Yehova Allah gözlərimi açdı
Nəql etdi Patris Oyeka
Axşamüstü idi. Qatı zülmət içində keçirdiyim bir günü də tək-tənha, radionun zəhlətökən səsinə qulaq asa-asa başa vururdum. Yaşamaqdan bezmişdim, həyatıma son qoymaq istəyirdim. Bir fincan suya zəhər töküb qarşımdakı masanın üstünə qoydum. Ancaq canıma qəsd etməzdən qabaq istəyirdim ki, sonuncu dəfə hamama girib çimim. Sonra qəşəng geyinib zəhəri başıma çəkim. Yəqin sizə maraqlıdır, niyə mən intihar etmək istəyirdim və necə oldu ki, indi sağ-salamat sizə öz hekayətimi nəql edirəm.
MƏN 1958-ci il fevralın ikisində Konqo Demokratik Respublikasının Şərqi Kasai vilayətində anadan olmuşam. Doqquz yaşım olanda atamı itirdim, bundan sonra böyük qardaşım məni saxladı.
Məktəbi bitirəndən sonra kauçuk plantasiyasında işləməyə başladım. 1989-cu il idi. Bir səhər ofisimdə hesabat hazırlayırdım, birdən gözümə zülmət çökdü. Əvvəlcə elə bildim işıq sönüb, amma sonra generatorun səsini eşitdim. Həm də ki səhər idi. Məni dəhşət bürüdü. Mən heç nə görmürdüm, hətta qarşımdakı qeydləri də!
Dərhal işçilərimdən birini çağırdım ki, məni həkimə aparsın. Vəziyyət ciddi idi, hər iki gözümün tor qişası yırtılmışdı. Buna görə həkim məsləhət gördü ki, paytaxt Kinşasa şəhərinə gedib daha təcrübəli həkimə müraciət edim.
Kinşasa şəhərində
Kinşasada nə qədər göz həkiminin yanına getdimsə də, heç biri dərdimə çarə qıla bilmədi. Qırx üç gün xəstəxanada yatandan sonra həkimlər dedilər ki, həmişəlik kor qalacağam. Onda evdəkilər məni aparıb bir-bir kilsələri gəzdirdilər ki, bəlkə gözümü açan olar. Amma heç kim kömək edə bilmədi.
Axırda ümidim üzüldü. Qara günlərim başladı. Kor olmağım azmış kimi, işimi itirdim, hələ üstəlik arvadım da məni atıb getdi. Çıxıb gedəndə isə evdə olan hər şeyi yığıb apardı. Özümə qapanıb günlərimi dörd divar arasında keçirirdim. Adam arasına çıxmağa utanırdım. Özümü lazımsız əşya kimi hiss edirdim.
Düz iki dəfə canıma qəsd etmək istəmişəm. Hekayətimin əvvəlində danışdığım hadisə ikinci cəhd idi. Bu cəhdin boşa çıxmasına görə qohumumun uşağına borcluyam. Mən hamamda çimən vaxt uşaq fincandakı zəhəri yerə tökmüşdü, yaxşı ki, özü içməmişdi. Çıxanda nə qədər axtardım, fincanı tapa bilmədim, lap dilxor olmuşdum. Axırda məcbur olub intihar etmək istədiyimi evdəkilərə açıb danışdım.
Mən göydə Allaha, yerdə ailəmə minnətdaram. Onlar həmişə mənə göz olublar. Onlar olmasaydı, indi mən həyatda yox idim.
Yenə sevincli günlər
1992-ci il idi. Bazar günü evdə oturub siqaret çəkirdim. Evdən-evə təbliğ edən Yehovanın Şahidləri qapımızı döydülər. Kor olduğumu görüb mənə Yeşaya 35:5 ayəsindən bu sözləri oxudular: «O vaxt korların gözləri, karların qulaqları açılacaq». Qəlbim sevinclə doldu. Getdiyim kilsələrdən fərqli olaraq Yehovanın Şahidləri möcüzəvi şəkildə şəfa tapacağımı vəd etmədilər. Onlar mənə ürəkaçan ümid verərək dedilər ki, əgər Allah haqqında öyrənsəm, Onun bəxş edəcəyi yeni dünyada gözlərim açılacaq (Yəhya 17:3). Vaxt itirmədən Yehovanın Şahidləri ilə «Yer üzündəki Cənnətdə əbədiyyən yaşaya bilərsiniz» kitabını araşdırmağa və yığıncaqlara getməyə başladım. Həyatımda dəyişikliklər etdim, siqareti atdım.
Gözümün görməməyi məni ruhani addımlar atmaqdan saxlayırdı. Buna görə də korlar məktəbinə gedib Brayl əlifbasını öyrəndim. Bunun sayəsində yığıncaqlarda verilən təlimləri mənimsəyə bildim. Tezliklə qonum-qonşuya təbliğ etməyə başladım. Bəli, yenə sevincli günlər yetişdi. Mən Yehova Allahın yolunda irəlilədim və həyatımı Ona həsr etdim. 1994-cü il mayın yeddisində vəftiz olundum.
Yehovanı və insanları sevdikcə Allaha xidmət etmək istəyim artırdı. Beləcə, 1995-ci il dekabrın birindən etibarən tammüddətli müjdəçi olaraq vaxtımın çox hissəsini xidmətə həsr etməyə başladım. Həmçinin 2004-cü ilin fevralından yığıncaqda ağsaqqal kimi xidmət edirəm. Hərdənbir Müqəddəs Kitab əsasında çıxış etmək üçün başqa yığıncaqlara da dəvət alıram. Mənim üçün bütün bunlar Yehovanın hədiyyəsidir. Həyatıma sevinc qatan bu şeylər məni əmin edir ki, əgər insan Yehovaya xidmət etmək istəyirsə, heç bir fiziki qüsur onun qarşısında çəpər ola bilməz.
Yehova mənə «göz» verdi
Dediyim kimi, kor olduğuma görə arvadım məni atıb getmişdi. Amma Yehova mənə hədiyyə verdi, nurunu itirmiş gözümə bir növ işıq verdi. Əlil olsam da, Eni Mavambu evlənmək təklifimi qəbul etdi və mənim görən gözüm oldu. O da tammüddətli xidmətçi olduğu üçün xidmət vaxtı həmişə mənimlə olur. Həmçinin çıxışlarım üçün məlumatları mənə oxuyur, mən də Brayl əlifbası ilə lazım olan qeydləri aparıram. Onun timsalında Süleymanın məsəlləri 19:14 ayəsinin doğru olduğunu anlayıram: «İnsana ev, var-dövlət atalardan miras qalar, ağıllı arvadı isə Rəbb nəsib edər». Bəli, Eni Allahdan mənə paydır!
Yehova Eni ilə mənə iki övlad — bir qız, bir oğlan nəsib edib. Onların üzünü görəcəyim günü həsrətlə gözləyirəm! Allah mənə başqa bir hədiyyə də verdi: bizə öz mülkündə yaşamağa yer verən böyük qardaşım Müqəddəs Kitabı öyrənib vəftiz olundu! Biz hamımız eyni yığıncaqda xidmət edirik.
Mənə bol-bol nemətlər bəxş edən Allaha nə qədər şükür etsəm azdır! Əlil olsam da, Onun yolunda əlimdən gələni etməyə hazıram (Malaki 3:10). Hər gün dualarımda Allahdan diləyirəm ki, Onun Padşahlığı tez gəlsin və dünyadan dərd-bəlanı götürsün. Yehova Allahı tanıdıqdan sonra əminliklə deyə bilərəm ki, «[Onun] xeyir-duası insana sərvət gətirər, daha ona qüssə verməz» (Süleymanın məsəlləri 10:22).
[23–cü səhifədəki şəkil]
Yığıncaqda çıxış edirəm; ailəm və qardaşımla