Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w03 1/7 s. 8—12
  • Yehovanın ürəyini sevindirən gənclər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın ürəyini sevindirən gənclər
  • Gözətçi qülləsi 2003
  • Başlıqlar
  • Oxşar material
  • “Şərirdən” müdafiə
  • “Ürəyimi sevindir”
  • Yehova sənin qayğına qalır
  • İndidən ala biləcəyimiz çoxsaylı xeyir-dualar
  • Sən “bəxtiyar Allaha” xidmət edirsən
  • Allahı sevindirən həyat tərzi
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahı necə sevindirə bilərik?
    Böyük Müəllimdən öyrən
  • Allahla dost olun
    Müqəddəs Kitab təlimləri
  • Sərvaxt ol, Şeytan səni udmaq istəyir!
    Gözətçi qülləsi 2015
Əlavə
Gözətçi qülləsi 2003
w03 1/7 s. 8—12

Yehovanın ürəyini sevindirən gənclər

Öyrənmək üçün olan bu məqalələr xüsusilə Yehovanın Şahidlərinin yığıncaqlarındakı gənclər üçün hazırlanıb. Buna görə də, biz gəncləri bu materialı diqqətlə tədqiq etməyə və yığıncaqda “Gözətçi Qülləsi”nin müzakirəsində fəal iştirak etməyə təşviq edirik.

“Oğlum, hikmətli ol və ürəyimi sevindir ki, məni pisləyənə cavab verim” (SÜLEYMANIN MƏSƏLLƏRİ 27:11).

1, 2. a) Əgər dünya sənə cəlbedici görünürsə, bu o deməkdirmi ki, səndən yaxşı məsihçi çıxmaz? (Romalılara 7:21). İzah et. b) Asafın nümunəsindən nə öyrənirsən? (9-cu səhifədəki çərçivəyə bax.)

TƏSƏVVÜR et ki, bazardan və ya mağazadan paltar almağa çıxmısan. Cərgələri gəzərkən, birdən gözün xoşuna gələn bir paltara sataşır. Onun rəngi və forması sənin istədiyin kimi, qiyməti də olduqca ucuzdur. Sonra paltara daha diqqətlə baxanda, parçanın qıraqlarının süzüldüyünü, tikişlərin isə səliqəsiz olduğunu görüb təəccüblənirsən. Paltar qəşəng olsa da, keyfiyyətsiz imiş. Pulunu bu cür keyfiyyətsiz mala verərdinmi?

2 Bu nümunəni, gənc bir məsihçi kimi sənin qarşılaşa biləcəyin vəziyyətlə müqayisə etmək olar. İlk baxışdan bu dünya da həmin paltar kimi çox cəlbedici görünə bilər. Məsələn, ola bilsin, sənin sinif yoldaşların əyləncə gecələrinə toplaşır, narkotik maddələr qəbul edir, spirtli içkilər içir, ciddi niyyətləri olmadan görüşə çıxır və nikahdan əvvəl cinsi əlaqəyə girirlər. Bu cür həyat tərzi səni özünə cəlb edirmi? Onların azadlıq adlandırdıqları bu həyatdan, heç olmasa, bir balaca dadmaq istəyin yaranırmı? Əgər elədirsə, ürəyinin pis olduğunu düşünüb, səndən yaxşı məsihçi çıxmayacağını qərarlaşdırmağa tələsmə. Axı Müqəddəs Kitab e’tiraf edir ki, dünya Allahı məmnun etmək istəyən insanlara da tə’sir edə bilən böyük cazibə qüvvəsinə malikdir (2 Timoteyə 4:10).

3. a) Dünyanın təqdim etdiyi şeylərin arxasınca düşmək nə üçün mə’nasızdır? b) Bir məsihçi bacımız dünyəvi meyllərin boş olduğunu necə təsvir edir?

3 Almaq istədiyin paltarı yaxşı-yaxşı nəzərdən keçirdiyin kimi, dünyanın təqdim etdiyi şeyləri də yaxşı nəzərdən keçir. Özündən soruş: “Bu sistemin “parçası” və “tikişi” nə dərəcədə keyfiyyətlidir?” Müqəddəs Kitabda deyilir ki, “dünya... keçib gedir” (1 Yəhya 2:17). Dünyadan ala biləcəyin ləzzət, çox olsa da, müvəqqəti olacaqdır. Bundan başqa, günahkar davranış tərzi insana baha başa gəlir. Bunu isə, heç cür “gəlir” adlandırmaq olmaz. Öz dediyinə görə, itirilmiş gəncliyin acısını yaşamış bir məsihçi bacımız deyir: “Dünya məftunedici və cəlbedici görünə bilər. Və o səni inandırmaq istəyir ki, bu dünyada qəbul olunduğu kimi ağrısız-acısız əylənə bilərsən. Bu isə qeyri-mümkündür. Dünya səni istədiyi kimi istifadə edəcək, sonra da atacaqdır”a. Nəyə görə öz gəncliyini bu cür “keyfiyyətsiz” həyat tərzinə sərf edəsən?

“Şərirdən” müdafiə

4, 5. a) İsa ölümündən bir az əvvəl Yehovaya duasında nə xahiş etdi? b) Bu xahiş nəyə görə münasib idi?

4 İndiki sistemin dəyərli heç bir şey təklif edə bilmədiyini anlayaraq, gənc məsihçilər dünya ilə dostluqdan qaçınmağa çalışırlar (Yaqub 4:4). Sən də bu sadiq gənclərin sırasında varsanmı? Əgər elədirsə, tə’rifə layiqsən. Əlbəttə, həmyaşıdların təzyiqinə qarşı durmaq və başqalarından seçilmək asan deyil, lakin sən köməksiz deyilsən.

5 İsa ölümündən bir az əvvəl Yehovaya dua edirdi ki, onun şagirdlərini “şərirdən” (KM) qorusun (Yəhya 17:15). İsanın öz Atasına bu cür xahişlə müraciət etməyə əsaslı səbəbləri vardı. O bilirdi ki, yaşlarından asılı olmayaraq, Allaha sadiq qalmaq onun davamçılarının heç biri üçün asan olmayacaqdır. Nəyə görə? İlk əvvəl ona görə ki, İsanın e’tiraf etdiyi kimi, onun şagirdlərinin gözəgörünməz güclü düşməni, yə’ni “şərir” olan Şeytan İblis mövcuddur. Müqəddəs Kitabda deyilir ki, bu pis ruhani varlıq “nə’rə çəkən və aşırmaq üçün kimisə axtaran aslan kimi gəzir” (1 Peter 5:8).

6. Haradan bilirik ki, Şeytan uşaqlara belə rəhm etmir?

6 Tarix boyu Şeytan qəddarlıqdan həzz alaraq bəşəriyyəti amansız vəhşiliklərə düçar etmişdir. Onun təkcə Eyubun və onun ailəsinin başına açdığı dəhşətli bəlaları düşün (Eyub 1:13-19; 2:7). Yəqin ki, bizim günlərdə baş vermiş və Şeytanın qəddar ruhuna şəhadət edən hadisələr sənin də yadına düşür. İblis qənimət axtararaq gizlincə gəzir və insanları məhv etməyə çalışaraq, gənclərə belə rəhm etmir. Məsələn, eramızın birinci əsrinin əvvəlində Hirod Beytlehemdə iki yaşına qədər olan oğlan uşaqlarının hamısını öldürmək niyyətinə düşdü (Matta 2:16). Ehtimal ki, Hirodu buna təhrik edən Şeytan idi, səbəbi isə, Allahın və’d edilmiş Zürriyyəti olacaq və Şeytanın üzərində Allahın hökmünü yerinə yetirəcək körpəni məhv etmək idi! (Təkvin 3:15). Gördüyümüz kimi, Şeytan, hətta uşaqlara belə rəhm etmir. Onun yeganə məqsədi, mümkün qədər çox insanı məhv etməkdir. Bu, xüsusilə də bizim günlərə aiddir, çünki Şeytan göydən yerə qovulmuş və “vaxtının az olduğunu bilərək, böyük qəzəb” içindədir (Vəhy 12:9, 12).

7. a) Yehova hansı sahələrdə Şeytanın tam əksidir? b) Yehova səni həyatın ləzzətindən məhrum etməkmi istəyir? İzah et.

7 “Böyük qəzəb” içində olan Şeytanın tam əksi olaraq, Yehovanın “ürəyi mərhəmətlidir” (Luka 1:78). Yehova məhəbbətin təcəssümüdür. Yaradan bu yüksək keyfiyyəti o dərəcədə təzahür etdirir ki, Müqəddəs Kitabda “Allah məhəbbətdir” deyə yazılır (1 Yəhya 4:8). Bu sistemin tanrısı ilə, sənin xidmət etmək şərəfinə layiq görüldüyün Allah arasında necə də böyük təzad mövcuddur! Şeytan insanları məhv etməyə çalışdığı halda, Yehova ‘kimsənin həlak olmasını’ istəmir (2 Peter 3:9). Hər bir kəsin, o cümlədən sənin də həyatın Onun üçün dəyərlidir. Yehova səni öz Kəlamının vasitəsilə dünyadan olmamağa çağıraraq, həyatın hansısa sevincindən məhrum etməyə, yaxud azadlığını məhdudlaşdırmağa çalışmır (Yəhya 15:19). Əksinə, Allah səni Şərirdən qoruyur. Səmavi Atan sənin bu dünyanın beşgünlük ləzzətinə deyil, daha yaxşı şeyə malik olmağını arzu edir. O istəyir ki, sən “həqiqi həyata” — yer üzündə Cənnətdə əbədi həyata nail olasan (1 Timoteyə 6:17-19, İ–93). O, səni bu məqsədə doğru addımlamağa və ona nail olmağa təşviq edir (1 Timoteyə 2:4). Bundan əlavə, Yehovanın sənə xüsusi də’vəti var. Bu hansı də’vətdir?

“Ürəyimi sevindir”

8, 9. a) Sən Yehovaya nə hədiyyə edə bilərsən? b) Eyub ilə baş verən hadisə Şeytanın Yehovanı pislədiyini necə göstərir?

8 Nə vaxtsa yaxın dostuna hədiyyə vermisənmi? Yəqin ki, onun necə sevindiyini və minnətdarlıq hissi ilə dolu təbəssümünü görmək xoş idi. Ehtimal ki, sən ona nə hədiyyə edəcəyinin üzərində uzun müddət və dərindən düşünmüşdün. İndi isə növbəti sualın üzərində fikirləş: Yaradanın olan Yehova Allaha hansı hədiyyəni bağışlaya bilərdin? Əvvəlcə belə bir fikir sənə mə’nasız görünə bilər. Qüdrətli Allaha insandan nə lazımdır ki? Onun malik olmadığı elə bir şey varmı ki, sən onu verə biləsən? Müqəddəs Kitabda Süleymanın məsəlləri 27:11 ayəsində cavab var: “Oğlum, hikmətli ol və ürəyimi sevindir ki, məni pisləyənə cavab verim”.

9 Ehtimal ki, Müqəddəs Kitabdan öyrəndiyin kimi, Yehovanı pisləyən Şeytan İblisdir. O, Allaha xidmət edən hər kəsin bunu məhəbbətdən deyil, öz mənfəəti naminə etdiyini bəyan edir. Şeytanın iddiasına görə, əgər insan çətinliklərlə qarşılaşarsa, həqiqi ibadəti dərhal tərk edəcəkdir. Məsələn, Şeytan saleh insan olan Eyub barəsində Allaha dedi: “Onun ətrafına, evinin ətrafına və nəyi varsa, hamısının ətrafına sən hasar çəkmədinmi? Əllərinin işinə sən bərəkət verdin və onun malı məmləkətdə çoxaldı. Fəqət indi əlini uzat da, nəyi varsa, hamısına toxun və üzünə qarşı sənə lə’nət edəcəkdir” (Eyub 1:10, 11).

10. a) Haradan bilirik ki, Şeytan yalnız Eyubun sədaqətini şübhə altına qoymadı? b) Hökmranlıq məsələsində sənin rolun nədən ibarətdir?

10 Müqəddəs Kitabda göstərildiyi kimi, Şeytan yalnız Eyubun deyil, səni də daxil etməklə, Allahın bütün xidmətçilərinin sədaqətini şübhə altına qoymuşdur. Şeytan ümumiyyətlə bütün insanları nəzərdə tutaraq, Yehovaya dedi: “İnsan [yalnız Eyub yox, hər bir kəs] canı üçün nəyi varsa verər” (Eyub 2:4). Bu həyati məsələdə sən öz rolunun nədən ibarət olduğunu görürsənmi? Süleymanın məsəlləri 27:11 ayəsinə əsasən Yehova sənin Ona nə isə verə biləcəyini söyləyir. Burada, Allahı pisləyən Şeytana cavab vermək üçün əsas nəzərdə tutulur. Yalnız düşün, Kainatın Hökmdarı səni bütün dövrlərin ən vacib məsələsinin həllində iştirak etməyə də’vət edir! Bu necə də böyük məs’uliyyət və şərəfdir! Yehovanın xahişini yerinə yetirə bilərsənmi? Eyub bunu yerinə yetirə bildi (Eyub 2:9, 10). Bunu İsa və həmçinin tarix boyu yaşamış saysız-hesabsız insanlar da, o cümlədən çoxlu gənclər də yerinə yetirə bilmişlər (Filipililərə 2:8; Vəhy 6:9). Buna sənin də gücün çatar. Heç zaman unutma ki, bu məsələdə sadəcə kənarda durub müşahidə etmək olmaz. Öz davranış tərzinlə sən ya Şeytanın yalanının, ya da Yehovanın cavabının tərəfdarı olduğunu göstərirsən. Sən nəyi seçəcəksən?

Yehova sənin qayğına qalır

11, 12. Sənin Yehovaya xidmət edib-etməməyin Onun üçün əhəmiyyət kəsb edirmi? İzah et.

11 Sənin edəcəyin seçim Yehova üçün əhəmiyyət kəsb edirmi? Məgər Şeytana cavab vermək üçün Allaha sədaqətlərini qorumuş insanlar kifayət deyilmi? Doğrudur, İblis iddia edirdi ki, heç bir insan Yehovaya məhəbbətdən xidmət etmir və bu iddianın yalan olduğu artıq sübut edilmişdir. Lakin buna baxmayaraq, Yehova hökmranlıq məsələsində Onun tərəfini tutmanı istəyir, çünki O, şəxsən sənin qayğına qalır. İsa demişdi: “Göylərdəki Atanızın elə bir muradı yoxdur ki, bu kiçiklərdən biri həlak olsun” (Matta 18:14).

12 Bəli, Yehova sənin seçəcəyin yola e’tinasız yanaşmır. Bundan əlavə, seçdiyin yolun Ona şəxsən aidiyyatı var. Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, insanların həm yaxşı, həm də pis hərəkətləri Yehovada güclü hisslərə səbəb olur. Məsələn, israillilər təkrar-təkrar Yehovaya qarşı üsyan etdikləri üçün Onu ‘incidirdilər’ (Məzmur 78:40, 41). Nuhun günlərində Tufandan əvvəl “insanların şər əməlləri” çoxalan zaman, Yehova “ürəyində kədərləndi” (Yaradılış 6:5, 6, MKŞ). Bu sözlərin mə’nasına var. Əgər sən pis yolu seçsən, öz Yaradanını kədərləndirə bilərsən. Bu heç də o demək deyil ki, Allah həddindən artıq həssas və tez tə’sirlənəndir. Əksinə O, səni sevir və sənin rifahın üçün qayğı göstərir. Sən düzgün davrandıqda isə Yehovanın ürəyini sevindirirsən. O, yalnız Şeytana cavab verə biləcəyi üçün deyil, həmçinin sənə mükafat verə biləcəyi üçün də sevinir. Və O, bunu çox istəyir (İbranilərə 11:6). Bəli, sənin Yehova Allah kimi sevən Atan var!

İndidən ala biləcəyimiz çoxsaylı xeyir-dualar

13. Yehovaya xidmət artıq indidən necə xeyir-dualar gətirir?

13 Yehovaya xidmət edən kəsləri yalnız gələcəkdə xeyir-dualar gözləmir. Yehovanın bir çox gənc Şahidləri artıq indidən sevinc və xoşbəxtlik duyurlar, bu da səbəbsiz deyil. Məzmurçu yazırdı: “Rəbbin nəsihəti doğrudur; ürəyi sevindirər” (Məzmur 19:8). Yehova bizə nəyin xeyir gətirəcəyini hamıdan yaxşı bilir. İşaya peyğəmbərin vasitəsilə Yehova demişdir: “Faydalı olanı sənə öyrədən, yeriyəcəyin yolda səni güdən, Allahın Rəbb mənəm. Kaş ki, əmrlərimi yaxşı dinləyəydin! O zaman sülhün çay kimi, salehliyin də dəniz dalğaları kimi olardı” (İşaya 48:17, 18).

14. Müqəddəs Kitabın prinsipləri üzücü borclardan qaçınmaqda sənə necə kömək edə bilər?

14 Müqəddəs Kitabın prinsiplərinə riayət etməklə sən özünü bir çox bəlalardan və iztirablardan qoruyacaqsan. Məsələn, Müqəddəs Kitabda deyilir ki, pula məhəbbət inkişaf etdirən kəslər “özlərinə bir çox əzablar çəkdirdilər” (1 Timoteyə 6:9, 10). Müqəddəs Kitabın bu sözlərinin nə qədər doğru olduğuna öz təcrübəsində əmin olan hansısa həmyaşıdını tanıyırsanmı? Bə’zi gənclər ən bahalı firmanın paltarını geyinmək və ən yeni texnikanı almaq xatirinə borc içində üzürlər. Əslində gücün çatmayan şeyləri aldıqda və yüksək faizlə pul götürdükdə sən özünü uzun müddətə qul edirsən (Süleymanın məsəlləri 22:7).

15. Müqəddəs Kitabın prinsipləri, cinsi əxlaqsızlığın gətirə biləcəyi bəlalardan səni necə qoruyur?

15 Həmçinin, cinsi əxlaqsızlıqla bağlı problemlər üzərində də düşün. Hər il bütün dünyada evli olmayan saysız-hesabsız yeniyetmə qızlar hamilə qalırlar. Bə’ziləri böyütmək imkanında olmadıqları arzuolunmaz uşaq doğurlar. Digərləri isə abort edir, sonra da vicdan əzabı çəkirlər. Elə gənc oğlan və qızlar da var ki, cinsi yolla ötürülən, məsələn, QİÇS kimi xəstəliklərə tutulurlar. Yehovanı tanıyan şəxslər üçün, əlbəttə ki, ən dəhşətli aqibət — Yehova ilə münasibətin pozulmasıdırb (Qalatiyalılara 5:19-21). Müqəddəs Kitabda yaxşı deyilir: “Cinsi əxlaqsızlıqdan çəkinin” (1 Korinflilərə 6:18).

Sən “bəxtiyar Allaha” xidmət edirsən

16. a) Haradan bilirik ki, Yehova gəncliyin sənə sevinc gətirməsini arzu edir? b) Nəyə görə Yehova sənin üçün davranış normalarını tə’sis edir?

16 Müqəddəs Kitabda Yehova “bəxtiyar Allah” adlanır (1 Timoteyə 1:11, YD). O, sənin də bəxtiyar olmağını arzu edir. Allahın Kəlamında deyilir: “Ey gənc adam, gəncliyində sevincli ol və gəncliyinin günlərində ürəyin səni sevindirsin” (Vaiz 11:9). Lakin Yehova daha sonranı görür və həm yaxşı, həm də pis hərəkətin gələcəkdə hansı nəticələr gətirəcəyini bilir. Buna görə də, O, sənə bu cür nəsihət verir: “Pis günlər gəlmədən və: Onlardan zövq almıram, deyəcəyin illər yaxınlaşmadan... gəncliyinin günlərində səni Yaradanı xatırla” (Vaiz 12:1, 2).

17, 18. Gənc bir məsihçi qız Yehovaya xidmətində öz xoşbəxtliyini necə təsvir edir və bu cür sevinci sən necə duya bilərsən?

17 Bu gün bir çox gənclər Yehovaya xidmət edərək böyük xoşbəxtlik duyurlar. Məsələn, 15 yaşlı Lina deyir: “Mən çox məmnunam. Yaxşı sağlamlığım var, çünki nə siqaret çəkir, nə də narkotik qəbul edirəm. Yığıncaqda, Şeytanın ağır təzyiqinə tab gətirməyimə kömək edən dəyərli rəhbərlik alıram. Xoşbəxtlikdən şəfəq saçıram, çünki yığıncaqda faydalı ünsiyyətim var. Ən başlıcası isə, yer üzündə əbədi həyata gözəl ümidim var”.

18 Lina kimi, bir çox gənc məsihçilər iman uğrunda möhkəm mübarizə aparırlar, bu isə onlara sevinc gətirir. Bu gənclər dərk edirlər ki, hərdən yaranan çətinliklərə baxmayaraq, onların həyatlarının həqiqi mə’nası və həqiqi gələcəyi var. Sənin rifahın üçün səmimi qayğı göstərən Allaha sən də xidmət etməyə davam et. Onun ürəyini sevindir, O da səni indi və əbədiyyən sevindirəcəkdir! (Məzmur 5:11).

[Haşiyələr]

a 1996-cı il 22 oktyabr saylı “Oyanın!” jurnalından “Həqiqət məni həyata qaytardı” adlı məqaləyə bax (rus.).

b İnsan tövbə etdikdə, günah etməyə son qoyduqda və öz günahlarını e’tiraf etdikdə Yehovanın onu ‘bol-bol bağışlayacağını’ bilmək çox təsəllivericidir (İşaya 55:7).

Xatırlayırsanmı?

• “Şərir” olan Şeytan tərəfindən sənin üçün hansı təhlükə mövcuddur?

• Sən Yehovanın ürəyini necə sevindirə bilərsən?

• Yehovanın sənin qayğına qaldığını Müqəddəs Kitab necə göstərir?

• Yehovaya xidmət hansı xeyir-duaları gətirir?

[9-cu səhifədəki çərçivə/şəkil]

Saleh az qala büdrəmişdi

Asaf qədim İsraildə Yehovanın mə’bədində tanınmış levili musiqiçi idi. O, hətta Allaha ibadət zamanı ifa olunan mahnılar da bəstələmişdi. Yehovaya xidmətdə bu cür şərəfli məs’uliyyətlərinə baxmayaraq, Asaf, onun fikrincə Allahın qanunlarını pozaraq cəzasız qalan müasirlərinə həsəd aparmağa başlamışdı. Asaf e’tiraf edirdi: “Ayaqlarım büdrəmək üzrə idi; az qaldı addımlarım sürüşsün, çünki pislərin əmin-amanlığını görüncə məğrurları qısqandım” (Məzmur 73:2, 3).

Sonradan Asaf mə’bədə gəlib, Allaha duasında ürəyini boşaltdı. O, yenidən aydın ruhani nöqteyi-nəzərə sahib oldu və başa düşdü ki, Yehova pisliyə nifrət edir və vaxtı gələndə həm pislər, həm də salehlər öz əkdiklərini biçəcəklər (Məzmur 73:17-20; Qalatiyalılara 6:7, 8). Doğrudan da, pis insanlar sürüşkən yerdə dururlar. Onlar, ən uzağı, Yehova bu natəmiz sistemi məhv edən zaman yıxılacaqlar (Vəhy 21:8).

[10-cu səhifədəki şəkillər]

Bir çox gənclər həmimanlıları ilə birlikdə Yehovaya xidmət edərək böyük sevinc duyurlar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş