Məhəbbət olmayan dünyada dostluğu qoruyun
«Bir-birinizi sevəsiniz deyə bu şeyləri sizə əmr edirəm» (YƏH. 15:17).
1. Nəyə görə birinci əsrdə yaşayan məsihçilər aralarındakı yaxın dostluğu qorumalı idilər?
YERÜZÜ həyatının sonuncu gecəsində İsa sadiq şagirdlərini aralarındakı dostluğu qorumağa səslədi. Bir qədər əvvəl isə o, şagirdlərinə demişdi ki, aralarındakı məhəbbət sayəsində onun davamçısı olduqları aydın görünəcək (Yəh. 13:35). Gələcəkdə onları gözləyən sınaqlara tab gətirmək və İsanın tezliklə onlara verəcəyi tapşırığı yerinə yetirmək üçün həvarilər yaxın dostluqlarını qorumalı idilər. Birinci əsrdə yaşayan məsihçilər Allaha və bir-birlərinə olan sarsılmaz məhəbbətləri ilə tanınırdılar.
2. a) Biz nəyə qəti qərarlıyıq və nəyə görə? b) Hansı sualları nəzərdən keçirəcəyik?
2 Bu gün erkən məsihçilərin qoyduğu nümunə ilə gedən ümumdünya təşkilatının üzvü olmaq necə də xoşdur! Biz İsanın bir-birimizə səmimi məhəbbət göstərmək əmrinə riayət etməyə qəti qərarlıyıq. Lakin son günlərdə insanların əksəriyyəti xain və şəfqətsizdir (2 Tim. 3:1-3). Adətən, belə insanların dostluğu səthi olur və onlar yalnız öz mənfəətlərini güdürlər. Bundan sonra da həqiqi məsihçi olduğumuzu göstərmək üçün bu cür düşüncə tərzinə uymamalıyıq. Buna görə də gəlin növbəti sualların üzərində düşünək: yaxşı dostluq nəyə əsaslanır? Biz yaxşı dostları necə tapa bilərik? Hansı hallarda dostluğa son qoymalıyıq? Əsil dostluğu qorumaq necə mümkündür?
Yaxşı dostluq nəyə əsaslanır?
3, 4. Möhkəm dostluğun əsasını nə təşkil edir və nəyə görə?
3 Möhkəm dostluq Yehovaya məhəbbətin əsasında qurulur. Süleyman padşah yazmışdır: «Əgər bir nəfər tək qalıb məğlub olarsa, iki nəfər hücuma tab gətirə bilər. Üçqat ip tez qırılmaz» (Vaiz 4:12). Əgər dostluğumuzda üçüncü ip Yehovadırsa, belə dostluq davamlı olacaq.
4 Düzdür, Yehovanı sevməyən insanların arasında da yaxşı dostluq ola bilər. Lakin əgər insanların dostluğunun əsasını Allaha məhəbbət təşkil edərsə, onların dostluğu sarsılmaz olacaq. Anlaşılmazlıqlar yarananda əsil dostlar bir-biri ilə Yehovaya məqbul tərzdə davranacaqlar. Allahın düşmənləri Onun xalqı arasında nifaq salmağa çalışanda həqiqi məsihçilərin arasındakı dostluğun sarsılmaz olduğunu görürlər. Tarix boyunca Yehovanın xidmətçiləri bir-birlərini ələ verməmək üçün ölümə belə getməyə hazır olmuşlar. (1 Yəhya 3:16 ayəsini oxu.)
5. Rutla Naominin dostluğu nəyə görə möhkəm idi?
5 Əlbəttə, bizə ən böyük məmnunluğu Yehovanı sevənlərlə dostluq etməyimiz gətirə bilər. Gəlin Rut və Naominin nümunəsinə nəzər salaq. Onların dostluğu Müqəddəs Kitabda qeydə alınan ən gözəl dostluq nümunələrindən biridir. Nəyin sayəsində onların dostluğu belə möhkəm və davamlı idi? Görün, Rut Naomiyə nə deyir: «Xalqın xalqım olacaq, Allahın Allahım. [...] Əgər ölümdən başqa bir şey məni səndən ayırarsa, qoy Rəbb mənə beləsini və bundan betərini etsin» (Rut 1:16, 17). Görünür, Rut və Naomi Allaha dərin məhəbbət bəsləyir və yol verirdilər ki, bu məhəbbət onların münasibətlərində öz əksini tapsın. Nəticədə, hər iki qadın Yehovanın xeyir-duasını aldı.
Yaxşı dostları necə tapa bilərik?
6-8. a) Möhkəm dostluq üçün nə tələb olunur? b) Kiminləsə dost olmaq üçün təşəbbüsü öz əlinə necə götürə bilərsən?
6 Rutla Naominin nümunəsi göstərir ki, yaxşı dostluq təsadüfən yaranmır. Dostluğun əsasını hər iki tərəfin Yehovaya olan məhəbbəti təşkil edir. Lakin möhkəm dostluq böyük səy və fədakarlıq tələb edir. Ailəlikcə Yehovaya xidmət edən uşaqlara belə dostluq münasibəti qurmaq üçün səy göstərmək lazımdır. Belə isə, yaxşı dostluq qurmaq üçün nə gərəkdir?
7 Təşəbbüs göstərin. Həvari Pavel Roma yığıncağındakı dostlarını təşviq edirdi ki, onlar ‘qonaqpərvər olmağa can atsınlar’ (Rom. 12:13). Deməli, yaxşı dostlar qazanmaq üçün hər imkandan istifadə edərək qonaqpərvərlik göstərmək lazımdır. Heç kim bizim yerimizə qonaqpərvərlik göstərən deyil. (Süleymanın məsəlləri 3:27 ayəsini oxu.) Qonaqpərvərlik göstərmək üçün yığıncaqdan başqa-başqa bacı-qardaşları evimizə qonaq dəvət etmək olar. Müntəzəm olaraq yığıncağımızın üzvlərini evimizə qonaq dəvət etməyi qarşımıza məqsəd qoya bilərikmi?
8 Təşəbbüs göstərməyin daha bir üsulu ayrı-ayrı bacı-qardaşlarla təbliğə yazılmaqdır. Qapı ağzında dayanıb əməkdaşının Yehovaya olan məhəbbəti haqqında şövqlə danışdığını eşidəndə, təbii ki, özünü ona daha yaxın hiss edəcəksən.
9, 10. Pavel hansı nümunəni qoyub və biz onu necə təqlid edə bilərik?
9 Ürəyinizi məhəbbət üçün açın. (2 Korinflilərə 6:12, 13 ayələrini oxu.) Yığıncaqda dostluq edə biləcək bir nəfərin belə olmadığını düşündüyün hallar olubmu? Bəlkə, sənin dostluğa dair tələblərin çox yüksəkdir? Həvari Pavel ürəklərimizi məhəbbət üçün açmağa dair gözəl nümunə qoyub. Vaxt var idi, o, qeyri-yəhudilərlə yaxın dost olacağını ağlına belə gətirməzdi. Bununla belə, o, ‘qeyri-yəhudilərə həvari olaraq göndərildi’ (Rom. 11:13).
10 Üstəlik, Pavel təkcə özü yaşda olanlarla dostluq etmirdi. Misal üçün, aralarındakı böyük yaş fərqinə və müxtəlif mənşəli olmalarına baxmayaraq, Timoteylə o, yaxın dost olmuşdu. Bu gün bir çox gənclər yığıncaqlarındakı yaşlı nəslin nümayəndələri ilə dostluqlarını çox qiymətləndirirlər. 20 yaşlarında olan Vanessa deyir: «Mənim yaşı 50-dən çox olan bir rəfiqəm var. Yaşıdım olan rəfiqələrimə deyə bildiyim hər şeyi ona da deyə bilirəm. Və o da mənə çox qayğı göstərir». Onlar necə dost olmuşlar? Vanessa davam edir: «Mən bu dostluq naminə böyük qüvvə sərf etmişəm». Bəs sən özündən böyüklərlə dost olmaq istəyirsənmi? Yehova sənin səyini mütləq xeyir-dualandıracaq.
11. Yonatanla Davudun nümunəsindən nə öyrənə bilərik?
11 Sadiq olun. «Dost hər zaman sevər, qardaş dar gün üçün doğulur» (Sül. məs. 17:17). Süleyman bu sözləri yazanda, yəqin, atası Davudla Yonatan arasındakı dostluğu nəzərdə tuturdu (1 Şam. 18:1). Şaul padşah oğlu Yonatanın İsrail taxtını miras almasını istəyirdi. Ancaq Yonatan Yehovanın bu şərəfə Davudu layiq gördüyünü etiraf edirdi. Şauldan fərqli olaraq, Yonatan Davuda paxıllıq etmirdi. Başqaları Davudu tərifləyəndə o nə inciyir, nə də Şaulun Davuda atdığı böhtanlara inanırdı. (1 Şam. 20:24-34). Biz də Yonatan kimi davranırıqmı? Dostlarımız yığıncaqda təyinatlar alanda biz onlar üçün sevinirikmi? Dara düşəndə onlara təsəlli verib, dayaq dururuqmu? Kimsə dostumuzun arxasınca pis danışanda dərhal inanırıqmı? Yoxsa, Yonatan kimi, dostumuzu müdafiə edirik?
Dostluğa nə zaman son qoymaq lazımdır?
12-14. Müqəddəs Kitabı öyrənənlərdən bəziləri hansı çətinliklə üzləşir və biz onlara necə kömək edə bilərik?
12 Müqəddəs Kitabı öyrənən adam həyat tərzini dəyişməyə başlayanda o, dostluqla bağlı çətinliklər yaşaya bilər. Ola bilsin, onun Müqəddəs Kitabın əxlaq normalarına müvafiq yaşamayan çox sevdiyi dostları var. Ehtimal ki, o, əvvəllər onlarla tez-tez vaxt keçirir və ünsiyyət edirdi. İndi isə o, dostlarının məşğuliyyətlərinin ona pis təsir edə biləcəyini görür və hiss edir ki, onlarla ünsiyyəti məhdudlaşdırmalıdır (1 Kor. 15:33). Bununla belə, onlarla əlaqəni kəssə, onlara xəyanət etmiş olacağını düşünür.
13 Əgər sənin də belə bir çətinliyin varsa, unutma ki, sənin yaxşılığa doğru dəyişməyə çalışdığını görən əsil dostların çox sevinəcək, hətta, ola bilsin, səninlə birlikdə onlar da Yehova haqqında öyrənmək istəyəcəklər. Digər tərəfdən isə, saxta dostların onlarla birgə ‘eyni pozğunluq selinə atılmadığın’ üçün səni ‘söyəcəklər’ (1 Pet. 4:3, 4). Əslində isə, sən onlara yox, onlar sənə xəyanət edirlər.
14 Müqəddəs Kitabı öyrənən insanın Allahı sevməyən dostları onu tərk edəndə yığıncağın üzvləri bu boşluğu doldura bilər (Qalat. 6:10). Yığıncağa gələn maraqlananlarla şəxsən tanışsanmı? Sən onlarla ünsiyyət edirsənmi?
15, 16. a) Əgər dostumuz Yehovaya xidmətə son qoyursa, biz buna necə reaksiya verməliyik? b) Allahı sevdiyimizi necə sübut edə bilərik?
15 Bəs əgər Yehovadan üz döndərdiyi üçün dostunu yığıncaqdan kənar etmək lazım gələrsə, onda necə? Bu, bizə ürəkağrısı verə bilər. Bir bacı Yehovaya xidmət etməyə son qoyan yaxın rəfiqəsini xatırlayaraq deyir: «Bu xəbəri eşidəndə, sanki, daxilimdə nə isə öldü. Mənə elə gəlirdi ki, o, həqiqətdə möhkəmdir, əslində, bu, belə deyilmiş. Sən demə, o, Yehovaya ailəsinin xatirinə xidmət edirmiş. Mən öz motivlərimə yenidən nəzər salmağa başladım: mən Yehovaya düzgün niyyətləmi xidmət edirəm?» Bacı bu vəziyyətin öhdəsindən necə gəldi? O deyir: «Mən öz yükümü Yehovanın üzərinə qoydum. Yehovanı təşkilatında mənə dost tapmağa kömək etdiyi üçün yox, necə Allah olduğuna görə Onu sevdiyimi göstərmək qərarına gəldim».
16 Əgər biz dünya ilə dost olmağı seçmişiksə, çətin ki, Allahla dostluğumuz uzun çəksin. Şagird Yaqub yazmışdır: «Məgər bilmirsiniz ki, dünya ilə dostluq Allaha qarşı düşmənçilikdir? Deməli, kim dünyaya dost olmaq istəyirsə, özünü Allahın düşməni edir» (Yaq. 4:4). Allaha olan məhəbbətimizi Onun dost itkisinə tab gətirməkdə bizə kömək edəcəyinə etibar etməklə göstərə bilərik. Bu yalnız Ona sadiq qaldığımız təqdirdə mümkündür. (Məzmur 18:25 ayəsini oxu.) Yuxarıda haqqında danışılan bacı sözlərinə belə yekun vurur: «Mən başa düşdüm ki, heç kimi Yehovanı və ya bizi sevməyə məcbur edə bilmərik. Çünki bu, hər kəsin şəxsi seçimidir». Bəs Allaha sadiq qalan insanlarla dostluğumuzu necə qoruyub saxlaya bilərik?
Yaxşı dostluğu necə qorumaq olar?
17. Yaxşı dostlar bir-birilə necə danışır?
17 Dostluğu yaxşı ünsiyyət yaşadır. Rut və Naomi, Davud və Yonatan, Pavel və Timotey barədə oxuyanda görürük ki, yaxşı dostlar bir-birilə sərbəst, lakin hörmətcil tərzdə danışır. Başqaları ilə necə ünsiyyət etməli olduğumuza dair Pavel yazır: «Qoy sözünüz həmişə nəvazişli olsun». Burada Pavel xüsusilə «xaricdəkilərlə», yəni məsihçi olmayanlarla necə danışmalı olduğumuzu qeyd edir (Kolos. 4:5, 6). Əgər imanımıza şərik olmayanlarla hörmətcil tərzdə danışmalıyıqsa, onda yığıncaqdakı dostlarımızla belə danışmalı olduğumuz nə qədər yəqindir!
18, 19. Məsihçi dostumuzdan aldığımız hər bir məsləhətə necə münasibət göstərməliyik və Efes yığıncağının ağsaqqalları bizim üçün hansı nümunəni qoymuşlar?
18 Yaxşı dostlar bir-birinin fikrini qiymətləndirir, buna görə də onların ünsiyyəti səmimi və xoş olur. Müdrik padşah Süleyman yazmışdır: «Gözəl ətir və buxurun ürəyə verdiyi ləzzət kimi dostun nəsihəti də insana xoş gələr» (Sül. məs. 27:9). Dostunun verdiyi hər bir məsləhəti sən də bu cür qəbul edirsənmi? (Məzmur 141:5 ayəsini oxu.) Dostun sənin hansısa hərəkətinə görə narahatçılığını bildirəndə sən necə reaksiya göstərirsən? Sən bunu onun xeyirxahlığının təzahürü kimi qəbul edirsən, yoxsa dərhal inciyirsən?
19 Həvari Pavel Efes yığıncağının ağsaqqalları ilə yaxın dost idi. Görünür, Pavel onlardan bəzilərini imana təzə gəldikləri vaxtdan tanıyırdı. Amma sonuncu dəfə onlarla görüşəndə bir neçə açıq-aydın məsləhət verdi. Onlar buna necə münasibət göstərdilər? Bu, onun dostlarının xətrinə dəymədi. Əksinə, bunu çox qiymətləndirdilər və bir daha onu görməyəcəklərini eşidəndə hətta ağladılar (Həv. iş. 20:17, 29, 30, 36-38).
20. Əsil dost necə davranacaq?
20 Yaxşı dost müdrik məsləhəti qəbul etməklə yanaşı, məsləhət verməyi də bacarır. Əlbəttə, biz ehtiyatlı olmalıyıq ki, başqalarının işinə qarışmayaq (1 Salon. 4:11). Biz həmçinin başa düşməliyik ki, «hər birimiz özü üçün Allaha hesabat verəcəkdir» (Rom. 14:12). Lakin yeri gələndə, əsil dost Yehovanın normalarını xeyirxahlıqla yoldaşına xatırladacaq (1 Kor. 7:39). Məsələn, subay dostunun məsihçi olmayan insanla yaxın münasibət qurduğunu biləndə nə edəcəksən? Dostunun xətrinə dəyməkdən qorxaraq öz narahatçılığını gizlədəcəksən? Bəs birdən dostun məsləhətini rədd etsə, onda necə? Əsil dost qayğıkeş çobanlara müraciət edəcək ki, onlar onun səhv addım atan dostuna kömək etsinlər. Bu cür addım cəsarət tələb edir. Lakin Yehovaya məhəbbətə əsaslanan dostluğa zərər dəysə də, bu, uzun sürməyəcək.
21. Bəzən hansı səhvə yol verə bilərik, lakin yığıncaqda möhkəm dostluq tellərini qorumaq nəyə görə vacibdir?
21 Koloslulara 3:13, 14 ayələrini oxu. Bəzən dostlarımızın bizdən ‘şikayət’ etməsinə səbəbkar özümüz oluruq. Onlar da söz və ya hərəkətləri ilə bizim xətrimizə dəyə bilərlər. «Hamımız çox səhv edirik»,— deyə Yaqub yazır (Yaq. 3:2). Lakin dostluğun güclü olması bir-birimizə qarşı nə qədər günah işlətməyimizdən yox, nə dərəcədə tam bağışlamağımızdan asılıdır. Bir-birimizlə səmimi ünsiyyət etməklə və ürəkdən bağışlamaqla dostluğumuzu möhkəmləndirmək necə də vacibdir! Bu cür məhəbbətin təzahürü «kamil birliyin bağı» olacaq.
Necə cavab verərdiniz?
• Yaxşı dostları necə tapa bilərik?
• Dostluğa nə zaman son qoymaq lazımdır?
• Möhkəm dostluğu qorumaq üçün nə etməliyik?
[18-ci səhifədəki şəkil]
Rut və Naominin möhkəm dostluğu nəyə əsaslanmışdı?
[19-cu səhifədəki şəkil]
Daim qonaqpərvərlik göstərirsənmi?