Yehovanın Kəlamı canlıdır
«Həvarilərin işləri» kitabından diqqətəlayiq fikirlər
MÜQƏDDƏS YAZILARIN «Həvarilərin işləri» kitabında məsihçi yığıncağının yaranmasının və onun sonrakı inkişafının ətraflı tarixi qələmə alınıb. Həkim Lukanın yazdığı bu maraqlı kitab məsihçilərin eramızın 33-cü ilindən 61-ci ilinədək olan 28 illik fəaliyyətindən bəhs edir.
Bu kitabın ilk hissəsində həvari Peterin, ikincisində isə həvari Pavelin fəaliyyətindən danışılır. «Biz» və «bizə» əvəzliklərindən istifadə etməklə Luka həmin hadisələrin bəzilərində iştirak etdiyini göstərir. «Həvarilərin işləri»ndə yazılanlara diqqət yetirməyimiz Allahın Kəlamını və Onun müqəddəs ruhunu daha çox qiymətləndirməyimizə kömək edəcəkdir (İbr. 4:12). Həmçinin bu kitab bizi fədakarlığa təşviq edəcək və Padşahlıq ümidinə imanımızı möhkəmləndirəcək.
PETER PADŞAHLIĞIN AÇARLARINDAN İSTİFADƏ EDİR
Həvarilər müqəddəs ruh aldıqdan sonra cəsarətlə təbliğ etməyə başlayırlar. Peter Padşahlığın birinci açarından istifadə edərək ‘onun sözünü qəbul edən’ yəhudilərə və prozelitlərə bilik və səmavi Padşahlığa girmək qapısını açır (Mat. 16:19; Həv. iş. 2:5, 41). Sərt təqiblər başlayanda şagirdlər pərən-pərən olur, lakin bu, təbliğ işinin genişlənməsinə gətirib çıxarır.
Yerusəlimdəki həvarilər samariyalıların Allahın kəlamını qəbul etdiklərindən xəbər tutanda, Peter və Yəhyanı onların yanına göndərirlər. Samariyalılara Padşahlığa girmək imkanını verməklə Peter ikinci açardan istifadə edir (Həv. iş. 8:14-17). Ehtimal ki, İsanın dirildiyi il ərzində Tarsuslu Şaulda heyrətamiz dəyişikliklər baş verir. Eramızın 36-cı ilində Peter üçüncü açardan istifadə edir və müqəddəs ruhun ənamları digər millətlərə — sünnət olunmamışlara verilir (Həv. iş. 10:45).
Müqəddəs Kitab suallarına cavablar:
2:44-47; 4:34, 35 — Nəyə görə iman edənlər mallarını satıb pulunu paylayırdılar? İman edənlərin çoxu uzaq yerlərdən gəlmişdi və Yerusəlimdə daha çox qalmaq üçün kifayət qədər vəsaitləri yox idi. Buna baxmayaraq, onlar yeni imanları haqda daha çox öyrənmək və başqalarına şəhadət etmək üçün şəhərdə bir az çox qalmaq istəyirdilər. Bəzi məsihçilər onlara kömək etmək məqsədilə mal-mülkünü satıb, satılmış şeylərin pulunu ehtiyacı olanlara paylayırdılar.
4:13 — Həqiqətənmi Peter və Yəhya oxumamış adamlar idi və onların heç bir təhsili yox idi? Yox, bu belə deyil. Onlar dini ravvin məktəblərində təlim almadıqlarına görə «oxumamış, avam adamlar» adlandırıldılar.
5:34-39 — Luka Sinedrionun qapalı iclasında Qamliyelin nə dediyini haradan bilə bilərdi? Ən azı üç şeyi təxmin etmək olar: 1) vaxtilə Qamliyelin şagirdi olmuş Pavel ona bu haqda xəbər vermişdi; 2) həvarilərin halına acıyan Sinedrionun üzvü Nakdimon bunu Lukaya demişdi; 3) Luka bu məlumatı Allahdan ilham alaraq qələmə almışdı.
7:59 — Stefan İsaya dua edirdimi? Xeyr. İnsanlar yalnız Yehova Allaha ibadət etməlidirlər, buna görə də dualarını yalnız Ona yönəltməlidirlər (Luka 4:8; 6:12). Adətən Stefan İsanın adı vasitəsilə Yehovaya dua edərdi (Yəh. 15:16). Ancaq bu halda Stefan «İnsan Oğlunu Allahın sağında durmuş» gördü (Həv. iş. 7:56). İsaya ölüləri diriltmək səlahiyyəti verildiyindən tam xəbərdar olan Stefan ruhunu hifz etməyi xahiş edərək, orijinal mətnə əsasən, İsa ilə danışdı, ona dua etmədi (Yəh. 5:27-29).
Bizim üçün ibrət dərsləri:
1:8. Yehovanın xidmətçilərinin ümumdünya təbliğ işi müqəddəs ruhun köməyi olmadan icra oluna bilməz.
4:36–5:11. Kiprdə anadan olan Yusif, mənası Təsəlli Oğlu olan Barnaba ləqəbini almışdır. Güman ki, Yusif səmimi, xeyirxah və qayğıkeş olduğu üçün həvarilər ona bu adı vermişdilər. Biz, hiyləyə və yalana əl atan Hananya və Şapira kimi deyil, Barnaba kimi olmalıyıq.
9:23-25. Təbliği davam etdirmək üçün düşmənlərdən qaçmaq qorxaqlıq deyil.
9:28-30. Əgər müəyyən rayonlarda, yaxud bəzi adamlara təbliğ edəndə fiziki, mənəvi, yaxud ruhani təhlükəyə məruz qalmaq ehtimalı yaranarsa, biz ehtiyatı əldən buraxmamalıyıq, məsələn, harada və nə vaxt təbliğ edəcəyimizi ölçüb-biçməliyik.
9:31. Nisbi sakitlik dövründə araşdırma aparmaqla və oxuduqlarımızın üzərində düşünməklə imanımızı möhkəmləndirməyə çalışmalıyıq. Bu bizə öyrəndiklərimizi tətbiq edərək və xidmətdə səyli olaraq Yehovadan qorxmağa kömək edəcək.
PAVELİN SƏYLİ XİDMƏTİ
Eramızın 44-cü ilində Aqab Barnaba ilə Şaulun «tam bir il» təbliğ etdikləri Antakya şəhərinə gəlir. O, «böyük qıtlıq olacağını» peyğəmbərlik edir və iki ildən sonra onun sözləri yerinə yetir (Həv. iş. 11:26-28). «Barnaba və Şaul tapşırıqlarını yerinə yetirdikdən sonra» Antakyaya dönürlər (Həv. iş. 12:25). Eramızın 47-ci ilində, Şaulun məsihçiliyi qəbul etməsindən təxminən 12 il keçəndən sonra, Barnaba və Şaul müqəddəs ruh tərəfindən missioner səyahətinə göndərilirlər (Həv. iş. 13:1-4). B. e. 48-ci ilində onlar Antakya şəhərinə qayıdırlar (Həv. iş. 14:26).
Doqquz aydan sonra Pavel (həmçinin Şaul kimi tanınır) Silanı öz əməkdaşı seçib, ikinci missioner səyahətinə yola düşür (Həv. iş. 15:40). Yolda Timotey və Luka Pavelə qoşulurlar. Luka Filipidə qalır, Pavel isə Afinaya, oradan da Korinfə yola düşür. Korinfdə Akila və Priskila ilə rastlaşır və bir il altı ay bu şəhərdə yaşayır (Həv. iş. 18:11). Timotey ilə Silanı Korinfdə qoyub gedən Pavel Akilanı və Priskilanı özü ilə götürüb eramızın 52-ci ilinin əvvəllərində gəmi ilə Suriyaya gedir (Həv. iş. 18:18). Akila və Priskila onu Efesədək müşayiət edir və burada qalıb yaşayırlar.
Suriyanın Antakya şəhərində bir müddət qaldıqdan sonra Pavel eramızın 52-ci ilində üçüncü missioner səyahətinə yola düşür (Həv. iş. 18:23). Efesdə Yehovanın ‘kəlamı qüdrətlə yayılıb nüfuz qazanır’ (Həv. iş. 19:20). Pavel burada təxminən üç il qalır (Həv. iş. 20:31). Eramızın 56-cı ilinin Pentikost günündə Pavel Yerusəlimdədir. O həbs edilir və cəsarətlə hakim dairələrinə şahidlik edir. O, Romada iki il (təx. b. e. 59-61-ci illəri) ev dustağı olur, lakin buna baxmayaraq, Padşahlıq haqda təbliğ etmək və ‘İsa Məsih barədə öyrətmək’ üçün hər fürsətdən istifadə edir (Həv. iş. 28:30, 31).
Müqəddəs Kitab suallarına cavablar:
14:8-13 — Nəyə görə Listra sakinləri «Barnabanı Zevs, Paveli isə... Hermes adlandırdılar»? Yunan mifologiyasında Zevs allahların hökmdarı sayılırdı, onun oğlu Hermes isə natiqlik istedadı ilə tanınırdı. Əsasən Pavel danışdığı üçün Listra sakinləri onu Hermes, Barnabanı isə Zevs adlandırdılar.
16:6, 7 — Nəyə görə müqəddəs ruh Paveli və onun əməkdaşlarını Asiya əyalətində və Bitiniyada təbliğ etməyə qoymadı? Təbliğçilər az olduğundan müqəddəs ruh onları daha bəhrəli yerlərə yönəltdi.
18:12-17 — Nəyə görə yəhudilər Sostenisi döyəndə vali Qalliyo müdaxilə etmədi? Görünür, Qalliyo düşündü ki, Pavelə qarşı çıxan izdihamın başçısı layiq olduğu cəzanı aldı. Lakin bu hadisənin müsbət nəticəsi oldu, çünki Sostenis məsihçiliyi qəbul etdi. Bir qədər sonra Pavel onu ‘qardaş’ adlandırdı (1 Kor. 1:1).
18:18 — Pavel nəyi əhd etmişdir? Bəzi alimlər təxmin edirlər ki, Pavel Nəziri əhdi vermişdir (Say. 6:1-21). Lakin Müqəddəs Kitabda bu haqda dəqiq deyilmir. Üstəlik, Müqəddəs Yazılar Pavelin bu əhdi məsihçi olduğundan əvvəl və ya sonra verdiyini, yaxud əhdin başlanğıcı və ya sonu olduğunu demir. Hər necə olsa da, bu cür əhd etmək günah deyildi.
Bizim üçün ibrət dərsləri:
12:5-11. Biz qardaşlarımız üçün dua edə bilərik və etməliyik də.
12:21-23; 14:14-18. Hirod Allaha məxsus olan izzəti mənimsədi. Bu, Pavel və Barnabanın yersiz izzətə verdikləri tez və qəti reaksiyadan necə də fərqlənirdi! Biz Yehovaya xidmətdə əldə etdiyimiz nailiyyətlərə görə izzət arzulamamalıyıq.
14:5-7. Ehtiyatlı olmaq xidmətimizdə fəal qalmağa kömək edəcək (Mat. 10:23).
14:22. Məsihçilər əziyyətlərlə qarşılaşacaqlarını bilirlər. Onlar etiqadlarında güzəştə getməklə əziyyətlərdən qaçmağa çalışmırlar (2 Tim. 3:12).
16:1, 2. Gənc məsihçilər yığıncaqda çox çalışmalı və yaxşı ad qazanmaq üçün Yehovadan kömək istəməlidirlər.
16:3. Müqəddəs Kitab prinsiplərini pozmamaq şərtilə, başqalarının xoş xəbəri qəbul etmələri üçün əlimizdən gələni etməliyik (1 Kor. 9:19-23).
20:20, 21. Evdən-evə təbliğ xidmətimizin vacib hissəsidir.
20:24; 21:13. Allah qarşısında nöqsansızlığımızı qorumaq həyatımızı qorumaqdan daha vacibdir.
21:21-26. Yaxşı məsləhəti sevinclə qəbul etməliyik.
25:8-12. Müasir məsihçilər ‘Müjdəni müdafiə və təsdiq etmək’ üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər (Filip. 1:7).
26:24, 25. ‘Həqiqət və məntiqli sözlər’ «nəfsani adam» üçün ağılsızlıq olsa da, onları bəyan etməkdən vaz keçməli deyilik (1 Kor. 2:14).
[30-cu səhifədəki şəkil]
Peter Padşahlığın ‘açarlarından nə zaman istifadə etdi?
[31-ci səhifədəki şəkil]
Ümumdünya təbliğ işi müqəddəs ruhun köməyi olmadan icra oluna bilməz