Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w12 15/6 s. 25—29
  • Onlar müqəddəs ruhdan ilham almışdılar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onlar müqəddəs ruhdan ilham almışdılar
  • Gözətçi qülləsi 2012
  • Başlıqlar
  • Oxşar material
  • MÜQƏDDƏS RUHDAN NECƏ İLHAM ALDILAR?
  • DƏLİLLƏRİ NƏZƏRDƏN QAÇIRMAYIN
  • ÇOXLARINI İNANDIRAN SÜBUTLAR
  • «SÖZÜN HƏR ADDIMIM ÜÇÜN ÇIRAQDIR»
  • Müqəddəs Kitabın müəllifi kimdir?
    Oyanın! 2017
  • Müqəddəs Kitab Allahdan namədir
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Allahdan nazil olan kitab
    Müqəddəs Kitab təlimləri
  • Müqəddəs Kitab və Müəllifi
    Gözətçi qülləsi 2023
Əlavə
Gözətçi qülləsi 2012
w12 15/6 s. 25—29

Onlar müqəddəs ruhdan ilham almışdılar

«Peyğəmbərliklər heç vaxt insan istəyi ilə meydana gəlməyib, insanlar müqəddəs ruhdan ilham alaraq Allahdan gələn sözləri danışıblar» (2 PET. 1:21).

DÜŞÜNMƏK ÜÇÜN SUALLAR

Allah müqəddəs ruhunun köməyi ilə Müqəddəs Kitabı yazanlara Öz fikirlərini necə çatdırmışdı?

Müqəddəs Kitabın Allahdan ilham aldığına dair hansı sübutlar var?

Allahın Kəlamına görə minnətdarlığınızı qoruyub saxlamaq üçün hər gün nə edə bilərsiniz?

1. Nəyə görə biz Allahın ilhamlanmış Kəlamına ehtiyac duyuruq?

BİZ haradan gəlmişik? Nə üçün buradayıq? Aqibətimiz necə olacaq? Dünya nəyə görə bərbad vəziyyətdədir? İnsan öləndə nə baş verir? Bu suallar dünyanın hər yerində yaşayan insanları düşündürür. Əgər əlimizdə Allahın Kəlamı olmasaydı, bu və digər vacib suallar cavabsız qalardı. Onda yeganə ümid yerimiz və bələdçimiz şəxsi təcrübəmiz olardı. Belə olan halda isə «Rəbbin qanunu» barədə məzmurçu kimi fikirləşməzdik. (Məzmur 19:7 ayəsini oxu.)

2. Bizə Müqəddəs Kitaba bundan sonra da Allahın qiymətli hədiyyəsi kimi dəyər verməyə nə kömək edəcək?

2 Əfsuslar olsun ki, bəziləri vaxtilə Müqəddəs Kitab həqiqətlərinə bəslədikləri məhəbbətlərinin soyumasına imkan veriblər. (Vəhy 2:4 ayəsi ilə müqayisə et.) Artıq onlar Yehovaya məqbul olan yolla getmirlər (Yeşaya 30:21). Bu o demək deyil ki, bu, bizimlə də baş verməlidir. Biz Müqəddəs Kitaba və onun təlimlərinə görə minnətdarlığımızı qoruyub saxlamaq üçün səylə çalışmalıyıq və bunu etmək bizim əlimizdədir. Müqəddəs Kitab sevən Yaradanımızın qiymətli hədiyyələrindən biridir (Yaq. 1:17). «Allahın sözü»nü daha çox qiymətləndirməyə bizə nə kömək edəcək? İlk əvvəl biz Müqəddəs Kitabı yazan şəxslərin bunu necə etdiyi üzərində düşünməliyik. Bunun üçün onun Allahdan ilham aldığına dair olan çoxsaylı sübutların bəzilərini yadımıza salmalıyıq. Bu, bizi Müqəddəs Kitabı hər gün oxumağa və oradakı məsləhətləri tətbiq etməyə təşviq etməlidir (İbr. 4:12).

MÜQƏDDƏS RUHDAN NECƏ İLHAM ALDILAR?

3. Peyğəmbərlərin və Müqəddəs Kitabı yazan şəxslərin müqəddəs ruhdan ilham almaları nə deməkdir?

3 Eradan əvvəl 1513-cü ildən bizim eranın 98-ci ilinə qədər olan 1610 ildən çox müddət ərzində Müqəddəs Kitab təxminən 40 nəfər kişi tərəfindən qələmə alınıb. Onlardan bəziləri «müqəddəs ruhdan ilham [alan]» peyğəmbərlər olmuşdu. (2 Peter 1:20, 21 ayələrini oxu.) «İlham almaq» kimi tərcümə olunan yunan ifadəsi «bir yerdən başqa yerə daşımaq» mənasını verir və «onu müxtəlif cür tərcümə etmək olar, məsələn, hərəkətə gətirmək, daşımaq» və sairəa. Müqəddəs Kitabın orijinal mətnində Həvarilərin işləri 27:15 ayəsində də rast gəlinən bu ifadə küləyin oyana-buyana yırğaladığı gəmini təsvir etmək üçün istifadə olunur. Peyğəmbərlərin və Müqəddəs Kitabı yazan şəxslərin müqəddəs ruhdan ilham almaları o deməkdir ki, Allah bu fəal qüvvəsi vasitəsilə onlara müəyyən məlumatlar çatdırır, hərəkətə gətirir və rəhbərlik edirdi. Bu, onu deməyə əsas verir ki, Müqəddəs Kitabda onların yox, məhz Allahın fikirləri qeyd olunub. Allahdan ilham alan peyğəmbər və yazıçılar bəzən yazdıqları fikirlərin və ya söylədikləri peyğəmbərliklərin mənasını heç özləri də başa düşmürdülər (Dan. 12:8, 9). Bəli, «Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır» və orada insan fikirlərinə rast gəlmək mümkün deyil (2 Tim. 3:16).

4-6. Yehova Müqəddəs Kitabı yazanlara Öz fikirlərini hansı yollarla çatdırmışdı? Nümunə əsasında izah edin.

4 Bəs Allah müqəddəs ruhun köməyi ilə insanlara Öz fikirlərini necə çatdırırdı? Onlar Allahın fikirlərini Ondan gələn konkret sözlərlə, yoxsa öz sözləri ilə ifadə edirdilər? Gəlin məktub yazmağa hazırlaşan iş adamını təsəvvürümüzdə canlandıraq. Söz seçimi böyük rol oynayanda o ya özü oturub yazır, ya da onu sözbəsöz katibinə diktə edir. Katib məktubu çap edir, iş adamı isə sonda onun altından imzasını qoyur. Başqa vaxt isə o yalnız əsas fikirləri deyir, katib də öz söz ehtiyatından və üslubundan istifadə edərək məktubu tərtib edir. Daha sonra iş adamı məktubu gözdən keçirir və katibə lazım olan yerlərdə dəyişikliklər etməyi tapşırır və sonda ona öz imzasını qoyur. Bu məktubu alan insan onu həmin iş adamından gələn məktub kimi qəbul edəcək.

5 Eynilə, Müqəddəs Kitabın bəzi hissələrini «Allah Öz barmağı ilə» yazmışdı (Çıx. 31:18). Sözlər vacib rol oynayanda da Yehova onları diktə edirdi. Məsələn, Çıxış 34:27 ayəsində biz oxuyuruq: «Rəbb Musaya dedi: “Bu sözləri yaz, çünki bu sözlərə görə Mən səninlə və bütün İsraillə əhd kəsirəm”». Eynilə, Yehova Yeremya peyğəmbərə də demişdi: «Sənə söylədiyim bütün sözləri bir kitaba yaz» (Yer. 30:2).

6 Əksər hallarda isə Yehova Allah Müqəddəs Kitabı qələmə alan insanların ürəklərinə və zehinlərinə möcüzəvi şəkildə konkret sözlər yox, fikirlər qoyurdu və onlara bu fikirləri öz sözləri ilə ifadə etməyə icazə verirdi. Vaiz 12:10 ayəsində qeyd olunub: «Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur». Luka öz adını daşıyan müjdəni «hər şeyi lap başdan dəqiqliklə araşdırıb... ardıcıllıqla [yazdı]» (Luka 1:3). İnsan qeyri-kamilliyi Onun çatdırmaq istədiyi xəbərə mənfi təsir göstərməsin deyə Allah Öz müqəddəs ruhundan istifadə etmişdi.

7. Allahın Öz Kəlamını yazmaq üçün insanlardan istifadə etməsi Onun misilsiz müdrikliyə malik olduğuna necə dəlalət edir?

7 Allahın Öz Kəlamını yazmaq üçün insanlardan istifadə etməsi Onun misilsiz müdrikliyindən xəbər verir. Sözlər yalnız məlumatları yox, hiss və emosiyaları da ifadə edir. Bəs əgər Müqəddəs Kitabın yazılmasında Yehova mələklərdən istifadə etsəydi, onda necə? Onlar insanların keçirdiyi qorxu, kədər və məyusluq hisslərini insanlar kimi çatdıra bilərdilərmi? Allah qeyri-kamil insanlara müqəddəs ruh vasitəsilə aldıqları fikirləri öz sözləri ilə yazmağa icazə verdiyi üçün Onun sözləri səmimi və ürəyimizə təsir göstərəcək tərzdə ifadə olunub və insanlara xas olan müxtəlif emosiyaları özündə əks etdirir!

DƏLİLLƏRİ NƏZƏRDƏN QAÇIRMAYIN

8. Nəyə görə demək olar ki, Müqəddəs Kitab başqa dini kitablardan olduqca fərqlənir?

8 Müqəddəs Kitabın Allahdan ilham aldığını sübut edən külli miqdarda dəlillər mövcuddur. Müqəddəs Kitab kimi Allahı bizə tanıdan başqa bir dini kitab yoxdur. Məsələn, hinduizm dininin yazıları Veda himnləri kitablarından, bu himnlərə verilən dini şərhlərdən, Upanişadlar adlı fəlsəfi traktatlardan, eləcə də «Ramayana» və «Mahabharata» adlanan dastanlardan ibarətdir. Əxlaq qaydaları külliyyatı olan «Bhaqavad-qita» kitabı «Mahabharata»nın bir hissəsidir. Buddizm dininin kitabı olan «Tripitaka»nın («Üç qanun zənbili») birinci cildində, əsas etibarilə, rahib və rahibələrin necə həyat tərzi sürmələri ilə bağlı qayda-qanunlardan bəhs olunur. İkinci cilddə, əsasən, buddizm təlimləri yer alıb. Üçüncü cild isə Buddanın şifahi təlimlər toplusundan ibarətdir. Budda özünün tanrı olduğunu iddia etmirdi və ümumiyyətlə Allah haqqında çox az danışırdı. Konfusiçiliyin yazılarında keçmişdə baş vermiş hadisələr, əxlaq qaydaları, ovsunlar və mahnılar qeydə alınmışdı. İslam dininin müqəddəs kitabı təkallahlığı təbliğ etsə də, orada Allah insanların taleyini və gələcəyini qabaqcadan yazan bir Şəxs kimi təqdim olunur. Üstəlik, orada Müqəddəs Kitabda təxminən 7000 dəfə rast gəlinən Allahın Yehova adına bircə dəfə də olsun rast gəlinmir.

9, 10. Müqəddəs Kitabdan Allah haqqında nə öyrənə bilərik?

9 Əksər dini kitablarda Allah haqqında az və hətta heç nə yazılmadığı bir halda, Müqəddəs Kitab Yehova Allah və Onun işlərindən bəhs edir. Bu kitab vasitəsilə Allahın şəxsiyyətinin müxtəlif yönlərini görə bilərik. Oradan biz Allahın yalnız hər şeyə qadir, müdrik və ədalətli olduğunu yox, həmçinin bizi sevdiyini də öyrənirik. (Yəhya 3:16; 1 Yəhya 4:19 ayələrini oxu.) Üstəlik, orada deyilir: «Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həv. iş. 10:34, 35). Müqəddəs Kitabın əlçatan olması bu həqiqəti təsdiq edir. Dilçilər deyirlər ki, təxminən 6700 dil mövcuddur və dünya əhalisinin 90 faizi bu dillərin təqribən 100-də danışır. Bununla belə, Müqəddəs Kitab tam və ya qismən 2400-dən çox dilə tərcümə olunub. Demək olar ki, Yer kürəsinin hər bir sakini Müqəddəs Kitabın heç olması bir hissəsini öz ana dilində oxuya bilər.

10 İsa demişdi: «Mənim Atam indiyədək işləyir, mən də işləyirəm» (Yəh. 5:17). Yehova «əzəldən axıradək» var olan Allahdır. Onun gördüyü bütün işləri bir anlığa gözünüzün önünə gətirin! (Məz. 90:2). Yalnız Müqəddəs Kitab bizə Allahın keçmişdə və indi etdiyi, eləcə də gələcəkdə edəcəyi işlər barədə məlumat verir. Biz Allahın Kəlamında həmçinin Ona nəyin məqbul olub-olmadığını, eləcə də bizim Allaha necə yaxınlaşa biləcəyimizi öyrənirik (Yaq. 4:8). Gəlin yol verməyək ki, hansısa şəxsi məşğuliyyətlərimiz və ya narahatçılıqlarımız bizi Yehovadan uzaqlaşdırsın.

11. Müqəddəs Kitabda həyatın hansı sahələri ilə əlaqədar çoxsaylı etibarlı məsləhətlər var?

11 Müqəddəs Kitabda qələmə alınan çoxsaylı və etibarlı məsləhətlər də onun insan təfəkküründən qat-qat üstün olan Mənbədən qaynaqlandığına dəlalət edir. Həvari Pavel yazmışdı: «Kim Yehovanın əqlini dərk edib ki, Ona yol göstərsin?» (1 Kor. 2:16). Bu ayə Yeşaya peyğəmbərin vaxtilə verdiyi bir suala əsaslanır: «Rəbbin Ruhuna kim yol göstərdi? Ona kim məsləhətçi olub öyrətdi?» (Yeşaya 40:13). Əlbəttə, heç kim. Təəccüblü deyil ki, ailə həyatı, uşaqların tərbiyəsi, əyləncə, ünsiyyət, işə münasibət, dürüstlük və əxlaq məsələləri ilə əlaqədar orada verilən məsləhətləri tətbiq etmək həmişə ən yaxşı nəticələr gətirir! Müqəddəs Kitab heç vaxt pis məsləhət vermir. İnsanlar isə hər zaman işə yarıyan məsləhətlər vermək üçün kifayət qədər müdrik deyillər (Yer. 10:23). Onlar əvvəlki məsləhətlərində səhv olduğunu dərk edəndə həmişə onlara düzəliş etmək və ya onları dəyişmək məcburiyyətindədirlər. Müqəddəs Kitab «insanın düşüncələrini»n «boş olduğunu» deyir (Məz. 94:11).

12. Müqəddəs Kitabı məhv etmək üçün əsrlər ərzində hansı cəhdlər göstərilmişdi?

12 Tarix də təsdiq edir ki, Müqəddəs Kitabın Müəllifi həqiqi Allah Yehovadır. Keçmişdə çoxlarının Müqəddəs Kitabı məhv etməyə cəhd göstərməsinə baxmayaraq, o, bizim günlərədək gəlib çatıb. Bizim eradan əvvəl 168-ci ildə Suriya hökmdarı IV Antiox Qanun kitablarını tapıb yandırmağa çalışırdı. Roma imperatoru Diokletian eramızın 303-cü ilində məsihçilərin yığıncaq keçirdikləri yerləri dağıtmaq və Müqəddəs Yazıları yandırmaq barədə fərman çıxartdı. Bu, təxminən on il davam etdi. 11-ci əsrdən sonra Roma papaları əllərindən gələni edirdilər ki, Müqəddəs Kitab bilikləri insanlara çatmasın. Onlar Müqəddəs Kitabın sadə insanların danışdığı dillərə tərcümə olunmasına qarşı çıxırdılar. Şeytanın və onun əlaltılarının bütün bu cəhdlərinə baxmayaraq, Müqəddəs Kitab ta bizim günlərədək gəlib çatıb. Yehova heç kəsə Onun bəşəriyyətə verdiyi bəxşişi məhv etməyə yol vermədi.

ÇOXLARINI İNANDIRAN SÜBUTLAR

13. Müqəddəs Kitabın Allahdan ilham aldığına dair daha hansı sübutlar var?

13 Müqəddəs Kitabın Allahdan ilham aldığına dair digər sübutlar da var. Bu, onun daxili uyğunluğu, elmi cəhətdən dəqiq olması, yerinə yetən peyğəmbərlikləri, onu yazanların səmimiliyi, insanların həyatını dəyişmək qüvvəsinə malik olması, tarixi baxımdan etibarlı olması, eləcə də birinci abzasdakı suallara qaneedici cavablar verməsidir. Görək bəzi insanları Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna hansı dəlillər inandırmışdı.

14-16. a) Bir müsəlmanı, hinduisti və aqnostiki Müqəddəs Kitabın Allahdan olduğuna nə əmin etdi? b) Müqəddəs Kitabın Allahdan ilham aldığını sübut edən hansı dəlili sən xidmətdə istifadə etməyi xoşlayırsan?

14 Yaxın Şərq ölkələrinin birindən olan Ənvərb müsəlman ailəsində böyüyüb. O, müvəqqəti olaraq Şimali Amerikada yaşadığı vaxt qapısını Yehovanın Şahidləri döydülər. Ənvər deyir: «O vaxt mən Səlib yürüşləri və inkvizisiyaya [13—19-cu əsrlərdə katolik kilsə məhkəməsi] görə xristian dini haqda pis fikirdə idim. Lakin təbiətcə hər şeylə maraqlandığım üçün Müqəddəs Kitabı öyrənməyə razılıq verdim». Çox keçməmiş Ənvər vətəninə qayıtdı və Yehovanın Şahidləri ilə əlaqəsini itirdi. Bir neçə ildən sonra o, Avropaya köçdü və yenidən Müqəddəs Kitabı öyrənməyə başladı. O, belə nəticəyə gəldi: «Yerinə yetən peyğəmbərlikləri, daxili uyğunluğu, ziddiyyətlərin olmaması və Yehovanın xidmətçiləri arasında hökm sürən məhəbbət məni əmin etdi ki, Müqəddəs Kitab Allahın Kəlamıdır». Ənvər 1998-ci ildə vəftiz olundu.

15 On altı yaşlı Aşa induizm dininə etiqad edən bir ailədə boya-başa çatıb. Aşa deyir: «Mən ancaq məbədə gedəndə və ya həyatımda çətin anlar olanda dua edirdim. Xoş günlərimdə isə Allah qətiyyən yadıma düşmürdü. Günlərin bir günü Yehovanın Şahidləri qapımı dönəndə həyatım 180 dərəcə dəyişdi». Aşa Müqəddəs Kitabı öyrənməyə başladı və Allahı bir Dost kimi tanıdı. Müqəddəs Kitabın Allahdan ilham aldığına onu nə inandırdı? Bacı izah edir: «Mən Müqəddəs Kitabdan bütün suallarıma cavab tapdım. O, mənə Allahı görmədən, yəni bütlərə baş əymək üçün məbədə getmədən Yaradana iman inkişaf etdirməyə kömək etdi».

16 Polanı isə ailəsi katolik kimi tərbiyə edib, lakin böyüyəndə o, özünü aqnostik hesab etməyə başladı. Sonra onun həyatını dəyişən bir hadisə baş verdi. O danışır: «Günlərin bir günü mən bir neçə aydır ki, görmədiyim dostumla qarşılaşdım. Bu, hippilərin [1960-cı illərdə mövcud əxlaq normalarını və həyat tərzini rədd edən və öz etirazlarını əcaib geyimləri və davranışı ilə ifadə edən gənclər hərəkatı] dövründə idi. O, inanılmaz dərəcədə dəyişmişdi. İndi onun üst-başı təmiz, özü isə xoşbəxt idi. Ondan bunun səbəbini və bu vaxtadək harada olduğunu soruşdum. O, Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrəndiyini dedi və mənə təbliğ etdi». Vaxtilə aqnostik olan bu gənc qadın Müqəddəs Kitab həqiqətlərinin insana bu dərəcədə təsir etdiyini görəndə bu, onu Müqəddəs Kitab xəbərinə cəlb etdi və o, Müqəddəs Kitabın Allahın Kəlamı olduğunu qəbul etdi.

«SÖZÜN HƏR ADDIMIM ÜÇÜN ÇIRAQDIR»

17. Allahın Kəlamını hər gün oxuyub üzərində dərindən düşünmək hansı faydanı gətirir?

17 Müqəddəs Kitab Yehovanın müqəddəs ruhu vasitəsilə bizə bəxş etdiyi möhtəşəm hədiyyəsidir. Onu hər gün sevə-sevə oxuyun, onda sizin ona və onun Müəllifinə məhəbbətiniz artacaq (Məz. 1:1, 2). Müqəddəs Kitabı oxumazdan öncə hər dəfə dua edin və Allahdan xahiş edin ki, ruhu ilə düşüncələrinizə istiqamət versin (Luka 11:13). Müqəddəs Kitabda Allahın fikirləri yazılıb, buna görə də onun üzərində dərindən düşünsəniz, Allahın düşüncə tərzini mənimsəyəcəksiniz.

18. Nəyə görə siz Müqəddəs Kitabı öyrənməyə davam etmək istəyirsiniz?

18 Həqiqət barədə bilikləriniz artdıqca onları tətbiq edin. (Məzmur 119:105 ayəsini oxu.) Güzgüyə baxırmış kimi Müqəddəs Kitabı diqqətlə oxuyun. Dəyişikliklər etməli olduğunuzu görəndə bunu dərhal edin (Yaq. 1:23—25). Etiqadlarınızı müdafiə etmək və həlim insanların ürəyində kök salan yalan təlimləri kəsib atmaq üçün Allahın Kəlamından qılınc kimi istifadə edin (Efes. 6:17). Bu kitabı əlinizə alanda peyğəmbərlərin və onu yazanların müqəddəs ruh tərəfindən ilham aldığına görə minnətdar olun.

[Haşiyələr]

a «Əhdi-Cədid və digər erkən məsihçi ədəbiyyatı üzrə yunanca-ingiliscə lüğət» («A Greek-English Lexicon of the New Testament and Other Early Christian Literature»).

b Bəzi adlar dəyişdirilib.

[29–cu səhifədəki yazı]

Müqəddəs Kitabı hər gün oxuyun ki, onun Müəllifinə olan məhəbbətiniz artsın

[26–cı səhifədəki şəkil]

Məktubun sonundakı imza onun kim tərəfindən göndərildiyini göstərir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş