«Bütün adamlarla sülhdə olun»
«Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun» (ROM. 12:18).
1, 2. a) İsa davamçılarını nə barədə xəbərdar etmişdi? b) Təqiblərə necə münasibət göstərməyə dair məsləhətləri haradan tapa bilərik?
İSA davamçılarını xəbərdar etmişdi ki, onlar bütün dünya xalqları tərəfindən təqib olunacaqlar. Ölümündən əvvəlki gecə o, bunun səbəbini belə izah etmişdi: «Əgər dünyadan olsaydınız, dünya ondan olanı sevərdi. Halbuki dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim; bunun üçün dünya sizə nifrət edir» (Yəh. 15:19).
2 Həvari Pavel bu sözlərin həqiqiliyinə öz təcrübəsində əmin olmuşdu. Pavel gənc əməkdaşı Timoteyə ikinci məktubunda yazır: ‘Sən mənim təlim, davranış, məqsəd, iman, səbir, məhəbbət, təhəmmül, təqib və iztirablarımın izi ilə getdin’. Sonra isə əlavə edir: «Allah yolunda Məsih İsaya bağlı olaraq yaşamaq istəyənlərin hamısı da təqibə məruz qalacaqdır» (2 Tim. 3:10-12). Romadakı məsihçilərə yazdığı məktubunun 12-ci fəslində Pavel təqiblərə necə münasibət göstərməyə dair onlara müdrik məsləhətlər vermişdi. Onun sözləri son günlərdə yaşayan bizlər üçün rəhbərlikdir.
«Yaxşı şeylərə diqqət yetirin»
3, 4. Romalılara 12:17 ayəsini a) dini cəhətdən bölünmüş ailədə, b) qonşularla münasibətdə necə tətbiq etmək olar?
3 Romalılara 12:17 ayəsini oxu. Pavel izah edir ki, ədavətlə üzləşəndə əvəzini çıxmağa çalışmamalıyıq. Onun məsləhətinə xüsusilə də dini cəhətdən bölünmüş ailələrdə əməl etmək vacibdir. Məsihçi həyat yoldaşına cavab qaytarmaq və əvəzində onunla pis rəftar etmək istəyi ilə mübarizə aparmalıdır. «Pislik əvəzinə pislik etməyin» nəticəsi yaxşı olmur. Əksinə, bu cür davranış vəziyyəti daha da gərginləşdirə bilər.
4 «Bütün insanların qarşısında yaxşı şeylərə diqqət yetirin»,— deməklə Pavel daha yaxşı yol təklif edir. Əri onun imanı haqqında xoşagəlməz fikir söyləyəndə belə ona xeyirxah münasibət göstərməyə davam edən qadın gərginliyi azalda bilər (Sül. məs. 31:12). Hal-hazırda Bet-El ailəsinin üzvü olan Karlos, atasının güclü müqavimətlərinə baxmayaraq, anasının xeyirxah qalıb evə necə qayğı göstərdiyi haqda danışır: «O, həmişə bizə atamıza hörmət göstərməyi öyrədirdi. O hətta məndən tələb edirdi ki, atamla birgə xoşlamadığım bir oyunu oynayım. Oyundan sonra atamın kefi açılırdı». Nəhayətdə, Karlosun atası Müqəddəs Kitabı öyrənməyə başladı və vəftiz oldu. ‘Bütün insanların qarşısında yaxşı şeylərə diqqət yetirməyə’ gəldikdə isə, Yehovanın Şahidləri fəlakətlər zamanı qonşularına yardım etməklə çox vaxt qərəzli münasibəti aradan qaldırırlar.
«Yanan kömür» ilə müqavimətlərin öhdəsindən gəlin
5, 6. a) Düşmənlərin başına «yanan kömür» yığmaq nə deməkdir? b) Romalılara 12:20 ayəsində yazılan məsləhətə riayət etməyin yaxşı nəticələr gətirdiyini göstərən bir nümunə danışın.
5 Romalılara 12:20 ayəsini oxu. Pavel bu ayəni yazarkən, şübhəsiz ki, Süleymanın məsəlləri 25:21, 22 ayəsindən sitat gətirirdi: «Düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki başına köz tökərsən, bunun əvəzini Rəbdən alarsan». «Romalılara məktub»un 12-ci fəslinin kontekstini nəzərə alsaq, çətin ki Pavel məcazi kömürləri bizə düşmən kəsilənləri cəzalandırmaq və ya rüsvay etmək məqsədilə istifadə etməli olduğumuzu demək istəyirdi. Əksinə, görünür, bu məsəldə və Pavelin romalılara verdiyi məsləhətdə keçmişdə filizin necə əridilməsinə işarə edilir. XIX əsrdə yaşamış ingilis alimi Çarlz Brices qeyd etmişdir: «Çətin əriyən metalın yalnız altına yox, üstünə də odlu köz yığ. Çox az daşürəkli adam tapılar ki, səbirin, fədakarlığın və alışıb-yanan məhəbbətin gücü ona təsir etməsin».
6 Xeyirxah əməllərimiz bizə müqavimət göstərənlərin ürəyini, «yanan kömür» kimi, yumşalda bilər və hətta, ola bilsin, düşmənçiliyi aradan qaldırar. Xeyirxah işlər insanların Yehovanın xidmətçilərinə və onların təbliğ etdiyi xəbərə daha yaxşı münasibət göstərməsinə təsir edə bilər. Həvari Peter yazmışdı: «İman gətirməyənlər arasında müsbət həyat sürün ki, pislikedənlərmişsiniz kimi sizə iftira atsalar da, xeyirli işlərinizi görüb, Allahın onlara yaxınlaşdığı gündə, Ona izzət versinlər» (1 Pet. 2:12).
«Bütün adamlarla sülhdə olun»
7. İsa şagirdlərinə hansı sülhü qoymuşdur və bu sülh bizə necə təsir etməlidir?
7 Romalılara 12:18 ayəsini oxu. İsa həvariləri ilə keçirdiyi sonuncu axşam onlara dedi: «Aranızda sülh qoyub gedirəm; sizə Öz sülhümü verirəm» (Yəh. 14:27). Məsihin şagirdlərinə qoyub getdiyi sülh onların Yehova Allah və Onun sevimli Oğlu tərəfindən sevilib rəğbət qazandıqlarını bilməkdən irəli gələn qəlb rahatlığıdır. Bu daxili sülh bizi başqaları ilə əmin-amanlıq içində yaşamağa təşviq etməlidir. Həqiqi məsihçilər sülh yaradan və sülhsevərdirlər (Mat. 5:9).
8. Evdə və yığıncaqda sülhü necə yarada bilərik?
8 Ailə daxilində sülh yaratmağın üsullarından biri fikir ayrılıqlarını mümkün qədər tez həll etməkdir (Sül. məs. 15:18; Efes. 4:26). Bunu məsihçi yığıncağına da şamil etmək olar. Həvari Peter sülhə can atmaqla dili saxlamağın arasında əlaqə olduğunu göstərir (1 Pet. 3:10, 11). Yaqub da dildən düzgün istifadə etməyə, qısqanclıqdan və mübahisələrdən qaçınmağa dair ciddi məsləhət verdikdən sonra yazır: «Yuxarıdan nazil olan hikmət əvvələn safdır, sonra da sülhpərvər, mülayim, itaətkar, mərhəmətli və xeyirli bəhrə ilə dolu, qərəzsiz və riyasızdır. Salehliyin bəhrəsi də sülh yaradanlar üçün sülh içində əkilir» (Yaq. 3:17, 18).
9. «Bütün adamlarla sülhdə» olmağa çalışarkən nəyi yadda saxlamalıyıq?
9 Pavel Romalılara 12:18 ayəsində təkcə ailədə və yığıncaqda deyil, həm də ‘bütün adamlarla sülhdə olmalı’ olduğumuzun vacibliyini vurğulayır. Bütün adamlar dedikdə, qonşular, iş və məktəb yoldaşları, eləcə də təbliğdə qarşılaşdığımız insanlar nəzərdə tutulur. Ancaq o: «Mümkünsə, əlinizdən gəldiyi qədər»,— deməklə məsləhətinə dəqiqlik gətirir. Bu o deməkdir ki, ‘bütün adamlarla sülhdə olmaq’ üçün əlimizdən gələni etməliyik, lakin bir şərtlə ki, Allahın ədalətli prinsiplərindən kənara çıxmayaq.
Qisas Yehovanındır
10, 11. Pavel Romalılara 12:19 ayəsində hansı məsləhəti verir və bu, nəyə görə münasibdir?
10 Romalılara 12:19 ayəsini oxu. Hətta fəaliyyətimizə və xoş xəbərimizə ‘zidd gedənlərlə’, eləcə də qatı düşmənlərimizlə «həlimliklə» davranaraq ‘haqsızlıqlara tab gətirməliyik’ (2 Tim. 2:23-25). Pavel məsihçilərə qisas almamağı, lakin ‘Allahın qəzəbinə yol verməyi’ məsləhət görür. Biz, bir məsihçi kimi, bilirik ki, qisas almaq ixtiyarı bizə verilməyib. Məzmurçu yazırdı: «Qəzəbi at, hiddətdən çəkin, narahat olma, bunlar insanı şərə salar» (Məz. 37:8). Eyni zamanda Süleyman da məsləhət edir: «Demə “bu pisliyin əvəzini çıxacağam” Rəbbi gözlə, qoy O səni xilas etsin» (Sül. məs. 20:22).
11 Əleyhdarlarımız bizə xətər yetirəndə yaxşı olardı ki, bunu Yehovanın öhdəsinə buraxaq. O, münasib bildiyi vaxtda onları mütləq cəzalandıracaq. Pavel əlavə edir: «Çünki yazılmışdır: “Rəbb deyir: Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”». (Qanunun təkrarı 32:35 ayəsi ilə müqayisə et.) Əgər qisas almağa çalışırıqsa, yalnız Yehovanın ixtiyarı çatdığı bir işi üzərimizə götürərək özümüzə arxayın davranmış oluruq. Üstəlik, Yehovanın: «Əvəzini Mən verəcəyəm» vədinə etibar etmədiyimizi göstəririk.
12. Yehovanın qəzəbi nə vaxt və necə izhar olunacaq?
12 Pavel romalılara məktubunun əvvəlində deyir: «Həqiqəti haqsızlığa əsir edən insanların hər cür allahsızlıq və haqsızlığına qarşı Allahın qəzəbi göydən kəşf olunur» (Rom. 1:18). Yehovanın qəzəbi ‘böyük məşəqqətdə’ Oğlu vasitəsilə göydən izhar olunacaq (Vəhy 7:14). Pavelin başqa məktubunda yazdığı kimi, bu, «Allahın adil hökmünün» sübutu olacaq: «Sizə əzab verənlərə əzabla, və əzab çəkən sizlərə bizimlə birlikdə rahatlıqla əvəzini vermək Allah önündə doğru işdir. Bu, Rəbb İsanın qüdrətli mələkləri ilə alovlu atəş içərisində göydən zühur etdiyi zaman olacaqdır. Rəbbimiz İsa Məsih Allahı tanımayan və Özü barəsindəki Müjdəyə itaət etməyənlərə cəza verəcəkdir» (2 Salon. 1:5-8).
Pisliyə yaxşılıq ilə qalib gəlin
13, 14. a) Müqavimətlərlə qarşılaşanda nəyə görə təəccüblənmirik? b) Bizi təqib edənlərə necə xeyir-dua verə bilərik?
13 Romalılara 12:14, 21 ayələrini oxu. Yehovanın Öz iradəsini yerinə yetirəcəyinə tam əmin olaraq bütün gücümüzü bizə verilən tapşırığa — «Səltənət haqqında olan... müjdə»ni «bütün dünyada» təbliğ etməyə yönəldə bilərik (Mat. 24:14). Biz bilirik ki, İsanın xəbərdarlıq etdiyi kimi, məsihçi fəaliyyətimiz düşmənlərin qəzəbinə səbəb olacaq. O demişdi: «Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcəklər» (Mat. 24:9). Buna görə də müqavimətlərlə üzləşəndə biz təəccüblənmir və ya ruhdan düşmürük. Həvari Peter yazırdı: «Sevimlilərim, sanki başınıza qəribə bir iş gəlirmiş kimi, aranızda baş verib, sizi sınamaq üçün olan odlu imtahana təəccüb etməyin. Lakin Məsihin ələmlərində iştirak etdiyinizə görə sevinin ki, Onun izzətinin zühurunda böyük şənliklə sevinəsiniz» (1 Pet. 4:12, 13).
14 Bizi təqib edənlərə nifrət bəsləməkdənsə, onlardan bəzilərinin bilmədən belə davrandıqlarını nəzərə alaraq onlara təbliğ etməyə çalışmalıyıq (2 Kor. 4:4). Eyni zamanda, çalışmalıyıq ki, Pavelin növbəti məsləhətinə riayət edək: «Sizi təqib edənlərə xeyir-dua edin; lənət deyil, xeyir-dua edin» (Rom. 12:14). Əleyhdarlarımıza xeyir-dua verməyin üsullarından biri onlar üçün dua etməkdir. İsa Dağüstü təbliğində demişdi: «Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin. Sizə lənət oxuyanlara xeyir-dua verin və sizə əziyyət verənlər üçün dua edin» (Luka 6:27, 28). Həvari Pavel şəxsi təcrübəsindən bilirdi ki, məsihçiləri təqib edənlərdən kimsə bir gün Məsihin sadiq şagirdi və Yehovanın qeyrətli xidmətçisi ola bilər (Qalat. 1:13-16, 23). Digər məktubunda Pavel qeyd edir: «Bizi söyürlər, biz xeyir-dua veririk; bizi qovurlar, biz tab gətiririk; bizə iftira atırlar, biz yumşaq cavab veririk» (1 Kor. 4:12, 13).
15. Pisliyə yaxşılıqla qalib gəlməyin ən yaxşı üsulu hansıdır?
15 Beləliklə, həqiqi məsihçilər Romalılara 12-ci fəslin son ayəsində yazılanlara riayət edirlər: «Pisliyə məğlub olma, pisliyə yaxşılıq ilə qalib gəl». Bütün pisliklərin kökündə Şeytan İblis durur (Yəh. 8:44; 1 Yəh. 5:19). Həvari Yəhyaya nazil olan vəhydə İsa açıqlayır ki, onun məsh olunmuş qardaşları Şeytana ‘Quzunun qanı vasitəsilə və şəhadət etdikləri təbliğ ilə qalib gəlirlər’ (Vəhy 12:11). Bu, onu göstərir ki, Şeytana və onun pis təsiri altında olan dünyaya yaxşılıqla qalib gəlməyin ən yaxşı üsulu Padşahlıq haqqında xoş xəbəri təbliğ etməkdir.
«Ümidlə sevinin»
16, 17. «Romalılara məktub»un 12-ci fəslindən a) həyatımızı nəyə sərf etməli; b) həmimanlılarımızla necə davranmalı; c) əleyhdarlarımıza necə münasibət göstərməli olduğumuza dair nə öyrəndik?
16 Pavelin Romadakı məsihçilərə yazdığı məktubun 12-ci fəslinə qısaca nəzər salmağımız bizə çox şeyi xatırlatdı. Öyrəndik ki, Yehovanın həsr olunmuş xidmətçiləri kimi, biz qurbanlar gətirməyə hazır olmalıyıq. Allahın ruhu ilə hərəkətə gətirilərək biz bu qurbanları könüllü olaraq təqdim edirik, çünki ağılla götür-qoy etməyin sayəsində bunun Allahın iradəsi olduğunu dərk etmişik. Biz ruhən alışıb-yanır və aldığımız müxtəlif ənamlardan səylə istifadə edirik. Biz məsihçi birliyimizi qorumaq üçün əlimizdən gələni edərək Allahımıza təvazökarlıqla xidmət edirik. Həmçinin qonaqpərvər olmağa can atır və səmimi şəfqət hissi göstəririk.
17 Həmçinin «Romalılara məktub»un 12-ci fəslində müqavimətlərlə üzləşərkən necə davranmalı olduğumuza dair çoxlu məsləhətlər verilir. Biz heç vaxt pisliyə pisliklə cavab verməməliyik, müqavimətlərin öhdəsindən xeyirxahlıqla gəlməyə çalışmalıyıq. Müqəddəs Kitab prinsiplərindən kənara çıxmamaq şərti ilə, əlimizdən gəldiyi qədər hamı ilə sülh içində yaşamağa çalışmalıyıq. Bu məsləhət ailədə, yığıncaqda, qonşularla münasibətdə, işdə, məktəbdə və təbliğ xidmətində tətbiq olunandır. Hətta açıq ədavətlə üzləşsək belə, qisasın Yehovaya məxsus olduğunu yadda saxlayaraq pisliyə yaxşılıqla qalib gəlməyə çalışmalıyıq.
18. Romalılara 12:12 ayəsində hansı üç məsləhət verilir?
18 Romalılara 12:12 ayəsini oxu. Bütün bu müdrik və praktiki məsləhətlərdən əlavə, Pavel daha üç məsləhət verir. Onun verdiyi məsləhətlərə Yehovanın köməyi olmadan riayət etmək mümkün olmadığı üçün Pavel bizə «duada mətanətli» olmağı məsləhət görür. Bu, bizə onun «sıxıntıya dözümlü» olmaq məsləhətinə riayət etməyə kömək edəcək. Və nəhayət, biz fikrimizi Yehovanın gələcəyə dair verdiyi vədlərə yönəltməli, göydə və ya yer üzündə əbədi həyat ‘ümidinə sevinməliyik’.
Təkrar üçün suallar
• Təqiblərə necə münasibət göstərməliyik?
• Hansı sahələrdə sülh yaratmağa çalışmalıyıq və necə?
• Nəyə görə qisas almamalıyıq?
[8-ci səhifədəki şəkil]
Qonşularımıza əl tutmaq qərəzli fikirləri aradan qaldıra bilər
[9-cu səhifədəki şəkil]
Yığıncaqda sülh yaratmağa çalışırsanmı?