Müqəddəs Yazıların kitabı nömrə 39 Malaki
Yazan: Malaki
Yazıldığı yer: Yerusəlim
Yazılması başa çatıb: b. e. ə. 443-cü ildən sonra
MALAKİ kim idi? Onun nə mənşəyi, nə də həyatı barədə heç bir yazılı mə’lumat yoxdur. Lakin peyğəmbərliyinin ümumi məzmunundan aydın olur ki, o, Yehova Allaha son dərəcə sadiq, Onun adının və təmiz ibadətin tərəfdarı idi. Malaki, Allaha xidmət etdiklərini iddia edib, əslində isə yalnız özləri üçün yaşayanlara çox qəzəblənirdi. Dörd fəsildən ibarət bu kitabda Yehovanın adı 48 dəfə çəkilir.
2 İbrani dilində onun adı Malaxi kimi səslənir və çox güman ki, mə’nası «Mənim elçim» deməkdir. İbranicə Müqəddəs Yazılarda, Septuaqintada və kitabların xronoloji sırasında Malaki kiçik peyğəmbərlər adlanan 12 kitabdan sonuncusudur. Qədim dövrdən yəhudilər arasında qəbul edildiyinə görə, o, Haqqay və Zəkəriyyə peyğəmbərdən sonra yaşamış, Nehemyanın isə müasiri olmuşdur.
3 Bəs peyğəmbərliyin yazılma tarixi haqda nə demək olar? Kitabın yazılması Yəhudanın 70 illik viranəliyindən sonra Yerusəlimin bərpası zamanı valinin idarə etdiyi dövrə düşür (Mal. 1:8). Bu vali kim idi? Burada mə’bəd xidmətindən danışılsa da, onun tikintisi haqda heç bir şey deyilmədiyi üçün belə nəticə çıxarmaq olar ki, kitab, mə’bədin tikintisini tamamlayan vali Zerubbabilin hakimiyyətindən sonrakı dövrə aiddir. Müqəddəs Kitabda həmin dövrdə hakimiyyətdə olan ancaq bir valinin — Nehemyanın adı çəkilir. Bu peyğəmbərlik Nehemyanın günlərinə uyğun gəlirmi? Kitabda Yerusəlimin və onun divarlarının bərpası haqqında heç bir şey deyilmədiyi üçün Nehemyanın idarə etdiyi ilk illər istisna olunur. Ancaq kahinlərin öz xidmətinə laqeyd yanaşmasından danışılır. Bu da bizə b. e. ə. 443-cü ildə, padşahlığının 32-ci ilində Artaxşasta Nehemyanı Babilə çağırandan sonra ikinci dəfə Yerusəlimə qayıdanda oradakı vəziyyəti xatırladır (Mal. 2:1; Neh. 13:6). «Malaki» və «Nehemya» kitablarındakı oxşar parçalar göstərir ki, peyğəmbərlik məhz bu dövrə aiddir (Mal. 2:4-8, 11, 12 — Neh. 13:11, 15, 23-26; Mal. 3:8-10 — Neh. 13:10-12).
4 «Malaki» kitabının doğruluğu yəhudilər arasında heç vaxt şübhə doğurmamışdı. Yunanca Müqəddəs Yazılarda oradan sitatlar gətirilməsi sübut edir ki, birinci əsrdə məsihçi yığıncağı da «Malaki» kitabının Allahdan ilham aldığını və İbranicə Müqəddəs Yazıların bir hissəsi olduğunu qəbul edirdi. Gətirilən sitatların çoxu oradakı peyğəmbərliklərin yerinə yetdiyini göstərir (Mal. 1:2, 3 — Rom. 9:13; Mal. 3:1 — Mat. 11:10, həmçinin Luka 1:76 və 7:27; Mal. 4:5, 6 — Mat. 11:14 və 17:10-13, həmçinin Mark 9:11-13 və Luka 1:17).
5 Malakinin peyğəmbərliyində göstərilir ki, Haqqay və Zəkəriyyə peyğəmbərin mə’bədin tikintisi zamanı xalqda oyatdığı sə’y və həvəs artıq soyumuşdu. Kahinlər laqeyd, qürurlu, öz gözlərində saleh idilər. Mə’bəd xidməti oyuncağa çevrilmişdi. Xalq düşünürdü ki, Allah İsraillə maraqlanmır, ona görə də artıq ondalıqlar və qurbanlar gətirilmirdi. Zerubbabilə bağlanan ümidlər boşa çıxmış və bə’zilərinin yolunu gözlədikləri Məsih gəlməmişdi. Yəhudilərin ruhaniliyi çox pis vəziyyətdə idi. Belə isə nə onları ruhlandırar və onlarda ümid doğura bilərdi? Hansı vəziyyətdə olduğundan xalqı kim agah edər, onu salehliyə kim döndərə bilərdi? Malakinin peyğəmbərliyi bu suallara cavab verir.
6 Malakinin yazı üslubu aydın və tə’sirlidir. O, əvvəlcə hansısa fikri irəli sürür, sonra üz tutduğu adamların e’tirazlarına cavab verir. Sonra o, ilk sözlərini təsdiq edir. Bunun sayəsində onun gətirdiyi dəlillər daha da güclü və canlı olur. Malaki nitqini bəlağətli etməyə çalışmır, kəskin tənqidi üslubda yazır.
BİZƏ FAYDASI
13 «Malaki» kitabı Yehova Allahın dəyişməz prinsiplərini və mərhəmət dolu məhəbbətini dərk etməyə kömək edir. Başlanğıcda Yehovanın Öz xalqı ‘Yaquba’ olan böyük məhəbbəti haqqında yazılıb. O, Yaqub oğullarına bəyan edir: «Mən Rəbbəm və heç vaxt dəyişmirəm». Xalqın içində pislik baş alıb getsə də, Allah onu bağışlamağa hazır idi, sadəcə olaraq onun Allaha tərəf dönməsi gərək idi. Yehova necə də mərhəmətli Allahdır! (Mal. 1:2; 3:6, 7; Rom. 11:28; Çıx. 34:6, 7). Malakinin vasitəsilə Yehova vurğulayır ki, kahinin ‘ağzı biliyi qorumalıdır’. Kimə Allahın Kəlamını öyrətmək e’tibar olunubsa, bu məqama diqqət yetirməli, çatdırdığı biliyin dəqiqliyinə əmin olmalıdır. (Mal. 2:7; Filip. 1:9-11; həmçinin Yaqub 3:1 ayəsi ilə müqayisə edin.) Yehova ikiüzlülərə, ‘pisliyin Rəbbin gözündə yaxşı’ olduğunu sübut etməyə çalışanlara səbir etmir. Heç kəs düşünməsin ki, uca Padşah Yehovaya yalandan qurban gətirməklə Onu aldada bilər (Mal. 2:17; 1:14; Kolos. 3:23, 24). Yehova ədalətli qanun və prinsiplərini pozanlara qarşı tezliklə şahid çıxacaq; pis hərəkət edən heç kəs cəzanın ondan yan keçəcəyini gözləməsin. Yehova onlara hökm edəcək (Mal. 3:5; İbr. 10:30, 31). Saleh insanlar da tam əmin olsunlar ki, Yehova onların etdiklərini unutmayacaq və onlara mükafat verəcək. İsa kimi onlar da Musanın qanununa diqqət yetirməlidirlər, çünki orada onun üzərində yerinə yetən bir çox peyğəmbərliklər vardır (Mal. 3:16; 4:4; Luka 24:44, 45).
14 İbranicə Müqəddəs Yazıların axırıncı kitabı kimi «Malaki» Məsihin gəlişi ilə bağlı gələcək hadisələri açıqlayır; onun gəlişi, dörd əsrdən bir qədər çox keçəndən sonra Yunanca Müqəddəs Yazıların yazılması üçün əsas verdi. Malaki 3:1 ayəsində Ordular Rəbbi Yehova deyir: «Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq». Yaşa dolmuş Zəkəriyyə Allahdan ilham alaraq bu peyğəmbərliyin oğlu Vəftizçi Yəhya üzərində yerinə yetdiyini göstərdi (Luka 1:76). İsa Məsih də bunu təsdiq etdi: «Qadından doğulanlar arasında, vəftiz edən Yəhyadan daha böyüyü olmamışdır; amma Səmavi Səltənətdə ən kiçik olan ondan böyükdür». Malakinin söylədiyi kimi, Yəhya ‘yol hazırlamaq’ üçün göndərildiyindən İsanın Padşahlıq haqqında əhdinə daxil olmadı (Mat. 11:7-12; Luka 7:27, 28; 22:28-30).
15 Malaki 4:5, 6 ayələrində Yehovanın və’di yazılıb: «İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm». Bəs «İlyas» kim idi? Həm İsa, həm də Zəkəriyyəyə görünən mələk Vəftizçi Yəhyanın ‘hər şeyi qaydaya salan’ və Məsihi qəbul etmək üçün ‘Rəbbə hazırlanmış bir xalq təşkil edən’ şəxs olduğunu söyləyərək bu sözləri ona aid etmişdilər. Ancaq Malaki həm də deyir ki, «İlyas» ‘Rəbbin böyük və dəhşətli gününün’ müjdəçisidir. Bu da peyğəmbərliyin gələcəkdə hökm günündə yerinə yetəcəyini göstərir (Mat. 17:11; Luka 1:17; Mat. 11:14; Mark 9:12).
16 Ordular Rəbbi Yehova o günü nəzərində canlandırıb deyir: «Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq... Çünki Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir». Həqiqətən də zəhmlidir! ‘O gün soba kimi yanacaq. Bütün məğrurlar və pislik edən saman kimi olacaq’. Ancaq Yehovanın ismindən qorxanlar nə bəxtiyardırlar, çünki onlar üçün «şüalarında şəfa olan salehlik günəşi doğacaq». Bu və’dlər diqqətimizi itaətkar insanların hərtərəfli: ruhani, emosional, əqli və fiziki cəhətdən şəfa tapacağı xoşbəxt zamana yönəldir (Vəhy 21:3, 4). O möhtəşəm və bəxtiyar günə işarə edərək, Malaki bizi Yehovanın evinə qurbanlarımızı saf niyyətlə gətirməyə təşviq edir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam» (Mal. 1:11, 14; 4:1, 2; 3:10).
17 Peyğəmbərlərin sonuncu kitabı gözlənilən məhvdən xəbərdarlıq verməyə davam etsə də, Yehovanın xalqına söylədiyi «bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» sözləri ilə nikbinlik və sevinc doğurur (4:6; 3:12).