Onlara yubanmadan geri dönməyə kömək et!
«Biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir» (YƏH. 6:68).
1. Şagirdlərin çoxu İsanı tərk edəndə Peter nə dedi?
BİR DƏFƏ İsa Məsihin şagirdlərinin çoxu onun təlimindən narazı qalaraq onu tərk etdi. «Yoxsa siz də getmək istəyirsiniz?», — deyə o, həvarilərindən soruşdu. Peter cavabında dedi: «Ya Rəbb, biz kimin yanına gedə bilərik? Əbədi həyatın sözləri Səndədir» (Yəh. 6:51-69). Onların gedəsi başqa yeri yox idi. Artıq o vaxt yəhudi dinində «əbədi həyatın sözləri» yox idi və əlbəttə ki, onlar yalan dinin dünya imperiyası olan Böyük Babildə də yoxdur. Yehovanın sürüsündən uzaqlaşmış, lakin Onu razı salmaq istəyən hər kəs üçün ‘yuxudan ayılıb’, sürüyə qayıtmağın əsl vaxtıdır (Rom. 13:11).
2. Məxfi və intizam tədbirləri tələb olunan məsələlərlə bağlı nəyi yadda saxlamaq lazımdır?
2 Yehova İsrailin itmiş qoyunlarına laqeyd deyildi. (Yezekel 34:15, 16 ayələrini oxu.) Ağsaqqallar da sürüdən uzaqlaşanlara kömək etmək istəyirlər və bu onların borcudur. Kömək istəyən qeyri-fəal ilə öyrənmə keçirməyə təyin olunan təbliğçi onun ciddi günah işlətdiyindən xəbər tutubsa, nə etməlidir? Məxfi və intizam tədbirləri tələb olunan məsələlərlə bağlı məsləhət vermək əvəzinə, təbliğçi ona ağsaqqallarla danışmağı məsləhət görməlidir. Əgər o bunu etməzsə, təbliğçi özü ağsaqqallara məlumat verməlidir (Lev. 5:1; Qalat. 6:1).
3. Məsəldəki 100 qoyunu olan adam itən bir qoyununu tapanda hansı hissləri keçirdi?
3 Əvvəlki məqalədə 100 qoyunu olan adam barədə İsanın çəkdiyi məsələ toxunulmuşdu. Onlardan biri itəndə o, 99-nu qoyub, itən qoyunu axtarmağa gedir. Onu tapanda kişinin sevincinin həddi-hüdudu olmur (Luka 15:4-7). Allahın sürüsündən uzaqlaşanlardan biri geri dönəndə biz də eyni hissləri yaşayırıq. Məhəbbətdən irəli gələrək ağsaqqallar və yığıncağın digər üzvləri, ola bilsin, qeyri-fəallara nə vaxtsa baş çəkmişlər. Onlar da bu insanların geri dönmələrini və Allahın köməyini, müdafiəsini və xeyir-dualarını öz üzərlərində hiss etmələrini istəyirlər (Qanun. t. 33:27; Məz. 91:14; Sül. məs. 10:22). Əgər onlar bir kimsənin yığıncağa qayıtmasına kömək etmək istəyirlərsə, nə edə bilərlər?
4. Qalatiyalılara 6:2, 5 ayələrindən nə öyrənirik?
4 Həmin insana Yehovanın Öz qoyunlarını sevdiyini və bizdən edə biləcəyimizdən artıq şey tələb etmədiyini göstərmək olar və ola bilsin, bu onu yığıncağa qayıtmağa təşviq etdi. Allahın tələblərinə Müqəddəs Yazıları araşdırmaq, görüşlərə gəlmək və Padşahlıq haqqında xoş xəbəri təbliğ etmək daxildir. Qalatiyalılara 6:2, 5 ayələrini oxuyub demək olar ki, məsihçilər bir-birlərinə ‘yüklərini daşımağa’ kömək etsələr də, Yehovanın qarşısında hər kəs «öz məsuliyyətinin yükünü daşıyacaqdır». Bizim əvəzimizə kiminsə Allaha sadiq qalması mümkün deyil.
Bəlkə, səbəb «həyatın qayğıları»dır?
5, 6. a) Qeyri-fəal həmimanlımız ürəyini boşaldanda ona diqqətlə qulaq asmaq nəyə görə vacibdir? b) Qeyri-fəal həmimanlılarına yığıncağa gəlməmələrinin onlara pis təsir göstərdiyini anlamağa necə kömək edə bilərsən?
5 Qeyri-fəal həmimanlımız ürəyini ağsaqqallara və digər yetkin təbliğçilərə boşaldanda onlar diqqətlə qulaq asmalıdırlar ki, onun hansı köməyə ehtiyacı olduğunu müəyyən edə bilsinlər. Təsəvvür et ki, sən ağsaqqalsan və başı «həyatın qayğıları»na qarışıb yığıncaq görüşlərinə gəlməyən bir ailəyə baş çəkirsən (Luka 21:34). Maddi çətinliklər və ya ailə qayğılarının artması onların ruhani yuxuya getmələrinə səbəb ola bilər. Ola bilsin, onlar yüklərini bir az yüngülləşdirmək istədiklərini deyirlər. Amma sən deyə bilərsən ki, bu, vəziyyətdən çıxış yolu deyil. (Süleymanın məsəlləri 18:1 ayəsini oxu.) Onlardan nəzakətlə soruşmaq olar: «Görüşlərə gəlməyi dayandırandan bəri siz daha da xoşbəxt olmusunuzmu?», «Ailə həyatınız yaxşılaşıbmı?», «Yehovaya güvənməyin gətirdiyi sevinci hələ də duyursunuzmu?» (Neh. 8:10).
6 Bu sualların üzərində düşünmələri, bəlkə, onlara yığıncaqla ünsiyyəti kəsmələrinin ruhani vəziyyətlərinə və xoşbəxtliklərinə pis təsir etdiyini başa düşməyə kömək edəcək (Mat. 5:3; İbr. 10:24, 25). Sevinclərini itirmələrinə xoş xəbəri təbliğ etmədiklərinin də səbəb olduğunu anlamalarına kömək et (Mat. 28:19, 20). Bəs qeyri-fəalların özləri hansı addımları ata bilərlər?
7. Sürüdən uzaqlaşanları nəyə təşviq edə bilərik?
7 İsa demişdi: «Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın... Buna görə bütün baş verəcək bu fəlakətlərdən qaçınmağa layiq olmaq... üçün, hər an dua edin və ayıq olun» (Luka 21:34-36). Sürüdən uzaqlaşanları, lakin itirdikləri xoşbəxtliyi qaytarmaq istəyənləri Allahdan müqəddəs ruh və kömək diləməyə, həmçinin dualarına əsasən davranmağa təşviq edə bilərik (Luka 11:13).
Bəlkə, onları nəsə büdrədib?
8, 9. Büdrəyən insanın düzgün qənaətə gəlməsinə ağsaqqal necə kömək edə bilər?
8 Qeyri-kamil insanlar arasında fikir ayrılığı qaçılmazdır, bu da kimisə büdrədə bilər. Bəzilərinin isə büdrəməsinə yığıncağın məsul üzvlərindən birinin Müqəddəs Kitab prinsiplərinə zidd davranışı səbəb ola bilər. Əgər kiminsə qeyri-fəal olmasına belə şeylər səbəb olubsa, ona baş çəkən ağsaqqal vurğulaya bilər ki, Yehova heç kimi büdrətmir. Belə isə, nəyə görə bir kimsə Allahla və Onun xalqı ilə münasibətlərinə son qoymalıdır? Məgər Allaha xidmətini dayandıran əmin olmalı deyilmi ki, «bütün dünyanın Hakimi» baş verənlərdən xəbərdardır və O, məsələni öz yoluna qoyacaq? (Yar. 18:25; Kolos. 3:23-25). Adamın ayağı ilişib yıxılıbsa, təbii ki, belə vəziyyətdə qalmaq istəməyəcək, heç olmasa ayağa durmağa çalışacaq.
9 Qeyri-fəala ruhani köməklik göstərməyə çalışan ağsaqqal qeyd edə bilər ki, bəziləri büdrəmələrinə səbəb olan şeylərin elə də ciddi olmadığını vaxt ötdükcə başa düşmüşlər. Hətta, ola bilsin, onları büdrədən vəziyyət çoxdan düzəlib. Əgər insanın büdrəməsinə nə vaxtsa ona qarşı görülən intizam tədbirləri səbəb olubsa, dua edib götür-qoy etmək ona anlamağa kömək edə bilərik ki, aldığı məsləhətlər yerində olmuşdu və bunun onu büdrətməsinə yol verməli deyildi (Məz. 119:165; İbr. 12:5-13).
Bəlkə, problem hansısa təlimlə bağlı olub?
10, 11. Müqəddəs Kitabın hansısa təlimini başqa cür başa düşənə necə kömək edə bilərik?
10 Ola bilsin, bəziləri Müqəddəs Kitabın hansısa təlimi ilə razılaşmadıqlarına görə Allahın sürüsünü tərk etmişlər. Misir əsarətindən azad edilən israillilər Allahın onlar üçün etdiyi ‘əməlləri tez unutdular’ və «Ondan məsləhət almadılar» (Məz. 106:13). «Sadiq və ağıllı qul»un bizi yüksəkkeyfiyyətli ruhani qida ilə təmin etdiyini qeyri-fəal həmimanlımıza xatırlatmağın köməyi dəyə bilər (Mat. 24:45). O, həqiqəti məhz bunun sayəsində öyrənmişdi. Elə isə, nəyə görə o, həqiqət yoluna qayıdıb, bu yolda qətiyyətlə yeriməsin? (2 Yəh. 4).
11 Allahın sürüsündən uzaqlaşan insanlara kömək etməyə çalışan ağsaqqal İsanın təlimlərinin birindən narazı olub onu tərk edən şagirdlərin nümunəsini çəkə bilər (Yəh. 6:53, 66). Onlar Məsih və onun sadiq davamçıları ilə əlaqəni kəsməklə ruhani şeylərə görə minnətdarlıqlarını və sevinclərini itirdilər. Bəs yığıncağı tərk edənlər ruhani qidanın bol olduğu başqa yer tapıblarmı? Yox, çünki belə bir yer yoxdur!
Bəlkə, səbəb ciddi günah olub?
12, 13. Yığıncaqdan uzaqlaşan kəs ciddi günah işlətdiyini deyirsə, ona necə kömək etmək olar?
12 Bəziləri ciddi günah ucbatından təbliğ etməyi və yığıncaq görüşlərinə gəlməyi dayandırmışlar. Ola bilsin, onlar fikirləşirlər ki, etdikləri günahı ağsaqqallara açsalar, yığıncaqdan kənar ediləcəklər. Amma əməllərindən əl çəkib, səmimi-qəlbdən tövbə ediblərsə, bu onlarla baş verməyəcək (2 Kor. 7:10, 11). Bacı-qardaşlar onu sevinclə qarşılayacaq, ağsaqqallar isə lazımi ruhani köməyi göstərəcəklər.
13 Tutaq ki, bir yetkin təbliğçi kimi, sənə qeyri-fəal bacıya və ya qardaşa kömək etmək tapşırılıb. Əgər o, ciddi günah işlətdiyini açıb deyərsə, sən nə etməlisən? Yuxarıda deyildiyi kimi, təfsilatlarla maraqlanmaqdansa, ona ağsaqqallara müraciət etməyi məsləhət görmək lazımdır. Əgər o bunu etmək istəmirsə, belə məsələlərə dair Allahın verdiyi göstərişlərə əsasən davranmaqla sən Yehovanın adına və yığıncağın rifahına görə narahat olduğunu göstərəcəksən. (Levililər 5:1 ayəsini oxu.) Ağsaqqallar yığıncağa qayıtmaq və Allahın iradəsinə uyğun yaşamaq istəyənlərə necə kömək etməyi yaxşı bilirlər. Məhəbbətdən irəli gələrək intizam tədbirləri görmək lazım gələ bilər (İbr. 12:7-11). Əgər insan Allaha qarşı günah işlətdiyini boynuna alırsa və əməlindən əl çəkib həqiqətən də tövbə edirsə, ağsaqqallar ona kömək edəcək və Yehova onu bağışlayacaq (Yeşaya 1:18; 55:7; Yaq. 5:13-16).
Oğulun qayıtması sevinc gətirir
14. İsanın qeyb olmuş oğul məsəlini öz sözlərinizlə danışın.
14 Yığıncaqdan uzaqlaşana kömək göstərmək üçün təyin olunan təbliğçi onun diqqətini İsanın Luka 15:11-24 ayələrindəki məsəlinə yönəldə bilər. Məsəldəki gənc öz atasından aldığı mirası pozğun həyat sürərək israf edir. Nəticədə belə həyat ona iyrənc gəlir. O ac qalır, evi üçün darıxır və evlərinə qayıtmaq qərarına gəlir. Hələ uzaqda ikən atası onu görür, durub yanına qaçır və boynuna sarılıb öpür. Atanın sevincinin həddi-hüdudu yoxdur. Bu məsəlin üzərində düşünmək yığıncaqdan uzaqlaşan insanı geri dönməyə təşviq edə bilər. Bu sistem tezliklə məhv ediləcəyi üçün o, yubanmadan «evinə» — yığıncağa qayıtmalıdır.
15. Bəziləri nə üçün yığıncaqdan uzaqlaşırlar?
15 Yığıncaqdan uzaqlaşanların əksəriyyəti həmin oğul kimi birdən getmir. Bəziləri ilə bu, qayığın sahildən yavaş-yavaş uzaqlaşdığı kimi, tədricən baş verir. Gündəlik qayğılar digərlərinin həyatını o qədər ağırlaşdırır ki, onlar Yehova ilə münasibətlərinə məhəl qoymurlar. Başqalarının isə yığıncağı tərk etmələrinə səbəb kiminsə onları büdrətməsinə yol vermələri və ya Müqəddəs Kitabın hansısa təlimi ilə razılaşmamalarıdır. Bəziləri isə məsihçilərə yaraşmayan hərəkətlər edirlər. Hər vəziyyətə dair araşdırdığımız məsləhətlər sənə kömək edəcək ki, bu və ya digər səbəblər ucbatından sürünü tərk etmiş həmimanlılarımıza, hələ ki gec deyil, geri qayıtmalarına yardım edə biləsən.
«Evinə xoş gəldin, oğul!»
16-18. a) Bir ağsaqqal uzun illər qeyri-fəal olan qardaşa necə kömək etdi? b) Bu qardaş nəyə görə qeyri-fəal oldu, ona hansı kömək göstərildi və yığıncaqda necə qarşılandı?
16 Bir məsihçi ağsaqqal deyir: «Yığıncağımızın ağsaqqallar şurası qeyri-fəallara baş çəkməyə ciddi yanaşır. Bir vaxtlar Müqəddəs Kitabı öyrətdiyim və həqiqətə gəlməsinə kömək etdiyim bir qardaş fikrimdən çıxmırdı. O, 25 ilə yaxın qeyri-fəal olmuşdu və çox çətin vəziyyətdə idi. Buna görə də, Müqəddəs Kitab prinsiplərini tətbiq etməyin faydasını izah etdim. Bir qədər sonra o, Padşahlıq Zalına gəlməyə başladı və sürüyə qayıtmaq qətiyyətini möhkəmləndirmək üçün Müqəddəs Kitabı yenidən öyrənməyə razılaşdı».
17 Həmin qardaş nə üçün qeyri-fəal olmuşdu? O etiraf edir: «Fikrimi ruhani işlərə cəmləşdirmək əvəzinə, dünyəvi məqsədlərə can atmağa başladım. Sonra şəxsi öyrənməmi, xidmətimi dayandırdım və görüşlərə getmirdim. Bir vaxt anladım ki, artıq yığıncağın bir hissəsi deyiləm. Lakin bir ağsaqqalın mənə şəxsən göstərdiyi səmimi marağı geri dönməyimə kömək etdi». Onunla Müqəddəs Kitab öyrənməsi bərpa olunduqdan sonra problemləri getdikcə azaldı. O davam edir: «Mən anladım ki, həyatımda Yehovanın və Onun təşkilatının sevgisi və rəhbərliyi çatışmırdı».
18 Bəs bacı-qardaşlar onu necə qəbul etdilər? O deyir: «Mən özümü İsa Məsihin məsəlindəki qeyb olmuş oğul kimi hiss edirdim. Otuz il bundan əvvəl yığıncaqda gördüyüm və hələ də imanda güclü olan bir yaşlı bacı: «Evinə xoş gəldin, oğul!» — deyə məni səmimi qarşıladı. Bu mənə xoş təsir bağışladı. Mən evimə qayıtmışdım. Həmin ağsaqqalın və bütün yığıncağın mənə göstərdiyi məhəbbətə, səmimiliyə, səbirə və marağa görə çox minnətdaram. Onların Yehovaya və yaxınlarına olan məhəbbəti sürüyə qayıtmağıma kömək etdi».
Təşviq et ki, onlar ləngimədən yığıncağa qayıtsınlar!
19, 20. Qeyri-fəal təbliğçiləri yubanmadan yığıncağa qayıtmağa necə təşviq edə və Yehovanın bizdən gücümüzdən artıq şey gözləmədiyini necə göstərə bilərsən?
19 Biz bu sistemin axır günlərində yaşayırıq və onun sonu olduqca yaxındır. Buna görə, qeyri-fəalları görüşlərə gəlməyə və bunu ləngimədən etməyə təşviq et. Onlara bunu xatırlat: Şeytan onların Allahla münasibətlərini pozmağa çalışır və istəyir ki, onlar həqiqi ibadəti atmaqla həyat qayğılarının azalacağını fikirləşsinlər. Bu bacı-qardaşları əmin edə bilərsən ki, yalnız İsanın sadiq davamçısı olmaqla əsl rahatlığı tapacaqlar. (Matta 11:28-30 ayələrini oxu.)
20 Qeyri-fəallara xatırlat ki, Allah bizdən gücümüzdən artıq şey gözləmir. Lazarın bacısı Məryəm İsanın ölümündən bir az qabaq onun başına bahalı ətirli yağ tökdüyünə görə mühakimə olunanda İsa dedi: «Qadından əl çəkin... [o,] əlindən gələni etdi» (Mark 14:6-8). İsa məbədin xəzinəsinə çox kiçik miqdarda pul ianə edən yoxsul dul qadını təriflədi. Bu qadın da əlindən gələni etdi (Luka 21:1-4). Əksəriyyətimiz görüşlərə gələ və Padşahlıq haqqında xoş xəbəri təbliğ edə bilirik. Yehovanın köməyi ilə qeyri-fəal olanların əksəriyyəti də bunu edə bilər.
21, 22. Yehovaya yenidən üz tutanları nəyə əmin edə bilərsən?
21 Sürüdən uzaqlaşmış adam qardaş-bacılarla yenidən görüşməyə cəsarət etmirsə, qeyb olmuş oğul evə qayıdanda atasının keçirdiyi sevinci ona xatırlada bilərsən. Kiminsə yığıncağa qayıtması bacı-qardaşlar arasında eyni sevincə səbəb olur. Onları indidən İblisə müqavimət göstərməyə və Allaha yaxınlaşmağa təşviq et (Yaq. 4:7, 8).
22 Yehovaya yenidən üz tutanlar sevinclə qarşılanırlar (Mərs. 3:40). Vaxtilə Allaha xidmət etmələri onlara böyük sevinc gətirmişdi. Sürüyə yubanmadan qayıdanlar gələcəkdə bol xeyir-dualar alacaqlar!
Necə cavab verərdiniz?
• Büdrəyərək qeyri-fəal olmuş məsihçiyə necə kömək edə bilərik?
• Müqəddəs Kitabın hansısa təlimi ilə razılaşmadığına görə Allahın sürüsünü tərk edənə necə kömək etmək olar?
• Yığıncağa qayıtmağa cəsarət etməyənə necə kömək etmək olar?
[13-cü səhifədəki şəkil]
Qeyri-fəal olmuş həmimanlın ürəyini boşaldanda diqqətlə qulaq as
[15-ci səhifədəki şəkil]
İsanın qeyb olmuş oğul məsəli üzərində düşünmək bəzilərini sürüyə qayıtmağa təşviq edə bilər