Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/3 s. 24—28
  • Hazır ol!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Hazır ol!
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • Nuh kimi hazır ol
  • Nuh və ailəsi hazır idilər
  • Musa ayıq-sayıq idi
  • Oyaq qal!
  • O, Allahın yolu ilə gedirdi
    İman örnəkləri
  • Allah Nuha nəyə görə lütf göstərdi? Bu, bizi nə üçün maraqlandırmalıdır?
    Gözətçi qülləsi 2008
  • Nuh gəmi tikir
    Müqəddəs Kitab hekayələri
  • Oyaq durmaq zərurəti daha da artır
    Gözətçi qülləsi 2004
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/3 s. 24—28

Hazır ol!

«Hazır olun, çünki insan Oğlu gözləmədiyiniz saatda gələcək» (MAT. 24:44).

1, 2. a) Müqəddəs Kitabda peyğəmbərlik edilmiş hansı hadisəni pələngin hücumu ilə müqayisə etmək olar? b) Məsih Şeytan dünyasını məhv etməyə gələndə sağ qalmaq üçün biz nə etməliyik?

BENQAL pələnglərinin məşhur təlimçisi illərlə tamaşaçılarını rahat-arxayın əyləndirirdi. O demişdi: «Heyvan sənə etibar edəndə, elə bil, sənə bütün dünyanı bağışlayıblar». Ancaq 2003-cü ilin oktyabr ayının 3-də həmin etibar öldü. Heyvanlardan biri — 172 kiloqramlıq ağ pələng məlum olmayan səbəbdən ona hücum çəkdi. Hücum tamamilə gözlənilməz olduğundan təlimçi buna hazır deyildi.

2 Çox maraqlıdır ki, Müqəddəs Kitabda «vəhşi heyvan»ın hücumu haqqında peyğəmbərlik edilir və biz buna hazır olmalıyıq. (Vəhy 17:15—18 ayələrini oxu.) Bu vəhşi heyvan kimə hücum edəcək? Hadisələrin gedişatı gözlənilmədən dəyişəcək və Şeytanın dünyası daxili parçalanma nəticəsində öz-özünə qarşı çıxacaq. Al-qırmızı rəngli vəhşi heyvan Birləşmiş Millətlər Təşkilatını, «on buynuz» isə bütün siyasi qüvvələri təmsil edir. Bunlar yalan dinin dünya imperiyası olan fahişəyəbənzər Böyük Babilə qarşı çıxacaq və onu amansızcasına məhv edəcək. Bu hadisə nə vaxt baş verəcək? Onun günü və saatı bizə məlum deyil (Mat. 24:36). Yalnız onu bilirik ki, bu, bizim gözləmədiyimiz vaxtda olacaq və həmin hücuma qədər qalan vaxt azalıb (Mat. 24:44; 1 Kor. 7:29). Bu səbəbdən həmişə ruhən hazır olmaq olduqca vacibdir. Nəyə görə? Ona görə ki, bu hücum baş verəndə və Məsih Allahın hökmlərini icra etmək üçün gələndə bizi xilas etsin (Luka 21:28). O günə tam hazır olmaq üçün biz özlərini Allahın gününə hazırlayan, buna görə də Onun vədlərinin həyata keçməsinin şahidi olan sadiq bəndələrindən nümunə götürməliyik. Bəs biz real həyatdan götürülmüş bu nümunələrə ciddi yanaşacağıq, yoxsa qulaqardına vuracağıq?

Nuh kimi hazır ol

3. Nuhun Yehovaya sədaqətlə xidmət etməsini hansı vəziyyət çətinləşdirirdi?

3 Yaşadığı dövrdəki son dərəcədə pis vəziyyətə baxmayaraq, Allahın Öz vədlərini yerinə yetirmək vaxtı gələndə Nuh buna hazır idi. Onun üzləşdiyi çətinlikləri bir təsəvvür et: üsyankar mələklər insan cildinə girib cazibədar qadınlarla birgə yaşayırdılar. Bu qeyri-təbii əlaqə nəticəsində fövqəlbəşər gücə malik olan «böyük adamlar» törədi. Bu nəhənglər öz güclərindən başqalarına əzab vermək üçün istifadə edirdilər (Yar. 6:4). Onlar hər yerdə qarmaqarışıqlıq yaradırdılar. Təsəvvür edirsən, bunun ucbatından yer üzündə zorakılıq nə dərəcədə yayılmışdı? Beləliklə, pislik yer üzünü öz ağuşuna aldı və insanların düşüncə və davranış tərzi tamamilə pozuldu. Buna görə də Ali Hökmdar Yehova pis insanları məhv edəcəyi günü təyin etdi. (Yaradılış 6:3, 5, 11, 12 ayələrini oxu.)a

4, 5. Nuhun günlərindəki vəziyyətlə bizim günlərdəki vəziyyət arasında hansı oxşarlıq var?

4 İsa peyğəmbərlik etmişdi ki, Nuhun günlərində vəziyyət necə idisə, bizim günlərdə də elə olacaq (Mat. 24:37). Misal üçün, biz də pis ruhların insanların həyatına müdaxilə etməsinin şahidiyik (Vəhy 12:7—9, 12). Bu cin mələklər Nuhun günlərində insan cildinə girirdilər. Bu gün onlar bunu edə bilməsələr də, həm gəncləri, həm də yaşlıları idarə etməyə çalışırlar. Pərdə arxasında fəaliyyət göstərən bu pozğun cin mələklər yoldan çıxartdıqları insanların pis, murdar hərəkətlərindən zövq alırlar (Efes. 6:11, 12).

5 Allahın Kəlamında İblis ‘qatil’ və ‘ölüm silahlarının sahibi’ adlanır (Yəh. 8:44; İbr. 2:14). Amma onun insanları fiziki cəhətdən öldürmək qüvvəsi məhduddur. Buna baxmayaraq, bu acıqlı ruh insanları onların əzab çəkməsinə və ölümünə səbəb olan işləri görməyə təhrik edir. O, adamların zehnində və ürəyində nifrət və qatilliyə meyil yaradır. Misal üçün, Birləşmiş Ştatlarda dünyaya gələn 142 uşaqdan 1-i qatilliyin qurbanı olur. Necə düşünürsən, məgər zorakılığın baş alıb getdiyini görən Yehova, Nuhun günlərindəki kimi, indi də bir tədbir görməyəcək? Məgər bunun üçün ölçü götürməyəcək?

6, 7. Nuh və ailəsi möhkəm imana və Allah qorxusuna sahib olduqlarını necə göstərdilər?

6 Vaxtı çatanda Yehova Nuha yeri Daşqın sularına qərq etmək və bütün canlıları məhv etmək niyyəti barədə xəbər verdi (Yar. 6:13, 17). Həmçinin ona nəhəng qutuya bənzəyən gəmi tikməyi tapşırdı. Nuh ailəsi ilə birlikdə işə başladı. Görəsən, Allaha itaətkarlıq göstərməyə və Onun hökm gününə hazır olmağa onlara nə kömək etdi?

7 Məhz möhkəm iman və Allah qorxusu sayəsində Nuh və ailəsi hər şeyi Allahın dediyi kimi etdilər (Yar. 6:22; İbr. 11:7). Nuh, bir ailə başçısı kimi, heç vaxt ruhani sayıqlığını itirmirdi və qədim dünyanın pozğun əməllərinə baş qoşmurdu (Yar. 6:9). O dərk edirdi ki, onun ailə üzvləri ətrafdakı insanların qəddar, ədəbsiz və dikbaş hərəkətlərini mənimsəməli deyillər. Həmçinin onların başı gündəlik işlərə qarışmamalı idi. Allah istəyirdi ki, bütün ailənin diqqəti Onun tapşırdığı işdə olsun. (Yaradılış 6:14, 18 ayələrini oxu.)

Nuh və ailəsi hazır idilər

8. Nəyin əsasında Nuhun doğmalarının Allaha sadiq olduqlarını deyə bilərik?

8 Müqəddəs Kitabda diqqət, əsas etibarilə, ailə başçısına — Nuha yönəldilsə də, onun arvadı, oğulları və gəlinləri də Yehovaya xidmət edirdilər. Yezekel peyğəmbər bunu təsdiqləmişdi. O demişdi ki, əgər Nuh onun dövründə yaşasaydı, övladları atalarının salehliyi sayəsində canlarını xilas edə bilməzdilər. Yehovaya tabe olub-olmamaq qərarını vermək üçün onlar yetkin yaşda idilər. Bundan belə qənaətə gəlirik ki, övladları Allaha və Onun yollarına olan məhəbbətlərini şəxsən özləri sübut etmişdilər (Yez. 14:19, 20). Ailə üzvləri Nuhun verdiyi göstərişlərə əməl edir, imanda onu dəstəkləyir və yol vermirdilər ki, Allahın tapşırdığı işi yerinə yetirməyə kimsə onlara mane olsun.

9. Bizim günlərdə Nuhun imanını kimlər təqlid edirlər?

9 Müasir zəmanədə aramızdakı ailə başçılarının Nuhun nümunəsini izləməyə çalışdıqlarını görmək necə də fərəhləndiricidir! Onlar başa düşürlər ki, ailələrini qida, geyim və evlə təmin etmək, övladlarına təhsil vermək kifayət deyil. Çünki ailələrinin ruhani tələbatlarının da qayğısına qalmalıdırlar. Bununla ailə başçıları özlərini tezliklə gələcək Yehovanın gününə hazırlamış olurlar.

10, 11. a) Nuh və ailəsi gəminin içində hansı hissləri keçirirdilər? b) Özümüzə hansı sualı verməliyik?

10 Nuh, arvadı, oğulları və gəlinləri gəmini təxminən 50 ilə tikib qurtardılar. Bu müddət ərzində onlar gəmiyə min dəfə girib-çıxmışdılar. Ona sukeçirməyən maddə vurmuş, içərisinə azuqə toplamış və heyvanları yığmışdılar. Özünü bir anlığa orada təsəvvür etməyə çalış. Bizim eradan əvvəl 2370-ci ilin ikinci ayının 17-ci günüdür. Nəhayət ki, çoxdan gözlənilən an yetişdi. Nuh ailəsi ilə birlikdə gəmiyə girir. Yehova qapını bağlayır və yağış yağmağa başlayır. Bu adi yağış deyil. Göylərin pəncərələri açılır və şiddətli leysan səsi gəminin içərisində eşidilir (Yar. 7:11, 16). Gəmidəkilər xilas olur, çöldə qalanlar isə ölürlər. Bu zaman Nuh və ailəsi hansı hissləri keçirirdilər? Şübhəsiz, onlar Yehovaya ürəkdən minnətdar idilər və: «Nə yaxşı ki, biz Allahla yerimişik və özümüzü Onun gününə hazırlamışıq!» — deyərək sevinirdilər (Yar. 6:9). Tutalım, Har-Magedon geridə qalıb və sən artıq yeni dünyadasan. Ürəyinin minnətdarlıq hissi ilə necə aşıb-daşdığını təsəvvür edə bilərsən?

11 Heç kim və heç nə Külli-İxtiyar Allah olan Yehovaya Şeytanın bu sisteminə son qoymaq vədini həyata keçirməyə mane ola bilməz. Özünə sual ver: «Allahın heç bir vədinin boşa çıxmayacağına və hamısının xırdalığına qədər öz vaxtında yerinə yetəcəyinə tam əminəmmi?» Əgər bu suala cavabın müsbətdirsə, onda «Yehovanın gününü»n sürətlə yaxınlaşdığını yadda saxlayaraq o günə hazır ol! (2 Pet. 3:12).

Musa ayıq-sayıq idi

12. Musanı həqiqi ibadətdən nələr yayındıra bilərdi?

12 Başqa bir nümunəyə nəzər salaq. İnsan nöqteyi-nəzəri ilə baxsaq, Musa Misirdə çox əlverişli mövqe tuturdu. Şübhə yoxdur ki, fironun qızı tərəfindən övladlığa götürülmüş Musa bu ölkədə böyük hörmət sahibi idi. Həmçinin o ən ləziz təamlardan dadır, ən gözəl paltarlar geyinir və cah-calal içində yaşayırdı. Musa yaxşı təhsil almışdı. (Həvarilərin işləri 7:20—22 ayələrini oxu.) Çox güman ki, o, böyük var-dövlətin varisi olacaqdı.

13. Nəyə görə heç bir şey Musanın diqqətini Allahın vədlərindən yayındıra bilmədi?

13 Valideynləri Musanı körpəlikdən öyrətdikləri üçün o, misirlilərin bütlərə ibadət etmələrinin ağılsızlıq olduğunu dərk etmişdi (Çıx. 32:8). Nə Misirin təhsil sistemi, nə də ki firon sarayının cah-calalı onu həqiqi ibadətdən döndərə bilmədi. Görünür, o, Allahın əcdadlarına verdiyi vədlər üzərində dərindən düşünür və Onun iradəsini yerinə yetirməyə hazır olmağı ürəkdən arzulayırdı. Axı Musa İsrail xalqına demişdi: «İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb [Yehova] məni sizin yanınıza göndərdi». (Çıxış 3:15—17 ayələrini oxu.)

14. Musanın imanı və cəsarəti necə sınağa çəkilmişdi?

14 Misirin cansız allahlarını təmsil edən bütlərdən fərqli olaraq, həqiqi Allah olan Yehova Musa üçün real idi. O, «Gözəgörünməz Allahı görürmüş kimi» yaşayırdı. Musa Allahın xalqının azad ediləcəyinə inansa da, bunun nə zaman baş verəcəyindən xəbəri yox idi (İbr. 11:24, 25, 27). Bir misirli israilli qulu döyəndə Musa onu müdafiə etdi. Bundan görünür ki, o, soydaşlarının azad olunacaqları günün həsrətində idi (Çıx. 2:11, 12). Lakin Yehovanın Öz niyyətini həyata keçirəcəyi gün hələ gəlib çatmamışdı, buna görə də o qaçıb uzaq bir diyarda yaşamalı oldu. Şübhə yoxdur ki, Misir sarayındakı rahatlığı atıb səhrada yaşamaq onun üçün heç də asan deyildi. Bununla belə, Yehova hər dəfə ona göstəriş verəndə o, dərhal buna hay verirdi və belə etməklə həmişə hazır olduğunu göstərirdi. Buna görə də Musa Midyanda 40 il yaşadıqdan sonra Allah israilliləri azad etmək üçün ondan istifadə edə bilmişdi. Musa Allahın göstərişi ilə Misirə qayıtdı. Nəhayət, Allahın tapşırığını yerinə yetirmək və bunu Onun istədiyi kimi etmək vaxtı gəlib çatdı (Çıx. 3:2, 7, 8, 10). Yer üzündə yaşayan «bütün adamlardan daha itaətkar bir insan» olan Musadan fironun hüzuruna çıxmaq üçün iman və cəsarət tələb olunurdu (Say. 12:3). O, bunu bir dəfə yox, dəfələrlə etmişdi və hər dəfə fironun hüzuruna gələrkən daha neçə cəza haqqında ona xəbər verəcəyini bilmirdi.

15. Uğursuzluqlara baxmayaraq, Musanı səmavi Atasını izzətləndirməyə nə təşviq edirdi?

15 Növbəti 40 il ərzində, yəni b. e. ə. 1513-cü ildən b. e. ə. 1473-cü ilə qədər Musa dəfələrlə məyusluğa qapılırdı. Buna baxmayaraq, o, Yehovanı izzətləndirmək və qardaşlarını ruhlandırmaq üçün fürsət axtarırdı (Qanun. t. 31:1—8). Nəyə görə? Çünki o, öz adından daha çox Yehovanın adını və Onun hökmranlığını sevirdi (Çıx. 32:10—13; Say. 14:11—16). Məyusluğa və uğursuzluqlara baxmayaraq, biz də həmişə Allahın hakimiyyətini dəstəkləməli və zərrə qədər də şübhə etməməliyik ki, Onun yolları başqalarınkından daha müdrik, daha saleh və daha yaxşıdır (Yeşaya 55:8—11; Yer. 10:23). Sən bu fikirlə razısan?

Oyaq qal!

16, 17. Nəyə görə Mark 13:35—37 ayələrində yazılan sözlər sənin üçün böyük əhəmiyyət kəsb edir?

16 «Diqqətli olun, oyaq qalın, çünki təyin edilmiş vaxtın haçan gələcəyini bilmirsiniz» (Mark 13:33). İsa bu xəbərdarlığı pis sistemin sonunun əlamətləri barədə peyğəmbərlik söyləyərkən vermişdi. Markın kitabında İsanın mühüm peyğəmbərliyinə necə yekun vurulduğuna diqqət yetirək: «Oyaq qalın, çünki ev sahibinin nə vaxt gələcəyini: axşam, gecə yarısında, xoruz banında, yaxud səhər tezdən gələcəyini bilmirsiniz. Elə olmasın ki, o, qəfil gələndə sizi yatmış tapsın. Sizə dediyimi hamıya deyirəm: oyaq qalın!» (Mark 13:35—37).

17 İsanın bu sözləri, doğrudan da, insanı düşünməyə vadar edir. Burada İsa dörd gecə növbəsindən danışır. Dördüncü növbə zamanı oyaq qalmaq çox çətin idi. Çünki bu növbə təxminən gecə saat üçdən günəş çıxanacan davam edirdi. Hərbçilərin fikrincə, düşmənə hücum çəkmək və onu yuxulu vəziyyətdə yaxalamaq üçün bu ən əlverişli vaxt idi. Bu gün də, bütün dünyanın dərin ruhani yuxuya getdiyi bir vaxtda oyaq qalmaq üçün biz var gücümüzlə mübarizə aparmalıyıq. Sonun və xilasımızın yaxınlaşdığı bir zamanda ‘oyaq qalmağın’ və ‘diqqətli olmağımızın’ vacibliyinə şübhəmiz varmı?

18. Yehovanın Şahidləri olan bizlər hansı şərəfə layiq görülmüşük?

18 Məqalənin əvvəlində xatırlanan sirk ustası benqal pələnginin hücumundan sonra, xoşbəxtlikdən, sağ qaldı. Lakin Müqəddəs Kitab peyğəmbərliyi açıq-aydın göstərir ki, nə yalan din, nə də bu pis sistemin qalan hissəsi öz aqibətindən — yaxınlaşmaqda olan məhvdən qaça bilməyəcək (Vəhy 18:4—8). Yaşından asılı olmayaraq, qoy Yehovanın hər bir xidmətçisi, Nuh və ailəsi kimi, Yehovanın gününə hazır olmaq üçün əlindən gələni etməyin vacibliyini heç vaxt unutmasın. Yaşadığımız dünyada yalan dinin müəllimləri, eləcə də aqnostiklər və ateistlər Yaradana rişxənd edərək Onu rüsvay edirlər. Onların bizə təsir etməsinə yol verərək həyatımızı təhlükəyə ata bilmərik. Gəlin araşdırdığımız nümunələrə ciddi yanaşaq və hər fürsətdən istifadə edərək Yehovanı «allahların Allahı» və «böyük, qüdrətli, zəhmli» Allah kimi müdafiə edək və Onu izzətləndirək (Qanun. t. 10:17).

[Haşiyə]

a Yaradılış 6:3 ayəsində yazılan «yüz iyirmi il» barədə «Gözətçi Qülləsi»nin 2010-cu il 15 dekabr sayının 30-cu səhifəsində oxumaq olar.

Yadınızdadırmı?

• Nəyə görə Nuh, ilk növbədə, ailəsinin ruhani ehtiyaclarının qayğısına qalmalı idi?

• Bizim günlərlə Nuhun günləri arasında hansı mühüm oxşarlıqlar var?

• Nəyə görə Musa, məyusluğa baxmayaraq, diqqətini Yehovanın vədlərinə cəmləmişdi?

• Hansı Müqəddəs Kitab peyğəmbərlikləri səni ruhən oyaq qalmağa təşviq edir?

[25-ci səhifədəki şəkil]

Nuh və ailəsi bütün diqqətlərini Yehovanın tapşırdığı işə cəmləmişdilər

[26-cı səhifədəki şəkil]

Məhz Yehovanın etibarlı vədləri sayəsində Musa oyaq qalırdı

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş