Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 oktyabr s. 6—11
  • Yehova — «aşıb-daşan sevincimiz»

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova — «aşıb-daşan sevincimiz»
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • ƏSL XOŞBƏXTLİYİN VƏ SEVİNCİN MƏNBƏYİ
  • NƏYİNSƏ SEVİNCİMİZİ OĞURLAMASINA İZİN VERMƏYƏK
  • Sevinc — ilahi xüsusiyyət
    Gözətçi qülləsi 2018
  • Xidmətdən daha çox sevinc duyun
    Gözətçi qülləsi 2024
  • Hər şeyi bilmədiyimizi təvazökarlıqla qəbul edək
    Gözətçi qülləsi 2025
  • Səxavət göstərin, xoşbəxt olun
    Gözətçi qülləsi 2024
Əlavə
Gözətçi qülləsi 2025
w25 oktyabr s. 6—11

TƏLİM MƏQALƏSİ 40

NƏĞMƏ 111 Yehova — sevinc mənbəyimiz

Yehova — «aşıb-daşan sevincimiz»

«Aşıb-daşan sevincimə, Allahıma yaxınlaşaram» (ZƏB. 43:4).

ƏSAS FİKİR

Görəcəyik ki, sevincimizi nələr oğurlaya bilər və onu necə geri qaytara bilərik.

1, 2. a) Bu gün əksər insanlar hansı vəziyyətlə üzləşir? b) Bu məqalədə nə haqda danışacağıq?

BU GÜN əksər insanlar xoşbəxt olmaq üçün müxtəlif şeyləri sınaqdan keçirirlər. Amma nə etsələr də, xoşbəxt ola bilmirlər ki bilmirlər. Əksinə, boşluq və məyusluq duyurlar. Yehovanın xidmətçiləri arasında da bu cür hissləri keçirənlər az deyil. «Axırzamanda» yaşadığımız üçün «son dərəcə çətin» vəziyyətlərlə üzləşirik, bunun da nəticəsində məyus olur, narahatlıq keçiririk (2 Tim. 3:1).

2 Bu məqalədə sevincimizi oğurlayan amilləri araşdıracağıq və onu geri qaytarmağın yollarından danışacağıq. Amma əvvəlcə gəlin görək əsl xoşbəxtliyin və sevincin Mənbəyi kimdir.

ƏSL XOŞBƏXTLİYİN VƏ SEVİNCİN MƏNBƏYİ

3. Yehovanın yaratdıqlarından Onun haqda nə öyrənirik? (Həmçinin şəkillərə baxın.)

3 Yehova xoşbəxt Allahdır. O bizim də xoşbəxt olmağımızı istəyir və bunun üçün nə lazımdırsa, hər şey yaradıb. Məsələn, gözəl planetimiz, al-əlvan rənglər, heyvanların məzəli hərəkətləri və bir-birindən ləzzətli növbənöv yeməklər bizim xoşbəxtliyimiz üçündür. Doğrudan da, Yehova bizi sevir və həyatdan zövq almağımızı istəyir!

Kollaj: Müxtəlif heyvanların oynaşması. 1) Bala fil suda oynayır. 2) Pinqvin balaları yellənə-yellənə qarın üstü ilə gedirlər. 3) Çəpişlər çöldə atlanıb-düşürlər. 4) Delfinlər suda hoppanıb düşürlər.

Baby elephant: Image © Romi Gamit/Shutterstock; penguin chicks: Vladimir Seliverstov/500px via Getty Images; baby goats: Rita Kochmarjova/stock.adobe.com; two dolphins: georgeclerk/E+ via Getty Images

Yaratdığı heyvanların məzəli hərəkətləri Yehovanın sevincini əks etdirir (3-cü abzasa baxın)


4. a) Yehova dünyadakı əzabları görə-görə necə xoşbəxt qala bilir? b) Yehova bizə hansı ənamı bəxş edib? (Zəbur 16:11).

4 Yehovanın «xoşbəxt Allah» olması o demək deyil ki, O bu dünyadakı əzab-əziyyətdən xəbərsizdir. Xeyr, Yehova hər şeyi yaxşı bilir (1 Tim. 1:11). Amma bu şeylərin Onun sevincini əlindən almasına imkan vermir. O, əzablarımızın müvəqqəti olduğunu bilir. Hətta onlara son qoyacağı tarixi də müəyyən edib. Yehova ağrı-acıya birdəfəlik son qoyacağı günü səbirlə gözləyir. Həmin gün gələnə qədər isə O nələrdən keçdiyimizə diqqət yetirir və bizə kömək əli uzadır. Məsələn, bundan ötrü O bizə sevinc ənamı verib. O bu ənamı Oğlu İsa Məsihə də vermişdi. (Zəbur 16:11 ayəsini oxuyun.) Gəlin qısaca bu haqda danışaq.

5, 6. İsanın xoşbəxt olmasının səbəbləri nədir?

5 Yehovanın yaratdıqları arasında ən xoşbəxti İsadır. Gəlin bunun iki səbəbinə baxaq. 1) O, «gözəgörünməz Allahın bənzəri»dir və Onun xüsusiyyətlərini hər sahədə mükəmməl şəkildə əks etdirir (Kol. 1:15: 1 Tim. 6:15). 2) İsa xoşbəxtliyin Mənbəyi olan Atası ilə hamıdan çox vaxt keçirib.

6 Bundan əlavə, İsa Atasının buyurduğu işləri görməkdən həmişə sevinc duyub (Məs. 8:30, 31; Yəh. 8:29). Elə sədaqətinə görə o, Yehovanın rəğbətini və razılığını qazanıb. Bu da ona xoşbəxtlik gətirən səbəblərdən biridir (Mət. 3:17).

7. Əsl xoşbəxtliyi necə tapa bilərik?

7 Biz də xoşbəxtliyin Mənbəyi Yehovaya yaxınlaşıb əsl xoşbəxtlik duya bilərik. Onun haqda öyrənməyə və Ona bənzəməyə nə qədər çox vaxt ayırsaq, bir o qədər xoşbəxt olacağıq. Yehovanın iradəsinə uyğun davranmaq və Onun bizdən razı qaldığını bilmək də bizə sevinc gətirəcəka (Zəb. 33:12). Bəs əgər ara-sıra və ya davamlı olaraq sevincimizin olmadığını hiss ediriksə, onda necə? Bu o deməkdir ki, artıq Yehova bizdən razı deyil? Xeyr! Biz qeyri-kamilik və hərdən məyus oluruq, depressiyaya düşürük, əzab çəkirik. Yehova bunları başa düşür (Zəb. 103:14). Gəlin görək sevincimizi nələr oğurlaya bilər və biz onu necə geri qaytara bilərik.

Sevinc duymağın yolları

Yehovadan müqəddəs ruh diləyin. Sevinc duymaq üçün Yehovaya üz tutmalıyıq. Çünki sevinc müqəddəs ruhun bəhrəsinin bir hissəsidir (Qal. 5:22). Müqəddəs ruhun köməyi ilə hətta sınaqlarla üzləşəndə «hər şeyə sevinclə və səbirlə» tab gətirə bilərik (Kol. 1:11).

Diqqətinizi ibadətə cəmləyin. Allahın Kəlamını və nəşrlərimizi müntəzəm oxuyun. «Bəxtiyarlıq bəxş edəcək müjdəni» insanlarla bölüşmək üçün hər fürsətdən istifadə edin (Luka 2:10). Ən xoşbəxt insanlar Yehovaya ibadəti həyatında birinci yerə qoyan insanlardır (Zəb. 65:4).

Hər zaman Yehovaya itaət edin. Unutmayın, Yehovanın qanunları sizin xeyrinizədir. Yehovaya itaət etmək azadlığımızı əlimizdən almır, əksinə, bizi xoşbəxtliyə aparır (Luka 11:28).

NƏYİNSƏ SEVİNCİMİZİ OĞURLAMASINA İZİN VERMƏYƏK

8. Həyat qayğılarına görə hansı hissləri keçirə bilərik?

8 Oğru № 1: Həyat qayğıları. Ola bilsin, təqiblər, təbii fəlakətlər, kasıbçılıq, xəstəlik və ya qocalıq ucbatından əzab çəkirsiniz. Bu cür problemlər sevincinizi asanlıqla oğurlaya bilər. Xüsusilə də vəziyyəti dəyişmək sizdən asılı deyilsə. Müqəddəs Kitabda da deyildiyi kimi «qəlb ağrısı ruhu əzər» (Məs. 15:13). Ağsaqqal kimi xidmət edən Babis adlı bir qardaş da bu cür hisslər keçirmişdi. O, dörd ilin içində qardaşını, atasını və anasını itirib. Babis deyir: «Özümü tək, köməksiz hiss edirdim. Ürəyim məni yeyib-bitirirdi, çünki valideynlərimlə və qardaşımla daha çox vaxt keçirmək istəsəm də, həyat qayğılarına görə buna imkanım olmurdu». Bəli, həyat qayğıları bizi fiziki və emosional cəhətdən çökdürə bilər.

9. Sevincimizi qaytarmağa bizə nə kömək edə bilər? (Ərəmya 29:4—7, 10).

9 Sevincimizi necə qaytara bilərik? Bunun üçün vəziyyətə real baxmalı və sahib olduğumuz şeylərə görə minnətdar olmalıyıq. Bu gün dünya aşılayır ki, xoşbəxt olmaq üçün həyatımızda hər şey mükəmməl olmalıdır. Amma bu, düzgün fikir deyil. Məsələn, Yehova Babildə əsirlikdə olan yəhudilərə nəsihət etmişdi ki, yad ölkədə əsir olmaları ilə barışsınlar və bu çətin şəraitdə sevinclərini qorumaq üçün bacardıqlarını etsinlər. (Ərəmya 29:4—7, 10 ayələrini oxuyun.) Buradan nə öyrənmək olar? Vəziyyətinizlə barışın və həyatınızdakı yaxşı şeylərə görə minnətdar olun. Unutmayın, Yehova sizə bu həyat yolunda yar olacaq (Zəb. 63:7; 146:5). Bədbəxt hadisə nəticəsində iflic qalan Efi adlı bacı deyir: «Yehova, ailəm və yığıncaq mənə çox dəstək olurdu. Ona görə də düşünürdüm ki, əgər təslim olsam, onların əziyyətini yerə vuraram. İstəyirəm, mənə etdikləri köməyə görə minnətdar olduğumu görsünlər».

10. Problemlərlə üzləşsək də, nəyə görə sevincimizi qoruya bilərik?

10 Hətta həyatımız ürəyimiz istəyən kimi olmasa da, yaxud özümüz və ailəmiz bədbəxt hadisə ilə üzləşsə də, yenə də xoşbəxt ola bilərikb (Zəb. 126:5). Çünki xoşbəxtliyimiz şəraitimizdən asılı deyil. Mariya adlı bir öncül bacı deyir: «Problemlər zamanı xoşbəxt olmaq mənfi hissləri boğmaq demək deyil. Bu, Yehovanın vədlərini unutmamaq deməkdir. Atamız Yehova sevincimizi qorumağa kömək edəcək». Yadda saxlayın ki, problemləriniz dağ boyda olsa da, onlar müvəqqətidir, dəniz sahilindəki ayaq izləri kimidirlər. Çox tezliklə onlar yuyulub gedəcək və geriyə heç bir iz qalmayacaq.

11. Həvari Bulusun nümunəsi sizi necə ruhlandırır?

11 Problemlərlə üzləşəndə düşünməyin ki, bu, Yehovanın sizdən narazı olduğunu göstərir. Belə fikirlər yarananda çətin sınaqlarla üzləşmiş Yehovanın sadiq xidmətçilərini yadınıza salın. Onlardan biri Həvari Bulus idi. İsa Məsih onu «xalqlara, o cümlədən hökmdarlara və İsrail oğullarına» həqiqəti çatdırması üçün şəxsən seçmişdi (Həv. 9:15). Bu çox şərəfli tapşırıq idi. Amma Bulusun həyatı dərd-sərsiz deyildi. Ard-arda onun başına bəlalar gəlmişdi (2 Kor. 11:23—27). Bəs bu o demək idi ki, o, Yehovanın razılığını itirib? Əlbəttə ki, yox. Əksinə, Bulusun dözüm göstərməsi Yehovanın onunla olduğuna işarə edirdi (Rom. 5:3—5). İndi isə öz vəziyyətiniz haqda düşünün. Görün nə qədər çətinliyə sədaqətlə dözürsünüz. Ona görə də Yehovanın sizdən razı olduğuna siz də əmin ola bilərsiniz.

