Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/1 s. 9—13
  • Oyaq durmaqda İsanın həvarilərindən nümunə götür

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Oyaq durmaqda İsanın həvarilərindən nümunə götür
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • HARADA TƏBLİĞ ETMƏK GÖSTƏRİŞİNƏ CİDDİ RİAYƏT EDİRDİLƏR
  • DUA ETMƏK MƏSƏLƏSİNDƏ AYIQ İDİLƏR
  • MANEƏLƏRƏ BAXMAYARAQ, ƏSASLI SURƏTDƏ ŞƏHADƏT VERİRDİLƏR
  • Yehovanın sözü vüsət alırdı
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • «Makedoniyaya gəl»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • «Yerin ucqarlarınadək»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Bulus «ətraflı şəhadət» verirdi
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/1 s. 9—13

Oyaq durmaqda İsanın həvarilərindən nümunə götür

«Mənimlə birgə oyaq qalın» (MAT. 26:38).

SƏN NƏ ÖYRƏNƏ BİLƏRSƏN?

  • Harada təbliğ etmək göstərişinə riayət etmək barədə

  • Dua etmək məsələsində ayıq-sayıq olmaq barədə

  • Maneələrə baxmayaraq, şahidlik vermək barədə

1-3. Həvarilər İsanın yer üzündəki son gecəsində hansı səhvə yol verdilər və onların bu səhvdən dərs götürdüklərini haradan bilirik?

İSANIN yer üzündəki həyatının sonuncu gecəsidir. O, xoşladığı yerlərdən birinə, Yerusəlimin şərqində yerləşən Getsemani bağına gəlir. Sadiq həvariləri də onunla birlikdədirlər. Bir çox vacib şeyləri götür-qoy etmək üçün dua etməli olan İsa tək-tənha bir yerə çəkilir (Mat. 26:36; Yəh. 18:1, 2).

2 İsa Peteri, Yaqubu və Yəhyanı götürüb onlardan bir qədər aralanır. Sonra bu üç həvariyə: «Siz burada durun və mənimlə birgə oyaq qalın», — deyib dua etməyə gedir. Geri qayıdanda görür ki, dostları dərin yuxuya gediblər. İsa yenə də onlardan oyaq qalmağı xahiş edir. Ancaq onlar bundan sonra daha iki dəfə yuxuya gedirlər! Həmin gecə həvarilərin heç biri ruhani sayıqlığını qorumadı. Onlar hətta İsanı qoyub qaçdılar! (Mat. 26:38, 41, 56).

3 Şübhəsiz, çox keçməmiş həvarilər oyaq qalmadıqları üçün peşman oldular. Bu sadiq insanlar buraxdıqları səhvdən özlərinə tez dərs götürdülər. Müqəddəs Yazıların «Həvarilərin işləri» kitabı onların oyaq qalmaqda çox gözəl nümunə qoyduqlarını göstərir. Həvarilərin sadiqliyi, sözsüz ki, həmimanlılarını da eyni cür davranmağa təşviq edirdi. Bu gün oyaq qalmaq həmişəkindən daha vacibdir (Mat. 24:42). Gəlin «Həvarilərin işləri» kitabından oyaq qalmağa dair özümüzə götürə biləcəyimiz üç dərsi araşdıraq.

HARADA TƏBLİĞ ETMƏK GÖSTƏRİŞİNƏ CİDDİ RİAYƏT EDİRDİLƏR

4, 5. Müqəddəs ruh Paveli və onun əməkdaşlarını necə istiqamətləndirirdi?

4 Birincisi, həvarilər Yehovanın harada təbliğ etmək göstərişinə ciddi riayət edirdilər. Gəlin «Həvarilərin işləri» kitabında qələmə alınan bir hadisəyə nəzər salaq və görək İsa Yehovanın onun ixtiyarına verdiyi müqəddəs ruhun vasitəsilə həvari Pavelə və onun əməkdaşlarına qeyri-adi səyahət zamanı necə yol göstərirdi (Həv. iş. 2:33). Gəlin biz də onlarla birgə bu səyahətə çıxaq. (Həvarilərin işləri 16:6—10 ayələrini oxu.)

5 Pavel, Sila və Timotey Qalatiyanın cənubunda yerləşən Listra şəhərindən çıxıb bir neçə gündən sonra qərbə, Romanın Asiya vilayətinin ən sıx əhalisi olan ərazisinə aparan yola çatdılar. Onların bu yolla gedib minlərlə insanların yaşadığı başqa şəhərlərdə də Məsih barədə danışmaq niyyətləri vardı. Lakin bir şey onları yoldan saxladı. 6-cı ayədə deyilir: «Müqəddəs ruh onlara Asiya vilayətində Allahın sözünü təbliğ etməyi qadağan etdiyindən onlar Frigiya və Qalatiya torpağından [keçdilər]». Müqəddəs ruh bizə məlum olmayan şəkildə bu səyyahlara Asiya vilayətində təbliğ etməyə mane olmuşdu. Görünür, İsa Allahın ruhu vasitəsilə Paveli və onun əməkdaşlarını başqa istiqamətə yönəltmək istəyirdi.

6, 7. a) Pavel və onun əməkdaşları Bitiniyaya yaxınlaşanda nə baş verdi? b) Şagirdlər hansı qərarı verdilər və bunun nəticəsi nə oldu?

6 Bəs təbliğ etmək arzusu ilə alışıb-yanan səyyahlar hara getdilər? 7-ci ayədə izah olunur: «[Onlar] Misiyaya gəldilər. Oradan Bitiniyaya getməyə cəhd göstərdilər, amma İsa ruh vasitəsilə onlara izin vermədi». Müqəddəs ruh onlara Asiyada təbliğ etməyi qadağan etdikdən sonra Pavel və əməkdaşları Bitiniyanın şəhərlərində təbliğ etmək məqsədilə şimala tərəf getdilər. Ancaq Bitiniyaya yaxınlaşdıqda İsa yenə də müqəddəs ruh vasitəsilə onlara mane oldu. Yəqin, onlar çaş-baş qalmışdılar. Onlar nə haqda və necə təbliğ etməyi bilirdilər, ancaq harada təbliğ etmək lazım olduğunu bilmirdilər. Bu vəziyyəti belə təsvir etmək olar: onlar Asiyaya aparan «qapını döydülər», ancaq bu, əbəs idi. Sonra Bitiniyaya aparan «qapını döydülər», yenə də eyni vəziyyət. Bəs «qapını döyməyi» dayandırdılarmı? Əsla! Bu fədakar təbliğçilər təslim olmadılar!

7 Bu vaxt onlar çoxlarına qeyri-adi görünə biləcək bir qərar verdilər. 8-ci ayədə deyilir: «Onlar Misiyadan keçib Troasa gəldilər». Beləliklə, onlar qərbə üz tutdular, şəhərləri bir-bir arxada qoyaraq 563 kilometr yol qət edib Makedoniyaya aparan liman şəhəri Troasa çatdılar. Burada Pavel və əməkdaşları üçüncü dəfə «qapını döydülər» və budur, qapı geniş açıldı! Sonra baş verənlər barədə 9-cu ayədə oxuyuruq: «Gecə Pavelə bir xəyal gəldi. Pavel gördü ki, bir makedoniyalı durub ona yalvarır: “Nə olar, Makedoniyaya gəl, bizə kömək et”». Axır ki, Pavel harada təbliğ etməli olduğunu bildi. Onlar ləngimədən Makedoniyaya yollandılar.

8, 9. Pavelin səyahəti haqqındakı məlumatdan nə öyrənirik?

