Müvafiq vaxtı satın alırsınızmı?
HƏVARİ Pavel birinci əsrdə Efesdə yaşayan məsihçilərə məsləhət verdi: “Nə cür hərəkət etdiyinizə çox diqqət verin, hikmətsiz kimi yox, hikmətli kimi yaşayın. Hər fürsətdən istifadə edin, [“özünüz üçün müvafiq vaxtı satın alın”, YD, çünki yaşadığımız günlər şərdir” (Efeslilərə 5:15, 16). Bu məsləhət nə üçün zəruri idi? Bu suala cavab vermək üçün, həmin qədim şəhərdə məsihçilərin qarşılaşdıqları vəziyyətləri bilmək lazımdır.
Zənginliyi ilə tanınmış Efes şəhərində, əxlaqsızlıq, cinayət və müxtəlif şeytani işlər inkişaf edirdi. Bundan əlavə, məsihçilər zamanla əlaqədar yanlış fəlsəfi təsəvvürlərlə toqquşmalı olurdular. Efesdəki məsihçi olmayan yunanlar vaxtın bir istiqamətdə hərəkət etdiyinə inanmırdılar. Yunan fəlsəfəsi həyatın təkrarlanan sonsuz silsilə olduğunu öyrədirdi. Həyatının bir silsiləsini məqsədsiz yaşamış adam, itirdiyi şeyləri başqa dövrdə əldə edə bilərdi. Yunanların bu cür dünyagörüşü, efesli məsihçiləri ola bilsin ki, hökm günü də daxil olmaqla, Yeqovanın tə’yin etdiyi vaxta düşüncəsiz münasibət inkişaf etdirməyə təşviq etdi. Buna görə də, Pavel onlara “müvafiq vaxtı satın alın” deyə, məsləhət edirdi.
Pavel ümumiyyətlə vaxt haqqında danışmırdı. Onun istifadə etdiyi yunan sözü, konkret bir niyyətin yerinə yetirilməsi üçün müəyyən edilən münasib zaman dövrü mə’nasını verir. Allahın tə’yin etdiyi vaxt hələ başa çatmadığı üçün və Onun mərhəməti sayəsində hələ xilas ola biləcəkləri üçün, Pavel birinci əsrdəki məsihçilərə sərəncamlarında olan əlverişli imkandan müdrikliklə istifadə etmələrini məsləhət görürdü (Romalılara 13:11—13; 1 Saloniklilərə 5:6—11).
Biz də buna bənzər zəmanədə yaşayırıq. Buna görə də, bir daha təkrar olunmayacaq qiymətli vaxtı bu dünyanın ötəri zövqlərinin ardınca qaçaraq əbəs yerə itirməyə dəyməz. Məsihçilər, sərəncamlarında olan vaxtlarını xeyirli işlərə sərf edir və bununla da Yaradanları Yeqova Allahla olan münasibətlərini möhkəmləndirirlərsə, müdrik davranırlar (2 Peter 3:11; Məzmur 73:28; Filipililərə 1:10).