Xoş xəbərə həqiqətən də iman edirsənmi?
“Allahın Padşahlığı yaxınlaşdı. Tövbə edin və Müjdəyə [“xoş xəbərə”, YD] iman edin” (MARK 1:15, İ–93).
1, 2. Mark 1:14, 15 ayələrini necə izah edərdiniz?
ERAMIZI 30-cu ili idi. İsa Məsih Qalileyada özünün məşhur xidmətinə başlamışdı. O, “Allahın xoş xəbərini” (YD) təbliğ edirdi. Onun söylədiyi “vaxt tamam oldu, Allahın Padşahlığı yaxınlaşdı. Tövbə edin və Müjdəyə [“xoş xəbərə”, YD] iman edin” sözləri bir çox qalileyalıları həyəcanlandırırdı (Mark 1:14, 15, İ–93).
2 İsanın öz xidmətinə başlaması, xalqın isə Allah tərəfindən bəyəniləcək qərar qəbul etməsi üçün ‘vaxt tamam olmuşdu’ (Luka 12:54-56). ‘Allahın Padşahlığı yaxınlaşmışdı’, çünki İsa, tə’yin olunmuş Padşah kimi insanların arasında idi. Onun təbliğ xidməti təmiz ürəkli insanları tövbəyə təşviq edirdi. Bəs onlar xoş xəbərə iman etdiklərini necə təzahür etdirirdilər? Və bunu biz necə edə bilərik?
3. İnsanlar xoş xəbərə iman etdiklərini keçmişdə necə göstərmişlər, onlar bunu indi necə edirlər?
3 İsa kimi, həvari Peter də insanları tövbəyə təşviq edirdi. Peter eramızın 33-cü ilinin Pentikost günündə Yerusəlimdə yaşayan yəhudilərə müraciət edərək dedi: “Günahlarınızın bağışlanması üçün tövbə edin və hər biriniz İsa Məsihin adı ilə vəftiz olsun. Və Müqəddəs Ruhun ən’amını alacaqsınız”. Minlərlə insanlar tövbə etdilər və vəftiz olunub İsanın davamçısı oldular (Həvarilərin işləri 2:38, 41; 4:4). Eramızın 36-cı ilində tövbə edən qeyri-yəhudilər də bu cür davrandılar (Həvarilərin işləri 10:1-48). Bizim günlərimizdə də, xoş xəbərə iman minlərlə insanları günahlarından tövbə etməyə, özlərini Allaha həsr etməyə və vəftiz olunmağa təşviq edir. Onlar xilas haqqındakı xoş xəbəri qəbul edir və İsanın fidiyə qurbanlığına iman gətirirlər. Bundan əlavə, onlar saleh həyat tərzi sürür və Allahın Padşahlığının tərəfini tuturlar.
4. İman nədir?
4 Bəs iman nədir? Həvari Pavel yazırdı: “İman, ümid edilən şeylərə əsaslı e’timad, görünməz olsa belə mövcud olan şeylərin aydın təzahürüdür” (İbranilərə 11:1, YD). İmanımız sayəsində əmin oluruq ki, Allahın və’d etdiyi hər şeyi artıq yerinə yetmiş hesab etmək olar. Bu, müəyyən mülkə sahib olduğumuzu təsdiq edən sənəd kimidir. İman, eyni zamanda “mövcud olan şeylərin aydın təzahürü”, yə’ni görünməyən bir şeyin mövcudluğuna əmin olmaq üçün əsasdır. Bu cür şeyləri görməsək də, dərrakəmiz və minnətdarlıqla dolu ürəyimiz onların real olduğuna bizi əmin edir (2 Korinflilərə 5:7; Efeslilərə 1:18).
İmana ehtiyacımız var!
5. İman etmək nə üçün bu qədər vacibdir?
5 Biz imanla deyil, ruhani tələbatlarla doğuluruq. Üstəlik, “hamı iman etmir” (2 Saloniklilərə 3:2). Lakin Allahın və’d etdiklərini miras almaq üçün, məsihçilər imana malik olmalıdırlar (İbranilərə 6:12). Pavel imana dair gözəl nümunə verənləri sadalayaraq yazmışdır: “Buna görə, biz də ətrafımızda böyük şahidlər buluduna malik olduğumuz üçün, bizi asanlıqla çaşdıran günahı tərk edib, qarşımıza qoyulan yarışda mətanətlə qaçaq. İmanımızın Banisi və Kamilləşdiricisi olan İsaya baxaq” (İbranilərə 12:1, 2). “Bizi asanlıqla çaşdıran günah” nədir? Bu, iman çatışmazlığı və ya bir zamanlar malik olduğumuz imanın itirilməsidir. İmanımızı möhkəm saxlamaq üçün ‘İsaya baxmalı’ və onun nümunəsini izləməliyik. Biz, həmçinin əxlaqsızlığı rədd etməli, cismani işlərlə mübarizə aparmalı və hərislikdən, dünyəvi fəlsəfələrdən və Müqəddəs Kitaba müvafiq olmayan ən’ənələrdən qaçınmalıyıq (Yəhuda 3, 4; Qalatiyalılara 5:19-21; Koloslulara 2:8; 1 Timoteyə 6:9, 10). Bundan əlavə, Allahın bizimlə olduğuna və Onun Kəlamındakı nəsihətlərin həqiqətən də fayda gətirdiyinə iman etməliyik.
6, 7. İmana malik olmaq üçün dua etmək nəyə görə münasibdir?
6 İmanı öz iradəmiz gücünə inkişaf etdirə bilmərik. İman — Allahın müqəddəs ruhunun, yə’ni fəal qüvvəsinin səmərəsinin tərkib hissəsidir (Qalatiyalılara 5:22, 23). Bəs imanımızın möhkəmlənməsinə ehtiyac duyuruqsa necə? İsa demişdir: “Madam ki, siz... öz övladlarınıza yaxşı hədiyyələr verə bilirsiniz, Səmavi Atanızın Ondan diləyənlərə Müqəddəs Ruhu verəcəyi nə qədər yəqindir!” (Luka 11:13). Gəlin, müqəddəs ruhu almaq üçün dua edək, çünki o bizdə, ən çətin anlarda belə Allahın iradəsini yerinə yetirməmiz üçün lazımi imanı hasil edə bilər (Efeslilərə 3:20).
7 Daha çox imana malik olmaq üçün dua etmək münasibdir. İsa bir gəncdən cini qovmazdan əvvəl, gəncin atası yalvarıb dedi: “İman edirəm, ya Rəbb! İmansızlığıma qalib gəlməyimə kömək et!” (Mark 9:24). İsanın şagirdləri xahiş etdilər: “İmanımızı artır!” (Luka 17:5). Gəlin, Allahın dualarımıza cavab verəcəyinə şübhə etmədən, imana malik olmaq üçün dua edək! (1 Yəhya 5:14).
Allahın Kəlamına iman etmək olduqca vacibdir
8. Allahın Kəlamına iman etmək bizə necə kömək edə bilər?
8 İsa həyatını qurban verməzdən bir az qabaq şagirdlərinə demişdi: “Ürəyiniz narahat olmasın; Allaha iman edin, Mənə də iman edin” (Yəhya 14:1). Məsihin davamçıları kimi biz Allaha və Onun Oğluna iman edirik. Bəs Allahın Kəlamına? Əgər bizə ən yaxşı öyüd və rəhbərliyi təqdim etdiyinə tam əmin olaraq, Allahın Kəlamını öyrənib həyata keçiririksə, əlbəttə ki, o bizim həyatımıza güclü və faydalı tə’sir göstərməyə qabildir (İbranilərə 4:12).
9, 10. Yaqub 1:5-8 ayələrində iman haqqında deyilənləri necə izah edərdiniz?
9 Biz qeyri-kamil insanlarıq və həyatımız çətinliklərlə doludur. Lakin Allahın Kəlamına iman etmək bizə böyük kömək ola bilər (Eyub 14:1). Fərz edək ki, hər hansı sınağın öhdəsindən necə gələcəyimizi bilmirik. Allahın Kəlamı bizə məsləhət edir: “Əgər sizlərdən birinin hikməti əksikdirsə, hər kəsə comərdliklə və gileylənməyərək verən Allahdan diləsin, ona veriləcəkdir. Amma qoy imanla diləsin, heç şübhə etməsin. Çünki şübhə edən, küləyin qaldırdığı və təlatümə gətirdiyi dəniz dalğasına bənzər. Qoy belə bir adam düşünməsin ki, Rəbbdən bir şey alacaqdır. Mütərəddid adam etdiyi heç bir şeydə sabit deyil” (Yaqub 1:5-8).
10 Hikmətimizin əksik olduğundan dua etdiyimizə görə, Yehova Allah bizi qınamayacaq. Əksinə, qarşılaşdığımız sınaqlara düzgün yanaşmağımıza kömək edəcəkdir. Bu zaman həmimanlılarımız diqqətimizi lazımi ayələrə yönəldə bilərlər, ya da ki, biz özümüz Müqəddəs Kitabı öyrənərkən bu cür ayələrə diqqət yetirə bilərik. Yaxud da, ola bilsin, Yehovanın müqəddəs ruhunun rəhbərliyi necəsə başqa cür təzahür olunsun. Əgər ‘imanla, şübhə etmədən’ diləyiriksə, səmavi Atamız sınaqların öhdəsindən gəlməyimiz üçün lazımi hikməti verir. Əgər biz küləyin sovurduğu dəniz dalğaları kimiyiksə, Allahdan nə isə alacağımıza ümid etməməliyik. Nəyə görə? Ona görə ki, bu bizim mütərəddid və dualarda, yaxud başqa işlərdə, hətta imanı təzahür etdirməkdə belə qərarsız olduğumuzu göstərərdi. Deməli, biz Allahın Kəlamına və orada verilən rəhbərliyə möhkəm iman etməliyik. Allahın Kəlamının bizə necə kömək etdiyinə və yol göstərdiyinə dair bir neçə nümunəyə baxaq.
İman və gündəlik tələbatlarımız
11. Allahın Kəlamına iman etməyimiz, gündəlik tələbatlarımıza dair bizi nəyə əmin edir?
11 Əgər hal-hazırda ehtiyac və yoxsulluq içində yaşayırıqsa, onda necə? Allahın Kəlamına olan imanımız bizdə, Yehovanın gündəlik tələbatlarımızın qeydinə qalacağına, nəticədə isə Onu sevənlərin hamısına bol-bol xeyir-dualar verəcəyinə dair əsaslı ümid hasil edir (Məzmur 72:16; Luka 11:2, 3). Aclıq zamanı Yehovanın öz peyğəmbəri İlyası qida ilə necə tə’min etdiyinin üzərində düşünməyimiz, bizi ruhlandıra bilər. Daha sonra Allah un və yağ ehtiyatlarını mö’cüzəli şəkildə artıraraq, bir qadının, onun oğlunun və İlyasın həyatını qorudu (1 Krallar 17:2-16). Buna bənzər şəkildə, Yerusəlim babillilər tərəfindən mühasirəyə alınan zaman, Yehova Yeremya peyğəmbərin ehtiyaclarını tə’min edirdi (Yeremya 37:21). Yeremyanın və İlyasın yeməkləri çox az olsa da, Yehova onların qeydinə qalırdı. O, bu gün də Ona iman edənlərin qeydinə qalır (Matta 6:11, 25-34).
12. Çörək pulu qazanmaqda bizə nə kömək edəcəkdir?
12 İman və Müqəddəs Kitab prinsiplərinə riayət etmək bizi maddi cəhətdən zənginləşdirməyəcək, lakin çörək pulu qazanmağımıza kömək edəcəkdir. Nümunə üçün: Müqəddəs Kitab bizi düzgün, bacarıqlı və əməksevər olmağa çağırır (Süleymanın məsəlləri 22:29; Vaiz 5:18, 19; 2 Korinflilərə 8:21). Əgər bir işçi kimi yaxşı ad qazanmışıqsa, bunu lazımınca qiymətləndirməmək olmaz. Hətta yaxşı iş tapmaq mümkün olmayan yerlərdə belə, düzgünlüyü sevən, bacarıqlı və çalışqan işçilərin vəziyyəti daha üstün olur. Onlar bolluq içində yaşamasalar da, ən vacib tələbatlarını ödəyir və öz zəhmətləri ilə qazandıqları çörəyi yeməkdən məmnunluq duyurlar (2 Saloniklilərə 3:11, 12).
İman, kədərə tab gətirməyimizə kömək edir
13, 14. İman kədərə tab gətirməyimizə necə kömək edir?
13 Allahın Kəlamı aydın surətdə göstərir ki, əzizlərimizin ölümündən kədərlənmək tamamilə təbiidir. Sadiq qəbilə başçısı İbrahim, sevimli arvadı Saranın ölümü üçün göz yaşı axıdırdı (Təkvin 23:2). Davud, oğlu Abşalomun öldüyünü eşidəndə çox kədərlənmişdi (2 Samuel 18:33). Hətta kamil insan olan İsa belə dostu Lazar öləndə ağlamışdı (Yəhya 11:35, 36). Əziz adamın ölümü bizdə böyük kədərə səbəb olur, lakin Allahın Kəlamındakı və’dlərə iman etmək, bu kədərə tab gətirməyimizə kömək edər.
14 Pavel demişdir: “Allaha ümid edirəm ki, həm saleh, həm də saleh olmayan ölülərin dirilməsi olacaqdır” (Həvarilərin işləri 24:15). Biz Allahın milyonlarla insanları diriltmək niyyətinə iman etməliyik (Yəhya 5:28, 29). Onların arasında İbrahim və Sara, İshaq və Rebeka, Yaqub və Lea da olacaqdır; onlar indi ölüm yuxusundadırlar və Allahın yeni dünyasında diriləcəkləri vaxtı gözləyirlər (Təkvin 49:29-32). Bizə əziz olan insanlar yer üzündə yaşamaq üçün ölüm yuxusundan ayıldıqları zaman, necə də sevindirici olacaqdır! (Vəhy 20:11-15). İndi iman bütün kədərimizi tamamilə aradan qaldıra bilməsə də, o, ağır itkilərə tab gətirməyimizə yardım edən Allahla yaxın olmağımıza imkan yaradacaqdır (Məzmur 121:1-3; 2 Korinflilərə 1:3).
İman, mə’yus olanları möhkəmləndirir
15, 16. a) Nə üçün demək olar ki, Allaha iman edənlərin mə’yusluq keçirmələrində qeyri-adi bir şey yoxdur? b) Mə’yusluqla mübarizə aparmaqda nə kömək edə bilər?
15 Allahın Kəlamı göstərir ki, hətta Allaha iman edənlər də mə’yusluq keçirə və depressiyadan əziyyət çəkə bilərlər. Ağır sınaqlara mə’ruz qalan zaman, Eyub Allahın onu tərk etdiyini düşünürdü (Eyub 29:2-5). Yerusəlimin və onun divarlarının viran olması Nehemyanı kədərləndirirdi (Nehemya 2:1-3). Peter, İsanı inkar etdikdən sonra elə kədərləndi ki, “hönkür-hönkür ağladı” (Luka 22:62). Pavel isə Salonik yığıncağındakı həmimanlılarını “cəsarətsizləri [“kədərli olanları”, YD] ruhlandır”mağa çağırırdı (1 Saloniklilərə 5:14). Gördüyümüz kimi, Allaha iman edənlərin mə’yusluq hissi keçirmələrində qeyri-adi bir şey yoxdur. Bəs mə’yusluğun öhdəsindən necə gəlmək olar?
16 Bir sıra ciddi problemlərlə qarşılaşdıqda mə’yusluğa qapıla bilərik. Lakin bütün bu problemləri böyük bir fəlakət kimi qəbul etmək əvəzinə, Müqəddəs Kitab prinsiplərini tətbiq edərək, ola bilsin, onları bir-bir həll edə bilərik. Beləliklə, mə’yusluqdan müəyyən dərəcədə azad olmaq olar. Bundan əlavə, işlərimizdə tarazlığı qorumaq və kifayət qədər istirahət etmək də faydalı ola bilər. Bir şeyə şübhə etməyə bilərik: Allaha və Onun Kəlamına iman ruhani rifahımıza kömək edir. Çünki imanın sayəsində Allahın qayğımıza qaldığına əminliyimiz möhkəmlənir.
17. Yehovanın bizim qayğımıza qaldığını haradan bilirik?
17 Peter zəmanətverici sözlərlə bizə təsəlli verir: “Allahın güclü əlinin himayəsi altında təvazökar olun ki, O Öz vaxtında sizi ucaltsın. Bütün qayğınızı Onun üzərinə qoyun, çünki sizin qayğınıza qalan Odur” (1 Peter 5:6, 7). Məzmurçu tərənnüm edirdi: “Rəbb bütün yıxılanlara dəstək olar və bütün əyilmiş olanları düzəldər” (Məzmur 145:14). Bizim bu sözlərə inanmaq üçün tam əsasımız var, çünki onlar Allahın Kəlamında yazılıb. Əgər mə’yusluq keçib getmirsə, bütün qayğılarımızı sevən səmavi Atamızın üzərinə qoya biləcəyimizi bilmək, imanımızı necə də möhkəmləndirir!
Başqa sınaqlar zamanı imanın köməyi
18, 19. Xəstəliklərə tab gətirməkdə və xəstə olan həmimanlılarımıza təsəlli verməkdə iman bizə necə kömək edir?
18 Bizim və ya əzizlərimizin ciddi xəstəliyi ucbatından imanımız sərt sınaqlarla üzləşə bilər. Müqəddəs Kitabda Epafrodit, Timotey və Trofim kimi məsihçilərin mö’cüzə vasitəsilə sağaldıqları deyilməsə də, şübhəsiz ki, Yehova tab gətirmələri üçün onlara güc verirdi (Filipililərə 2:25-30; 1 Timoteyə 5:23; 2 Timoteyə 4:20). Bundan əlavə, məzmurçu “düşkünlərə baxan” hər bir kəs haqqında tərənnüm edirdi: “Taqətsizlik döşəyində Rəbb ona dəstək olar; xəstəliyində bütün yatağını sən düzəldərsən” (Məzmur 41:1-3). Məzmurçunun sözləri, xəstə olan həmimanlılarımıza təsəlli verməkdə bizə necə kömək edə bilər?
19 Xəstə olanlara ruhani cəhətdən yardım göstərmək üçün onlarla birlikdə və onlar üçün dua etmək olar. Biz Allahdan kiməsə mö’cüzəli tərzdə şəfa verməsini diləməsək də, onların xəstəliklərə və həyatlarının bu cür çətin anlarına tab gətirə bilmələri üçün ehtiyac duyduqları ruhani gücü verməsini xahiş edə bilərik. Yehova onlara kömək edəcək, onların imanı isə, ‘orada yaşayanın: Xəstəyəm, deməyəcəyi’ bir vaxtın intizarında möhkəmlənəcək (İşaya 33:24). Bütün itaətkar insanların, dirildilmiş İsa Məsih və Allahın Padşahlığı vasitəsilə günahdan, xəstəliklərdən və ölümdən həmişəlik azad olacaqlarını bilmək necə də təsəllivericidir! Bu gözəl gələcək üçün, “bütün xəstəlikləri yaxşı edən” Yehova Allaha minnətdarıq (Məzmur 103:1-3; Vəhy 21:1-5).
20. Nəyə görə demək olar ki, iman, qocalıq dövrünün “pis günlər”inə tab gətirməkdə bizə kömək edir?
20 İman, həmçinin sağlamlığın və gücün olmadığı qocalıq dövrünün “pis günlər”inə tab gətirməkdə də kömək edir (Vaiz 12:1-7). Buna görə də yaşlı bacı və qardaşlarımız, tərənnüm edən ahıl yaşlı məzmurçunun sözlərini təkrar edə bilərlər: “Ümidim sənsən, ya Rəbb Yehova... İxtiyarlıq zamanında məni özündən atma; qüvvətim tükəndiyi zaman, məni buraxma” (Məzmur 71:5, 9). Məzmurçunun Yehovanın köməyinə ehtiyacı vardı. Bu köməyə, uzun illər Allaha xidmət etmiş, indi isə ahıl yaşında olan həmimanlılarımız da ehtiyac duyurlar. Onlar imana malikdirlər, buna görə də Yehovanın “əbədi əllər”inin əzmli köməyinə şübhə etməyə bilərlər (Təsniyə 33:27).
Allahın Kəlamına olan imanınızı qoruyun
21, 22. İman Allahla olan münasibətimizə necə tə’sir göstərir?
21 Xoş xəbərə və ümumiyyətlə Allahın Kəlamına iman etmək, Yehovaya daha çox yaxınlaşmağımıza kömək edir (Yaqub 4:8). Bəli, O, Hökmdar Allahdır, həmçinin Yaradanımız və Atamızdır (İşaya 64:8; Matta 6:9; Həvarilərin işləri 4:24). Məzmurçu oxuyurdu: “Sənsən Atam, Allahım və qurtuluşumun qayası” (Məzmur 89:26). Əgər Yehovaya və Onun Kəlamına iman ediriksə, biz də Onu ‘qurtuluşumuzun qayası’ hesab edə bilərik. Bu necə də ruhlandırıcı şərəfdir!
22 Yehova — ruhdan doğulmuş məsihçilərin və onların yer üzündə yaşamaq ümidinə malik olan həmkarlarının Atasıdır (Romalılara 8:15). Səmavi Atamıza iman etdiyimiz üçün heç vaxt mə’yus olmayacağıq. Davud demişdir: “Anam və atam məni buraxdıqları zaman, Rəbb mənə himayəçilik edər” (Məzmur 27:10). Bundan əlavə, Müqəddəs Yazılar bizi əmin edir: “Rəbb xalqını öz böyük adı naminə buraxmayacaqdır” (1 Samuel 12:22).
23. Yehova ilə münasibətlərimizin möhkəm olması üçün nə tələb olunur?
23 Yehova ilə münasibətlərimizin möhkəm olması üçün, əlbəttə, xoş xəbərə iman etməli və Müqəddəs Yazıları əslində olduğu kimi — Allahın Kəlamı olaraq qəbul etməliyik (1 Saloniklilərə 2:13). Biz bütünlüklə Yehovaya e’tibar etməli və Onun Kəlamının yolumuzu işıqlandırmasına imkan verməliyik (Məzmur 119:105; Süleymanın məsəlləri 3:5, 6). Yehovaya, Onun şəfqətinə, mərhəmətinə və köməyinə əmin olaraq dua ediriksə, imanımız möhkəmlənəcək.
24. Romalılara 14:8 ayəsində hansı təsəlliverici fikir ifadə olunur?
24 İman bizi, Allaha həmişəlik həsr olunmağa təşviq etmişdir. İmanımız möhkəmdirsə, ölsək belə, biz Onun, dirilmək ümidinə malik olan və həsr olunmuş xidmətçiləri olaraq qalırıq. Bəli, “yaşayırıqsa da, ölürüksə də, həmişə Rəbbinik” (Romalılara 14:8). Gəlin bu təsəlliverici fikri ürəyimizdə saxlayaq və Allahın Kəlamına e’tibarımızı və xoş xəbərə olan imanımızı bundan sonra da qoruyaq.
Siz necə cavab verərdiniz?
• İman nədir və biz bu keyfiyyətə nə üçün ehtiyac duyuruq?
• Xoş xəbərə və ümumiyyətlə Allahın Kəlamına iman etməyimiz nəyə görə olduqca vacibdir?
• Müxtəlif sınaqlara tab gətirməkdə iman bizə necə kömək edir?
• İmanımızı qorumağa bizə nə kömək edəcəkdir?
[8-ci səhifədəki şəkillər]
Yeremya və İlyas imana malik olduqları üçün, Yehova onları tərk etmədi.
[9-cu əhifədəki şəkillər]
Eyub, Peter və Nehemya möhkəm imana malik idilər.
[10-cu səhifədəki şəkillər]
Yehova ilə münasibətlərimizin möhkəm olması üçün, xoş xəbərə iman etməliyik.