8 Bu hadisədən özümüzə hansı dərsi götürə bilərik? Diqqət yetir ki, İsa müqəddəs ruh vasitəsilə yalnız Pavel Asiyaya gedəndən sonra müdaxilə etmişdi. Bundan başqa, Pavel ancaq Bitiniyaya yaxınlaşdıqdan sonra İsa ona istiqamət verdi. Və nəhayət, Pavel yalnız Troasa çatdıqdan sonra İsa onu Makedoniyaya göndərdi. Yığıncağın Başı olan İsa bu gün bizi də eyni cür istiqamətləndirə bilər (Kolos. 1:18). Məsələn, ola bilsin, sən pioner kimi xidmət etmək və ya təbliğçilərə tələbat olan əraziyə köçmək istəyirsən. Lakin, ola bilər, məqsədinə doğru ancaq müəyyən addımlar atdıqdan sonra İsa Allahın ruhu vasitəsilə sənə yol göstərəcək. Belə bir nümunə üzərində düşün: maşın yalnız hərəkət etdiyi təqdirdə sürücü onu ya sağa, ya da sola döndərə bilər. Eynilə, biz də yalnız hərəkət edəndə və məqsədimizə çatmaq üçün səy göstərəndə İsa xidmətimizi genişləndirməkdə bizə yol göstərə bilər.

9 Bəs əgər cəhdlərin dərhal nəticə vermirsə, onda necə? Məgər Allahın ruhunun sənə yol göstərmədiyi qənaətinə gələrək təslim olmalısan? Unutma ki, Pavel də maneələrlə rastlaşırdı. Buna baxmayaraq, o, üzünə qapı açılanadək axtarışlarına davam edirdi. «Böyük fəaliyyət qapısı» axtarışına davam etsən, sən də mükafatlandırılacaqsan (1 Kor. 16:9).

DUA ETMƏK MƏSƏLƏSİNDƏ AYIQ İDİLƏR

10. Oyaq qalmaq istəyiriksə, nəyə görə daima dua etmək vacibdir?

10 Birinci əsrdəki məsihçi qardaşlarımızdan oyaq qalmağa dair öyrənə biləcəyimiz ikinci dərsə diqqət yetirək: onlar dua etmək məsələsində ayıq-sayıq idilər (1 Pet. 4:7). Oyaq qalmaq üçün duada mətanətli olmaq son dərəcə vacibdir. Həbs olunmamışdan bir az əvvəl Getsemani bağında İsanın üç həvarisinə dediyi sözləri yadımıza salaq: «Sayıq olun və daima dua edin» (Mat. 26:41).

11, 12. Hirod Peter və digər həvarilərlə necə rəftar edirdi və nəyə görə?

11 İsa ilə Getsemani bağında olan Peter sonralar hərarətli duanın gücünü öz üzərində hiss etmişdi. (Həvarilərin işləri 12:1—6 ayələrini oxu.) İlk ayələrdən öyrənirik ki, yəhudiləri razı salmaq üçün Hirod məsihçiləri təqib etməyə başlayır. Şübhəsiz ki, onun Yaqubun həvari və İsaya xüsusilə yaxın olduğundan xəbəri var idi. Buna görə də o, Yaqubu «qılıncla öldürdü» (2-ci ayə). Yığıncaq sevimli həvarisini itirdi. Bu, qardaşlar üçün necə də böyük sınaq idi!

12 Hirod daha sonra nə etdi? 3-cü ayədə deyilir: «Görəndə ki, bu iş yəhudilərin ürəyincədir, Peteri də tutdurdu». Həvariləri, o cümlədən Peteri zindanda saxlamaq hər zaman mümkün olmurdu (Həv. iş. 5:17—20). Hirod bunu bilməmiş olmazdı. Hiyləgər hökmdar hərtərəfli tədbir gördü ki, Peter qaça bilməsin. O, Peterin «keşiyini çəkmək üçün hər biri dörd əsgərdən ibarət dörd qarovul dəstəsi təyin etdi. Hirod onu Pasxadan sonra xalqın qabağına çıxartmaq niyyətində idi» (4-cü ayə). Bir təsəvvür et, Peter qaça bilməsin deyə Hirod onu iki keşikçinin arasında zəncirlədi və gecə-gündüz növbə ilə onun keşiyini çəkmək üçün 16 qarovulçu təyin etdi! Hirodun məqsədi Pasxadan sonra Peteri xalqa təslim etmək və izdihamı razı salmaq üçün onu öldürmək idi. Belə təhlükəli vəziyyətdə Peterin həmimanlıları nə edə bilərdilər?

13, 14. a) Peter zindanda olanda yığıncaq nə edirdi? b) Dua etmək məsələsində Peterin həmimanlılarından nə öyrənirik?

13 Yığıncaq nə etməli olduğunu çox gözəl bilirdi. 5-ci ayədə oxuyuruq: «Beləliklə, Peter zindanda idi, yığıncaq isə onun üçün gecə-gündüz dua edirdi». Bəli, onlar sevimli qardaşları üçün israrla və ürəkdən dua edirdilər. Yaqubun ölümü onları kədərləndirsə də, onlar nə ruhdan düşdülər, nə də ki dua etməyin əbəs olduğu qənaətinə gəldilər. Əksinə, onlar bilirdilər ki, sədaqətli xidmətçilərinin duası Yehova üçün böyük əhəmiyyət kəsb edir. Əgər iradəsinə uyğundursa, Allah bu cür dualara cavab verir (İbr. 13:18, 19; Yaq. 5:16).

14 Peter zindanda olanda yığıncağın onun üçün dua etməsindən nə öyrənirik? Oyaq qalmaq təkcə özümüz üçün yox, bacı-qardaşlarımız üçün də dua etməyi özünə daxil edir (Efes. 6:18). Sınaqlarla üzləşən həmimanlılarını tanıyırsan? Bəziləri təqiblərlə, dövlət tərəfindən qadağalarla, kimlərsə təbii fəlakətlərlə üzləşirlər. Nəyə görə onlar üçün ürəkdən dua etməyəsən? Yaxud, ola bilsin, elə də nəzərə çarpmayan problemlərdən, məsələn, ailə münaqişələrindən, ruh düşkünlüyündən və xəstəliklərdən əziyyət çəkən bacı-qardaşlar tanıyırsan. «Duaları eşidən» Yehova ilə söhbət edərkən nəyə görə onları da dualarına daxil etməyəsən? (Məz. 65:2).

15, 16. a) Yehovanın mələyinin Peteri zindandan necə azad etdiyi haqda danış. (Aşağıdakı şəklə bax.) b) Yehovanın Peteri necə xilas etdiyi üzərində düşünmək nəyə görə bizə təsəlli verir?

15 Bəs Peterin axırı necə oldu? Peterin həbsdə olduğu sonuncu gecə idi. O, iki keşikçi arasında bərk-bərk yatırdı. Bu zaman onunla bir neçə qeyri-adi hadisə baş verdi. (Həvarilərin işləri 12:7—11 ayələrini oxu.) Qəfildən zindan işıqlandı. Bir mələk orada peyda oldu və tələsik Peteri oyatdı, ancaq qarovulçular mələyi görmürdülər. Onun biləklərindəki zəncirlər açılıb yerə düşdü! Sonra mələk bayırda duran qarovulçuların düz yanından keçərək Peteri zindandan çıxardı və nəhayət, onlar böyük dəmir darvazaya yaxınlaşdılar, bu zaman darvaza öz-özünə açıldı. Onlar küçəyə çıxanda mələk yox oldu. Peter azadlıqda idi!

16 Yehovanın Öz xidmətçilərini xilas etmək gücünə malik olduğu üzərində düşünəndə məgər imanımız möhkəmlənmir? Düzdür, bu gün Yehovanın bizi möcüzəvi şəkildə xilas edəcəyini gözləmirik. Lakin biz zərrə qədər də şübhə etmirik ki, Yehova bu gün də Öz gücündən xalqının rifahı üçün istifadə edir (2 Saln. 16:9). Qüdrətli müqəddəs ruhunun köməyilə Yehova bizə istənilən sınağın öhdəsindən gəlməyə kömək etməyə qadirdir (2 Kor. 4:7; 2 Pet. 2:9). Tezliklə Yehova Oğluna saysız-hesabsız insanları ən qapalı zindandan — ölümün əsarətindən azad etmək səlahiyyəti verəcək (Yəh. 5:28, 29). Yehovanın vədlərinə olan iman sınaqlar qarşısında bizə böyük cəsarət verə bilər.

MANEƏLƏRƏ BAXMAYARAQ, ƏSASLI SURƏTDƏ ŞƏHADƏT VERİRDİLƏR

17. Pavel səylə və təxirə salmadan təbliğ etməkdə bizə hansı gözəl nümunəni qoyub?

17 Həvarilər maneələrə baxmayaraq, əsaslı surətdə şahidlik etməyə davam edirdilər. Bu, onlardan oyaq qalmağa dair öyrəndiyimiz üçüncü dərsdir. Oyaq durmaq üçün səylə və təxirə salmadan təbliğ etmək son dərəcə vacibdir. Həvari Pavel bu sahədə bizə gözəl nümunə qoyub. O, səylə çalışır, çoxlu səyahət edir və yeni-yeni yığıncaqların əsasını qoyurdu. O, çoxlu çətinliklərlə üzləşirdi, lakin heç vaxt səyi zəifləmir və tapşırığının təxirəsalınmaz olduğunu unutmurdu (2 Kor. 11:23—29).

18. Romada ev dustağı olan Pavel şahidlik etməyə necə davam edirdi?

18 Gəlin «Həvarilərin işləri» kitabının 28-ci fəslində həvari Pavel haqda yazılan sonuncu məlumata nəzər salaq. Pavel imperator Neronun hüzuruna çıxmaq üçün Romaya gəlmişdi. Onu, ola bilsin, keşiyini çəkən əsgərə zəncirlənmiş vəziyyətdə evdə dustaq saxlayırdılar. Lakin heç bir zəncir təbliğ etmək arzusu ilə alışıb-yanan həvarini susdura bilməzdi! O şahidlik etməyə yol tapırdı. (Həvarilərin işləri 28:17, 23, 24 ayələrini oxu.) Səyahətdən üç gün sonra Pavel şahidlik etmək üçün yəhudilərin adlı-sanlı adamlarını yanına çağırtdırdı. Növbəti dəfə yəhudilər onun yanına gələndə o hətta daha böyük şahidlik verdi. 23-cü ayədə deyilir: «[Yerli yəhudilər] bir gün təyin etdilər. Həmin gün gəlib çatanda onlar əvvəlkindən daha çox sayda Pavelin qaldığı evə gəldilər. Pavel Allahın padşahlığı haqqında ətraflı şəhadət verdi, həm Musanın qanunundan, həm Peyğəmbərlərin kitablarından İsa haqqında danılmaz sübutlar gətirib səhərdən axşamadək hər şeyi onlara izah etdi».

19, 20. a) Pavelin məharətli təbliğçi olmasının sirri nədə idi? b) Xoş xəbəri hamının qəbul etməməsi Pavelə necə təsir etmişdi?

19 Pavelin məharətli təbliğçi olmasının sirri nədə idi? 23-cü ayədə bunun bir neçə səbəbi vurğulanır. 1) O, diqqəti Allahın Padşahlığına və İsa Məsihə yönəldirdi. 2) «Danılmaz sübutlar» gətirərək dinləyicilərində maraq oyatmağa çalışırdı. 3) Müqəddəs Yazılar əsasında mülahizə yürüdürdü. 4) «Səhərdən axşamadək» şahidlik edərək fədakarlıq göstərirdi. Pavel böyük şahidlik versə də, bu xəbərə hamı hay vermədi. 24-cü ayədə deyilir: «Onlardan bəziləri deyilənlərə inandı, bəziləri isə inanmadı». Aralarında fikir ayrılığı yarandı və onlar ayrıldılar.

20 Xoş xəbəri hamı qəbul etmədiyi üçün Pavel ruhdan düşdümü? Əsla! Həvarilərin işləri 28:30, 31 ayələrində oxuyuruq: «Pavel kirayə tutduğu evdə düz iki il qaldı. O, yanına gələnləri səmimi qəlbdən qəbul edir, onlara Allahın padşahlığı haqqında danışır, Ağamız İsa Məsih haqqında böyük cəsarətlə, maneəsiz təlim verirdi». Belə xoş sözlərlə Allahdan ilham almış «Həvarilərin işləri» kitabına yekun vurulur.

21. Ev dustağı olarkən təbliğ edən Pavel bizim üçün hansı nümunəni qoyub?

21 Pavelin nümunəsindən nə öyrənə bilərik? Ev dustağı olarkən Pavelin evdən-evə təbliğ etmək imkanı yox idi. Buna baxmayaraq, o, nikbinliyini qoruyaraq yanına gələn hər kəsə şahidlik etmək fürsətini əldən vermirdi. Eynilə, bir çox bacı-qardaşlarımız imanlarına görə haqsız yerə həbs olunmalarına baxmayaraq, sevinclərini itirmir və təbliğ etməyə davam edirlər. Əziz həmimanlılarımızdan bəziləri qocalıq və ya xəstəlik ucbatından evdən çıxa bilmir, yaxud qocalar evində yaşayırlar. Onlar imkan düşən kimi həkimlərə, onlara baş çəkən adamlara və başqalarına təbliğ edirlər. Allahın Padşahlığı haqda əsaslı surətdə şahidlik etmək onların ən böyük arzusudur. Belə bacı-qardaşların nümunəsi bizim üçün çox qiymətlidir!

22. a) Hansı nəşr bizə «Həvarilərin işləri» kitabından yararlanmağa kömək edir? (Yuxarıdakı çərçivəyə bax.) b) Bu köhnə sistemin sonunu gözlədiyimiz müddətdə sən nə etmək əzmindəsən?

22 «Həvarilərin işləri» kitabında haqqında bəhs olunan sadiq həvarilərdən və birinci əsrdə yaşayan digər məsihçilərdən oyaq durmağa dair çox şey öyrənə bilərik. Bu sisteminin sonunu gözlədiyimiz müddətdə gəlin birinci əsrdəki məsihçilərin təbliğdə göstərdikləri səy və cəsarətlərini təqlid etməyə qəti qərarlı olaq. İndiki dövrdə «Allahın padşahlığı haqqında ətraflı şəhadət [verməkdən]» böyük üstünlük yoxdur! (Həv. iş. 28:23).

[13–cü səhifədəki çərçivə]

«AXIR Kİ, “HƏVARİLƏRİN İŞLƏRİ” KİTABINI BAŞA DÜŞDÜM»

«Allahın Padşahlığı haqqında ‘ətraflı şəhadət verin’» kitabını oxuduqdan sonra bir səyyar nəzarətçi aşağıdakı sözləri yazmışdı: «Axır ki, “Həvarilərin işləri” kitabını başa düşdüm. Əlində şam, gözündə çirkli eynək olan adam kor-koranə ora-bura gəzdiyi kimi, hər dəfə bu kitabı oxuyanda mən də özümü belə hiss edirdim. İndi isə bu kitabın möhtəşəmliyini parlaq gün işığında görmək kimi gözəl xeyir-dua almışam».

[12–ci səhifədəki şəkil]

Mələk Peteri böyük dəmir darvazadan keçirdi

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş