərdarlığına əhəmiyyət vermədikləri üçün həyatlarını itirirlər. «Züddoyçe saytunq» qəzetində qeyd olunduğu kimi, xəbərdarlıqlara əhəmiyyət verməyən turistlər «zərərdən qorxan xeyr görməz» şüarı altında yaşayırlar. Təəssüf ki, xəbərdarlıqlara məhəl qoymamaq çox vaxt fəlakətlə nəticələnir.
İsanın haqqında bəhs etdiyi əlamətə insanların diqqət yetirməmələrinin səbəbi nədir? Ola bilsin, bə’zilərinin gözlərini pula olan hərislik tutmuş, digərləri laqeydsizliyə qapılmış, başqaları qətiyyətsizlik üzündən fəaliyyətsiz bir vəziyyətə gəlmiş, kim isə alışdığı həyat tərzinə qərq olmuş, qalan bir çoxları isə nüfuzlarını itirməkdən qorxurlar. Bunlardan hansısa sizin də İsanın iştirakının əlamətinə əhəmiyyət verməmənizə səbəb olurmu? Əlaməti sezmək və müvafiq davranmaq daha müdrik həprəkət olmazdımı?
Yer üzü Cənnətdə həyat
İsanın iştirakının əlamətinə diqqət yetirən insanların sayı günü-gündən artır. Almaniyadan olan Kristian adlı evli bir gənc belə deyir: «Biz qaranlıq dövrdə yaşayırıq. Şübhə yoxdur ki, “axır günlər” çatıb». Kristian və həyat yoldaşı insanlara Xilaskar Padşahlıq haqqında danışmaq üçün çox vaxt ayırırlar. Həmin ölkədə yaşayan Frank da öz həyat yoldaşı ilə birlikdə Müqəddəs Kitabdakı xoş xəbərlə insanlara təsəlli verir. O deyir: «İnsanlar dünyanın vəziyyətinə görə gələcəklərindən narahat olurlar. Biz, Müqəddəs Kitabın yer üzü Cənnətlə əlaqədar və’di ilə onlara təsəlli verməyə çalışırıq». Kristian və Frank İsanın iştirakına əlamətin bir hissəsi olan, Padşahlıq haqqında xoş xəbərin təbliğ işinin həyata keçirilməsində iştirak edirlər (Matta 24:14).
Son günlər özünün ən yüksək nöqtəsinə çatanda, İsa, bu köhnə sistemi və onu dəstəkləyən insanları aradan qaldıracaq. Sonra Xilaskar Padşahlıq yer üzünün idarəsini öz üzərinə götürəcək və və’d olunduğu kimi, onu Cənnətə çevirəcək. Bəşəriyyət xəstəlik və ölümdən azad olacaq, ölülər yer üzündə yaşamaq üçün dirildiləcək. Dövrün əlamətini sezən insanları necə də valehedici gələcək gözləyir! Buna görə də, İsanın iştirakının əlaməti haqqında və bu köhnə sistemdən sağ çıxmaq üçün nə etməli olduğumuz haqqında daha çox bilməyə dəyməzmi? Şübhəsiz, bu, hər birimiz üçün birinci dərəcəli iş olmalıdır (Yəhya 17:3).
[4-cü səhifədəki yazı]
İsa, dünyanın hər yerində hiss olunacaq külli miqdarda hadisələrin birlikdə bir əlaməti təşkil edəcəyini peyğəmbərlik etdi.
[6-cı səhifədəki yazı]
Dünya miqyasında baş verən hadisələrin yeganə bir əlamətə işarə etdiyini görürsünüzmü?
[6-cı səhifədəki çərçivə/şəkillər]
Axır günlərin bə’zi səciyyəvi xüsusiyyətləri
Misli görünməmiş müharibələr (Matta 24:7; Vəhy 6:4).
Aclıq (Matta 24:7; Vəhy 6:5, 6, 8).
Yoluxucu xəstəliklər (Luka 21:11; Vəhy 6:8).
Qanunsuzluqların artması (Matta 24:12).
Zəlzələlər (Matta 24:7).
Görünməmiş çətin anlar (2 Timoteyə 3:1).
Pula qarşı güclü hərislik (2 Timoteyə 3:2).
Valideynlərə itaətsizlik (2 Timoteyə 3:2).
Təbii bağlılıq hisslərinin çatışmamazlığı (2 Timoteyə 3:3).
Zövqü Allahdan çox sevmək (2 Timoteyə 3:4).
Özünü idarə etməyi bacarmamaq (2 Timoteyə 3:3).
Yaxşılığın düşməni (2 Timoteyə 3:3).
Yaxınlaşmaqda olan təhlükəyə göstərilən e’tinasızlıq (Matta 24:39).
Rişxəndçilər axır günlərin sübutlarını rədd edirlər (2 Peter 3:3, 4).
Allahın Padşahlığının ümumdünya təbliği (Matta 24:14).
[İcazə ilə]
WWI soldiers: From the book The World War—A Pictorial History, 1919; poor family: AP Photo/Aijaz Rahi; polio victim: © WHO/P. Virot