Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • nwt Zəkəriyyə 1:1—14:21
  • Zəkəriyyə

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Zəkəriyyə
  • Müqəddəs Kitab
Müqəddəs Kitab
Zəkəriyyə

ZƏKƏRİYYƏ

1 Daranın hakimiyyətinin ikinci ilinin səkkizinci ayında+ İddu oğlu Bərxiyanın oğlu Zəkəriyyə* peyğəmbərə+ Yehovanın sözü nazil oldu: 2 «Yehova atalarınıza bərk qəzəblənmişdi.+

3 Onlara söylə ki, ordular Allahı Yehovanın sözü budur: “Mənə tərəf dönün, — bəyan edir ordular Allahı Yehova, — Mən də sizə tərəf dönərəm,+ — deyir ordular Allahı Yehova”.

4 Atalarınız kimi olmayın! Əvvəlki peyğəmbərlər: “Ordular Allahı Yehovanın sözü budur: “Pis yollarınızdan, şər əməllərinizdən əl çəkin, Mənə tərəf dönün”, — deyərək onları səsləyirdilər”.+

“Amma onlar Məni eşitmədilər, Mənə etina etmədilər”,+ — bəyan edir ordular Allahı Yehova.

5 Hanı atalarınız? Hanı peyğəmbərləriniz? Onlar əbədi qaldılar? 6 Məgər qulum peyğəmbərlərə buyurduğum sözlər və hökmlər atalarınızın dövründə icra olmadı?+ Onlar etiraf edib demişdilər: “Ordular Allahı Yehova yollarımıza və əməllərimizə görə bizə nə etmək istədisə, onu da etdi”».+

7 Daranın hakimiyyətinin ikinci ilində,+ on birinci ay olan şvat* ayının iyirmi dördüncü günündə mənə, İddu oğlu, Bərxiya oğlu Zəkəriyyə peyğəmbərə Yehovanın sözü nazil oldu. 8 Gecə vaxtı idi. Mən röyada gördüm ki, dərədə, mərsin ağaclarının arasında qırmızı atın belində bir adam dayanıb. Onun arxasında qırmızı, kəhər və ağ atlar var.

9 Mən soruşdum: «Ağam, bu atlılar kimdir?»

Mənimlə danışan mələk cavab verdi: «Onların kim olduğunu sənə göstərəcəyəm».

10 Mərsin ağaclarının arasında dayanan adam belə dedi: «Bunları Yehova dünyanı gəzib-dolaşmaq üçün göndərib». 11 Onlar mərsin ağaclarının arasında dayanan Yehovanın mələyinə dedilər: «Biz dünyanı gəzib-dolaşdıq və gördük ki, bütün dünya asayiş və əmin-amanlıq içindədir».+

12 Onda Yehovanın mələyi dedi: «Ey ordular Allahı Yehova, bu yetmiş il ərzində+ qəzəbləndiyin Yerusəlim və Yəhuda şəhərlərindən mərhəmətini nə vaxtadək əsirgəyəcəksən?»+

13 Yehova mənimlə danışan mələyə xoş, təsəlliverici sözlərlə cavab verdi. 14 Mənimlə danışan mələk mənə dedi: «Car çəkib de: “Ordular Allahı Yehova belə deyir: “Mən Yerusəlimin və Sionun qeyrətini çəkirəm, qeyrətim sarsılmazdır.+ 15 Arxayın yaşayan xalqlara qarşı bərk qəzəblənmişəm,+ çünki Mən xalqıma azca hirslənmişdim,+ onlar isə xalqıma divan tutdular”.+

16 Buna görə Yehova deyir: “Mən Yerusəlimə mərhəmətlə qayıdacağam.+ Mənim evim orada tikiləcək,+ — bəyan edir ordular Allahı Yehova, — bütün Yerusəlim boyu ölçü ipi çəkiləcək”.+

17 Həmçinin car çəkib de: “Ordular Allahı Yehova deyir: “Şəhərlərimin neməti yenə aşıb-daşacaq, Yehova yenə Sionun+ halına acıyacaq və yenə Yerusəlimi seçəcək”».+

18 Sonra başımı qaldırıb baxdım və dörd buynuz gördüm.+ 19 Mənimlə danışan mələkdən soruşdum: «Bunlar nədir?» O, mənə cavab verdi: «Bunlar Yəhudanı,+ İsraili+ və Yerusəlimi+ didərgin salmış buynuzlardır».

20 Sonra Yehova mənə dörd usta göstərdi. 21 Mən soruşdum: «Onlar nə etmək istəyirlər?»

O dedi: «Buynuzlar Yəhudanı elə səpələdilər ki, heç kim başını qaldıra bilmədi. Bu ustalar isə gəlib ki, Yəhuda diyarına buynuz qaldırıb səpələyən xalqları dəhşətə salsın və buynuzlarını qırıb atsın».

2 Mən başımı qaldırıb baxdım və bir adam gördüm. Onun əlində ölçü ipi+ var idi. 2 Mən soruşdum: «Hara gedirsən?»

O cavab verdi: «Yerusəlimi ölçməyə gedirəm, baxım görüm onun eni, uzunu nə qədərdir».+

3 Mənimlə danışan mələk məndən ayrılanda başqa mələk onu qarşılamağa çıxdı. 4 O, ona dedi: «Qaç, o cavana de: “Yerusəlimdə o qədər insan və heyvan olacaq ki,+ şəhər divarsız kəndlər kimi məskunlaşacaq.+ 5 Mən onun ətrafında odlu divar olacağam,+ onun içini əzəmətimlə dolduracağam”», — bəyan edir Yehova.+

6 «Haydı, haydı! Şimal ölkəsindən qaçın!»+ — bəyan edir Yehova.

«Çünki sizi dünyanın dörd səmtinə* səpələdim»,+ — bəyan edir Yehova.

7 «Haydı, Sion! Ey Babil qızı ilə birlikdə yaşayan, qaç canını qurtar!+ 8 Ordular Allahı Yehova, şanı ucalandan sonra, məni sizi talan edən xalqların yanına göndərib dedi:+ “Sizə toxunan Mənim göz bəbəyimə toxunur.+ 9 Əlimi onlara qarşı qaldıracağam, öz qulları onları qarət edəcək”.+ Onda biləcəksiniz ki, məni ordular Allahı Yehova göndərib.

10 Ey Sion qızı, sevin, şadlan!+ Bax, gəlirəm,+ aranızda məskən salacağam,+ — bəyan edir Yehova. — 11 Həmin gün çoxlu xalqlar Yehovanın ətəyindən yapışacaq+ və Mənim ümmətim olacaq. Mən sizin aranızda məskən salacağam». Onda biləcəksiniz ki, məni sizin yanınıza ordular Allahı Yehova göndərib. 12 Yehova müqəddəs torpaqda Yəhudanı Öz payı kimi mülk edəcək və yenə Yerusəlimi seçəcək.+ 13 Ey bəşər, Yehovanın önündə sükut et! Çünki O, müqəddəs məskənindən hərəkətə keçib!

3 Yehova mənə Öz mələyinin önündə duran baş kahin Yuşəni+ və ona müqavimət göstərmək üçün onun sağında duran Şeytanı+ göstərdi. 2 Yehovanın mələyi Şeytana dedi: «Yehova sənin cəzanı versin, ey Şeytan,+ qoy Yerusəlimi seçmiş+ Yehova səni məhkum etsin! Məgər bu adam alovun içindən çıxarılmış yanar odun parçası deyil?»

3 Yuşə kirli paltarda mələyin hüzurunda durmuşdu. 4 Mələk önündə dayananlara dedi: «Kirli paltarı onun əynindən çıxarın». Sonra ona dedi: «Bax, Mən təqsirini üzərindən götürdüm, sənə gözəl libas geyindiriləcək».+

5 Onda mən dedim: «Qoy onun başına təmiz əmmamə qoysunlar».+ Onun başına təmiz əmmamə qoydular və əyninə libas geyindirdilər. Yehovanın mələyi də orada dayanmışdı. 6 Yehovanın mələyi Yuşəyə bəyan etdi: 7 «Ordular Allahı Yehova belə deyir: “Əgər sən yollarımla yerisən, sənə həvalə etdiyim məsuliyyəti icra etsən, evimdə hakimlik edəcəksən,+ həyətlərimi qoruyacaqsan və Mən sənə burada duranlarla bərabər hüzuruma gəlməyə izin verəcəyəm”.

8 “Ey baş kahin Yuşə, sən və sənin önündə oturan, rəmzi məna daşıyan yoldaşların, qulaq asın: Mən qulum+ Pöhrəni+ gətirirəm! 9 Yuşənin qarşısına qoyduğum daş budur! Bu daşın üstündə yeddi göz var. Mən onun üzərinə yazı həkk edirəm, — bəyan edir ordular Allahı Yehova, — o torpağın təqsirini bir gündə siləcəyəm”.+

10 “O gün hər biriniz soydaşını öz meynəsinin, öz əncir ağacının altında oturmağa çağıracaq”, — bəyan edir ordular Allahı Yehova».+

4 Mənimlə danışan mələk geri qayıdıb məni oyatdı, sanki, yatmış adamı oyadırdı. 2 Sonra məndən soruşdu: «Nə görürsən?»

Mən dedim: «Büsbütün qızıldan olan çıraqdan görürəm.+ Onun yuxarısında bir kasa var, üstündə isə yeddi çıraq.+ Bu yeddi çırağın yeddi lüləsi var. 3 Çıraqdanın yanında iki zeytun ağacı+ durub; biri kasanın sağında, biri solunda».

4 Sonra mənimlə danışan mələkdən soruşdum: «Ağam, bunlar nə deməkdir?» 5 O dedi: «Məgər bunların mənasını bilmirsən?»

Mən dedim: «Xeyr, ağam».

6 Onda mələk mənə dedi: «Yehovanın Zərubabilə sözü budur: “Hərb gücü ilə yox, güc-qüvvə ilə yox,+ Mənim ruhumla”,+ — deyir ordular Allahı Yehova. 7 Sən kimsən, ey uca dağ?! Zərubabilin+ önündə düzəngaha çevriləcəksən.+ O, “Nə gözəldir! Nə qəşəngdir!” sədaları altında təpə daşını qaldırıb qoyacaq».

8 Mənə Yehovanın sözü nazil oldu: 9 «Bu evin bünövrəsini Zərubabilin əlləri qoydu,+ onun əlləri də bu işi tamamlayacaq.+ Onda biləcəksiniz ki, məni sizin yanınıza ordular Allahı Yehova göndərib. 10 Kiçik işlərlə başlanmış günlərə kim həqarət edirdi?+ Zərubabilin əlində şaqulu görənlər sevinəcək. Həmin yeddi göz Yehovanın gözləridir. Onlar bütün dünyanı seyr edir».+

11 Mən ondan soruşdum: «Çıraqdanın sağında və solunda olan o iki zeytun ağacı nəyi bildirir?»+ 12 Sonra soruşdum: «Bəs zeytun ağaclarının iki qızıl lülədən qızıl maye axıdan iki budağı nəyi bildirir?»

13 Onda o, mənə dedi: «Məgər bunların mənasını bilmirsən?»

Mən dedim: «Xeyr, ağam».

14 O, mənə dedi: «Bunlar Xudavəndi-aləmin yanında duran iki məsh olunmuşu bildirir».+

5 Yenə başımı qaldırıb baxdım və bir uçan tumar gördüm. 2 Mələk məndən soruşdu: «Nə görürsən?»

Mən dedim: «Uçan tumar görürəm. Onun uzunluğu iyirmi qulac*, eni on qulacdır».

3 Onda o, mənə dedi: «Bu, bütün dünya üzərinə gələn lənətdir. Çünki tumarın bu üzündə yazıldığı kimi, oğurluq edən kəs+ cəzasız qalıb. Tumarın o biri üzündə yazıldığı kimi, yalandan and içən kəs+ də cəzasız qalıb. 4 Ordular Allahı Yehova bəyan edir: “Onu Mən göndərmişəm; o, oğrunun da, yalandan adımla and içənin də evinə girəcək və orada qalacaq. Həmin evi, onun tirlərini və daşlarını dağıdacaq”».

5 Mənimlə danışan mələk yaxınlaşıb mənə dedi: «Başını qaldırıb bax, gör yaxınlaşan nədir».

6 Mən soruşdum: «Bu nədir?»

O dedi: «Bu gələn ölçü qabıdır*». Sonra əlavə etdi: «Bu, bütün dünyadakı pislərin görkəmidir». 7 Ölçü qabının dəyirmi qurğuşun qapağı qaldırılanda gördüm ki, onun içində bir qadın oturub. 8 Mələk dedi: «Bu Şərdir». Sonra o, qadını qabın içinə itələyib ağzını qurğuşun qapaqla bağladı.

9 Yenə başımı qaldıranda gördüm ki, iki qadın yaxınlaşır. Onlar küləyin axını ilə süzürdülər. Qanadları leylək qanadına oxşayırdı. Onlar ölçü qabını yerlə göy arasına qaldırdılar. 10 Mənimlə danışan mələkdən soruşdum: «Onlar ölçü qabını hara aparırlar?»

11 O dedi: «Şinar* diyarına.+ Orada qadın üçün ev tikiləcək, ev hazır olanda qadın layiq olduğu yerə qoyulacaq».

6 Sonra yenə başımı qaldırıb baxdım və iki dağ arasından çıxan dörd cəng arabası gördüm. Dağlar misdən idi. 2 Birinci araba qırmızı atlara, ikinci araba qara,+ 3 üçüncü araba ağ, dördüncü araba isə xallı və ala-bula atlara qoşulmuşdu.+

4 Mənimlə danışan mələkdən soruşdum: «Ağam, bunlar nədir?»

5 Mələk cavab verdi: «Bunlar göylərin dörd ruhudur.+ Onlar Xudavəndi-aləmin hüzurunda durmuşdular,+ indi oradan çıxıb gəlirlər. 6 Qara atlar şimal diyarına,+ ağ atlar dənizin o tayına, xallı atlar cənub diyarına gedəcək. 7 Ala-bula atlar yer üzünü dolaşmağa can atırlar». Sonra o dedi: «Gedin, yer üzünü dolaşın!» Onlar yer üzünü dolaşmağa başladılar.

8 O, mənə ucadan dedi: «Bax, şimal diyarına gedənlər Yehovanın oraya qarşı qəzəbini soyutdular».

9 Mənə yenidən Yehovanın sözü nazil oldu: 10 «Əsirlikdəki camaatın göndərdiyi bəxşişləri Həldayın, Tubyahın və Yadayın əlindən götür. Babildən gələn bu adamlarla birgə, elə həmin gün, Səfənya oğlu Yuşiyyənin evinə get. 11 Qızıl və gümüşdən tac düzəlt, onu baş kahin Yəhusadiq oğlu Yuşənin başına qoy.+ 12 Ona söylə:

“Ordular Allahı Yehova deyir: “Bax, Pöhrə+ adlı adam budur! O, olduğu yerdə boy atacaq və Yehovanın məbədini tikəcək.+ 13 Yehovanın məbədini o tikəcək. O, əzəmət sahibi olacaq, öz taxtında oturub hökmranlıq edəcək+ və bu taxtda kahinlik edəcək. Bu iki vəzifə bir-biri ilə həmahəng olacaq. 14 Tac Hələmin, Tubyahın, Yadayın,+ Səfənya oğlu Hənin xatirəsi kimi Yehovanın məbədində qalacaq. 15 Uzaqda olanlar gəlib Yehovanın məbədinin tikintisində işləyəcək”. Onda biləcəksiniz ki, məni sizin yanınıza ordular Allahı Yehova göndərib. Əgər Allahınız Yehovaya qulaq assanız, belə də olacaq».

7 Şah Daranın hakimiyyətinin dördüncü ilində, doqquzuncu ay olan kislev* ayının dördüncü günü Zəkəriyyəyə+ Yehovanın sözü nazil oldu. 2 Beytel əhli Yehovadan lütf diləmək üçün Şarasarı, Riğəmməliki və onun adamlarını göndərib 3 ordular Allahı Yehovanın peyğəmbərlərindən və məbəddəki kahinlərdən soruşdu: «Bu illər boyu etdiyimiz kimi, beşinci ayda+ da oruc tutub ağlayaqmı?»

4 Onda mənə ordular Allahı Yehovanın sözü nazil oldu: 5 «Bütün ölkə camaatına və kahinlərə de: “Yetmiş il+ ərzində beşinci və yeddinci aylarda+ oruc tutub ağladığınız zaman məgər Mənim üçün oruc tuturdunuz? 6 Bəlkə yeyib-içdiyiniz zaman Mənim üçün yeyib-içirdiniz? 7 Məgər Yerusəlimlə ətraf şəhərlər əmin-amanlıq içində yaşayanda, Negev və Şəfla sakinli olanda siz Yehovanın əvvəlki peyğəmbərlər+ vasitəsilə dediyi sözlərə itaət etməli deyildiniz?”»

8 Zəkəriyyəyə yenə Yehovanın sözü nazil oldu: 9 «Ordular Allahı Yehova deyir: “Haqq-ədalətlə mühakimə edin.+ Bir-birinizə qarşı xeyirxah,+ mərhəmətli olun. 10 Dul qadını, yetimi,+ qəribi+ və məzlumu+ aldatmayın. Ürəyinizdə bir-birinizə qarşı pis niyyət olmasın”.+ 11 Lakin onlar qulaq asmaq istəmədilər,+ inadla arxa çevirdilər,+ qulaqlarını tıxadılar ki, eşitməsinlər.+ 12 Ürəklərini almaz daşı* kimi sərt etdilər ki,+ ordular Allahı Yehovanın Öz ruhu vasitəsilə, əvvəlki peyğəmbərlərin dili ilə bildirdiyi qanun və sözlərə əməl etməsinlər.+ Buna görə ordular Allahı Yehova bərk qəzəbləndi».+

13 «Ordular Allahı Yehova deyir: “Necə ki Mən çağıranda onlar qulaq asmadılar,+ onlar da çağıranda Mən qulaq asmadım.+ 14 Onları tufan səpələyən kimi tanımadıqları xalqların arasına səpələdim.+ Yurdları viran qaldı, oraya gedib-gələn olmadı.+ Onlar gözəl torpağı acınacaqlı hala saldılar”».

8 Mənə yenə ordular Allahı Yehovanın sözü nazil oldu: 2 «Ordular Allahı Yehova deyir: “Coşğun qeyrətlə Sionun qeyrətini çəkəcəyəm.+ Kükrəyən qəzəblə onun qeyrətini çəkəcəyəm”.

3 Yehova deyir: “Siona qayıdacağam,+ Yerusəlimdə məskən salacağam.+ Yerusəlimə həqiqət* şəhəri,+ ordular Allahı Yehovanın dağına müqəddəs dağ deyiləcək”.+

4 Ordular Allahı Yehovanın sözü budur: “Yerusəlim meydanlarında yenə ahıl kişilər, qoca qarılar əyləşəcək. Yaşları çox olduğundan hər biri əlində çəlik tutacaq.+ 5 Şəhər meydanları atılıb-düşən oğlan və qız uşaqları ilə dolacaq”.+

6 Ordular Allahı Yehovanın sözü budur: “Əgər o günlərdə xalqın sağ qalanlarının gözündə bu iş müşkül görünərsə, məgər Mənə də müşkül görünməlidir?” — bəyan edir ordular Allahı Yehova.

7 Ordular Allahı Yehovanın sözü budur: “Bax, Mən Öz xalqımı gündoğan və günbatan torpaqlarından çıxaracağam.+ 8 Onları Yerusəlimə gətirəcəyəm, orada yaşayacaqlar.+ Onlar Mənim xalqım olacaq, Mən də sədaqətlə, ədalətlə onların Allahı olacağam”.+

9 Ordular Allahı Yehovanın sözü budur: “Ey ordular Allahı Yehovanın evini, məbədi tikmək üçün təməl qoyulan gün deyilən sözləri bu gün peyğəmbərlərin dilindən eşidənlər,+ cəsur olun!+ 10 O günlərə qədər nə insanın, nə də heyvanın zəhməti üçün haqq verilmirdi.+ Düşmənlərin əlindən heç kəs rahat gedib-gələ bilmirdi. Çünki insanları bir-birinin üstünə qaldırmışdım”.

11 Ordular Allahı Yehova bəyan edir: “Ancaq indi xalqın sağ qalanları ilə əvvəlki kimi rəftar etməyəcəyəm.+ 12 Çünki sülh toxumu əkiləcək, tənək bəhrəsini, yer məhsulunu,+ göylər isə şehini verəcək. Bütün bunları xalqın sağ qalanlarına irs verəcəyəm.+ 13 Sizi qurtaracağam, ey Yəhuda və İsrail evi. Siz xalqlar arasında lənətli olmuşdunuz,+ indi isə nemət olacaqsınız.+ Qorxmayın,+ cəsur olun!”+

14 Ordular Allahı Yehovanın sözü budur: “Atalarınız Məni qəzəbləndirdiyi üçün başınıza fəlakət gətirməyi qət etdim və peşman olmadım, — deyir ordular Allahı Yehova.+ — 15 Bu günlərdə isə Yerusəlimə və Yəhuda evinə+ yaxşılıq etməyi qət etmişəm. Qorxmayın!”+

16 “Belə edin: bir-birinizə həqiqəti söyləyin.+ Şəhər darvazasında verilən hökmlər haqq-ədaləti, sülhü ucaltmalıdır.+ 17 Ürəyinizdə bir-birinizə qəsd qurmayın,+ yalandan and içməyin*,+ çünki Mən bütün bunlara nifrət edirəm”,+ — bəyan edir Yehova».

18 Mənə yenidən ordular Allahı Yehovanın sözü nazil oldu: 19 «Ordular Allahı Yehovanın sözü budur: “Dördüncü,+ beşinci,+ yeddinci+ və onuncu+ ayların orucu Yəhuda evi üçün sevinc, şadlıq, toy-bayram günləri olacaq.+ Odur ki, haqq-ədaləti və sülhü sevin”.

20 Ordular Allahı Yehovanın sözü budur: “Hələ çox xalqlar, çox şəhərlərin sakinləri gələcək. 21 Bir şəhərin sakinləri gedib o biri şəhərin sakinlərinə deyəcək: “Gəlin, gəlin gedək, Yehovadan lütf diləyək, ordular Allahı Yehovanı axtaraq. Bax, biz gedirik”.+ 22 Çox xalqlar və qüdrətli ümmətlər ordular Allahı Yehovanı axtarmaq və Yehovadan lütf diləmək üçün Yerusəlimə axışacaq”.+

23 Ordular Allahı Yehovanın sözü budur: “O günlərdə bütün xalqlardan olan, müxtəlif dillərdə danışan on adam+ bir yəhudinin ətəyindən* yapışıb deyəcək: “Biz də sizinlə gedirik,+ çünki eşitmişik, Allah sizinlədir”».+

9 Hökm:

«Yehovanın sözü Hədrax diyarına qarşıdır,

Dəməşqi nişan alıb.+

Çünki Yehovanın gözü bəşərin+

Və cəmi İsrail qəbilələrinin üzərindədir.

 2 Bu söz onunla* həmsərhəd olan Həməsə aiddir,+

Sura+ və Sidona+ da aiddir, çünki onlar həddən artıq ağıllıdırlar.+

 3 Sur özünə istehkam tikdi,

Torpaq qədər gümüş,

Küçənin palçığı qədər qızıl topladı.+

 4 Lakin Yehova onun mal-mülkünü əlindən alacaq,

Ordusunu dənizdə vuracaq,+

Alov onu yandırıb kül edəcək.+

 5 Aşkelon bunu görüb qorxacaq,

Qəzzə böyük əzab çəkəcək,

Ekron da həmçinin, çünki ümidi puç oldu.

Qəzzədən padşah yox olacaq,

Aşkelon bomboş qalacaq.+

 6 Aşdodda bic doğulmuş oğullar yaşayacaq.

Mən filiştlilərin* qürurunu sındıracağam.+

 7 Onların ağzından qanlı əti,

Dişləri arasından iyrənc yeməkləri dartıb çıxaracağam.

Onların sağ qalanları Allahımıza məxsus olacaq,

Yəhudada şeyx* kimi olacaq,+

Ekron isə yəbusilərə+ bənzəyəcək.

 8 Evimin ətrafında ordugah quracağam ki,+

Ora girib-çıxan olmasın.

Artıq xalqımın arasında nəzarətçi* gəzməyəcək,+

Çünki indi onların halını gözümlə görürəm.

 9 Ey Sion qızı, sevincdən cuşa gəl!

Ey Yerusəlim qızı, sevincdən hayqır!

Bax! Padşahın yanına gəlir.+

O, salehdir!

O, qurtuluş gətirir!

O, təvazökardır,+ eşşəyə,

Eşşəyin balası qoduğa minib gəlir.+

10 Mən Əfraimdən cəng arabalarını,

Yerusəlimdən atları yox edəcəyəm.

Yay-kaman sındırılacaq.

Sənin padşahın xalqlara sülhü bəyan edəcək.+

Dənizdən dənizə,

Çaydan* ta dünyanın hüdudlarınadək hakimiyyət sürəcək.+

11 Ey qadın*, sənə gəlincə, aramızdakı qan əhdinə əsasən

Məhbuslarını susuz quyudan çıxarıb azad edəcəyəm.+

12 Ey ümidi olan məhbuslar, qayıdın qalaya!+

Bu gün sənə deyirəm:

“Ey qadın, sənə ikiqat pay verəcəyəm.+

13 Yəhudanı kamantək dartacağam,

Əfraimi ox kimi kamana qoyacağam.

Ey Sion, sənin oğullarını oyadacağam,

Ey Yunan diyarı, onları sənin oğullarının üstünə qaldıracağam.

Səni, ey Sion, igidin qılıncı kimi edəcəyəm”.

14 Yehova onlarla olduğunu əyan edəcək.

Onun oxu şimşək kimi çaxacaq.

Külli-İxtiyar Yehova şeypur çalacaq,+

Cənub tufanları ilə hücuma keçəcək.

15 Ordular Allahı Yehova onları müdafiə edəcək,

Onlar sapand daşlarını udacaq və əzəcəklər.+

Şərab içmiş adamtək sevinib-şadlanacaqlar.

Onlar cam kimi,

Qurbangahın küncləri kimi dolacaqlar.+

16 Allahları Yehova o gün Öz xalqını,

Öz sürüsünü xilas edəcək.+

Onlar Onun torpağında tac üzərindəki daş-qaş kimi par-par parlayacaqlar.+

17 Onun kəraməti necə böyükdür!+

Onun calalı necə əzəmətlidir!

Oğlanlar taxıldan,

Qızlar təzə şərabdan canlanacaqlar».+

10 «Yaz yağışı mövsümündə Yehovadan yağış diləyin.

Yehovadır qara buludları yaradan,

İnsanlar üçün yağışlar yağdıran,+

Hər kəsin tarlasını göyərdən.

 2 Ev bütləri* yalan danışır,

Falçılar yalan vəhylər görür,

Mənasız yuxular danışaraq

Boş-boşuna təsəlli verməyə çalışırlar.

Buna görə camaat qoyun kimi azacaq,

Çobanları olmadığından əziyyət çəkəcəklər.

 3 Çobanlara qarşı qəzəbim alovlandı.

Zalım başçılardan* hesabat tələb edəcəyəm.

Çünki ordular Allahı Yehova Öz sürüsünə,+ Yəhuda evinə nəzər saldı,

Döyüşdə onu Özünün şahanə atı etdi.

 4 Başçı* ondan çıxacaq,

Arxa-dayaq olacaq hökmdar* da ondan çıxacaq,

Hərb kamanı və bütün nəzarətçilər ondan çıxacaq.

Bəli, hamısı ondan çıxacaq.

 5 Onlar döyüş vaxtı küçələrin palçığını tapdalayan cəngavər kimi olacaqlar.

Onlar döyüşəcəklər, çünki Yehova onlarla olacaq.+

Düşmən atlıları isə biabır olacaqlar.+

 6 Mən Yəhuda evini güclü edəcəyəm,

Yusif evini qurtaracağam,+

Onlara rəhm edəcəyəm,+

Onları qaytaracağam,

Sanki, onları heç vaxt rədd etməmişəm.+

Onlara hay verəcəyəm, axı Mən onların Allahı Yehovayam.

 7 Əfraimlilər igid kimi olacaq,

Ürəkləri, şərab içmiş kimi, cuşa gələcək.+

Oğulları bunu görüb şadlanacaq,

Ürəklərinin sevinci Yehova olacaq.+

 8 “Fit çalıb onları bir yerə toplayacağam.

Onları qurtaracağam,+ onlar artacaqlar,

Çoxaldıqca çoxalacaqlar.

 9 Onları toxum kimi xalqlar arasına səpələsəm də,

Çox-çox uzaqlarda Məni xatırlayacaqlar.

Oğulları ilə birgə dirçəlib qayıdacaqlar.

10 Onları Misir torpağından qaytaracağam,

Aşşurdan toplayacağam,+

Gilad torpağına+ və Livana gətirəcəyəm.

Onlara yer bəs etməyəcək.+

11 O, dənizi yarıb keçəcək, onu təlatümə gətirəcək,

Dalğaları vurub yatıracaq,+

Nilin dibi quruyacaq.

Aşşurun qüruru yerə vurulacaq,

Misirin hökmdar əsası əlindən alınacaq.+

12 Mən Yehova onları güclü edəcəyəm.+

Onlar adıma layiq yaşayacaqlar”,+ — bəyan edir Yehova».

11 «Ey Livan, qapılarını aç,

Qoy sidrləri alov yandırıb kül etsin.

 2 Ey ardıc ağacı, fəryad et, çünki sidr ağacı yıxıldı,

Möhtəşəm ağaclar məhv oldu!

Ey Başan palıdları, fəryad edin,

Keçilməz meşə məhv oldu!

 3 Dinləyin! Çobanlar fəğan edir,

Onların yaşıl otlaqları boş qalıb.

Dinləyin! Gənc aslanlar nərildəyir,

İordanboyu cəngəlliklər məhv olub.

4 Allahım Yehova deyir: “Ölümə gedən sürünü otar.+ 5 Sürünü alanlar qoyun-quzunu öldürür,+ amma təqsirkar bilinmir. Satanlarsa+ belə deyir: “Yehovaya şükür, varlanacağam”. Çobanların onlara yazığı gəlmir”.+

6 “Bu diyarın sakinlərinə daha rəhm etməyəcəyəm, — bəyan edir Yehova. — Hər kəsi soydaşına və padşahına təslim edəcəyəm. Onlar bu ölkəni darmadağın edəcəklər, heç birini onların əlindən qurtarmayacağam”».

7 Ey sürüdəki məzlumlar! Ölümə gedən sürünü sizdən ötrü otardım.+ İki dəyənək götürdüm. Birinə «Lütf», digərinə «Birlik»+ adını qoydum və sürünü otarmağa başladım. 8 Bir ayın içində üç çobanı qovdum, çünki onlar məni təngə gətirmişdi, onların da məndən zəhləsi gedirdi. 9 Sonra dedim: «Daha sizi otarmayacağam. Ölən ölsün, qırılan qırılsın! Sağ qalanlar isə qoy bir-birinin ətini yesin». 10 Mən «Lütf»+ adlı dəyənəyimi götürüb sındırdım. Beləcə, xalqımla bağladığım əhdi pozdum. 11 Əhd o gün ləğv oldu, mənə baxan sürüdəki məzlumlar bildilər ki, bu, Yehovanın sözüdür.

12 Mən onlara dedim: «Əgər sizə xoşdursa, mənə haqqımı verin, xoş deyilsə, verməyin». Onlar otuz gümüş sayıb haqqımı verdilər.+

13 Onda Yehova mənə dedi: «Budur onların Mənə verdiyi yüksək qiymət! At onları xəzinəyə!»+ Mən də otuz gümüşü götürüb Yehovanın evindəki xəzinəyə atdım.+

14 Sonra Yəhuda ilə İsrail arasındakı qardaşlıq tellərini kəsmək üçün+ «Birlik»+ adlı o biri dəyənəyimi də sındırdım.

15 Yehova mənə dedi: «Yarıtmaz çobanın əşyalarını götür.+ 16 Mənim iznimlə ölkədə bir çoban peyda olacaq. O, tələf olanlara məhəl verməyəcək,+ quzuları axtarmayacaq, yaralıları sağaltmayacaq,+ sağlamları bəsləməyəcək. Əksinə, kök qoyunların ətini yeyəcək,+ dırnaqlarını qoparacaq.+

17 Sürünü atıb gedən+ fərsiz çobanımın vay halına!+

Qılınc onun qolundan və sağ gözündən vuracaq.

Onun əl-qolu quruyacaq,

Sağ gözü kor olacaq».

12 Hökm:

«Yehovanın İsraillə bağlı sözü».

Göyləri yayan,+

Yerin təməlini qoyan,+

İnsanın içindəki ruhu* yaradan Yehova bəyan edir:

2 «Mən Yerusəlimi bütün ətraf xalqları kefləndirən bir piyalə edirəm. Yerusəlim də, Yəhuda da mühasirəyə alınacaq.+ 3 O gün Yerusəlimi bütün xalqlar üçün ağır bir daş edəcəyəm, onu qaldıranların hamısı bərk zədələnəcək.+ Dünyanın bütün xalqları ona qarşı toplanacaq».+ 4 Yehova bəyan edir: «O gün Mən bütün atları karıxdıracağam, atlıların isə ağlını alacağam. Gözüm Yəhuda evinin üstündə olacaq, xalqların bütün atlarını kor edəcəyəm. 5 Yəhuda şeyxləri ürəklərində deyəcək: “Yerusəlim əhli bizə ordular Allahı Yehovadan gələn güc-qüvvət oldu”.+ 6 O gün Yəhuda şeyxlərini ağaclar arasında tonqal, təzəcə biçilmiş taxıl dərzləri arasında yanan məşəl edəcəyəm;+ onlar həndəvərdə, sağda və solda olan bütün xalqları tələf edəcəklər+ və Yerusəlim əhli yenə öz yurdunda, Yerusəlimdə yaşayacaq.+

7 Yehova ilk əvvəl Yəhuda çadırlarını xilas edəcək ki, Davud evinin və Yerusəlim əhlinin şərəfi Yəhudanınkından üstün olmasın. 8 O gün Yehova Yerusəlim sakinlərini hər tərəfdən qoruyacaq,+ onların ən zəifi Davud kimi, Davud evi allah kimi, xalqın önündə gedən Yehovanın mələyi kimi olacaq.+ 9 O gün Yerusəlimə hücum edən bütün xalqları məhv edəcəyəm.+

10 Davud evinin və Yerusəlim əhlinin üzərinə lütf və dilək ruhu tökəcəyəm. Onlar bədənini deşdikləri adama baxacaqlar+ və yeganə oğlu üçün yas tutan adam kimi, onun üçün yas tutacaqlar, ilkin oğlunun üstündə ağı deyən adam kimi, onun üçün ağı deyəcəklər. 11 O gün Yerusəlimdə Megiddo+ düzündəki Hədadrimmun ağlaşması kimi böyük ağlaşma olacaq. 12 Bütün diyar, hər ailə ayrı-ayrı yas tutacaq. Davud evi ayrı, qadınları ayrı; Natan+ evi ayrı, qadınları ayrı; 13 Lavi evi+ ayrı, qadınları ayrı; Şimay nəsli+ ayrı, qadınları ayrı və 14 bütün qalan ailələr, hər biri ayrı-ayrı, qadınları da ayrıca yas tutacaq.

13 O gün Davud evini və Yerusəlim əhlini günahdan və murdarlıqdan təmizləmək üçün su quyusu qazılacaq».+

2 Ordular Allahı Yehova bəyan edir: «O gün ölkədən bütlərin adını siləcəyəm,+ onlar bir də xatırlanmayacaq. Peyğəmbərləri+ və murdarlıq ruhunu da bu diyardan yox edəcəyəm. 3 Əgər kimsə yenidən peyğəmbərlik etsə, onu dünyaya gətirən ata-anası ona deyəcək: “Sən yaşamayacaqsan, çünki Yehovanın adı ilə yalan danışırsan”. O, peyğəmbərlik etdiyi üçün onu dünyaya gətirən ata-anası onun bədənini deşəcək.+

4 O gün peyğəmbərlər peyğəmbərlik vəhylərinə görə utanacaqlar, onlar tüklü paltar+ geyinərək xalqı aldatmayacaqlar. 5 Onlar deyəcək: “Mən peyğəmbər deyiləm. Mən əkinçiyəm, çünki cavanlığımda bir adam məni özünə qul alıb”. 6 Ondan soruşanda: “Bədənindəki* yaralar nədir?” O: “Bunlar əzizlərimin evində yediyim kötəklərin yeridir”, — deyəcək».

 7 «Ey qılınc, çobanımın,+

Dostumun üstünə qalx!» — bəyan edir ordular Allahı Yehova.

«Çobanı vur,+ qoy sürü pərən-pərən olsun.+

Kiçiklərə lütf göstərəcəyəm».

 8 Ordular Allahı Yehova bəyan edir:

«Bütün diyarda camaatın üçdə ikisi qırılıb öləcək,

Amma bir hissəsi qalacaq.

 9 Həmin bir hissəni Mən oddan-alovdan keçirəcəyəm.

Onları gümüşü saflaşdırantək saf edəcəyəm,

Qızılı yoxlayantək yoxlayacağam.+

Onlar Məni adımla çağıracaq,

Mən onlara hay verəcəyəm.

Deyəcəyəm: “Bu, Mənim xalqımdır”,+

Onlar da: “Yehova bizim Allahımızdır”, — deyəcək».

14 «Budur, o gün gəlir, Yehovanın günü gəlir! Qarət olunmuş malların sənin* içindəcə bölüşdürüləcək. 2 Mən bütün xalqları Yerusəlimə qarşı müharibəyə toplayacağam. Şəhər işğal ediləcək, evlər qarət olunacaq, qadınlar zorlanacaq. Şəhərin yarısı sürgün ediləcək, amma qalan xalqın kökü şəhərdən kəsilməyəcək.

3 Yehova çıxacaq və döyüş günündə olduğu kimi bu xalqlarla+ vuruşacaq.+ 4 O gün Onun ayaqları şərq tərəfdən Yerusəlimin önündə olan Zeytun dağı+ üzərində duracaq. Zeytun dağı şərqdən qərbədək ortadan bölünəcək və böyük bir dərə əmələ gətirəcək. Dağın yarısı şimala, yarısı isə cənuba çəkiləcək. 5 Siz dağlarımın arasındakı dərəyə qaçacaqsınız, çünki bu dərə Azilə qədər uzanacaq. Yəhuda padşahı Üziyyənin vaxtında zəlzələdən qaçdığınız kimi qaçmalı olacaqsınız.+ Allahım Yehova gələcək, bütün müqəddəslər də yanında.+

6 O gün parlaq işıq olmayacaq,+ hər şey donub qalacaq. 7 O gün əlamətdar bir gün olacaq, Yehovanın günü kimi tanınacaq.+ O gün nə gündüz, nə də gecə olacaq, axşam düşəndə də işıq olacaq. 8 O gün Yerusəlimdən dirilik suları+ axacaq,+ yarısı şərq dənizinə*,+ yarısı qərb dənizinə* töküləcək.+ Yay-qış belə olacaq. 9 Yehova bütün dünya üzərində padşah olacaq.+ O gün tək Yehova olacaq+ və tək Onun adı olacaq.+

10 Gibadan+ Yerusəlimin cənubundakı Rimmuna+ qədər hər yer Ərəbə+ kimi olacaq. Yerusəlim tikiləcək, sakinləri Binyamin darvazasından+ ta Birinci darvazaya və Künc darvazaya qədər, Hənanil qülləsindən+ ta padşahın üzümsıxanına qədər öz yurdunda məskunlaşacaq.+ 11 Camaat Yerusəlimdə məskunlaşıb asayiş içində yaşayacaq,+ bu şəhər bir də lənətlənib məhvə düçar olmayacaq.+

12 Yehova Yerusəlimlə vuruşan bütün xalqları bax bu bəla ilə cəzalandıracaq:+ bədənləri elə ayaq üstəcə çürüyəcək, gözləri yuvasında, dilləri ağızlarında çürüyəcək.

13 O gün Yehova onların arasına böyük çaxnaşma salacaq, hər biri yoldaşının əlini tutub ona əl qaldıracaq.+ 14 Yəhuda da Yerusəlimdəki döyüşə qatılacaq, bütün ətraf xalqların sərvəti, saysız-hesabsız qızıl-gümüş, pal-paltar toplanacaq.+

15 Atları, qatırları, dəvələri, eşşəkləri və düşmən ordugahındakı bütün mal-qaranı eyni bəla yaxalayacaq.

16 Yerusəlimin üstünə qalxan bütün xalqlardan sağ qalan hər kəs Padşaha, ordular Allahı Yehovaya+ səcdə etmək və Çardaqlar bayramını+ qeyd etmək üçün hər il Yerusəlimə qalxacaq.+ 17 Əgər yer üzündəki tayfaların içində kimsə Padşaha, ordular Allahı Yehovaya səcdə etmək üçün gəlməsə, onun üzərinə yağış yağmayacaq.+ 18 Əgər Misir xalqı şəhərə qalxıb ora girməsə, onun da üzərinə yağış yağmayacaq. Yehova onlara Çardaqlar bayramını keçirmək üçün Yerusəlimə gəlməyən xalqlara verdiyi cəzanı verəcək. 19 Misirin və Çardaqlar bayramını qeyd etməyə gəlməyən bütün xalqların günahının cəzası bu olacaq.

20 O gün atların zınqırovları üzərində: “Müqəddəslik Yehovaya məxsusdur!”+ — yazılacaq. Yehovanın evindəki qazanlar+ qurbangahın önündəki ləyənlər+ kimi olacaq. 21 Yerusəlimdə və Yəhudada olan hər bir qazan ordular Allahı Yehovaya məxsus müqəddəs əşya olacaq. Qurban kəsməyə gələnlər bu qazanlarda ət bişirəcəklər. O gün ordular Allahı Yehovanın evində bir nəfər də kənani* qalmayacaq».+

Mənası: Yehova xatırladı.

B15 əlavəsinə bax.

Hərfən: göylərin dörd küləyinə.

Qulac 44,5 sm-ə bərabərdir. B14 əlavəsinə bax.

Hərfən: efadır. B14 əlavəsinə bax.

Yəni Babilistan.

B15 əlavəsinə bax.

Digər variant: bərk daş.

Yaxud sədaqət.

Hərfən: yalandan and içməyi sevməyin.

Yaxud paltarından.

Ehtimal ki, Dəməşq və ya Hədrax.

Bəzi mənbələrə əsasən, filistimlilər.

Qəbilə başçısı.

Yaxud zülmkar.

Fərat çayı.

Sion, yaxud Yerusəlim.

Lüğətə bax.

Hərfən: təkələrdən.

Hərfən: künc bürcü. Nüfuz sahibi və ya başçı timsalı.

Hərfən: mıx. Arxa-dayaq olan adam və ya hökmdar timsalı.

Yaxud nəfəsi. Lüğətdə «ruh» sözünə bax.

Hərfən: əllərinin arasındakı. Yəni sinədəki və ya kürəkdəki.

Yəni 2-ci ayədə sözü gedən şəhərin.

Ölü dəniz.

Aralıq dənizi.

Digər variant: tacir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş