Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/1 s. 4—8
  • Həqiqi məsihçilər Allahın Kəlamına hörmət edirlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həqiqi məsihçilər Allahın Kəlamına hörmət edirlər
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • ÖZ HƏLLİNİ TAPAN MÜRƏKKƏB MƏSƏLƏ
  • AYDIN GÖRÜNƏN FƏRQ
  • «BUĞDA» VƏ «ALAQ OTLARI» BİR YERDƏ BÖYÜYÜR
  • «ALLAHIN SÖZÜNÜ HEÇ KİM QANDALLAYA BİLMƏZ»
  • İlk məsihçilər və Musanın qanunu
    Gözətçi qülləsi 2003
  • Qaranlıqdan nura doğru
    Gözətçi qülləsi 2016
  • «Ciddi fikir ayrılığı yarandı»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Gözətçi qülləsi 2012
w12 15/1 s. 4—8

Həqiqi məsihçilər Allahın Kəlamına hörmət edirlər

«Sənin sözün həqiqətdir» (YƏH. 17:17).

AŞAĞIDAKI SUALLARIN CAVABINI TAP

  • Eramızın 49-cu ilində Yerusəlimdə keçirilən görüşlə kilsə qurultayları arasında hansı fərq var?

  • Orta əsrlərdə Allahın Kəlamını müdafiə edən insanlardan bəziləri kimlər idi?

  • XIX əsrin sonlarında sadiq məsihçilər Müqəddəs Kitabı araşdırarkən hansı üsuldan istifadə edirdilər və nəyə görə bu, effektiv idi?

1. İlk dəfə Yehovanın Şahidləri ilə söhbət edərkən onları digər dinlərdən fərqləndirən hansı vacib cəhətə diqqət yetirmişdin?

YEHOVANIN ŞAHİDLƏRİ ilə ilk söhbətini yadına sal. Həmin söhbətdən nəyi xatırlayırsan? Çoxları buna belə cavab verirlər: «Yehovanın Şahidlərinin bütün suallarıma Müqəddəs Kitab vasitəsilə cavab vermələri məndə böyük təəssürat oyatmışdı». Allahın yer üçün niyyəti, ölülərin vəziyyəti və ölən əzizlərimiz üçün hansı ümidin olduğunu biləndə sevincimizdən yerə-göyə sığmırdıq!

2. Müqəddəs Kitabı sənin üçün dəyərli edən nə oldu?

2 Lakin Müqəddəs Kitabı daha çox araşdırdıqca həyat, ölüm və gələcəklə bağlı suallarımıza cavab verməsindən savayı, onun dünyada ən praktiki məsləhətlər mənbəyi olduğunu da anladıq. Zamanın sınağından çıxan bu müdrik kəlmələrə riayət edənlər həyatda uğur qazanır və xoşbəxt yaşayırlar. (Məzmur 1:1—3 ayələrini oxu.) Tarixin müxtəlif dövrlərində yaşayan həqiqi məsihçilər Müqəddəs Kitabı «insan sözü kimi deyil, əslində necə ki var, Allahın sözü kimi» qəbul edirdilər (1 Salon. 2:13). Keçmişə qısaca nəzər salmaqla Allahın Kəlamına həqiqətən hörmət edənlərlə etməyənlər arasındakı fərqi aydın görəcəyik.

ÖZ HƏLLİNİ TAPAN MÜRƏKKƏB MƏSƏLƏ

3. Erkən məsihçi yığıncağındakı birliyi təhlükə altına atan nə idi və nəyə görə bu, çətin məsələ idi?

3 Məsihçiliyi ilk qəbul edən sünnətsiz qeyri-yəhudi Kornilinin məsh olunmasından sonra yaranan bir sual 13 il ərzində məsihçi yığıncağının birliyi üçün təhlükə yaradırdı. Digər millətlərdən olan məsihçilərin sayı get-gedə artırdı. Buna görə də hamını: «Qeyri-yəhudi kişilər vəftiz olunmamışdan əvvəl yəhudi adət-ənənəsinə uyğun olaraq sünnət olunmalı idilərmi?» — sualı narahat edirdi. Yəhudilər üçün bu heç də asan sual deyildi. Qanuna riayət edən yəhudi başqa millətlərdən olan insanların evinə ayaq basmırdı, o ki qaldı onlarla qardaş kimi davransın. Yəhudilərdən olan məsihçilər dinlərini dəyişdiklərinə görə onsuz da amansızcasına təqib olunurdular. Əgər onlar sünnətsiz qeyri-yəhudiləri qəbul etsəydilər, yəhudi dininin tərəfdarları ilə bu məsihçilər arasındakı münasibət daha da pisləşəcəkdi və onlar daha şiddətli təqiblərə məruz qalacaqdılar (Qalat. 2:11—14).

4. Sünnət məsələsini müzakirə etmək üçün kimlər bir araya gəldi və onları kənardan müşahidə edənlərdə hansı suallar yarana bilərdi?

4 Eramızın 49-cu ilində həvarilər və Yerusəlimdəki ağsaqqallar «bu işə baxmaq üçün» toplaşmışdılar. Onların hamısı sünnət olunmuş yəhudi idi (Həv. iş. 15:6). Bu qardaşların görüşü hansısa ehkamın əhəmiyyətsiz təfsilatının darıxdırıcı teoloji diskussiyası kimi yox, Müqəddəs Kitab təliminin canlı müzakirəsi kimi keçmişdi. Müzakirənin hər bir iştirakçısı öz fikrini sərbəst şəkildə bildirirdi. Onlar yol verdilərmi ki, kiminsə şəxsi fikri və ya qərəzli münasibəti qərarlarına təsir göstərsin? Məsul qardaşlar, yəni ağsaqqallar İsraildəki mövcud dini vəziyyət yaxşılaşana qədər məsələnin həllini təxirə saldılarmı? Yaxud da aralarında ortaq məxrəcə gəlmək xatirinə onların fikrincə düzgün olmayan qərarı dəstəkləyərək güzəştə gedənlər oldumu?

5. Eramızın 49-cu ilində Yerusəlimdə keçirilən görüşü sonrakı əsrlərdə keçirilən kilsə qurultaylarından fərqləndirən vacib cəhət hansıdır?

5 Kilsə qurultaylarında kompromisə getmək və ya lobbi yaratmaq, yəni iştirakçıların fikrinə pərdəarxası təsir göstərmək adi haldır. Lakin Yerusəlimdəki yığıncaqda bunların heç biri baş verməmişdi. Bununla belə, onlar yekdil qərara gəlmişdilər. Axı bu, necə mümkün oldu? Fikirlərinin müxtəlif olmalarına baxmayaraq, iştirakçıların hamısı Allahın Kəlamına hörmət bəsləyirdi və bu müqəddəs yazılar həmin məsələni həll etməkdə əsas rol oynayırdı. (Məzmur 119:97—101 ayələrini oxu.)

6, 7. Müqəddəs Yazıların köməyilə həvarilər və ağsaqqallar sünnət məsələsini necə həll etdilər?

6 Sünnət məsələsini həll etməkdə onlara Amos 9:11, 12 ayələri kömək etmişdi. Orada yazılan sözlər Həvarilərin işləri 15:16, 17 ayələrində sitat gətirilir: «Qayıdıb Davudun yıxılmış çardağını yenidən quracağam, xarabalıqlarını bərpa edib, onu təzədən quracağam ki, bu xalqdan qalmış adamlar, digər millətlərdən olub Mənim adımla adlanan insanlarla birgə Yehovanı ürəkdən axtarsınlar».

7 Lakin bəziləri etiraz edə bilərlər: «Axı bu ayələrdə deyilmir ki, məsihçiliyi qəbul edən qeyri-yəhudilər sünnət olunmamalı idilər». Düzdür, ancaq yəhudilərdən olan məsihçilər bu ayənin məğzini başa düşdülər. Onlar sünnət olunmuş qeyri-yəhudiləri «digər millətlərdən» olan insanlar yox, qardaş hesab edirdilər (Çıx. 12:48, 49). Məsələn, Baqsterin tərcümə etdiyi «Septuaqinta»da Ester 8:17 ayəsi belə səslənir: «Ölkənin xalqları arasından bir çoxu sünnət olunaraq yəhudi oldular». Deməli, «bu xalqdan qalmış adamlar» deyildikdə İsrail xalqının qalan üzvləri, yəni yəhudilər və sünnət olunmuş yəhudi prozelitləri nəzərdə tutulurdu. Müqəddəs Yazılar deyir ki, onlar «digər millətlərdən» olan insanlarla, yəni sünnət olunmamış qeyri-yəhudilərlə «birgə» Allahın adı naminə təşkil olunan bir xalq olacaqlar. Beləliklə, Müqəddəs Kitabın onları narahat edən suala verdiyi cavab tamamilə aydın idi: məsihçi olmaq istəyən qeyri-yəhudilərdən sünnət olunmaq tələb olunmur.

8. Nəyə görə sünnət məsələsinə dair qərar qəbul edən yəhudi məsihçilər cəsarətli olmalı idilər?

8 Bu səmimi məsihçilərə yekdil qərar qəbul etməkdə Allahın Kəlamı və Onun ruhu kömək etmişdi (Həv. iş. 15:25). Ola bilsin, bu qərar yəhudi məsihçiləri daha şiddətli təqiblərə məruz qoyacaqdı, buna baxmayaraq, sadiq insanlar Müqəddəs Kitaba əsaslanan həmin qərarı tam dəstəkləyəcəkdilər (Həv. iş. 16:4, 5).

AYDIN GÖRÜNƏN FƏRQ

9. Həqiqi ibadətin «çirklənməsinə» gətirib çıxaran vacib amillərdən biri hansı idi və bunun nəticəsində hansı vacib təlim təhrif olundu?

9 Həvari Pavel peyğəmbərlik etmişdi ki, həvarilərin ölümündən sonra məsihçi təlimləri yalan təlimlərlə «çirklənəcək». (2 Salonikililərə 2:3, 7 ayələrini oxu.) «Sağlam təlimdən» imtina edəcək insanların arasında yığıncaqda məsul vəzifələri icra edənlər də olacaqdı (2 Tim. 4:3). Pavel onun günlərindəki ağsaqqalları xəbərdar etmişdi: «Sizin aranızdan adamlar peyda olacaq və şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif edəcəklər» (Həv. iş. 20:30). Bir ensiklopediyada təhrif olunmuş düşüncə tərzinə gətirib çıxaran vacib amil barədə deyilir: «Yunan fəlsəfəsinə bələd olan məsihçilər həm özlərinin intellektual tələbatlarını ödəmək, həm də bütpərəst millətlərdən olan təhsilli adamları dinlərinə cəlb etmək üçün imanlarını fəlsəfi məfhumlarla ifadə etməyə ehtiyac duydular» («The New Encyclopædia Britannica»). Məsələn, təhrif olunmuş vacib təlimlərdən biri İsa Məsihin kimliyi ilə bağlı idi. Müqəddəs Kitab onu Allahın Oğlu adlandırır; yunan fəlsəfəsinə məftun olanlar isə onun Allah olduğunu iddia edirdilər.

10. Kilsə rəhbərləri Məsihin kimliyi haqqında sualın cavabını haradan tapa bilərdilər?

10 Bu sual bir neçə kilsə qurultayında müzakirə olunmuşdu. Əgər sözügedən qurultayların iştirakçıları Müqəddəs Kitaba nüfuzlu bir mənbə kimi baxsaydılar, İsa Məsihin kimliyi haqqında sualın cavabını asanlıqla tapardılar, ancaq onların əksəriyyəti ona bu cür yanaşmırdı. Onların çoxu qurultaya gəlməmişdən əvvəl artıq qərar qəbul etmişdilər və qurultay bitdikdən sonra onlar öz qərarlarında əvvəlkindən daha qəti idilər. Bu görüşlərdə qəbul edilən kanon və bəyannamələrdə Müqəddəs Kitabın adı çox az hallanırdı.

11. Kilsə atalarının fikri nə dərəcədə önəmli idi və bunun səbəbi nə idi?

11 Nəyə görə həvarilərdən fərqli olaraq, qurultay iştirakçıları qərar qəbul edərkən Müqəddəs Yazıları hərtərəfli araşdırmırdılar? Tarixçi Çarlz Friman bu suala cavab verir: «[İsanın Allah olduğuna inananlar] Müqəddəs Kitabdakı onun Ata Allaha tabe olduğunu göstərən bir çox sözlərini təkzib etməkdə çətinlik çəkirdilər». Bu səbəbdən kilsə adətlərinə və nüfuzlu şəxslərin fikirlərinə Müjdələrdə deyilənlərdən daha böyük önəm verildi. Bu gün də bir çox xristian din xadimləri Kilsə atalarıa adlandırılan şəxslərin dediyi Allahdan ilham almamış sözlərini Müqəddəs Kitabdan üstün tuturlar! Əgər nə vaxtsa Üç üqnum ehkamını onlarla müzakirə etmisənsə, yəqin, özün də buna diqqət yetirmisən.

12. İmperator hansı nüfuza malik idi?

12 Bu qurultayların diqqətəlayiq məqamlarından biri də Roma imperatorlarının orada gedən müzakirələrə müdaxilə etmələri idi. Məsələn, professor Riçard Rubenşteyn Nikeya qurultayı haqda yazmışdır: «Konstantin [yepiskoplara] lütf göstərməyə başladı və onların başından o qədər var-dövlət tökdü ki, onlar heç bunu təsəvvür belə edə bilməzdilər. Bir ilin içində yeni imperator müsadirə edilən kilsələrin demək olar ki, hamısını sahiblərinə qaytardı, dağıdılanları isə bərpa etdi. Üstəlik, onları əvvəlki vəzifələrinə və rütbələrinə təyin etdi... Konstantin xristian din xadimlərini əvvəllər bütpərəst kahinlərə verilən imtiyazlarla təltif etdi». Nəticədə, «Konstantin Nikeya qurultayına güclü təsir göstərmək və hətta onun gedişatını müəyyən etmək səlahiyyətini əldə etdi». Çarlz Friman bunu təsdiq edərək yazır: «Bu qurultaydan sonra imperatorun Kilsəyə göstərdiyi təsir artdı: o, Kilsəyə səlahiyyətlər verməklə yanaşı, onun təlimlərinin formalaşmasına müdaxilə edirdi». (Yaqub 4:4 ayəsini oxu.)

13. Səncə, nəyə görə kilsə başçıları Müqəddəs Kitabın aydın təlimlərinə məhəl qoymurdular?

13 Kilsədə yüksək mənsəb sahibi olanlar İsa Məsihin kimliyini müəyyən etməkdə çətinlik çəkdiyi bir halda, sadə insanların çoxu belə problemlə üzləşmirdi. Ciblərini imperatorun qır-qızılı ilə doldurmaq və kilsədə rütbələrini artırmaq məqsədini güdmədikləri üçün onlar bu məsələyə qərəzsiz, yəni Müqəddəs Kitab nöqteyi-nəzəri ilə baxırdılar. Bunu təsdiq edən dəlillər də var. Həmin dövrün ilahiyyatçılarından biri olan Nissiyalı Qriqori sadə insanlara istehza edərək yazmışdı: «Paltar satanların, sərrafların və baqqalların hamısı elə bil ki, ilahiyyatçıdır. Pulun qalığını qaytarmağı xahiş edəndə bəzi “filosoflar” sənə Oğulla Ata arasındakı fərqi izah etməyə başlayırlar. Çörəyin qiymətini soruşanda cavab verirlər ki, Ata Oğuldan böyükdür. Hamamın hazır olub-olmadığını soruşanda deyirlər ki, Oğul heç nədən yaradılıb». Bəli, kilsədə yüksək vəzifə tutanlardan fərqli olaraq, sadə insanların çoxu öz sözlərini Allahın Kəlamı ilə təsdiq edirdilər. Gərək Nissiyalı Qriqori və onun tərəfdarları sadə insanlara qulaq asaydılar!

«BUĞDA» VƏ «ALAQ OTLARI» BİR YERDƏ BÖYÜYÜR

14. Birinci əsrdən etibarən yer üzündə həmişə həqiqi məsh olunmuş məsihçilərin olduğunu biz haradan bilirik?

14 İsanın çəkdiyi bir məsəl göstərir ki, birinci əsrdən etibarən yer üzündə həmişə həqiqi məsh olunmuş məsihçilər olacaqdı. İsa onları alaq otları arasında böyüyən buğda ilə müqayisə etdi (Mat. 13:30). Əlbəttə, biz tam əminliklə hansı insanların və ya qrupların məsh olunmuş məsihçilər sinfinə aid olduğunu deyə bilmərik. Bununla belə, biz dəqiq bilirik ki, Allahın Kəlamını cəsarətlə müdafiə edən və Kilsənin Müqəddəs Kitaba zidd olan təlimlərini ifşa edən insanlar həmişə olub. Gəlin onlardan bəzilərinə nəzər salaq.

15, 16. Allahın Kəlamına dəyər verən insanlardan bəziləri kimlər idi?

15 Fransada yaşayan arxiyepiskop (baş keşiş) Lionlu Aqobard (b. e. 779—840) açıq-aşkar şəkildə bütə ibadətə, kilsələrin müqəddəslərin adına həsr olunmasına və Müqəddəs Kitaba zidd olan kilsə mərasimlərinə və adət-ənənələrinə qarşı çıxırdı. Aqobardın müasiri olan yepiskop Klavdi də kilsə adətlərinin, müqəddəslərə dua etməyin, eləcə də onların qurumuş cəsədlərinə sitayiş etməyin əleyhinə idi. 11-ci əsrdə yaşamış fransalı arxidyakon Turlu Berenqar kilsə mərasimi zamanı istifadə edilən çörəyin və şərabın İsanın ətinə və qanına çevrilməsi təlimini rədd etdiyi üçün kilsədən kənarlaşdırılmışdı. Üstəlik, o öyrədirdi ki, Müqəddəs Kitab kilsə adət-ənənələrindən üstündür.

16 Müqəddəs Kitab həqiqətini sevən daha iki nəfər 12 əsrdə yaşamış Pyer de Bruys və Lozannalı Henri olmuşdur. Kilsədə keşiş kimi xidmət edən Pyer de Bruys xidmətini dayandırmışdı. Çünki o inanırdı ki, kilsə mərasimi zamanı çörəyin və şərabın İsanın ətinə və qanına çevrilməsi təlimi, eləcə də körpə uşaqları vəftiz etmək, ölünün ruhuna dua oxumaq və xaça sitayiş etmək barədə Katolik kilsəsinin öyrətdikləri Müqəddəs Yazılara ziddir. 1140-cı ildə etiqadına görə o, diri-diri yandırılmışdı. Rahib Henri isə kilsədəki rüşvətxorluğa, eləcə də Müqəddəs Kitaba zidd olan kilsə mərasimlərinə qarşı çıxırdı. Buna görə o, 1148-ci ildə həbs olundu və ömrünün qalan illərini zindanda keçirdi.

17. Valdo və onun davamçıları hansı vacib işləri görmüşlər?

17 Kilsəni tənqid etməyə cəsarət edən Pyer de Bruysun edam edildiyi ərəfədə Müqəddəs Kitab həqiqətlərinin yayılmasına böyük təsir göstərən bir insan dünyaya gəlmişdi. Onun soyadı Valdob idi. Pyer de Bruys və Lozannalı Henridən fərqli olaraq, o, kilsə xadimi deyildi. Buna baxmayaraq, Valdo Allahın Kəlamını o dərəcədə qiymətləndirirdi ki, mal-mülkündən imtina edib Müqəddəs Kitabın müəyyən hissələrinin Fransanın cənub-şərqində yaşayan sadə insanların başa düşəcəyi dilə tərcümə edilməsini təşkil etdi. Bəzilərinə Müqəddəs Kitab xəbərini öz ana dillərində eşitmək o qədər güclü təsir bağışlamışdı ki, onlar da mal-mülklərindən imtina edib həyatlarını Müqəddəs Kitab həqiqətlərini yaymağa həsr etdilər. Bütün bunlar Kilsə rəhbərliyinin heç də xoşuna gəlmirdi. Papa sonradan valdenslər adlanan bu fədakar kişi və qadınları 1184-cü ildə kilsədən qovdu, yepiskop isə onları öz evlərindən didərgin saldı. Lakin bu, Müqəddəs Kitab xəbərinin digər ərazilərdə yayılmasına təkan verdi. Nəticədə, Valdonun, Pyer de Bruysun, Lozannalı Henrinin və Kilsəyə qarşı çıxan digər insanların davamçılarına Avropanın bir çox yerlərində rast gəlmək mümkün idi. Növbəti əsrlərdə də Müqəddəs Kitab həqiqətlərini müdafiə edən insanlar yaşayırdı. Bunlar Con Uiklif (təx. 1330—1384), Vilyam Tindal (təx. 1494—1536), Henri Qru (1781—1862) və Corc Storz (1796—1879) olmuşlar.

«ALLAHIN SÖZÜNÜ HEÇ KİM QANDALLAYA BİLMƏZ»

18. XIX əsrin sonlarında yaşayan Müqəddəs Kitab Tədqiqatçıları araşdırma zamanı hansı üsuldan istifadə edirdilər və bu üsul nəyə görə effektiv idi?

18 Müqəddəs Kitab həqiqətinə düşmən kəsilən insanların onun yayılmasının qarşısını almaq cəhdləri boşa çıxmışdır. 2 Timoteyə 2:9 ayəsində deyilir: «Allahın sözünü heç kim qandallaya bilməz». 1870-ci ildə səmimi insanlardan ibarət olan bir qrup Müqəddəs Kitab Tədqiqatçısı Müqəddəs Kitab həqiqətini axtarmağa başladı. Onlar hansı üsuldan istifadə edirdilər? Kimsə müəyyən mövzu ilə bağlı bir sual qaldırırdı və onlar onu birgə müzakirə edirdilər. Bu zaman onlar həmin sualla əlaqədar bütün ayələrə baxırdılar, onların bir-biri ilə necə bağlı olduğunu müəyyən etdikdən sonra nəticə çıxarıb yazılı şəkildə qeyd edirdilər. Bu, çox gözəl üsul idi, çünki onlar birinci əsrdəki həvarilərin və ağsaqqalların nümunəsini izləyirdilər. XIX əsrin sonlarında yaşayan və «ruhani sələflərimiz» olan bu sadiq insanlar etiqadlarını tamamilə Allahın Kəlamına əsaslandırmaqda qəti qərarlı idilər. Məgər bunu bilmək səni ruhlandırmır?

19. 2012-ci il üçün hansı ayə seçilib və nəyə görə bu ayə münasibdir?

19 İndi də imanımızın əsasını Müqəddəs Kitab təşkil edir. Bu səbəbdən Yehovanın Şahidlərinin Rəhbərlik Şurası 2012-ci il üçün illik ayə kimi İsanın əminliklə dediyi növbəti sözlərini seçib: «Sənin sözün həqiqətdir» (Yəh. 17:17). Allahın rəğbətini qazanmaq istəyən hər kəs Onun yolunda yeriməlidir, buna görə də gəlin hamımız rəhbərliyi Müqəddəs Kitabda axtarmağa davam edək.

[Haşiyələr]

a «Kilsə atası» eramızın IV əsrin sonlarından etibarən görkəmli kilsə xadimləri və yazıçıları üçün istifadə olunan fəxri tituldur. Xüsusi nüfuza malik olan bu qrup insanların fikri xristian təlimlərinin formalaşmasında böyük rol oynamışdı.

b Bəzi mənbələrə görə, onun adı «Pyer», yaxud «Peter» olub. Lakin onun dəqiq adı bilinmir.

[8–ci səhifədəki yazı]

2012-ci ilin illik ayəsi: «Sənin sözün həqiqətdir» (Yəhya 17:17).

[7–ci səhifədəki şəkil]

Valdo

[7–ci səhifədəki şəkil]

Uiklif

[7–ci səhifədəki şəkil]

Tindal

[7–ci səhifədəki şəkil]

Qru

[7–ci səhifədəki şəkil]

Storz

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş