“Sülh axtarın və ona can atın”
“Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun” (ROMALILARA 12:18).
1, 2. İnsanlar tərəfindən qurulan sülh nəyə görə müvəqqətidir?
DAVAMSIZ bünövrəsi, tamam çürümüş tirləri və yatmış damı olan evi təsəvvürünüzdə canlandırın. Siz həmin evə köçmək istəyərdinizmi? Çətin. Hətta belə evi yenidən rəngləsələr də, bu onun möhkəm olmasına kömək etməyəcəkdir. Onsuz da əvvəl-axır uçacaqdır.
2 İnsanlar tərəfindən yaradılan hər növ sülhü, bu cür evlə müqayisə etmək olar. Bu ev, “qurtarışı olmayan” insanın və’dlər və hiylələrdən ibarət davamsız bünövrəsi üzərində qurulur (Məzmur 146:3). Bəşəriyyətin tarixi — xalqlar, etnik qruplar və qəbilələr arasında baş verən, arası kəsilməyən münaqişələr silsiləsidir. Doğrudur ki, qısamüddətli sülh dövrləri də olmuşdur, ancaq bu necə sülh olmuşdur? Döyüşən iki xalq, yalnız bir tərəfin məğlubiyyətə uğradığını və ya hər iki tərəf döyüşməyin artıq mə’nasız olduğunu gördükdən sonra sülh müqaviləsi bağlayırsa, bu necə sülh olacaqdır? Nifrət, şübhə və həsəd onsuz da davam edəcəkdir. Düşmənçiliyi gizlədən örtük — “yeni çəkilmiş boya qatı” kimi xidmət edən sülh, uzun çəkməyəcəkdir (Hezekiel 13:10).
3. Nəyə görə Allahın xalqı arasında hökm sürən sülh, insanlar tərəfindən qurulan sülhdən fərqlənir?
3 Buna baxmayaraq, müharibələrlə parçalanan bu dünyada həqiqi sülh mövcuddur. Harada? İsa Məsihin davamçıları — onun sözlərinə qulaq asan və həyat tərzini təqlid etməyə çalışan məsihçilər arasında (1 Peter 2:21; 1 Korinflilərə 11:1). Müxtəlif irqi, milliyyəti və ictimai mövqeyi olan məsihçilər arasında hökm sürən sülh həqiqidir, çünki bu sülh, həmin insanların Allahla olan sülhü üzərində qurulur. Bu münasibətlər isə, öz növbəsində, onların İsa Məsihin fidiyə qurbanlığına gətirdikləri imana əsaslanır. Məsihçilər arasında mövcud olan sülh, insanların nailiyyəti deyil, Allahın mükafatıdır (Romalılara 15:33; Efeslilərə 6:23, 24). Bu nailiyyətlər, “Sülh Rəisi” — İsa Məsihə tabe olmalarının və “məhəbbət və sülh” Allahı Yeqovaya ibadət etmələrinin nəticəsidir (İşaya 9:6; 2 Korinflilərə 13:11).
4. Məsihçi sülhə necə “can atır”?
4 Sülh, qeyri-kamil insanlar arasında avtomatik olaraq hökmranlıq sürmür. Peter məhz buna görə deyirdi ki, hər bir məsihçi “sülh axtarmalı və ona can atmalıdır” (1 Peter 3:11, YD). Bunu necə etmək olar? Bu suala, qədimdə yazılmış peyğəmbərlik cavab verir. İşaya peyğəmbərin vasitəsilə Yeqova dedi: “Bütün oğulların Rəbb tərəfindən öyrədilmiş olacaq; və oğullarının əmin-amanlığı çox olacaq” (İşaya 54:13; Filipililərə 4:9). Bəli, həqiqi sülhü, yalnız Yeqovanın öyüdlərinə qulaq asanlar əldə edirlər. Bundan əlavə “məhəbbət, sevinc... səbir, lütfkarlıq, yaxşılıq, sədaqət, həlimlik, özünə hakim olmaqla” yanaşı, sülh də Allahın müqəddəs ruhunun səmərəsidir (Qalatiyalılara 5:22, 23). Belə sülh, sevməyən, sevinməyən, səbirsiz, bədxah, acıqlı, vəfasız, qəddar və ya özünü saxlaya bilməyən insanlarda ola bilməz.
“Bütün adamlarla sülhdə olmaq”
5, 6. a) “Sülhpərvər” və “sülh yaradan” olmaq ifadələri arasındakı fərq nədədir? b) Məsihçilər kimlərlə sülhdə olmağa can atırlar?
5 “Sülh” sözü “əmin-amanlıq, dinclik” kimi müəyyən olunur. Bu tə’rifi, ziddiyyət olmayan çox şəraitlərə aid etmək olar. Hətta ölənlər haqqında da: “Yeri rahat olsun”, deyirlər. Lakin əsl sülhə nail olmaq üçün insanın sülhpərvər olması kifayət etmir. İsa Dağüstü təbliğində dedi: “Sülh yaradanlar nə bəxtiyardırlar! Çünki onlar “Allahın oğulları” adlanacaqlar” (Matta 5:9, YD). İsa, sonradan Allahın ruhani oğulları olacaq və göylərdə ölməz həyatı alacaq insanlara müraciət edirdi (Yəhya 1:12; Romalılara 8:14—17). Nəticədə, göylər ümidi olmayan, Allaha sadiq olan insanların hamısı “Allahın övladlarının izzətli azadlığına” qovuşacaqlar (Romalılara 8:21). Bu cür ümidi yalnız sülh yaradanlar bəsləyə bilərlər. Sülhpərvər və sülh yaradan olmaq eyni mə’na daşımır. Müqəddəs Kitab anlayışında sülh yaradan sözü, sülhün yaranmasına fəal tərzdə kömək edən, bə’zən isə, əvvəllər sülhün mövcud olmadığı yerlərdə sülhü bərpa edən şəxsi bildirir.
6 Bunu yadda saxlayaraq, gəlin həvari Pavelin romalılara verdiyi məsləhəti nəzərdən keçirək: “Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun” (Romalılara 12:18). Sakitliyi qorumaq faydalı olsa da, Pavel romalıları yalnız buna təşviq etmirdi. O, sülhə can atmağa çağırırdı. Kiminlə? “Bütün adamlarla” — ailə üzvləri, həmimanlılar, hətta onların imanlarına şərik olmayan kəslərlə. Pavel romalıları, “əllərindən gəldiyi qədər” başqaları ilə sülhdə olmağa təşviq edirdi. Pavel heç də istəmirdi ki, sülhə nail olmaq üçün romalılar öz əqidələrində güzəştə getsinlər. Lakin onlar, özlərinə qarşı düşməncəsinə münasibət yaranmasına əsas vermədən, insanlarla səmimi əlaqə üsulu tapmalı idilər. Məsihçilər bu məsləhətə necə yığıncaqda, eləcə də yığıncaqdan kənarda riayət etməli idilər (Qalatiyalılara 6:10). Buna müvafiq olaraq, Pavel yazırdı: “Həmişə bir-birinizə və hamıya yaxşılıq etməyə çalışın” (1 Saloniklilərə 5:15).
7, 8. Məsihçilər, onların əqidələrinə şərik olmayan insanlarla sülhdə olmağa necə can atırlar və bunu nə üçün edirlər?
7 Bizim imanımıza şərik olmayan, bəlkə də ona qarşı duran insanlarla sülhdə necə ola bilərik, daha doğrusu, onlarla sülh yaratmağa necə can ata bilərik? İlk növbədə, üstün olduğumuzu göstərməməliyik. Misal üçün, kiminsə haqqında saymazyana tonda danışırıqsa, onunla sülhdə olmağa can atdığımızı söyləmək çətindir. Yeqova təşkilatlara və müəyyən qrup insanlara hökm çıxarmışdır, lakin bizim ixtiyarımız yoxdur ki, kiminsə haqqında, artıq məhkum edilmiş şəxs kimi danışaq. Biz insanları, hətta düşmənlərimizi belə mühakimə etmirik. Hakimiyyətlə davranışlarında özlərini aparmağa dair Krit məsihçilərinə məsləhət verməyi Titusa tapşırdıqdan sonra, Pavel Titusdan onlara xatırlatmasını xahiş etdi ki, “heç kimə iftira atmasınlar, qeyri-davakar, mülayim olub, bütün insanlara tam həlimlik göstərsinlər” (Titusa 3:1, 2).
8 İmanımıza şərik olmayan insanlarla sülhdə olmağa can atmaq, həqiqətin onlar üçün də cəlbedici olmasına gözəl imkan yaradır. Əlbəttə biz, “yaxşı əxlaqı pozan” kəslərlə dostluq yaratmırıq (1 Korinflilərə 15:33). Buna baxmayaraq, biz nəzakətli olmalı, hamıya hörmətlə və xeyirxahlıqla yanaşmalıyıq. Peter yazırdı: “İman gətirməyənlər arasında müsbət həyat sürün ki, pislikedənlərmişsiniz kimi sizə iftira atsalar da, xeyirli işlərinizi görüb, Allahın onlara yaxınlaşdığı gündə, Ona izzət versinlər” (1 Peter 2:12).
Xidmətdə sülhə can atırıq
9, 10. Eyni imana şərik olmayan insanlarla sülhdə olmağa sə’y göstərməyə dair Pavel hansı nümunəni verdi?
9 Birinci əsrdə məsihçilər cəsarətləri ilə tanınmışdılar. Onlar çətinliklərə görə xoş xəbərin təbliğini dayandırmaq fikrində deyildilər və müqavimətlərlə qarşılaşanda insanlara deyil, hökmdarları kimi Allaha tabe olmağa qəti qərarlı idilər (Həvarilərin işləri 4:29; 5:29). Buna baxmayaraq, onlar cəsarəti kobudluqla qarışıq salmırdılar. Padşah Hirod II Aqrippanın qarşısında imanını müdafiə edərkən, Pavelin necə davrandığına diqqət yetirək. Hirod Aqrippa öz bacısı Berniki ilə cinsi əlaqədə olurdu. Lakin Pavel Aqrippaya əxlaqi cəhətdən öyüd vermədi. O, Aqrippanı yəhudi adətlərini bildiyinə və peyğəmbərlərə e’tibar etdiyinə görə tə’rifləyərək, diqqəti onları birləşdirən fikirlərə yetirdi (Həvarilərin işləri 26:2, 3, 27).
10 Bəlkə Pavel, ona azadlıq vermək iqtidarında olan adama riyakarcasına yaltaqlanırdı? Xeyr. Pavel şəxsi məsləhətinə riayət edir və həqiqəti söyləyirdi. O, Hirod Aqrippaya heç bir yalan söz demədi (Efeslilərə 4:15). Amma Pavel sülh yaradan idi və “hər kəs üçün hər şey” olmağı bacarırdı (1 Korinflilərə 9:22). O, başqalarına İsa haqqında danışmaq hüququnu müdafiə etmək istəyirdi. Yaxşı müəllim kimi, Pavel, Aqrippa ilə onu ümumi bir fikrə gətirən şeylərdən danışmağa başladı. Bununla da Pavel, əxlaqsız padşahda məsihçilik haqqında xoş təəssüratın yaranmasına kömək etdi (Həvarilərin işləri 26:28—31).
11. Biz xidmətdə sülh yaradanlar necə ola bilərik?
11 Biz xidmət zamanı sülh yaradanlar necə ola bilərik? Pavel kimi, mübahisələrdən qaçına bilərik. Əlbəttə, bə’zən imanını müdafiə edərək, “Allahın kəlamını qorxusuz bəyan etməli” olursan (Filipililərə 1:14). Lakin əksər hallarda, biz insanlara sadəcə olaraq xoş xəbəri təbliğ edirik (Matta 24:14). Allahın niyyətləri haqqındakı həqiqəti anlayaraq, insan yəqin ki, özünün düzgün olmayan dini təsəvvürlərini kənara qoymağı və bir daha natəmiz işlərlə məşğul olmamağı qərara alacaqdır. Buna görə də yaxşı olardı ki, imkan daxilində, dinləyicilərimizin diqqətini onları maraqlandıran şeylərə yönəldərək, onlarla razılaşacağımız şeylər haqqında söhbətə başlayaq. Nəzakətlə davrananda söylədiyimiz xoş xəbərə qulaq asacaq şəxsi, sərt davranaraq özümüzdən uzaqlaşdırmaq yaxşı olmazdı (2 Korinflilərə 6:3).
Ailədə sülh yaradanlar
12. Biz ailədə sülh yaradanlar necə ola bilərik?
12 Pavel deyirdi ki, ailə quranların “həyatda əziyyəti olacaq” (1 Korinflilərə 7:28). Çətinliklər müxtəlif ola bilər. Məsələn, bə’zən ər-arvad arasında fikir ayrılığı yarana bilər. Belə hallarda necə olmalı? Sülhə can atmaq lazımdır. Sülh yaradan kəs çalışacaqdır ki, mübahisə böyüməsin. Bunu necə edəcək? Öz dilini saxlayacaqdır. Bu balaca üzv kinayəli və acı töhmətlər söyləmək üçün istifadə olunanda, həqiqətən də “qarşısı alınmaz bəla və öldürücü zəhərlə dolu” ola bilər (Yaqub 3:8). Sülh yaradan insan öz dilini dağıtmaq üçün deyil, qurmaq üçün istifadə edir (Süleymanın məsəlləri 12:18).
13, 14. Sözdə səhvə yol verəndə və ya emosiyalarımızı saxlaya bilməyəndə sülhü necə qorumaq olar?
13 Biz hamımız qeyri-kamilik və hərdən elə sözlər işlədirik ki, nəticədə heyfsilənirik. Belə hal baş verəndə yubanmadan səhvinizi düzəldin — tezliklə sülhü bərpa edin (Süleymanın məsəlləri 19:11; Koloslulara 3:13). “Cöz davası xəstəliyinə tutulmaqdan” və “boş mübahisələrdən” qaçının (1 Timoteyə 6:4, 5). Baş verənlərin məğzini və həyat yoldaşınızın hisslərini başa düşməyə çalışın. Kobudluğa kobudluqla cavab verməyin. Yadda saxlayın ki, “həlim cavab hirsi yatırar” (Süleymanın məsəlləri 15:1, MKŞ).
14 Ehtimal ki, bə’zən Süleymanın məsəlləri 17:14-cü ayəsində yazılan “davaya atılmadan çəkişməni burax” məsləhəti üzərində düşünmək lazımdır. Dayanın və baş verənlərə kənardan baxın. Sakitləşdikdən sonra, yə’qin ki, siz hər şeyi sülh yolu ilə həll edə biləcəksiniz. Bə’zi hallarda ruhən yetkin nəzarətçiyə müraciət etmək daha münasib ola bilər. Bu təcrübəli və şəfqətli məsihçilər ailədə sülhü qorumağa kömək edə bilərlər (İşaya 32:1, 2).
Yığıncaqda sülh yaradanlar
15. Yaqubun sözlərinə görə, bə’zi məsihçilər arasında hansı pis ruh inkişaf etmişdi və nəyə görə bu ruh “dünyəvi”, “nəfsani” və “şeytanidir”?
15 Əfsuslar olsun ki, I əsrdə bə’zi məsihçilər sülh ruhu deyil, əksinə, həsəd və xudbin ehtiras ruhu əks etdirirdilər. Yaqub deyirdi: “Bu, yuxarıdan nazil olan hikmət deyildir. Bu, dünyəvi, nəfsani və şeytani hikmətdir. Çünki həsəd və xudbin ehtiras harada varsa, orada qarışıqlıq və hər cür pis iş vardır” (Yaqub 3:14—16). Belə bir fikir mövcuddur ki, “xudbin ehtiras” kimi tərcümə olunmuş yunan sözü, həmçinin şöhrətpərəst, hər cür həqiqət və yalanlarla görkəmli yeri tutmağa sə’y göstərmək mə’nasını da daşıyır. Yaqub xudbin ehtirası əsassız olaraq “dünyəvi, nəfsani və şeytani” adlandırmır. Bütün tarix boyu dünya hökmdarları, vəhşi heyvanlar kimi bir-birinə qarşı mübarizə apararaq, xudbin ehtiras ruhu əks etdirmişlər. Xudbin ehtiras həqiqətən də “dünyəvi” və “nəfsanidir”. Bu ruh həm də “şeytanidir”. İlk dəfə bu məkrli ruhu, hakimiyyət həsrəti çəkən mələk əks etdirdi. Bu mələk Yeqova Allaha qarşı üsyan qaldırdı və Şeytan — cinlərin hökmdarı oldu.
16. Birinci əsrdə bə’zi məsihçilər, Şeytanın ruhuna bənzər ruhu necə əks etdirirdilər?
16 Yaqub məsihçiləri, xudbin ehtiras ruhunu özlərində inkişaf etdirməməyə çağırırdı, çünki bu ruh sülh gətirmir. Yaqub yazırdı: “Aranızda mübarizələr və ixtilaflar haradandır? Üzvlərinizdə döyüşən ehtiraslarınızdan deyilmi?” (Yaqub 4:1). Bu ayədə “üzvlərinizdə döyüşən ehtiraslar” ifadəsi altında, maddi rifaha göstərilən qarşısıalınmaz cəhdlər və ya məşhurluq, hakimiyyət, nüfuz həsrəti nəzərdə tutula bilər. Ehtimal ki, yığıncaqda olan bə’ziləri, Şeytana bənzər tərzdə, görkəmli yer tutmağa cəhd göstərirdilər. Onlar İsanın sözlərinə qulaq asmaq istəmirdilər. İsa demişdi ki, onun həqiqi davamçıları özlərini “kiçiklər” kimi aparmalıdırlar (Luka 9:48). Bu cür ruh, yığıncağı sülhdən məhrum edə bilər.
17. Müasir məsihçilər yığıncaqda sülh yaradan necə ola bilərlər?
17 Bu gün biz də materializmə, paxıllığa, şöhrətpərəstliyə olan meyllə mübarizə aparmalıyıq. Əgər biz həqiqətən də sülhə can atırıqsa, yığıncaqda kiminsə bir işi bizdən yaxşı gördüyünə görə mütəəssir olmayacaq və onların niyyətlərinə şübhə göstərərək, belə insanları başqalarının gözündə alçaltmayacağıq. Əgər biz hər hansı bir iste’dada malikiksə, bu qabiliyyəti başqaları üzərindəki üstünlüyümüzü göstərmək üçün istifadə etməyəcəyik, həmçinin yığıncağın yalnız bizim təcrübəmiz və biliyimiz sayəsində çiçəkləndiyini zənn etməyəcəyik. Bu cür ruh sülhün yaranmasına deyil, parçalanmasına səbəb ola bilər. Sülh yaradanlar, öz qabiliyyətlərini nümayiş etdirmir, amma qardaşlarına xidmət etmək və Yeqovaya izzət gətirmək üçün bu qabiliyyətləri təvazökarlıqla istifadə edirlər. Onlar anlayırlar ki, məsihçilər nəticədə qabiliyyətə görə deyil, məhəbbətə görə tanınırlar (Yəhya 13:35; 1 Korinflilərə 13:1—3).
“Sülhü sənin nəzarətçilərin kimi tə’yin edəcəyəm”
18. Ağsaqqallar öz aralarında sülhün yaranmasına necə kömək edirlər?
18 Sülhə can atmaqda yığıncağın ağsaqqalları nümunə göstərirlər. Yeqova öz xalqı haqqında qabaqcadan demişdi: “Sülhü sənin nəzarətçilərin, ədaləti tapşırıq verənlərin kimi tə’yin edəcəyəm” (İşaya 60:17, YD). Bu peyğəmbərlik sözlərinə əsasən, yığıncaqda məsihçi çobanları kimi xidmət edənlər, öz aralarında və sürüdə sülhün yaranmasına kömək edirlər. Ağsaqqallar, “yuxarıdan nazil olan” sülhpərvər və ağıllı “hikməti” təzahür etdirərək, aralarında sülh yarada bilərlər (Yaqub 3:17). Yığıncaqdakı ağsaqqallar müxtəlif mənşəyə məxsus və müxtəlif həyat təcrübəsinə malik olduqlarına görə bə’zi suallarda onların fikirləri fərqlənə bilər. Bu, onlar arasında sülhün olmadığınımı göstərir? Belə halda onlar düzgün davranırlarsa, heç də o mə’nanı daşımır. Sülh yaradan kəs öz fikrini təvazökarlıqla söyləyəcək, sonra isə hörmətcil tərzdə başqalarının fikrini dinləyəcək. O öz dediyinin üstündə durmayacaq, başqalarının fikrini diqqətlə götür-qoy edəcək. Əgər Müqəddəs Kitabın heç bir prinsipi pozulmursa, onda müxtəlif nöqteyi-nəzərlərə yol verilə bilər. Buna görə də, fikirlər bir-birindən fərqlənirsə, sülh yaradan güzəştə gedəcək və çoxluğun qərarına şərik olacaq. Bununla da mülayim olduğunu göstərəcəkdir (1 Timoteyə 3:2, 3). Təcrübəli nəzarətçilər bilirlər ki, sülhü qorumaq, öz dediyinin üstündə durmaqdan daha vacibdir.
19. Ağsaqqallar yığıncaqlarda sülh yaradanlar kimi necə xidmət edirlər?
19 Ağsaqqallar, yığıncağın üzvlərinə kömək etməklə və onların işlərini əsassız tənqid etməməklə, sürü arasında sülhün yaranmasına səbəb olurlar. Əlbəttə, bə’zən kimin isə düzəlişə ehtiyacı ola bilər (Qalatiyalılara 6:1). Lakin məsihçi nəzarətçisinin vəzifəsi əsas e’tibarı ilə öyüd verməkdən ibarət deyil, o həmdə tez-tez tə’rifləyir. Sevən ağsaqqallar, başqalarında yaxşı cəhətləri görməyə çalışırlar. Nəzarətçilər həmimanlılarının sə’ylə çəkdikləri zəhməti qiymətləndirir və əmindirlər ki, onlar əllərindən gələni edirlər (2 Korinflilərə 2:3, 4).
20. Hər birimizin sülhə can atmağımız yığıncağa hansı faydanı gətirir?
20 Beləliklə, biz ailədə, yığıncaqda və imanımıza şərik olmayan insanlarla münasibətdə sülhü qorumağa can atırıq. Bizlərdən hər birimiz sülhü səmimi qəlbdən qorumağa çalışanda, yığıncaqda sevinc hökm sürür. Bundan əlavə, növbəti məqalədən görəcəyimiz kimi, belə sülh bizi həm qoruyur, həm də möhkəmləndirir.
Xatırlayırsınızmı?
• Sülh yaradan olmaq nə deməkdir?
• Biz, Yeqovanın Şahidi olmayan kəslərlə sülhdə olmağa necə can ata bilərik?
• Ailədə sülhü necə qoruya bilərik?
• Ağsaqqallar yığıncaqda sülhün yaranmasına necə kömək edə bilərlər?
[23-cü səhifədəki şəkil]
Sülh yaradanlar, özlərini üstün tutmağa çalışmırlar.
[24-cü səhifədəki şəkillər]
Məsihçilər xidmətdə, ailədə və yığıncaqda sülhə can atırlar.