Həyatının hər günü ilə Allahı izzətləndir
MƏZMURÇU Davud Yehovaya dua edirdi: «Hər səhər məhəbbətini mənə hiss etdir... gedəcəyim yolu mənə öyrət» (Məz. 143:8). Səhər yuxudan ayılanda və yeni gün üçün Yehovaya minnətdarlığını bildirəndə, Davud kimi, sən də qərarların və addımların üçün rəhbərlik diləyirsənmi? Şübhə yoxdur ki, bu belədir.
Yehovanın həsr olunmuş xidmətçiləri olan bizlər ‘yeyiriksə, içiriksə, nə ediriksə, hər şeyi Allahın izzəti üçün etməyə’ çalışırıq (1 Kor. 10:31). Biz başa düşürük ki, hər günümüzlə ya Yehovanı izzətləndirə, ya da ki Onun adına ləkə gətirə bilərik. Üstəlik, Allahın Kəlamından bilirik ki, Şeytan Məsihin qardaşlarını və demək olar ki, Allahın yer üzündəki hər bir xidmətçisini «gecə və gündüz» ittiham edir (Vəhy 12:10). Buna görə də biz «gecə-gündüz» səmavi Atamızın qarşısında müqəddəs xidmətimizi icra etməklə Şeytanın yalan ittihamlarına cavab verməyə və Onun qəlbini sevindirməyə qəti qərarlıyıq (Vəhy 7:15; Sül. məs. 27:11).
Gəlin hər günümüzlə Allahı necə izzətləndirə biləcəyimizin iki vacib üsulunu qısaca nəzərdən keçirək. Birincisi üstün dəyərləri ayırd etmək, ikincisi isə başqalarına qarşı diqqətli olmaqdır.
Vədimizə uyğun yaşayırıq
Özümüzü Yehovaya həsr etməklə Ona ürəkdən xidmət etmək istədiyimizi göstərmişik. Biz həmçinin söz vermişik ki, «hər gün», hətta əbədiyyən Onun yolları ilə gedəcəyik (Məz. 61:5, 8). Belə isə, hər gün vədimizə uyğun yaşadığımızı və Yehovanı ürəkdən sevdiyimizi necə göstərə bilərik?
Yehovanın Kəlamında Onun bizə həvalə etdiyi məsuliyyətlər aydın göstərilir (Qanun. t. 10:12, 13). Onlardan bəziləri 22-ci səhifədəki «Allah bizdən nə tələb edir?» adlı çərçivədə sadalanır. Bütün bu tapşırıqlar Allahdan olduğundan onlar bizim üçün mühüm əhəmiyyət kəsb edir. Əgər iki-üç tapşırığı eyni vaxtda yerinə yetirmək tələb olunursa, onlardan hansına üstünlük verməli olduğumuzu necə müəyyən edə bilərik?
Biz müqəddəs xidmətimizə — Allahın Kəlamını oxumağa, dua etməyə, məsihçi görüşlərinə və təbliğ xidmətinə üstünlük veririk (Mat. 6:33; Yəh. 4:34; 1 Pet. 2:9). Əlbəttə, səhərdən axşamacan ruhani işlərlə məşğul olmaq qeyri-mümkündür. İş, məktəb və müxtəlif ev işləri də diqqət tələb edir. Bununla belə, biz bütün işlərimizi elə planlaşdırırıq ki, yığıncaq görüşlərində iştirak etmək kimi müqəddəs xidmətimizdən qalmayaq. Məsələn, məzuniyyətə çıxmağı planlaşdıranda rayon nəzarətçisinin başçəkməsini, xüsusi birgünlük, rayon və vilayət konqreslərinin heç birini buraxmamalıyıq. Bəzən eyni zamanda bir neçə məsuliyyətin öhdəsindən gələ bilərik. Məsələn, Padşahlıq Zalının yığışdırılmasında ailəlikcə iştirak etmək olar, yaxud işdə və ya məktəbdə fasilə zamanı təbliğ edə bilərik. Həqiqətən də, həyatımızda ən vacib yer tutan sevimli Atamız Yehovaya ibadət iş, təhsil və ya dost seçimi kimi qərarlarımıza təsir etməlidir (Vaiz 12:13).
Başqalarına qarşı diqqətli ol
Yehova başqalarının qayğısına qalmağımızı və onlara yaxşılıq etməyimizi istəyir. Şeytan isə, əksinə, xudbinlik ruhu yayır. Onun dünyası özünü və ‘zövqü sevən’, həmçinin «öz cismani təbiəti üçün əkən» insanlarla doludur (2 Tim. 3:1—5; Qalat. 6:8). Çoxları hərəkətlərinin başqalarına necə təsir edəcəyini veclərinə belə almırlar. «Cismani təbiətin əməlləri» bütün dünyanı ağuşuna alıb (Qalat. 5:19—21).
Yehovanın müqəddəs ruhu ilə hərəkət edərək insanlarla məhəbbətlə davranan, xeyirxahlıq və yaxşılıq edənlərin düşüncə tərzi necə də fərqlidir! (Qalat. 5:22). Allahın Kəlamı məsləhət görür ki, biz başqalarının tələbatlarını özümüzünkündən üstün tutaq. Buna görə də biz başqalarına dərin maraq göstəririk, lakin onların şəxsi işlərinə qarışmırıq (1 Kor. 10:24, 33; Filip. 2:3, 4; 1 Pet. 4:15). Biz xüsusilə də bacı-qardaşlarımıza qarşı diqqətliyik. Bununla belə, imanımıza şərik olmayan insanlara da imkan daxilində kömək edirik (Qalat. 6:10). İnsanlara xeyirxahlıq göstərmək üçün imkanlar axtara bilərsənmi? («Onlara qarşı diqqətli ol» adlı çərçivəyə bax, səhifə 23.)
Əlbəttə, xeyirxahlıq göstərmək üçün biz müəyyən vaxtı və ya hansısa vəziyyətin yaranmasını gözləmirik (Qalat. 6:2; Efes. 5:2; 1 Salon. 4:9, 10). Əksinə, hər gün çalışırıq ki, başqalarının vəziyyəti ilə maraqlanaq və bizim üçün rahat olmasa belə, onların tələbatlarına hay verək. Biz malik olduğumuz hər şeyi — vaxtımızı, maddi vəsaitlərimizi, təcrübəmizi və biliyimizi səxavətlə bölüşməyə can atırıq. Yehova bizi əmin edir ki, əgər başqalarına qarşı səxavətli olsaq, O da bizə qarşı səxavətli olacaq (Sül. məs. 11:25; Luka 6:38).
«Gecə-gündüz» müqəddəs xidməti icra edirik
«Gecə-gündüz» Yehovanın qarşısında müqəddəs xidməti icra etmək mümkündürmü? Bəli, amma bunun üçün ibadətimizin bütün sahələrində müntəzəm və çalışqan olmalıyıq (Həv. iş. 20:31). Allahın Kəlamını hər gün oxumağın və onun üzərində düşünməyin, durmadan dua etməyin, bütün yığıncaq görüşlərində iştirak etməyin və şahidlik vermək üçün hər bir fürsətdən istifadə etməyin sayəsində həyatımız müqəddəs xidmətin ətrafında dövr edəcək (Məz. 1:2; Luka 2:37; Həv. iş. 4:20; 1 Salon. 3:10; 5:17).
Bəs şəxsən biz bu cür müqəddəs xidməti yerinə yetiririkmi? Əgər yetiririksə, onda Onu razı salmaq və Şeytanın ittihamlarına cavab vermək istəyi gündəlik həyatımızın hər bir sahəsində əks olunacaq. Biz hər an, hər zaman Yehovanı izzətləndirməyə çalışırıq. Biz danışığımızda, davranışımızda, həmçinin qərar qəbul edəndə Onun prinsiplərini əldə rəhbər tuturuq. Əgər Allaha tam etibar edir və gücümüzü xidmətə sərf ediriksə, Onun nəvazişlə qayğımıza qaldığını və bizə dəstək olduğunu qiymətləndirdiyimizi göstəririk. Qeyri-kamillik ucbatından Allahın normalarını pozanda Onun bizə verdiyi məsləhət və cəzanı məmnuniyyətlə qəbul edirik (Məz. 32:5; 119:97; Sül. məs. 3:25, 26; Kolos. 3:17; İbr. 6:11, 12).
Gəlin yaşadığımız hər günlə Allahı izzətləndirək. Onda canımız rahatlıq tapacaq, üstəlik, səmavi Atamızın məhəbbət dolu qayğısını əbədiyyən üzərimizdə hiss edəcəyik (Mat. 11:29; Vəhy 7:16, 17).
[22-ci səhifədəki çərçivə/şəkillər]
Allah bizdən nə tələb edir?
• Daima dua etməyi (Rom. 12:12).
• Müqəddəs Kitabı oxuyub araşdırmağı və özümüzə tətbiq etməyi (Məz. 1:2; 1 Tim. 4:15).
• Ona yığıncaqla birgə ibadət etməyi (Məz. 35:18; İbr. 10:24, 25).
• Ailəmizin maddi, ruhani və emosional tələbatlarının qayğısına qalmağı (1 Tim. 5:8).
• Padşahlıq haqqında xoş xəbəri təbliğ etməyi və şagirdlər hazırlamağı (Mat. 24:14; 28:19, 20).
• Sağlam istirahət də daxil olmaqla, fiziki, ruhani və emosional səhhətimizin qayğısına qalmağı (Mark 6:31; 2 Kor. 7:1; 1 Tim. 4:8, 16).
• Yığıncaq işlərinin qayğısına qalmağı (Həv. iş. 20:28; 1 Tim. 3:1).
• Evimizin və Padşahlıq Zalımızın qayğısına qalmağı (1 Kor. 10:32).
[23-cü səhifədəki çərçivə/şəkil]
Onlara qarşı diqqətli ol
• Yaşlı bacı-qardaşlara (Lev. 19:32).
• Fiziki və ya emosional xəstəliklərdən əziyyət çəkənlərə (Sül. məs. 14:21).
• Səndə olan şeyə ehtiyac duyan həmimanlına (Rom. 12:13).
• Ailə üzvlərinə (1 Tim. 5:4, 8).
• Həyat yoldaşı vəfat etmiş həmimanlına (1 Tim. 5:9).
• Yığıncaqda səylə çalışan ağsaqqala (1 Salon. 5:12, 13; 1 Tim. 5:17).