Fidyə bizi necə xilas edə bilər?
«Oğula iman edənin əbədi həyatı vardır; lakin Oğula itaət etməyən, həyat görməyəcəkdir, Allahın qəzəbi onun üzərində qalacaqdır» (YƏH. 3:36).
1, 2. «Sion Gözətçi Qülləsi»nin nəşr edilməsində əsas məqsəd nə idi?
«MÜQƏDDƏS KİTABI səylə araşdıran hər bir kəs İsanın ölümünün nəyə görə vacib olduğunu çox yaxşı başa düşür», — deyə bu jurnalın dördüncü, 1879-cu il oktyabr sayında vurğulanırdı. Həmin məqalə belə bir ciddi fikirlə tamamlanırdı: «Gəlin ehtiyatlı olaq ki, günahı örtən barışıq qurbanı kimi İsa Məsihin ölümünün dəyərini azaldan və ya əhəmiyyətsiz edən şeylər bizə heç vaxt öz təsirini göstərməsin». (1 Yəhya 2:1, 2 ayələrini oxu.)
2 «Sion Gözətçi Qülləsi» 1879-cu ilin iyul ayında çıxmağa başlayıb. Elə onun əsas məqsədlərindən biri də Müqəddəs Kitabın fidyə qurbanlığı haqqında təlimini müdafiə etmək idi. 1800-cü illərin sonlarına yaxın İsanın ölümünün bizim günahlarımız üçün necə fidyə ola biləcəyinə dair şübhə edən insanların sayı getdikcə artırdı. Buna görə də, bu jurnalın səhifələrində təqdim olunan ruhani qida həqiqətən də «vaxtlı-vaxtında» idi (Mat. 24:45). O vaxtlar çoxları insanın kamilliyini itirdiyini inkar edən təkamül nəzəriyyəsinin qurbanına çevrilmişdilər. Təkamülçülər öyrədirlər ki, insan təbii şəkildə inkişaf mərhələsi keçir və buna görə də, onun heç bir fidyəyə ehtiyacı yoxdur. Bu yerdə həvari Pavelin Timoteyə verdiyi məsləhət necə də yerinə düşür: «Sənə həvalə edilmiş əmanəti hifz et, Allaha məkruh olan boşboğazlıq və yalan yerə “elm” adlananın bir-birinə zidd fikirlərindən qaçın. Bəziləri bu “elmə” sahib olduqlarını iddia edərək, iman yolundan azdılar» (1 Tim. 6:20, 21).
3. Bu məqalədə biz hansı sualları araşdıracağıq?
3 Əlbəttə, şübhə yoxdur ki, sən «iman yolundan» dönməmək qətiyyətindəsən. Amma yenə də, imanımızı daha da möhkəmləndirmək üçün gəlin növbəti sualları araşdıraq: nə üçün mənim fidyəyə ehtiyacım var? Bu fidyə nəyin bahasına başa gəlib? Və Allahın qəzəbinə tuş gəlməmək üçün bu qiymətli ənamdan necə yararlana bilərəm?
Allahın qəzəbindən xilas olmaq mümkündür
4, 5. Haradan bilirik ki, Allah dünyaya qarşı qəzəblidir?
4 Müqəddəs Kitab və tarixi faktlar göstərir ki, Adəmin günahı ucbatından Allah bəşəriyyətə qəzəblidir (Yəh. 3:36). Hələ heç bir insanın ölümdən yaxa qurtara bilməməsi bunu aydın göstərir. Şeytanın hökmranlığı bəşəriyyəti bəlalardan azad etmək iqtidarında deyil, eləcə də insanların qurduğu heç bir hökumət öz vətəndaşlarının sadə ehtiyaclarını belə təmin edə bilmir (1 Yəh. 5:19). Buna görə də, bəşəriyyəti müharibələr, cinayətkarlıq və yoxsulluq öz ağuşuna alıb.
5 Aydındır ki, bu pis dünya Allahın xeyir-duasından məhrumdur. Çünki Pavelin sözlərinə görə, «insanların hər cür allahsızlıq və haqsızlığına qarşı Allahın qəzəbi göydən kəşf olunur» (Rom. 1:18—20). Buna görə də, tövbə etmədən allahsız həyat tərzi sürən insanlar öz hərəkətlərinin acı nəticələrindən heç cür yaxa qurtara bilməyəcəklər. Bizim günlərdə Allahın qəzəbi Şeytan dünyasının üzərinə bəla kimi yağdırılan hökm xəbərindən görünür və bu xəbər Müqəddəs Kitaba əsaslanan bir çox nəşrlərimiz vasitəsilə çatdırılır (Vəhy 16:1).
6, 7. Məsh olunmuşlar hansı təşəbbüsü göstərirlər və bütün insanlara hansı imkan verilib?
6 Necə fikirləşirsiniz, demək olarmı ki, Şeytanın hakimiyyəti altından çıxıb Allahla barışmaq insanlar üçün artıq gecdir? Yox, hələ də Yehova ilə barışmaq üçün imkan var. Məsihin səfirləri — məsh olunmuş məsihçilər təşəbbüs göstərərək təbliğ xidmətində bütün xalqlardan olan insanları Allahla barışmağa çağırırlar (2 Kor. 5:20, 21).
7 Pavel deyir ki, İsa «bizi gələcək qəzəbdən xilas» edəcək (1 Salon. 1:10). Yehovanın qəzəbi son həddinə çatanda bu, tövbə etməyən günahkarların əbədi məhvi ilə nəticələnəcək (2 Salon. 1:6—9). Bəs onda kim xilas olacaq? Müqəddəs Kitab bu suala cavab verir: «Oğula iman edənin əbədi həyatı vardır; lakin Oğula itaət etməyən, həyat görməyəcəkdir, Allahın qəzəbi onun üzərində qalacaqdır» (Yəh. 3:36). Bəli, hal-hazırda İsaya və onun fidyə qurbanlığına iman gətirən insanlar bu sistemin sonuncu günündə Allahın qəzəbinin acı nəticələrindən qurtula biləcəklər.
Fidyə necə tətbiq olunur?
8. a) Adəmlə Həvvanı hansı gələcək gözləyirdi? b) Yehova ədalətinin mükəmməl olduğunu necə göstərdi?
8 Adəmlə Həvva kamil yaradılmışdılar. Əgər Allaha itaət etsəydilər, indi onlar övladları ilə birlikdə yerüzü Cənnətdə şad-xürrəm ömür sürərdilər. Təəssüf ki, ulu valideynlərimiz bilərəkdən Allahın əmrini pozdular. Nəticədə onlar əbədi ölümə məhkum olaraq cənnət bağından qovuldular. Adəmlə Həvvanın uşaqları olanda günah artıq bəşəriyyətə daxil olmuşdu və günahlı olduqları üçün ilk kişi ilə qadın qocalıb öldülər. Bu onu göstərir ki, Yehova sözünə sadiqdir. O həmçinin kamil ədalət Allahıdır. Yehova Adəmi xəbərdar etmişdi ki, qadağan olunmuş meyvədən yesə, hökmən öləcək — bu, belə də oldu.
9, 10. a) Adəmin övladları nəyə görə ölürlər? b) Əbədi ölümün əlindən canımızı necə qurtara bilərik?
9 Adəmin nəsli olduğumuz üçün biz də günaha meyilli olan qeyri-kamil və ölümə məhkum olunmuş bədəni miras almışıq. Adəm biz dünyaya gəlməmişdən əvvəl günah işlətdi. Buna görə də ölüm hökmü bizə də aid idi. Əgər Yehova fidyəni ödəmədən ölümü aradan qaldırsaydı, O, Öz sözünə sadiq çıxmazdı. Pavelin dediyi sözləri hamımıza aid etmək olar: «Bilirik ki, Qanun ruhanidir, mən isə cismaniyəm, günaha kölə kimi satılmışam. Nə zavallı adamam! Ölümə aparan bu bədəndən məni kim xilas edəcək?» (Rom. 7:14, 24).
10 Ədalətlə günahlarımızın bağışlanmasına və əbədi ölüm cəzasından qurtulmamıza qanuni əsasın olması üçün tədbiri ancaq Yehova Allah görə bilərdi. Bunun üçün Allah Öz sevimli Oğlunu yerə göndərdi ki, həyatını bizə görə qurban verə biləcək kamil insan kimi doğulsun. Adəmdən fərqli olaraq, İsa kamilliyini itirmədi. Həqiqətən də, «O heç bir günah işlətmədi» (1 Pet. 2:22). Buna görə də, İsanın kamil bəşəriyyətin atası olmaq imkanı var idi. Lakin bunun əvəzinə, o, Adəmin günahlı övladlarını övladlığa götürərək ona iman edənlərin əbədi həyata nail olmalarına imkan yaratmaq üçün Allahın düşmənlərinin onu öldürməsinə yol verdi. «Çünki Allah bir və Allahla insanlar arasında olan Vasitəçi də birdir; O, insan olan Məsih İsadır. O Özünü hamı üçün fidyə verdi», — deyə 1 Timoteyə 2:5, 6 ayələrində izah olunur.
11. a) Fidyənin bizə hansı fayda gətirdiyini nümunə əsasında göstərin. b) Fidyə dünyanın günahını nə dərəcədə aradan qaldırır?
11 Gəlin bir nümunənin əsasında fidyənin necə tətbiq olunduğunu nəzərdən keçirək. Bütün pullarını yatırdıqları bank tərəfindən aldadılaraq borca düşən insanları təsəvvür edin. Bank sahibi tutulur və ona uzun müddətə həbs cəzası verilir. Bəs yaxşı, müflis olmuş günahsız insanların vəziyyəti necə olacaq? Çarəsiz kimi görünən bu vəziyyətdə yaxşı və varlı bir nəfər bankı alaraq insanların qoyduqları bütün əmanətlərini qaytarır və onları borcdan azad edir. Eynilə Yehova və Onun sevimli Oğlu ulu atamız Adəmin övladlarını satın alaraq İsanın tökülmüş qanı əsasında onları günahlarından azad edib. Buna görə də Vəftizçi Yəhya demişdi: «Budur, dünyanın günahını aradan qaldıran Allah Quzusu!» (Yəh. 1:29). Burada dünyanın günahı deyildikdə, təkcə yaşayan insanların yox, həmçinin ölən insanların da günahlarının aradan qaldırılması nəzərdə tutulur.
Fidyə nəyin bahasına başa gəlib?
12, 13. İbrahimin İshaqı qurban gətirməyə hazır olmasından nə öyrənə bilərik?
12 Fidyənin səmavi Atamıza və Onun sevimli Oğluna nəyin bahasına başa gəldiyini sona qədər başa düşmək bizim üçün qeyri-mümkündür. Lakin Müqəddəs Kitabda bunun üzərində düşünməyimizə kömək edən hadisələr gətirilir. Məsələn, Allahın: «Sevdiyin yeganə oğlun İshaqı götür və Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et» əmrini icra etmək üçün Moriyaya üç gün yol gedən zaman İbrahimin hansı hissləri keçirdiyini bir təsəvvür edin (Yar. 22:2—4).
13 Nəhayət, İbrahim təyin olunmuş yerə gəlib çatır. Bir anlığa düşünün: əl-qolunu və ayaqlarını bağlayaraq İshaqı özünün düzəltdiyi qurbangaha qoyması, sonra isə onu öldürmək üçün bıçağı hazırlaması İbrahimə necə də ürək ağrısı verirdi! İshaqın qurbangah üzərində güclü və kəskin ağrı çəkəcəyini düşünərək ölümünü gözləyən zaman hansı hissləri keçirdiyini təsəvvürünüzə gətirin! Yehovanın mələyi İbrahimi vaxtında saxladı. İbrahim və oğlu İshaqla baş verən bu hadisə Şeytanın əlaltıları tərəfindən Oğlunun qətlə yetirilməsinə yol verməsinin Yehovaya nəyin bahasına başa gəldiyini anlamaqda bizə kömək edir. Gördüyümüz kimi, bu zaman İshaq İbrahimə tabe oldu. Bu da eynilə İsanın uğrumuzda əzab çəkərək ölümə getməyə hazır olduğunu aydın təsvir edir (İbr. 11:17—19).
14. Fidyənin nəyin bahasına başa gəldiyini anlamaq üçün Yaqubun həyatındakı hadisə bizə necə kömək edir?
14 Həmçinin Yaqubun həyatında baş verən hadisə də fidyənin nəyin bahasına başa gəldiyini başa düşməyə kömək edir. Yaqub oğullarından ən çox Yusifi sevirdi. Təəssüf ki, Yusifin qardaşlarının ona paxıllığı tuturdu və ona nifrətlə yanaşırdılar. Bir dəfə atası Yusifi qardaşlarının yanına göndərir ki, onların vəziyyətindən xəbər tutsun. Həmin vaxt onlar yaşadıqları Xevrondan təxminən 100 kilometr şimalda Yaqubun sürülərini otarırdılar. Oğulları Yusifin qana bulanmış paltarını Yaqubun yanına gətirəndə onun keçirdiyi hissləri təsəvvürünüzə gətirin! «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb», — deyə o, fəryad edir. Bütün bunlar Yaquba çox pis təsir göstərdi; o uzun müddət oğlu üçün yas tutdu (Yar. 37:33, 34). Yehova yaranan vəziyyətlərə qeyri-kamil insanlar kimi reaksiya göstərmir. Lakin Yaqubun həyatında baş verən bu hadisə insanların İsa ilə pis rəftarı və yer üzündə olanda qəddarlıqla öldürülməsi zamanı Yehovanın keçirdiyi hissləri müəyyən mənada başa düşməyimizə kömək edir.
Fidyə bizə hansı faydanı gətirir?
15, 16. a) Fidyəni qəbul etdiyini Yehova necə göstərdi? b) Fidyə sənə hansı faydanı gətirir?
15 Yehova Allah sadiq Oğlunu qüdrətli ruhani şəxsiyyət kimi diriltdi (1 Pet. 3:18). 40 gün ərzində İsa şagirdlərinin imanlarını möhkəmləndirmək və gələcək təbliğ işinə hazırlamaq üçün onlara görünürdü. Sonra o, göyə qalxaraq axıdılan qanının dəyərini Allaha təqdim etdi. Bu axıdılan qanın dəyəri fidyə qurbanlığına iman gətirən İsanın həqiqi davamçılarına tətbiq olunacaqdı. Eramızın 33-cü ilinin Pentikost günündə Yerusəlimdə yığışan şagirdlərinin üzərinə İsanın vasitəsilə müqəddəs ruhunu tökməsi göstərir ki, Yehova onun fidyə qurbanlığını qəbul etmişdir (Həv. iş. 2:33).
16 Elə bu andan İsanın məsh olunmuş davamçıları insanları Allahın qəzəbindən qaça bilmələri üçün günahlarının bağışlanmasının rəmzi olaraq İsa Məsihin ismi ilə vəftiz olunmağa çağırırdılar. (Həvarilərin işləri 2:38—40 ayələrini oxu.) O tarixi gündən bu günə qədər müxtəlif xalqlardan olan milyonlarla insanlar İsanın fidyə qurbanlığına iman gətirməyin sayəsində Allahla yaxın münasibətlər qura bilmişlər (Yəh. 6:44). Bu məqamda biz daha iki sualı da nəzərdən keçirməliyik: demək olarmı ki, əbədi həyat ümidi bizə yaxşı işlərimizə görə verilib? Bəs biz bu ümiddən məhrum ola bilərikmi?
17. Allahın dostu olmaq imkanına necə yanaşmalıyıq?
17 Əslinə qalsa, heç bir insan fidyə qurbanlığına layiq deyil. Lakin fidyəyə iman gətirməklə milyonlarla insanlar Allahla dostluq münasibətləri qurmuşlar ki, bu da onlara yer üzü Cənnətdə əbədi həyat ümidini verir. Yehova ilə dost olmağımız bizim Onunla daima belə münasibətdə qalacağımıza zəmanət vermir. Allahın gələcək qəzəb günündə xilas olmaq üçün biz İsa Məsihin ödədiyi fidyəyə görə həmişə ürəkdən minnətdar olmalıyıq. (Rom. 3:24; Filipililərə 2:12 ayəsini oxu.)
Fidyəyə olan imanını qoru
18. Fidyəyə iman gətirmək özünə nəyi daxil edir?
18 Məqalənin əsas ayəsi, Yəhya 3:36 ayəsi göstərir ki, Ağamız İsa Məsihə iman gətirmək ona itaətkar olmağı daxil edir. Fidyəyə görə minnətdarlıq hissi bizi İsanın təlimlərinə, eləcə də əxlaq haqqında onun dediklərinə uyğun yaşamağa təşviq etməlidir (Mark 7:21—23). Cinsi əxlaqsızlıq, kobud zarafat və pornoqrafiyaya aludəçiliyi də özünə daxil edən «hər cür» natəmizlik ilə məşğul olan və tövbə etməyən insanların üzərinə «Allahın qəzəbi gəlir» (Efes. 5:3—6).
19. Fidyəyə iman etdiyimizi konkret olaraq necə göstərə bilərik?
19 Fidyəyə görə minnətdarlıqdan irəli gələrək biz daima «Allaha ixlaskar bir həyat» tərzi sürməliyik (2 Pet. 3:11). Gəlin həmişə müntəzəm və ürəkdən dua etməyə, Müqəddəs Kitabı şəxsən öyrənməyə, görüşlərdə iştirak etməyə, ailəvi ibadətə və Padşahlıq xəbərini səylə təbliğ etməyə kifayət qədər vaxt ayıraq. Eləcə də hər zaman «yaxşılıq etməyi» və malımızı «başqaları ilə bölüşdürməyi» yaddan çıxarmayaq, «çünki bu cür qurbanlar Allaha məqbuldur» (İbr. 13:15, 16).
20. Fidyəyə iman edən insanları gələcəkdə hansı xeyir-dualar gözləyir?
20 Bu pis dünyanın üzərinə Yehovanın qəzəbi gələndə fidyəyə iman etdiyimizə və daima minnətdarlıq təzahür etdirdiyimizə görə sevincimiz yerə-görə sığmayacaq! Allahın bizi Öz qəzəbindən qurtarmaq üçün gördüyü möhtəşəm tədbirlərə görə Onun vəd etdiyi yeni dünyada əbədiyyən minnətdar olacağıq. (Yəhya 3:16; Vəhy 7:9, 10, 13, 14 ayələrini oxu.)
Necə cavab verərdiniz?
• Nəyə görə fidyəyə ehtiyac duyuruq?
• Fidyə nəyin bahasına başa gəlib?
• Fidyə hansı faydanı gətirir?
• İsanın fidyə qurbanlığına iman etdiyimizi necə göstəririk?
[13-cü səhifədəki şəkil]
Yehova ilə münasibətləri bərpa etmək üçün hələ də imkan var
[15-ci səhifədəki şəkil]
İbrahimlə, İshaqla və Yaqubla baş verən hadisələr fidyənin nəyin bahasına başa gəldiyini başa düşməyimizə kömək edə bilər