Verin və bundan sevinc əldə edin!
“Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (HƏVARİLƏRİN İŞLƏRİ 20:35).
1. Yeqova, bəxş etmənin sevinc gətirdiyini necə göstərir?
HƏQİQƏTİ bilməkdən əldə edilən sevinc və bu biliyin gətirdiyi xeyir-dualar, Allahdan gələn bəxşişdir. Yeqova haqqında bilik əldə edənlərin sevinmək üçün çox səbəbləri var. Lakin hədiyyəni almaq xoş olduğu kimi, vermək də xoşdur. Yeqova — “hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə” Bəxş edən və həmçinin “bəxtiyar Allahdır” (Yaqub 1:17; 1 Timoteyə 1:11, YD). Allah, Onu dinləyən hər kəsə sağlam tə’limlər təklif edir. Valideynlər, onların məhəbbətdən irəli gələn nəsihətlərinə övladları hay verəndə sevindikləri kimi, Yeqova da öyrətdiyi kəslərin itaətkarlığına sevinir (Süleymanın məsəlləri 27:11).
2. a) İsa bəxş etmək haqqında nə dedi? b) Müqəddəs Kitab həqiqətini başqalarına öyrədərək, hansı sevinci əldə edirik?
2 İsa Məsih yer üzündə olanda, tə’limlərinə insanların müsbət hay verməsi ona da sevinc gətirirdi. Həvari Pavel İsanın sözlərini sitat gətirdi: “Vermək almaqdan daha böyük bəxtiyarlıq gətirir” (Həvarilərin işləri 20:35). İnsanlara Müqəddəs Kitab həqiqətini öyrətmək bizə böyük sevinc gətirir. Bu isə o demək deyil ki, onların sadəcə olaraq e’tiqadlarımızla razılaşdığı üçün məmnunuq. Çünki biz, həqiqi və daimi dəyəri olan biliklərlə bölüşürük. İnsanlara ruhani bəxşişlər verərək, onların indiki və əbədi səadətlərinə kömək edirik (1 Timoteyə 4:8).
Bəxş etmək sevinc gətirir
3. a) Həvari Pavel və Yəhya, başqalarına ruhani yardım göstərməkdən əldə etdikləri sevinci necə ifadə etdilər? b) Nəyə görə uşaqlara Müqəddəs Kitab həqiqətini öyrətmək məhəbbət haqqında şəhadət edir?
3 Bəli, məsihçilər Yeqova və İsa kimi ruhani bəxşişlər verməkdən xoşbəxtlik duyurlar. Həvari Pavel Allahın Kəlamının həqiqətlərini öyrənməkdə başqalarına kömək etdiyi üçün sevinirdi. O, Salonikdəki yığıncağa yazırdı: “Rəbbimiz İsa Məsih qarşısında Onun gəlişində ümidimiz, sevincimiz, yaxud iftixar edəcək tacımız siz deyilsinizsə, bəs kimdir? Çünki siz bizim izzətimiz və sevincimizsiniz” (1 Saloniklilərə 2:19, 20). Həvari Yəhya buna bənzər sözləri öz ruhani övladları haqqında yazdı: “Övladlarımın həqiqətdə yeridiyini eşitməkdən daha böyük sevincim yoxdur” (3 Yəhya 4, İ—93). Həmçinin valideynlərin, öz övladlarına ruhani övlad olmaları üçün kömək edərkən duyduqları sevinc haqqında düşünün! Uşaqlarını “Rəbbin tərbiyə və nəsihəti ilə böyüdərək”, valideynlər onlara məhəbbət təzahür etdirirlər (Efeslilərə 6:4). Oğul və qızlarının əbədi rifahı ilə maraqlandıqlarını göstərirlər. Uşaqlar valideynlərin öyrətdiyi kimi davrananda isə, bu, valideynlərə sevinc və məmnunluq gətirir.
4. Ruhani bəxş etmənin sevinc gətirdiyini hansı hadisə göstərir?
4 Dell adlı qadın tammüddətli pioner kimi xidmət edir və beş övlad böyüdür. O deyir: “Həvari Yəhyanın sözləri mənə çox doğmadır, çünki dörd övladım ”həqiqətdə yeriyir” və mən buna görə çox minnətdaram. Bilirəm ki, həqiqi ibadətin sayəsində birləşən ailələr Yeqovaya izzət və şərəf gətirir. Buna görə də, uşaqlarıma həqiqəti öyrətmək cəhdlərimə Allahın xeyir-dua verməsini görmək çox xoşdur. Ailəmlə birlikdə cənnətdə sonsuz yaşamaq imkanımızın olması ürəyimi ümidlə doldurur, çətinliklərə və maneələrə baxmayaraq sarsılmaz qalmaqda güc verir”. Bədbəxtlikdən Dellin qızlarından biri Müqəddəs Kitaba zidd olan hərəkətinə görə yığıncaqdan kənar edilmişdir. Buna baxmayaraq, Dell, müsbət əhval-ruhiyyəsini bacardığı qədər qorumağa çalışır. O deyir: “Ümid edirəm ki, qızım nə vaxtsa həlimlik göstərib, səmimiliklə yenidən Yeqovaya tərəf dönəcəkdir. Eyni zamanda Allaha minnətdaram ki, uşaqlarımın çoxu Ona sədaqətlə xidmət etməyə davam edirlər. Duyduğum sevinc hissləri mənə güc verir” (Nehemya 8:10).
Daimi dostlar qazanırıq
5. Vaxtımızı və gücümüzü şagirdlər hazırlamağa həsr edərək, nədən məmnunluq duyuruq?
5 İsa davamçılarına, şagirdlər hazırlamağı və onlara Yeqova və Onun tələbləri haqqında bilik verməyi tapşırdı (Matta 28:19, 20). Necə ki, Yeqova, eləcə də İsa, təmənnasız olaraq insanlara həqiqət yolunu öyrənməkdə kömək edirlər. Buna görə də şagirdlərin hazırlanması işinə vaxtımızı və qüvvəmizi həsr edərək, məmnunluq duyuruq: axı ilk məsihçilər kimi, biz də Yeqovanı və İsanı təqlid edirik (1 Korinflilərə 11:1). Qadir Allah və Onun sevimli Oğlu ilə bu cür əməkdaşlıq edərək, həyatın həqiqi mə’nasını tapırıq. Allahın “əməkdaşları” sırasında olmaq necə də böyük xeyir-duadır (1 Korinflilərə 3:9). Məgər müjdənin təbliğ edilməsində mələklərin iştirak etməsi sizi heyrətləndirmirmi? (Vəhy 14:6, 7).
6. Ruhani bəxşişlər vermək işində iştirak ediriksə, kimlərlə dost ola bilərik?
6 Bundan əlavə, başqalarına ruhani bəxşişlər vermək işində iştirak edərək, biz Allahın yalnız “əməkdaşı” deyil, həm də daimi dostu oluruq. İmanına görə İbrahim Yeqovanın dostu adlanmışdı (Yaqub 2:23). Allahın iradəsini vicdanla həyata keçirməyə çalışaraq, biz də Allahın dostu ola bilərik. Bu zaman biz İsanın da dostu oluruq. O öz şagirdlərinə demişdi: “Sizə dost dedim, çünki Atamdan eşitdiyim bütün şeyləri sizə bildirdim” (Yəhya 15:15). Çox insanlar nüfuzlu və yüksək vəzifəli şəxslərlə dost olmaqdan xoşbəxtlik duyurlar. Bizim isə, Kainatda iki ən böyük şəxsiyyətin dostu olmaq imkanımız var!
7. a) Bir bacı həqiqi rəfiqəni necə qazandı? b) Buna bənzər hadisə sizin həyatınızda da baş veribmi?
7 Bundan əlavə, Allahla dostluq əldə etmələri üçün kömək etdiyimiz insanlar bizimlə də dost olurlar, bu isə xüsusi sevinc gətirir. Birləşmiş Ştatlarda yaşayan Coan adlı bir bacı, Telma adlı qadınla Müqəddəs Kitabı öyrənməyə başladı. Telma ailədə müqavimətlə qarşılaşdı, amma təslim olmadı və bir ildən sonra vəftiz olundu. Coan yazır: “Münasibətimiz bununla bitmədi. Əksinə, dostluğumuz daha da möhkəmləndi və artıq 35 ildən çoxdur ki, dostluq edirik. Biz tez-tez birlikdə xidmət edər və konqreslərə gedərdik. Sonra mən, yaşadığımız ərazidən 800 kilometr aralıda yerləşən başqa yerə köçdüm. Ancaq Telma hələ də mənə səmimi və ürək isindirən məktublar yazır. Məni xoş xatirələrlə xatırladığını söyləyir, onunla dostluq edib yaxşı nümunə verdiyim və Müqəddəs Kitab həqiqətini öyrətmiş olduğum üçün minnətdarlığını bildirir. Yeqova haqqında bilik əldə etsin deyə, sərf etdiyim cəhdlərə görə belə bir yaxın rəfiqə qazanmağım çox gözəl mükafatdır”.
8. Xidmətdə bizə hansı müsbət əhval-ruhiyyə kömək edəcəkdir?
8 Çoxları Yeqovanın Kəlamına ya heç maraq göstərmir, ya da ki, bu maraq olduqca azdır. Buna baxmayaraq, həqiqəti bilmək istəyən insanları tapmaq imkanı, sarsılmaz qalmaqda bizə kömək edəcəkdir. Belə bir e’tinasızlıq, imanımız və sarsılmazlığımız üçün sınaqdır. Lakin düzgün əhval-ruhiyyə bizə kömək edəcəkdir. Qvatemaladan olan Fausto adlı bir kişi deyir: “Təbliğ edərkən düşünürəm: söhbət etdiyim adam ruhani bacımız və ya qardaşımız olsaydı necə də yaxşı olardı. Mən ümidimi itirmirəm ki, qarşılaşdığım adamlardan heç olmazsa kim isə nəticədə Allahın Kəlamından olan həqiqəti qəbul edəcəkdir. Bu fikir mənə güc verir və böyük sevinc gətirir”.
Göydə xəzinələr yığırıq
9. İsa göydə yığılan xəzinələr haqqında nə dedi və biz bundan nə öyrənə bilərik?
9 Necə uşaqlarımızdan, eləcə də başqa insanlardan şagirdlər hazırlamaq hər vaxt asan olmur. Bunun üçün vaxt, səbir və sarsılmazlıq tələb olunur. Lakin çoxları adətən heç bir sevinc gətirməyən və müvəqqəti olan maddi sərvətlər toplamaq üçün qüvvələrini əsirgəmirlər. İsa dinləyicilərinə ruhani sərvətlərə görə əmək sərf etməyin daha yaxşı olduğunu göstərmək üçün belə dedi: “Yer üzündə özünüzə xəzinələr yığmayın; orada güvə və pas onları məhv edər; və orada oğrular girər və oğurlarlar. Lakin özünüzə göydə xəzinələr yığın ki, orada nə güvə, nə pas məhv edər və nə oğrular oraya girərlər, nə də oğurlarlar” (Matta 6:19, 20). Şagirdlər hazırlamaq kimi vacib işdə iştirak etməyi də daxil etməklə, ruhani məqsədlər güdərkən məmnunluq duyacağıq, çünki Allahın iradəsini yerinə yetiririk və O, bizi mükafatlandıracaqdır. Həvari Pavel yazırdı: “Allah haqsız deyildir ki, sizin işinizi, müqəddəslərə xidmət etmiş və edərək Onun adı naminə göstərdiyiniz məhəbbəti unutsun” (İbranilərə 6:10).
10. a) İsada ruhani xəzinələr haradan idi? b) İsa özünü başqaları naminə necə fəda etdi və bu onlara hansı böyük faydanı gətirdi?
10 Əgər şagirdlər hazırlamaq işində iştirak edərək sə’ylə çalışırıqsa, İsanın sözlərinə müvafiq olaraq özümüzə “göydə xəzinələr” yığmış oluruq. Bu, bizə almaqla əlaqədar sevinc gətirir, çünki əgər biz təmənnasız olaraq veririksə, nəticədə özümüzü zənginləşdiririk. İsa özü artıq milyard illərdir ki, Yeqovaya sədaqətlə xidmət edir. Onun göydə nə qədər xəzinə yığdığı barədə düşünün! Buna baxmayaraq, İsa yenə də öz mənfəətini güdmürdü. Həvari Pavel yazırdı: “Atamız Allahın iradəsinə görə, Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın” (Qalatiyalılara 1:4). Özünü təmənnasız olaraq xidmətə həsr etmədən əlavə, İsa hətta həyatını fidiyə olaraq verdi ki, başqalarının da göydə xəzinə yığmaq imkanı olsun.
11. Nəyə görə ruhani bəxşişlər maddi bəxşişlərdən daha yaxşıdır?
11 İnsanlara Allah haqqında həqiqəti öyrədərək, yox olmayan ruhani xəzinələri onların özlərinin necə yığa biləcəklərini görməyə kömək edirik. Onlara bundan böyük hədiyyə vermək mümkündürmü? Əgər dostumuza bahalı saat, maşın və ya hətta ev hədiyyə etmişiksə, ehtimal ki, dostumuz minnətdar və xoşbəxt olacaqdır, biz isə bəxş etməkdən sevinc duyacağıq. Bəs bu hədiyyə 20 ildən sonra hansı vəziyyətdə olacaq? Bəs 200 ildən sonra? Bəs 2 000 ildən sonra? Əgər biz vaxtımızı və qüvvəmizi insanların Yeqovaya xidmət etməsinə yardım göstərmək üçün sərf ediriksə, bu əbədi fayda gətirəcəkdir.
Həqiqəti tapmaq istəyənləri axtarırıq
12. Başqalarına ruhani cəhətdən kömək etmək üçün çoxları vaxtlarını və qüvvələrini necə sərf etmişlər?
12 Ruhani bəxşişlər vermək və bundan sevinc əldə etmək üçün, Yeqovanın xalqı yerin uclarına qədər təbliğ edir. Başqa ölkələrdə missioner kimi xidmət etmək üçün minlərlə insanlar evlərini və ailələrini tərk etmişlər. Onlar orada yeni dil öyrənməli və yeni mədəniyyətə alışmalı olmuşlar. Digərləri isə yaşadıqları ölkənin daxilində, Padşahlığın təbliğçiləri daha çox tələb olunan ərazilərə köçmüşlər. Elələri də vardır ki, onların vətənlərinə gəlmiş mühacirlərə təbliğ etmək üçün xarici dil öyrənmişlər. Məsələn, Nyu-Cersidən (ABŞ) olan ər-arvad, hal-hazırda Yeqovanın Şahidlərinin ümumdünya mərkəzi idarəsində xidmət edən iki övladını böyütdükdən sonra, pioner xidmətinə başlamış və çin dilini öyrənmişdir. Üç il ərzində onlar kollecin çin dilində danışan 74 tələbəsi ilə Müqəddəs Kitab öyrənməsi keçirmişlər. Şagirdlər hazırlamaq işində daha çox sevinc əldə etmək üçün, siz də xidmətinizi genişləndirə bilməzsinizmi?
13. Xidmətinizin daha da səmərəli olmasını istəyirsinizsə, nə etmək lazımdır?
13 Yəqin ki, siz kiminləsə Müqəddəs Kitab öyrənməsini keçirməyi çox arzulayırsınız, amma buna nail ola bilmirsiniz. Bə’zi ölkələrdə maraqlanan insanları tapmaq asan deyil. Ola bilsin ki, qarşılaşdığınız insanlar Müqəddəs Kitabla maraqlanmırlar. Yeqovanın və İsanın şagirdlər hazırlamaq işinə dərindən maraq göstərdiklərini və onların sizi həlim insanlara tərəf yönəldəcəklərini bilərək, istəyiniz barədə tez-tez dua edin. Məsləhət almaq üçün, yığıncaqda daha çox təcrübəsi olan və ya xidməti daha səmərəli olan bacı qardaşlara müraciət edin. Məsihçi görüşlərində aldığımız tə’lim və məsləhətləri həyata keçirin. Səyyah nəzarətçilərin və onların arvadlarının nəsihətlərinə riayət edin. Ən başlıcası — ruhdan düşməyin. Bir müdrik insan belə sözlər yazmışdır: “Toxumunu səhər səp və axşama qədər əlinə rahatlıq vermə; çünki hansının, bunun, yoxsa o birisinin yaxşı olacağını... bilməzsən” (Vaiz 11:6). Bundan əlavə, Nuh və Yeremya kimi sadiq insanları xatırlayın. Onların təbliğinə olduqca az adam hay versə də, onların xidmətini uğurlu hesab etmək olar. Ən vacibi isə, bu xidmət Yeqovanı sevindirirdi.
Gücümüz çatan hər şeyi edirik
14. Yeqova, Ona xidmət edərək qoca yaşlarına çatmış insanlara necə münasibət bəsləyir?
14 Ola bilsin, şəraitiniz istədiyiniz qədər xidmət etməyə imkan vermir. Misal üçün, qocalıq, Yeqovaya etdiyimiz xidməti məhdudlaşdıra bilər. Lakin müdrik insanın dediyi sözləri xatırlayın: “Ağarmış saçlar gözəllik tacıdır; salehlik yolunda tapılır” (Süleymanın məsəlləri 16:31). Yeqovaya xidmətdə keçirilən ömür, Onun gözündə gözəldir. Bundan əlavə, Müqəddəs Kitabda deyilir: “İxtiyarlığınıza qədər də mən oyam və ağ saçlı oluncaya qədər sizi mən yüklənəcəyəm; bunu mən etdim və mən daşıyacağam; bəli, mən yüklənəcəyəm və qurtaracağam” (İşaya 46:4). Sevən səmavi Atamız və’d edir ki, özünün hədsiz sədaqətli olan xidmətçilərini möhkəmləndirəcək və onlara kömək edəcəkdir.
15. Yeqovanın sizin vəziyyətinizi başa düşdüyünə inanırsınızmı? Nəyə görə?
15 Ola bilsin, siz hansısa xəstəlikdən əzab çəkir, imanda olmayan həyat yoldaşınız tərəfindən müqavimətə mə’ruz qalır, ailə vəzifələrinin ağır yükünü daşıyır və yaxud başqa ciddi çətinliklərlə qarşılaşırsınız. Yeqova imkanlarımızın məhdud olduğunu başa düşür, vəziyyətimizi görür və xidmətdə başqaları bizdən artıq etsələr də, vicdanla sə’y göstərdiyimizə görə bizi sevir (Qalatiyalılara 6:4). Yeqova qeyri-kamil olduğumuzu bilir və bizdən həddindən artıq tələb etmir (Məzmur 147:11). Əgər şəraitimizdən asılı olaraq əlimizdən gələni ediriksə, Allahın gözündə dəyərli olduğumuza və iman uğrunda etdiyimiz işləri unutmayacağına əmin ola bilərik (Luka 21:1—4).
16. Hansı mə’nada bütün yığıncaq bir şagirdin hazırlanmasında iştirak edir?
16 Bundan əlavə, yadda saxlayın ki, şagirdlər hazırlamaq, kollektiv görülən işdir. Bir yağış damlası bitkini suvara bilmədiyi kimi, bir nəfərin də şagird hazırlaya bilməsi qeyri-mümkündür. Tutaq ki, Şahidlərdən biri maraqlanan insan tapır və onunla Müqəddəs Kitabı öyrənməyə başlayır. Həmin insan Padşahlıq Zalına gələndə isə, həqiqətin harada olduğunu başa düşməkdə ona bütün yığıncaq kömək edir. Məsihçi qardaşlığının səmimiliyi Allahın ruhunun tə’siri haqqında şəhadət edir (1 Korinflilərə 14:24, 25). Uşaqlar və yeniyetmələr ruhlandırıcı cavablar verirlər və maraqlanan adam gənclərimizin dünyəvilərdən fərqləndiyini görür. Xəstələr, zəiflər və yığıncağın yaşlı üzvləri yeni gələnlərə səbir və sarsılmazlığın nə demək olduğunu öyrədirlər. Yaşımızdan və imkanlarımızın məhdudluğundan asılı olmayaraq, biz hamımız, yeni gələnlərin Müqəddəs Kitab həqiqətinə olan məhəbbətlərini artırmağa və vəftizə hazırlaşmağa kömək etməkdə vacib rol oynayırıq. Xidmətdə keçirdiyimiz hər saat, hər təkrar baş çəkmə, Padşahlıq Zalında maraqlanan insanla etdiyimiz hər söhbət — bütün bunlar ayrı-ayrılıqda əhəmiyyətsiz görünə bilər, ancaq bunlar Yeqovanın həyata keçirdiyi böyük işin bir zərrəsidir.
17, 18. a) Şagirdlər hazırlamaq işində iştirak etməkdən əlavə, verməkdən sevinc əldə etməyin daha hansı üsulları var? b) Verməkdən sevinc əldə etdiyimiz zaman, kimi təqlid etmiş oluruq?
17 Şagirdlərin hazırlanması kimi vacib işdə iştirak etməkdən savayı, biz məsihçilər, sözsüz ki, verməyin başqa növlərindən də sevinc əldə edirik. Məsələn, təmiz ibadətin yayılmasına və ehtiyac duyanlara yardım etmək üçün maddi vəsait ayırmaq olar (Luka 16:9; 1 Korinflilərə 16:1, 2). Qonaqpərvərlik göstərmək üçün fürsət axtarmaq olar (Romalılara 12:13). “Hamıya, xüsusən imanlılar ailəsinə yaxşılıq” etməyə sə’y göstərmək olar (Qalatiyalılara 6:10). Məktub, telefon zəngi, hədiyyə, praktiki kömək, ruhlandırıcı sözlər — bütün bunlar, vermək istəyimizin sadə, lakin mühüm təzahürü ola bilər.
18 Verməklə, səmavi Atamızı təqlid etdiyimizi göstəririk. Biz həmçinin qardaşlıq məhəbbəti təzahür etdiririk, bu isə məsihçilərin fərqləndirici əlamətidir (Yəhya 13:35). Əgər biz bu barədə unutmuruqsa, verməkdən sevinc əldə etmək asan olacaqdır.
İzah edə bilərsinizmi?
• Ruhani bəxşiş verməyə aid Yeqova və İsa Məsih necə nümunə verirlər?
• Daimi dostları necə qazanmaq olar?
• Xidmətimizin daha səmərəli olması üçün hansı addımları atmaq olar?
• Yığıncağın bütün üzvləri verməkdən necə sevinc əldə edə bilərlər?
[25-ci səhifədəki şəkillər]
Uşaqlar valideynlərin öyrətdiyi kimi davrandıqları zaman, valideynlər böyük sevinc və məmnunluq duyurlar.
[27-ci səhifədəki şəkil]
Şagirdlər hazırlayaraq, əsl dostlar qazana bilərik.
[28-ci səhifədəki şəkil]
Yeqova qocalanları “daşıyır”.
[29-cu səhifədəki şəkillər]
Verməyin sadə, lakin mühim üsulları bizə sevinc gətirir.