Yehovaya çiyin-çiyinə xidmət etməyə davam edin
“Bir ürəklə [“çiyin-çiyinə”, YD] Rəbbə qulluq etmək üçün hamısı Rəbbin ismini çağırsınlar deyə, xalqlara o zaman təmiz dodaq [“təmiz dil”, YD] verəcəyəm” (TSEFANYA 3:9).
1. Tsefanya 3:9 ayəsindəki və’d necə yerinə yetir?
YER üzündə təxminən 6 000 dildə danışılır. Bundan savayı, müxtəlif şivələr və yerli ləhcələr də mövcuddur. Lakin Azərbaycan dilindən tutmuş Zulu dilinə qədər müxtəlif dillərin mövcud olmasına baxmayaraq, Allah həqiqətən də çox gözəl bir tədbir görüb. O, elə edib ki, bütün dünyada insanlar yeganə təmiz dili öyrənib, həmin dildə danışa bilsinlər. Bununla Tsefanya peyğəmbərin vasitəsilə verilən və’d yerinə yetir: “Bir ürəklə [“çiyin-çiyinə”, YD] Rəbbə qulluq etmək üçün hamısı Rəbbin ismini çağırsınlar deyə, [mən Yehova Allah] xalqlara o zaman təmiz dodaq [“təmiz dil”, YD] verəcəyəm” (Tsefanya 3:9).
2. “Təmiz dil” nədir və onun sayəsində nə mümkündür?
2 “Təmiz dil”, Allahın Kəlamı olan Müqəddəs Kitabda yazılmış Allahın həqiqətidir. Bu, xüsusilə də, Yehovanın adını izzətləndirəcək, Onun hakimiyyətinə bəraət qazandıracaq və insanlara xeyir-dualar gətirəcək Allahın Padşahlığı ilə bağlı həqiqətdir (Matta 6:9, 10). Təmiz dildə, yə’ni dünyada ruhani cəhətdən təmiz olan yeganə dildə hər millətdən və irqdən olan insanlar danışırlar. Bunun sayəsində onlar Yehovaya “bir ürəklə”, “çiyin-çiyinə” xidmət edə bilirlər.
Ayrı-seçkiliyə yer yoxdur
3. Yehovaya birlikdə xidmət etməyimiz nəyin sayəsində mümkündür?
3 Bir məsihçi kimi, aramızda hökm sürən beynəlxalq əməkdaşlığa görə minnətdarıq. Padşahlıq haqqındakı xoş xəbəri çoxlu dillərdə təbliğ etsək də, biz Allaha birlikdə xidmət edirik (Məzmur 133:1). Bu, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, Yehovaya izzət gətirən yeganə təmiz dildə danışmağımızın sayəsində mümkündür.
4. Nəyə görə Allahın xalqı arasında ayrı-seçkilik olmalı deyil?
4 Allahın xalqı arasında ayrı-seçkilik olmalı deyil. Bunu həvari Peter eramızın 36-cı ilində qeyri-yəhudi olan yüzbaşı Korneliusun evində təbliğ edən zaman aydın şəkildə göstərdi. O dedi: “Doğrudan da dərk edirəm ki, Allah insanların kimliyinə baxmaz. Amma hər xalqdan olub, Ondan qorxan və haqq iş görən Ona məqbuldur” (Həvarilərin işləri 10:34, 35). Buna görə də məsihçi yığıncağında ayrı-seçkiliyə, tərəfgirliyə və qruplaşmalara yer yoxdur.
5. Yığıncaqda ayrılıq yaratmaq nəyə görə düzgün deyil?
5 Bir tələbə qız Padşahlıq Zalında olduqdan sonra yazmışdır: “Adətən kilsələrə gələn insanlar müəyyən bir irqin, yaxud etnik qrupun nümayəndələri olur. [...] Yehovanın Şahidləri isə hamısı birlikdə əyləşmiş və millətlərə bölünməmişlər”. Amma qədim Korinfdəki yığıncağın üzvləri arasında ayrılıq mövcud idi. Korinflilər ixtilaflar yaradaraq, Allahın birlik və sülh gətirən müqəddəs ruhuna müqavimət göstərirdilər (Qalatiyalılara 5:22). Əgər biz də yığıncaqda kiçik qruplara ayrılsaq, ruhun rəhbərliyinə zidd getmiş olarıq. Bu səbəbdən, gəlin həvari Pavelin korinflilərə dediyi sözləri yadda saxlayaq: “Rəbbimiz İsa Məsihin adı ilə, ey qardaşlarım, sizə yalvarıram ki, hamınız eyni düşüncədə olun və aranızda ayrılıq olmasın və siz bir fikirdə və eyni rə’ydə birləşəsiniz” (1 Korinflilərə 1:10). Pavel birliyin vacibliyini efeslilərə yazdığı məktubunda da vurğulayır (Efeslilərə 4:1-6, 16).
6, 7. Yaqub ayrı-seçkiliyə dair hansı məsləhəti verdi və onun sözlərini necə tətbiq etmək olar?
6 Məsihçilərdən həmişə ayrı-seçkilik salmamaq tələb olunub (Romalılara 2:11). Birinci əsrin yığıncaqlarında bə’ziləri varlılarla münasibətdə ayrı-seçkilik saldıqlarına görə, şagird Yaqub yazırdı: “Ey qardaşlarım! İzzətli Rəbbimiz İsa Məsihə imanınızı ayrı-seçkiliklə davam etdirməyin. Çünki əgər toplaşdığınız yerə qızıl üzük taxmış, qəşəng paltar geymiş bir adam girərsə, və yoxsul, çirkli paltar geymiş adam da girərsə, və siz qəşəng paltarı olana diqqət verib: “Buyurun, siz burada əyləşin”, yoxsula isə: “Sən orada dur”, yaxud “Burada payəndazımın yanında otur”, — deyərsinizsə, öz aranızda ayrı-seçkilik etmirsinizmi? Və pis düşüncəli hakimlər olmursunuzmu?” (Yaqub 2:1-4).
7 Yığıncağa qızıl üzüklü, təmtəraqlı paltarda gələnlərlə bərabər yoxsul və köhnə paltar geymiş yeni adamlar gələndə, varlılar xüsusi qarşılanırdı. Varlıları yaxşı yerdə əyləşdirir, yoxsulları isə ayaq üstə saxlayır, yaxud yerdə kiminsə ayağı yanında oturmağı təklif edirdilər. Lakin Allah İsanın fidiyə qurbanlığını həm varlılar, həm də yoxsullar üçün təqdim etmişdir (Eyub 34:19; 2 Korinflilərə 5:14). Buna görə də, əgər Yehovanı razı salmaq və Ona çiyin-çiyinə xidmət etmək istəyiriksə, ayrı-seçkilik salmamalı, yaxud “mənfəət əldə etmək üçün insanlara” yaltaqlanmamalıyıq (Yəhuda 4, 16).
Deyingənlikdən qaçının
8. İsraillilərin deyingənliyi üzündən nə baş verdi?
8 Birliyimizi qorumaq və Allahın iltifatını itirməmək üçün, Pavelin “hər şeyi şikayətsiz... edin” məsləhətinə diqqət yetirməliyik (Filipililərə 2:14, 15). Misir köləliyindən azad olunan israillilər sədaqətsizlik göstərmiş və Musa ilə Haruna, əslində isə Yehovaya qarşı deyinməyə başlamışdılar. Bu səbəbdən, Yeşu, Kaleb və levililərdən savayı, 20 yaşından yuxarı olan kişilərin heç biri Və’d edilən diyara daxil olmamış və səhradakı 40 illik səyahətləri ərzində ölmüşdülər (Saylar 14:2, 3, 26-30; 1 Korinflilərə 10:10). Bəli, deyingənlikləri onlara baha başa gəldi!
9. Deyingənliyi ucbatından Miryamın başına nə gəldi?
9 Bu, bütün xalqın deyindiyi zaman nə baş verdiyini göstərir. Bəs ayrı-ayrı insanlar deyinəndə necə? Bir dəfə Musanın bacısı Miryam və onun qardaşı Harun deyinməyə başladılar: “Rəbb yalnız Musa vasitəsiləmi söylədi? Bizim vasitəmizlə də söyləmədimi?” Müqəddəs Kitabda daha sonra deyilir: “Rəbb [bunu] eşitdi” (Saylar 12:1, 2). Bu deyinmənin nəticəsi nə oldu? Allah, göründüyü kimi, işin səbəbkarı olan Miryamı alçaltdı. Necə? O, cüzam xəstəliyinə tutuldu və təmiz olana qədər 7 gün ərzində düşərgədən kənarda qalmalı oldu (Saylar 12:9-15).
10, 11. Deyingənliyin qarşısı alınmazsa nəticəsi nə ola bilər? Nümunədə göstərin.
10 Deyingənlik, sadəcə kiminsə səhv hərəkətlərinə görə narazılıq ifadə etmək deyil. Daim deyinən insanlar Allaha deyil, özlərinə diqqət yetirərək, öz hisslərinə və vəzifələrinə həddindən artıq əhəmiyyət verirlər. Bu cür əhval-ruhiyyənin qarşısı alınmadıqda, ruhani qardaşların arasında ixtilaflar yaradır və onların Yehovaya çiyin-çiyinə xidmət etmək sə’ylərinə mane olur. İş orasındadır ki, deyingən insanlar başqalarının onlara yazığı gələcəyinə ümid edərək, həmişə şikayətlənirlər.
11 Məsələn, kim isə hansısa ağsaqqalın mə’ruzələrlə necə çıxış etdiyini və ya vəzifəsini necə yerinə yetirdiyini tənqid edə bilər. Əgər şikayətçi insanı dinləyiriksə, biz də onun kimi düşünməyə başlayacağıq. Ehtimal ki, narazılıq toxumu beynimizə düşənə qədər ağsaqqalın hərəkətləri bizi heç də narahat etmirdi, amma indi onlar bizi əsəbiləşdirir. Nəticədə, artıq ağsaqqalın etdiyi heç bir şey xoşumuza gəlmir və biz də ondan şikayətlənməyə başlaya bilərik. Bu cür davranışa Yehovanın xalqının yığıncağında yer yoxdur.
12. Deyingənlik Allahla olan münasibətimizə necə tə’sir göstərə bilər?
12 Allahın sürüsünü otarmaq məs’uliyyətini daşıyan kəslərə qarşı deyingənlik dedi-qoduya səbəb ola bilər. Qardaşlara qarşı bu cür deyingənlik və ya böhtan Yehova ilə münasibətimizə zərərli tə’sir göstərə bilər (Çıxış 22:28). Başqalarını acılayan və tövbə etməyən kəslər Allahın Padşahlığını miras almayacaqlar (1 Korinflilərə 5:11; 6:10). Şagird Yəhuda, ‘hakimiyyəti heç sayan, izzətli varlıqları söyən’, yə’ni yığıncaqdakı məs’uliyyətli kişiləri söyən deyingənlər haqqında yazırdı (Yəhuda 8). Bu cür deyingənlər Allaha xoş deyildi və əgər biz onların pis yolundan çəkiniriksə, müdrik davranmış oluruq.
13. Nəyə görə şikayətlərin hamısı səhv deyil?
13 Əlbəttə, şikayətlərin hamısı Allahın narazılığına səbəb olmur. Allah “Sodom və Homorraya qarşı qalxan fəryada” e’tinasızlıq göstərməmiş, həmin pozğun şəhərləri məhv etmişdir (Yaradılış 18:20, 21; 19:24, 25, MKŞ). Eramızın 33-cü ilinin Pentikost günündən sonra Yerusəlimdə “yunanca danışan yəhudilər ibranicə danışan yəhudilərdən şikayətlənməyə başladılar. Çünki onların dul qadınları gündəlik yardım almaqdan məhrum edilmişdilər”. Onda “on iki həvari”, “haqlarında yaxşı şəhadət olunan... yeddi nəfər” adamı “bu iş üçün”, yə’ni yemək paylanması üçün tə’yin edib vəziyyəti düzəltdi (Həvarilərin işləri 6:1-6). Bizim günlərdə də ağsaqqallar əsaslandırılmış şikayətlərə ‘qulaqlarını tutmalı’ deyillər (Süleymanın məsəlləri 21:13, MKŞ). Həmimanlılarını tənqid etməyin əvəzinə, ağsaqqallar onları ruhlandırmalı və inkişaf etdirməlidirlər (1 Korinflilərə 8:1).
14. Deyingənlikdən qaçınmaq üçün hansı xüsusiyyət xüsusilə vacibdir?
14 Hər birimiz deyingənlikdən qaçınmalıyıq, çünki narazılıq ifadə edən əhval-ruhiyyə ruhani cəhətdən zərərlidir. Bu cür mənfi düşüncə tərzi birliyimizi poza bilər. Bundansa, gəlin, həmişə müqəddəs ruhun bizdə məhəbbət xüsusiyyəti inkişaf etdirməsinə yol verək (Qalatiyalılara 5:22). Məhəbbətin “padşahlıq qanununa” itaət etmək, Yehovaya çiyin-çiyinə xidmətimizi davam etdirməyə kömək edəcəkdir (Yaqub 2:8, İ–93; 1 Peter 4:8; 1 Korinflilərə 13:4-8).
Böhtandan qaçının
15. Qeybətlə böhtan arasındakı fərqi necə izah edərdiniz?
15 Deyingənlik zərərli qeybətlərə gətirib çıxara bilər, bu səbəbdən biz nə danışdığımıza diqqət yetirməliyik. Qeybət — insanlar və onların işləri haqqında olan şayiələr yaymaq deməkdir. Böhtan isə, başqa insanı rüsvay edərək, onun haqqında bilərəkdən yalan şayiələr yaymaq deməkdir. Bu cür danışıqlar pis və Allaha xoş gəlməyən məşğuliyyətdir. Allah buna görə israillilərə demişdi: “Xalqının arasında böhtan atmaq üçün gəzmə” (Levililər 19:16, YD).
16. Pavel boş söhbətlərə meylli olan kəslər haqqında nə demişdir və onun sözləri bizə necə aiddir?
16 Şayiələrin yayılması böhtana gətirib çıxara bilər, buna görə də, Pavel bu işlə məşğul olanları cəsarətlə məzəmmət etdi. Pavel, yığıncaqda kömək almağa layiq olan dul qadınları xatırladaraq, həmçinin ‘avara olub, evdən evə gəzməyi... öyrənən və yalnız avara deyil, boşboğaz olub, başqalarının işinə burunlarını soxan, söylənməməsi lazım olan sözləri söyləyən’ qadınlar haqqında yazırdı (1 Timoteyə 5:11-15). Əgər məsihçi qadın böhtana gətirib çıxaracaq boş söhbətlərə meylli olduğunu görürsə, ona Pavelin ‘böhtançı deyil, təmkinli olmaq’ məsləhətinə diqqət yetirmək gərəkdir (1 Timoteyə 3:11). Sözsüz ki, məsihçi kişilər də zərərli qeybətlərdən qaçınmalıdırlar (Süleymanın məsəlləri 10:19).
Mühakimə etməyin!
17, 18. a) İsa qardaşlarımızı mühakimə etmək meyli haqqında nə demişdir? b) İsanın dediklərini necə tətbiq edə bilərik?
17 Biz kiməsə böhtan atmasaq da, ola bilsin, başqalarını mühakimə etməyə olan meylə qarşı mübarizə aparmalı oluruq. İsa bu cür düşüncə tərzini ittiham edərək demişdir: “Mühakimə etməyin ki, mühakimə olunmayasınız. Çünki nə hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız; və hansı ölçü ilə ölçsəniz, o ölçü ilə də sizə ölçüləcəkdir. Və nə üçün qardaşının gözündə tükü görürsən, öz gözündə isə tiri seçmirsən? Yaxud öz gözündə tir olduğu halda, qardaşına necə deyərsən ki, “Qoy gözündəki tükü çıxarım”. Ey ikiüzlü! Qabaqca öz gözündən tiri çıxar. Onda qardaşının gözündəki tükü necə çıxarmağı yaxşı görərsən” (Matta 7:1-5).
18 Əgər bizim özümüzə məcazi “tir” düzgün düşünməyə mane olursa, qardaşımıza necə cəsarət edib deyə bilərik ki, onun gözündən adi “tükü” çıxarmağa kömək edək? Əgər Allahın necə mərhəmətli olduğunu dərk ediriksə, ruhani bacı-qardaşlarımızı mühakimə etməyə meylli olmayacağıq. Məgər biz onları səmavi Atamız anladığı qədər anlaya bilərikmi? Təəccüblü deyil ki, İsa bizə xəbərdarlıq edərək demişdir: “Mühakimə etməyin ki, mühakimə olunmayasınız”. Qeyri-kamilliyimizi düzgün qiymətləndirmək, Yehovanın gözündə yanlış olan nəticələrə gəlməkdən bizi çəkindirəcəkdir.
Zərif, lakin şərəflidirlər
19. Həmimanlılarımıza necə münasibət bəsləməliyik?
19 Əgər Allaha həmimanlılarımızla çiyin-çiyinə xidmət etməyə qərarlıyıqsa, biz onları nəinki mühakimə etməyəcək, hətta hörmətdə qabaqlamağa çalışacağıq (Romalılara 12:10). Biz özümüzün deyil, onların mənafeyini axtaracaq və hər cür, hətta ən xoşagəlməz görünən işi belə onlar üçün böyük məmnuniyyətlə yerinə yetirəcəyik (Yəhya 13:12-17; 1 Korinflilərə 10:24). Bu cür gözəl əhval-ruhiyyəni necə qoruya bilərik? Yadda saxlamaq lazımdır ki, bacı-qardaşlarımızın hər biri Yehovanın gözündə dəyərlidir və insan bədəninin üzvləri bir-birinə lazım olduğu kimi, biz də bir-birimizə lazımıq (1 Korinflilərə 12:14-27).
20, 21. 2 Timoteyə 2:20, 21 ayələrində yazılan sözlər bizim üçün hansı mə’nanı daşıyır?
20 Əlbəttə, məsihçilər sadəcə olaraq xidmətin şərəfli xəzinəsi həvalə olunmuş zərif saxsı qablardır (2 Korinflilərə 4:7). Əgər biz müqəddəs fəaliyyətimizlə Yehovaya izzət gətirmək istəyiriksə, Onun və Oğlunun qarşısında olan şərəfli mövqeyimizi qoruyub saxlamalıyıq. Yalnız əxlaqi və ruhani cəhətdən təmizliyimizlə Allahın istifadəsi üçün şərəfli qablar sayıla bilərik. Bu haqda Pavel yazırdı: “Böyük evdə isə nəinki qızıl və gümüş, habelə taxta və saxsı qablar da vardır; onlardan bə’zisi şərəfli, bə’zisi də şərəfsiz istifadə üçündür. Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, təqdis olunmuş, Ağasının istifadəsinə münasib, hər xeyirli iş üçün hazırlanmış, şərəfli vəzifəyə layiq qab olacaqdır” (2 Timoteyə 2:20, 21).
21 Allahın tələblərinə müvafiq davranmayan kəslər “şərəfsiz istifadə üçün” olan “qabdır”. Ancaq əgər Allahın qanunlarına uyğun yaşayırıqsa, “təqdis olunmuş, [yə’ni Yehovaya xidmət üçün ayrılmış]... hər xeyirli iş üçün hazırlanmış, şərəfli vəzifəyə layiq qab” olacağıq. Buna görə də, özümüzdən soruşa bilərik: Şərəfli vəzifəyə layiq “qabammı”? Həmimanlılarıma müsbət tə’sir göstərirəmmi? Yığıncaqda bacı-qardaşlarımla çiyin-çiyinə əməkdaşlıq edirəmmi?
Çiyin-çiyinə xidmət etməyə davam edin
22. Məsihçi yığıncağını nə ilə müqayisə etmək olar?
22 Məsihçi yığıncağı ailəyə bənzəyir. Bütün üzvləri Yehovaya xidmət edən ailədə məhəbbət, həmrə’ylik, bir-birinin köməyinə gəlməyə hazırlıq ruhu hökm sürür. Ailə, hərəsinin özünə məxsus xasiyyəti olan bir neçə nəfərdən ibarət ola bilər, lakin hər kəsin öz vacib yeri var. Bunu eynilə yığıncaq haqqında da demək olar. Hər birimizin müxtəlif və qeyri-kamil olduğuna baxmayaraq, Allah bizi İsanın vasitəsilə Özünə cəlb edir (Yəhya 6:44; 14:6). Yehova və İsa bizi sevirlər və biz, mehriban bir ailə kimi, əlbəttə, bir-birimizə məhəbbət göstərməliyik (1 Yəhya 4:7-11).
23. Biz nəyi yaddan çıxarmamalı və nədə qətiyyətli olmalıyıq?
23 Ailəyə bənzər məsihçi yığıncağında sədaqətlə qarşılaşacağımızı gözləməkdə haqlıyıq. Həvari Pavel yazırdı: “Mən istəyirəm ki, kişilər hər yerdə pak [“sədaqətli”, YD] əllər qaldırıb, qəzəblənməyərək və mübahisə etməyərək dua etsinlər” (1 Timoteyə 2:8). Beləliklə, Pavel sədaqəti məsihçilərin yığıldığı “hər yerdə” edilən ümumi dua ilə əlaqələndirdi. Yığıncağı duada yalnız sədaqətli kişilər təqdim etməlidirlər. Əlbəttə ki, Allah hamımızdan Ona və bir-birimizə sədaqətli olacağımızı gözləyir (Vaiz 12:13, 14). Gəlin, insan bədəninin hissələri kimi, birlikdə və həmahəng əməkdaşlıq etməkdə qətiyyətli olaq. Bir ailə kimi Yehovaya birlikdə xidmət edək. Hər şeydən əvvəl isə, unutmayaq ki, bir-birimizə lazımıq və əgər Yehovaya çiyin-çiyinə xidmətimizi davam etdirsək, Onun iltifatına və xeyir-dualarına malik olacağıq.
Siz necə cavab verərdiniz?
• Nəyin sayəsində Yehovanın xalqı Ona çiyin-çiyinə xidmət edə bilir?
• Nəyə görə məsihçilər ayrı-seçkilikdən qaçınırlar?
• Sizin fikrinizcə deyingənlikdə pis olan nədir?
• Həmimanlılarımıza nəyə görə hörmət etməliyik?
[15-ci səhifədəki şəkil]
Peter dərk etdi ki, “Allah insanların kimliyinə baxmaz”.
[16-cı səhifədəki şəkil]
Allahın Miryamı nəyə görə alçaltdığını bilirsinizmi?
[18-ci səhifədəki şəkil]
Sədaqətli məsihçilər Yehovaya çiyin-çiyinə məmnuniyyətlə xidmət edirlər.