Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/6 s. 22—26
  • ‘İlk məhəbbətini’ qoru

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • ‘İlk məhəbbətini’ qoru
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Həqiqətə səni nə inandırdı?
  • İlk məhəbbətini möhkəmləndir
  • Özünü təhlil et
  • Çox şeyə görə minnətdarıq
  • Qoymayın məhəbbətiniz soyusun
    Gözətçi qülləsi 2017
  • Allahın Yehovanı sev
    Gözətçi qülləsi 2014
  • Yehova üçün dəyərlisiniz!
    Gözətçi qülləsi 2021
  • Səni sevən Allahı sev
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2008
w08 15/6 s. 22—26

‘İlk məhəbbətini’ qoru

«Malik olduğuna möhkəm sarıl» (VƏHY 3:11).

1, 2. Yehova haqqında öyrəndiklərinin həqiqət olduğuna əmin olanda hansı hissləri keçirmişdin?

YEHOVANIN itaətkar bəşəriyyətə təklif etdiyi gözəl gələcək haqqında ilk dəfə öyrəndiyin vaxtı xatırlayırsanmı? Əgər sən əvvəllər başqa dinə etiqad edirdinsə, Müqəddəs Kitab əsasında Allahın niyyətlərini sənə izah edəndə, yaxud çətin başa düşdüyün təlimlər sənə aydın olanda hansı hissləri keçirmişdin? Ola bilsin, başa düşdün ki, sənə çox şeyləri səhv öyrədiblər. Ancaq indi həqiqəti bildiyinə görə necə də xoşbəxtsən! Əgər sən məsihçi ailəsində böyümüsənsə, Yehova haqqında öyrəndiklərinin həqiqət olduğuna əmin olanda və bildiklərinə müvafiq yaşamağa qərar verəndə hansı hissləri keçirdiyin yadındadır? (Rom. 12:2).

2 Ruhani qardaşlarından bir çoxu həmin anda ürəklərinin sevinclə dolub-daşdığını, özlərini Yehovaya yaxın hiss etdiklərini və Yehovanın onları Özünə cəlb etdiyi üçün minnətdar olduqlarını səninlə bölüşəcəklər (Yəh. 6:44). Duyduqları xoşbəxtlik onları məsihçi xidmətində iştirak etməyə təşviq etmişdi. Onlar o qədər sevinirdilər ki, keçirdikləri hissləri hamı ilə bölüşmək istəyirdilər. Sən də eyni hissləri keçirmisənmi?

3. İsa Efes yığıncağına xəbər göndərəndə orada vəziyyət necə idi?

3 Birinci əsrdə Efesdəki məsihçi yığıncağına müraciətində İsa ‘ilk məhəbbətdən’ söz açmışdı. Efeslilərin çoxlu gözəl cəhətləri var idi, ancaq onların bir zamanlar Yehovaya duyduqları məhəbbət zəifləmişdi. Buna görə də İsa onlara dedi: «Sənin əməllərindən, əməyindən, təhəmmülündən və pis adamlara tab gətirə bilmədiyindən xəbərdaram. Həvari olmadıqları halda, özlərini həvari adlandıranları sınaqdan çıxartdın və onların yalançı olduğunu müəyyən etdin. Sən əzablara dözdün və təhəmmülün vardır. Mənim adım uğrunda zəhmət çəkdin və yorulmadın. Ancaq səndən bir şikayətim vardır: sən ilk məhəbbətindən əl çəkmisən» (Vəhy 2:2-4).

4. Nəyə görə İsanın Efeslilərə xəbəri bu gün də yerindədir?

4 «Vəhy» kitabında İsanın efeslilərə və digər yığıncaqlara verdiyi məsləhət 1914-cü ildə məsh olunmuş məsihçilərin arasında bir müddət mövcud olan vəziyyəti nəzərə alanda lap yerində idi (Vəhy 1:10). Bununla belə, hətta indi də bəzi məsihçilər Yehovaya və məsihçi həqiqətinə olan ‘ilk məhəbbətlərini’ itirə bilərlər. Bunu nəzərə alaraq, gəlin görək, hər kəsin öz həyatındakı hadisələri yada salaraq və üzərində düşünərək Allaha və həqiqətə olan ilk məhəbbətini və səyini qoruması, təravətləndirməsi və möhkəmləndirməsi necə mümkündür.

Həqiqətə səni nə inandırdı?

5, 6. a) Hər bir məsihçi özü nəyə əmin olmalıdır? b) Yehovanın Şahidlərinin öyrətdiklərinin həqiqət olduğuna səni nə inandırdı? c) İnsana ilk məhəbbətini təravətləndirməyə nə kömək edə bilər?

5 Özünü Yehovaya həsr edən hər kəs «Allahın yaxşı, məqbul və kamil iradəsinin nə olduğunu» əvvəlcə özü ‘dərk etməlidir’ (Rom. 12:1, 2). Bunu etməyin üsullarından biri Müqəddəs Kitab həqiqətlərini öyrənməkdir. Yehovanın Şahidlərinin öyrətdiklərinin həqiqət olduğuna biri bir şeyə görə, digəri isə başqa şeyə görə əmin olur. Bəziləri xatırlayırlar ki, Allahın adını Müqəddəs Kitabdan oxumaları, yaxud ölülərin vəziyyəti haqqında həqiqəti bilmələri onlar üçün dönüş nöqtəsi olmuşdur (Yeşaya 42:8, KM; Vaiz 9:5, 10). Başqalarına isə, Yehovanın xalqı arasındakı məhəbbət güclü təsir bağışlamışdır (Yəh. 13:34, 35). Hələ bir çoxları isə, bu dünyanın bir hissəsi olmamağın nə demək olduğu üzərində düşünüb qənaətə gəlmişlər ki, həqiqi məsihçilər heç bir xalqın siyasi toqquşmalarına və müharibələrinə qarışa bilməzlər (Yeşaya 2:4; Yəh. 6:15; 17:14-16).

6 Bu və ya digər amillər bir çoxlarının ürəyində Allaha ilk məhəbbəti oyatmışdır. Həqiqətə səni nəyin inandırdığını yadına sal. Sənin həyat şəraitin və xasiyyətin başqalarından fərqləndiyi üçün, Allahı sevməyinin və Onun vədlərinə inanmağının əsas səbəbləri də ehtimal ki, başqalarınınkından fərqlənir. Çox ehtimal ki, həmin səbəblər onlar haqqında ilk dəfə öyrəndiyin zaman olduğu kimi, indi də sənin üçün həqiqətdir. Həqiqət dəyişməyib. Belə ki, həmin fikirləri və hissləri nəzərdən keçirmək həqiqətə olan məhəbbətini yeniləşdirib təravətləndirə bilər. (Məzmur 119:151, 152; 143:5 ayələrini oxu.)

İlk məhəbbətini möhkəmləndir

7. Nəyə görə həqiqətə olan ilk məhəbbətimizi möhkəmləndirmək tələb olunur və bunu necə etmək olar?

7 Yəqin özünü Yehovaya həsr edəndən bəri həyatında çox şey dəyişib. Həqiqətə ilk məhəbbətin vacib olsa da, imanını sınağa çəkən yeni çətinliklərə sinə gərmək üçün səndən məhəbbətini gücləndirmək tələb olunub. Bununla belə, Yehova səni tək qoymayıb (1 Kor. 10:13). Beləliklə, illərin sınağından keçmiş həyat təcrübən də sənin üçün dəyərlidir. O sənə ilk məhəbbətini möhkəmləndirməyə kömək edib və bu, Allahın yaxşı, məqbul iradəsinin nə olduğunu dərk edə bilməyinin digər bir üsuludur (Yeşua 23:14; Məz. 34:8).

8. Yehova Özünü Musaya necə tanıtdı və israillilər Yehovanı daha yaxından necə tanıdılar?

8 Nümunə üçün, Yehovanın israilliləri Misir əsarətindən xilas edəcəyini vəd edərkən israillilərin düşdükləri vəziyyəti nəzərdən keçirək. Allah Özünü Musaya bu sözlərlə tanıtdı: «Mən olmaq istədiyim Kəs olacağam» (YD) (Çıx. 3:7, 8, 13, 14). Əslində Yehova bu sözlərlə demək istəyirdi ki, Öz xalqını azad etmək üçün O, lazım olan Şəxs olacaq. Sonrakı hadisələr zamanı, eləcə də şərait tələb etdikcə, israillilər Yehovanın Öz şəxsiyyətinin müxtəlif yönlərini nümayiş etdirdiyinin şahidi oldular. O, Külli-İxtiyar, Hakim, Rəhbər, Xilaskar, Cəngavər və xidmətçilərini hər şeylə təmin edən Allah olduğunu göstərdi (Çıx. 12:12; 13:21; 14:24-31; 16:4; Neh. 9:9-15).

9, 10. Hansı vəziyyət Allahı tanımağa kömək edə bilər və nə üçün belə hadisələri xatırlamaq faydalıdır?

9 Sənin vəziyyətin qədim israillilərin vəziyyətindən fərqlidir. Bu belə olsa da, yəqin ki, Allahın şəxsən səninlə maraqlandığına səni əmin edən və imanını möhkəmləndirən vəziyyətlə üzləşmisən. Çox güman ki, Yehovanın şəxsiyyətinin bir çox yönlərini — səni lazım olan şeylə təmin etdiyini, Təsəlliverici, yaxud Müəllim olduğunu görmüsən. (Yeşaya 30:20b, 21 ayələrini oxu.) Yaxud, ola bilər, duana aydın cavab almısan. Bəlkə də, çətinliklə üzləşəndə həmimanlın sənə kömək edib. Yaxud şəxsi öyrənmə zamanı lazım olan ayələr diqqətini cəlb edib.

10 Əgər sən belə hadisələri başqalarına danışsaydın, bəlkə də, bu, kimlərəsə xüsusi təsir bağışlamazdı. Əslində, bu baş verənlər möcüzə olmayıb. Ancaq sənin gözündə onların dəyəri böyükdür. Bəli, Yehova doğrudan da sənin üçün lazım olan Şəxs olub. Həqiqətdə keçirdiyin illərə boylan. Yehovanın şəxsən qayğına qaldığını hiss etdiyin bir neçə hadisəni yadına sala bilərsənmi? Həmin hadisələri və onların səndə doğurduğu hissləri xatırlamağın ürəyində o zaman Yehovaya duyduğun məhəbbəti alovlandıracaq. Həmin hadisələri qiymətləndir. Onların üzərində düşün. Onlar Yehovanın şəxsən səninlə maraqlandığına sübutdur. Heç kim bu əminliyi əlindən ala bilməz.

Özünü təhlil et

11, 12. Məsihçinin həqiqətə məhəbbətinin zəifləməsinə nə səbəb ola bilər və İsa hansı məsləhəti vermişdi?

11 Əgər Allaha və həqiqətə qarşı bir zamanlar hiss etdiyin məhəbbəti indi hiss etmirsənsə, bu ona görə deyil ki, Allahda nə isə dəyişib. Yehova heç vaxt dəyişmir (Mal. 3:6; Yaq. 1:17). O, əvvəllər olduğu kimi, indi də səninlə maraqlanır. Bəs əgər Yehova ilə münasibətində nə isə dəyişilibsə, onda necə? Ola bilərmi ki, indi vəziyyətinin daha gərgin olduğunu, qayğılarının artdığını düşünürsən? Bəlkə də, əvvəllər daha çox dua edir, daha həvəslə öyrənir və daha tez-tez düşünürdün. Sən əvvəllər xidmətdə indikindən fəal iştirak edir və ya yığıncaq görüşlərinə müntəzəm gedirdinmi? (2 Kor. 13:5).

12 Ola bilər, bunları özündə görməyəsən, bəs onda səndəki dəyişikliklərə nə səbəb olub? Ailəni yetərincə təmin etmək, sağlamlığının qayğısına qalmaq, yaxud bu kimi üzürlü qayğılar Yehovanın gününün yaxın olduğunu nəzərdən qaçırmağına səbəb ola bilərmi? İsa həvarilərinə demişdi: «Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın. Çünki o Gün bir tor kimi yer üzündə yaşayanların hamısına rast gələcəkdir; buna görə də bütün baş verəcək bu fəlakətlərdən qaçınmağa layiq olmaq... üçün, hər an dua edin və ayıq olun» (Luka 21:34-36).

13. Yaqub Allahın Kəlamını nəyə bənzədirdi?

13 Müqəddəs Kitabın yazıçılarından biri olan Yaqub həmimanlılarını özlərini Allahın Kəlamı əsasında dürüstlüklə təhlil etməyə səsləyirdi. O yazırdı: «Allah kəlamını yalnız eşitməklə kifayətlənib, özünüzü aldatmayın; bu kəlamın icraçısı da olun. Çünki kəlamı eşidib onu icra etməyən, güzgüdə öz sifətinin cizgilərini seyr edən adama bənzəyir: O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur. Lakin kim kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalarsa və unutqan dinləyici deyil, icraedicidirsə, öz əməlində xoşbəxt olacaqdır» (Yaq. 1:22-25).

14, 15. a) Müqəddəs Kitab ruhani vəziyyətini yaxşılaşdırmağa necə kömək edə bilər? b) Hansı sualların üzərində düşünə bilərsən?

14 Adətən güzgüyə baxırıq ki, görək səliqəli görünürük, ya yox. Məsələn, əgər kişi qalstukunun əyri qaldığını görürsə, onu düzəldə bilər. Yaxud qadın saçlarının dağınıq olduğunu görəndə, darayıb səliqəyə sala bilər. Eyni tərzdə Müqəddəs Kitab da bizə özümüzü yoxlamağa kömək edir. Özümüzü Müqəddəs Kitabın dedikləri ilə müqayisə edəndə, ondan güzgü kimi istifadə etmiş oluruq. Yox, əgər lazım olan düzəlişi etməyəcəyiksə, güzgüyə baxmağın nə faydası var? Allahın ‘kamil qanununda’ gördüklərimizə uyğun hərəkət edib, onun «icraçısı» oluruqsa, müdrik davranmış oluruq. Beləliklə, Yehovaya və həqiqətə ilk məhəbbətinin azaldığını hiss edən hər kəs yaxşı olar ki, bu sualların üzərində düşünsün: «Həyatda hansı çətinliklərlə üzləşirəm və onlara necə münasibət göstərirəm? Əvvəllər onlara necə yanaşırdım? İndi nə isə dəyişibmi?» Özünü təhlil edərkən hansısa zəifliklər ortaya çıxırsa, onlara barmaqarası baxma. Əgər dəyişikliyə ehtiyac varsa, bunu təxirə salmadan et (İbr. 12:12, 13).

15 Belə suallar üzərində düşünmək həm də ruhani inkişaf üçün qarşına ağıllı məqsədlər qoymağına kömək edə bilər. Həvari Pavel əməkdaşı Timoteyə xidmətini təkmilləşdirməsi üçün Allahdan ilham alaraq məsləhət vermişdi. O bu gənci təşviq edirdi: «Bu işlərə fikir ver və onlarla məşğul ol ki, sənin tərəqqin hamıya aşkar olsun». Yaxşı olardı ki, biz də Allahın Kəlamı əsasında hansı sahədə tərəqqi edə biləcəyimizin üzərində düşünək (1 Tim. 4:15).

16. Müqəddəs Kitab əsasında özünü təhlil edərkən hansı təhlükəyə qarşı ayıq olmalısan?

16 İnsan özünü vicdanla təhlil edirsə, mütləq müəyyən zəiflikləri ortaya çıxır. Bu adamı məyus edə bilər, ancaq sən buna yol vermə. Axı özünü təhlil etməyin məqsədi nədə düzəliş edə biləcəyini müəyyən etməkdir. Əlbəttə, Şeytan çox istəyərdi ki, məsihçi qeyri-kamilliyi ucbatından özünü dəyərsiz hiss etsin. Əslində, belə bir iddia irəli sürülmüşdür ki, Allah Ona xidmət etmək üçün insanların göstərdikləri heç bir səyi nəzərə almır (Əyy. 15:15, 16; 22:3). İsa bu yalanı cəsarətlə təkzib etmişdi; Allahın gözündə hər birimiz dəyərliyik. (Matta 10:29-31 ayələrini oxu.) Əksinə, zəifliklərindən agah olmağın səni təşviq etməlidir ki, Yehovanın köməyini təvazökarlıqla qəbul edib, onları düzəltməyə qəti qərarlı olasan (2 Kor. 12:7-10). Xəstəlik və ya qocalıq imkanlarını məhdudlaşdırırsa, qarşına gücün çatan məqsədlər qoy, təslim olma, nə də məhəbbətinin soyumasına yol vermə.

Çox şeyə görə minnətdarıq

17, 18. İlk məhəbbətini möhkəmləndirməyin faydaları hansılardır?

17 İlk məhəbbəti möhkəmləndirmək çox böyük faydalar gətirəcək. Sən Allah haqqında biliyini, eləcə də onun məhəbbətdən irəli gələn rəhbərliyinə görə minnətdarlığını artıra bilərsən. (Süleymanın məsəlləri 2:1-9; 3:5, 6 ayələrini oxu.) Məzmurçu demişdir ki, Yehovanın hökmlərinə «əməl edənin bol mükafatı var». «Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir». Üstəlik, «nə bəxtiyardır öz yolunda kamil olanlar, Rəbbin qanununa görə yaşayanlar» (Məz. 19:7, 11; 119:1).

18 Əlbəttə, razılaşacaqsan ki, minnətdar olmaq üçün çoxlu səbəblərin var. Sən bu dünyada baş verənlərin səbəbini anlayırsan. Allahın bu gün ruhani cəhətdən Öz xalqının qayğısına qalıb, ona diqqət göstərməsindən sən də faydalanırsan. Şübhəsiz ki, Yehovanın səni öz ümumdünya yığıncağına gətirdiyinə və sənə Onun Şahidlərindən biri olmaq imkanını verdiyinə görə də minnətdarsan. Aldığın xeyir-duaları sadala! Onları bir vərəqə yazsaydın, yəqin siyahı çox uzun olardı. Vaxtaşırı bunu etmək şübhəsiz ki, sənə «malik olduğuna möhkəm sarıl» nəsihətinə əməl etməyə kömək edəcək (Vəhy 3:11).

19. Ruhani sağlamlığı qorumaq üçün Allahla münasibətlərin haqqında düşünməkdən savayı daha nə vacibdir?

19 İllər ərzində imanının necə möhkəmləndiyi üzərində düşünmək malik olduğuna möhkəm sarılmağa kömək edən addımlardan yalnız biridir. Bu jurnal ruhani sağlamlığı qorumaq üçün vacib olan digər amilləri də dönə-dönə diqqətinizə çatdırır. Onlara dua, məsihçi görüşlərinə gəlmək və iştirak etmək, eləcə də təbliğ xidmətində səylə çalışmaq daxildir. Bunlar ilk məhəbbətini dirçəltməyə, təravətləndirməyə və möhkəmləndirməyə kömək edəcək (Efes. 5:10; 1 Pet. 3:15; Yəhuda 20, 21).

Necə cavab verərdiniz?

• Yehovanı sənə sevdirən səbəblər indi səni necə ruhlandıra bilər?

• Həyatındakı hadisələr üzərində düşünmək səni nəyə əmin edə bilər?

• Allaha məhəbbətini nə üçün təhlil etməlisən?

[23-cü səhifədəki şəkil]

Səni həqiqətə cəlb edən və inandıran nə olmuşdur?

[25-ci səhifədəki şəkil]

Sən özündə düzəltməli olduğun şeyləri görürsənmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş