Uşaqlarınızı öyrədin
İsa itaətkar olmağı öyrəndi
HƏRDƏN sözə baxmaq sənə çətin gəlir? ~ a Əgər belədirsə, onda burada təəccüblü bir şey yoxdur. Bəzən bu, hamı üçün çətin olur. Hətta İsaya da itaətkar olmağı öyrənmək lazım gəlmişdi. Sən bunu bilirdin? ~
Bilirsən, bütün uşaqlar kimə qulaq asmalıdırlar? ~ Bəli, ata-analarına. Çünki Müqəddəs Kitabda deyilir: «Rəbb yolunda valideynlərinizə itaət edin» (Efeslilərə 6:1). İsanın atası kimdir? ~ Yehova Allah. O, bizim də Atamızdır (Matta 6:9, 10). Əgər desən ki, Yusif onun atası, Məryəm isə anası olub, yenə də səhv etməzsən. Bilirsən, necə oldu ki, onlar İsanın valideynləri oldular? ~
Cəbrayıl mələk Məryəmə dedi ki, o, heç vaxt kişi ilə cinsi əlaqədə olmasa da, ana olacaq. Bu hamiləlik Yehovanın göstərdiyi möcüzə sayəsində mümkün oldu. Cəbrayıl Məryəmə dedi: «Haqq-Təalanın qüdrəti üstünə kölgə salacaqdır; buna görə də, səndən doğulacaq Müqəddəsə Allahın Oğlu deyiləcəkdir» (Luka 1:30—35).
Allah Oğlunun həyatını göylərdən Məryəmin bətninə köçürdü. Sonra o, başqa uşaqlar kimi anasının bətnində böyüməyə başladı. Təxminən doqquz ay sonra İsa dünyaya göz açdı. Bu arada Yusif Məryəmlə evləndi və çoxları elə bildi ki, İsanın əsil atası Yusifdir. Əslində isə Yusif onun ögey atası idi. Buna görə də demək olar ki, İsanın iki atası olub!
Cəmi 12 yaşı olanda İsa səmavi Atası Yehovanı nə qədər çox sevdiyini göstərdi. Həmin vaxt İsanın ailəsi adət etdikləri kimi, Yerusəlimdə Pasxa bayramını keçirmək üçün uzun səfərə çıxdılar. Sonra geri, Nazaretə qayıdanda Yusiflə Məryəm İsanın onlarla olmadığını hiss etmədilər. Görəsən, necə oldu ki, İsa onların gözündən yayındı? ~
Həmin vaxt Yusiflə Məryəmin başqa uşaqları da var idi (Matta 13:55, 56). Görünür, qohumları da onlarla birgə səfərə çıxmışdı. Onların arasında ataları Zevedeylə və ehtimala görə, Məryəmin bacısı olan anaları Şalomitlə bərabər Yaqub və Yəhya da var idi. Buna görə də, yəqin Məryəm güman edirdi ki, İsa qohumlarının arasındadır (Matta 27:56; Mark 15:40; Yəhya 19:25).
Yusiflə Məryəm İsanın gözə dəymədiyini görəndə tez-tələsik Yerusəlimə qayıtdılar. Onlar təlaş içində oğullarını axtarmağa başladılar. Nəhayət, üçüncü gün onu məbəddə tapdılar. Məryəm ona dedi: «Oğlum! Nə üçün bizimlə belə davrandın? Budur, Sənin atan və mən böyük kədərlə Səni axtarırdıq». Amma İsa cavab verdi: «Məni nə üçün axtarırdınız? Bilmirdinizmi ki, Mən Atamın evində olmalıyam?» (Luka 2:45—50).
Səncə, İsanın anasına bu cür cavab verməsi səhv idi? ~ Valideynləri bilirdilər ki, Allahın evində ibadət etmək İsanın xoşuna gəlir (Məzmur 122:1). Buna görə də İsa düşünürdü ki, valideynləri onu ilk növbədə Allahın məbədində axtarmalı idilər. Səncə, bu, ağlabatan deyil? ~ Sonralar Məryəm İsanın dedikləri üzərində düşünürdü.
Bəs İsanın Yusiflə Məryəmə münasibəti necə idi? ~ Müqəddəs Kitabda deyilir: «İsa onlarla getdi və Nazaretə gəldi; və onlara itaət edirdi» (Luka 2:51, 52). Biz İsanın bu nümunəsindən nə öyrənə bilərik? ~ Bəli, biz də valideynlərimizin sözünə baxmalıyıq.
Lakin İsa üçün də itaətkar olmaq, hətta səmavi Atasına belə tabe olmaq həmişə asan olmurdu.
Ölümündən əvvəlki gecə İsa Yehovadan xahiş etdi ki, ona verdiyi tapşırığa dair fikrini dəyişsin (Luka 22:42). Amma çətin olsa da, İsa Allahın dediyini elədi. Müqəddəs Kitabda deyilir ki, o, «çəkdiyi iztirablarla itaətli olmağı öyrəndi» (İbranilərə 5:8). Səncə, biz də itaətkar olmağı öyrənə bilərik? ~
[Haşiyə]
a Əgər bu məqaləni uşaqla oxuyursunuzsa, qoyulan tilda (~) işarəsi göstərir ki, pauza etmək və uşağı öz fikrini söyləməyə təşviq etmək lazımdır.
SUALLAR:
▪ Necə oldu ki, Məryəm İsanın anası oldu və İsanın, müəyyən mənada, iki atası oldu?
▪ Nə üçün valideynləri İsanın onlarla olmadığını hiss etmədilər?
▪ İsanın fikrincə, valideynləri onu harada axtarmalı idilər?
▪ İsanın nümunəsindən nə öyrənə bilərik?
[31-ci səhifədəki şəkil]
Səncə, nə üçün Yusiflə Məryəm İsanı ilk növbədə məbəddə axtarmalı idilər?