Həyat yoldaşı xəyanət edəndə
MARQARİTA və onun həyat yoldaşı Raul çox illər ərzində Yehovaya tammüddətli xidmətçi kimi xidmət etmişləra. Ancaq ilk övladları dünyaya gələndən sonra çox keçmədi ki, Raul Yehovadan uzaqlaşmağa başladı. Nəticədə, o, əxlaqsız həyat tərzi sürməyə başladı və yığıncaqdan xaric olundu. Marqarita deyir: «Bütün bunlar baş verəndə mənə elə gəlirdi ki, yavaş-yavaş ölürəm. Ürəyim parçalanırdı, nə edəcəyimi bilmirdim».
Ceynin əri isə toydan sonra onun etibarına və məhəbbətinə başqa cür xəyanət etdi: o, onunla qəddarcasına rəftar etməyə başladı. Ceyn deyir: «Ərim ilk dəfə mənə əl qaldıranda sarsıntı keçirmişdim və özümü alçaldılmış hiss edirdim. Əvvəlcə döyüb, sonra da üzr istəmək onda vərdiş halını almışdı. Mən düşünürdüm ki, onu bağışlamaq və hər şeyi unutmaq, bir məsihçi kimi, mənim borcumdur. Elə hesab edirdim ki, problemimiz barədə kiməsə, hətta ağsaqqallara belə danışsam, ona xəyanət edərəm. Bu, neçə illər belə davam etdi. Bu vaxt ərzində mən fikirləşirdim ki, ərimin məni sevməsi üçün bir çarə tapa bilərəm. Lakin o, qızımla məni atıb gedəndə bütün səylərimin boşa çıxdığını və ailəmin dağılmaması üçün əlimdən gələni etmədiyimi düşünürdüm».
Marqarita və Ceyn kimi, ola bilsin, sən də ərinin xəyanəti ucbatından emosional, maddi və ruhani cəhətdən əziyyət çəkirsən. Yaxud da, ola bilsin, arvadın sənə xəyanət etdiyindən ürək ağrısı keçirir və çətinliklərlə üzləşirsən. Şübhəsiz ki, Müqəddəs Kitabda deyildiyi kimi, biz çətin «axır günlərdə» yaşayırıq. Bu peyğəmbərlik göstərir ki, «axır günlərdə» ailələr çətinliklərlə üzləşəcək, bir çox hallarda isə doğmalar arasında ümumiyyətlə məhəbbət olmayacaq. Bəziləri isə yalandan Allaha xidmət etdiklərini iddia edəcəklər (2 Tim. 3:1—5). Belə problemlər həqiqi məsihçilərdən də yan keçmir. Əgər sən də həyat yoldaşının xəyanəti ilə üzləşmisənsə, bunun öhdəsindən necə gələ bilərsən?
Özünə Yehovanın gözü ilə bax
Sevdiyin bir insanın sənə belə ağır zərbə endirdiyinə inanmaq əvvəlcə çox çətin ola bilər. Və hətta həyat yoldaşının günahına görə özünü mühakimə etməyə başlaya bilərsən.
Ancaq unutma ki, hətta İsa da etibar etdiyi və sevdiyi insanın xəyanətinə uğramışdı. İsa ən yaxın dostlarını — həvarilərini çoxlu dua və götür-qoy etdikdən sonra seçmişdi. Həmin vaxt onların 12-si də Yehovanın etibaralayiq xidmətçisi idi. Şübhəsiz, Yəhudanın «satqın» çıxması onu bərk kədərləndirmişdi (Luka 6:12—16). Lakin Yehova Yəhudanın hərəkətlərinə görə İsanı məsuliyyətə cəlb etmədi.
Düzdür, bu gün kamil həyat yoldaşı tapmaq mümkün deyil. Həm ər, həm də arvad səhvlərə yol verir. Allahdan ilham alaraq məzmurçu tamamilə haqlı olaraq qeyd etmişdir: «Ya Rəbb, bizim təqsirlərimizi siyahıya alsaydın, ey Xudavənd, kim bunun qarşısında dayana bilər?» (Məz. 130:3). Yehovanı təqlid edərək ərlə arvad bir-birinin səhvlərinin üstündən keçməyi bacarmalıdırlar (1 Pet. 4:8).
Bununla belə, «hər birimiz özü üçün Allaha hesabat verəcəkdir» (Rom. 14:12). Əgər həyat yoldaşını təhqiramiz sözlərlə alçaltmaq və ya ona əl qaldırmaq insanda vərdiş halını alıbsa, buna görə Yehovanın qarşısında o, özü cavab verəcək. Yehova zorakılığı və təhqiramiz danışığı mühakimə edir, buna görə də kiminsə öz həyat yoldaşı ilə bu cür kobud və hörmətsiz şəkildə davranmasına heç nə bəraət qazandırmır (Məz. 11:5; Efes. 5:33; Kolos. 3:6—8). Əslində, əgər məsihçi tövbə etmədən dəfələrlə qəzəbə yol verir və düzəlmirsə, o, məsihçi yığıncağından xaric edilməlidir (Qalat. 5:19—21; 2 Yəh. 9, 10). Məsihçi yoldaşının pis və kobud rəftarı barədə ağsaqqallara xəbər verdiyinə görə vicdan əzabı çəkməməlidir. Bəli, Yehova zorakılığın qurbanı olanların halına yanır.
Əgər məsihçi zina edibsə, o, təkcə günahsız həyat yoldaşına qarşı yox, Yehovaya qarşı da günah işlədib (Mat. 19:4—9; İbr. 13:4). Əgər günahsız tərəf Müqəddəs Kitab prinsiplərinə uyğun yaşamağa davam edirsə, o, yoldaşının xəyanətinə və günahına görə vicdan əzabı çəkməməlidir.
Heç vaxt unutma ki, Yehova sənin nələr keçirdiyini bilir. O, Kəlamında Özünü İsrail xalqının əri adlandırır və burada xalqının ruhani mənada zina etməsinin Ona nə qədər dərin kədər gətirdiyini göstərən və insanın ürəyini riqqətə gətirən parçalar var (Yeşaya 54:5, 6; Yer. 3:1, 6—10). Əmin ol ki, yoldaşının xəyanəti ucbatından tökdüyün göz yaşlarını Yehova yaxşı başa düşür (Mal. 2:13, 14). O, sənin köməyə və təsəlliyə ehtiyac duyduğunu bilir.
Yehova təsəllini necə verir?
Yehovanın təsəlli verməsinin üsullarından biri yığıncaqdır. Ceynə belə kömək göstərildi. Ceyn xatırlayır: «Rayon nəzarətçisinin başçəkməsi özümü büsbütün ruhdan düşdüyüm vaxta təsadüf etdi. Qardaş ərimin məndən boşandığına görə çox kədərli olduğumu bilirdi. O, mənə 1 Korinflilərə 7:15 və digər ayələr üzərində düşünməyə kömək etdi. Bu ayələr və onun xoş sözləri mənə vicdan əzabından qurtulmağa və qəlb rahatlığı tapmağa kömək etdi»b.
Yuxarıda adı çəkilən Marqarita da Yehovanın Öz köməkliyini məsihçi yığıncağı vasitəsilə təqdim etdiyini öz təcrübəsindən öyrəndi. O deyir: «Ərimin tövbə etmədiyini biləndə uşaqları götürüb başqa şəhərə köçdüm. Orada iki otaq kirayələdim. Səhərisi gün kədər içində əşyaları yerbəyer edəndə birdən qapı döyüldü. Elə bildim ki, qonşuluqda yaşayan ev sahibəsidir. Amma qapıda ailəmizə həqiqəti çatdıran və anamla Müqəddəs Kitabı öyrənən bacını görəndə təəccübləndim. Bacı burada məni görəcəyini heç gözləmirdi, o, buraya ev sahibəsi ilə Müqəddəs Kitabı öyrənməyə gəlmişdi. Daxilimdə böyük rahatlıq hiss etdim və vəziyyətimi ona danışdıqdan sonra ikimiz də ağlamağa başladıq. Bacı həmin gün bizi yığıncaq görüşünə apardı. Burada bizi səmimi qarşıladılar və ağsaqqallar mənə ailəmin ruhani tələbatlarının qayğısına qalmağa kömək etdilər».
Başqaları necə kömək edə bilər?
Bəli, məsihçi yığıncağının üzvləri də bir çox hallarda öz köməyini göstərə bilər. Məsələn, Marqarita şəhərə təzə köçəndə özünə iş tapmalı idi. Yığıncaqdan bir ailə lazım gələndə məktəbdən sonra onun uşaqlarına baxmağı təklif etdi.
Marqarita deyir: «Bacı-qardaşlar mənimlə və uşaqlarımla xidmətə yazılanda mən bunu çox qiymətləndirirəm». Belə etməklə yığıncaq üzvləri ‘bir-birlərinə yüklərini daşımağa’ kömək edir, bununla da ‘Məsihin Qanununu icra edir’ (Qalat. 6:2).
Başqalarının günahına görə əziyyət çəkən həmimanlılarımız bu cür köməyi yüksək qiymətləndirirlər. Monikin əri onu kredit kartında 15 000 dollar borcla və dörd uşağı ilə birlikdə atıb getmişdi. O deyir: «Ruhani bacı-qardaşların mənə qarşı nə qədər məhəbbətli olduqlarını gördüm. Heç bilmirəm, onların köməyi olmasaydı, necə yaşayardım. Yehova mənə uşaqlarımdan köməklərini əsirgəməyən gözəl bacı-qardaşlar verib. Bunun sayəsində uşaqlarım gözümün önündə ruhən böyüdülər. Məsləhətə ehtiyacım olanda ağsaqqallar həmişə mənə kömək edirdilər. Kiminləsə dərdimi bölüşmək istəyəndə onlar məni dinləyirdilər» (Mark 10:29, 30).
Əlbəttə, sevən dost başqasının dərdi haqda nə vaxt danışmamalı olduğunu bilir (Vaiz 3:7). Marqarita deyir: «Mən yeni yığıncağımdakı bacılarla əksər hallarda problemlərimdən başqa hər şey — təbliğ, Müqəddəs Kitabı öyrətdiyimiz adamlar və uşaqlarımız barədə danışmağı xoşlayırdım. Onlara çox minnətdaram ki, mənə keçmişdə olub-bitənləri geridə qoyub irəliyə doğru getməyə kömək ediblər».
İntiqam almaqdan çəkin
Bəzən isə elə ola bilər ki, xəyanətlə üzləşən məsihçi özünü həyat yoldaşının günahlarına görə cavabdeh hiss etməsin, əksinə, onun ucbatından əzab çəkdiyi üçün qəzəblənsin. Əgər belə hisslərin ürəyində yuva salmasına yol versən, Yehovaya sadiq qalmaq qətiyyətin sarsılacaq. Məsələn, ağlına sənə xəyanət etmiş həyat yoldaşından qisas almaq fikri gələ bilər.
Əgər səndə belə hisslərin baş qaldırdığını görürsənsə, Yeşua ilə Kalevin nümunəsi üzərində düşün. Allahın bu sadiq xidmətçiləri Vəd edilmiş diyarı nəzərdən keçirmək üçün həyatlarını təhlükəyə məruz qoymuşdular. Kifayət qədər imanları olmayan digər on kəşfiyyatçı isə xalqı Yehovaya itaət etməkdən çəkindirdi. Hətta Yeşua ilə Kalev xalqı Yehovaya sadiq qalmağa təşviq edəndə bəzi israillilər az qala onları daşqalaq etmişdilər (Say. 13:25—14:10). Özlərinin yox, israillilərin günahı ucbatından Yeşua və Kalev 40 il səhrada dolaşmalı oldular.
Onlar çox məyus olsalar da, qardaşlarının günahı ucbatından ürəklərində kin yaranmasına yol vermədilər. Onlar diqqətlərini Yehovaya sədaqətlə xidmət etməyə cəmlədilər. Həmin nəslin digər nümayəndələrindən fərqli olaraq, Yeşua ilə Kalev səhrada gəzib-dolaşdıqları 40 ilin sonunda levililərlə birgə Vəd edilmiş diyara daxil olmaq şərəfinə layiq görüldülər (Say. 14:28—30; Yeşua 14:6—12).
Ola bilsin ki, həyat yoldaşının xəyanətinə görə sən uzun müddət əzab çəkəsən. Hətta boşanmadan sonra da emosional və maddi çətinliklərlə üzləşə bilərsən. Lakin pis şeyləri fikirləşmək əvəzinə, yadda saxla ki, Yehova — vəfasız israillilərin də səhrada əmin olduqları kimi — Onun qanunlarını bilərəkdən pozanlarla necə rəftar edəcəyini yaxşı bilir (İbr. 10:30, 31; 13:4).
Sən xəyanətin öhdəsindən gələ bilərsən!
Mənfi fikirlərin səni ruhdan salmasına yol vermək əvəzinə, Yehovanın dedikləri üzərində düşün. Ceyn deyir: «“Gözətçi Qülləsi” və “Oyanın!” jurnallarının audioyazılarına qulaq asmağın mənə çox köməyi dəyib. Yığıncaq görüşləri də məni çox möhkəmləndirirdi. Görüşlərdə fəal surətdə iştirak etmək problemlərim haqda düşünməməyə kömək edirdi. Eynilə, təbliğ xidmətinin də faydası olub. Başqalarının Yehovaya iman inkişaf etdirmələrinə kömək etməklə mən öz imanımı möhkəmləndirirdim. Üstəlik, Müqəddəs Kitabı öyrətdiyim insanların qayğısına qalmağım mənə daha vacib şeylər haqqında düşünməyə kömək edirdi».
Yuxarıda adı çəkilən Monik deyir: «Yığıncaq görüşlərində müntəzəm iştirak etdiyim və mümkün qədər tez-tez xidmətə çıxdığım üçün hər şeyə tab gətirə bildim. Ailə üzvlərimin bir-birilə, həmçinin yığıncaqla münasibəti möhkəmləndi. Başıma gələn bu dəhşətli hadisədən sonra mən öz zəif cəhətlərimi gördüm. Yehovanın köməyilə mən bu sınağın öhdəsindən gələ bilirəm».
Sən də bu cür sınaqların öhdəsindən gələ bilərsən. Xəyanətin vurduğu yaraya baxmayaraq, Pavelin Allahdan ilham alaraq yazdığı məsləhətə əməl et: «Yaxşılıq edərkən ruhdan düşməyək; çünki əgər zəif düşməsək, vaxtında biçərik» (Qalat. 6:9).
[Haşiyələr]
a Bəzi adlar dəyişdirilib.
b Müqəddəs Kitabın ayrı yaşamağa və boşanmağa dair nöqteyi-nəzəri təfərrüatı ilə «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 125—130-cu və 219—221-ci səhifələrində müzakirə olunur.
[31-ci səhifədəki şəkil]
Tərk edilmiş həmimanlılarımız təbliğ xidmətində onlara kömək göstərənlərə ürəkdən minnətdardırlar