Məsihçi olduğunu heç zaman unutma
«Rəbb bəyan edir: “Sizsiniz Mənim şahidlərim”» (YEŞAYA 43:10).
1. Yehova necə insanları Özünə cəlb edir?
PADŞAHLIQ ZALINDA olarkən ətrafına nəzər salanda kimləri görürsən? Orada, Müqəddəs Kitab müdrikliyinə dərindən yiyələnmək istəyən gənc oğlan və qızları görə bilərsən (Məzmur 148:12, 13). Yaxud, ailə dəyərlərini heç edən dünyada yaşasalar da, Allahı razı salmaq istəyən ailə başçılarını görə bilərsən. Ola bilər, qocalığın gətirdiyi nasazlıqlara baxmayaraq, mətanətlə Allaha həsr olunmalarına müvafiq yaşamağa davam edən yaşlı bacı-qardaşları da görürsən (Süleymanın məsəlləri 16:31). Onların hamısı Yehovanı dərin məhəbbətlə sevir, Allah da belə insanları məmnuniyyətlə Özünə cəlb edir. İsa Məsih deyirdi: «Əgər Məni göndərən Atam cəlb etmirsə, heç kim Mənim yanıma gələ bilməz» (Yəhya 6:37, 44, 65).
2, 3. Nəyə görə məsihçi olduğumuzu yadda saxlamaq asan deyil?
2 Məgər biz Yehovanın qiymətləndirdiyi və xeyir-dua verdiyi insanların arasında olmağımıza şad deyilikmi? Lakin bu qeyri-adi «çətin anlar»da məsihçi olduğumuzu yadda saxlamaq asan deyil (2 Timoteyə 3:1). Məsihçi ailələrində tərbiyə alan gənc oğlan və qızlar bunu xüsusilə hiss edirlər. Bir gənc oğlan e’tiraf edir: «Yığıncaqlara getsəm də, mənim nə dəqiq ruhani məqsədlərim, nə də, açığını desəm, Yehovaya xidmət etməyə böyük arzum vardı».
3 Bə’ziləri Yehovaya səmimi qəlbdən xidmət etmək istəsələr də, həmyaşıdlarının güclü təzyiqi, dünyanın tə’siri və günahlı meylləri ucbatından imanda büdrəyə bilərlər. Belə güclü gərginliyin tə’siri altında kimsə məsihçi olduğunu unuda bilər. Məsələn, bu dünyada çoxları Müqəddəs Kitabın əxlaq normalarını köhnəlmiş və müasir həyatda tətbiqolunmaz hesab edir (1 Peter 4:4). Başqaları isə Allaha Onun istədiyi kimi ibadət etməyin o qədər də vacib olmadığını zənn edir (Yəhya 4:24). Efeslilərə yazdığı məktubunda Pavel bu dünyanın öz «ruhu», yə’ni güclü tə’sirə malik olan əhval-ruhiyyəsi olduğunu qeyd etmişdir (Efeslilərə 2:2). Bu ruh insanları Yehovanı tanımayan cəmiyyətin düşündüyü kimi düşünməyə vadar edir.
4. İsa məsihçiliyə xas olan səciyyəvi xüsusiyyətləri itirməyin nə qədər təhlükəli olduğunu necə vurğuladı?
4 Lakin Yehovanın sədaqətli xidmətçiləri olan bizlər başa düşürük ki, yaşından asılı olmayaraq, məsihçiyə xas olan səciyyəvi xüsusiyyətləri itirməyimiz çox faciəvi ola bilər. Yalnız Yehovanın norma və tələblərinə müvafiq yaşadığımız halda, özümüzü məsihçi sana bilərik. Çünki, biz Onun surətində yaradılmışıq (Yaradılış 1:26; Mikeya 6:8). Müqəddəs Kitabda məsihçilərin səciyyəvi xüsusuyyətləri hamının gördüyü paltarla müqayisə olunur. İsa bizim günlər haqqında deyirdi: «Budur, oğru kimi gəlirəm! Oyaq olan, çılpaq gəzməsin və ayıbı görünməsin deyə, paltarlarını mühafizə edən nə bəxtiyardır!» (Vəhy 16:15, İ–93)a. Biz, məsihçiliyə xas olan əxlaq normalarından uzaqlaşmaq və Şeytan dünyasının bizi öz çərçivəsinə salmasına yol vermək istəmirik. Əks təqdirdə «paltarımızdan» məhrum olarıq. Bu nəinki kədərli, həm də biabırçılıq olar.
5, 6. Nəyə görə imanda möhkəm durmaq vacibdir?
5 Məsihçinin imanda nə qədər möhkəm olması, bütün həyatına tə’sir göstərəcək. Necə? Əgər Yehovanın xidmətçisi özünün kim olduğunu unudarsa, məqsədlərini və həyatında dəqiq istiqaməti itirə bilər. Müqəddəs Kitab qətiyyətsizliyə dair dönə-dönə xəbərdarlıq edir. Şagird Yaqub yazırdı: «Şübhə edən, küləyin qaldırdığı və təlatümə gətirdiyi dəniz dalğasına bənzər. Qoy belə bir adam düşünməsin ki, Rəbbdən bir şey alacaqdır. Mütərəddid adam etdiyi heç bir şeydə sabit deyil» (Yaqub 1:6-8; Efeslilərə 4:14; İbranilərə 13:9).
6 Biz öz imanımızda necə möhkəm ola bilərik? Küll-İxtiyar Allaha xidmət etməyin böyük şərəf olduğunu həmişə yadda saxlamaqda bizə nə kömək edə bilər? Gəlin bu sualları nəzərdən keçirək.
Məsihçi yolunda möhkəm dayan
7. Nəyə görə Yehovadan bizi sınaqdan keçirməsini xahiş etmək lazımdır?
7 Yehova ilə münasibətlərini daima möhkəmləndir. Məsihçinin sahib olduğu ən dəyərli şey Allah ilə olan münasibətidir (Məzmur 25:14; Süleymanın məsəlləri 3:32). Əgər imanımıza dair şübhələrimiz yaranırsa, onda bu münasibətlərin keyfiyyət və dərinliyini yoxlamağın əsl vaxtıdır. Məzmurçunun etdiyi dua bu sahədə bizə yaxşı nümunədir: «Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, qəlbimi, fikirlərimi saf et» (Məzmur 26:2). Nəyə görə belə bir sınaq zəruridir? Ona görə ki, gizli fikirlərimizi, hisslərimizi və meyllərimizi özümüz obyektiv surətdə qiymətləndirə bilmirik. Bunu etməyə yalnız Yehova qadirdir (Yeremya 17:9, 10).
8. a) Nəyə görə Yehovanın yol verdiyi sınaqlar bizə fayda gətirir? b) Məsihçi kimi inkişaf etməyinizdə sizə nə kömək edir?
8 Yehovadan bizi sınamasını xahiş etməklə, ürəyimizdə olanları yoxlamasını istəmiş oluruq. O, bizim əsl meyllərimizin və ürəyimizdə olanların üzə çıxmasına səbəb olan vəziyyətlərə yol verə bilər (İbranilərə 4:12, 13; Yaqub 1:22-25). Bu sınaqlara sevinməliyik, çünki onlar bizim Yehovaya olan sədaqətimizin dərinliyini sübut etməyə imkan yaradır. Onlar bizim «heç bir nöqsanı olmayan, kamil və tam adamlar» olub-olmadığımızı göstərir (Yaqub 1:2-4). Bundan savayı, sınaqların sayəsində biz ruhən inkişaf edirik (Efeslilərə 4:22-24).
9. Nə üçün Müqəddəs Kitab həqiqətlərini şəxsən tədqiq etmək vacibdir? İzah edin.
9 Müqəddəs Kitab həqiqətlərini tədqiq et. Özümüzü tam əsasla Yehovanın xidmətçisi hesab etmək üçün, Allahın Kəlamını yaxşı bilməliyik (Filipililərə 1:9, 10). Yaşından asılı olmayaraq, hər bir məsihçi inandığı şeylərin həqiqətən də Müqəddəs Kitaba əsaslandığına dair özü sübutlar tapmalıdır. Pavel həmimanlılarını təşviq edirdi: «Hər şeyi tədqiq edin; yaxşılığa bağlı olun» (1 Saloniklilərə 5:21). Məsihçi ailələrində tərbiyə alan uşaqlar dərk etməlidirlər ki, sadəcə valideynlərinin imanına bel bağlaya bilməzlər. Davud oğlu Süleymana nəsihət verirdi: «Atanın Allahını tanı, səmimi qəlbdən... Ona qulluq et» (1 Salnamələr 28:9). Gənc Süleymana sadəcə atasının Yehovaya necə xidmət etdiyini müşahidə etmək kifayət deyildi. O, özü şəxsən Yehovanı yaxından tanımalı idi. Və o, belə də davranırdı. Süleyman Allaha yalvarırdı: «Mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim» (2 Salnamələr 1:10).
10. Düzgün niyyətlərdən irəli gələrək, səmimi suallar vermək nəyə görə münasibdir?
10 Möhkəm iman biliyə əsaslanır. Pavel deyirdi: «İman eşitməkdən... olur» (Romalılara 10:17). O nəyi nəzərdə tuturdu? Pavel demək istəyirdi ki, Allahın Kəlamını öyrənməklə, biz Yehovaya, Onun və’dlərinə və təşkilatına olan imanımızı və e’tibarımızı möhkəmləndiririk. Müqəddəs Kitaba dair verdiyimiz səmimi suallar imanımızın həqiqiliyinə bir daha əmin olmaqda bizə kömək edir. Pavel Romalılara 12:2 ayəsində: «Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu» tədqiq etməyi tövsiyə edirdi. Bəs bunu necə edə bilərik? Həqiqət haqqında dəqiq bilik əldə etməklə (Titusa 1:1). Yehovanın ruhu Onun Kəlamının dərinliklərini belə anlamağa kömək edir (1 Korinflilərə 2:11, 12). Əgər nə isə aydın deyilsə, yaxşı olardı ki, kömək üçün Allaha dua edək (Məzmur 119:10, 11, 27). Yehova istəyir ki, biz Onun Kəlamını anlayıb ona e’tibar edək və tabe olaq. O, düzgün niyyətlərdən irəli gələn sualları alqışlayır.
Daim Allahı razı sal
11. a) Hansı təbii istək tələyə çevrilə bilər? b) Bütün cəsarətimizi toplayaraq, həmyaşıdların təzyiqinə qarşı necə dura bilərik?
11 İnsanları deyil, Allahı razı salmağa çalış. Ətrafdakıların xoşuna gəlməyi arzulamaqda pis bir şey yoxdur. Dostlar hər kəsə lazımdır və ətrafdakıların yaxşı münasibəti hər insana xoş gəlir. Yetkin yaşlarında olduğu kimi, gənclik dövründə də həmyaşıdların təzyiqi o qədər güclü ola bilər ki, insanda başqalarının xoşuna gəlmək və özünü onlar kimi aparmaq istəyi aşıb-daşa bilər. Lakin dost və həmyaşıdlarımız hər zaman bizim yaxşılığımızı istəməzlər. Bə’zən onlar hansısa pisliyi etmək üçün özlərinə yoldaş axtarırlar (Süleymanın məsəlləri 1:11-19). Adətən məsihçi kiminsə pis tə’siri altına düşəndə, öz kimliyini gizlətməyə çalışır (Məzmur 26:4). Lakin həvari Pavel xəbərdarlıq edirdi: «Bu zəmanəyə uyğunlaşmayın» (Romalılara 12:2). Ətrafdakıların göstərdiyi təzyiqlə mübarizə aparmağımız üçün, Yehova lazım olan qüvvəni verir (İbranilərə 13:6).
12. Allahla münasibətlərimizi qorumaqda hansı prinsip və nümunə bizə kömək edir?
12 Pis təzyiqlərə qarşı durarkən yadda saxlamaq lazımdır ki, Allaha sadiq qalmaq, cəmiyyətin fikrindən və dünyanın əhval-ruhiyyəsindən daha vacibdir. Çıxış 23:2 ayəsindəki prinsip bizi müdafiə edir: «Şər iş görən izdihama qoşulmayın». İsraillilərin əksəriyyəti Yehovanın verdiyi və’dləri yerinə yetirəcəyinə dair şübhə etdikdə, Kalev çoxluğun dalınca düşməkdən qətiyyətlə imtina etdi. O, Allahın və’dlərinin e’tibarlı olduğuna əmin idi və bunun sayəsində bol xeyir-dua aldı (Saylar 13:30; Yeşua 14:6-11). Bəs sən Allahla olan münasibətini qorumaq üçün çoxluğun rə’yinə zidd getməyə hazırsanmı?
13. Məsihçi olduğunu başqalarına bildirmək nəyə görə müdriklik olardı?
13 Qoy hamı sənin məsihçi olduğunu bilsin. Necə deyərlər, ən yaxşı müdafiə hücumdur. Ezranın günlərində sadiq israillilərə Yehovanın iradəsini yerinə yetirməkdə mane olan zaman, onlar bəyan etdilər: «Biz göylərin və yerin Allahının qullarıyıq» (Ezra 5:11). Düşmən mövqe tutan insanların tə’sirinə altına düşmək olmaz, əks təqdirdə qorxu bizi sərbəst hərəkət etməkdən məhrum edəcək. Hamını razı salmaq istəyən adam heç nəyə nail olmayacaq. Buna görə də, qorxma. Yaxşı olar ki, həmişə başqalarına Yehovanın Şahidi olduğunu bildirəsən. Bir məsihçi kimi sahib olduğun dəyərləri, e’tiqadları və tutduğun mövqeyi hörmətcil surətdə, eyni zamanda mətanətlə izah edə bilərsən. Qoy başqaları bilsin ki, sənin Yehovanın yüksək əxlaq normalarına uyğun yaşamaq qərarın qətidir. Qoy hamı səni bu yoldan döndərməyə cəhd göstərməyin əbəs olduğunu anlasın. Əxlaqca təmiz həyat sürməyinlə fəxr et (Məzmur 64:10). Qəti mövqe tutmağın, sənə kömək və müdafiə olacaq, bu, hətta başqalarını Yehova və Onun xalqı haqqında daha çox öyrənməyə təşviq edə bilər.
14. İstehza və ya müqavimətlərlə üzləşərkən ruhdan düşməyə dəyərmi? İzah edin.
14 Sözsüz ki, kiminsə sənə istehza edəcəyi və ya müqavimət göstərəcəyi də istisna deyil (Yəhuda 18). Əgər öz mövqeni izah etmək cəhdin uğurlu olmamışsa, ruhdan düşmə (Yezekel 3:7, 8). Nə qədər qətiyyətli davransan da, inanmaq istəməyən adam, heç vaxt inanmayacaq. Fir’onu yadına sal. Heç bir cəza və mö’cüzə, hətta ilk uşağını itirməyi belə, onu inandıra bilmədi ki, Musa Yehovanın adından danışırdı. Buna görə də, insanlar qarşısındakı qorxunun səni sarsıtmasına yol vermə. Allaha iman və e’tibarımız qorxunun öhdəsindən gəlməkdə bizə kömək edəcəkdir (Süleymanın məsəlləri 3:5, 6; 29:25).
Keçmişdən öyrən, gələcəyə hazır ol
15, 16. a) Ruhani mirasımız özünə nəyi daxil edir? b) Allahın Kəlamının əsasında öz ruhani mirasımız haqqında dərindən düşünmək nəyə görə faydalıdır?
15 Ruhani mirasını qiymətləndir. Məsihçilərə Allahın Kəlamı əsasında zəngin ruhani mirasları haqqında dərindən düşünmək faydalıdır. Bu mirasa Yehovanın Kəlamının həqiqətləri və əbədi həyat ümidi, həmçinin xoş xəbəri yayaraq Allahın nümayəndəsi olmaq şərəfi daxildir. Sən, Padşahlıq haqqındakı xilasedici təbliğ işində iştirak edən Allahın Şahidlərinin arasında özünü görürsənmi? Unutma ki, Yehova Özü demişdir: «Sizsiniz Mənim şahidlərim» (Yeşaya 43:10).
16 Özündən soruş: «Mən ruhani mirasa görə minnətdarammı? Onu nə dərəcədə qiymətləndirirəm? Allahın iradəsini yerinə yetirmək üçün həyatımda ona başlıca yer ayırırammı? Bu mirasdan ötrü dünyanın təklif etdiyi hər cür həvəsə müqavimət göstərməyə hazırammı?» Ruhani mirasımızın sayəsində, yalnız Yehovanın təşkilatında tapa biləcəyimiz möhkəm ruhani təhlükəsizliyi daha çox hiss edə bilərik (Məzmur 91:1, 2). Yehovanın təşkilatının dərin təəssürat bağışlayan hadisələrlə dolu müasir tarixini nəzərdən keçirərkən əmin ola bilərik ki, heç kim və heç nə Allahın xalqının kökünü yer üzündən tamamilə kəsə bilməz (Yeşaya 54:17; Yeremya 1:19).
17. Sadəcə ruhani mirasdan əlavə daha nə tələb olunur?
17 Əlbəttə, sadəcə ruhani mirasımıza bel bağlamamalıyıq. Özümüz Allahla yaxın münasibət qurmalıyıq. Filipidə yaşayan məsihçilərin inamlarını möhkəmləndirmək üçün sə’ylə çalışan Pavel onlara yazırdı: «Deməli, sevimli qardaşlarım, nəinki mən yanınızda olanda, hətta daha çox indi mən olmayanda, həmişə itaətli olduğunuz kimi, öz xilasınızı başa çatdırmaq üçün qorxu və lərzə ilə hərəkət edin» (Filipililərə 2:12). Xilasımız özümüzdən başqa heç bir kəsdən asılı deyil.
18. Teokratik fəaliyyət özümüzü əsl məsihçi hiss etməyimizə necə kömək edir?
18 Teokratik işlərlə fəal məşğul ol. Təcrübə göstərir ki, «əmək insanı bir şəxsiyyət kimi formalaşdırır». Məsihçilərə Allahın Padşahlığı haqqında xoş xəbəri yaymaq kimi həyati vacib bir tapşırıq həvalə olunub. Pavel deyirdi: «Mən qeyri-yəhudilərə həvari olaraq göndərildiyimə görə, öz xidmətimi izzətli sayıram» (Romalılara 11:13). Təbliğ işi bizi bu dünyadan fərqləndirir və bu işdə fəal iştirakımız əsl məsihçi olduğumuzu sübut edir. Yığıncaq görüşlərində və Padşahlıq Zallarının tikilməsində iştirak etmək, habelə ehtiyacı olanlara kömək göstərmək kimi teokratik işlərlə fəal məşğul olmaq özümüzü əsl məsihçi hiss etməyimizə kömək edir (Qalatiyalılara 6:9, 10; İbranilərə 10:23, 24).
Kim olduğumuzu unutmamaq həqiqi xeyir-dualar gətirir
19, 20. a) Məsihçi olmağın sənə hansı faydanı gətirir? b) Əslində kim olduğumuzu nə müəyyən edir?
19 Məsihçi olduğunun nə qədər fayda və xeyir-dua gətirdiyi üzərində bir an düşün. Məsələn, Yehova bizi şəxsən tanıyır. Malaki peyğəmbər deyirdi: «O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı» (Malaki 3:16). Allah bizə Öz dostları kimi baxır (Yaqub 2:23). Bizim həyatımız mə’na və sağlam məqsədlərlə doludur. Biz həmçinin əbədi gələcək ümidinə malikik (Məzmur 37:9).
20 Unutma ki, sənin kim olduğunu və əsl dəyərini insanlar deyil, Allah Özü müəyyən edir. İnsanlar öz qeyri-kamil nöqteyi-nəzərlərinə əsaslanaraq bizi mühakimə edə bilərlər. Ancaq Allah bizi sevir və qiymətləndirir, çünki biz Ona məxsusuq (Matta 10:29-31). Qarşılıqlı olaraq biz də Allahı sevirik və bu bizim kim olduğumuzu və nə üçün yaşadığımızı aydın dərk etməyimizə kömək edir. «Kim Allahı sevirsə, o adam Onun tərəfindən tanınır» (1 Korinflilərə 8:3).
[Haşiyə]
a Burada Yerusəlim mə’bədində keşikçilərin rəisinin vəzifəsi nəzərdə tutula bilər. Gecə növbəsi zamanı o, mə’bədi gəzir və növbə başında olan Levilinin oyaq durub-durmadığını yoxlayırdı. Yatan keşikçini ağacla döyür, paltarını isə biabırçı cəza xüsusunda yanıra bilərdilər.
Xatırlayırsınızmı?
• Məsihçi olduğumuzu həmişə yadda saxlamaq nəyə görə vacibdir?
• Məsihçi yolunda necə möhkəm dayana bilərik?
• Kimi razı salmaq məsələsini həll edərkən, düzgün qərar qəbul etməkdə bizə nə kömək edər?
• Həyatımız Yehova ilə yaxın münasibətlərdən necə asılıdır?
[17-ci səhifədəki şəkillər]
Teokratik işlərlə məşğul olmağımız özümüzü məsihçi kimi hiss etməyimizə kömək edir.