Necə cavab vermək lazım olduğunu bil
BƏZİ suallar böyük qismi suyun altında qalan aysberqə bənzəyir. Çox vaxt sualın arxasında duran fikir sualın özündən daha ciddi olur.
İnsan necə cavab vermək lazım olduğunu biləndə, sual verən səbirsizliklə cavab gözləsə də, nə qədər danışacağını və məsələni hansı baxımdan açıqlayacağını anlayır (Yəh. 16:12). İsanın öz həvarilərinə bildirdiyi kimi, hərdən insanlar ixtiyarları çatmayan və ya əslində onlara heç bir faydası olmayan şeylər haqda məlumat almaq istəyirlər (Həv. iş. 1:6, 7).
Müqəddəs Kitabda növbəti məsləhət verilir: «Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz» (Kolos. 4:6). Beləliklə, cavab verməzdən əvvəl təkcə nə deyəcəyimiz yox, həm də necə deyəcəyimiz haqda düşünməliyik.
Sual verənin məqsədini duy
Sadukeylər bir neçə dəfə ərdə olan qadının dirilməsi ilə bağlı sualla İsanı çaşdırmaq istəyirdilər. Ancaq İsa bilirdi ki, onlar əslində dirilməyə inanmırlar. Buna görə də cavab verərkən onların sualının arxasında duran yanlış fikrə toxundu. Məharətlə mülahizə yürüdərək və Müqəddəs Yazılardan yaxşı tanış olan hadisəyə toxunaraq sadukeylərin diqqətini əvvəllər heç vaxt düşünmədikləri bir şeyə — Allahın həqiqətən də ölüləri dirildəcəyinin aydın sübutuna yönəltdi. İsaya qarşı çıxanlar onun cavabından elə tutulub qaldılar ki, bir də sual verməyə cürət etmədilər (Luka 20:27-40).
Necə cavab vermək lazım olduğunu bilmək üçün İsa kimi sənə də sual verən insanların baxışlarını və onları nəyin narahat etdiyini anlamaq lazımdır. Misal üçün, sinif yoldaşın, yaxud iş yoldaşın sənin nəyə görə yeni il bayramını qeyd etmədiyini soruşur. O bu sualı nə üçün verir? Həqiqətənmi ona bunun səbəbi maraqlıdır, yoxsa sənə əylənməyə icazə verilib-verilmədiyini öyrənmək istəyir? Bunu müəyyən etmək üçün onun nəyə görə bu sualı verdiyini açıqca soruşmaq olar. Sonra isə onun dediklərinə uyğun olaraq cavab ver. Həmçinin fürsətdən istifadə edib, Müqəddəs Kitabda olan rəhbərliyin bizi həmin bayramların gətirdiyi məyusluqdan və insanların üzərinə qoyduğu yükdən necə müdafiə etdiyini göstərmək olar.
Tutaq ki, səndən şagirdlər və ya tələbələr qarşısında Yehovanın Şahidləri haqda danışmağı xahiş ediblər. Ola bilsin, danışandan sonra sənə suallar verəcəklər. Səmimi və açıq suallara sadə və konkret cavab vermək yaxşı olardı. Əgər suallarda geniş yayılmış mənfi fikirlər əks olunursa, cavab verməzdən əvvəl qısaca olaraq nəyin nəticəsində belə fikirlərin yayıldığını və nəyə görə Yehovanın Şahidlərinin Müqəddəs Kitabın rəhbərliyinə riayət etdiklərini göstərmək olar. Yaxşı olar ki, bu cür sualları, hətta elə görünsə də, hücum kimi yox, onları narahat edən suallar kimi qəbul edəsən. Öz cavabınla onlara məsələyə daha geniş baxmağa kömək edə, dəqiq məlumat çatdıra, etiqadımızın Müqəddəs Yazılara əsaslandığını başa sala bilərsən.
Konqresə getmək üçün səni işdən buraxmayan müdirlə necə dil tapardın? Əvvəlcə, vəziyyətə onun gözü ilə baxmağa çalış. Bəlkə, başqa vaxt iş vaxtından artıq işləməyi təklif edəsən? Ola bilərmi, konqresdə verilən təlimin bizə vicdanlı və etibarlı işçi olmağa kömək etdiyini izah etməyin vəziyyəti dəyişsin? Əgər onun maraqlarını nəzərə aldığını göstərsən, ola bilsin, o da öz növbəsində sənin üçün vacib olan şeylərə hörmətlə yanaşacaq. Bəs əgər o səndən əyri iş görmək tələb etsə, onda necə? Təklifi rədd edib, öz mövqeyini Müqəddəs Kitabdan olan fikirlə təsdiqləyə bilərsən. Ancaq əvvəlcə onunla birlikdə mülahizə yürüdüb göstərmək olar ki, bu gün onun üçün aldadan və ya oğurlayan, sabah onu aldadıb, ondan oğurlamazmı?
Bəs Müqəddəs Yazılara zidd gedən məktəb tədbirlərində iştirak etmək istəməyən məktəbli necə davranmalıdır? Unutma, müəllim, çox ehtimal ki, sənin nöqteyi-nəzərinə şərik deyil və sinifdə nizam-intizamı qorumaq onun məsuliyyətidir. Sənin öhdənə isə 1) onu narahat edən şeyə hörmətlə yanaşmaq, 2) öz mövqeyini nəzakətlə izah etmək və 3) Yehovanı razı salacaq tərzdə hərəkət etməyə qətiyyətli olmaq düşür. Daha yaxşı nəticələr əldə etmək üçün sənə etiqadına dair sadə, konkret cavab verməkdən çox şey lazım gələ bilər (Sül. məs. 15:28). Əgər yaşın azdırsa, şübhəsiz, valideynlərin cavab hazırlamağa sənə kömək edəcək.
Hərdən səlahiyyətli şəxslər tərəfindən irəli sürülən ittihamları təkzib etməli oluruq. Polis işçisi, dövlət məmuru, yaxud hakim səndən hansısa qanuna tabe olmağa, məsihçi bitərəfliyinə və ya vətənpərvərlik tədbirlərinə münasibətinə dair suallarına cavab tələb edə bilər. Belə vəziyyətlərdə necə cavab vermək lazımdır? Müqəddəs Kitabda məsləhət verilir ki, «mülayimliklə və ehtiramla» (1 Pet. 3:15). Bu sualların onları nə üçün narahat etdiyi haqda düşün və narahatçılıqlarına hörmətlə yanaş. Sonra nə etmək lazımdır? Həvari Pavel Roma qanunlarının verdiyi imtiyazlara istinad edirdi, sən də öz vəziyyətində qanunən malik olduğun hüquqları qeyd edə bilərsən (Həv. iş. 22:25-29). Ola bilsin, erkən məsihçilərin və dünyanın müxtəlif yerlərində yaşayan Yehovanın Şahidlərinin tutduğu mövqe haqda gətirilən faktlar məmura vəziyyətə hərtərəfli baxmağa kömək edəcək. Yaxud Allahın hakimiyyətinə tabe olmağın insanı imanına zidd olmayan dövlət qanunlarına daha ciddi yanaşmağa necə təşviq etdiyini göstər (Rom. 13:1-14). Bu məsələdə tutduğun mövqe ilə bağlı Müqəddəs Yazılardan gətirdiyin dəlillər qarşındakının münasibətini yumşalda bilər.
Sual verənin Müqəddəs Yazılara münasibəti
Necə cavab verəcəyinə qərar verməzdən əvvəl sual verən şəxsin Müqəddəs Yazılara münasibətini də nəzərə almaq lazımdır. Sadukeylərin dirilmə haqda verdiyi suala cavab verməzdən əvvəl İsa da məhz belə etmişdi. Yalnız Musanın yazdığı kitabları qəbul etdiklərini bilən İsa: «Amma ölülərin dirildiyini Musa da... göstərib», — deyərək Tövratda yazılan hadisə əsasında onlarla mülahizə yürütdü (Luka 20:37). Ola bilsin, sənin də vəziyyətində insanın Müqəddəs Kitabdan qəbul etdiyi və ona tanış olan hissəsindən sitat gətirmək faydalı olar.
Bəs əgər o, Müqəddəs Kitabı etibarlı mənbə kimi qəbul etmirsə, onda necə? Pavelin Areopaqda söylədiyi, Həvarilərin işləri 17:22-31 ayələrində yazılan nitqinə diqqət yetir. O, Müqəddəs Kitab həqiqətlərini heç bir ayə gətirmədən danışdı. Şərait tələb edəndə sən də belə edə bilərsən. Bəzi yerlərdə bilavasitə Müqəddəs Kitaba istinad etməzdən əvvəl insanlarla bir neçə dəfə söhbət etmək lazım gələ bilər. Müqəddəs Kitabdan söz açarkən onun Allahın Kəlamı olduğunu qətiyyətlə söyləmək əvəzinə, yaxşı olar ki, nə üçün diqqətə layiq olduğuna dair bir neçə dəlil gətirəsən. Belə halda sənin məqsədin Allahın niyyəti haqda yaxşı şahidlik etmək və vaxt keçdikcə insanın özünün Allahın Kəlamında deyilənləri görməsinə yol vermək olmalıdır. Müqəddəs Kitab bizim söyləyə biləcəyimiz istənilən sözdən qat-qat inandırıcıdır (İbr. 4:12).
«Həmişə nəvazişli»
Yehova lütfkar Allahdır. Buna görə necə də yerindədir ki, Onun xidmətçiləri də sözlərini ‘həmişə nəvazişli və duz qatılmış kimi’ etməyə təşviq olunurlar (Kolos. 4:6; Çıx. 34:6). Bu o deməkdir ki, heç bir əsas olmadığını düşünsək belə, sözlərimizdə həmişə mülayimlik hiss olunmalıdır. Bizim nitqimiz kobud və ya sərt yox, nəzakətli olmalıdır.
İnsanların əksəriyyəti gərgin həyat yaşayır və hər gün öz ünvanlarına kobud sözlər eşidirlər. Belə adamlara baş çəkəndə onlar bizimlə sərt danışa bilərlər. Buna necə münasibət göstərməliyik? Müqəddəs Kitabda deyilir: «Həlim cavab hirsi yatırar». Həlim cavab inad göstərərək bizimlə razılaşmayan insanı belə yumşalda bilər (Sül. məs. 15:1; 25:15). Səsimizdə və münasibətimizdə hiss olunan xeyirxahlıq hər gün kobudluqla qarşılaşan insanları o dərəcədə cəlb edə bilər ki, onlar xoş xəbərə qulaq asarlar.
Biz həqiqətə hörmət etməyən insanla mübahisə etmək fikrində deyilik. Əksinə, həqiqətə qulaq asanlarla Müqəddəs Yazılar əsasında mülahizə yürütmək istəyirik. Düşdüyümüz vəziyyətdən asılı olmayaraq, yadımızdan çıxarmırıq ki, mülayimliklə və Allahın vədlərinin etibarlı olduğuna əminliklə cavab verməliyik (1 Salon. 1:5).
Şəxsi qərarlar və vicdan məsələləri
Müqəddəs Kitabı öyrənən şəxs və ya həmimanlılardan biri müəyyən vəziyyətdə necə davranmağı soruşursa, necə cavab vermək lazımdır? Ola bilsin, şəxsən özünün belə vəziyyətdə necə davranacağını bilirsən. Ancaq hər kəs çıxardığı qərarlara görə özü məsuliyyət daşıyır (Qalat. 6:5). Həvari Pavel istəyirdi ki, təbliğ etdiyi insanlar ‘iman gətirərək itaət etsinlər’ (Rom. 16:26). Bu bizim üçün gözəl nümunədir. Əsasən ona Müqəddəs Kitabı öyrədən adamı, yaxud başqasını razı salmaq üçün qərar qəbul edən şəxs imana görə yaşamır, insanlara xidmət edir (Qalat. 1:10). Bu səbəbdən, sadə və konkret cavab ona heç bir fayda gətirməyəcək.
Bəs onda necə edə bilərik ki, cavabımız Müqəddəs Kitab rəhbərliyinə uyğun olsun? Diqqəti Müqəddəs Kitabdan olan müvafiq prinsiplərə və ya nümunələrə yönəltmək olar. Bəzi hallarda həmin prinsipləri və nümunələri özünün tapması üçün ona araşdırma aparmağı öyrətmək olar. Hətta maraqlandığı vəziyyətə aid etməmək şərtilə, prinsipləri və nümunələrin dəyərini də müzakirə edə bilərsən. Ondan soruş ki, deyilənlərdə ona müdrik qərar qəbul etməyə kömək edəcək nə isə görürmü. Bu prinsip və nümunələrə əsasən hansı davranışın Yehovanı razı salacağını düşünməyə onu təşviq et. Belə etməklə sual verən adama ‘xeyirlə şəri ayırd etmək üçün hisslərini alışdırmağa’ kömək edəcəksən (İbr. 5:14).
Yığıncaq görüşlərində şərh vermək
Məsihçi görüşlərində imanımızı açıq iqrar etmək üçün tez-tez qarşımızda imkan açılır. Bunlardan biri şərh verməkdir. Bəs necə şərh vermək lazımdır? Yehovaya alqış etmək, başqa sözlə, Onun haqqında yaxşı danışmaq arzusu ilə. Məzmurçu Davud «cəmiyyətin içində» olanda məhz belə davranırdı (Məz. 26:12). Bundan başqa, verdiyimiz şərhlər bacı-qardaşları ruhlandırmalı və həvari Pavelin dediyi kimi, onları «məhəbbətə və xeyirli işlərə» təşviq etməlidir (İbr. 10:23-25). Müzakirə olunacaq mövzuları qabaqcadan öyrənmək bu məqsədlərə çatmağa bizə kömək edəcək.
Çalış, verdiyin şərhlər qısa, sadə və aydın olsun. Bütün abzası danışmaq lazım deyil, yalnız bir fikrə toxun. Cavabın yalnız bir hissəsini söyləsən, başqalarının da şərh vermək imkanı olacaq. Mətndə gətirilən ayələri şərh etmək xüsusilə faydalıdır. Diqqəti ayənin müzakirə olunan suala aid olan hissəsinə yönəlt. Cavabı abzasdan oxuma, öz sözlərinlə şərh verməyi öyrən. Dəqiq cavab verə bilməyəndə narahat olma. Bu, hərdənbir hamının başına gəlir.
Necə cavab vermək lazım olduğunu bilmək sadəcə cavabı bilməkdən daha çox şeyi özünə daxil edir. Bunun üçün uzaqgörən olmaq lazımdır. Şərhlərimiz ürəyimizin dərinliyindən gələndə və başqalarının ürəyinə təsir edəndə bu bizi necə də məmnun edir! (Sül. məs. 15:23).