Məsihçi ailələr, oyaq qalın!
«Oyaq qalıb ayıq olaq» (1 SALON. 5:6).
1, 2. Bütün ailənin ruhən oyaq qalması üçün onun hər bir üzvündən nə tələb olunur?
«RƏBBİN möhtəşəm və dəhşətli günü»nü nəzərdə tutaraq həvari Pavel Salonikdəki məsihçilərə yazırdı: «Qardaşlar, siz... zülmətdə deyilsiniz ki, gün işığı oğrunu yaxaladığı kimi, həmin o gün də sizi qəfil yaxalasın. Axı siz hamınız nurun və gündüzün oğullarısınız. Biz nə gecəyə, nə də zülmətə məxsusuq». Sonra o əlavə etdi: «Buna görə də gəlin başqaları kimi yatmayaq, oyaq qalıb ayıq olaq» (Yoel 2:31; 1 Salon. 5:4—6).
2 Pavelin Salonikdəki həmimanlılarına verdiyi bu məsləhət ‘axır zamanda’ yaşayan biz məsihçilərə xüsusilə aiddir (Dan. 12:4). Bu pis sistemin sonu yaxınlaşdıqca Şeytan var gücü ilə çalışır ki, mümkün qədər çox adamı həqiqi Allahdan döndərsin. Ona görə də biz Pavelin ruhən ayıq qalmaq nəsihətini qulaqardına vurmamalıyıq. Oyaq qalmaq üçün məsihçi ailəsinin hər bir üzvü Müqəddəs Kitabın onun üzərinə qoyduğu vəzifəni vicdanla yerinə yetirməlidir. Bu, çox vacib məsələdir. Bu məqalədə biz ailənin oyaq qalmasında ərlərin, arvadların və uşaqların rolunun nədən ibarət olduğunu araşdıracağıq.
Ərlər, Xeyirxah çobandan nümunə götürün
3. Kişinin bir ailə başçısı kimi vəzifəsi, 1 Timoteyə 5:8 ayəsinə əsasən, nədən ibarətdir?
3 Müqəddəs Kitabda deyilir ki, «qadının başı kişi»dir (1 Kor. 11:3). Kişinin bir ailə başçısı kimi vəzifəsi nədən ibarətdir? Biz oxuyuruq: «Əgər kimsə öz yaxınlarının, ələlxüsus da ailəsinin qeydinə qalmırsa, o, imanı inkar edib və imansızdan da betərdir» (1 Tim. 5:8). Bu ayədən gördüyümüz kimi, onun vəzifələrindən biri ailəsini maddi cəhətdən təmin etməkdir. Lakin kişinin vəzifəsi yalnız bundan ibarət deyil. Ailəsinin ruhən oyaq qalmasını istəyən ailə başçısı doğmalarını ruhən möhkəmləndirməli və onlara Allahla münasibətlərini qorumağa kömək etməlidir (Sül. məs. 24:3, 4). Ailə başçısı bunu necə edə bilər?
4. Kişiyə ailəsini ruhən möhkəmləndirməyə nə kömək edəcək?
4 «Məsih... yığıncağın başı olduğu kimi, ər də arvadının başıdır». Buna görə də o, İsanın yığıncağa necə rəhbərlik etdiyini araşdırmalı və onun nümunəsini izləməlidir (Efes. 5:23). Gəlin İsanın öz davamçıları ilə münasibətlərini necə təsvir etdiyinə nəzər salaq. (Yəhya 10:14, 15 ayələrini oxu.) Kişi ailəsini ruhən necə möhkəmləndirə bilər? Əgər o, bu işdə uğur qazanmaq istəyirsə, hökmən İsanın ‘xeyirxah çoban’ kimi dediklərini və etdiklərini tədqiq etməli və ‘onun izi ilə getməlidir’ (1 Pet. 2:21).
5. Xeyirxah çoban olan İsa öz yığıncağını nə dərəcədə yaxşı tanıyır?
5 Çobanla qoyunlar arasındakı münasibət qarşılıqlı etibara əsaslanır. Üstəlik, çoban qoyunları haqqında hər şeyi bilir, qoyunlar da öz çobanını səsindən tanıyır və ona itaət edirlər. İsa demişdi: «Mən... öz qoyunlarımı tanıyıram, qoyunlarım da məni tanıyır». Bəli, o, yığıncağını yaxşı tanıyır. Burada «tanıyıram» kimi tərcümə olunan yunan sözü «şəxsən, yaxından tanımaq» mənasını verir. Xeyirxah çoban da hər bir qoyununu şəxsən tanıyır. O, hər birinin tələbatlarına, zəif və güclü cəhətlərinə yaxşı bələddir. Bizim üçün nümunə olan İsanın nəzərindən heç nə qaçmır. Qoyunlar da öz Çobanını tanıyır və onun rəhbərliyinə etibar edirlər.
6. Ailə başçısı Xeyirxah çoban olan İsanı necə təqlid etməlidir?
6 İsa kimi yaxşı çoban olmaq üçün kişi onu təqlid etməlidir. O, öz ailəsini yaxşı tanımalıdır. Bu, mümkündür? Əlbəttə! Bunun üçün kişi ailəsinin bütün üzvləri ilə sıx ünsiyyət etməli, onlar öz narahatçılıqları ilə bölüşəndə diqqətlə qulaq asmalı, ailə işlərinə fəal başçılıq etməlidir. Üstəlik, o, ailəvi ibadət, yığıncaq görüşləri, təbliğ xidməti və istirahət kimi məsələlərdə qərarlar verməyi öhdəsinə götürməlidir və bunu vicdanla etməlidir. Kişi müdrik qərarlar vermək və ailəsinə yaxşı nümunə olmaq məqsədilə diqqətlə Allahın Kəlamını araşdıranda və ailəsini yaxından tanımağa çalışanda, çox ehtimal ki, onun həyat yoldaşı və uşaqları bir başçı kimi ona etibar edəcəklər. O da ailəsinin birlik içində həqiqi Allaha ibadət etdiyini görəndə fərəhlənəcək.
7, 8. Ailə başçıları doğmalarına sevgi və nəvaziş göstərməkdə Xeyirxah çoban olan İsanı necə təqlid etməlidirlər?
7 Xeyirxah çoban öz qoyunlarını sevir. Müqəddəs Kitabda İsanın həyatı və xidməti barədə yazılanları araşdıranda və onun şagirdlərinə necə məhəbbət bəslədiyini görəndə ürəyimiz minnətdarlıqla dolur. İsa hətta ‘qoyunları uğrunda canını fəda etmişdi’. Ailə başçıları İsadan nümunə götürərək onların himayəsi altında olanları sevməlidirlər. Allahı razı salmaq istəyən kişi yoldaşına zülm etməyəcək, əksinə, ‘Məsih yığıncağı sevdiyi’ kimi, onu sevəcək (Efes. 5:25). Kişi həyat yoldaşı ilə xeyirxahlıqla və nəzakətlə danışmalıdır, çünki o, belə hörmətə layiqdir (1 Pet. 3:7).
8 Uşaqlarına təlim-tərbiyə verərkən ailə başçısı Müqəddəs Kitab prinsiplərinə ciddi şəkildə riayət etməlidir. Bununla belə, ata öz sevgi və nəvazişini övladlarından əsirgəməməlidir. Uşağa cəza vermək lazım gələndə o, bunu məhəbbətlə etməlidir. Uşaqlar bir-birlərindən fərqləndiyindən bəzilərinə onlardan nə tələb olunduğunu başa düşmələri üçün daha çox vaxt lazımdır. Belə uşağı olan ataya böyük səbir gərəkdir. Ailə başçıları həmişə İsanın nümunəsinə riayət edəndə evdə sülh və əmin-amanlıq hökm sürür. Onların doğmaları, məzmurçunun oxuduğu kimi, özlərini ruhani təhlükəsizlikdə hiss edirlər. (Məzmur 23:1—6 ayələrini oxu.)
9. Nuh kimi, məsihçi ailə başçılarının hansı məsuliyyəti var və onu yerinə yetirməkdə onlara nə kömək edəcək?
9 Nuh qədim dünyanın sonunun astanasında yaşayırdı. Lakin Yehova ‘allahsızlarla dolu qədim dünyanı daşqında məhv edəndə Nuhu və onunla bərabər yeddi nəfəri xilas etdi’ (2 Pet. 2:5). Ailəsinə Ümumdünya daşqından sağ çıxmağa kömək etmək onun vəzifəsinə daxil idi. Məsihçi olan ailə başçılarının da bu son günlərdə belə vəzifəsi var (Mat. 24:37). Buna görə də onlar ‘xeyirxah çobanın’ nümunəsini araşdırıb onu izləməlidirlər.
Qadınlar, hikmətli olun
10. Qadının ailədəki vəzifəsi nədən ibarətdir?
10 Həvari Pavel yazırdı: «Qoy arvadlar Ağaya tabe olur kimi, ərlərinə tabe olsunlar» (Efes. 5:22). Bu sözlər qadının ailədəki vəzifəsinin aşağı olduğunu göstərmir. İlk qadın olan Həvvanı yaratmazdan öncə Yehova demişdi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam» (Yar. 2:18). «Münasib... köməkçi» olmaq, yəni ailənin qayğısına qalan ərə hər bir işində dayaq olmaq çox şərəfli vəzifədir.
11. Nümunəvi qadın öz evini necə ‘qurur’?
11 Nümunəvi qadın ailəsinin yaxşılığını istəyir. (Süleymanın məsəlləri 14:1 ayəsini oxu.) Başçılıq prinsipinə məhəl qoymayan «səfeh qadın»dan fərqli olaraq, hikmətli qadın bu quruluşa hörmətlə yanaşır. Dünyaya xas olan itaətsizlik və özbaşınalıq təzahür etdirmək əvəzinə, belə qadın ərinə itaət edir (Efes. 2:2). Səfeh qadın əri barədə pis danışmaqdan çəkinmir, hikmətli qadın isə çalışır ki, uşaqlarının və başqalarının gözündə ərinin hörmətini artırsın. Hikmətli qadın gecə-gündüz deyinərək və əri ilə mübahisə edərək ailənin başı kimi onu hörmətdən salmır. Pul məsələsinə gəldikdə, səfeh qadın ərinin ağır zəhmətlə qazandığı pulları hara gəldi xərcləyir. Ərinə dəstək olan qadın isə maliyyə məsələlərində onunla əməkdaşlıq edir. O, ağıllı və qənaətcildir. Belə qadın ərinə daha çox işləməsi üçün təzyiq göstərmir.
12. Qadın ailəsinə ruhən ‘oyaq qalmağa’ necə kömək edə bilər?
12 Uşaqlara Yehova barədə öyrətməkdə ərinə dayaq olan nümunəvi qadın ailəsinə ruhən ‘oyaq qalmağa’ kömək edir (Sül. məs. 1:8). O, fəal şəkildə ailəvi ibadəti dəstəkləyir. Üstəlik, əri uşaqlarına məsləhət verəndə və ya onları cəzalandıranda onun tərəfini tutur. O, uşaqları fiziki və ruhani cəhətdən əziyyət çəkən səfeh qadından necə də fərqlənir!
13. Nəyə görə qadın yığıncaq işlərində fəal iştirak edən yoldaşına həmişə dəstək olmalıdır?
13 Əgər əri yığıncaq işlərində fəal iştirak edirsə, hikmətli qadının buna münasibəti necə olacaq? Əlbəttə ki, o sevinəcək! Yoldaşının xidməti köməkçi, ağsaqqal, yaxud Xəstəxanalarla əlaqə və ya Padşahlıq Zalının istismar komitəsinin üzvü olması onu sevindirir. Sözdə və əməldə ərinə həmişə dəstək olmaq üçün ondan böyük fədakarlıq tələb olunur. Lakin o başa düşür ki, ərinin teokratik işlərlə fəal şəkildə məşğul olması bütün ailəyə ruhən oyaq qalmağa kömək edir.
14. a) Ərinə dəstək olmaq istəyən qadın hansı çətinliklə üzləşə bilər və onun bu vəziyyətdə necə davranması məsləhətdir? b) Nümunəvi qadın bütün ailənin firavanlığının qayğısına necə qalır?
14 Tutalım ki, qadın ərinin hər hansı bir qərarı ilə razı deyil. Belə olan halda ona ailədəki vəzifəsini yerinə yetirmək, yəni ərinə dəstək olmaq çətin ola bilər. Hikmətli qadın hətta belə hallarda «sakit və həlim» ruh təzahür etdirəcək və ərinə qərarını həyata keçirməyə kömək edəcək (1 Pet. 3:4). Yaxşı qadın keçmişdə yaşayan qadınların, məsələn, Sara, Rut, Aviqail və İsanın anası Məryəmin gözəl nümunəsini təqlid etməyə çalışır (1 Pet. 3:5, 6). O həm də «möminlərə yaraşan tərzdə» davranan müasir yaşlı bacılardan özünə nümunə götürür (Tit. 2:3, 4). Nümunəvi qadın ərinə hörmət edir və ona məhəbbət göstərir. Bununla o, öz nikahını möhkəmləndirir və bütün ailənin firavanlığının qayğısına qalır. Onun evində sülh və əmin-amanlıq hökm sürür. Ruhani kişi üçün belə qadın əsil xəzinədir! (Sül. məs. 18:22).
Uşaqlar, diqqətiniz «gözlə görünməyən şeylər»də olsun
15. Uşaqlar bütün ailənin ruhani cəhətdən oyaq olması üçün valideynlərinə necə kömək edə bilərlər?
15 Bəs siz, uşaqlar, bütün ailənin ruhani cəhətdən oyaq olması üçün valideynlərinizə necə kömək edə bilərsiniz? Yehovanın sizin üçün hazırladığı mükafat barədə bir düşünün. Ola bilsin, siz lap balaca olanda valideynləriniz sizə Cənnətin təsvir olunduğu şəkillər göstəriblər. Ancaq siz böyüdükcə, yəqin, onlar yeni dünyada həyatın necə olacağını sizə təsəvvür etməyə kömək etmək üçün Müqəddəs Kitabdan və ona əsaslanan nəşrlərdən istifadə etmişlər. Əgər siz diqqətinizi Yehovaya xidmətə yönəltsəniz və həyatınızı Onun iradəsinə uyğun qursanız, bu, sizə oyaq qalmağa kömək edəcək.
16, 17. Həyat uğrunda qaçışda müvəffəqiyyət qazanmaq üçün uşaqlardan nə tələb olunur?
16 Uşaqlar, həvari Pavelin 1 Korinflilərə 9:24 ayəsindəki sözləri üzərində ciddi düşünün. (Ayəni oxu.) O, Yehovaya xidməti qaçışa, əbədi həyatı isə mükafata bənzətmişdi. Buna görə də həyat üçün qaçışda qələbə qazanmaq məqsədilə iştirak edin. Elə yol seçin ki, əbədi həyat mükafatını ala biləsiniz. Bir çoxları var-dövlət hərisliyinə uyaraq gözlərini mükafatda saxlaya bilməmişlər. Bu necə də böyük səfehlikdir! Pul, mal-mülk toplamaq üçün yaşamaq insana əsil xoşbəxtlik gətirə bilməz. Pulla alınan şeylər gəldi-gedərdir. Qoy sizin gözünüz «gözlə görünməyən» şeylərdə olsun. Nəyə görə? Çünki «gözlə görünməyən şeylər... əbədidir» (2 Kor. 4:18).
17 «Gözlə görünməyən şeylər»ə Padşahlığın gətirəcəyi xeyir-dualar daxildir. Buna görə də həyatınızı elə qurun ki, bu xeyir-duaları ala biləsiniz. Həqiqi Allah olan Yehovaya xidmət etmək insana əsil xoşbəxtlik gətirir. Siz bu yolda qarşınıza həm böyük, həm də bu böyük məqsədlərə çatmaqda sizə kömək edəcək kiçik məqsədlər qoya bilərsiniza. Real ruhani məqsədlərə can atmaq sizə diqqətinizi Yehovaya xidmətə və əbədi həyat mükafatına cəmləməyə kömək edəcək (1 Yəh. 2:17).
18, 19. Gənclər həqiqəti axıradək dərk edib-etmədiklərini necə müəyyən edə bilərlər?
18 Siz gənclər, ilk növbədə, həqiqəti mənimsəməli, yəni Yehova ilə şəxsi münasibətlər qurmalısınız. Bəs sən bu addımı atıbsan? Özündən soruş: «Mən ruhani insanam, yoxsa həqiqi ibadətdə iştirak etməyim valideynlərimdən asılıdır? Allaha məqbul olmaq üçün Onun xoşuna gələn xüsusiyyətlərə yiyələnirəm? Həqiqi ibadətə aid olan işlərdə müntəzəm olmaq üçün səy göstərirəmmi? Məsələn, daima dua edirəm? Müntəzəm olaraq şəxsi öyrənmə keçirirəm? Yığıncaq görüşlərində və təbliğ xidmətində həmişə iştirak edirəm? Allahla şəxsi münasibətimi möhkəmləndirərək Ona yaxınlaşıram?» (Yaq. 4:8).
19 Musanın nümunəsi üzərində düşün. Başqa mədəniyyətdə böyüyüb boya-başa çatmasına baxmayaraq, Musa istəyirdi ki, onu fironun qızının oğlu kimi yox, Yehovanın xidmətçisi kimi tanısınlar. (İbranilərə 11:24—27 ayələrini oxu.) Gənclər, siz Yehovaya sədaqətlə xidmət etməyə qəti qərarlı olmalısınız. Onda siz əsil xoşbəxtliyi tapacaqsınız, ən yaxşı həyat tərzi sürəcəksiniz və ‘əsil həyatdan bərk-bərk yapışmış’ olacaqsınız (1 Tim. 6:19).
20. Həyat uğrunda qaçışda kimlər mükafat alacaqlar?
20 Qədim zamanlarda keçirilən qaçış yarışlarında yalnız bir nəfər qalib gəlirdi. Amma həyat uğrunda qaçışda hər şey tamamilə başqa cürdür. Allahın iradəsi odur ki, «hər cür insan xilas olub həqiqət barəsində dəqiq biliyə yiyələnsin» (1 Tim. 2:3, 4). Sizdən əvvəl qaçanlar bu yarışı uğurla başa vurublar, sizinlə yan-yana qaçan bir çoxları da bu yarışda müvəffəqiyyətlə iştirak edirlər (İbr. 12:1, 2). Təslim olmayanların hamısı əbədi həyat mükafatını alacaq. Buna görə də finişə çatmaqda qəti qərarlı ol!
21. Növbəti məqalədə söhbət nədən gedəcək?
21 «Rəbbin böyük və dəhşətli günü» qaçılmazdır (Mal. 4:5). Məsihçi ailələr hazır olmalıdırlar ki, o gün onları qəflətən yaxalamasın. Buna görə də ailənin hər bir üzvü Müqəddəs Yazıların onun üzərinə qoyduğu vəzifəyə ciddi yanaşmalıdır. Ruhən ayıq qalmaq və Allahla münasibətlərinizi möhkəmləndirmək üçün siz daha nə edə bilərsiniz? Növbəti məqalədə bütün ailənin ruhani firavanlığına təsir edən üç amil araşdırılacaq.
[Haşiyə]
a «Gözətçi Qülləsi»nin 2010-cu il 15 noyabr sayının 12—16-cı səhifələrinə və 2008-ci il 15 may sayının 17—21-ci səhifələrinə baxın.
Nə öyrəndiniz?
• Nəyə görə məsihçi ailələr ‘oyaq qalmalıdırlar’?
• Ər Xeyirxah çobandan hansı nümunəni götürə bilər?
• Nümunəvi qadın öz ərini necə dəstəkləməlidir?
• Uşaqların bütün ailənin ruhən oyaq qalmasında hansı rolu var?
[9-cu səhifədəki şəkil]
Ruhani kişi üçün ona dayaq olan həyat yoldaşı əsil xəzinədir