Can atmalı olduğumuz keyfiyyətlər
«Salehlik, Allah yoluna bağlılıq, iman, məhəbbət, təhəmmül, həlimlik yolunu izlə» (1 TİM. 6:11).
1. İnsanlar həyatlarını hansı məqsədlərə həsr edirlər?
BİZİM zəmanədə insanlar həyatlarını hansı məqsədlərə həsr edirlər? Müqəddəs Kitabın göstərdiyi kimi, çoxları mənasız məqsədlərə can atırlar. Bəziləri var-dövlətin xoşbəxtlik gətirəcəyinə inanaraq ‘boş şeylərin ardınca gedir’ (Sül. məs. 28:19). Digərləri isə, zövqü və əyləncəni həyatlarında birinci yerə qoyaraq ‘şər ardınca qaçırlar’ (Məz. 119:150). İnsanlar bu məqsədlərə nail olmaq üçün var gücləri ilə çalışsalar da, əslində onlar ‘külək dalınca qaçırlar’ (Vaiz 1:14).
2. a) Allah bəzi məsihçiləri hansı mükafata can atmağa səsləyir? b) Yehova bu gün məsihçilərin əksəriyyətinə hansı ümidi təklif edir?
2 Bunun əksinə olaraq, həvari Pavel məsihçilərin hansı dəyərli məqsədə can atmalı olduqlarını göstərərək yazmışdır: «Allahın Məsih İsa vasitəsilə etdiyi yüksək dəvətə daxil olan mükafat üçün hədəfə doğru qaçıram» (Filip. 3:14). Müqəddəs Kitab göstərir ki, Pavel də daxil olmaqla, 144 000 məsh olunmuşun hamısı səmavi həyat mükafatını alır. Onlar İsa Məsihin Minillik Hökmranlığı dövründə onunla birlikdə yer üzünü idarə edəcəklər. Allah onları necə də gözəl məqsədə səsləyir! Bu gün həqiqi məsihçilərin əksəriyyətinin isə başqa ümidi, yaxud məqsədi var. Yehova onlara Adəmlə Həvvanın itirdikləri şeyi, yerüzü cənnətdə mükəmməl sağlamlığı və əbədi həyatı məhəbbətlə təklif edir (Vəhy 7:4, 9; 21:1-4).
3. Allahın lütfünə görə minnətdarlığımızı necə göstərə bilərik?
3 Günahlı insanlar düzgün olanı etmək üçün gah düz, gah da səhv addımlar atmaqla əbədi həyatı qazana bilməzlər (Yeşaya 64:6). Əbədi həyatı yalnız Allahın İsa Məsih vasitəsilə məhəbbətlə təqdim etdiyi xilas tədbirinə iman gətirməklə əldə etmək mümkündür. Allahın lütfünə görə minnətdarlığımızı necə göstərə bilərik? Məsələn, «salehlik, Allah yoluna bağlılıq, iman, məhəbbət, təhəmmül, həlimlik yolunu izlə» əmrinə tabe olmaqla (1 Tim. 6:11). Bu keyfiyyətləri araşdırmaq hər birimizə onlara «daha çox» can atmaqda qətiyyətli olmağa kömək edə bilər (1 Salon. 4:1).
«Salehlik... yolunu izlə»
4. ‘Salehlik yolunu izləməyin’ vacib olduğuna nə üçün əmin ola bilərik və bunun üçün atmalı olduğumuz ilk addımlar hansılardır?
4 Timoteyə yazdığı hər iki məktubunda həvari Pavel can atmalı olduğumuz keyfiyyətləri sadalayır və hər iki halda birinci ‘salehliyi’ vurğulayır (1 Tim. 6:11; 2 Tim. 2:22). Bundan başqa, Müqəddəs Kitab bizi digər ayələrdə də salehliyin ardınca getməyə təşviq edir (Sül. məs. 15:9; 21:21; Yeşaya 51:1). Bu, ‘vahid həqiqi Allahı və göndərdiyi İsa Məsihi tanımaqdan’ başlayır (Yəh. 17:3). Salehliyə can atmaq insanı hərəkətə, yəni keçmiş günahlarından tövbə etməyə və Allahın iradəsini yerinə yetirmək üçün ‘Allaha qayıtmağa’ təşviq edəcək (Həv. iş. 3:19).
5. Allahın qarşısında saleh ad qazanmaq və onu qorumaq üçün nə etmək lazımdır?
5 Səmimi qəlbdən salehlik yolunu izləyən milyonlarla insan həyatlarını Yehovaya həsr etmiş və həsrolunmalarını suda vəftiz olmaqla göstərmişdir. Əgər sən vəftiz olunmuş məsihçisənsə, heç düşünmüsənmi ki, həyat tərzinlə salehlik yolunu izlədiyini göstərməlisən? Bunu etməyin bir üsulu, həyatda vacib qərarlar verməli olanda Müqəddəs Kitab əsasında «xeyirlə şəri» ayırd etməkdir. (İbranilərə 5:14 ayəsini oxu.) Məsələn, əgər sən ailə qurmaq yaşına çatmış subay məsihçisənsə, vəftiz olunmamış bir adamla romantik münasibətlər qurmamağa qəti qərarlısanmı? Salehlik yolunu izləyirsənsə, məhz belə də edəcəksən (1 Kor. 7:39).
6. Salehlik yolunu həqiqətən izləməyə nə daxildir?
6 Saleh olmaq özünü saleh hesab etməkdən və ya ‘həddən artıq saleh olmaqdan’ fərqli şeydir (Vaiz 7:16). İsa insanları başqalarından fərqlənmək üçün özlərini saleh göstərməkdən çəkindirirdi (Mat. 6:1). Salehlik yolunu həqiqətən izləmək ürəklə bağlıdır, bu, yanlış fikirləri, əhval-ruhiyyəni, niyyətləri və arzuları düzəltmək deməkdir. Əgər biz bunu ediriksə, çətin ki, ciddi günaha yol verək. (Süleymanın məsəlləri 4:23 ayəsini oxu; müqayisə et: Yaqub 1:14, 15.) Üstəlik, Yehova bizi xeyir-dualandıracaq və digər vacib məsihçi xüsusiyyətlərini təzahür etdirməyə səy göstərərkən bizi köməksiz qoymayacaq.
«Allah yoluna bağlılıq»
7. «Allah yoluna bağlılıq» nə deməkdir?
7 Allah yoluna bağlılıq özünü sidq ürəkdən Allaha həsr etməyi və son dərəcə sədaqətli olmağı özünə daxil edir. Bir Müqəddəs Kitab lüğətində deyilir ki, «Allah yoluna bağlılıq» kimi tərcümə olunan yunan sözü «Allah qorxusunu itirməmək üçün var gücü ilə çalışmaq» deməkdir. İsraillilərin Misirdən azad olunduqdan sonra da dəfələrlə Allahın itaətindən çıxmalarından görünür ki, onlar çox vaxt Allah yoluna bağlı qalmırdılar.
8. a) Adəmin günaha yol verməsi ilə hansı sual meydana çıxdı? b) Allah bu ‘müqəddəs sirri’ necə açıqladı?
8 Kamil insan Adəmin günah işlətməsindən sonra min illər ərzində bu sual öz cavabını tapmamışdır: «Görəsən kimsə Allah yoluna tam bağlı qala bilərmi?» Əsrlər ərzində heç bir günahlı insan Allah yoluna tam bağlı qala bilməmişdir. Ancaq vaxtı çatanda Yehova bu ‘müqəddəs sirri’ açıqladı. O, vahid səmavi Oğlunun həyatını Məryəmin bətninə köçürdü ki, kamil insan kimi doğulsun. Alçaldıcı ölümü də daxil olmaqla, İsa yer üzündə yaşadığı bütün həyatı boyunca, həqiqi Allaha sidq ürəkdən həsr olunmağın və tam sadiq qalmağın nə demək olduğunu göstərdi. Onun dualarından məhəbbətli səmavi Atasına qarşı ehtiram duyduğu görünürdü (Mat. 11:25; Yəh. 12:27, 28). Buna görə də Yehova Pavelə ilham verdi ki, İsanın nümunəvi həyat tərzini təsvir edərkən ‘Allaha bağlılıqdan’ danışsın. (1 Timoteyə 3:16 ayəsini oxua.)
9. Allah yoluna bağlılığa necə can ata bilərik?
9 Biz günahlı olduğumuz üçün Allah yoluna tam bağlı qala bilmirik. Ancaq ona can ata bilərik. Bunun üçün bizdən Məsihin nümunəsini mümkün qədər dəqiq izləmək tələb olunur (1 Pet. 2:21). Belə etməklə biz ‘Allah yolunda imiş kimi görünən, amma o yolun qüdrətini inkar edən’ ikiüzlü möminlərə oxşamayacağıq (2 Tim. 3:5). Bu o demək deyil ki, Allah yoluna həqiqətən bağlı qalmaq özünü zahirən heç cür büruzə vermir. Bu, mütləq özünü büruzə verəcək. Məsələn, toy paltarı seçəndə, yaxud bazarlığa gedəndə nə geyinəcəyimizi qərara alanda xarici görünüşümüz həmişə ‘Allaha hörmət etdiyimizi iddia etməyimizə’ uyğun olmalıdır (1 Tim. 2:9, 10). Bəli, Allah yoluna bağlı qalmağa can atırıqsa, gündəlik həyatımızda Allahın saleh normalarını nəzərə alacağıq.
«İman... yolunu izlə»
10. İmanımızı möhkəm saxlamaq üçün nə etməliyik?
10 Romalılara 10:17 ayəsini oxub. İmanını möhkəmləndirmək və onu qorumaq üçün məsihçi Allahın Kəlamından tapdığı dəyərli həqiqətlər üzərində daim düşünməlidir. «Sadiq və ağıllı qul» çoxlu gözəl nəşrlər təqdim edir. «Dünyada yaşamış ən böyük insan» (rus.), «Böyük Müəllimdən öyrən» (rus.) və «Mənim ardımca gəl» (rus.) adlı bu üç xüsusi kitab bizə Məsihi daha yaxşı tanımağa, bunun sayəsində də onu təqlid etməyə kömək etmək üçün nəzərdə tutulub (Mat. 24:45-47). Qul sinfi həmçinin görüşlər, konqreslər təşkil edir ki, onların da çoxu diqqəti ‘Məsih haqqında kəlama’ yönəldir. Allahın təqdim etdiyi şeylərə ‘daha çox diqqətli’ olduqca hansı sahələrdə daha artıq fayda əldə edə biləcəyini görürsənmi? (İbr. 2:1).
11. Dua və itaətkarlıq iman yolunu izləməkdə hansı rolu oynayır?
11 İmanı möhkəmləndirən digər amil duadır. Bir dəfə İsanın şagirdləri ona yalvarmışdılar: «İmanımızı artır!» Biz də Allahdan təvazökarlıqla eyni şeyi yalvarıb istəyə bilərik (Luka 17:5). Bunun üçün Allahın müqəddəs ruhunun köməyi haqda dua etməliyik; «iman» (YD) ‘Ruhun səmərəsinin’ tərkib hissəsidir (Qalat. 5:22). Üstəlik, Allahın əmrlərinə tabe olmaq imanımızı möhkəmləndirir. Məsələn, biz təbliğ işində daha çox iştirak edə bilərik. Çox ehtimal ki, bu bizə böyük məmnunluq hissi gətirəcək. ‘Əvvəlcə Allahın Səltənətini və Onun salehliyini axtarmağın’ gətirdiyi xeyir-dualar üzərində düşündükcə, imanımız artacaq (Mat. 6:33).
«Məhəbbət... yolunu izlə»
12, 13. a) İsa hansı yeni əmri verdi? b) Məsihin məhəbbətinə bənzər məhəbbətə hansı vacib sahələrdə can atmalıyıq?
12 1 Timoteyə 5:1, 2 ayələrini oxu. Pavel məsihçilərin biri-birinə necə məhəbbət göstərmələrinə dair məsləhət vermişdi. Bizim Allah yoluna bağlı olmağımız İsanın verdiyi yeni əmrə, «sizi sevdiyim kimi siz də bir-birinizi sevin» əmrinə tabe olmağı özünə daxil etməlidir (Yəh. 13:34). Həvari Yəhya qeyd etmişdi: «Dünyada firavan yaşayıb, öz qardaşının ehtiyac içində olduğunu görən, lakin ona rəhmi gəlməyən insanda Allahın məhəbbəti necə yaşaya bilər?» (1 Yəh. 3:17). Nə vaxtsa əməldə məhəbbət göstərdiyin yadına gəlirmi?
13 Məhəbbət yolunu izləməyin digər üsulu bağışlamaq, qardaşlarımıza qarşı kin saxlamamaqdır. (1 Yəhya 4:20 ayəsini oxu.) Bunun əvəzinə, biz Allahdan ilham almış məsləhətə əməl etmək istəyirik: «Bir-birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlasın. Məsih [«Yehova», YD] sizi bağışladığı kimi, siz də bir-birinizi bağışlayın» (Kolos. 3:13). Yığıncaqda bu məsləhəti münasibətlərinizə tətbiq edə biləcəyin bacı və ya qardaş varmı? Sən onu bağışlayacaqsanmı?
«Təhəmmül... yolunu izlə»
14. Filadelfiya yığıncağından nə öyrənə bilərik?
14 Tez nail olunan məqsədə çatmaq üçün səy göstərməklə, çətin nail olunan və ya gözlədiyimizdən uzun çəkən məqsədə can atmaq müxtəlif şeylərdir. Aydındır ki, əbədi həyata nail olmaq təhəmmül tələb edir. İsa Məsih Filadelfiya yığıncağına demişdi: «Madam ki, təhəmmül etmək haqqındakı əmrimə riayət etdin, Mən də səni... imtahan saatından qoruyacağam» (Vəhy 3:10). Həqiqətən də, İsa təhəmmülün — sınaqlarla və şirnikdirici təsirlərlə üzləşərkən təslim olmamağa kömək edən keyfiyyətin vacib olduğunu öyrədirdi. Birinci əsrin Filadelfiya yığıncağındakı qardaşlar imanları bir çox sınaqlardan keçərkən qeyri-adi təhəmmül göstərməli olmuşdular. Buna görə də İsa əmin etdi ki, qarşıdan gələn daha böyük imtahan zamanı onlara kömək edəcək (Luka 16:10).
15. İsa təhəmmül haqqında nəyi öyrətdi?
15 İsa bilirdi ki, davamçıları imanlarına şərik olmayan qohumlarının və ümumilikdə dünyanın nifrətinə tuş olacaqlar, buna görə də ən azı iki dəfə onları bu cür ruhlandırdı: «Axıra qədər səbr edən xilas olacaqdır» (Mat. 10:22; 24:13). İsa həm də həmin vaxt şagirdlərinin tab gətirmək üçün gücü necə əldə edə biləcəklərini göstərdi. Bir nümunədə o, daşlığı Allahın ‘kəlamını sevinclə qəbul edən’, lakin imanı sınağa çəkilən zaman imandan dönən adamlara bənzətmişdi. Öz sadiq davamçılarını isə Allahın kəlamını ‘saxlayıb səbrlə səmərə verdikləri’ üçün bərəkətli torpağa oxşatmışdı (Luka 8:13, 15).
16. Məhəbbətlə təqdim olunan hansı vəsait milyonlarla insana tab gətirməyə kömək etmişdir?
16 Təhəmmülün sirrinin nədə olduğuna diqqət yetirdinizmi? Biz Allahın Kəlamını ürəyimizdə və əqlimizdə yaşatmaqla ‘saxlamalıyıq’. «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin — Müqəddəs Kitabın dəqiq və asan oxunan tərcüməsinin — getdikcə daha çox dillərdə olması sayəsində bunu etmək mümkündür, eyni zamanda da asandır. Hər gün Allahın Kəlamından olan parçalar üzərində düşünmək daima «səbrlə» səmərə vermək üçün lazımi gücü tapmağımıza kömək edəcək (Məz. 1:1, 2).
Sülh və «həlimlik yolunu izlə»
17. a) «Həlimlik» nə üçün bu qədər vacibdir? b) İsa həlim olduğunu necə göstərdi?
17 Heç kimin xoşuna gəlməz ki, onu demədiyi və ya etmədiyi bir şeydə ittiham etsinlər. Haqsız ittihamları qəzəblə inkar etmək insanların təbiətinə xasdır. Nə qədər yaxşı olardı ki, belə hallarda ‘həlimlik’ göstərək! (Süleymanın məsəlləri 15:1 ayəsini oxu.) Haqsız yerə ittiham edildikdə mülayim olmaq böyük güc tələb edir. İsa Məsih bunda bizə mükəmməl nümunə qoymuşdur. «Söyülərkən, cavabında söymədi; əzab çəkərkən, təhdid etmədi, əksinə ədalətlə mühakimə Edənə Özünü təslim etdi» (1 Pet. 2:23). Əlbəttə, biz özümüzdən İsa qədər həlim olmağı gözləyə bilmərik. Bəs daha çox həlimlik göstərmək üçün üzərimizdə işləyə bilərikmi?
18. a) Həlimliyin sayəsində hansı yaxşı nəticəni əldə etmək mümkündür? b) Biz daha hansı keyfiyyətə can atmağa təşviq olunuruq?
18 İsanı təqlid edərək, gəlin biz də dini etiqadlarımızı «həmişə mülayimliklə və ehtiramla» müdafiə etməyə hazır olaq (1 Pet. 3:15). Bəli, həlim olmağımız istər xidmətdə qarşılaşdığımız insanlarla, istərsə də həmimanlılarımızla fikir ayrılıqlarının qızğın mübahisələrə çevrilməsinin qarşısını alacaq (2 Tim. 2:24, 25). Həlimlik sülhü qorumağımıza kömək edir. Yəqin buna görə də Pavel Timoteyə yazdığı ikinci məktubunda ‘sülhü’, can atmalı olduğumuz keyfiyyətlər sırasında sadalamışdır. (2 Tim. 2:22; müqayisə et: 1 Timoteyə 6:11.) Bəli, «sülh» Müqəddəs Kitabın bizi can atmağa təşviq etdiyi daha bir keyfiyyətdir (Məz. 34:14; İbr. 12:14).
19. Yeddi məsihçi keyfiyyətini araşdırdıqdan sonra sən nəyə qərarlısan və nə üçün?
19 Bu məqalədə can atmalı olduğumuz yeddi məsihçi keyfiyyətinə toxunduq: salehlik, Allah yoluna bağlılıq, iman, məhəbbət, təhəmmül, həlimlik və sülh. Bacı-qardaşların bu dəyərli keyfiyyətləri göstərməyə var gücləri ilə çalışması hər bir yığıncaq üçün əsl xeyir-duadır! Bu, Yehovanı izzətləndirəcək və bizi formalaşdırmasına yol verəcək ki, Ona həmd edə bilək.
[Haşiyələr]
a 1 Timoteyə 3:16 (YD): «Doğrudan da, Allaha bağlılığın müqəddəs sirri şübhəsiz ki, böyükdür: “O, bədəndə zühur etdi, ruh olaraq saleh elan edildi, mələklərə göründü, xalqlar arasında təbliğ olundu, dünyada imanla qarşılandı, izzətlə yuxarı qaldırıldı”».
b Romalılara 10:17 (YD): «Beləliklə, iman eşidilən şeydən yaranır. Eşidilən şey isə Məsih haqqında kəlam vasitəsilədir».
Düşünmək üçün suallar
• Allah yoluna bağlılıq və salehlik yolunu izləmək nə deməkdir?
• İman və təhəmmül yolunu izləməyə bizə nə kömək edəcək?
• Məhəbbət bir-birimizlə rəftarımıza necə təsir edəcək?
• Bizə həlimlik və sülh yolunu izləmək nə üçün lazımdır?
[12-ci səhifədəki şəkil]
İsa insanları başqalarında təəssürat oyatmaq məqsədilə özünü saleh göstərməkdən çəkindirirdi
[13-cü səhifədəki şəkil]
Allahın Kəlamının həqiqətləri üzərində düşünməklə iman yolunu izləyə bilərik
[15-ci səhifədəki şəkil]
Biz məhəbbət və həlimlik yolunu izləyə bilərik