Narahatlıqlarla dolu dünyada ümid
«ADİ vətəndaşlar cəmiyyət üçün xeyirxah işlər görməyə və problemləri həll etməyə indi əvvəlkindən daha çox qadirdirlər». Bu sözləri Birləşmiş Ştatların sabiq prezidenti Bil Klinton 2006-cı ilin martında Kanadanın Ottava şəhərində keçirilən konfransda söyləmişdi. O, belə qənaətə gəlmişdir ki, 2004-cü ildə baş verən sunamidən sonra xalqlar bir-birinə yardım əlini uzatmağa daha çox meylli olmuşlar və səsində nikbinlik, əlavə etmişdir ki, indi dünya «görünməmiş qarşılıqlı asılılıq vəziyyətindədir».
Təbii fəlakətlərin işıqlı gələcək naminə çalışmaq üçün insanları birləşdirəcəyini gözləyə bilərikmi? «Görünməmiş qarşılıqlı asılılıq» gələcəkdə həqiqi əmin-amanlıq və daimi təhlükəsizliyin olacağına inanmağa əsas verirmi?
Həqiqi ümid mənbəyi
Bəşəriyyətin altı min ildən çox dövrü əhatə edən tarixi göstərir ki, insanlar dönə-dönə bir-birlərinin ümidlərini puça çıxarmışlar. Elə bu səbəbdən də Allahdan ilham almış Yazılar bizə məsləhət görür: «Əsilzadələrə, sizi qurtara bilməyən bəşər oğluna güvənməyin» (Məzmur 146:3). Ümidimizi dünyanın təşkilatlarına, onun naz-ne’mətlərinə bağlamaq, onun arzuları ilə yaşamaq yalnız mə’yusluğa gətirib çıxarır. Belə ki «dünya və onun ehtirası keçib gedir» (1 Yəhya 2:17).
Ancaq əsrlər boyunca saleh insanlar Allaha ümid bəsləmişlər, onların ümidi isə heç vaxt boşa çıxmamışdır. Müqəddəs Kitab Allahı qədim «İsrailin Ümidgahı», İsrailin «atalarının Ümidgahı», həmçinin ümid, inam, e’tibar ifadə olunan bir çox başqa titullarla adlandırır (Yeremya 14:8; 17:13; 50:7). Bəli, Müqəddəs Yazılar bizi ‘Rəbbə ümid bağlamağa’ təşviq edir (Məzmur 27:14).
Süleymanın məsəlləri 3:5, 6 ayələrində Allah öyüd verir: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına e’tibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər». Bu və’də ürəkdən e’tibar etməyə sizin tam əsasınız vardır, çünki Yehova dəyişməz, e’tibarlı və sözünə sadiq Allahdır (Malaki 3:6; Yaqub 1:17). O sizin yaxşılığınızı istəyir, əgər siz Onun Kəlamı olan Müqəddəs Kitabda yazılanlara həmişə əməl etsəniz, oradakı məsləhətlər bu qorxulu dünyada sizə düz yolu göstərəcək (Yeşaya 48:17, 18).
Allahın rəhbərliyinə ürəkdən tabe olan insan növbəti və’də inana bilər: «Qorxma, çünki Mən səninləyəm, dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam» (Yeşaya 41:10). Bu və’d üzərində düşünməklə yanaşı səmimi dualar etmək Yehova Allahı həqiqətən sevənlərə böyük təsəlli verir, çünki beləliklə onlar çətinliklərin və narahatçılıqların öhdəsindən gələ bilirlər.
Yehovanın Şahidi olan iki uşaq anası Andrea deyir: «Dara düşəndə yalnız dualar və Yehovanın və’dləri üzərində düşünmək mənə güc verir. Yehova ilə sıx münasibətimi qoruyanda, bu mənə ruhdan düşməməyə kömək edir».
Yehovaya ümidinizi möhkəmləndirin
Yehovaya ümid bağlamağın vacibliyini qeyd edərək bir məzmurçu yazırdı: «Qanununu sevənlər böyük əmin-amanlıq tapırlar, onlar heç nə ilə büdrəməzlər» (Məzmur 119:165). Allahın Kəlamını düz niyyətlə öyrənərək zehninizi və ürəyinizi ‘doğru, ehtiramlı, ədalətli, pak, cazibəli, e’tibarlı, fəzilət və tə’rifə layiq’ fikirlərlə dolduracaqsınız. Bu sizin ruhaniliyinizə yaxşı tə’sir göstərəcək. Əgər belə şeyləri eşitmək, öyrənmək, onları həyatda tətbiq etmək üçün sə’y göstərsəniz, «sülh verən Allah sizinlə olacaqdır» (Filipililərə 4:8, 9).
Con özünün böyük təcrübəsindən irəli gələrək deyir: «Gələcəyə nikbin baxmaq üçün əvvəlcə öz şəxsiyyətimdə və düşüncə tərzimdə köklü dəyişikliklər etməli, ruhani insan olmalı idim ki, görünməz Allaha yaxınlaşmağın vacibliyini dərk edim. Ruhani insan olmaq isə Müqəddəs Kitabı oxuyub, üzərində düşünərək Allahın nöqteyi-nəzərinə yiyələnmək deməkdir».
Siz Allahdan ilham almış Yazılardakı təravətləndirici, həyat verən həqiqət sularını içsəniz, hər gün kütləvi informasiya vasitələri ilə yayılan, sonu olmayan pis xəbərlər selinə qarşı effektiv və sınaqdan çıxmış əlacı tapmış olacaqsınız. Müqəddəs Kitab məsləhətlərinə əməl etsəniz, ailə telləriniz möhkəmlənər və narahatçılığınız azalar. Bundan başqa, Allah və’d edir ki, O, ‘ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirməyə’ hazırdır (2 Salnamələr 16:9). O, işləri yoluna elə qoyacaq ki, qorxmağa heç bir səbəbiniz qalmayacaq.
Müharibənin dəhşətlərinin və soyqırımının şahidi olan Finees deyir: «Mən həyatımı Yehovanın qayğıkeş əllərinə e’tibar etməyi öyrəndim. Müqəddəs Kitab prinsipləri ilə yaşamağın sayəsində bir çox problemlərdən özümü qorumuşam». Siz həqiqətən də Yehova Allaha güvənsəniz, O sizə dəfedilməz dağ kimi görünən problemlərin öhdəsindən gəlməyə kömək edəcək (Məzmur 18:29). Valideynləri ilə yaxın münasibəti olan uşaq xəstələnəndə və ya başqa şeyə görə narahat olanda da ata-anasına güvənir və onların himayəsində özünü təhlükəsizlikdə hiss edir. Yehovaya ümid etməyə sə’y göstərsəniz, siz də özünüzü belə hiss edəcəksiniz (Məzmur 37:34).
Ümid üçün möhkəm təməl
İsa Məsih şagirdlərinə demişdi: «Belə dua edin: “Ey göylərdə olan Atamız, adın müqəddəs tutulsun. Səltənətin gəlsin. Göydə olduğu kimi, yerdə də Sənin iradən olsun”» (Matta 6:9, 10). Səmavi Padşahlıq — İsa Məsihin başçılıq etdiyi hökumət vasitəsilə Allah Yer üzərində Öz ədalətli hakimiyyətini həyata keçirəcək (Məzmur 2:7-12; Daniel 7:13, 14).
Həyatın hər sahəsinə tə’sir edən qorxu hissi açıq-aydın göstərir ki, Allahın müdaxiləsinə ehtiyac var. Xoşbəxtlikdən, Allah tezliklə hərəkətə keçəcək. Allah tərəfindən Xilaskar Padşah kimi taxta çıxarılan İsa Məsihə Yehovanın hakimiyyətinə bəraət qazandırmaq və Onun adını təmizə çıxarmaq səlahiyyəti həvalə olunub (Matta 28:18). Tezliklə Padşahlıq diqqətini Yer kürəsinə yönəldib, qorxu və narahatçılığa səbəb olan hər şeyi aradan qaldıracaq. Yeşaya 9:6 ayəsi sübutlar gətirir ki, İsa Məsih bunu etməyə qadir bir Padşahdır. Məsələn, o, «Əbədi Ata», «E’cazkar Məsləhətçi» (YD) və «Əmin-amanlıq Hökmdarı» adlanır.
Gəlin görək İsa hansı mə’nada «Əbədi Ata»dır. Onun fidiyə qurbanlığı sayəsində itaətkar insanlara yer üzündə əbədi yaşamaq ümidini verməyə nəinki qüvvəsi və səlahiyyəti çatır, bu, həm də onun arzusudur. Bu o deməkdir ki, adamlar əvvəl-axır ilk insan olan Adəmdən miras aldıqları günah və qeyri-kamillikdən azad olacaqlar (Matta 20:28; Romalılara 5:12; 6:23). Məsih, həmçinin Allahın ona verdiyi səlahiyyətdən istifadə edərək həyatını itirmiş bir çox insanları dirildəcək (Yəhya 11:25, 26).
İsa yer üzündə olanda «E’cazkar Məsləhətçi» olduğunu sübut etdi. Allahın Kəlamını bildiyi və insan təbiətini çox gözəl başa düşdüyü üçün, İsa gündəlik problemləri necə həll etmək lazım olduğunu bilirdi. O, göydə taxta çıxandan sonra da, Yehovanın insanlarla əsas ünsiyyət vasitəsi kimi xidmət edərək, «E’cazkar Məsləhətçi» olaraq qalmaqdadır. İsanın Müqəddəs Kitabda yazılan məsləhətləri müdrik və qüsursuzdur. Bunları bilmək və onlara inanmaq sizin həyatınızı qeyri-müəyyənlikdən və iflicedici qorxudan azad edəcəkdir.
Yeşaya 9:6 ayəsi İsanı həm də «Əmin-amanlıq Hökmdarı» adlandırır. Məsih tezliklə qüvvəsindən istifadə edərək insanlar arasındakı siyasi, sosial və iqtisadi bərabərsizliyi aradan qaldıracaq. O bunu necə edəcək? Bəşəriyyəti bir sülhsevər Padşahlığa — Xilaskar Padşahlığa tabe etdirməklə (Daniel 2:44).
Padşahlığın rəhbərliyi altında bütün yer üzündə əmin-amanlıq əbədiyyən hökm sürəcək. Buna nə üçün əmin ola bilərsiniz? Yeşaya 11:9 ayəsində bunun səbəbi gətirilir: «Müqəddəs dağımın heç bir yerində heç kimə zərər dəyməyəcək, heç bir kəs [Padşahlığın təbəələri] o birisini məhv etməyəcək, həqiqətən, sular dənizi necə doldurursa, dünya da Rəbbin biliyi ilə elə dolacaq». Nəhayət ki yer üzündə yaşayan hər insan Allah haqqında dəqiq biliyə malik olacaq və Ona tabe olacaq. Məgər bu ümid sizin qəlbinizi isindirmirmi? Əgər belədirsə, yubanmadan Yehova haqqında daha çox öyrənin.
Müqəddəs Kitabın bugünkü hadisələr haqqında əslində nə öyrətdiyini və gələcəyə dair verdiyi və’dləri araşdıraraq, Allah haqqında imanı möhkəmlədən və həyat verən bilik əldə edə bilərsiniz. Buna görə də, biz sizi yaxınlığınızda yaşayan Yehovanın Şahidləri ilə əlaqə saxlamağa və evdə pulsuz Müqəddəs Kitab öyrənməsinə başlamağa də’vət edirik. Qorxunu sakitləşdirməyin və narahatlıqlarla dolu dünyada həqiqi ümid tapmağın yeganə çarəsi budur.
[7-ci səhifədəki çərçivə/şəkillər]
Nə üçün səmavi Padşahlığa ümid etmək olar?
Allahın Padşahlığının Padşahı olan İsa Məsihə göydə və yerdə hökmranlıq etmək qabiliyyəti və hüququ verilib (Matta 28:18). O, yerin ekologiyasını mükəmməl surətdə bərpa edəcək. Onun həm də xəstəliklər üzərində hakimiyyəti var. İsanın yer üzündə etdiyi işlər onun gələcəkdə kamil və e’tibarlı Padşah kimi hökmranlıq edərkən görəcəyi daha böyük işlərin nümunəsi idi. Xilaskar Padşahın aşağıda göstərilən hansı xüsusiyyəti sizin daha çox xoşunuza gəlir?
▪ Sadə (Mark 10:13-16).
▪ Ağıllı və qərəzsiz (Mark 10:35-45).
▪ Məs’uliyyətli və öz xeyrini güdməyən (Matta 4:5-7; Luka 6:19).
▪ Saleh və ədalətli (Yeşaya 11:3-5; Yəhya 5:30; 8:16).
▪ Qayğıkeş, nəzakətli və həlim (Yəhya 13:3-15).
[4-cü səhifədəki şəkil]
Müqəddəs Kitabı oxumaq və üzərində düşünmək ümidimizi Yehovaya bağlamağa kömək edər.