FƏSİL 18
Qarşınıza Allaha əbədiyyən xidmət etmək məqsədini qoyun
BÖYÜK xəzinə saxlanılan bağlı bir qapı arxasında durduğunuzu təsəvvür edin. Fərz edək ki, səlahiyyətli bir şəxs sizə oranın açarını verib və deyib ki, istədiyinizi götürə bilərsiniz. Bu açardan istifadə etməyincə onun sizə heç bir faydası olmayacaqdır. Eyni şeyi əldə edilən bilik haqqında da demək olar, onu istifadə etməlisiniz ki, dəyərini də dərk edəsiniz.
2 Bu, xüsusilə də Allah haqqındakı biliyə aiddir. Axı Yehova Allah və İsa Məsih haqqındakı bilik əbədi həyata aparır (Yəhya 17:3). Lakin bu ümidin həyata keçməsi üçün, sadəcə olaraq biliyə yiyələnmək kifayət deyil. Qiymətli bir açarı istifadə etmək lazım gəldiyi kimi, Allah haqqındakı biliyi də həyatınızda tətbiq etməlisiniz. İsa demişdir ki, Allahın iradəsini yerinə yetirən ‘Padşahlığa girəcəkdir’. Belə bir insan Allaha əbədiyyən xidmət etmək üstünlüyünə malik olacaqdır! (Matta 7:21, İ–93; 1 Yəhya 2:17).
3 Allahın iradəsinin nədən ibarət olduğunu öyrəndikdən sonra, onu yerinə yetirmək çox vacibdir. Necə düşünürsünüz, Allahın sizin üçün iradəsi nədir? Bunu növbəti sözlərlə ifadə etmək olar: İsanı təqlid etmək. 1 Peter 2:21 ayəsində oxuyuruq: “Siz bunun üçün çağırıldınız. Çünki Məsih də bizə bir nümunə qoyaraq, bizim üçün iztirab çəkdi ki, biz Onun izləri ilə gedək”. Beləliklə, Allahın iradəsini yerinə yetirmək üçün sizə, İsanın nümunəsini mümkün qədər daha yaxşı təqlid etmək lazımdır. Bununla da, siz Allah haqqındakı biliyi həyata keçirmiş olacaqsınız.
İSA ALLAH HAQQINDAKI BİLİKDƏN NECƏ İSTİFADƏ EDİRDİ?
4 İsa Məsihin Allah haqqındakı dərin biliyi başqalarından çox idi. O, yer üzünə gəlməzdən öncə uzun müddət göydə Yehova Allahla bərabər yaşamış və çalışmışdır (Koloslulara 1:15, 16). Bəs İsa bu bilikdən necə istifadə edirdi? O, sadəcə bu biliyə sahib olmaqla kifayətlənmirdi. İsa bu biliyi həyata keçirirdi. Buna görə də İsa insanlarla mərhəmətlə, səbirlə və məhəbbətlə davranırdı. Bu sahədə İsa özünün səmavi Atasını təqlid edir və Yehovanın şəxsiyyəti və yolları haqqındakı biliyi rəhbər tuturdu (Yəhya 8:23, 28, 29, 38; 1 Yəhya 4:8).
5 Bilik həm də İsanı qətiyyətli addım atmağa təşviq etdi. Məsələn, o, Qalileyadan İordan çayına, Yəhya tərəfindən vəftiz olunduğu yerə gəlib çıxdı (Matta 3:13-15). İsanın vəftizi hansı simvolik mə’nanı daşıyırdı? İsa yəhudi idi, o, artıq Allaha həsr olunmuş xalqın içində doğulmuşdu. Beləliklə, İsa doğulduğu andan Allaha həsr olunmuşdu (Çıxış 19:5, 6). Vəftiz olunmaqla, Yehovanın həmin vaxt üçün ona dair olan iradəsini yerinə yetirmək məqsədilə İsa özünü Allaha təqdim etdi (İbranilərə 10:5, 7). Bəli, İsa vəftizinin mə’nasına müvafiq həyat sürürdü. O, bütün qüvvəsini Yehovaya xidmətə sərf edir və fürsət düşən kimi Allah haqqında bildiklərini insanlarla bölüşürdü. İsa Allahın iradəsini yerinə yetirməkdən zövq alır və deyirdi ki, bu, onun üçün qidaya bərabərdir (Yəhya 4:34).
6 İsa çox gözəl dərk edirdi ki, Yehovanın iradəsini yerinə yetirmək ona çox baha, hətta həyatı bahasına başa gələcək. Bununla belə, İsa şəxsi maraqlarını ikinci yerə qoymaqla özünü inkar etdi. Allahın iradəsi onun üçün həmişə birinci yerdə idi. Bəs biz İsanın kamil nümunəsini necə təqlid edə bilərik?
ƏBƏDİ HƏYATA APARAN ADDIMLAR
7 İsadan fərqli olaraq, biz qeyri-kamilik və yalnız növbəti vacib addımları atdıqdan sonra vəftiz oluna bilərik. Başlanğıc üçün Yehova Allah və İsa Məsih haqqındakı dəqiq biliyi bütün ürəkdən qəbul etmək lazımdır. Bu, bizi iman göstərməyə və Allaha dərin məhəbbət bəsləməyə təşviq edəcəkdir (Matta 22:37-40; Romalılara 10:17; İbranilərə 11:6). Allahın qanun, prinsip və normalarına tabe olmamız, bizi tövbə etməyə və keçmiş günahlarımıza görə Allaha məqbul peşmançılıq ifadə etməyə təşviq edəcəkdir. Bu isə bizi dönməyə, yə’ni Allahı tanımazdan əvvəl etdiyimiz hər cür səhv hərəkətlərdən imtina etməyə yönəldir (Həvarilərin işləri 3:19). Əlbəttə ki, əgər biz düzgün davranmaq əvəzinə əvvəlki kimi gizlində hər hansı günah işlətməyə davam ediriksə, deməli, biz hələ əsl mə’nada düzəlməmişik və sözsüz ki, Allahı aldada bilmərik. Yehova insanlarda hər bir ikiüzlülüyü görür (Luka 12:2, 3).
8 Budur, artıq neçə vaxtdır ki, siz Allah haqqında bilik əldə edirsiniz. Öz ruhani məqsədləriniz barədə dərindən düşünmək vaxtı deyilmi? Yəqin ki, ürəyiniz öyrəndiklərinizi doğmalarınıza, dostlarınıza və başqa insanlara danışmaq arzusu ilə çırpınır. Çox ehtimal ki, siz də, fürsət düşən kimi başqaları ilə xoş xəbəri bölüşən İsa kimi davranırsınız (Luka 10:38, 39; Yəhya 4:6-15). İndi, ola bilsin ki, siz daha çox etmək arzusundasınız. Məsihçi ağsaqqalları Yehovanın Şahidlərinin təbliğ fəaliyyətlərində müntəzəm iştirak etməyə hazır olub-olmadığınızı müəyyən etmək üçün, sizinlə məmnuniyyətlə söhbət edə bilərlər. Əgər hazırsınızsa, ağsaqqallar təbliğdə Şahidlərdən birini müşayiət etməyinizə qayğı göstərəcəklər. İsanın şagirdləri onun göstərişlərinə riayət edir və xidmətlərini mütəşəkkil şəkildə icra edirdilər (Mark 6:7, 30; Luka 10:1). Padşahlıq haqqındakı xəbəri evdən-evə və yaxud başqa bir yolla təbliğ edərkən bu cür kömək sizin üçün faydalı olacaqdır (Həvarilərin işləri 20:20, 21).
9 Xoş xəbəri yığıncağınızın ərazisində yaşayan insanların hamısına təbliğ etmək — səmimi qəlbli insanları tapmağın üsulu, həmçinin imanınızı göstərmək üçün imkandır (Həvarilərin işləri 10:34, 35; Yaqub 2:17, 18, 26). Müntəzəm olaraq məsihçi görüşlərinə gəlməyiniz və təbliğ işində şüurlu tərzdə iştirak etməyiniz, tövbə edib dəyişildiyinizi və indi Allah haqqındakı biliyə müvafiq yaşamaq qərarına gəldiyinizi göstərəcəkdir. Bəs növbəti müvafiq addım hansıdır? Yehova Allaha həsr olunmaq. Bu o deməkdir ki, siz şəxsi duanızda həyatınızı könüllü olaraq Allaha təqdim etdiyinizi və iradəsini bütün ürəkdən yerinə yetirməyi arzuladığınızı Ona söyləyirsiniz. Beləliklə, Yehovaya həsr olunub, İsa Məsihin asan boyunduruğunu qəbul etmək olar (Matta 11:29, 30).
VƏFTİZİN SİZİN ÜÇÜN DAŞIDIĞI MƏ’NA
10 İsa demişdir ki, onun bütün şagirdləri vəftiz olunmalıdırlar (Matta 28:19, 20). Özünüzü Allaha həsr etdikdən sonra bu nə üçün vacibdir? Yehovaya həsr olunduğunuz üçün, O, sizin Onu sevdiyinizi bilir. Amma, şübhəsiz ki, siz Allaha olan məhəbbətiniz haqqında başqalarının da bilməsini istəyirsiniz. Vəftiz, hamının qarşısında Yehova Allaha həsr olunduğunuzu bildirməyə imkan yaradır (Romalılara 10:9, 10).
11 Vəftiz zəngin simvolik mə’naya malikdir. Suya salındığınız, yaxud, məcazi dillə desək, suya “basdırıldığınız” zaman, siz sanki əvvəlki həyat tərziniz üçün ölürsünüz. Sudan çıxdığınız zaman isə sanki öz iradənizə deyil, Allahın iradəsinə tabe olan yeni həyata qədəm qoyursunuz. Əlbəttə, bu o demək deyil ki, siz artıq səhvlərə yol verməyəcəksiniz, çünki biz hamımız qeyri-kamilik və hər gün günah işlədirik. Lakin Yehovanın həsr olunmuş və vəftiz edilmiş xidmətçisi kimi, siz Onunla xüsusi münasibətlərə sahib olacaqsınız. Yehova tövbə etdiyinizi və təvazökarlıqla vəftiz olunduğunuzu görərək, İsanın fidiyə qurbanlığı əsasında günahlarınızı bağışlamağa hazırdır. Beləliklə, vəftiz Allah qarşısında təmiz vicdan bəxş edir (1 Peter 3:21).
12 İsa davamçılarına buyurdu ki, yeni şagirdləri “Ata, Oğul və Müqəddəs Ruh naminə” vəftiz etsinlər (Matta 28:19). İsa nəyi nəzərdə tuturdu? “Ata... naminə” vəftiz olunmaq ona işarə edir ki, vəftiz olunan şəxs bütün ürəkdən Yehova Allahı bir Yaradan və Kainatın tamhüquqlu Hökmdarı kimi qəbul edir (Məzmur 36:9; 83:18; Vaiz 12:2). “Oğul... naminə” vəftiz olunmaq o deməkdir ki, həmin şəxs İsa Məsihi — xüsusən də onun fidiyə qurbanlığını — Allahın təqdim etdiyi yeganə xilas vasitəsi kimi qəbul edir (Həvarilərin işləri 4:12). “Müqəddəs Ruh naminə” vəftiz olunmaq isə, vəftizə namizəd olan şəxsin Yehovanın müqəddəs ruhunu, yə’ni fəal qüvvəsini, niyyətlərini həyata keçirmək və ruhla idarə olunan təşkilatı ilə birlikdə xidmətçilərini Özünün adil iradəsini icra etməkdə möhkəmləndirmək üçün Allahın istifadə etdiyi vasitə kimi qəbul etdiyini göstərir (Təkvin 1:2; Məzmur 104:30; Yəhya 14:26; 2 Peter 1:21).
VƏFTİZ OLUNMAĞA HAZIRSINIZMI?
13 Vəftizin bu qədər zəngin mə’na daşıması və insanın həyatında ən vacib dönüş nöqtəsini təşkil etməsi, bu addımı atmaqdan çəkindirməlidirmi? Əsla yox. Vəftiz olunmaq qərarını düşünmədən qəbul etmək düzgün olmasa da, bu, şübhəsiz ki, sizin ən müdrik qərarınızdır.
14 Vəftiz sizin Yehova Allaha xidmət etmək seçiminizi göstərir. Tanıdığınız insanlar haqqında düşünün. Məgər onların hər biri bu və ya digər tərzdə öz “ağalarına” xidmət etmirmi? Bə’ziləri var-dövlətə xidmət edir (Matta 6:24). Digərləri sə’ylə karyeraları üçün çalışır və ya yalnız özlərinin qeydinə qalır ki, bununla da arzularının yerinə yetməsi onlar üçün həyatlarının başlıca məqsədinə çevrilir. Bir başqaları yalan allahlara ibadət edirlər. Siz isə həqiqi Allah olan Yehovaya xidmət etməyi üstün tutmusunuz. Allahdan başqa heç kim bu qədər mərhəmət, şəfqət və məhəbbət göstərmir. Allah insanlara xilasa aparan məqsədyönlü iş verməklə, onları şərəfləndirir. O Öz xidmətçilərinə əbədi həyat mükafatını verir. Bəli, İsanın nümunəsini təqlid etməyimizdə və həyatımızı Yehovaya həsr etməyimizdə qorxulu bir şey yoxdur. Əslində bu, Allaha xoş olan və sağlam düşüncədən irəli gələn yeganə seçimdir (1 Krallar 18:21).
15 Buna baxmayaraq, sizin vəftiz olunmanıza başqaları tə’sir göstərməli deyil. Bu, Yehova ilə sizin aranızda olan şəxsi məsələdir (Qalatiyalılara 6:4). Artıq ruhani nailiyyətlər əldə etdiyiniz üçün, ola bilsin, belə düşünürsünüz: “Vəftiz olunmağıma nə mane olur?” (Həvarilərin işləri 8:35, 36). Özünüzdən soruşa bilərsiniz: “Doğmalarımın müqavimət göstərməsimi mənə maneə törədir? Müqəddəs Kitab nöqteyi-nəzərindən yanlış olan və ya günaha sürükləyən işlərlə hələ də əlaqəm varmı? Bəlkə mən cəmiyyətin rə’yindən qorxuram?” Burada düşünməli bə’zi amillər var, amma hər şeyi aydın şəkildə götür-qoy etmək yaxşı olardı.
16 Yehovaya xidmətdəki üstünlükləri nəzərə almadan, ancaq itkiləri görmək müdrik davranış olmaz. Misal üçün, ailə tərəfindən göstərilən müqaviməti götürək. İsa və’d etmişdir ki, əgər şagirdləri onun ardınca getdikləri üçün yaxınlarını itirərlərsə, böyük ruhani ailəyə malik olacaqlar (Mark 10:29, 30). Həmimanlılarınız sizə qardaşlıq məhəbbəti təzahür etdirəcək, tə’qiblərə tab gətirməkdə kömək edəcək və həyata aparan yolda sizə dəstək olacaqlar (1 Peter 5:9). Xüsusən də yığıncağın ağsaqqalları sizə problemləri və digər çətinlikləri həll etməyə kömək edəcəklər (Yaqub 5:14-16). Bu dünyanın rə’yinə gəldikdə isə, özünüzdən soruşa bilərsiniz: “Ümumiyyətlə Kainatın Yaradanının iltifatı və mənim seçdiyim yolun Ona gətirdiyi sevinc nə iləsə müqayisə oluna bilərmi?” (Süleymanın məsəlləri 27:11).
HƏSR OLUNMAĞA VƏ VƏFTİZƏ MÜVAFİQ YAŞAMAQ
17 Yadda saxlamaq lazımdır ki, vəftiz ruhani inkişafınızın sonu deyil. Bu, təsdiq edilmiş xidmətçi və Yehovanın Şahidlərindən biri kimi, Allaha ömür boyu edilən xidmətin başlanğıcıdır. Vəftiz çox vacib olsa da, xilasa zəmanət deyil. İsa deməmişdir ki, “vəftiz olan hər kəs xilas olacaqdır”. Əksinə, o demişdir: “Axıra qədər səbr edən xilas olacaqdır” (Matta 24:13). Buna görə də, Allahın Padşahlığını axtarmaqla, həyatımızda ən vacib yeri ona ayırmalıyıq (Matta 6:25-34).
18 Yehovaya xidməti davam etdirmək üçün, qarşınıza ruhani məqsədlər qoymaq yaxşı olardı. Bu cür dəyərli məqsədlərdən biri — Allahın Kəlamını şəxsən öyrənməyin sayəsində Onun haqqındakı biliyinizi genişləndirməkdir. Müqəddəs Kitabı hər gün oxumağı planlaşdırın (Məzmur 1:1, 2). Müntəzəm olaraq məsihçi görüşlərində iştirak edin, çünki oradakı ünsiyyət sizə ruhani cəhətdən güc verəcəkdir. Nəyə görə yığıncaqlarda şərh verməyi, bununla da Yehovanı izzətləndirməyi və başqalarını ruhlandırmağı qarşınıza məqsəd qoymayasınız? (Romalılara 1:11, 12). Qarşınıza qoya biləcəyiniz məqsədlərdən biri, dualarınızı daha məzmunlu etmək ola bilər (Luka 11:2-4).
19 Əgər vəftizinizə müvafiq yaşamaq istəyirsinizsə, daima öz hərəkətlərinizə diqqət yetirməli, Allahın müqəddəs ruhunun sizdə məhəbbət, sevinc, sülh, səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaq kimi keyfiyyətlər inkişaf etdirməsinə yol verməlisiniz (Qalatiyalılara 5:22, 23; 2 Peter 3:11). Unutmayın ki, Yehova Ondan müqəddəs ruh diləyib, Ona sədaqətlə xidmət edənlərin hamısına Öz ruhundan verir (Luka 11:13; Həvarilərin işləri 5:32). Beləliklə, bu ruhu almaq üçün Allaha dua edin və Ona xoş olan xüsusiyyətləri təzahür etdirmək üçün Ondan kömək diləyin. Allahın ruhunun rəhbərliyinə nə qədər çox yol versəniz, bir o qədər də bu xüsusiyyətlər sözlərinizdə və davranışınızda özünü biruzə verəcəkdir. Bəli, məsihçi yığıncağında hər kəs Məsihə daha çox bənzəmək üçün “yeni” insan olmağa çalışır (Koloslulara 3:9-14). Biz ruhani inkişafın müxtəlif mərhələlərində olduğumuza görə, hər birimizin öz çətinlikləri var. Qeyri-kamil olduğunuzdan, Məsihə bənzəmək üçün sizə çoxlu sə’y göstərmək lazımdır. Amma heç vaxt ruhdan düşməyin, çünki Allahın köməkliyi ilə bu mümkün olan işdir.
20 Sizin ruhani məqsədləriniz arasında — sevinmək bacarığında İsanı daha yaxşı təqlid etmək məqsədi də olmalıdır (İbranilərə 12:1-3). O, xidməti sevirdi. Əgər Padşahlıq haqqında təbliğ etmək üstünlüyünüz varsa, təbliğin sizin üçün adi şeyə çevrilməsinə yol verməyin. Başqalarına Allahın Padşahlığı haqqında öyrədərkən, İsa kimi, məmnunluq hissi duymağa çalışın. Sizin Allahın Kəlamının daha yaxşı müəllimi olmağınıza kömək etmək məqsədilə yığıncaqda verilən məsləhətləri həyata keçirin. Və əmin olun ki, xidmətinizi davam etdirmək üçün Yehova sizə güc verəcəkdir (1 Korinflilərə 9:19-23).
21 İsanı sədaqətlə təqlid etməyə çalışan həsr olunmuş və vəftiz edilmiş insan Allah üçün xüsusilə dəyərlidir. Yehova milyardlarla insanın ürəyini görür və belə insanların nə qədər az olduğunu bilir. O, onlara xəzinə kimi, “dəyərli” kəslər kimi baxır (Haqqay 2:7). Müqəddəs Kitab peyğəmbərlikləri göstərir ki, Allah üçün həmin insanlar bu pis sistemə kəsilmiş hökm icra ediləcək zaman xilas olmaq üçün işarə olunmuşlar kimidirlər (Hezekiel 9:1-6; Malaki 3:16, 18). Siz “əbədi həyata tə’yin olunanların”, yə’ni meylli olanların sırasındasınızmı? (Həvarilərin işləri 13:48). Allahın xidmətçisi kimi üzərinizə işarə qoyulmasını istəyirsinizmi? Həsr və vəftiz olunma bu cür işarənin bir hissəsidir və bunlar xilas üçün vacibdir.
22 Ümumdünya Tufanından sonra Nuh və onun ailəsi təmizlənmiş torpağa çıxdılar. Eləcə də bu gün, Allah haqqındakı biliyi həyata keçirən və Yehovanın iltifatına nail olan “böyük izdiham”ın bu pis sistemin sonunda sağ qalmaq və tamamilə təmizlənmiş torpaqda əbədi yaşamaq ümidi var (Vəhy 7:9, 14). Bəs o zaman həyat necə olacaqdır?
BİLİYİNİZİ YOXLAYIN
• Yehova Onun haqqındakı biliyinizdən necə istifadə etmənizi istəyir?
• Vəftizə aparan bə’zi addımlar hansılardır?
• Nəyə görə vəftiz son deyil, başlanğıcdır?
• Biz öz həsr olunmamıza və vəftizimizə müvafiq necə yaşaya bilərik?
[Öyrənilmə üçün olan suallar]
1, 2. Allah haqqında bilik əldə etməkdən savayı nə tələb olunur?
3. Allahın bizə dair iradəsi nədən ibarətdir?
4. Nəyə görə İsa Yehova haqqında bu qədər çox bilirdi və öz biliyindən necə istifadə edirdi?
5. İsa nəyə görə vəftiz olundu və vəftizinin mə’nasına müvafiq olaraq necə həyat sürürdü?
6. İsa hansı mə’nada özünü inkar etdi?
7. Vəftiz olunmazdan əvvəl hansı bə’zi addımları atmaq lazımdır?
8. Padşahlıq haqqındakı təbliğ işində iştirak etmək istəyirsinizsə, siz nə etməlisiniz?
9. İnsan Allaha necə həsr olunur və həsr olunma onun həyatına necə tə’sir edir?
10. Yehovaya həsr olunduqdan sonra vəftiz olunmaq nəyə görə lazımdır?
11. Vəftiz hansı mə’nanı daşıyır?
12. a) “Ata... naminə”, b) “Oğul... naminə”, c) “Müqəddəs Ruh naminə” vəftiz olunmaq nə deməkdir?
13, 14. Yehova Allaha xidmət etməyi seçərkən nəyə görə qorxmalı deyilik?
15. Vəftizə nə mane ola bilər?
16. Yehovaya xidmət etməkdən hansı faydanı əldə edəcəksiniz?
17. Nəyə görə vəftizin son deyil, başlanğıc olduğunu düşünmək lazımdır?
18. Vəftizdən sonra qarşınıza qoya biləcəyiniz bə’zi məqsədlər hansılardır?
19. Müqəddəs ruh hansı xüsusiyyətləri təzahür etdirməkdə sizə kömək edə bilər?
20. Xidmətdə İsanı necə təqlid edə bilərsiniz?
21. a) Yehovanın vəftiz olunmuş sadiq xidmətçiləri qiymətləndirdiyini haradan bilirik? b) Allah bu pis sistemə kəsdiyi hökmü yerinə yetirdiyi zaman sağ qalmaq üçün vəftizin rolu nə qədər vacibdir?
22. “Böyük izdiham” nəyə ümid edə bilər?
[172-ci səhifədəki şəkil]
Duada özünüzü Yehovaya həsr etmisinizmi?
[174-cü səhifədəki şəkil]
Vəftiz olunmanıza mane olan nədir?