Fəsil 56
Adamı nə murdar edir?
İSA MƏSİHƏ qarşı müqavimət güclənir. Xeyli şagirdi ondan ayrılıb. Üstəlik, 31-ci ilin Pasxa bayramında Yerusəlimdə İsanı öldürmək istəyən yəhudilər hələ də bu fikirlərindən daşınmayıblar.
İndi isə 32-ci ilin Pasxasıdır. Allahın tələbinə görə, hamı bu bayramda iştirak etməli idi, yəqin ki, İsa da bunun üçün Yerusəlimə gedir. Amma bu dəfə o, çox ehtiyatlıdır, çünki həyatı təhlükə altındadır. Sonra o, Qalileyaya qayıdır.
Ehtimal ki, İsa indi Kapernahumdadır. Fəriseylərlə mirzələr onu görmək üçün Yerusəlimdən durub bura gəlirlər. Onlar onu dini qaydaları pozmaqda ittiham etmək üçün bəhanə axtarırlar. «Sənin şagirdlərin dədə-babalarımızın qoyduğu adət-ənənəni niyə pozurlar? — deyə ondan soruşurlar. — Misal üçün, onlar yeməkdən qabaq əllərini yumurlar». Əslində, dirsəyə qədər yuyunmaq Allahın tələbi deyil, amma fəriseylər bu ayinə riayət etməməyi ciddi təqsir sayırlar.
İsa onların ittihamına cavab vermir, bunun əvəzində göstərir ki, onlar özləri Allahın qanununu qəsdən və kobudcasına pozurlar. «Bəs siz niyə öz ənənələrinizə görə Allahın əmrini pozursunuz? — o soruşur. — Misal üçün, Allah belə deyib: “Atana və anana hörmət et” və “Atasına və ya anasına pis söz deyən mütləq öldürülməlidir”. Siz isə deyirsiniz: “Atasına və ya anasına: «Səni saxlamaq üçün nəyim varsa, hamısı Allaha həsr edilmiş bəxşişdir», — deyən, atasına hörmət etməyə bilər”».
Həqiqətən də, fəriseylər öyrədirlər ki, pul, əmlak və hər hansı bir şey bəxşiş kimi Allaha həsr edilərsə, bunlar məbədə aid olur və onları başqa cür istifadə etmək olmaz. Lakin bəxşiş onu həsr edən adamda qalır. Misal üçün, oğul deyə bilər ki, onun pulu və ya əmlakı «qurbanlıqdır», yəni Allaha, yaxud Allahın məbədinə həsr edilmiş bəxşişdir. Beləliklə, o, ehtiyac içində olan qoca ata-anasına yardım etməkdən boyun qaçırır.
Fəriseylərin Allahın qanununu belə hiyləgərcəsinə təhrif etmələri haqlı olaraq İsada qəzəb doğurur. O deyir: «Bununla, siz öz ənənənizdən ötrü Allahın sözünü heçə endirmisiniz. Ey ikiüzlülər, Yeşaya sizin haqqınızda yaxşı peyğəmbərlik etmişdir: “Bu xalq Mənə dildə hörmət edir, amma ürəkləri Məndən çox uzaqdır. Onlar Mənə əbəs yerə ibadət edirlər, çünki onların öyrətdikləri adi insan əmrləridir”».
Görünür, camaat fəriseyləri İsaya sual vermək üçün qabağa buraxıb. İsanın bu ciddi ittihamı qarşısında fəriseylər söz tapa bilməyəndə İsa camaatı çağırıb deyir: «Mənə qulaq asın və sözlərimi dərk edin. Elə bir şey yoxdur ki, insanın ağzından keçib onu murdar etsin. İnsanın ağzından keçən yox, daxilindən çıxan onu murdar edir».
Bir qədər sonra İsa şagirdləri ilə bir evə girəndə onlar soruşurlar: «Xəbərin var ki, fəriseylər sənin sözlərindən inciyiblər?»
İsa belə cavab verir: «Səmavi Atamın əkmədiyi hər bir bitki kökündən qoparılacaq. Qoy incisinlər. Onlar kor bələdçilərdir. Əgər kor kora bələdçilik edərsə, ikisi də quyuya düşər».
Peter o biri şagirdlərin adından xahiş edir ki, İsa adamı nəyin murdar etdiyini aydınlaşdırsın. İsa buna təəccüblənir: «Yəni siz də hələ başa düşməmisiniz? Məgər bilmirsiniz ki, ağıza girən hər şey bağırsaqlardan keçib bayıra çıxır? Ancaq ağızdan çıxan şeylər ürəkdən gəlir. Bax, bunlar adamı murdar edir. Misal üçün, pis fikirlər, qətl, zina, cinsi əxlaqsızlıq, oğurluq, yalan şahidlik, küfr ürəkdən çıxır. Adamı belə şeylər murdar edir. Ancaq yuyulmamış əllə çörək yemək insanı murdar etmir».
İsa heç də gigiyenanın əleyhinə deyil. O demir ki, xörək bişirəndə və ya yeməkdən qabaq əlləri yumaq lazım deyil. Xeyr, İsa din rəhbərlərinin riyakarlığını ifşa edir, çünki onlar Müqəddəs Yazılarda olmayan tələblərin üstündə duraraq Allahın saleh qanunlarından hiyləgərcəsinə boyun qaçırırlar. Bəli, insanı pis işlər murdar edir və İsa göstərir ki, onlar insanın qəlbindən çıxır. Yəhya 7:1; Qanunun təkrarı 16:16; Matta 15:1—20; Mark 7:1—23; Çıxış 20:12; 21:17; Yeşaya 29:13.
▪ İsa hansı müqavimətlə qarşılaşır?
▪ Fəriseylər İsanı nədə ittiham edirlər və İsa onların Allahın qanununu qəsdən pozduqlarını necə göstərir?
▪ İsanın dediyinə görə, əslində adamı nə murdar edir?