Allahın Padşahlığı ilə bağlı peyğəmbərlik surətləri gerçəkləşir
«Siz yaxşı edirsiniz ki, o sözü [peyğəmbərlik sözünü], qaranlıq yerdə saçan bir çıraq kimi tutursunuz» (2 PETER 1:19).
1. Bu gün dünyada hansı təzadı müşahidə etmək olar?
ARDI-ARASI kəsilməyən böhranlar yaşadığımız həyatın əsas hissəsinə çevrilib. Ekoloji fəlakətlərdən ümumdünya terrorizminə qədər bəşəriyyətin düşdüyü çətinliklər sanki nəzarət altından çıxır. Hətta dünya dinləri də kömək etməkdə acizdirlər. Əslinə qalsa, onlar çox vaxt mənfi rə’y, nifrət və milliyyətçilik iftixarı kimi hissləri şiddətləndirərək məsələni daha da çətinləşdirirlər. Bəli, peyğəmbərlik olunduğu kimi ‘ümmətləri zülmət bürüyüb’ (Yeşaya 60:2). Ancaq bununla belə, milyonlarla insanlar gələcəyə əminliklə baxır. Bu necə mümkündür? Bu insanlar «qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyən» Allahın peyğəmbərlik sözünə diqqət yetirirlər. Onlar Allahın Müqəddəs Kitabında yazılmış «sözlərini» addımlarını yönəldən rəhbərlik kimi qəbul edirlər (2 Peter 1:19).
2. Danielin «axır zaman» haqqındakı peyğəmbərliyindən göründüyü kimi, ruhani anlayışı yalnız kimlər ala bilər?
2 «Axır zaman» haqqında Daniel peyğəmbər yazmışdı: «Çox adam özünü ora-bura vuracaq və bilik artacaq. Çoxları paklanıb ləkəsiz və təmiz olacaq, pis adamlar isə şər işlərindən dönməyəcək. Pis adamlardan heç biri bu sözləri başa düşməyəcək, ağıllı adamlar isə başa düşəcək» (Daniel 12:4, 10). Ruhani anlayışı yalnız «özlərini ora-bura vuranlar», yə’ni Allahın Kəlamını sə’ylə öyrənənlər, Onun normalarına tabe olanlar və Allahın iradəsini yerinə yetirməkdən ötrü əllərindən gələni edən insanlar ala bilər (Matta 13:11-15; 1 Yəhya 5:20).
3. 1870-ci illərdə Müqəddəs Kitabın Tədqiqatçıları hansı vacib həqiqəti anladılar?
3 Hələ 1870-ci illərdə, «son günlər» başlamazdan əvvəl, Yehova Allah artıq «səmavi Səltənətin [Padşahlığın] sirlərinə» dair daha bol anlayış verməyə başladı (2 Timoteyə 3:1-5; Matta 13:11). O vaxt Müqəddəs Kitabın Tədqiqatçılarından ibarət kiçik bir qrup, geniş yayılmış fikrə əks olaraq, Məsihin qayıtmasının gözə görünməz olduğunu anladı. Onlara aydın oldu ki, İsa taxtda oturduqdan sonra o mə’nada qayıdacaqdır ki, diqqətini yer üzərinə cəmləşdirsin. Şagirdləri İsanın görünməz iştirakının başlanmasını görünən əlamətin tərkib hissəsinin köməkliyi ilə duya bilərdilər (Matta 24:3-14).
Peyğəmbərlik surətləri gerçəkləşəndə
4. Yehova müasir xidmətçilərinin imanını necə möhkəmləndirir?
4 Məsihin görkəminin dəyişilməsi görüntüsü onun Padşahlıq izzətinin parlaq təcəssümü idi (Matta 17:1-9). Bu görüntü Peterin, Yaqubun və Yəhyanın imanını xüsusilə möhkəmləndirdi, belə ki, o vaxt İsa bir çox insanların Müqəddəs Kitaba əsaslanmayan ümidlərini doğrultmadığından, onlar onu tərk edirdilər. Eynilə, bu son günlərdə də Yehova o e’cazkar görüntünün və onunla bağlı bir çox peyğəmbərliklərin yerinə yetməsinə dair anlayışı verməklə müasir xidmətçilərinin imanını möhkəmləndirir. Gəlin imanımızı möhkəmləndirə biləcək bə’zi peyğəmbərlik surətlərini nəzərdən keçirək.
5. Dan ulduzu kimi təmsil edir və o, nə vaxt və necə ‘doğmuşdu’?
5 İsanın görkəminin dəyişilməsinə istinad edərək həvari Peter yazmışdı: «Peyğəmbərlərin sözləri bizim üçün daha sabit oldu. Siz yaxşı edirsiniz ki, gün ağarıb, dan ulduzu ürəklərinizdə doğuncaya qədər, qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyən bu sözlərə diqqət edirsiniz» (2 Peter 1:19). Buradakı Dan ulduzu, yə’ni «parlaq dan ulduzu» izzətlənmiş İsa Məsihi təmsil edir (Vəhy 22:16). Məcazi mə’nada desək, o, 1914-cü ildə, Allahın Padşahlığının göydə bərqərar olduğu zaman ‘doğmuşdur’. Bu hadisə dan yerinin sökülməsi, yə’ni yeni dövrün başlanması ilə əlamətdardır (Vəhy 11:15). İsanın görkəminin dəyişilməsi görüntüsündə Musa ilə İlyas peyda olub İsa ilə söhbət edirlər. Bəs bu görüntüdə onlar kimi təmsil edirlər?
6, 7. İsanın görkəminin dəyişilməsi görüntüsündə Musa ilə İlyas kimi təmsil edir və Müqəddəs Kitab onların təmsil etdikləri şəxslər barədə hansı açıqlamanı verir?
6 Musa ilə İlyas Məsihin izzətinə şərik olduqları üçün bu iki sadiq şahid İsanın Padşahlığında onunla bərabər idarə edənləri təmsil edir. İsanın hakimiyyət şəriklərinin olması Daniel peyğəmbərə taxtda oturmuş Məsih haqqında verilmiş görüntüyə uyğun gəlir. Daniel bu görüntüdə «Əzəldən Var Olan» Yehova Allahın «bəşər oğluna bənzər birisi»nə «əbədi hakimiyyət» verdiyini görmüşdür. Amma Danielin daha sonra gördüyünə diqqət yetirin. «Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına [müqəddəslərinə] veriləcək» (Daniel 7:13, 14, 27). Deməli, İsanın görkəminin dəyişilməsindən təxminən beş əsr öncə, Allah Məsihin padşahlıq əzəmətində «müqəddəslərin» iştirak edəcəyini açıqlamışdı.
7 Danielin görüntüsündəki «müqəddəslər» kimlərdir? Bu şəxsiyyətləri nəzərdə tutaraq həvari Pavel yazmışdır: «Elə həmin Ruh bizdəki ruha şəhadət edir ki, biz Allahın övladlarıyıq. Və əgər övladıyıqsa, deməli, eyni zamanda varislərik, Allahın varisləriyik; və əgər Məsihlə bərabər izzət qazanmaq üçün Onunla iztirab çəkiriksə, Məsihin həmvarisləriyik» (Romalılara 8:16, 17). Beləliklə, müqəddəslər İsanın məsh edilmiş şagirdləridirlər. Vəhy kitabında İsa belə deyir: «Mən qalib gəlib, Atamla bərabər Onun taxtında necə oturdumsa, qalib gələnə də icazə verəcəyəm ki, Öz taxtımda Mənimlə eləcə otursun». 144 000 nəfərdən ibarət olan həyata qaytarılmış bu ‘qaliblər’ İsa ilə bərabər bütün yer üzünü idarə edəcəklər (Vəhy 3:21; 5:9, 10; 14:1, 3, 4; 1 Korinflilərə 15:53).
8. İsanın məsh edilmiş şagirdlərinin fəaliyyəti Musa və İlyasın xidmətini nə ilə xatırladır və bu hansı faydanı gətirir?
8 Bəs nəyə görə Musa ilə İlyas məsh edilmiş məsihçiləri təmsil edirlər? Məsələ ondadır ki, məsh edilmişlər yer üzündə yaşayarkən Musa ilə İlyasın gördüyü işə bənzər iş görürlər. Məsələn, onlar hətta müqavimətlərlə üzləşəndə belə, Yehovanın şahidləri kimi xidmət etməyə davam edirlər (Yeşaya 43:10; Həvarilərin işləri 8:1-8; Vəhy 11:2-12). Musa ilə İlyas kimi onlar da cəsarətlə yalan dini ifşa edərək səmimi qəlbli insanları Allaha hədsiz sədaqətlə xidmət etməyə təşviq edirlər (Çıxış 32:19, 20; Qanunun təkrarı 4:22-24; 1 Padşahlar 18:18-40). Bəs onların fəaliyyəti fayda gətirirmi? Əlbəttə ki, gətirir! Onlar məsh edilmişlərin tam sayını yığmaqdan əlavə, milyonlarla «başqa qoyunlara» İsa Məsihə hazırlıqla tabe olmağa kömək etmişlər (Yəhya 10:16; Vəhy 7:4).
Məsih fəth etmək üçün çıxır
9. Vəhy 6:2 ayəsində İsanın bu gün tutduğu mövqe necə təsvir edilir?
9 Bu gün İsa sıpaya minmiş sadə adam deyil, qüdrətli Padşahdır. O, Müqəddəs Kitabda müharibə simvolu olan atın belində təsvir edilib (Süleymanın məsəlləri 21:31). Vəhy 6:2 ayəsində deyilir: «Baxıb gördüm ki, bir ağ at durub, belindəki atlının da əlində yay var. Ona bir tac verildi və o, fateh kimi yola çıxdı ki, fəth etsin». Bundan başqa, İsa haqqında məzmurçu Davud yazmışdı: «Rəbb Sənin qüdrətini, əsanı Siondan göndərəcək, düşmənlərinin üzərində sənə hökmranlıq verəcək» (Məzmur 110:2).
10. a) İsanın fəth etmək üçün izzətli çıxışı necə başlandı? b) Məsihin ilk qələbəsi ümumilikdə dünyanın vəziyyətinə necə tə’sir etdi?
10 Əvvəlcə İsa ən güclü düşmənləri olan Şeytan və onun cinləri üzərində qələbə çaldı. Onları göylərdən qovaraq yer üzünə atdı. Vaxtlarının az olduğunu bilən bu pis ruhlar şiddətli qəzəblərini bəşəriyyətin üzərinə tökməklə, böyük müsibətə səbəb olmuşlar. Bu müsibət «Vəhy» kitabında üç atlı ilə təsvir edilir (Vəhy 6:3-8; 12:7-12). İsanın öz ‘gəlişinə və dövrün sonuna olacaq əlamətə’ dair peyğəmbərliyinə əsasən, üç atlının çıxışı müharibə, aclıq və ölümcül xəstəliklərə səbəb oldu (Matta 24:3, 7; Luka 21:7-11). Əsl doğuş ağrıları kimi bu «ağrılar» da, şübhəsiz ki, Məsih ‘fəth etmək üçün çıxıb’, Şeytanın gözlə görünən təşkilatını yer üzündən tamamilə silənədək daha da şiddətlənəcəkdir (Matta 24:8)a.
11. Məsihçi yığıncağının tarixi Məsihin padşahlıq hakimiyyətinə necə şəhadət edir?
11 İsanın padşahlıq hakimiyyəti həmçinin bütün dünyada Padşahlıq haqqındakı xəbəri yaymaq tapşırığını yerinə yetirmək üçün məsihçi yığıncağını mühafizə etməsindən görünür. Böyük Babil, yə’ni yalan dinlərin ümumdünya imperiyası və düşmən mövqe tutan siyasi qüvvələr tərəfindən göstərilən sərt müqavimətlərə baxmayaraq, təbliğ işi nəinki davam edir, həmçinin son illər dünya tarixində görünməz dərəcədə vüs’ət almışdır (Vəhy 17:5, 6). Bu, Məsihin padşahlıq səlahiyyətinə necə də gözəl şəhadət edir! (Məzmur 110:3).
12. Nə üçün insanların əksəriyyəti Məsihin görünməz iştirakını dərk etmirlər?
12 Təəssüflər olsun ki, bir çoxları, o cümlədən özlərini Məsihin davamçısı adlandıran milyonlarla insanlar onun görünməz iştirakına şəhadət edən yer üzündəki vacib hadisələri dərk etmirlər. Onlar, hətta Allahın Padşahlığını e’lan edənlərə istehza edirlər (2 Peter 3:3, 4). Nəyə görə? Çünki Şeytan onların zehinlərini kor edib (2 Korinflilərə 4:3, 4). Əslində o hələ çox əsrlər bundan əvvəl özlərini Məsihin davamçısı adlandıran kəsləri ruhani qaranlıq örtüyü ilə bürüməyə başladı və nəticədə onlar Padşahlığa olan dəyərli ümidlərini itirdilər.
Padşahlıq ümidi unudulur
13. Ruhani qaranlıq örtüyü nəyə səbəb oldu?
13 İsa əvvəlcədən xəbərdarlıq etmişdir ki, taxıl ilə birlikdə əkilmiş dəlicə buğdaya bənzəyən dönüklər məsihçi yığıncağına daxil olaraq, bir çoxlarını ardlarınca çəkəcəklər (Matta 13:24-30, 36-43; Həvarilərin işləri 20:29-31; Yəhuda 4). Müəyyən bir vaxtdan sonra özlərini Məsihin davamçısı adlandıranlar bütpərəstlərə xas bayramları, mərasimləri və tə’limləri qəbul etdilər. Üstəlik onları məsihçiliyin bir hissəsi kimi qələmə verirdilər. Məsələn, Milad bayramı əsasını bütpərəstlik tanrıları Mitra və Saturna həsr olunmuş ibadət ayinlərindən götürür. Bəs özlərini məsihçi adlandıranları məsihçiliyə zidd gedən bayramları qəbul etməyə vadar edən nə idi? Bir mənbədə belə deyilir: «İsanın anadan olma günü kimi qeyd edilən Milad bayramı çoxlarının Məsihin tezliklə qayıtmasına olan ümidlərinin puç olması ilə əlaqədar tə’sis edilmişdi» («The New Encyclopædia Britannica», 1974).
14. Origenlə Avqustinin tə’limləri Padşahlıq haqqındakı həqiqəti necə təhrif etmişdir?
14 «Padşahlıq» sözünün mə’nasının nə dərəcədə təhrif olunduğuna diqqət yetirin. Bir kitabda deyilir: «Origendən [III əsrin ilahiyyatçısı] başlayaraq “padşahlıq” sözü məsihçi olduqlarını iddia edənlərin təsəvvüründə insanın daxili aləmi ilə bağlı olan yanlış mə’na — Allahın Padşahlığının insanların ürəklərində olması mə’nasını kəsb etməyə başlayır» («The Kingdom of God in 20th-Century Interpretation»). Origen öz tə’limini nəyə əsaslandırırdı? Müqəddəs Yazılaramı? Xeyr, o, fikirlərini «Məsihin və ilk kilsənin anlayış tərzindən tamamilə fərqlənən fəlsəfi prinsiplərə və baxışlara» əsaslandırırdı. Özünün «Allah şəhəri haqqında» əsərində Hipponlu Avqustin (b. e. 354-430-cu illər) kilsənin Allahın padşahlığı olduğunu iddia edirdi. Bu kimi Müqəddəs Yazılara zidd fikirlər xristian kilsələrinə siyasi hakimiyyəti ələ almaq üçün teoloji əsas verdi. Və onlar əsrlər boyu bu hakimiyyətdən çox vaxt kobudcasına istifadə etmişlər (Vəhy 17:5, 18).
15. Qalatiyalılara 6:7 ayəsindəki prinsipi bir çox Xristian kilsələrinə necə aid etmək olar?
15 Bu gün isə kilsələr əkdiklərini biçirlər (Qalatiyalılara 6:7). Onların çoxu nüfuzları ilə bərabər kilsə üzvlərini də itirirlər. Belə vəziyyət Avropada xüsusən nəzərə çarpır. Bir jurnala əsasən «bu gün Avropanın baş kilsələri ibadət yerləri deyil, turistlərdən başqa heç kəsin ziyarət etmədiyi muzeylərə dönüblər» («Christianity Today»). Eyni vəziyyətə dünyanın başqa yerlərində də rast gəlinir. Bu, yalan dinlərə dair nəyə işarə edir? Görəsən, dəstəkləyən tapılmadığından onlar yox olacaqlarmı? Və bu, həqiqi ibadətə öz tə’sirini necə göstərəcək?
Allahın böyük gününə hazır olun
16. Nəyə görə Böyük Babilə qarşı artan ədavət diqqətə layiqdir?
16 Yatmış vulkandan püskürən tüstü və kül partlayışın tezliklə baş verəcəyindən xəbər verdiyi kimi, bu gün də dünyanın bir çox hissələrində dinlərə qarşı artan düşmənçilik onun sonunun yaxın olduğuna işarə edir. Tezliklə, Yehova ruhani fahişə olan Böyük Babili ifşa və viran etmək üçün dünyanın siyasi qüvvələrini birləşməyə təşviq edəcək (Vəhy 17:15-17; 18:21). Məsihçilər bu hadisədən və «böyük məşəqqəti» təşkil edən digər amillərdən qorxmalıdırlarmı? (Matta 24:21). Əlbəttə ki, yox! Əslində Allah pislərə qarşı qalxan zaman, onların sevinmək üçün səbəbləri olacaqdır (Vəhy 18:20; 19:1, 2). I əsrdə Yerusəlimlə və orada yaşayan məsihçilərlə baş verən hadisələri nəzərdən keçirək.
17. Nəyə görə Yehovanın sadiq xidmətçiləri indiki sistemin sonunu əminliklə qarşılaya bilərlər?
17 B. e. 66-cı ilində Roma qoşunları Yerusəlimi mühasirəyə aldıqları zaman, ruhən ayıq məsihçilər nə həyəcanlandılar, nə də dəhşətə gəldilər. Allahın Kəlamını sə’ylə öyrənmələrinin sayəsində onlar anladılar ki, şəhərin viran olmasının vaxtı yaxınlaşıb (Luka 21:20). Onlar həmçinin Allahın onlara təhlükəsiz yerə qaçmaq üçün imkan yaradacağını bilirdilər. Belə bir imkan yaranan kimi, məsihçilər şəhəri tərk etdilər (Daniel 9:26; Matta 24:15-19; Luka 21:21). Eləcə də bu gün Allahı tanıyan və Onun Oğluna tabe olan kəslər bu sistemin sonunu əminliklə qarşılaya bilərlər (2 Saloniklilərə 1:6-9). Böyük məşəqqət başlayan zaman onlar sevinclə ‘yuxarı baxıb başlarını qaldıracaqlar, çünki qurtuluşları yaxınlaşır’ (Luka 21:28).
18. Qoqun Yehovanın xidmətçilərinin üzərinə hücumu nə ilə nəticələnəcək?
18 Böyük Babilin məhvindən sonra Şeytan Maqoqdan gələn Qoq rolunda Yehovanın sülhpərvər Şahidlərinin üzərinə qətiyyətlə hücum edəcək. Asanlıqla qələbə çalacaqlarına ümid edərək, Qoqun qoşunları «ölkəni bürüyən bir bulud kimi» yer üzünə hücum edəcəklər. Onları necə də böyük mə’yusluq gözləyir! (Yezekel 38:14-16, 18-23). Həvari Yəhya yazırdı: «Göyü açılmış gördüm. Və budur, bir ağ at vardı. Onun belində Oturan, Sadiq və Həqiqi adlanır... [...] Onun ağzından iti bir qılınc çıxır ki, onunla xalqları vursun». Bu gözə görünməz «Şahların Şahı» Yehovanın sadiq xidmətçilərini xilas edəcək və onların düşmənlərinin kökünü kəsəcək (Vəhy 19:11-21). İsanın görkəminin dəyişilməsi görüntüsünün yüksək nöqtəyə çatmasını müşahidə etmək necə də həyəcanlandırıcı olacaq!
19. Məsihin tam qələbəsi onun sadiq davamçılarına hansı tə’siri bağışlayacaq və onlar indidən hansı tədbirləri görməlidirlər?
19 İsa «bütün imanlıları heyrətə gətirmək üçün» gələcəkdir (2 Saloniklilərə 1:10). Allahın qalib Oğlu qarşısında ehtiramla duranların arasında olmaq istərdinmi? Onda imanını möhkəmləndirməyə davam et və hazır ol, çünki insan Oğlu zənn etmədiyin saatda gələcəkdir (Matta 24:43, 44).
Ayıq olun
20. a) Allahın tə’yin etdiyi «sadiq və ağıllı qula» görə minnətdarlığımızı necə göstərə bilərik? b) Özümüzə hansı sualları verməliyik?
20 «Sadiq və ağıllı qul» müntəzəm olaraq Allahın xalqını ruhani cəhətdən oyaq olmağa və ayıq durmağa təşviq edir (Matta 24:45, 46; 1 Saloniklilərə 5:6). Bəs sən vaxtında verilən bu xatırlatmalara görə minnətdarsanmı? Həyatında vacib məsələləri birinciliyinə görə ayırdığın zaman onları nəzərə alırsanmı? Nəyə görə özündən soruşmayasan: «Göylərdə hökmranlıq edən Allahın Oğlunu iman gözlərimlə aydın görə bilirəmmi? Onun Böyük Babilin və Şeytanın sisteminin qalan hissəsi üzərində Allahın hökmünü icra etməyə hazır olduğunu görürəmmi?»
21. Nəyə görə bə’ziləri ruhani cəhətdən görmə qabiliyyətlərinin zəifləməsinə yol vermişlər və onlar tə’cili surətdə nə etməlidirlər?
21 Yehovanın bə’zi xidmətçiləri ruhani cəhətdən görmə qabiliyyətlərinin zəifləməsinə yol vermişlər. Bəlkə onların da İsanın ilk şagirdləri ilə olduğu kimi səbir və dözümləri çatmır? Yoxsa onlara həyatın qayğıları, var-dövlət dalınca qaçmaq meyli və yaxud tə’qiblər tə’sir edir? (Matta 13:3-8, 18-23; Luka 21:34-36). Ola bilər ki, bə’ziləri «sadiq və ağıllı qulun» nəşrlərindəki müəyyən məqamları anlamaqda çətinlik çəkirlər. Bunlardan hansısa səninlə də baş veribsə, onda biz səni bütün qüvvəni toplayaraq yenidən Allahın Kəlamını öyrənməyə və Yehova ilə möhkəm, yaxın münasibətləri bərpa etmək üçün Ona yalvarmağa təşviq edirik (2 Peter 3:11-15).
22. İsanın görkəminin dəyişilməsi görüntüsü və onunla bağlı peyğəmbərliklərin nəzərdən keçirilməsi sənə hansı tə’siri bağışladı?
22 İsanın görkəminin dəyişilməsi görüntüsü onun şagirdlərinin ruhlanmağa dərin ehtiyac duyduqları zaman verilmişdir. Bu gün bizi möhkəmləndirə biləcək daha böyük imkanlarımız var. Buraya o möhtəşəm görüntünün və onunla bağlı bir çox peyğəmbərlik surətlərinin gerçəkləşməsi daxildir. Bu gözəl həqiqətlər və onların gələcəyimizə necə tə’sir edəcəyi barədə dərindən düşünərkən, qoy bizim də ürəyimiz həvari Yəhyanın hissləri ilə bir olub: «Amin. Gəl, ya Rəbb İsa!» deyə nida etsin (Vəhy 22:20).
[Haşiyə]
a Yunan mətninin orijinalında Matta 24:8 ayəsindəki «ağrılar» sözü hərfi mə’nada «doğuş ağrıları» mə’nasını daşıyır. Bu o deməkdir ki, doğuş ağrıları kimi, dünyanın problemləri də böyük məşəqqətdə öz yüksək nöqtəsinə çatanadək daha tez-tez təkrarlanacaq, daha güclü və uzunmüddətli olacaqdır.
Xatırlayırsınızmı?
• 1870-ci illərdə Müqəddəs Kitabın Tədqiqatçılarından ibarət kiçik qrup Məsihin qayıtmasına dair hansı həqiqətləri anladı?
• İsanın görkəminin dəyişilməsi görüntüsü necə yerinə yetdi?
• Məsihin taxtda oturması dünyaya və məsihçi yığıncağına hansı tə’siri göstərdi?
• Məsih tam qələbə çalan zaman, sağ qalanlar arasında olmaq üçün biz nə etməliyik?
[24 və 25-ci səhifələrdəki şəkillər]
Peyğəmbərlik surətləri gerçəkləşir.
[26-cı səhifədəki şəkillər]
Məsih fəth etmək üçün çıxan zaman nə baş verdiyini bilirsənmi?