12. Arzularımızın gerçəkləşməməsi bizə necə təsir edə bilər?

12 Oğru № 2: Yerinə yetməyən arzular (Məs. 13:12). Yehovaya məhəbbət və minnətdarlıq hissi bizi Onun yolunda məqsədlər qoymağa təşviq edir. Amma məqsədlərimiz real deyilsə, ruhdan düşə bilərik (Məs. 17:22). Holi adlı bir öncül bacı deyir: «Mənim Padşahlıq müjdəçiləri məktəbində oxumaq, başqa ölkədə xidmət eləmək, ya da Ramapo tikinti layihəsində iştirak etmək məqsədim var idi. Amma şəraitim dəyişdiyi üçün artıq bu məqsədlərdən heç birinə çata bilməzdim. Yaman məyus idim. İnsanın ürəyində çoxlu arzusu olanda, amma onlara çata bilməyəndə məyus olur». Bu hisslər çoxlarına tanışdır.

13. Şəraitimizdən asılı olmayaraq, qarşımıza hansı məqsədləri qoya bilərik?

13 Sevincimizi necə qaytara bilərik? Unutmayın, Yehova tələbkar Allah deyil. O, bacardığımızdan artığını gözləmir və bizə xidmətdə gördüyümüz işlərə görə dəyər vermir. Yehova bizim təvazökar və sədaqətli olmağımızı istəyir (Mik. 6:8; 1 Kor. 4:2). Onun üçün etdiklərimizdən çox, daxilən necə insan olmağımız vacibdir. Sizcə, özümüzdən Yehovanın gözlədiyindən artığını gözləmək düzgün olar?c Əlbəttə, yox! Odur ki, vəziyyətiniz Yehovaya xidmətdə arzuladığınız işləri görməyə imkan vermirsə, gücünüz çatanı edin. Məsələn, bəlkə, gənclərlə təcrübənizi bölüşəsiniz, ya da yaşlılara kömək edəsiniz? Kimisə üzbəüz, zəng edərək, yaxud mesaj yazaraq ruhlandırmağı məqsəd qoya bilərsiniz? Bu cür vacib və real məqsədlərə can atmağınız Yehovanın ürəyincədir və O, mükafat olaraq sizə sevinc bəxş edəcək. Həmçinin bir şeyi də yadda saxlayın ki, tezliklə yeni dünyada Yehovaya xidmət etmək üçün qarşınızda ağlınıza belə gəlməyən imkanlar açılacaq. Məhz bu fikir Holini ruhlandırmışdı. O deyir: «Ruhdan düşməyə başlayan kimi dayanıb düşünürəm: “Mənim qarşımda əbədiyyət olacaq”. Yehovanın köməyi ilə mən yeni dünyada məqsədlərimin bəzilərinə çata biləcəyəm».

14. Sevincimizi başqa nə oğurlaya bilər?

14 Oğru № 3: Yalnız özümüz üçün yaşamaq. Adətən sosial şəbəkələrdə belə bir fikir irəli sürülür ki, insan hər şeyi özü üçün etsə, xoşbəxtlik və məmnunluq duyacaq. Onlar insanlara hobbinin, alış-verişin və səyahət etməyin hər şeydən vacib olduğunu aşılayırlar. Bütün bu şeyləri edib zövq almaqda pis bir şey yoxdur. Yehova Özü bizə gözəl şeylərdən həzz almaq bacarığı verib. Amma çoxları fikir verib ki, onlara sevinc gətirəcəyini düşündükləri şeylər, əslində, onların sevincini əlindən alıb. Öncül kimi xidmət edən Eva bacı deyir: «Həyatın yalnız özünü razı salmaqdan ibarətdirsə, həmişə daha artığını istəyəcəksən». Həmişə öz istəklərimizə üstünlük versək, nəticədə daxilimizdə məyusluq və boşluq hiss edəcəyik.

15. Süleyman padşahdan nə öyrənirik?

15 Süleyman padşahın həyatı təsdiq edir ki, insanın yalnız özü üçün yaşaması sevincini oğurlayır. Süleyman xoşbəxtliyə şəxsi istəklərini təmin etməklə nail olmağa çalışırdı. Məsələn, o, ləziz təamlardan, gözəl musiqidən və o dövrdə pulla alına bilən hər şeydən sevinc duymağa çalışırdı. Amma bu şeylərin heç biri ona məmnunluq gətirmirdi. O demişdi: «Göz görməkdən doymaz, qulaq eşitməkdən» (Vaiz 1:8; 2:1—11). Bu dünyanın əsl sevinclə bağlı fikirləri saxta pula bənzəyir: dəyərli görünür, amma heç bir işə yaramır.

16. Başqaları üçün nələrsə etmək sevincimizi geri qaytarmağa necə kömək edir? (Həmçinin şəkillərə baxın.)

16 Sevincimizi necə qaytara bilərik? İsa öyrədirdi ki, «vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həv. 20:35). Alekos adlı bir ağsaqqal deyir: «Mən kiçik şeylərdə başqalarına kömək etməyə çalışıram. Nə qədər çox başqalarına kömək edirəm, bir o qədər diqqətim özümə cəmlənmir. Bu isə məni daha da xoşbəxt edir». Bəs siz başqaları üçün nə edə bilərsiniz? Kiminsə kədərli olduğunu görürsünüzsə, çalışın onu ruhlandırasınız. Ola bilsin, onun problemini həll edə bilmərsiniz, amma onu şəfqətlə dinləsəniz, anlayışla yanaşsanız və problemini Yehovanın öhdəsinə buraxmağa təşviq etsəniz, ona təsəlli verəcəksiniz (Zəb. 55:22; 68:19). Həmçinin həmin insanı əmin edin ki, Yehova onu tərk etməyib (Zəb. 37:28; Əşy. 59:1). Bundan əlavə, ona bir sıra işlərdə də kömək edə bilərsiniz. Məsələn, ona yemək bişirmək və ya onunla bir yerdə sadəcə gəzməyə çıxmaq olar. Həmçinin onunla təbliğə gedə bilərsiniz, çünki xoş xəbəri bölüşmək insana həmişə sevinc gətirir. Qoyun Yehova sizin vasitənizlə başqalarını ruhlandırsın. Diqqəti özünüzə yox, başqalarına cəmləmək sizə əsl xoşbəxtlik gətirəcək! (Məs. 11:25).

Kollaj: 1) Bir bacı kafedə tək oturub və telefonun ekranını yuxarı-aşağı sürüşdürür. Yanında alış-veriş etdiyi çantalar var. 2) Bu bacı əlində gül yaşlı bacının evinə gəlib, o bunu edərkən sevinc duyur.

Fikrinizi yalnız öz istəklərinizə cəmləməyin, başqalarının ehtiyacını da düşünün (16-cı abzasa baxın)d


17. Əsl xoşbəxtliyə nail olmaq istəyiriksə, nə etməliyik? (Zəbur 43:4).

17 Səmavi Atamız Yehovaya yaxınlaşmağa davam etdikcə əsl xoşbəxtliyi duyacağıq. Müqəddəs Kitabda deyildiyi kimi «Yehova aşıb-daşan» sevincimizdir. (Zəbur 43:4 ayəsini oxuyun.) Buna görə də həyatımızda nə baş verirsə versin, təlaşa düşməyə səbəb yoxdur. Gəlin bundan sonra da diqqətimizi tükənməz sevinc Mənbəyimizə, Yehovaya cəmləyək! (Zəb. 144:15).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Yehova və İsa Məsih nəyə görə xoşbəxtdir?

  • Nələr sevincimizi oğurlaya bilər?

  • Sevincimizi necə geri qaytara bilərik?

NƏĞMƏ 155 Sevinc əbədi sərvətdir

a «Sevinc duymağın yolları» adlı çərçivəyə baxın.

b Nümunə üçün jw.org saytından «Rəhbərlik Şurasının müraciəti 5 (2023)» videosunda Dennis və İrina Kristensenin müsahibəsinə baxın.

c Ətraflı məlumat almaq üçün «Gözətçi qülləsi»nin 2008-ci il 15 iyul sayında yerləşən «Əlçatan məqsədlərə can at və sevincini qoru» adlı məqaləyə baxın.

d ŞƏKLİN İZAHI. Bacı özü üçün çoxlu alış-veriş edib. Amma o, əsl xoşbəxtliyi ruhlanmağa ehtiyacı olan yaşlı bir bacıya gül alanda duyur.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş