Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w05 1/8 s. 8—12
  • Haqsızlıqlara tab gətirin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Haqsızlıqlara tab gətirin
  • Gözətçi qülləsi 2005
  • Başlıqlar
  • Oxşar material
  • Cahil tə’qibçi
  • Həlim, lakin cəsarətli
  • Ailədə
  • Bütün məsihçilər üçün nəsihət
  • Pislik edənlər dəyişə bilərlər?
    Böyük Müəllimdən öyrən
  • «Yığıncaq üçün əmin-amanlıq dövrü başlandı»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • İsa Məsih Şaulu həvari seçir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Dəməşqə gedən yolda
    Müqəddəs Kitab hekayələri
Əlavə
Gözətçi qülləsi 2005
w05 1/8 s. 8—12

Haqsızlıqlara tab gətirin

«Rəbbin qulu isə toqquşmaya baş qoşmamalı, amma hamı ilə sakit rəftar etməli... haqsızlıqlara tab gətirməlidir» (2 TİMOTEYƏ 2:24).

1. Xidmətdə bə’zən nəyə görə kobud danışan insanlarla rastlaşırıq?

ŞƏXSƏN sənə və həmimanlılarına pis münasibət bəsləyənlərlə qarşılaşanda necə davranırsan? Son günləri təsvir edərkən həvari Pavel peyğəmbərlik etmişdir ki, insanlar «küfr danışan... böhtançı, nəfsini saxlamayan, azğın» olacaqlar (2 Timoteyə 3:1-5, 12). Ehtimal ki, belə insanlarla xidmətdə və ya başqa şəraitlərdə rastlaşmısan.

2. Bizimlə kobudcasına danışan insanlarla müdrikliklə davranmağımıza kömək edə bilən Müqəddəs Kitab ayələri hansılardır?

2 İnsan bizimlə kobud danışırsa, bu heç də onun ədaləti sevmədiyini bildirmir. Daima çətinliklərlə qarşılaşdıqları və ümidsizliyə qapıldıqları üçün bə’ziləri öz qəzəbini ətrafdakı insanların üzərinə tökürlər (Vaiz 7:7). Çoxları yaşadıqları və işlədikləri yerdə kobud nitq adi hala çevrildiyi üçün belə davranırlar. Bu, başqalarının hansı səbəbə görə kobud danışdıqlarını başa düşməkdə kömək edir, lakin o demək deyil ki, biz məsihçilər də bu cür danışıq tərzini təqlid etməliyik. Biz kobudluğa necə reaksiya göstərməliyik? Süleymanın məsəlləri 19:11 ayəsində deyilir: «İnsanın ağlı hiddəti ləngidər». Romalılara 12:17, 18 ayələrində də bizə məsləhət verilir: «Heç kimə pislik əvəzinə pislik etməyin... Mümkünsə, əlinizdən gəldiyi qədər bütün adamlarla sülhdə olun».

3. Xoş xəbəri insanlara çatdırmaq üçün nəyə görə sülhsevər olmalıyıq?

3 Əgər biz doğrudan da sülhsevəriksə, bu bizim nitqimizdə və əməllərimizdə, həmçinin simamızda və səsimizin tonunda əks olunacaq (Süleymanın məsəlləri 17:27). Həvarilərini təbliğ etməyə göndərəndə İsa onlara tapşırmışdı: «Evə girərkən ev sakinlərini salamlayın [«ev sakinlərinə sülh diləyin», The New English Bible]. Əgər o ev ləyaqətli isə, salamınız [sülhünüz] onun üzərinə gəlsin; ləyaqətli deyilsə, salamınız [sülhünüz] sizə geri dönsün» (Matta 10:12, 13). İnsanlara çatdırdığımız xəbər xoş xəbərdir. Müqəddəs Kitab onu «sülh Müjdəsi», «Allahın lütfü haqqındakı Müjdə» və ‘Padşahlıq haqqında olan Müjdə’ adlandırır (Efeslilərə 6:15; Həvarilərin işləri 20:24; Matta 24:14, İ–93). Bizim məqsədimiz başqalarının e’tiqadını tənqid etmək və ya onlarla mübahisə aparmaq yox, Allahın Kəlamından olan xoş xəbəri bölüşməkdir.

4. Gəlişinin məqsədini bildirməyə macal tapmamış ev sahibi sənə «bu məni maraqlandırmır» deyəndə, nə demək olar?

4 Misal üçün ev sahibi bizi axıracan dinləməyib «bu məni maraqlandırmır» deyə, sözümüzü kəsə bilər. Onda belə demək olar: «Mən sizin üçün Müqəddəs Kitabdan yalnız bir ayə oxumaq istərdim». Ola bilsin, həmin adam buna e’tiraz etməsin. Başqa hallarda isə belə demək olar: «Sadəcə olaraq onu demək istəyirdim ki, tezliklə yer üzündə ədalətsizlik olmayacaq və bütün insanlar bir-birinə məhəbbət bəsləyəcəklər». Əgər aydın olsa ki, həmsöhbətin dinləmək istəmir, əlavə olaraq deyə bilərsən: «Deyəsən vaxtında gəlməmişik». Hətta ev sahibi bizə sərt cavab versə belə, biz belə bir nəticəyə gəlməliyikmi ki, o ‘ləyaqətli deyil’? İnsanların reaksiyasından asılı olmayaraq, Müqəddəs Kitabın bizə ‘hamı ilə sakit rəftar etməyi... haqsızlıqlara tab gətirməyi’ məsləhət etdiyini yadda saxlamalıyıq (2 Timoteyə 2:24).

Cahil tə’qibçi

5, 6. Şaul İsanın davamçıları ilə necə davranırdı və nəyə görə?

5 Eramızın birinci əsrində Şaul adlı bir adam kobud danışığı və amansızlığı ilə tanınmışdır. Müqəddəs Kitabda deyilir ki, o ‘Rəbbin şagirdlərinə qarşı ölüm və təhdidlərlə nəfəs alırdı’ (Həvarilərin işləri 9:1, 2). O, sonradan küfr danışan və tə’qibçi olduğunu e’tiraf etmişdir (1 Timoteyə 1:12). Ola bilsin, Şaulun qohumlarından bə’ziləri artıq məsihçi idilər, lakin buna baxmayaraq o, Məsihin davamçılarına pis yanaşırdı. O deyirdi: «Küfr etməyə məcbur etməyə çalışdım. Onlara qarşı həddindən artıq azğınlaşıb, hətta, yad şəhərlərdə belə, onları tə’qib edirdim» (Həvarilərin işləri 23:16; 26:11; Romalılara 16:7, 11). Amma Şaulun bu cür davranmasına baxmayaraq məsihçilərin onunla mübahisəyə girişmələri haqda heç bir mə’lumat yoxdur.

6 Şaul nəyə görə belə davranırdı? İllər keçdikdən sonra o yazırdı: «[Mən] cahillik və imansızlıqla hərəkət edirdim» (1 Timoteyə 1:13). O ‘əcdadlarının qanunu əsasında ciddi tərbiyə olunmuş’ fərisey idi (Həvarilərin işləri 22:3). Şaulun müəllimi Qamliyel geniş dünya görüşünə malik olsa da, onun ünsiyyətdə olduğu baş kahin Qayafa fanatik idi. Qayafa İsa Məsihin e’dam olunmasına gətirib çıxaran sui-qəsdin başçısı idi (Matta 26:3, 4, 63-66; Həvarilərin işləri 5:34-39). Bir qədər sonra Qayafa həvariləri döymək əmri vermiş və onlara İsanın adı ilə təbliğ etməyi ciddi surətdə qadağan etmişdir. Qayafanın sədrlik etdiyi Sinedrionun iclasından Stefan daşa basılmaq üçün bayıra çıxarılmışdır (Həvarilərin işləri 5:27, 28, 40; 7:1-60). Şaul Stefanın e’dam edilməsini müşahidə edirdi. Qayafa ona İsanın Dəməşqdəki davamçılarını yaxalamaq və fəaliyyətlərini dayandırmaq üçün səlahiyyət vermişdi (Həvarilərin işləri 8:1; 9:1, 2). Qayafa Şaulu himayə etdiyi üçün, o elə düşünürdü ki, onun hərəkətləri Allah üçün göstərdiyi sə’yi sübut edir; əslində isə onun imanı çatmırdı (Həvarilərin işləri 22:3-5). Məhz bu səbəbdən Şaul İsanın həqiqətən də Məsih olduğunu başa düşmürdü. Lakin dirildilmiş İsa Dəməşqə gedən yolda onunla mö’cüzəvi şəkildə danışanda o, bunu dərk etdi (Həvarilərin işləri 9:3-6).

7. Dəməşq yolunda İsa ilə rastlaşdıqdan sonra Şaulla nə baş verdi?

7 Bir qədər sonra Hananya adlı bir məsihçiyə Şaulun yanına gedib ona təbliğ etmək tapşırığı verildi. Bu tapşırıq sənə verilsəydi, özünü necə hiss edərdin? Hananya bu tə’qibçidən qorxsa da, onunla mülayim danışdı. İsa ilə Dəməşq yolunda rastlaşdıqdan sonra, Şaulda böyük dəyişikliklər baş verdi (Həvarilərin işləri 9:10-22). O, sonradan həvari Pavel sə’ylə təbliğ edən məsihçi missioneri kimi tanınmağa başladı.

Həlim, lakin cəsarətli

8. İsa öz Atasını təqlid edərək günahkarlarla necə davranırdı?

8 İsa Padşahlıq haqqında sə’ylə təbliğ edirdi, həmçinin o həlim, lakin insanlarla münasibətdə cəsarətli idi (Matta 11:29). O, pis adamları öz yollarından dönməyə də’vət edən səmavi Atasının düşüncə tərzini təqlid edirdi (Yeşaya 55:6, 7). Əgər günahkarlar yaxşılığa tərəf dəyişikliklər edirdilərsə, onda İsa buna diqqət yetirir və onları ruhlandırırdı (Luka 7:37-50; 19:2-10). İnsanlar haqda zahiri görünüşünə görə nəticə çıxarmaq əvəzinə, öz Atası kimi İsa onları xeyirxahlıq, mülayimlik və səbirlə tövbəyə gətirməyə çalışırdı (Romalılara 2:4). Yehovanın iradəsi ondan ibarətdir ki, müxtəlif mənşəli insanlar tövbəyə gəlsin və xilas olsun (1 Timoteyə 2:3, 4).

9. Yeşaya 42:1-4 ayələrində yazılan peyğəmbərlikdən İsa haqqında nə öyrənirik?

9 Mattanın yazdığı Müjdədə Yehovanın İsa Məsihə münasibəti haqqında peyğəmbərlik sözləri gətirilir: «Budur, Mənim seçdiyim Bəndə; Mənim məhəbbətim Ondadır və canım Ondan razıdır. Ruhumu Onun üzərinə qoyacağam, və xalqlara ədalət e’lan edəcəkdir. O, nə mübahisə və nə də fəryad edəcəkdir; və heç kim küçələrdə Onun səsini eşitməyəcəkdir. Ədaləti zəfərə çatdırmayınca, əzilmiş qamışı qırmayacaq, və tüstülənən piltəni söndürməyəcəkdir. Və xalqlar Onun adına ümid bağlayacaqlar» (Matta 12:17-21; Yeşaya 42:1-4). Bu peyğəmbərlik sözlərinə müvafiq olaraq İsa səs-küylü mübahisələrdə iştirak etmirdi. Hətta çətin vəziyyətlərdə belə İsa həqiqəti elə bir tərzdə danışırdı ki, səmimi insanlar heyrətə gəlirdi (Yəhya 7:32, 40, 45, 46).

10, 11. a) Fəriseylərin əksəriyyəti onun əleyhinə olsalar da, İsa nəyə görə onlara təbliğ edirdi? b) Bə’zi hallarda İsa onun əleyhinə olanlara necə cavab verirdi, lakin nəyi etmirdi?

10 Xidmət etdiyi müddətdə İsa bir çox fəriseylərlə söhbət etmişdir. Onlardan bə’ziləri onu sözdə tutmağa çalışsalar da, İsa onların hamısının pis niyyətli olduğunu düşünmürdü (Luka 7:36-50). İsaya tənqidi yanaşan Şimon adlı bir fərisey, ehtimal ki, onunla daha yaxından tanış olmaq üçün onu şam yeməyinə də’vət etdi. İsa də’vəti qəbul etdi və oraya gəlib, Şimona və onun qonaqlarına vacib bir dərs verdi (Yəhya 7:46-51). Digər halda isə Nakdimon adlı bir tanınmış fərisey gecənin bir vaxtında İsanın yanına gəlmişdir. İsa onu qaranlığın düşməsini gözlədiyinə görə mühakimə etmədi. Əksinə, Nakdimona Allahın iman edənlər üçün xilas yolunu açmaq məqsədilə Oğlunu göndərməklə göstərdiyi məhəbbət haqqında danışdı. İsa həmçinin Allahın iradəsinə müvafiq olaraq davranmağın vacib olduğunu nəzakətlə göstərdi (Yəhya 3:1-21). Sonralar başqa fəriseylər İsa haqqında hörmətsiz tərzdə danışanda, Nakdimon onu müdafiə etmişdir (Yəhya 7:46-51).

11 İsa ona maneçilik törətməyə çalışanların riyakarlığına göz yummurdu. O, əleyhinə çıxanlara yol vermirdi ki, onu boş mübahisələrə cəlb etsinlər. Yeri gəldikdə, o, prinsip söyləməklə, əyani nümunədən istifadə etmək və ya Müqəddəs Kitab ayəsini sitat gətirməklə, qısa və dəqiq cavablar verirdi (Matta 12:38-42; 15:1-9; 16:1-4). Digər hallarda, İsa söylədiyi sözlərin heç bir dəyişiklik gətirməyəcəyini görəndə, sadəcə olaraq susurdu (Mark 15:2-5; Luka 22:67-70).

12. Ona qışqıran adamlara belə, İsa necə kömək edirdi?

12 Bə’zən murdar ruhların tə’siri altında olan adamlar İsanın üstünə qışqırırdılar. Belə hallarda o, təmkinliyi qoruyur və hətta onlara kömək etmək üçün Allahın ona verdiyi qüvvədən istifadə edirdi (Mark 1:23-28; 5:2-8, 15). Bu gün də xidmət etdiyimiz zaman kimsə bizə qəzəblənib qışqırırsa, İsa kimi təmkinli olmalı və yaranmış vəziyyəti nəvaziş və nəzakətlə həll etməliyik (Koloslulara 4:6).

Ailədə

13. Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənənə onun ailə üzvləri bə’zən nəyə görə müqavimət göstərirlər?

13 İsanın davamçıları olan bizlərə ailədə təmkinliyi qorumaq daha vacibdir. Müqəddəs Kitab həqiqətlərinin ürəyinə dərin iz buraxdığı kəs səmimi qəlbdən istəyir ki, onun yaxın qohumları Allahın Kəlamına hay versinlər. Lakin İsanın dediyi kimi, ailə üzvləri buna mənfi münasibət bəsləyə bilərlər (Matta 10:32-37; Yəhya 15:20, 21). Bu müxtəlif səbəblərdən baş verə bilər. Bir tərəfdən, Müqəddəs Kitab bizi vicdanlı və məs’uliyyətli olmağa, həmçinin başqalarına hörmət etməyə öyrədir. Digər tərəfdən isə, Müqəddəs Yazılara əsasən, hər bir şəraitdə biz ilk növbədə Yaradana tabe olmalıyıq (Vaiz 12:1, 13; Həvarilərin işləri 5:29). Yehovaya olan sədaqətimizi qoruduğumuz üçün, ailə üzvlərindən kimsə nüfuzunun azaldığını düşünərək, bizdən inciyə bilər. Belə hallarda İsa kimi təmkinliyi qorumaq çox vacibdir! (1 Peter 2:21-23; 3:1, 2).

14-16. Əvvəllər ailə üzvlərinin imanına müqavimət göstərən bə’zilərinə dəyişilməkdə nə kömək etdi?

14 Hazırda Yehovaya xidmət edənlərin bir çoxu Müqəddəs Kitabı öyrənməyə başlayanda və həyatlarında dəyişikliklər edəndə, öz həyat yoldaşı və ya digər qohumları tərəfindən müqavimətə mə’ruz qalmışlar. Ehtimal ki, ailə üzvləri Yehovanın Şahidləri haqda mənfi rə’ylər eşitdiklərinə görə, ailədə problemlərin yaranacağından qorxmuşlar. Öz fikirlərini dəyişməkdə onlara nə kömək etmişdir? Əksər hallarda Müqəddəs Kitabı öyrənən adamın yaxşı nümunəsi mühüm rol oynamışdır. İmana sahib olanın Müqəddəs Kitabda verilən rəhbərliyə ardıcıllıqla riayət etdiyinə görə, bə’zi hallarda onun qohumları yumşalırdılar. Bura müntəzəm olaraq yığıncaq görüşlərində və xidmətdə iştirak etmək, ailə üzvlərinə qayğı göstərmək və hər bir təhqirə baxmayaraq, təmkinliyi qorumaq aiddir (1 Peter 2:12).

15 Ola bilsin, öyrənənlərin bə’zi qohumları yanlış fikirlərə və ya məğrurluğa görə başlanğıcda Müqəddəs Kitab haqqında heç eşitmək də istəmirdilər. Birləşmiş Ştatlarda yaşayan və özünü vətənpərvər hesab edən bir kişi, həyat yoldaşının vilayət konqresinə getdiyi üçün özünə məxsus olan əşyaları yığıb evdən getdi. Növbəti dəfə isə o, əlində tüfəng evdən bayıra çıxıb özünü öldürməklə hədələyirdi. Bu cür ağılsız hərəkətlərində öz arvadının dinini günahlandırırdı. Lakin buna baxmayaraq, bacımız Müqəddəs Kitab prinsiplərinə riayət etməyi davam etdirirdi. O, Yehovanın Şahidi olduqdan iyirmi il sonra, əri də Şahid oldu. Albaniyada yaşayan bir qadın qızının Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrəndiyinə və sonradan vəftiz olunduğuna görə qəzəbli idi. O, 12 dəfə qızının Müqəddəs Kitabını cırmışdı. Bir dəfə qadın qızının stolun üstünə qoyduğu Müqəddəs Kitabı açdı. Təsadüfən Matta 10:36 ayəsini oxudu və anladı ki, orada yazılan sözlər ona aiddir. Lakin yenə də qızı üçün narahat olduğundan onu gəmiyə kimi yola saldı. Bu gəmi ilə qızı başqa Şahidlərlə birlikdə İtaliyada keçiriləcək konqresə yola düşməli idi. Konqresin nümayəndələri arasında hökm sürən məhəbbəti, onların qucaqlaşmalarını və təbəssümlərini görəndə, onların xoşbəxt gülüşlərini eşidəndə ananın hissləri dəyişməyə başladı. Bir müddət sonra o, Müqəddəs Kitabı öyrənməyə razı oldu. Bu gün o, əvvəllər həqiqətə müqavimət göstərənlərə kömək etməyə çalışır.

16 Bir dəfə əlində bıçaq olan bir kişi, Padşahlıq Zalına yaxınlaşan arvadının qabağını kəsərək, ona nalayiq sözlər dedi və kobud surətdə onu ittiham etdi. Qadın nəvazişlə cavab verdi: «Padşahlıq Zalına gəl və hər şeyi öz gözlərinlə görəcəksən». O belə də etdi və hazırda məsihçilərin yığıncağında ağsaqqal kimi xidmət edir.

17. Məsihçi ailələrində vəziyyət gərginləşəndə, Müqəddəs Kitabın hansı prinsipi kömək edə bilər?

17 Hətta məsihçi ailələrində belə qeyri-kamilliyin ucbatından bə’zən vəziyyət gərginləşə və kobud sözlərə yol verilə bilər. Qədim Efes şəhərində yaşayan məsihçilərə verilən məsləhət diqqətəlayiqdir: «Qoy hər cür kin, hiddət, qəzəb, çığırtı, küfr, hər növ pis niyyətlə bərabər sizdən uzaq olsun» (Efeslilərə 4:31). Yəqin ki, Efesdə yaşayan məsihçilərə ətraf mühit, onların qeyri-kamilliyi və əvvəlki yaşayış tərzi tə’sir göstərirdi. Dəyişikliklər etməkdə onlara nə kömək edə bilərdi? Onlar ‘ruhən və əqlən yeniləşməli idilər’ (Efeslilərə 4:32). Allahın Kəlamını öyrənməli, həyatlarına necə tə’sir göstərəcəyi üzərində düşünməli, həmimanlıları ilə ünsiyyətdə olmalı və ürəkdən dua etməli idilər. Bu zaman ruhun səmərəsi onların həyatlarının hər bir sahəsində öz tə’sirini göstərərdi. Efeslilər ‘bir-birinə qarşı lütfkar, şəfqətli olmalı və Allah Məsihdə onları bağışladığı kimi, onlar da bir-birini bağışlamağı’ öyrənməli idilər (Efeslilərə 4:32). Başqalarının nə etdiyindən asılı olmayaraq biz təmkinli, şəfqətli, lütfkar və bağışlamağa hazır olmalıyıq. Həqiqətən də biz ‘pislik əvəzinə pislik etməli’ deyilik (Romalılara 12:17, 18). Allahı təqlid edərək, məhəbbət təzahür etdirmək hər vaxt ən yaxşı davranış tərzidir (1 Yəhya 4:8).

Bütün məsihçilər üçün nəsihət

18. 2 Timoteyə 2:24 ayəsində verilən nəsihət nəyə görə Efesdəki ağsaqqallar üçün vaxtlı-vaxtında idi və bütün məsihçilər ondan necə faydalana bilərlər?

18 ‘Haqsızlıqlara tab gətirmək’ nəsihəti bütün məsihçilərə aiddir (2 Timoteyə 2:24). Lakin bu nəsihət ilk növbədə Efes şəhərində ağsaqqal kimi xidmət edən Timoteyə verilmişdir. Yığıncaq üzvlərinin bə’ziləri şəxsi baxışlarını və yalan tə’limləri yayırdılar. Onlar Musanın Qanununun məğzini axıra qədər başa düşmürdülər və imana, məhəbbətə və təmiz vicdana kifayət qədər əhəmiyyət vermirdilər. Onların məğrurluğu fikir ayrılığına səbəb olurdu, çünki onlar Məsihin tə’limlərinin məğzini və Allaha sadiq qalmağın nə dərəcədə vacib olduğunu başa düşməyərək, sözlərə görə mübahisə edirdilər. Yaranmış vəziyyəti həll etmək üçün Timotey Müqəddəs Kitab həqiqətinə tam surətdə riayət etməli və eyni zamanda qardaşlarla mülayim davranmalı idi. Bizim günlərdə xidmət edən ağsaqqallar kimi, Timotey də bilirdi ki, sürü ona məxsus deyil və başqaları ilə elə rəftar etmək lazımdır ki, məsihçi məhəbbəti və birliyi daha da möhkəmlənsin (Efeslilərə 4:1-3; 1 Timoteyə 1:3-11; 5:1, 2; 6:3-5).

19. Nəyə görə bizim hər birimiz üçün ‘təvazökarlığa meyl salmaq’ vacibdir?

19 Allah Öz xalqını ‘təvazökarlığa meyl salmağa’ təşviq edir (Sefanya 2:3). «Təvazökarlıq» kimi tərcümə olunan ibrani ifadəsi təhqirlərə səbrlə dözən, əsəbiləşməyən və pisliyə pisliklə cavab verməyən insana aid edilir. Gəlin çətin vəziyyətlərdə belə təmkinliyi qorumaq və Yehovanı layiqincə təmsil etmək üçün Ondan tə’kidlə kömək istəyək.

Siz nə öyrəndiniz?

• Təhqir edildiyimiz zaman Müqəddəs Kitabın hansı ayələri bizə kömək edə bilər?

• Şaul nəyə görə kobud insan idi?

• İsa Məsihin nümunəsi müxtəlif mənşəli insanlarla rəftar etməkdə necə kömək edir?

• Ailə üzvlərimizlə ünsiyyət edərkən nəyə görə nitqimizə diqqət yetirməliyik?

[10-cu səhifədəki şəkil]

Hananyanın Şaul haqda eşitdikləri pis olsa da, ona qarşı xeyirxah idi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş