«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
İYUL
*** w11-E 1/6 s. 19 ***
Pərişan insanlar təsəlli tapır
Allaha yaxınlaşın
«Yehova mənim kimi insanı heç vaxt sevməz». Bu, uzun illər depresiyadan əziyyət çəkən bir bacının sözləridir. O özünü indandırmışdı ki, Yehova ondan uzaqdır, onunla maraqlanmır. Doğrudanmı, Yehova kədərli, əzgin xidmətçilərindən uzaqdır? Davud peyğəmbərin Zəbur 34:18 ayəsində yazılmış sözləri bu cür insanlara təsəlli verə bilər.
Davud əzab-əziyyətin, çətinliklərin Allahın xidmətçisinə necə təsir etdiyini yaxşı bilirdi. Cavanlığında o, qaçaq həyatı yaşamışdı. Talut padşah paxıllığından durmadan onu təqib edir, onu öldürmək istəyirdi. Davud israillilərin düşməni olan filiştlilərin Cat şəhərində gizlənir, düşünür ki, Talut onu burada axtarmaz. Amma oranın camaat Davudu tanıyır, onda o, özünü dəliliyə vurub canını ölümdən qurtarır. O bu xilasın Yehovadan olduğunu söyləmişdi və bunun şərəfinə 34-cü məzmuru yazmışdı.
Bəs Davud necə, o damı düşünürdü ki, Allah çətinlilər ucbatından kədərə qərq olan, özünü lazımsız hiss edən xidmətçilərindən uzaqdır? Davud yazmışdı: «Yehova qəlbisınıqlara yaxındır, pərişan insanları azad edir» (18-ci ayə) Gəlin görək bu ayədə təsəllini və ümid verən hansı fikirlər tapa bilərik.
«Yehova... yaxındır». Bir elmi əsərdə deyilir ki, bu sözlər «Rəbbin gözünün həmişə Öz xalqının üstündə olduğunu, həmişə köməyə çatmağa və xilas etməyə hazır olduğunu» bədii şəkildə ifadə edir. Allahın nəzərinin həmişə üstümüzdə olduğunu bilmək insana rahatlıq gətirir. Bu «son dərəcə çətin bir vaxt»da nələr yaşadığımız və hansı hissləri keçirdiyimiz Ona agahdır (2 Timutiyə 3:1; Həvarilərin işləri 17:27).
«Qəlbisınıqlara yaxındır». Bir alimin sözlərinə görə bəzi dillərdə «qəlbisınıq» sözü «qarşılıqsız məhəbbət»lə bağlı işlənir. Amma məzmurçu «kədərlə və dərdlə bağlı olan bu sözü daha geniş mənada işlətmişdi». Bəli, yaşadıqları ağrı-acı ucbatından hərdən Allahın sadiq xidmətçilərinin də, necə deyərlər, qəlbi sına bilər.
«Pərişan insanları...» Hərdən insan o dərəcədə ruhdan düşür ki, heç nəyə yaramadığını düşünür və hər şeydən ümidini üzür. Müqəddəs Kitab Tərcüməçiləri üçün nəzərdə tutulan bir kitabda qeyd olunur ki, «pərişan» sözünü «gələcəyə bütün ümidini itirən insan» kimi də tərcümə etmək olar.
Yehova qəlbisınıq və pərişan insanlara necə yanaşır? Doğrudanmı, onların Onun məhəbbətinə və diqqətinə layiq olmadıqlarını düşünüb onlardan uzaq durur? Əsla! Yehova ağlayan uşağını bağrına basıb sakitləşdirən valideyn kimi, Ondan imdad diləyən xidmətçilərinin yanındadır. O, qəlbisınız və pərişan xidmətçilərinə təsəlli verməyə həmişə hazırdır. Onlara üzləşdikləri hər bir çətinliyi aşmaq üçün hikmət və güc verməyə qadirdir (2 Korinflilərə 4:7; Yaqub 1:5).
Odur ki, gəlin şəfqətli Allahımıza yaxınlaşaq. O deyir: «Mənim məskənim... məzlum, fağır adamların arasındadır ki, fağırın ruhunu dirçəldim, zülm çəkənlərin qəlbini dirildim» (Əşiya 57:15).
*** w91-E 1/10 s. 14 abz. 6 ***
Yehovanın əbədi qollarına sığının
Diqqətcil insan köməyə ehitiyacı olana əl uzadır. «Dar gün» deyəndə insanı taqətdən salan bədbəxt hadisə, yaxud uzun müddət sürən çətinlik də nəzərdə tutula bilər. Xəstə düşüb gücü tükənəndə o, əmindir ki, Yehova onu qoruyacaq və başqaları Yehovanın ona göstərdiyi mərhəmət barədə car çəkərək «bəxtəvər deyərlər cahanda ona». Davud «yatağa düşəndə» Yehova ona dayaq olmuşdu, görünür, bu, Absalam atasının taxtını ələ keçirmək istəyən vaxt baş vermişdi (2 İşmuil 15:1—6).
*** w93-E 15/3 s. 10, 11, abz. 9—13 ***
Yehovanın mərhəməti — ümid qapısı
9 Davudla Badsəba törətdikləri günaha görə Yehovanın qarşısında məsuliyyət daşıyırdılar. Əslində, bu günahın əvəzində onlar ölməli idilər, amma Yehova onlara məhrəmət göstərdi. Allah xüsusilə Davuda mərhəmət göstərmişdi, çünki onunla Padşahlıq əhdi bağlamışdı (2 İşmuil 7:11—16). Davudun Badsəba ilə elədiyi günaha görə peşman olduğu 51-ci Məzmurda təsvir olunur. Bu təsirli Məzmuru Davud Natan peyğəmbər onunla danışandan sonra yazmışdı. Peyğəmbər Davudun Allaha qarşı nə dərəcədə ağır günah işlədiyini göstərib onun vicdanına təsir etmişdi. Peyğəmbərə onun günahını ifşa etmək üçün cəsarət lazım idi. Bu gün ağsaqqallara da oxşar vəziyyətlərdə cəsarət lazımdır. Davud hər şeyi inkar edə, hətta Natanı edam etdirə bilərdi, amma o, səssiz-səmirsiz günahını boynuna aldı (2 İşmuil 12:1—14). 51-ci Məzmurda Davudun öz çirkin əməlləri barədə duada dediyi sözlər yazılıb. Dua edərək bu Məzmurdakı sözlərin üzərində düşünmək faydalı olardı, xüsusən də, günah edib Allahdan mərhəmət umanlar üçün.
Allahın qarşısında məsuliyyət daşıyırıq
10 Davud özünə bəraət qazandırmadı. O, Allaha yalvarıb dedi: «Məhəbbətinlə mənə rəhm et, Pərvərdigara, böyük mərhəmətinlə günahlarımı sil» (Zəbur 51:1). Davud günah edib Allahın qanununu pozmuşdu. Allah məhəbbətdən irəli gələrək Davuda lütf etsəydi, o ruhani cəhətdən dirçələ bilərdi. Davud Yehovanın keçmişdə dəfələrlə mərhəmət göstərdiyini bilirdi və bu ona ümid verirdi ki, Yaradanı onun günahlarını bağışlayacaq.
11 Kəffarə günü gətirilən qurbanlar gələcəyə işarə idi. Yehova onların vasitəsilə göstərirdi ki, Onun əlində tövbə edənlərin gühahlarını yumaq üçün əsas var. Bu gün biz bilirik ki, Allahın mərhəmətini və əfvini dadmaq üçün İsa Məsihin qurbanlığına iman etməliyik. Davud bu qurbanlığın sadəcə timsalını və kölgəsini nəzərində saxlayaraq Allahdan məhəbbət və mərhəmət gözləyirdi, Allahın müasir xidmətçilərinin isə onların xilası üçün verilən bu qurbanlığa imanı daha güclü olmalıdır (Romalılara 5:8; İbranilərə 10:1).
12 Davud Yehovaya yalvaranda həmçinin demişdi: «Məni təqsirimdən təmizlə, günahımdan pak et. Təqsirlərimi yaxşı bilirəm, günahım gözümün önündə durub» (Zəbur 51:2, 3). Günah işləmək Yehovanın qanunlarına əməl etmək məsələsində hədəfə düşməmək deməkdir. Davud da bu uğursuzluğu dadmışdı. Lakin Davud sadəcə canını cəzadan qurtarmaq istəyən və ya xəstəliyə tutulmaqdan qorxan, günahının ağırlığını dərk etməyən qatillər və zinakarlar kimi deyildi. O, Yehovanı sevdiyi üçün «pilsliyə nifrət» edirdi (Zəbur 97:10). O törətdiyi günahdan ikrah edirdi və Yehovanın onu bu günahdana tamamilə təmizləməyini istəyirdi. O, günahını dərk edirdi və günahlı arzularına uyduğu üçün çox peşman idi. Günahı onun gözünün önündə idi, çünki insan tövbə edib günahını boynuna almayınca və Yehovadan mərhəmət görməyincə vicdanı sakitləşmir.
13 Yehovanın qarşısında məsuliyyət daşıdığını bildiyi üçün Davud yazmışdı: «Sənə, Sənə qarşı günah etdim, gözündə pis olan işi tutdum, odur ki, sözlərin haqq, hökmün adildir» (Zəbur 51:4). Davud Allahın qanunlarını pozmuş, padşah şərəfini ləkələmiş və «Yehovaya qarşı böyük hörmətsizlik» etmişdi (2 İşmuil 12:14; Çıxış 20:13, 14, 17). Davud həmçinin İsrail icmasına və ailəsinə qarşı günah etmişdi. Bu gün də məsihi günah edəndə həm yığıncaq üzvlərinə, həm də yaxınlarına kədər və dərd çəkdirir. Tövbəkar padşah Uryaya və digər yaxınlarına qarşı günah etdiyi başa düşürdü, amma o dərk edirdi ki, ən böyük günahı Allaha qarşı işləyib. (Yaradılış 39:7—9 ayələri ilə müqayisə edin.) Davud əmin idi ki, Yehova ədalətli hökm çıxaracaq (Romalılara 3:4). Günah işləyən məsihilər də düşüncəyə sahib olmalıdırlar.
*** w93-E 15/3 s. 12—13 abz. 18—20 ***
Yehovanın mərhəməti — ümid qapısı
18 Nə vaxtsa vicdan əzabı çəkən məsihilər Davudun Yehovaya dediyi növbəti sözləri yaxşı başa düşərlər: «Mənə şənlik, şadlıq sədaları eşitdir ki, əzib qırdığın sümüklər şəfa tapsın» (Zəbur 51:8). Davud tövbə etməmişdən və günahını boynuna almamışdan əvvəl ləkəli vicdanı onu pərişan hala salmışdı. Peşəkar müğənnilərin və musiqiçilərin ifa etdiyi şənlik, şadlıq nəğmələri belə, ona sevinc gətirmirdi. Allahın rizasını itirmiş Davud törəktiyi günaha görə o dərəcədə əzab çəkirdi ki, özünü sümüyü əzilib qırılmış insan kimi hiss edirdi. O, mərhəmət axtarırdı, ruhani cəhətdən dirçəlmək və əvvəlki sevinci dadmağı arzulayırdı. Bu gün də tövbə etmiş insan Allah tərəfindən əfv olunmayınca Onunla münasibətini pozan hərəkəti törətməzdən əvvəl duyduğu sevindi dada bilməz. Həmin insan yenidən «müqəddəs ruhun hasil etdiyi sevinci» duyursa, bu Allahın onu bağışladığına və sevdiyinə işarədir (1 Salonikililərə 1:6). Onun üçün bundan gözəl təsəlli ola bilməz!
19 Sonra Davud duasında demişdi: «Günahlarımdan üzünü yan çevir, təqsirlərimin hamısını sil» (Zəbur 51:9). Təbii ki, Yehova günaha iltifatla baxmazdı. Buna görə də Davud Allahdan xahiş edirdi ki, üzünü onun günahlarından yan çevirsin. Davud padşah həmçinin Allaha yalvarıb təqsirlərini silməyi, şər əməllərini yox etməyi xahiş edirdi. Həmin an bu, Davudun həyatda ən çox istədiyi şey idi. Onda Davudun ruhu dirçələr, narahat vicdanı sakitləşərdi və tövbəkar padşah əmin olardı ki, mehriban Allah onu bağışlayıb.
20 51-ci Məzmu göstərir ki, ciddi günah edən Yehovanın həsrolunmuş xidmətçisi tövbə edərsə, əminliklə Yehovadan ona lütf göstərib günahlarını yumasını diləyə bilər. Əgər sən də belə vəziyyətdəsənsə, yaxşı olardı ki, səmavi Atamıza dua edərək ondan əfv diləyəsən. Allahın razılığını qazanmaq və əvvəllər duyduğun sevincə qovuşmaq üçün Onun köməyinə möhtac olduğunu etiraf et. Tövbə edən məsihilər Yehovaya bu cür diləklərlə dua edə bilər, çünki O, comərdliklə əfv edir (Əşiya 55:7; Zəbur 103:10—14). Sözsüz ki, ruhani cəhətdən kömək almaq üçün ağsaqqallara da müraciət etmək lazımdır (Yaqub 5:13—15).
*** w93-E 15/3 s. 14—17 ***
Yehova peşman ürəyi rədd etmir
«Təmiz ürək» lazımdır
4 Əgər özünü Allaha həsr etmiş məsihinin günah işlədiyinə görə ruhani vəziyyəti pisdirsə, o, Yehovanın mərhəmətindən və əfvindən savayı nəyə ehtiyac duyur? Davud peyğəmbər Allaha yalvararaq demişdi: «Məndə təmiz ürək yarat, içimə təzə, mətin bir ruh qoy» (Zəbur 51:10). Görünür Davud peyğəmbər başa düşürdü ki, ürəyində hələ də ağır günah işləməyə meyli var, ona görə bu sözləri demişdi. Bəlkə də biz, Davud peyğəmbərin Badsəba və Uryayla bağlı etdiyi günahlar kimi günahlara yol verməmişik, bununla belə, ciddi günah etmək nəfsini boğmaq üçün Yehovanın köməyinə ehtiyacımız var. Həmçinin oğurluq və qatillik kimi ciddi günahlara bərabər olan tamahkarlıq və nifrət hisslərini ürəyimizdən qoparıb atmaq üçün şəxsən Allahın köməyinə ehtiyacımız ola bilər (Koloslulara 3:5, 6; 1 Yəhya 3:15).
5 Yehova Allah istəyir ki, Onun xidmətçilərində «təmiz ürək», yəni təmiz niyyət və təmiz düşüncə olsun. Davud peyğəmbər başa düşürdü ki, onun ürəyi təmiz deyil. Buna görə də Allahdan təmiz, Onun qoyduğu qanun və prinsiplərə uyğun olan ürək istəyirdi. O həmçinin «təzə, mətin bir ruh» və ya təzə düşüncə tərzi istəyirdi. Bu ruh ona nəfsinə qalib gəlib Yehova Allahın qanunlarına bağlı qalmağa kömək edəcəkdi.
Müqəddəs ruh vacibdir
6 Etdiyimiz səhvlərə və ya günaha görə üzülürüksə, elə düşünə bilərik ki, Allah bizdən üz döndərib və Öz müqəddəs ruhunu, yəni fəal qüvvəsini üzərimizdən götürüb. Davud peyğəmbər belə hisslər keçirirdi, buna görə də Yehovaya yalvarırdı: «Məni hüzurundan rədd etmə, nə olar, müqəddəs ruhunu məndən alma» (Zəbur 51:11). Tövbə edən və təvazökar olan Davud peyğəmbər düşünürdü ki, günahlarına görə Yehovaya quluq etməyə layiq deyil. Allahın hüzurundan rədd edilmək Onun lütfündən, verdiyi təsəllidən və nemətlərindən məhrum olmaq deməkdir. Ruhani cəhətdən dirçəlmək üçün Davud peyğəmbərin Yehovanın müqəddəs ruhuna ehtiyacı var idi.
Müqəddəs ruh Davud peyğəmbərin üzərində olduğu müddətdə o, Yehovanı razı salmaq üçün duada Ondan rəhbərlik istəyə, günahdan uzaq dura və padşahlığı hikmətlə idarə edə bilərdi. Müqəddəs ruhu verən Yehova Allaha qarşı günah işlədiyini başa düşdüyü üçün Davud dua edirdi ki, Allah müqəddəs ruhunu ondan almasın.
7 Bizim haqqımızda nə demək olar? Biz müqəddəs ruh almaq barədə dua etməli və onu kədərləndirməmək üçün göstərdiyi rəhbərliyə uyğun yaşamalıyıq (Luka 11:13; Efeslilərə 4:30). Əks təqdirdə, Allah müqəddəs ruhunu üzərimizdən götürər və biz ruhun bəhrəsi olan məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, mülayimlik, özünə hakim olmaq kimi xüsusiyyətləri təzahür edə bilmərik. Xüsusilə də, tövbə etməyib günah işləməyə davam edəriksə, Yehova müqəddəs ruhu bizdən götürəcək.
Qurtuluş sevinci
8 Günahından tövbə edən və ruhani cəhətdən dirçələn insan Yehovanın xilas tədbirindən yenidən sevinc duya bilər. Bunun həsrətində olan Davud peyğəmbər Allaha yalvararaq demişdi: «Səndən gələn qurtuluş sevincini qoy yenə dadım, Sənə itaət etməyə həvəs oyat içimdə» (Zəbur 51:12). Yehova Allahın verdiyi qurtuluş ümidinə sevinmək möhtəşəm idi! (Zəbur 3:8). Davud peyğəmbər Allaha qarşı günah işləyəndən sonra Yehovanın verdiyi qurtuluş sevincini dadmaq istəyirdi. Əsrlər sonra Yehova İsa Məsihin fidyə qurbanlığı vasitəsilə xilasa yol açdı. Ciddi günah işləyən Allahın həsr olunmuş xidmətçisi qurtuluş sevincini yenidən dadmaq istəyirsə, tövbə etməlidir ki, müqəddəs ruha qarşı günah işləməsin (Mətta 12:31, 32; İbranilərə 6:4—6).
9 Davud peyğəmbər Allahdan diləmişdi ki, Ona itaət etməyə içində həvəs oyatsın. Burada Davudun əqlən hərəkətə təşviq olunmasından söhbət gedir. Davud istəyirdi ki, Yehova ona Onun bəyəndiyi kimi davranmağa və bir daha günah etməməyə kömək etsin. Yehova xidmətçilərini həmişə dəstəkləyir və müxtəlif sınaqlar üzündən qəddi əyilənləri ayağa qaldırır (Zəbur 145:14). Bunu bilmək insana təsəlli verir. Xüsusilə də, günah işləyəndən sonra tövbə edib Yehovaya əbədiyyən sədaqətlə xidmət etmək istəyənlərə.
Qanunu pozanlara nə öyrətmək olar?
10 Allah izin verərdisə, Davud peyğəmbər Onun mərhəmətini qiymətləndirdiyini göstərən və başqalarına xeyir gətirəcək bir iş görmək istəyirdi. Tövbə etmiş Davud peyğəmbər ürəyini Yehovaya boşaldaraq demişdi: «Qanununu pozanlara sənin yollarını öyrədəcəyəm ki, günahkarlar sənə sarı dönsün» (Zəbur 51:13). Günah etmiş Davud peyğəmbər qanunu pozanlara Allahın qanununu necə öyrədə bilərdi? Onlarla nə barədə danışa bilərdi? Bu, hansı xeyri gətirəcəkdi?
11 Davud peyğəmbər qanunu pozan israilliləri pis yollarından döndərmək məqsədi ilə onlara Yehovanın yollarını öyrədərkən günah etməyin nə dərəcədə pis bir şey olduğunu, tövbə etməyin nə demək olduğunu və Allahın əfvinə nail olmağın yollarını vurğulaya bilərdi. Yehovanın ondan narazı olduğuna görə və ləkəli vicdanı ucbatından əzab çəkən Davud peyğəmbər, şübhəsiz, günahlarından tövbə edən və qəlbi qırıq olanlara şəfqətli nəsihətçi olacaqdı. Əlbəttə ki, o özü Allahın qanunlarına əməl etməli və Allahın lütfünə sahib olmalı idi. Yalnız bundan sonra o öz nümunəsini çəkib başqalarına öyüd-nəsihət verə bilərdi. Çünki Allahın qanunlarına əməl etmək istəməyənlərin Onun qayda-qanunundan danışmağa haqları yoxdur (Zəbur 50:16, 17).
12 Davud niyyətini başqa sözlərlə ifadə edərək demişdi: «Ey Allah, ey nicatımın Allahı, məni qan günahından azad et, qoy dilim Sənin ədalətini şövqlə bəyan etsin» (Zəbur 51:14) İnsan qanı tökənləri ölüm cəzası gözləyirdi (Yaradılış 9:5, 6). Buna görə də Uryayla bağlı məsələdə Yehovanın Davudu qan günahından azad etdiyini bilmək onun zehnini və ürəyini sakitləşdirəcəkdi. Onda Davudun dili özünün yox, Allahın ədalətini şövqlə bəyan edəcəkdi (Vaiz 7:20; Romalılar 3:10). Bu gün heç kim namusunu ləkələdiyi insanın təmiz adını qaytara və öldürdüyü insanı dirildə bilmədiyi kimi, Davud peyğəmbər də nə etdiyi əxlaqsızlığı silə, nə də Uryayı həyata qaytara bilərdi. Nəfs bizi yoldan çıxaranda bunları gözə almaq lazımdır. Həmçinin Yehovanın bizə göstərdiyi mərhəmətə görə minnətdar olmalıyıq! Bu minnətdarlıq hissi bizi başqalarını ədalətin və mərhəmətin Mənbəyi olan Yehovaya yönəltməyə təşviq etməlidir.
13 Mərhəmətli Yehova Onun həqiqətlərini söyləmək üçün insanın dodaqlarını açmasa, heç bir günahkar layiqli tərzdə Allahı ucalda bilməz. Buna görə də Davud peyğəmbər deyirdi: «Yehova, nə olar, dodaqlarımı aç, dilim Sənə təriflər söyləsin» (Zəbur 51:15). Yehova Allahın əfvindən sonra vicdanı rahatlaşan Davud peyğəmbər qanunu pozanlara Allahın yollarını öyrədə və Onu ucalda biləcəkdi. Davud peyğəmbər kimi günahı əfv olunan hər kəs Yehova Allahın lütfünə görə minnətdar olmalıdır; hər fürsətdən istifadə edərək Allahın həqiqətini bəyan edib Ona təriflər söyləməlidir (Zəbur 43:3).
Allaha məqbul qurbanlar
14 Dərin hikmətə sahib olmuş Davud peyğəmbər növbəti sözləri demişdi: «Sən qurban istəmirsən, yoxsa gətirərdim, yandırma qurbanlarından xoşhal olmursan» (Zəbur 51:16). Qanun əhdinə əsasən, Allaha heyvan qurbanları təqdim olunmalı idi. Lakin Davudun etdiyi əxlaqsızlığın və qatilliyin cəzası ölüm olduğu üçün bu cür qurbanlar onun günahını yuya bilməzdi. Əks təqdirdə, o, Yehovaya heyvan qurbanı kəsmək üçün heç nəyini əsirgəməzdi. İnsan ürəkdən tövbə etməsə, gətirdiyi qurbanlar heç bir məna daşımır. Buna görə də əgər düşünürüksə ki, etdiyimiz günahları yaxşı işlərimizlə ört-basdır edə bilərik, özümüzü aldadırıq.
15 Davud peyğəmbər sözünə davam edir: «Peşman ruhdur Allaha məqbul qurban. Çilik-çilik olmuş, peşman ürəyi rədd etməzsən, ey Allah» (Zəbur 51:17). Allahın tövbə etmiş insandan qəbul etdiyi qurbanlıq peşman ruhdur. Belə insanda düşmən əhval-ruhiyyə yoxdur. Peşman olmuş insan günaha görə kədərə qərq olur, Yehovanın ondan narazı olduğunu bildiyi üçün özünü alçaldır və Allahın razılığını yenidən qazanmaq üçün əlindən gələni edir. Günahlarımızdan tövbə etməriksə və Yehovaya tam sədaqət göstərməriksə, Onun üçün etdiklərimizin heç bir dəyəri olmayacaq (Nahum 1:2).
16 Allah çilik-çilik olmuş, peşman ürək kimi qurbanları rədd etmir. Buna görə də Allahın xalqının bir üzvü kimi hansı çətinliklə üzləşiriksə üzləşək, gəlin ruhdan düşməyək. Əgər həyat yolunda səndələmişiksə və ürəyimiz Allahın mərhəməti üçün nalə edirsə, vəziyyət ümidsiz deyil. Hətta ciddi günah işləsək belə, tövbə ediriksə, əmin ola bilərik ki, Yehova Allah peşman ürəyi rədd etməyəcək. Allah İsa Məsihin fidyə qurbanlığı əsasında günahımızı bağışlayacaq və bizə yenidən lütf göstərəcək (Əşiya 57:15; İbranilərə 4:16; 1 Yəhya 2:1). Amma biz tənbehdən və ya cəzadan qaçmaq üçün yox, Davud peyğəmbər kimi, Allahın lütfünü yenidən qazanmaq üçün dua etməliyik. Allah Davud peyğəmbəri bağışladı, amma cəzasız da qoymadı (2 İşmuil 12:11—14).
*** w96-E 1/4 s. 27 ***
Qayğı yükünüzü Allaha verin
2 Elə vaxtlar olurdu ki, Davud peyğəmbər təzyiqlərə dözə bilmirdi. 55-ci məzmura əsasən, o, düşmənlərinin ədavətindən və hədələrindən pərişan olmuşdu. Davud peyğəmbərin ürəyi ağrıdan sızlayırdı, qorxu onu ağuşuna almışdı. Ah-zar etməkdən başqa əlindən bir şey gəlmirdi (Zəbur 55:2, 5, 17). Bütün bunlara baxmayaraq, o bu vəziyyətdən çıxış yolu tapdı: kömək üçün Allaha üz tutdu. Davud peyğəmbər onun kimi əzab çəkənlərə növbəti məsləhəti vermişdi: «Qayğı yükünü Yehovaya ver» (Zəbur 55:22).
*** w96-E 1/4 s. 30 ***
Həmişə qayğı yükünü Yehovaya ver
1 Bu, bizə Davudun 55-ci məzmurda yazdıqlarını xatırladır. O, çox güclü narahatlıq keçirirdi. Davud yazmışdı: «Köksümdə ürəyim ağrıdan sızıldayır, ölüm dəhşəti çöküb üstümə» (Zəbur 55:4). Ona əziyyət verən nə idi? Oğlu Absalam hakimiyyəti atası Davudun əlindən almaq üçün plan qurmuşdu (2 İşmuil 15:1—6). Öz oğlunun xəyanət etdiyini bilmək çox ağır idi. Ən pisi isə o idi ki, ən çox etibar etdiyi məsləhətçisi Əxtufil də Davudun düşmənlərinə qoşulmuşdu. Zəbur 55:12—14 ayələrində Davud məhz Əxtufildən danışır. Ona qarşı planlar qurulduğu və xəyanətə uğradığı üçün Davud Yerusəlimdən qaçmalı oldu (2 İşmuil 15:13, 14). Bu, ona necə də böyük ağrı gətirmişdi!
*** w99-E 15/3 s. 22, 23 ***
Qoyma narahatçılıqlar səni əldən salsın
Musa bir çox şeydən ehtiyat edirdi. O, Yehovadan soruşmuşdu: «Tutalım, israillilərin yanına getdim və onlara: “Məni sizin yanınıza ata-babalarınızın Allahı göndərib”, — dedim. Bəs onlar “Onun adı nədir?” soruşsalar, onda nə cavab verim?» Yehova ona cavab verdi (Çıxış 3:13, 14). Musa həmçinin narahat idi ki, birdən firon ona inanmasa, onda necə olacaq? Yehova peyğəmbərin sualını yenə cavabsız qoymadı. Hələ bir problem də var idi. Musa dedi ki, o, «yaxşı danışa [bilmir]». Bəs bu maneə necə aradan qalxacaqdı? Yehova Musanın əvəzinə danışmaq üçün Harunu seçdi (Çıxış 4:1—5, 10—16).
Suallarına cavab aldığı və Yehovaya iman etdiyi üçün Musa Onun tapşırığını yerinə yetirməyə başladı. O, fironun qarşısına gedəndə nələr olacağı barədə düşünüb özünü təşvişə salmadı, əksinə hər şeyi ona deyildiyi kimi etdi (Çıxış 7:6). Əgər o, narahatçılığın onu üstələməsinə yol versə idi, imanı zəifləyərdi və verilən tapşırığı yerinə yetirməyə cəsarəti çatmazdı.
Musanın tapşırılan işi həyata keçirərkən tarazlılığı qoruması Bulusun dediyi «sağlam düşüncə»nin bir nümunəsidir (2 Timutiyə 1:7; Titus 2:2—6). Əgər Musa sağlam düşüncə ilə davranmasaydı, o, təyinatının böyüklüyündən vahimələnib onu qəbul etməyə bilərdi.
Tarazlı şəkildə düşün
Gündəlik həyatında imanın sınananda və ya çətinliklərlə üzləşəndə buna necə münasibət göstərirsən? Qarşıda səni maneələr və çətinliklər gözlədiyini düşünmək belə səni təşvişə salırmı? Yoxsa onlara tarazlı yanaşırsan? Belə bir deyim var: «Qorxaq hər şeyi dörd görər». Bəlkə də qorxduğun şey heç başına gəlmədi! Nəyə görə bu barədə fikirləşib özünə əzab verəsən? Müqəddəs Kitabda yazılıb: «Nigarançılıq ürəyi sıxar» (Məsəllər 12:25). Belə vəziyyətdə insan çox vaxt qərar verməyi ləngidə bilər və qərar verəndə isə çox gec ola bilər.
Həddən artıq narahat olmaq insanın ruhaniliyə çox ciddi zərər vura bilər. İsa Məsih bildirmişdi ki, var-dövlətin aldadıcı qüvvəsi və «bu zəmanənin qayğıları» insanın «Padşahlıq haqqındakı sözü» qiymətləndirməsinə mane ola bilər (Mətta 13:19, 22). Tikanlar bitkinin inkişaf etməsinə və meyvə verməsinə mane olduğu kimi, hədsiz narahatçılıq da ruhani cəhətdən inkişaf etməyimizə və Allahı şərəfləndirmək üçün bəhrə verməyimizə mane ola bilər. İfrat dərəcədə narahatçılıq keçirmək bəzilərinin özünü Yehovaya həsr etməsinə belə mane olur. Onlar narahat olurlar: «Birdən həsr olunmağıma uyğun yaşamadım, onda necə?»
Həvari Bulus demişdi ki, ruhani müharibəmizdə «hər cür fikri əsir alıb Məsihə tabe [etdirmək]» üçün əzmli olmalıyıq (2 Korinflilərə 10:5). Qatı düşmənimiz Şeytan İblis fürsət axtarır ki, bizi ruhdan salmaq, fiziki, emosional və ruhani cəhətdən zəiflətmək üçün narahatçılığımızdan istifadə etsin. O, ehtiyatsız insanları tələyə salmaq üçün şübhələrdən istifadə etməkdə mahir ustadır. Elə bu səbəbdən Bulus məsihilərə xatırlatdı ki, «İblisə fürsət» verməsinlər (Efeslilərə 4:27). «Bu dövrün allahı» olan Şeytan məharətlə «imansızların zehnini kor edib» (2 Korinflilərə 4:4). Gəlin onun zehnimizi korlamasına imkan verməyək!
Kömək əlçatandır
Uşaq çətinliklə üzləşəndə qayğıkeş atasının yanına gedib ondan məsləhət və təsəlli alır. Eynilə, biz də problemlə üzləşəndə səmavi Atamız Yehovaya üz tuta bilərik. Yehova Özü bizi yükümüzü və narahatlıqlarımızı Onun öhdəsinə buraxmağa çağırır (Zəbur 55:22). Uşaq atasının dəstəyini alandan sonra heç nəyə görə narahat olmadığı kimi, biz də təkcə qayğı yükümüzü Yehovanın öhdəsinə buraxmamalı, həm də bu yükdən azad olmalıyıq (Yaqub 1:6).
Narahatlıqlarımızı Yehovanın öhdəsinə necə buraxa bilərik? Filippililərə 4:6, 7 ayələri bu suala cavab verir: «Heç nəyə görə narahat olmayın. Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin. Onda Allahın hər bir ağıldan üstün olan sülhü ürəyinizi və fikirlərinizi Məsih İsa vasitəsilə qoruyacaq». Bəli, durmadan etdiyimiz dua və yalvarışımıza cavab olaraq Yehova bizə zehnimizi lazımsız narahatçılıqdan qoruyan daxili rahatlıq verir (Ərəmya 17:7, 8; Mətta 6:25—34).
Dualarımıza uyğun hərəkət etmək üçün, cəmiyyətdən uzaqlaşıb özümüzə qapılmamalıyıq (Məsəllər 18:1). Bunun əvəzində, Müqəddəs Kitabdan problemimizlə bağlı olan prinsipləri və rəhbərlikləri nəzərdən keçirməliyik, beləcə öz ağlımıza güvənməyəcəyik (Məsəllər 3:5, 6). İstər gənclər, istərsə də yaşlılar qərarlar verərkən və ya problemləri həll edərkən Müqəddəs Kitabdan və təşkilatın dərc etdiyi nəşrlərdən məlumat əldə edə bilərlər. Üstəlik, məsihi yığıncaqlarında da bizimlə söhbət etməyə hazır olan müdrik və təcrübəli ağsaqallarımız, eləcə də digər yetkin bacı-qardaşlarımız var (Məsəllər 11:14; 15:22). Məsələyə hisslərlə deyil, Allahın düşüncə tərzi ilə yanaşanlar problemlərimizə fərqli tərəfdən baxmağa kömək edəcəklər. Onlar bizim yerimizə qərar verməsələr də, bizə böyük dəstək ola bilərlər.
«Allahı gözlə»
Heç kim inkar edə bilməz ki, ağlımıza gətirdiyimiz narahatçılıqlar qalsın bir yana, hər gün qarşılaşdığımız problemlər bizə yetərincə stress yaşadır. Əgər baş verəcək şeylərin narahatçılığı bizi ürküdürsə, onda dua edib Yehovadan kömək diləyək. Rəhbərlik, müdriklik və sağlam düşüncə əldə etmək üçün Onun Kəlamına və təşkilatına üz tutaq. Onda biləcəyik ki, hansı vəziyyətlə üzləşiriksə üzləşək, onun öhdəsindən gəlmək üçün lazımi köməyimiz və dəstəyimiz var.
Məyusluq və narahatlıq keçirən məzmurçu oxumuşdu: «Niyə qırılmısan, ey könlüm? Niyə köksümdə çırpınırsan? Sən Allahı gözlə, çünki mən hələ Allahımı, Ulu Xilaskarımı ucaldacağam» (Zəbur 42:11). Yaxşı olar ki, bizdə də bu cür əhval-ruhiyyə olsun.
Bəli, bacardığın qədər uzaqgörən ol, bacarmadığını isə Yehovaya burax. «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).
*** w09-E 1/6 s. 29 ***
Məni düşünən biri varmı?
Allahın Kəlamına daxil olan «Zəbur» kitabında qədim ibrani məzmurçuların Yehovanın Öz xidmətçilərinin qayğısına məhəbbətlə qaldığını təsvir edən təsirli sözləri yer alır. Bu məzmurçulardan biri Davud padşahdır. Zəbur 56:8 ayəsində Davudun Allaha yalvardığını görürük: «Göz yaşlarımı tuluğuna yığ. Axı onlar Sənin kitabında yazılıb». Bu ayədən gördüyümüz kimi Davud bilirdi ki, Yehova nəinki onun çəkdiyi əziyyətlərdən, həmçinin keçirdiyi hisslərdən də agahdır. Yehova onun əzablarını görürdü və göz yaşı tökməsinə səbəb olan emosional çətinliklərini xatırlayırdı. Yaradanımız Yehova Onun iradəsini yerinə yetirməyə çalışanların, «sidqi-ürəkdən Ona bağlı olanların» hamısına nəzər salır.
*** w08-E 1/10 s. 26 ***
Tuluqdakı göz yaşları
Davudun tuluqla bağlı dediyi təsirli sözlər bizim üçün də əhəmiyyət kəsb edə bilər. Nə mənada? Müqəddəs Kitabda deyilir ki, bu dünyanı Şeytan idarə edir və o, bizim günlərdə böyük qəzəb içindədir. Bu səbəbdən dünyada bu qədər bədbəxtliklər var (Vəhy 12:12). Elə buna görə də, Davud kimi, çoxları, xüsusilə də Allahı razı salmağa çalışanlar emosional, mənəvi və fiziki ağrı keçirir. Ola bilsin, sən də o kəslərin arasındasan. Bu cür sadiq kəslər, hətta göz yaşları töksələr də, kamillik yolundan ayrılmırlar (Zəbur 126:6). Onlar əmin ola bilərlər ki, səmavi Ataları nəinki onların üzləşdiyi çətinlikləri, həm də bu çətinliklərin onlara vurduğu emosional zərbələri də görür. O, xidmətçilərinin çəkdiyi bütün əziyyətləri başa düşür və göz yaşlarını unutmur, poetik dillə desək, tuluğuna yığır.