«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
© 2024 Watch Tower Bible and Tract Society of Pennsylvania
6—12 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 36, 37
«Şər iş görənlərdən ötrü qanını qaraltma»
Allahın Padşahlığı gələndə nələr keçib gedəcək?
4 Şər insanlar bizə necə təsir edir? Həvari Bulus yazmışdı ki, bizim zəmanə son dərəcə çətin zəmanə olacaq. Sonra o demişdi: «Pis adamlar və fırıldaqçılar... get-gedə daha betər işlər görəcəklər» (2 Tim. 3:1—5, 13). Siz bu sözlərin gerçək olduğunu görürsünüz? Çoxlarımız şər insanların əlindən əziyyət çəkirik. Bu insanların bəziləri açıq şəkildə, bəziləri isə mələk cildinə girib gizlincə şər əməllər törədir. Hərdən bu şər insanların şəxsən qurbanı olmasaq da, onların əməlləri bizə də təsir edir. Onların törətdiyi vəhşiliklər barədə eşidəndə dəhşətə gəlirik. Cismani və şeytani ruh əks etdirən zalım insanların uşaqlara, qocalara, köməksiz insanlara zülm etdiyini görəndə ürəyimiz qan ağlayır (Yaq. 3:15). Amma bu qədər pis xəbərin içində Yehova Allah Kəlamı vasitəsilə bizə gözəl xəbər çatdırır.
Yehova bağışlamağı bacaranlardan razıdır
10 Kin saxlamaq çox zərərlidir. Kin, qəzəb ağır yük kimidir; Yehova istəyir ki, biz bunlardan qurtulub rahatlıq tapaq. (Efeslilərə 4:31, 32 ayələrini oxuyun.) O bizə deyir: «Qəzəbi burax, hiddətdən çəkin» (Zəb. 37:8). Bu məsləhətə əməl edən hikmətlə davranır. Xətrimizə dəyən insana qarşı acıqlı qalmaq bizə fiziki və emosional cəhətdən zərər vura bilər (Məs. 14:30). Zəhər içmək insanın özünə ziyan vurduğu kimi, kin saxlamaq da, xətrimizə dəyən insana yox, özümüzə ziyandır. Qarşı tərəfi bağışlamaq isə bizim xeyrimizədir (Məs. 11:17). Bu zaman qəlb rahatlığı duyuruq, sakitlik tapırıq və ibadətimizi davam etdirə bilirik.
Yehovadan ləzzət al
20 O zaman “həlimlər dünyanı miras alacaqlar” (Məzmur 37:11a). “Həlimlər” kimlərdir? “Həlimlər” kimi tərcümə olunan söz, “tabe etdirmək, alçaltmaq, hörmətdən salmaq” fe’lindən əmələ gəlib. Bəli, “həlimlər”, onlara qarşı törədilən haqsızlıqların Yehova tərəfindən kənar ediləcəyini itaətkarlıqla gözləyənlərdir. Onlar “sülh bolluğunda ləzzət tapacaqlar” (Məzmur 37:11b). Biz artıq bu gün məsihçi yığıncağının ruhani Cənnətindəki sülh bolluğunda ləzzət tapırıq.
Hikmət xəzinəsindən incilər
it-2-E s. 445
Dağ
Stabillik, davamlılıq və ya ucalıq. Stabillik və davamlılıq dağlara aid istifadə olunan ifadədir (Əş 54:10; Hb 3:6; əlaqələndir: Zb 46:2). Buna görə də məzmurçu Yehovanın ədalətini «vüqarlı dağlar»a bənzətmişdi (Zb 36:6), ola bilsin, bununla o, Yehovanın ədalətinin sarsılmaz olduğunu nəzərdə tuturdu. Digər tərəfdən, məzmurçu dağların ucalığından bəhs edərkən, ehtimal ki, Yehovanın ədalətinin insanların ədalətindən nə qədər uca olduğunu vurğulamaq istəyirdi. (Əlaqələndir: Əş 55:8, 9.) Allahın qəzəbi ilə dolu yeddinci camın boşaldılması haqda Vəhy 16:20 ayəsində belə deyilir: «Dağlar qeyb oldu». Deməli, dağlar qədər böyük şeylər belə Allahın qəzəbindən qurtula bilməz. (Əlaqələndir: Ər 4:23—26.)
13—19 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 38, 39
Günahkarlıq hissinin sizi çulğamasına yol verməyin
Gözləriniz düz gələcəyə baxsın
12 1 Yəhya 3:19, 20 ayələrini oxuyun. Hamımız bəzən özümüzü günahkar hiss edirik. Məsələn, bəziləri həqiqəti öyrənməzdən əvvəl, bəziləri isə vəftizdən sonra etdikləri səhvə görə özlərini qınayırlar (Rom. 3:23). Əlbəttə, biz istəyirik ki, Allahın bəyəndiyi kimi davranaq, amma «hər birimiz dəfələrlə səhv edirik» (Yaq. 3:2; Rom. 7:21—23). Özümüzü günahkar hiss etməyimiz, xoş hiss olmasa da, bunun xeyri var. Çünki bu hiss bizi hərəkətimizi düzəltməyə və bir də səhvimizi təkrarlamamağa təşviq edə bilər (İbr. 12:12, 13).
13 Lakin, ola bilər ki, özümüzü həddən artıq qınayaq: tövbə etsək də, Yehova bizi bağışladığını göstərsə də, özümüzü yenə də günahlandıraq. Bu hiss təhlükəlidir (Zəb. 31:10; 38:3, 4). Nəyə görə? Keçmiş günahlarına görə vicdan əzabından qurtula bilməyən bir bacının nümunəsinə baxaq. O deyir: «Mənə elə gəlirdi ki, Yehovaya xidmətdə çox çalışmağa dəyməz, artıq mənim üçün gecdir». Bacının hissləri çoxlarımıza tanışdır. Ehtiyatlı olmalıyıq ki, özümüzü həddindən artıq qınayıb, Şeytanın tələsinə düşməyək. İşdir, Yehova bizi bağışladığı halda, biz özümüzü bağışlamayıb xidmətimizi dayandırsaq, Şeytanın sevinməsinə səbəb olarıq! (2 Korinflilərə 2:5—7, 11 ayələri ilə əlaqələndirin.)
w02-E 15/11 s. 20, abz. 1, 2
Yehovanın qarşısında necə ömür sürürük?
ÖMÜR qısadır, uçub gedir. Məzmurçu Davud ömrün qısalığı haqda düşünərək bu cür dua etmişdi: «Ah Yehova, axırım necə olacaq, mənə bildir, ömrümdən nə qədər qalıb? De bilim, ömrüm nə qədər qısadır? Həqiqətən, mənə verdiyin həyat çox qısa, ömrüm Sənin önündə bir heçdir». Davud həm sözdə, həm də əməldə Allahı razı salan ömür sürməyə çalışırdı. O, Allaha bağlı olduğunu bu sözlərlə dilə gətirmişdi: «Ümidim bircə Sənsən» (Zəb. 39:4, 5, 7). Yehova onun duasını eşitdi. O, Davudun etdiklərini qiymətləndirdi və onu mükafatlandırdı.
Hər dəqiqə nə iləsə məşğul olmaq, sürətli, templi həyat sürmək bu gün adi hal alıb. Bu xüsusilə də növbəti vəziyyətdə narahatlıq keçirməyimizə səbəb ola bilər: məsələn, görüləsi iş və ya etmək istədiyimiz şeylər çoxdur, lakin vaxtımız azdır. Bəs biz Davud kimi Yehovanı razı salmağa can atırıq? Sözsüz ki, Yehova hər birimizə nəzər salır və bizi diqqətlə müşahidə edir. Təxminən 3600 il bundan öncə yaşamış mömin Əyyub başa düşmüşdü ki, Yehova onun yollarını görür və addımlarını sayır. O belə bir sual üzərində düşünürdü: «Məni haqq-hesaba çəkəndə nə cavab verərəm?» (Əyy. 31:4—6, 14). Gərək biz də ruhani işləri həyatımızda birinci yerə qoyaq, Onun əmrlərinə itaət edək və vaxtımızdan ağılla istifadə edək ki, Yehova bizdən razı qalsın. Gəlin bununla bağlı daha ətraflı araşdıraq.
Yehova ilə dostluğunuzu bərpa edin
Tez-tez Yehova ilə söhbət edin. Yehova bilir ki, insan özünü günahkar hiss edəndə dua etmək ona çətindir (Rom. 8:26). Buna baxmayaraq, «daima dua edin» və Yehovaya deyin ki, Onunla dost olmaq istəyirsiniz (Rom. 12:12). Andrey adlı bir qardaş deyir: «Mən dəhşətli dərəcədə özümü günahkar hiss edirdim, xəcalət çəkirdim. Amma hər dəfə Yehovaya dua etdikcə bu hisslər səngiyirdi, qəlb rahatlığı tapırdım». Əgər dua etməyə söz tapa bilmirsinizsə, onda günahlarından tövbə edən Davudun Zəbur 51 və 65-ci məzmurlarda yazılan dualarına nəzər sala bilərsiniz.
Hikmət xəzinəsindən incilər
Etibarlı insan olun
16 Özünə hakim olmaq. Bu xüsusiyyət olmadan başqalarının etibarını qazanmaq mümkün deyil. Özümüzə hakim olsaq, bizə deyilən hansısa məxfi məsələni danışmaq istəyəndə dilimizi saxlayacağıq. (Məsəllər 10:19 ayəsini oxuyun.) Sosial şəbəkələrdən istifadə edən vaxt özümüzə hakim olmaq çətin ola bilər. Əgər ehtiyatlı olmasaq, özümüz də bilmədən məxfi məlumatı böyük kütləyə yaymış olarıq. Elektron formatda yaydığımız məlumatın necə istifadə olunacağına nəzarət etmək, yaxud onun yaradacağı problemlərin qarşısını almaq mümkün deyil. Həmçinin dilimizi saxlamağı bacarsaq, əleyhdarlarımız bizdən söz almağa çalışanda bacı-qardaşları təhlükəyə atacaq məlumat verməyəcəyik. Belə bir vəziyyət fəaliyyətimizə məhdudiyyət və ya qadağa qoyulduğu ərazidə polis bizi sorğu-suala tutan zaman yarana bilər. Biz həm bu, həm də buna bənzər digər vəziyyətlərdə «ağzıma cilov vuraram» prinsipinə əməl etməliyik (Zəb. 39:1). Bəli, ailə üzvlərimizlə, dostlarımızla, dindaşlarımızla və ya başqaları ilə münasibətdə etibarlı olduğumuzu göstərməliyik. Etibarlı olmaq üçün isə özümüzə hakim olmalıyıq.
20—26 MAY
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 40, 41
Nəyə görə başqalarına kömək etməliyik?
Səxavətlə verənlər xoşbəxtdirlər
16 Həqiqətən səxavətli olan insanlar verdiklərinin əvəzində heç nə gözləmir. İsa Məsih növbəti öyüdü verərkən elə bunu nəzərdə tuturdu: «Qonaqlıq verəndə evinə kasıbları, şikəstləri, çolaqları, korları çağır. Bax, onda xoşbəxt olacaqsan, çünki bu adamların sənə verməyə heç nələri yoxdur» (Luka 14:13, 14). Müqəddəs Kitabın bir ayəsində deyilir: «Əliaçıq adamın ruzisi bol olar». Digər bir ayədə isə yazılıb: «Fağıra nəzər salan bəxtiyardır» (Məs. 22:9; Zəb. 41:1). Əslində biz kömək etməkdən sevinc duyduğumuz üçün insanlara səxavət göstərməliyik
17 Həvari Bulus İsa Məsihin «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» sözlərini sitat gətirərkən yalnız maddi şeyləri nəzərdə tutmur. Bura lazım gələndə, kiməsə ürək-dirək vermək, yol göstərmək, kömək əlimizi uzatmaq da daxildir (Həv. 20:31—35). Həvari Bulus həm sözü, həm də əməli ilə vaxtımızı, gücümüzü, diqqətimizi və məhəbbətimizi səxavətlə bölüşməyin vacibliyini öyrədib.
18 Sosioloqlar da səxavətli olmağın xoşbəxtlik gətirdiyini təsdiqləyir. Bir məqalədə insanların «başqalarına xeyirxahlıq göstərəndən sonra özlərini daha xoşbəxt hiss etdiklərini» söylədikləri qeyd olunur. Sosioloqların sözünə görə, başqalarına kömək etmək insanın fundamental tələbatlarını ödədiyi üçün onun həyatının mənalı və məqsədyönlü olmasında mühüm rol oynayır. Buna görə də mütəxəssislər çox vaxt daha sağlam və xoşbəxt olmaq üçün cəmiyyəti ictimai işlərdə könüllü olaraq iştirak etməyə təşviq edir. Əlbəttə, bu, məhəbbətli Yaradanımızın Kəlamını oxuyanlar üçün yenilik deyil (2 Tim. 3:16, 17).
Yehova sizə dayaq olar
7 Bununla belə, xəstələnəndə əmin ola bilərik ki, Yehova qədimdəki xidmətçiləri kimi, bizə də dayaq olacaq, təsəlli, hikmət verəcək. Davud padşah yazmışdı: «Fağıra nəzər salan bəxtiyardır, dar günündə Yehova onu qurtarar. Yehova onu hifz edər, həyatını qoruyar» (Zəb. 41:1, 2). Biz bilirik ki, Davudun dövründə fağıra nəzər salan kəs əbədi yaşamamışdı. Deməli, Davud onu nəzərdə tutmurdu ki, belə insan möcüzəvi şəkildə əbədiyyən sağ qalacaq. Bu, o deməkdir ki, Yehova Allah başqalarına əl tutan mömin insanlara kömək edir. Davud yazmışdı: «Yatağa düşəndə, Yehova, ona dayaq olarsan, xəstələnəndə yastığını yüngül edərsən» (Zəb. 41:3). Bəli, fağıra nəzər salan insan əmin ola bilər ki, Allah onun vəziyyətindən halıdır və etdiyi yaxşı əməlləri unutmayıb. Həmçinin Yehova insan orqanizmini elə yaradıb ki, o, özü-özünü sağalda bilir. Bunun da sayəsində, insan yaxşılaşıb xəstəlikdən şəfa tapa bilər.
Allahın mərhəmətini əks etdirək
17 Mərhəmət göstərməyin başlıca səbəbi öz rifahımız olmamalıdır. İlk səbəbimiz mərhəmət və sevgi mənbəyi olan Yehova Allahı təqlid etmək, adını ucaltmaq olmalıdır (Məs. 14:31). Yehova Allah bizim üçün mükəmməl nümunədir. Gəlin Onun mərhəmətini əks etdirək. Bunun sayəsində qardaşlıq sevgimiz artar, bütün insanlarla münasibətimiz xoş olar (Qal. 6:10; 1 Yəh. 4:16).
Hikmət xəzinəsindən incilər
it-2-E s. 16
Yehova
Müqəddəs Kitabdakı bütün bölmələrin əsas mövzusu Allahın hakimiyyətinin bəraət qazanması ətrafında cərəyan edir və bu, Yehova Allahın əsas məqsədini — adının müqəddəs tutulmasını açıqlayır. Allahın adının müqəddəs tutulması üçün bu ad hər cür rüsvayçılıqdan təmizlənməlidir. Bundan başqa, gərək bu ad göydəki və yerdəki bütün şüurlu varlıqlar tərəfindən ucaldılsın. Bu isə o deməkdir ki, onlar məhəbbətdən irəli gələrək Yehovanın hakimiyyətini dərk etməli, bu hakimiyyətə hörmət etməli, Yehovaya ürəkdən xidmət etməli və Onun iradəsini yerinə yetirməkdən həzz almalıdırlar. Zəbur 40:5—10 ayələrində gətirilən Davudun duasında Yehovanın adının müqəddəs tutulmasının nə demək olduğu çox gözəl təsvir olunub. (Görün məzmurda yazılan bu sözləri həvari Bulus İbranilərə 10:5—10 ayələrində İsa Məsihə necə şamil etmişdi.)
27 MAY — 2 İYUN
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 42—44
İlahi təhsildən tam faydalanın
«Zəbur» kitabının ikinci hissəsindən diqqətəlayiq fikirlər
42:4, 5, 11; 43:3-5. Əgər bizdən asılı olmayan hər hansı bir səbəbə görə məsihçi yığıncağından müvəqqəti olaraq ayrı düşmüşüksə, gəlin kədərlənməyək. Bacı-qardaşlarımızla ünsiyyətin xoş xatirələri bizə güc verəcək. Ola bilər, ilk vaxtlar bu xatirələr tənhalıq hissini daha da şiddətləndirsin, amma eyni zamanda onlar bizə xatırladacaqlar ki, Allah sığınacağımızdır və vəziyyətimizi yüngülləşdirənə qədər Onu gözləməliyik.
Allahın Kəlamını öyrənməyə ayırdığın vaxtı maraqlı və səmərəli keçir
1 DUA: Birinci addım duadır (Məz. 42:8). Nəyə görə? Allahın Kəlamını oxumağa ibadətimizin bir hissəsi kimi baxmalıyıq. Buna görə də Yehovadan bizə düzgün əhval-ruhiyyə və müqəddəs ruh verməsini xahiş etməliyik (Luka 11:13). Uzun müddət missioner kimi xidmət edən Barbara deyir: «Müqəddəs Kitabı oxumazdan və ya araşdırmazdan qabaq həmişə dua edirəm. Yalnız bundan sonra Yehovanın mənimlə olduğunu və işimdən razı qaldığını hiss edirəm». Müqəddəs Kitabı araşdırmağa başlamazdan öncə etdiyimiz dua ürəyimizi və zehnimizi qarşımızdakı zəngin ruhani qidanı qəbul etməyə hazırlayır.
«Əllərin yanına düşməsin»
11 Həftəlik görüşlərdə, toplantılarda və teokratik məktəblərdə aldığımız təlim bizi gücləndirir. Bu təlim bizi Allaha xidmət etməyə həvəsləndirir, ruhani məqsədlərə can atmağa, məsihi məsuliyyətlərini yerinə yetirməyə kömək edir (Zəb. 119:32). Bəs siz Yehovadan təlim almağa can atırsınız?
12 Yehova qüdrətli qolu ilə israillilərə əmaliqələr və həbəşlər üzərində qələbə qazandırdı, divarın tikintisini başa vurmaq üçün Nəhəmyanın və soydaşlarının qoluna qüvvət verdi. Yehova Allah bizə də təqiblərə, insanların laqeydliyinə və problemlərə baxmayaraq, təbliğ işini davam etməyə kömək edəcək (1 But. 5:10). Təbii ki, O bunu möcüzəvi şəkildə etməyəcək. Biz də öz tərəfimizdən nə isə etməliyik. Biz hər gün Allahın Kəlamını oxumalı, ibadət görüşlərinə hazırlaşmalı, görüşlərdə iştirak etməli, ailəvi ibadət və fərdi mütaliə vasitəsilə zehnimizi və ürəyimizi qidalandırmalı və hər zaman Yehovaya dua etməliyik. Bu yolla Yehova bizi qüvvətləndirəcək və bizə qol-qanad verəcək. Buna görə də gəlin yol verməyək ki, nə isə bizi bu işlərdən yayındırsın. Əgər nədəsə zəiflədiyinizi hiss edirsinizsə, Yehovadan kömək diləyin. Əmin olun ki, O, sizi qüvvətləndirəcək, qəlbinizdə həm arzu oyadacaq, həm də fəaliyyət göstərməyiniz üçün sizə güc verəcək (Filip. 2:13). Bəs biz bacı-qardaşların qoluna necə qüvvət verə bilərik?
Hikmət xəzinəsindən incilər
ijwbq məqalə 179, abz. 3
Müqəddəs Kitabda qisas barədə nə deyilir?
İnsan şəxsən əvəz çıxmağa çalışanda bu, Allaha xoş getmir. Müqəddəs Kitabda Yehova Allah deyir: «Qisas Mənimdir, əvəzini Özüm verəcəyəm» (Romalılara 12:19). Müqəddəs Kitab tövsiyə edir ki, haqsızlıqla üzləşən insan, mümkünsə, məsələni sülh yolu ilə həll etsin və qisas almasın (Romalılara 12:18). Bəs əgər məsələni sülh yolu ilə həll etmək cəhdləri boşa çıxarsa və ya bu, mümkün deyilsə, onda necə? Yehova Allah Kəlamında buyurur ki, belə hallarda ədalətin bərpa edilməsində Ona güvənək (Zəbur 42:10, 11).
3—9 İYUN
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 45—47
Padşahın toyu haqda nəğmə
Quzunun toy günündə sevinin!
8 Məzmur 45:13, 14a ayələrini oxu. Gəlin padşahın toyu üçün «cah-calalla» hazırlanmış şəkildə təsvir olunur. Vəhy 21:2 ayəsində gəlin şəhərlə, yəni Yeni Yerusəlimlə müqayisə olunub və o, «nişanlısı üçün bəzənib-düzənmişdi». Bu səmavi şəhər «Allahın calalı ilə par-par parıldayır» və «çox qiymətli daş kimi, büllur tək bərq vuran yəşəm daşı kimi işıldayırdı» (Vəhy 21:10, 11). Yeni Yerusəlimin cah-calalı «Vəhy» kitabında gözəl təsvir olunur (Vəhy 21:18—21). Təəccüblü deyil ki, məzmurçu da gəlini cah-calal içində təsvir edir! Hər şeydən əlavə, padşahın toyu göydə olacaq.
9 Gəlin Bəyin — Allahın təyin etdiyi Padşahın yanına gətirilir. Bəy gəlini «Allahın sözü vasitəsilə yuyub [təmizləməklə] və pak [etməklə]» hazırlayır. O, müqəddəs və ismətlidir (Efes. 5:26, 27). Həmçinin gəlin mərasim üçün münasib libasda olmalıdır. Və o, belə də görünür! Onun «paltarları qızıl tikmələrə bürünmüş»dür və o, «padşahın yanına əlvan libasda [gətiriləcək]». Quzunun nikah mərasimində «gəlinə zərif kətandan biçilmiş təmiz, parlaq libas geyinməyə icazə verildi. Zərif kətan müqəddəslərin saleh işlərini bildirir» (Vəhy 19:8).
«Vəhy» kitabı və sizin gələcəyiniz
10 Onların bu amansız hücumuna cavab olaraq Yehova nə edəcək? O deyir: «Mən qəzəbdən alışıb-yanacağam» (Hizq. 38:18, 21—23). Vəhy 19-cu fəsildə sonra nələrin baş verəcəyi yazılıb. Yehova Oğlunu göndərəcək ki, xalqını qorusun və düşmənlərini məğlub etsin. İsa Məsih «səmavi qoşunla», yəni sadiq mələklərlə və 144 000-lə birlikdə əks hücuma keçəcək (Vəhy 17:14; 19:11—15). Bu müharibə nə ilə bitəcək? Yehovaya qarşı çıxan bütün insanlar və təşkilatlar tamamilə məhv olacaq! (Vəhy 19:19—21 ayələrini oxuyun.)
11 Təsəvvür edirsiniz, Allahın düşmənlərinin kökü kəsiləndə yer üzündə sağ qalan sadiq insanlar hansı hissləri keçirəcək? Həmin vaxt sevincimizin hədd-hüdudu olmayacaq! Böyük Babilin məhvinə görə göydə böyük sevinc yaşanacaq. Amma baş tutacaq bir mərasim daha böyük sevincə səbəb olacaq (Vəhy 19:1—3). Söhbət Quzunun toyundan gedir, bu, «Vəhy» kitabının zirvə nöqtəsidir (Vəhy 19:6—9).
12 Toy nə vaxt baş tutacaq? Armageddon müharibəsindən bir qədər əvvəl 144 000 nəfərin hamısı göydə olacaq. Amma Quzunun toyu həmin vaxt olmayacaq. (Vəhy 21:1, 2 ayələrini oxuyun.) Quzunun toyu Armageddon müharibəsindən və Allahın bütün düşmənlərinin məhvindən sonra baş tutacaq (Zəb. 45:3, 4, 13—17).
it-2-E s. 1169
Müharibə
Bu müharibədən sonra dünyada min il boyunca sülh olacaq. Məzmurçu belə deyir: «[Yehova] yerin bir ucundan o biri ucunadək döyüşləri kəsir, kamanı qırır, nizəni sındırır, cəng arabalarını oda atır». Bu sözlər ilk dəfə Allah düşmənlərin silahlarını məhv edərək İsrailə sülh bəxş edəndə yerinə yetmişdi. Məsih Armageddon müharibəsinin səbəbkarlarını məğlub edəndən sonra yer üzünün ucqarlarınadək xoşbəxtlik və sülh hökm sürəcək (Zb 46:8—10). «Qılınclarından gavahın, nizələrindən oraq» düzəldən və «artıq müharibə etməyi» öyrənməyən insanlar yer üzündə əbədi yaşayacaqlar. «Bunu ordular Allahı Yehova deyib» (Əş 2:4; Mi 4:3, 4).
Hikmət xəzinəsindən incilər
Allahın Padşahlığı gələndə nələr keçib gedəcək?
9 Mənfur təşkilatların yerini nə tutacaq? Bəs Armageddondan sonra yer üzündə heç bir təşkilat olmayacaq? Müqəddəs Kitabda deyilir: «Onun vədinə görə yeni bir göy və yeni yer gözləyirik, orada salehlik məskunlaşacaq» (2 But. 3:13). Əvvəlki göy, yəni mənfur hökumətlər və əvvəlki yer, yəni onların idarə etdiyi cəmiyyət məhv olacaq. Onların yerini yeni göy və yeni yer, yəni yeni hökumət və onun idarəsi altında olan yeni insan cəmiyyəti tutacaq. İsa Məsihin idarə etdiyi bu hökumət nizam-intizamı sevən Yehova Allahı mükəmməl şəkildə təqlid edəcək (1 Kor. 14:33). Buna görə də yeni cəmiyyətdə qayda-qanun hökm sürəcək. Bu qayda-qanuna saleh kişilər nəzarət edəcək (Zəb. 45:16). Bu kişilər Məsihin və idarəçilik işində ona kömək edən 144 000 nəfərin tabeliyində olacaqlar. Bugünkü çoxsaylı mənfur təşkilatların yerini bir hökumət tutacaq. Bu hökumətlə onun təbəələri arasında birlik hökm sürəcək və bu hökumət haqq-ədalətlə idarə edəcək. Təsəvvür edirsiniz, onda dünyada şərait necə olacaq?!
10—16 İYUN
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 48—50
Valideynlər, övladlarınızın Yehovanın təşkilatına etibarını möhkəmləndirin
w22.03 s. 22, abz 11
Yehovaya ibadət bizi xoşbəxt edir
11 Biz Müqəddəs Kitabı mütaliə edərkən və uşaqlarımıza Yehova haqda öyrədərkən Yehovaya ibadət edirik. Şənbə günü qanunu imkan yaradırdı ki, israillilər gündəlik işlərini bir kənara qoyub, Yehova ilə münasibətlərini möhkəmləndirsinlər (Çıx. 31:16, 17). Onların arasındakı imanlı insanlar övladlarına Yehova haqda, Onun xeyirxahlığı haqda öyrədirdilər. Biz də məsuliyyət daşıyırıq ki, Allahın Kəlamını dərindən mütaliə etmək üçün vaxt ayıraq. Bu, ibadətimizin bir hissəsidir və Yehovaya yaxınlaşmağımıza kömək edir (Zəb. 73:28). Biz ailəmizlə birgə Müqəddəs Kitabı mütaliə edəndə yeni nəslə — uşaqlarımıza Yehova ilə aralarında möhkəm bağların yaranmasına kömək edirik. (Zəbur 48:13 ayəsini oxuyun.)
Sevinməyiniz üçün səbəb
«Sionun ətrafında gəzib-dolaşın, onun qüllələrini sayın. Divarlarına fikir verin, qalalarına diqqətlə baxın. Gələcək nəslə... deyin» (Məz. 48:12, 13). Burada məzmurçu israilliləri Yerusəlimin divarlarına yaxından nəzər salmağa səsləyir. Bayramlar zamanı müqəddəs şəhəri ziyarət edən və oradakı möhtəşəm məbədi görən israilli ailələrin hansı xatirələrlə öz evlərinə qayıtdıqlarını təsəvvür edə bilərsinizmi? Şübhə yoxdur ki, onlar bu haqda «gələcək nəslə» danışırdılar.
Səba mələkəsini yadımıza salaq. O, Süleymanın əzəmətli hakimiyyəti və böyük hikməti haqda eşidəndə buna şübhə ilə yanaşmışdı. Bəs eşitdiklərinin həqiqət olduğuna onu nə inandırdı? O deyir: «Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım» (2 Saln. 9:6). Bəli, ‘öz gözlərimizlə’ gördüklərimiz bizə dərin təsir bağışlaya bilər.
Uşaqlarınıza Yehovanın təşkilatının möcüzələrini ‘öz gözlərilə’ görməyə necə kömək edə bilərsiniz? Yaxınlıqda Yehovanın Şahidlərinin filialı varsa, çalışın ora baş çəkəsiniz. Bir ailənin nümunəsinə nəzər salaq. Mendi və Betani bacıları uşaqlıqda Bet-Eldən 1500 kilometr aralıda yaşayırdılar. Valideynləri tez-tez onları filiala ekskursiyaya aparırdı. Mendi və Betani xatırlayırlar: «Əvvəl-əvvəl elə fikirləşirdik ki, Bet-El həddən artıq ciddi yerdir və ancaq qocalar üçündür. Amma ora baş çəkəndə gördük ki, sən demə, orada cavanlar da var imiş. Onlar canla-başla Yehovaya xidmət edir və bundan sevinc duyurdular. Biz əmin olduq ki, Yehovanın təşkilatı yaşadığımız balaca ərazi ilə məhdudlaşmır. Hər dəfə Bet-Eldən qayıdanda sevincdən qanadlanırdıq və bundan sonra Yehovaya daha səylə xidmət edirdik». Yehovanın təşkilatını yaxından görmək bu bacıları pioner xidmətinə başlamağa təşviq etdi və onlar hətta Bet-Eldə müvəqqəti könüllü kimi xidmət etməyə dəvət aldılar.
Özümüzü Padşahlığın vətəndaşları kimi aparaq
5 Tarixi öyrən. Vətəndaşlıq almaq istəyən şəxsdən ölkənin tarixini öyrənmək tələb oluna bilər. Buna bənzər şəkildə, Allahın Padşahlığının vətəndaşı olmaq istəyənlər onun barəsində mümkün qədər çox məlumat əldə etməyə çalışmalıdırlar. Gəlin qədim İsraildə xidmət edən Qorahın oğullarının nümunəsinə nəzər salaq. Onlar Yerusəlimi, oradakı ibadət yerini çox sevirdilər və şəhərin tarixi barədə danışmağı xoşlayırdılar. Onlara ən çox təsir bağışlayan şəhərin və ibadət yerinin gözəlliyi yox, Yerusəlimin «böyük Padşahın [yəni Yehovanın] şəhəri» olması idi. Çünki bu şəhər təmiz ibadətin mərkəzi sayılırdı. Məhz burada Yehovanın Qanunu öyrədilirdi. Yerusəlimin Padşahı Yehova İsrail xalqını idarə edirdi və Öz sevgi dolu xeyirxahlığını onlara göstərirdi. (Məzmur 48:1, 2, 9, 12, 13 ayələrini oxu.) Onlar kimi, səndə də Yehovanın təşkilatının yerüzü hissəsinin tarixi haqda öyrənmək və danışmaq istəyi varmı? Yehovanın təşkilatı və Onun Öz xalqına necə dəstək olduğu barədə daha çox öyrəndikcə Allahın Padşahlığı sənin üçün bir o qədər real olacaq. Onda Padşahlıq haqda xoş xəbəri təbliğ etmək istəyin təbii şəkildə artacaq (Yer. 9:24; Luka 4:43).
Hikmət xəzinəsindən incilər
it-2-E s. 805
Var-dövlət
Zəngin bir xalq kimi, israillilər qida və içki sarıdan bolluq içində idilər (1Pd 4:20; Vz 5:18, 19) və var-dövlətləri onları kasıblığın gətirdiyi problemlərdən qoruyurdu (Ms 10:15; Vz 7:12). İsraillilərin çəkdikləri zəhmətin bəhrəsini dadmaları Yehovanın niyyətinə uyğun olsa da (Ms 6:6—11; 20:13; 24:33, 34 ayələri əlaqələndirin), Yehova onları böyük bir təhlükədən xəbərdar etmişdi. Əgər israillilər ehtiyatlı olmasaydılar, onlara var-dövlət verən Yehovanı unudub öz sərvətlərinə güvənə bilərdilər (Qn 8:7—17; Zb 49:6—9; Ms 11:4; 18:10, 11; Ər 9:23, 24). Onlar unutmamalıydılar ki, var-dövlət əbədi deyil (Ms 23:4, 5), ölümdən azad olmaq üçün Allaha fidyə kimi verilə bilməz (Zb 49:6, 7) və ölülər üçün də heç bir faydası yoxdur (Zb 49:16, 17; Vz 5:15). Yehova onlara göstərdi ki, var-dövlətə bel bağlamaq fırıldaqçılığa və Allahın rəğbətini itirməyə gətirib çıxara bilər (Ms 28:20; əlaqələndirin: Ər 5:26—28; 17:9—11). Həmçinin onları təşviq etdi ki, «[sərvətləri ilə] Yehovanı şərəfləndir»sinlər (Ms 3:9).
17—23 İYUN
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 51—53
Ciddi səhvlərdən qaçınmaq üçün addımlar atın
Ürəyinizi necə qoruya bilərsiniz?
4 Məsəllər 4:23 ayəsində «ürək» sözü altında insanın daxili varlığı, yəni onun fikirləri, hissləri, niyyətləri və arzuları nəzərdə tutulur. Bizim əslində kim olduğumuzu özümüzü necə göstərməyimiz yox, daxilən necə insan olduğumuz müəyyən edir.
5 Gəlin daxilən necə insan olduğumuzun vacibliyini başa düşmək üçün fiziki sağlamlıqla bağlı nümunəyə nəzər salaq. Əvvəla, fiziki cəhətdən sağlam olmaq üçün düzgün qidalanmalı və müntəzəm idmanla məşğul olmalıyıq. Eynilə, məcazi ürəyimizin sağlam olması üçün ruhani qida qəbul etməli və Yehovaya iman etdiyimizi müntəzəm olaraq göstərməliyik. İmanımızı göstərmək üçün öyrəndiklərimizi tətbiq etməli və etiqadımızı başqaları ilə bölüşməliyik (Rom. 10:8—10; Yaq. 2:26). İkincisi, ola bilsin, kənardan necə göründüyümüzə əsasən, sağlam olduğumuzu düşünək, əslində isə xəstə olaq. Eynilə, mütəmadi olaraq ruhani işlərlə məşğul olduğumuza görə düşünə bilərik ki, imanımız möhkəmdir, halbuki ürəyimizdə yanlış istəklər boy atır (1 Kor. 10:12; Yaq. 1:14, 15). Yadda saxlamalıyıq ki, Şeytanın məqsədi bizi öz düşüncəsinə yoluxdurmaqdır. Bəs o, konkret olaraq hansı üsullara əl atır? Biz özümüzü necə qoruya bilərik?
Təmiz qalmaq mümkündür
5 Pis fikirlərlə mübarizədə biz Yehovaya tam güvənə bilərik. Bunun üçün Allaha dua edib Ondan kömək istəməliyik. Biz dua edib Yehovaya yaxınlaşanda O da bizə yaxınlaşacaq. O, səxavətlə bizə müqəddəs ruhunu verəcək və bizi pis fikirlərlə mübarizə aparmağa və təmiz qalmağa daha da əzmli edəcək. Ona görə də gəlin dua edib Yehova Allaha bildirək ki, qəlbimizdəki düşüncələrlə Onu məmnun etmək istəyirik (Zəb. 19:14). Gəlin Allaha yalvaraq ki, bizi yoxlasın və əgər ürəyimizdə hansısa pis meyil — yanlış istək və ya fikir varsa, açıb bizə göstərsin (Zəb. 139:23, 24). Həmişə Allaha dua edək ki, hətta çətin olsa belə, əxlaqsızlığı rədd edib təmizliyi qorumağa bizə kömək etsin (Mət. 6:13).
6 Ola bilər ki, aldığımız tərbiyəyə və keçmiş vərdişlərimizə görə Yehovanın bəyənmədiyi əməlləri indi də xoşlayırıq. Hətta belə olan halda da Yehova bizə dəyişməyə və Ona məqbul şəkildə ibadət etməyə kömək edə bilər. Davud padşah bunu yaxşı dərk edirdi. O, Badsəba ilə əxlaqsızlıq edəndən sonra Yehovaya yalvarıb demişdi: «Məndə təmiz ürək yarat, içimə təzə, mətin bir ruh qoy» (Zəb. 51:10, 12). Günahlı hərəkət bizi maqnit kimi özünə çəksə də, Yehova bizdə Ona itaət etməyə həvəs, arzu oyada bilər. Hətta yanlış istəklər ürəyimizdə dərin kök atsa da, təmiz fikirləri boğmağa çalışsa da, Yehova addımlarımızı elə yönəldə bilər ki, biz Onun əmrlərinə itaət edib onlara uyğun yaşayaq. O, pis bir şeyin bizə ağalıq etməsinin qarşısını ala bilər (Zəb. 119:133).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 644
Duəq
Bu ədumi, Talut padşahın baş çobanı idi (1İş 21:7; 22:9). Ehtimal ki, Duəq prozelit idi. Görünür o, hansısa əhdə, natəmizlikdən və ya cüzamdan paklanma mərasiminə görə Nubda «Yehovanın hüzurunda qalmışdı». Buna görə də baş kahin Əximəlikin Davuda çörək təqdiməsini və Calutun qılıncını verdiyini görmüşdü. Bir dəfə Talut xidmətçilərinə ona qarşı sui-qəsd hazırlandığını deyəndə Duəq Nubda gördüklərini padşaha danışdı. Sonra Talut baş kahini və Nubdakı digər kahinləri çağırtdırıb Əximəliki sorğu-sual etdi və mühafizəçilərə əmr etdi ki, kahinləri öldürsünlər. Mühafizəçilər bundan imtina edəndə isə Talutun əmri ilə Duəq heç «uff» da demədən 85 kahini öldürdü. Bu şər əməlinin ardından Duəq qoca-cavan demədən Nubun bütün əhalisini və mal-qara qırdı (1İş 22:6—20).
52-ci məzmurun müqəddiməsindən görürük ki, Davud bu məzmurunda Duəqdən bəhs edir. O deyir: «Dilin ülgüc kimi itidir, fitnə qurar, hiylə işlədər. Yaxşılıqdan çox yamanı, həqiqətdən çox yalanı sevdin. Ey hiyləgər dil, zəhərli sözləri sevdin» (Zb 52:2—4).
24—30 İYUN
ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ ZƏBUR 54—56
Allah sizin tərəfinizdədir
Müdrik ol — Allahdan qorx!
10 Bir dəfə Davud Akişin padşahlıq etdiyi Qolyatın doğma şəhəri Qatda sığınacaq axtarırdı (1 Şamuel 21:10-15). Ə’yanları padşaha Davudun düşmən olduğunu xəbər verdilər. Düşdüyü təhlükəli vəziyyətdə Davud nə etdi? O, duada ürəyini Yehovaya boşaltdı (Məzmur 56:1-4, 11-13). Canını qurtarmaq üçün özünü dəliliyə vurmalı olsa da, Davud sə’ylərinə xeyir-dua verərək onu qurtaranın əslində Yehova olduğunu bilirdi. Davudun Yehovaya ürəkdən güvənməsi və Ona e’tibar etməsi göstərdi ki, o, həqiqətən də Allahdan qorxur (Məzmur 34:4-6, 9-11).
11 Allahın problemlərimizin öhdəsindən gəlməkdə bizə kömək edəcəyi və’dinə inanmaqla, Davud kimi, biz də Allahdan qorxduğumuzu göstərə bilərik. Davud deyirdi: «Yolunu Rəbbə ver, Ona güvən, O edəcək» (Məzmur 37:5). Bu o demək deyildir ki, imkanımız daxilində olan heç bir şeyi etmədən problemlərimizi Yehovanın üzərinə atıb, Onun həll edəcəyini gözləyirik. Davud kömək üçün Allaha dua edəndən sonra boş dayanmadı. O, Yehovanın bəxş etdiyi fiziki və əqli qabiliyyətindən istifadə edərək problemə girişdi. Lakin Davud başa düşürdü ki, yalnız insan sə’yləri ilə müvəffəqiyyət qazanmaq mümkün deyil. Biz də belə etməliyik. Gücümüz daxilində hər bir şeyi edib, qalanını Yehovanın üzərinə qoymalıyıq. Ancaq çox vaxt Yehovaya güvənməkdən başqa, əlimizdən heç nə gəlmir. Məhz bu zaman Allahdan nə dərəcədə qorxduğumuz aşkar ola bilər. Davudun ürəkdən gələn sözlərindən biz də təsəlli tapa bilərik: «Yehova ilə sıx münasibət Ondan qorxanlarındır» (Məzmur 25:14, YD).
cl-E s. 243, abz. 9
Heç nə bizi «Allahın məhəbbətindən ayıra bilməz»
9 Yehova həmçinin göstərdiyimiz dözümü qiymətləndirir (Mətta 24:13). Unutmayın ki, Şeytan Yehovadan üz döndərməyimizi istəyir. Yehovaya sadiq qalaraq keçirdiyimiz hər gün Onun Şeytana layiqli cavab verməsinə kömək etmiş oluruq (Məsəllər 27:11). Bəzən dözmək çətin olur. Xəstəliklər, maddi çətinliklər, emosional problemlər və digər maneələr hər ötən günümüzü sınağa çevirir. Uzun intizar da bizi məyus edə bilər (Məsəllər 13:12). Bu cür vəziyyətlərə dözə bilmək üçün etdiyimiz şeylər Yehovanın gözündə dəyərlidir. Buna görə də, Davud padşah Yehovadan göz yaşlarını «tuluğuna yığ»mağı xahiş etmişdi və sonra əminliklə demişdi: «Axı onlar Sənin kitabında yazılıb» (Zəbur 56:8). Bəli, Yehova Ona sədaqətimizi qorumaq üçün axıtdığımız hər damla göz yaşını və dözdüyümüz acıları unutmur. Bunlar Onun gözündə çox dəyərlidir.
Yehovaya məhəbbət qorxuya üstün gəlir
16 Şeytan bilir ki, can şirin şeydir. Buna görə də o iddia edir ki, canımızdan ötrü hər şeydən, hətta Yehova ilə dostluğumuzdan belə keçərik (Əyy. 2:4, 5). O, çox yanılır. Amma bilirik ki, «ölüm silahlarının sahibi» olduğu üçün Şeytan təbii olan ölüm qorxusundan bizi Yehovadan uzaqlaşdırmaq üçün istifadə edir (İbr. 2:14, 15). Məsələn, Şeytanın təsirinə uyan bəzi insanlar imanımızdan dönməsək, bizi öldürməklə hədələyirlər. Yaxud həyati risk daşıyan tibbi vəziyyət yarananda Şeytan etiqadımıza zidd davranmağımız üçün bu vəziyyəti fürsət bilir. Həkimlər və imanımıza şərik olmayan ailə üzvlərimiz bizə təzyiq göstərə bilər ki, Allahın qanununu pozaraq qan köçürək. Ya da Müqəddəs Kitab prinsiplərinə zidd gedən müalicə üsulunu qəbul etməyimiz üçün bizi dilə tuta bilərlər.
17 Biz ölmək istəmirik, amma bilirik ki, həyatımız sona yetsə də, Yehova bizi sevməkdən vaz keçməyəcək. (Romalılara 8:37—39 ayələrini oxuyun.) Yehova ölən dostlarını yaddaşında saxlayır, Yehovanın gözündə onlar sağdırlar (Luka 20:37, 38). Yehova onları həyata qaytarmağın həsrətindədir (Əyyub 14:15). Bizim əbədi həyatımız olsun deyə Yehova yüksək dəyər ödəyib (Yəh. 3:16). Onun bizə biganə qalmadığını, bizi necə böyük məhəbbətlə sevdiyini yaxşı bilirik. Buna görə də xəstələnəndə, yaxud ölüm təhlükəsi ilə üz-üzə duranda Yehovadan uzaqlaşmaqdansa, təsəlli, hikmət və güc almaq üçün Ona sığınmalıyıq. Valeriya ilə həyat yoldaşı məhz belə davranmışdı (Zəb. 41:3).
Hikmət xəzinəsindən incilər
it-1-E s. 857—858
Öncədən bilmə, öncədən təyinetmə
Yəhuda İskəryutun İsaya xəyanət etməsi Yehovadan ilham alaraq yazılan peyğəmbərliyin icrası idi və Yehova ilə Oğlunun gələcəyi görmə qabiliyyətini sübut edirdi (Zb 41:9; 55:12, 13; 109:8; Hv 1:16—20). Amma bu demək deyil ki, Yehova məhz Yəhudanın bu cür davranacağını qabaqcadan təyin etmişdi. Peyğəmbərliklərdə deyilirdi ki, İsanın yaxınlarından biri ona xəyanət edəcək, amma həmin insanın kim olacağı yazılmayıb. Əgər Allah Yəhudanın əməllərini qabaqcadan təyin etsə idi, onda Müqəddəs Kitab prinsipləri pozulmuş olardı. Yehova Bulus vasitəsi ilə demişdi: «Heç kəsin üzərinə tələm-tələsik əl qoyma, başqalarının günahlarına əlbir olma, paklığını qoru» (1Tm 5:22; əlaqələndirin: 3:6). 12 həvarini hikmətlə və düzgün seçə bilmək üçün İsa bütün gecəni Atasına dua etmişdi. Yalnız ondan sonra qərarını açıqlamışdı (Lk 6:12—16). Əgər Yəhuda qabaqcadan xain kimi təyin edilsə idi, bu, Allahın Bulus vasitəsilə verdiyi göstərişə zidd olardı, orada yazılanlara əsasən, Yehova onun günahına şərik olmuş olardı.
Beləliklə, açıq-aydın görünür ki, həvari seçilərkən Yəhudanın ürəyində xəyanətə meyil olduğuna dair heç bir işarə yox idi. O yol verdi ki, ürəyində «zəhərli kök boy» atsın və onu murdarlasın. Nəticədə, Yəhuda yolundan sapdı və Yehovanın göstərişlərinə əməl etmək əvəzinə, Şeytana uyaraq oğurluq və xəyanət yoluna qədəm qoydu (İb 12:14, 15; Yh 13:2; Hv 1:24, 25; Yq 1:14, 15). Bir müddət sonra Yəhudanın bu davranışı o həddə çatdı ki, İsa onun ürəyinin vəziyyətini gördü və onun xəyanət edəcəyini qabaqcadan bildirdi (Yh 13:10, 11).