«Heç kimə pislik əvəzinə pislik etməyin»
«Heç kimə pislik əvəzinə pislik etməyin, lakin bütün insanların qarşısında yaxşı şeylərə diqqət yetirin» (ROMALILARA 12:17).
1. Bu gün insanlar adətən necə hərəkət edirlər?
ADƏTƏN bacısı və ya qardaşı uşağı itələyəndə o, dərhal əvəzini qaytarır. Əfsuslar olsun ki, əvəz çıxmaq yalnız uşaqlara xas deyil, bir çox böyüklər də belə davranır. Kimsə onların xətrinə dəyəndə onlar da acıq çıxmaq istəyirlər. Düzdür, çoxları xətrlərinə dəyən adamı doğrudan götürüb itələmir, ancaq əl altından onun əvəzini çıxır. Ola bilsin, inciyən şəxs həmin adam haqqında şayiələr yayır və ya ayağının altını qazımağa başlayır. Onun məqsədi birdir — necə olursa-olsun əvəzini qaytarsın.
2. a) Nəyə görə həqiqi məsihçilər pislik əvəzinə pislik etmirlər? b) Biz hansı sualları və Müqəddəs Kitabın hansı fəslini araşdıracağıq?
2 Cəmiyyət əvəz çıxmaq meylinə yoluxsa da, həqiqi məsihçilər ona uymamağa çalışırlar. Onlar həvari Pavelin «heç kimə pislik əvəzinə pislik etməyin» nəsihətinə əməl etmək üçün əllərindən gələni edirlər (Romalılara 12:17). Bu yüksək normaya uyğun yaşamağa bizi nə təşviq edəcək? Xüsusilə kimlərə pisliklə əvəzini verməməliyik? Pavelin məsləhətinə əməl etsək, hansı bəhrələri biçəcəyik? Bu sualların cavabını tapmaq üçün gəlin Pavelin sözlərinin kontekstini və Romalılara 12-ci fəslin əvəz çıxmamağın düzgün, məhəbbətin və təvazökarlığın nişanəsi olduğunu necə göstərdiyini araşdıraq. Bu üç cəhətin hamısını bir-bir nəzərdən keçirəcəyik.
«Beləliklə... sizə yalvarıram»
3, 4. a) Romalılara 12-ci fəsildən başlayaraq Pavel nə haqda danışır və «beləliklə» sözü ilə o, mahiyyət e’tibarilə, nə deyirdi? b) Allahın mərhəməti Romadakı məsihçilərə necə tə’sir göstərməli idi?
3 Romalılara 12-ci fəsildən başlayaraq Pavel məsihçi həyatına tə’sir edən bir-biri ilə bağlı dörd məqama toxunur. O, Yehova ilə, həmimanlılarımızla, imanımıza şərik olmayanlarla və hakim dairələrlə münasibətimizdən danışır. Pavel, əvəz çıxmaq da daxil olmaqla, səhv meyllərə uymamağın vacib səbəbinin olduğunu «beləliklə, ey qardaşlar, Allahın mərhəməti naminə sizə yalvarıram» deməklə göstərir (Romalılara 12:1). «Bundan əvvəl deyilənləri nəzərə alaraq» mə’nasını verən «beləliklə» sözünə diqqət yetirin. Pavel, mahiyyət e’tibarilə, deyir: «Sizə indicə izah etdiklərimi nəzərə alaraq yalvarıram ki, indi deyəcəklərimə əməl edəsiniz». Pavel Romadakı məsihçilərə nəyi izah etmişdi?
4 Məktubunun ilk 11 fəslində Pavel həm yəhudilərin, həm qeyri-yəhudilərin qarşısında açılan Allahın Padşahlığında Məsihlə birgə idarə etmək kimi gözəl imkandan — İsrail xalqının qəbul etmədiyi ümiddən danışmışdı (Romalılara 11:13-36). Bu qiymətli imkan yalnız «Allahın mərhəməti» sayəsində mümkün oldu. Allahın böyük lütfünə məsihçilər necə cavab verməli idilər? Onların ürəkləri minnətdarlıqla elə dolub-daşmalı idi ki, Pavelin növbəti sözlərinə əməl edə bilsinlər: «Bədənlərinizi diri, müqəddəs, Allaha məqbul qurban kimi təqdim edin; mə’nəvi ibadətiniz budur» (Romalılara 12:1). Bəs o məsihçilər özlərini Allaha «qurban» kimi necə təqdim edə bilərdilər?
5. a) İnsan özünü Allaha «qurban» kimi necə təqdim edə bilər? b) Məsihçinin davranışına hansı prinsip tə’sir göstərməlidir?
5 Pavel izah etməyə davam edir: «Bu zəmanəyə uyğunlaşmayın, ancaq Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu dərk etmək üçün ağlınızın yenilənməsi ilə kökündən dəyişin» (Romalılara 12:2). O məsihçilər yol verməli deyildilər ki, dünyanın ruhu onların düşüncə tərzini formalaşdırsın, əksinə, Məsihin düşüncə tərzinə yiyələnməli idilər (1 Korinflilərə 2:16; Filipililərə 2:5). Həmin prinsip, biz də daxil olmaqla, bütün həqiqi məsihçilərin gündəlik həyatına tə’sir göstərməlidir.
6. Romalılara 12:1, 2 ayələrinə əsasən, bizi əvəz çıxmaqdan nə saxlayır?
6 Pavelin Romalılara 12:1, 2 ayələrindəki fikirləri bizə necə kömək edir? Romadakı məsh olunmuş məsihçilər kimi biz də Allahın hər gün göstərdiyi bol-bol mərhəmətinə görə dərindən minnətdarıq. Beləliklə, minnətdarlıqla dolu ürəyimiz bütün gücümüzü, vəsaitimizi, bacarığımızı Allaha xidmətə sərf etməyə, həmçinin dünya kimi deyil, Məsih kimi düşünməyə təşviq edir. Məsihin ağlına malik olmaq həm həmimanlılarımızla, həm də imanımıza şərik olmayanlarla münasibətimizə tə’sir göstərir (Qalatiyalılara 5:25). Misal üçün, əgər Məsih kimi düşünürüksə, pisliyin əvəzini pisliklə verməyəcəyik (1 Peter 2:21-23).
«Qoy məhəbbət riyasız olsun»
7. Romalılara 12-ci fəsildə hansı məhəbbətdən danışılır?
7 Pisliyin əvəzini qaytarmamağımızın səbəbi təkcə onun düzgün hərəkət olması deyil, həmçinin məhəbbətin əlaməti olmasıdır. Görün həvari Pavel sonrakı ayələrdə məhəbbət haqqında nə deyir. Romalılara məktubunda Pavel «məhəbbət» (yunanca «aqape») sözünü Allahın və Məsihin məhəbbətinə istinad edərkən bir neçə dəfə işlədir (Romalılara 5:5, 8; 8:35, 39). 12-ci fəsildə isə Pavel «aqape» sözünü başqa mə’nada — insanların bir-birinə göstərdiyi məhəbbət mə’nasında işlədir. Bə’zi məsihçilərdə bir-birindən fərqli ruhani ən’amların olduğunu qeyd edəndən sonra Pavel bütün məsihçilərin özlərində tərbiyə etdirməli olduqları keyfiyyəti xatırladır. O deyir: «Qoy məhəbbət riyasız olsun» (Romalılara 12:4-9). İnsanlara məhəbbət göstərmək həqiqi məsihçilərin səciyyəvi xüsusiyyətidir (Mark 12:28-31). Pavel bizi məhəbbətimizin səmimi olub-olmadığını yoxlamağa səsləyir.
8. Riyasız məhəbbəti necə təzahür etdirə bilərik?
8 Sonra həvari Pavel «pislikdən ikrah edin, yaxşılığa sarılın» deyərək riyasız məhəbbətin nə demək olduğunu açıqlayır (Romalılara 12:9). «İkrah edin» və «sarılın» çox güclü sözlərdir. «İkrah edin» sözünü «dərindən nifrət edin» kimi də tərcümə etmək olar. Biz yalnız pisliyin nəticəsinə deyil, onun özünə də nifrət etməliyik (Məzmur 97:10). Yunan dilindən «sarılın» kimi tərcümə olunan fe’l hərfi mə’nada «yapışmaq» deməkdir. Səmimi məhəbbəti olan məsihçi yaxşılığa elə möhkəm yapışır və ya bağlanır ki, bu onun xasiyyətinin ayrılmaz hissəsinə çevrilir.
9. Pavel dönə-dönə nəyi nəsihət edir?
9 Məhəbbətin xüsusi bir təzahürünü Pavel dönə-dönə xatırladır: «Sizi tə’qib edənlərə xeyir-dua edin; lə’nət deyil, xeyir-dua edin», «heç kimə pislik əvəzinə pislik etməyin», «ey sevimlilər, qisas almayın», «pisliyə məğlub olma, pisliyə yaxşılıq ilə qalib gəl» (Romalılara 12:14, 17-19, 21). Pavelin sözləri birmə’nalı olaraq göstərir ki, imanımıza şərik olmayanlarla, hətta bizi tə’qib edənlərlə necə davranmalıyıq.
«Sizi tə’qib edənlərə xeyir-dua edin»
10. Bizi tə’qib edənlərə xeyir-dua vermək nə deməkdir?
10 Pavelin «tə’qib edənlərə xeyir-dua edin» nəsihətinə necə əməl etmək olar? (Romalılara 12:14). İsa davamçılarına demişdi: ‘Düşmənlərinizi sevin, sizi tə’qib edənlər üçün dua edin’ (Matta 5:44; Luka 6:27, 28). Deməli, tə’qibçilərə xeyir-dua verməyin bir üsulu onlar üçün dua etmək, anlamadıqları üçün bizi tə’qib edənlər varsa, Yehovadan onların gözlərini həqiqətə açmağı xahiş etməkdir (2 Korinflilərə 4:4). Düzdür, Allahdan tə’qibçilər üçün xeyir-dua istəmək qəribə görünə bilər. Ancaq düşüncəmizi Məsihin düşüncə tərzinə nə qədər çox uyğunlaşdırırıqsa, bir o qədər də düşmənlərimizi sevə biləcəyik (Luka 23:34). Belə məhəbbətin bəhrəsi nə ola bilər?
11. a) Stefanın nümunəsindən nə öyrənirik? b) Pavelin nümunəsindən göründüyü kimi, tə’qibçilərin bə’ziləri necə dəyişə bilər?
11 Tə’qibçiləri üçün dua edənlərin biri də Stefan idi ki, onun duası da cavabsız qalmadı. Eramızın 33-cü ilinin Pentikost günündən çox keçməmiş məsihçi yığıncağını tə’qib edənlər onu tutub, Yerusəlimdən kənara sürüklədilər və daşqalaq etdilər. Canını tapşırmazdan qabaq o, yüksək səslə: «Ya Rəbb, bu günahı onların boynuna qoyma!» — dedi (Həvarilərin işləri 7:58–8:1). Stefanın dua etdiyi adamlardan biri onun ölümünə tamaşa edən və öldürülməsinə razı olan Şaul idi. Bir qədər sonra dirilmiş İsa Şaula göründü. Əvvəllər tə’qibçi olan bu adam sonralar Məsihin davamçısı, Romalılara məktubu yazan həvari Pavel oldu (Həvarilərin işləri 26:12-18). Görünür, Yehova bir vaxtlar tə’qibçi olan Paveli Stefanın duasına cavab olaraq bağışladı (1 Timoteyə 1:12-16). Təəccüblü deyil ki, Pavel ‘tə’qib edənlərə xeyir-dua etməyi’ məsihçilərə nəsihət edirdi. Ö öz təcrübəsindən bilirdi ki, bə’zi tə’qibçilər Allahın xidmətçisi ola bilər. Bizim günlərdə də bə’zi tə’qibçilər Yehovanın xidmətçilərinin sülhpərvər davranışının sayəsində imana gəlmişlər.
«Bütün adamlarla sülhdə olun»
12. Romalılara 12:9, 17 ayələrindəki nəsihət sözləri bir-biri ilə necə bağlıdır?
12 Pavelin növbəti nəsihəti imanda olanlarla və olmayanlarla necə rəftar etmək haqqındadır: «Heç kimə pislik əvəzinə pislik etməyin». Bu, onun əvvəlcə verdiyi «pislikdən ikrah edin» məsləhətindən çıxan məntiqi nəticədir. Həqiqətən də, əgər kimsə acıq çıxmaq üçün pislik edirsə, pislikdən ikrah etdiyini necə deyə bilər? Belə davranmaq riyasız məhəbbətə zidd olardı. Sonra Pavel deyir: «Bütün insanların qarşısında yaxşı şeylərə diqqət yetirin» (Romalılara 12:9, 17). Bu sözlərə necə riayət edə bilərik?
13. «Bütün insanların qarşısında» özümüzü necə aparırıq?
13 Bir qədər əvvəl korinflilərə yazdığı məktubunda Pavel həvarilərin üzləşdiyi tə’qiblərdən danışırdı: «Biz dünya, mələklər və insanlar üçün tamaşa olduq... Bizi söyürlər, biz xeyir-dua veririk; bizi qovurlar, biz tab gətiririk; bizə iftira atırlar, biz yumşaq cavab veririk» (1 Korinflilərə 4:9-13). Bu gün də insanlar həqiqi məsihçilərə göz qoyurlar. Hətta haqsızlığa mə’ruz qalanda belə, yaxşılıq etdiyimizi görən adamlar çatdırdığımız xəbərə qulaq asmağa daha meylli ola bilərlər (1 Peter 2:12).
14. Sülh yaratmaq üçün nə qədər çalışmalıyıq?
14 Bəs sülh yaratmaq üçün nə qədər çalışmalıyıq? Nə qədər mümkündürsə, o qədər. Pavel məsihçi qardaşlarına deyir: «Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun» (Romalılara 12:18). «Mümkünsə» və «əlinizdən gəldiyi qədər» sözləri göstərir ki, başqaları ilə sülh yaratmaq həmişə alınmır. Məsələn, biz kiminləsə sülhdə olmaq üçün Allahın qanunundan çıxmayacağıq (Matta 10:34-36; İbranilərə 12:14). Bununla belə, Allahın prinsiplərini pozmamaq şərti ilə, «bütün adamlarla» sülhdə olmaq üçün bacardığımızı edirik.
«Qisas almayın»
15. Romalılara 12:19 ayəsinə əsasən, əvəz çıxmamağa hansı səbəb var?
15 Pavel əvəz çıxmamağın digər əsaslı səbəbini gətirir — bu, təvazökarlığın nişanəsidir. O yazır: «Ey sevimlilər, qisas almayın, ancaq Allahın qəzəbinə yol verin. Çünki yazılmışdır: “Rəbb deyir: qisas Mənimdir, əvəzini Mən verəcəyəm”» (Romalılara 12:19). Qisas almağa çalışan məsihçi özündən çox razıdır. O, Allaha məxsus olan işi öz üzərinə götürmək istəyir (Matta 7:1). Üstəlik, məsələni öz əlinə almaqla Yehovanın «əvəzini Mən verəcəyəm» və’dinə inanmadığını göstərir. Həqiqi məsihçilər isə Yehovanın ədaləti bərpa edəcəyinə inanırlar (Luka 18:7, 8; 2 Saloniklilərə 1:6-8). Onlar təvazökarlıqla qisası Yehovanın öhdəsinə buraxırlar (Yeremya 30:23, 24; Romalılara 1:18).
16, 17. a) Kiminsə başına ‘yanan kömür yığmaq’ nə deməkdir? b) Xeyirxahlığın imanımıza şərik olmayan insanın ürəyini yumşaltdığının şahidi olmusunuzmu? Nümunə çəkin.
16 Düşməndən intiqam almaq onu daha da sərtləşdirər, xeyirxah davranmaq isə ürəyini yumşalda bilər. Nə üçün? Pavel yazır: «Əgər düşmənin acdırsa, onu yedizdir; əgər susuzdursa, onu içirt. Çünki sən bunu etməklə, onun başına yanan kömür yığırsan» (Romalılara 12:20; Süleymanın məsəlləri 25:21, 22). Bu sözlərin mə’nası nədir?
17 ‘Başına yanan kömür yığmaq’ qədimdə metal əritmə üsulundan götürülmüş məcazi mə’na daşıyan ifadədir. Filizi kürəyə atanda təkcə altına deyil, üstünə də kömür yığardılar. Üstə yığılan yanan kömürlər sobanın hərarətini artırırdı və metal əriyib qatışıqlardan təmizlənirdi. Biz də xeyirxah işlərimizlə tə’qibçinin ürəyini «əridib», yaxşı xüsusiyyətlərini üzə çıxara bilərik (2 Padşahlar 6:14-23). Bir çox məsihçiləri də vaxtilə həqiqi ibadətə məhz Yehovanın xidmətçilərinin xeyirxahlığı cəlb etmişdir.
Nəyə görə pisliyin əvəzini çıxmırıq?
18. Pisliyin əvəzini çıxmamaq nəyə görə düzgündür, məhəbbət və təvazökarlıq əlamətidir?
18 «Romalılara məktub»un 12-ci fəslini qısa araşdıraraq gördük ki, ‘pislik əvəzinə pislik etməməyimizin’ bir neçə vacib səbəbi var. Birincisi, əvəz çıxmamaq düzgündür. Allahın bizə qarşı mərhəmətli olduğunu nəzərə alaraq, özümüzü Yehovaya qurban kimi təqdim etməyimiz və düşmənlərimizi sevmək əmri də daxil olmaqla, bütün əmrlərinə həvəslə tabe olmağımız düzgün və ağıllı hərəkətdir. İkincisi, pisliyə pisliklə cavab verməmək məhəbbətin əlamətidir. Biz ümid edirik ki, belə etməklə və sülh yaratmaqla hətta ən qatı tə’qibçilərə Yehovanın xidmətçisi olmağa kömək edəcəyik. Üçüncüsü, pisliyə cavab verməmək təvazökarlığı göstərir. Qisas almaq özümüzdən razı olduğumuzu göstərər, çünki Yehova deyir: «Qisas Mənimdir». Allahın Kəlamında həm də belə bir xəbərdarlıq var: «Lovğalıq gələndə şərəfsizlik gətirər, hikmət təvazökarın yanına gələr» (Süleymanın məsəlləri 11:2). Qisası Allahın öhdəsinə buraxmağımız təvazökar olduğumuzu göstərir.
19. Növbəti məqalədə nəyi araşdıracağıq?
19 Pavel başqaları ilə rəftarımız haqqında söhbətinə yekun vuraraq məsihçiləri çağırır: «Pisliyə məğlub olma, pisliyə yaxşılıq ilə qalib gəl» (Romalılara 12:21). Bu gün hansı pisliklərlə üzləşirik? Onlara necə qalib gələ bilərik? Bu və digər suallar növbəti məqalədə araşdırılacaq.
İzah edə bilərsinizmi?
• Romalılara 12-ci fəsildə hansı nəsihətə dönə-dönə rast gəlirik?
• Əvəz çıxmamağa bizi nə təşviq edəcək?
• Pisliyə pisliklə cavab verməsək, həm biz, həm də başqaları hansı bəhrələri biçərik?
[22-ci səhifədəki çərçivə]
Romalılara 12-ci fəsildə məsihçinin münasibətindən danışılır
• Yehova ilə
• həmimanlılarla
• imanda olmayanlarla
[23-cü səhifədəki şəkil]
Pavelin Romalılara məktubunda məsihçilər üçün praktiki məsləhət var.
[25-ci səhifədəki şəkil]
Şagird Stefanın nümunəsindən nə öyrənirik?