İndianapolisdəki (İndiana) toplantı, 1925-ci il
1925. Yüz il əvvəl
«MƏSİHİLƏRİN bu illə bağlı gözləntiləri böyükdür». Bu sözlər «Gözətçi qülləsi»nin 1925-ci il 1 yanvar sayında qeyd olunmuşdu. Həmçinin məqalədə belə yazılmışdı: «Bu il baş verəcək hadisələrə görə biz çox narahat olmamalıyıq. Əks təqdirdə, bu bizim fikrimizi yayındıracaq və Yehovanın bizə tapşırdığı işi görə bilməyəcəyik». Müqəddəs Kitab Tədqiqatçıları 1925-ci ildə hansı hadisənin baş verəcəyini gözləyirdilər və məyusluğa rəğmən, Rəbbin işini görməyə necə davam etdilər?
UZUN İNTİZAR
Müqəddəs Kitab Tədqiqatçıları 1925-ci ildə yer üzünün cənnətə çevriləcəyini gözləyirdilər. Bu fikir nədən irəli gəlirdi? Sonralar Rəhbərlik Şurasının üzvü olan Albert Şröder qardaş izah edir: «Belə bir fikir var idi ki, yer üzündə qalan məsh olunmuşlar Padşahlıqda olmaq üçün göyə qaldırılacaq. Keçmişdəki sadiq kəslər isə, məsələn, İbrahim, Davud və digərləri dirilib, Allahın Padşahlığının yerüzü hissəsində əmir kimi xidmət edəcəklər». Bəziləri görəndə ki, il başa çatır və ümidləri gerçəkləşmir məyus olmuşdular (Məs. 13:12).
Məyusluğa baxmayaraq, Müqəddəs Kitab Tədqiqatçılarının əksəriyyəti təbliğ işində fəal qalmağa davam etdilər. Bir Yehovanın Şahidi kimi görməli olduqları işi tədricən daha yaxşı başa düşməyə başladılar. Gəlin onların müjdəni dünyanın dörd bir yanına bəyan etmək üçün gördükləri işlərə nəzər salaq.
RADİOYAYIM GENİŞLƏNİR
Həmin il WBBR stansiyasının tikintisini uğurla başa çatdırdıqdan sonra Müqəddəs Kitab Tədqiqatçıları bu dəfə Çikaqonun yaxınlığındakı İllinoys ştatında başqa böyük radiostansiyanı inşa etdilər. Onun adını «Kəlam» mənasını verən «WORD» qoydular. Həmin radiostansiyada mühəndis kimi çalışan Ralf Lefler belə yazmışdı: «Soyuq qış gecələrində “WORD ucqar ərazilərə belə yayımlanırdı”». Misal üçün, radiostansiyadan 5000 kilometr aralıda Alyaskanın Pilot şəhərində yaşayan bir ailə yayımın ilk buraxılışından birini izləmişdi. Radioya qulaq asdıqdan sonra həmin ailə məktub göndərib bu cür ruhlandırıcı proqrama görə öz minnətdarlığını bildirmişdi.
Sol: Bataviyadakı (İllinoys) «WORD» elektrik ötürücü qülləsi
Sağ: Ralf Lefler radiostansiyada işləyərkən
Radionun daha uzaq ərazilərə yayımlanması ilə bağlı «Gözətçi qülləsi»nin 1925-ci il 1 dekabr sayında belə deyilir: «WORD Birləşmiş Ştatlarda 5000 vatlıq radioötürücüsü olan ən yaxşı stansiyalardan biridir. Bu radionun dalğası Atlantik və Sakit Okean sahillərinə, Kuba və ən şimalda yerləşən Alyaskaya qədər yayılır. Həqiqəti heç vaxt eşitməyən bir çox insanın bu radionu dinləməsi sayəsində həqiqətə marağı oyanıb».
Corc Naş
Müqəddəs Kitab Tədqiqatçıları həmin vaxtlarda müjdənin Kanadada da radio vasitəsi ilə yayımlanması üçün əllərindən gələni edirdilər. 1924-cü ildə Saskatunda (Saskaçevan) CHUC radiostansiyası inşa edildi. Bu, Kanadada dini mövzulu verilişin yayımlandığı ilk radiostansiya idi. Artıq 1925-ci ildə radiostansiyanın binasını genişləndirməyə ehtiyac var idi. Buna görə də qardaşlar Saskatunda köhnə teatr binasını alıb təmir etdilər və radiostansiyanı ora köçürdülər.
Bu radiostansiyanın sayəsində Saskaçevanda əhalinin az məskunlaşdığı ərazilərdə belə xoş müjdə ilk dəfə eşidildi. Məsələn, ucqar bir şəhərdə yaşayan xanım Qraham radioya qulaq asdıqdan sonra məktub yazaraq Müqəddəs Kitaba əsaslanan nəşrlər istəmişdi. Corc Naş qardaş deyir: «Onun “bizi öyrədin” harayının təcili olduğunu duyduq, ona görə də ona “Müqəddəs Yazıların tədqiqi” nəşrinin bütün cildlərini göndərdik». Tezliklə xanım Qraham Padşahlıq xəbərini daha uzaq ərazilərdə təbliğ etməyə başladı.
TƏLİMƏ GƏTİRİLƏN AYDINLIQ
«Gözətçi qülləsi»nin 1925-ci il 1 mart sayında «Xalqın doğulması» adlı mühüm bir məqalə dərc edildi. Bu məqalə nəyə görə belə əhəmiyyətli idi? Artıq müəyyən müddət idi ki, Müqəddəs Kitab Tədqiqatçıları Şeytanın təşkilatının olduğunu, onun göydə gözəgörünməz şər qüvvələri, eləcə də yerdə dini, kommersiyanı və siyasəti idarə etdiyini bilirdilər. Amma bu məqalə vasitəsilə «sadiq və ağıllı nökər» Yehovanın da təşkilatının olduğunu, bu təşkilatın Şeytanın təşkilatından tamamilə fərqli və ona qarşı olduğunu başa düşməyə kömək etdi (Mət. 24:45). Həmçinin sadiq nökər izah etdi ki, 1914-cü ildə Allahın Padşahlığı qurulan vaxt göydə olan müharibənin nəticəsində elə həmin il Şeytan və onun cinləri göydən qovulub yer üzünə atılıblar (Vəhy 12:7—9).
Bəziləri bu yeni izahatla razı deyildilər. Bununla bağlı həmin məqalədə deyilirdi: «“Gözətçi qülləsi” oxucularının arasından əgər kimlərsə burada yazılanlarla razılaşa bilmirsə, məsləhət görürük ki, təmkinli olsunlar, səbirlə Yehovanı gözləsinlər və Ona xidmətlərini sədaqətlə davam etdirsinlər».
Amma görün Böyük Britaniyadan olan Tom Eyr adlı kitabpaylayan (indi öncül adlanır) bu məqalə ilə bağlı Müqəddəs Kitab Tədqiqatçılarının əksəriyyətinin keçirdiyi hisslərlə bağlı nə deyir: «Vəhy 12-ci fəsillə bağlı gətirilən yeni izahat bacı-qardaşların ürəyincə oldu. Padşahlığın göydə təsis olunduğunu başa düşəndən sonra müjdəni insanlarla bölüşmək şövqümüz daha da artdı. Həqiqətən də, fəal olmağımız üçün ruhumuz dirçəldi və Yehovanın daha böyük işlər görmək üçün xalqını yönləndirdiyini görməyə kömək etdi».
YEHOVA HAQDA ŞAHİDLİK
Bu gün Yehovanın Şahidləri Əşiya 43:10 ayəsini tez-tez sitat gətirirlər. Orada deyilir: «Yehova bəyan edir: “Siz Mənim şahidlərimsiniz, bəli, seçdiyim qulumsunuz”». 1925-ci ilə qədər bu ayə nəşrlərimizdə çox az istifadə olunurdu. Amma növbəti illərdə bu ayədən tez-tez istifadə olunmağa başlanıldı. 1925-ci il ərzində Əşiya 43:10 və 12-ci ayələri «Gözətçi qülləsi»nin 11 sayında müzakirə olunmuşdu.
1925-ci il avqustun sonunda Müqəddəs Kitab Tədqiqatçıları İndianapolisdə (İndiana ştatı) toplantı keçirdilər. Toplantının proqramında Cozef Ruterford qardaşın bu sözləri qeyd olunmuşdu: «Bu toplantıya gəlməkdə məqsədimiz Rəbbimizdən qüvvət almaqdır. Bunun sayəsində təravətlənəcəyik və sahəyə qayıdanda Onun haqda daha şövqlə şahidlik verəcəyik». Səkkizgünlük toplantı boyunca iştirakçılar hər fürsətdə Yehova barədə şahidlik verməyə təşviq olunmuşdular (Əşy. 43:12; 62:10).
Şənbə günü avqustun 29-da Cozef qardaş «Hərəkətə keçin» adlı nitqlə çıxış etmişdi. O, nitqində şahidlik verməyin vacibliyini vurğulamışdı: «Yehova xalqına belə deyir: “Siz Mənim şahidlərimsiniz... Allah da mənəm”». Sonra auditoriyaya növbəti güclü sözlərlə aydın göstəriş vermişdi: «“Xalqlar üçün bayraq qaldırın”. Yer üzündə Onun xalqından başqa heç kim bayraq qaldıra və ya nişan qoya bilməz, çünki Allahın ruhu bu xalqın üzərindədir və bu xalq Onun haqqında şahidlik edir» (Əşy. 43:12; 62:10).
«Ümid xəbəri» bukleti
Nitqindən sonra Cozef qardaş bütün auditoriyaya «Ümid xəbəri» adlı qətnaməni oxumuşdu. Orada yazılmışdı ki, «Allahın Padşahlığı sülhə, əmin-amanlığa, sağlamlığa, azadlığa, əbədi həyata və xoşbəxtliyə nail olmaq üçün yeganə ümid yeridir». Qardaş qətnaməni oxuyub bitirdikdən sonra auditoriyada hər kəs razılıq əlaməti olaraq ayağa durmuşdu. Bu qətnamə sonralar müxtəlif dillərə tərcümə olunub buklet şəklində çap edilmişdi. Təxminən 40 milyon nüsxə paylanılmışdı.
Düzdür, Müqəddəs Kitab Tədqiqatçıları uzun illər sonra rəsmi olaraq Yehovanın Şahidləri adlanmışdı. Amma onlar artıq Onun şahidi kimi daşıdıqları məsuliyyəti dərk etməyə başlamışdılar.
MARAQLANAN İNSANLARLA TƏKRAR SÖHBƏTLƏR
Dünyada Müqəddəs Kitab Tədqiqatçılarının sayı artdıqca təşkilat bacı-qardaşları təşviq edirdi ki, yalnız ədəbiyyat paylamasınlar, həqiqətə maraq göstərən kəslərlə təkrar söhbətlər etsinlər. «Ümid xəbəri» bukletinin paylanması ilə bağlı keçirilən kampaniyadan sonra «Bülleten»a vərəqəsində deyilirdi: «Bu bukleti payladığınız evlərə yenidən gedin və insanlarla təkrar söhbətlər edin».
«Bülleten» vərəqəsinin 1925-ci il yanvar sayında Plano şəhərində (Texas) yaşayan bir Müqəddəs Kitab Tədqiqatçısının sözləri qeyd olunmuşdu: «Əvvəllər təbliğ etdiyimiz ərazilərə yenidən qayıdanda yeni ərazilərdə təbliğ etdiyimizdən daha çox bəhrə əldə etdik. Bizim ərazimizdə balaca bir şəhər, son 10 il ərzində 5 dəfə işlənilib. Təzəlikcə Hendrix bacı və mənim anam yenidən o ərazini işləyib, onlar əvvəlkindən də çox kitab paylayıblar».
Panamada yaşayan bir kitabpaylayan belə yazmışdı: «İlk söhbət zamanı məni dinləmək istəməyən bir çox insan mən ora ikinci və ya üçüncü dəfə gedəndə artıq başqa əhval-ruhiyyədə olurdular. Bu il ərzində mən təbliğ edərkən, əsasən, çalışırdım ki, əvvəllər söhbət etdiyim insanlarla təkrar söhbət edim. Bunun nəticələri çox ürəkaçan olmuşdu».
GƏLƏCƏK PLANLAR
Cozef Ruterford qardaş kitabpaylayanlara olan illik məktubunda il ərzində görülən işlərin hesabatını və gələcəkdə görməli olduqları işlər barədə yazmışdı. O qeyd etmişdi: «Ötən il ərzində siz bir çox qəmgin insana xoş xəbəri çatdırmaqla təsəlli vermisiniz. Bu şərəfli iş sizin ürəyinizə sevinc bəxş etmişdi. Növbəti il də sizin Allah və Onun Padşahlığı haqqında şahidlik vermək, eləcə də Allahın qanunlarına bağlı yaşayan xalqın kim olduğunu göstərmək imkanınız olacaq. Gəlin bundan sonra da səs-səsə verib Allahımıza və Padşahımıza mədhlər söyləyək».
1925-ci ilin sonuna doğru qardaşlar Bruklindəki binaların genişləndirilməsini planlaşdırdılar. 1926-cı ildə təşkilatımızın tarixində o vaxta qədər həyata keçirilən ən böyük tikinti layihəsinə başlanıldı.
Adams Stritdəki tikinti layihəsi, Bruklin (Nyu-York), 1926-cı il
a İndi «Məsihi həyatı və ibadəti. İş dəftəri» adlanır.