Müqəddəs Yazıların kitabı nömrə 23 Yeşaya
Yazan: Yeşaya
Yazıldığı yer: Yerusəlim
Yazılması başa çatıb: b. e. ə. 732-ci ildən sonra
Əhatə etdiyi vaxt: b. e. ə. təx. 778-ci il — b. e. ə. 732-ci ildən sonra
YAXIN şərq dövlətləri və kiçik padşahlıqları amansız Aşşur padşahı tərəfindən zəbt edilmək təhlükəsi qarşısında durur. Hər kəs gizlin sui-qəsd hazırlayır və özünə müttəfiq tapmağa can atır (Yeşaya 8:9-13). Tezliklə şimaldakı dönük İsrail padşahlığı beynəlxalq sözləşmənin qurbanı olur, cənub Yəhuda padşahlığındakı padşahların hakimiyyəti də bir o qədər sabit deyil (2 Pad., 15-21-ci fəsillər). Yeni döyüş sursatları hazırlanır və işə salınır, bu da həmin dövrün adamlarını daha çox təşvişə salır (2 Saln. 26:14, 15). Bəs müdafiəni və qurtuluşu haradan gözləmək olar? Yehovanın adı kiçik Yəhuda padşahlığında yaşayan xalqın və kahinlərin dilindən düşməsə də, onların ürəkləri köməyi tamamilə başqa istiqamətdə — əvvəlcə Aşşurda, sonra isə Misirdə axtarır (2 Pad. 16:7; 18:21). Artıq onlarda Yehovanın qüdrətinə inam qalmayıb. Məsələ açıq-aşkar bütpərəstliyə gəlib çıxmasa da, çoxları Allaha xidmətdə ikiüzlülüyə yol verir və saxta dindarlıq göstərirlər, onlar əsl Allah qorxusunun nə olduğu barədə düşünmürlər.
2 Bəs onda Yehovanın adından kim danışacaq? Onun Öz xalqını xilas etməyə qadir olduğunu kim bəyan edəcək? «Mən buradayam. Məni göndər» deyə, dərhal Yeşaya hay verir. O, əvvəllər də Yehovanın peyğəmbərliklərini bəyan etmişdir. Hadisələr, cüzam xəstəliyinə tutulmuş Uzziya padşahın öldüyü il, b. e. ə. təxminən 778-ci ildə baş verir (Yeşaya 6:1, 8). Yeşayanın adının mə’nası «Xilas Yehovadandır» deməkdir; İsanın adı da eyni mə’nanı daşıyır («Yehova xilasdır») — sadəcə sözlərin yeri dəyişir. Yeşayanın peyğəmbərlik kitabı əvvəldən axıra kimi aydın şəkildə vacib bir faktı vurğulayır — xilas Yehovadandır.
3 Yeşaya Amotsun oğlu idi (onu digər yəhudi peyğəmbəri Amosla səhv salmayaq) (1:1). Müqəddəs Yazılarda Yeşayanın nə vaxt doğulduğu və öldüyü haqda heç nə deyilmir, ancaq yəhudi rəvayətinə görə o, zalım Menaşşe padşahın əmri ilə mişarlanaraq, iki yerə bölünmüşdür. (İbranilərə 11:37 ayəsi ilə müqayisə edin.) Kitabın özündən göründüyü kimi, Yeşaya Yerusəlimdə öz peyğəmbər arvadı ilə yaşayırdı. Onun adları peyğəmbərlik mə’nasını daşıyan ən azı iki oğlu vardı (Yeşaya 7:3; 8:1, 3). Yeşaya b. e. ə. təxminən 778-ci ildən (Uzziya öldüyü vaxt və ya, ola bilsin, daha əvvəl) başlayıb, b. e. ə. 732-ci ildən sonraya qədər (Xizqiyanın 14-cü ili), yə’ni 46 ildən az olmamaq şərtilə ən azı dörd yəhudi padşahının — Uzziyanın, Yotamın, Axazın və Xizqiyanın günlərində xidmət etmişdir. Onun öz peyğəmbərliyini sonuncu tarixdən gec yazmadığına şübhə yoxdur (1:1; 6:1; 36:1). Yəhudadan Mikeya və şimal padşahlığından Huşə və Oded Yeşaya ilə bir dövrdə yaşamışlar (Mik. 1:1; Huşə 1:1; 2 Saln. 28:6-9).
4 Yeşaya 30:8 ayəsindən görünür ki, Yehova Yeşayaya peyğəmbərlik hökmləri yazmağı buyurmuşdur: «İndi get, sənə danışdığımı onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki, gələcəkdə, əbədiyyətdə şahid olsun». Qədim yəhudi ravvinləri kitabın müəllifinin Yeşaya olduğunu e’tiraf etmiş və onun kitabına böyük adlandırdıqları (Yeşaya, Yeremya və Yezekel) peyğəmbərlər sırasında birinci yeri verərək, onu kanona daxil etmişlər.
5 Bə’zilərinin fikrincə, 40-cı fəsildən e’tibarən kitabın üslubunun dəyişməsi onu göstərir ki, bu hissədən başlayaraq kitabı başqa adam, «İkinci Yeşaya» yazmışdır. Lakin bu bizi təəccübləndirməli deyil, çünki buradan yeni mövzu başlayır. Onun adını daşıyan kitabı axıra qədər Yeşayanın yazdığını təsdiq edən çoxsaylı sübutlar mövcuddur. Məsələn, kitabın daxili uyğunluğunu «İsrailin Müqəddəsi» ifadəsi sübut edir; bu ifadə 1-39-cu fəsillərdə 12 dəfə, 40-66-cı fəsillərdə 13 dəfə — cəmi 25 dəfə, İbranicə Müqəddəs Yazıların qalan kitablarında isə bu ifadəyə yalnız 6 dəfə rast gəlinir. Həvari Pavelin söylədiyi fikirlər də kitabın kompozisiya baxımından bir vəhdət təşkil etdiyini göstərir, çünki o, bu peyğəmbərlik kitabının hər bir hissəsindən sitat gətirir və onun müəllifliyini yalnız bir adama, Yeşayaya aid edir. (Romalılara 10:16, 20; 15:12 ayələrini Yeşaya 53:1; 65:1; 11:1 ayələri ilə müqayisə edin.)
6 Diqqətəlayiqdir ki, 1947-ci ildən e’tibarən Ölü dənizin şimal-qərb sahili yaxınlığındakı Xirbət-Kumran civarında qaranlıq mağaralardan çoxlu qədim əlyazmalar tapılmışdır. Özünə Yeşayanın peyğəmbərliyini daxil edən bu əlyazmalara «Ölü dəniz əlyazmaları» adı verilmişdir. Gözəl dildə yazılmış və yaxşı qorunub saxlanılmış, Masoretlərdən əvvəlki dövrə aid olan bu qədim ibrani mətninin təxminən 2000 yaşı var, onu b. ə. ə. II əsrə aid edirlər. Bu əlyazmanın mətni, İbranicə Müqəddəs Yazıların tərcümələrinin əksəriyyətinin əsaslandırıldığı, həmin dövrdə mövcud olan masoret mətninin manuskriptindən min il böyükdür. Əlyazmada cüz’i orfoqrafik dəyişiklik və dilin qrammatik quruluşunda bə’zi fərqlər olsa da, bunlar Masoret mətninə doktrina baxımından tə’sir göstərmir. Bütün bunlar inandırıcı surətdə sübut edir ki, Müqəddəs Kitabın müasir nəşrlərində Yeşayanın Allahdan ilham alaraq yazdığı eyni fikirlər var. Bundan əlavə, bu qədim əlyazmalar, tənqidçilərin guya iki «Yeşaya» var imiş kimi irəli sürdükləri fikrin yalan olduğunu sübut edir, çünki 40-cı fəslin birinci cümləsi, 39-cu fəslin daxil olduğu əlyazmanın sütunlarından birinin axırıncı sətrindən başlayır, o biri sütunda isə qurtarır. Beləliklə, əlyazmanı köçürən adam bu sözlərin başqasına aid ediləcəyini, yaxud da kitabın buradan bölünəcəyini heç ağlına da gətirə bilməzdia.
7 «Yeşaya» kitabının doğruluğuna dair çoxsaylı sübutlar mövcuddur. Yunanca Müqəddəs Yazıların yazıçıları Yeşayanın sözlərini, digər peyğəmbərlərinkindən daha çox sitat gətirirlər (Musadan başqa). Bundan əlavə, kitabın doğruluğunu sübut edən çoxlu tarixi və arxeoloji dəlillər var, məsələn, Sanxerivin altıbucaqlı prizma üzərində Yerusəlimin mühasirəsi haqda verdiyi hesabat da daxil olmaqla, Aşşur padşahlarının salnamələrib (Yeşaya, 36, 37-ci fəsillər). Babilin xarabalıqları indiyə qədər də Yeşaya 13:17-22 ayələrindəkic peyğəmbərliklərin yerinə yetdiyi haqda şəhadət edir. Bundan əlavə, özü doğulmazdan 200 il əvvəl adı Yeşaya peyğəmbər tərəfindən çəkilən Kir padşahın Babildən öz vətənlərinə qaytardığı minlərlə yəhudilərin hər biri peyğəmbərliklərin yerinə yetməsinin canlı sübutu idi. Ola bilsin, bu peyğəmbərliyi nə vaxtsa Kirə göstərmişdilər, çünki yəhudilərin qalığını azadlığa buraxarkən, o, bunu Yehovanın əmri ilə etdiyini söyləmişdi (Yeşaya 44:28; 45:1; Ezra 1:1-3).
8 «Yeşaya» kitabı Məsih haqqındakı peyğəmbərliklərlə məşhurdur. Yeşayanı əbəs yerə «müjdəçi peyğəmbər» adlandırmamışlar, axı o, İsanın həyatından bir çox hadisələri qabaqcadan xəbər vermiş və onlar həqiqətən də yerinə yetmişdir. 53-cü fəsil təkcə «Həvarilərin işləri» kitabının 8-ci fəslində haqqında danışılan həbəşistanlı xədim üçün deyil, həm də bütün yəhudi xalqı üçün uzun müddət sirr olaraq qalmışdır. Bu peyğəmbərlikdə İsanın tab gətirməli olduğu rəftar elə canlı şəkildə təsvir olunmuşdur ki, sanki bu kitabı hadisələri öz gözü ilə görmüş bir adam yazıb. «Yeşaya» kitabının bu gözəl fəslindəki peyğəmbərliklərin yerinə yetdiyini növbəti ayələri Yunanca Müqəddəs Yazılarla müqayisə etməklə izləmək mümkündür: ayə 1—Yəhya 12:37, 38; ayə 2—Yəhya 19:5-7; ayə 3—Mark 9:12; ayə 4—Matta 8:16, 17; ayə 5—1 Peter 2:24; ayə 6—1 Peter 2:25; ayə 7—Həvarilərin işləri 8:32, 35; ayə 8—Həvarilərin işləri 8:33; ayə 9—Matta 27:57-60; ayə 10—İbranilərə 7:27; ayə 11—Romalılara 5:18; ayə 12—Luka 22:37. Bu qədər dəqiq peyğəmbərliklərin mənbəyi Allahdan başqa kim ola bilər?!
BİZƏ FAYDASI
34 «Yeşaya» kitabını hərtərəfli nəzərdən keçirərkən, Yehovanın bizə nə qədər qiymətli hədiyyə bəxş etdiyini anlayırıq. Çünki kitabda Allahın Özünün fikirləri yazılıb! (Yeşaya 55:8-11). Müqəddəs Kitab həqiqətlərini dinləyicilər qarşısında təqdim edən kəslər, «Yeşaya» kitabına İsanın məsəlləri qədər tə’sirli olan parlaq əyani nümunələr xəzinəsi kimi müraciət edə bilərlər. Yeşaya, eyni ağacdan həm odun doğramağın, həm də səcdə etmək üçün büt düzəltməyin nə dərəcədə ağılsızlıq olduğunu aydın surətdə beynimizə həkk edir. O, bizi qısa yataqda uzanmağın və həddindən artıq dar yorğana bürünməyin nə qədər narahat olduğunu, həmçinin hürməyə belə tənbəllik edən ‘lal itlərə’ bənzəyən peyğəmbərlərin mürgüləməsinin ağırlığını sözün əsl mə’nasında üzərimizdə hiss etdirir. Əgər biz Yeşayanın çağırışına əməl edib, ‘Yehovanın kitabında axtarsaq və ucadan oxusaq’ (YD), onda Yeşayanın peyğəmbərliyinin mövzusunun bizim üçün nə qədər aktual olduğunu görəcəyik (44:14-20; 28:20; 56:10-12; 34:16).
35 Yeşayanın peyğəmbərlik kitabı əsas diqqəti Məsihin idarə etdiyi Allahın Padşahlığına yönəldir. Yehova hər şeydən uca olan Padşahımızdır, bizə qurtuluş bəxş edən də Odur (33:22). Bəs biz Məsih haqqında nə öyrənirik? Məryəmə uşağın doğulması haqda xəbər verən mələyin sözlərindən aydın olur ki, Yeşaya 9:6, 7 ayələrindəki peyğəmbərlik Məsihin Davudun taxtını miras alması ilə yerinə yetəcəkdir və o, «əbədi olaraq Yaqubun soyu üzərində hökmranlıq edəcək və Onun Səltənətinin [Padşahlığının] sonu olmayacaqdır» (Luka 1:32, 33). Matta 1:22, 23 ayələri göstərir ki, İsanın bakirə qızdan doğulması ilə Yeşaya 7:14 ayəsindəki peyğəmbərlik yerinə yetmiş və İsanın məhz «İmmanuel» olduğu aşkar edilmişdir. 30 il sonra vəftizçi Yəhya «səmavi Səltənət [Padşahlıq] yaxındır» deyə, təbliğ etməyə başladı. Müjdəçilərin dördü də Yəhyanın «səhrada nida edənin səsi» olduğunu göstərmək üçün Yeşaya 40:3 ayəsini sitat gətirmişlər (Matta 3:1-3; Mark 1:2-4; Luka 3:3-6; Yəhya 1:23). İsa vəftiz olunan zaman Məsih — millətləri idarə etmək üçün Yehovanın Məsh edilmişi, Yesseyin budağı və kökü oldu. Onlar Yeşaya 11:1, 10 ayələrinin yerinə yetməsində bütün ümidlərini ona bağlamalıdırlar (Romalılara 15:8, 12).
36 Yeşayanın Xilaskar Padşahı təsvir etməyə necə davam etdiyinə diqqət yetirin! İsa, Yehovanın Məsh edilmişi olduğunu göstərmək üçün, Yeşayanın tumarından öz vəzifəsinin nədən ibarət olduğunu oxudu və bundan sonra ‘Allahın Padşahlığının müjdəsini digər şəhərlərə də yaymağa’ başladı, özünün də dediyi kimi, o, ‘bunun üçün göndərilmişdi’ (Luka 4:17-19, 43; Yeşaya 61:1, 2). Müjdələrin dördündə də, «Yeşaya» kitabının 53-cü fəslində İsanın yer üzündəki xidməti və ölümü haqqında yazılmış peyğəmbərliklərlə bağlı çoxlu təfsilatlar var. Yəhudilər Padşahlıq haqqındakı xoş xəbəri eşidib, İsanın göstərdiyi mö’cüzələri görsələr də, onlar bu xoş xəbərin məğzini başa düşmədilər, çünki Yeşaya 6:9, 10; 29:13 və 53:1 ayələrində qabaqcadan deyildiyi kimi, onların ürəyində iman yox idi (Mat. 13:14, 15; Yəh. 12:38-40; Həv. iş. 28:24-27; Rom. 10:16; Mat. 15:7-9; Mark 7:6, 7). İsa onlar üçün büdrəmə daşı idi, lakin Yehova onu üzərində Sionun bünövrəsini qoyduğu guşə daşı etdi və Yeşaya 8:14 və 28:16 ayələrindəki peyğəmbərlik yerinə yetsin deyə Öz ruhani evini onun üzərində qurdu (Luka 20:17; Rom. 9:32, 33; 10:11; 1 Pet. 2:4-10).
37 İsa Məsihin həvariləri Yeşaya peyğəmbərin kitabını öz xidmətlərinə tətbiq edərək, ondan məharətlə istifadə edirdilər. Məsələn, iman inkişaf etdirmək üçün təbliğçilərə ehtiyac duyulduğunu göstərərək, Pavel «Yeşaya» kitabından növbəti parçanı sitat gətirir: «Yaxşı şeylər müjdələyənlərin ayaqları nə gözəldir!» (Rom. 10:15; Yeşaya 52:7; həmçinin Rom. 10:11, 16, 20, 21 ayələrinə də baxın.) Xoş xəbərin dəyişməz olduğunu göstərərək, Peter də Yeşayanın sözlərini sitat gətirir: «“Bütün bəşər bitki kimidir. Və insanın bütün izzəti bitkinin çiçəyi kimidir. Bitki quruyur və çiçəyi tökülür, Rəbbin kəlamı isə əbədi qalır”. Sizə müjdələnən kəlam da elə budur» (1 Pet. 1:24, 25; Yeşaya 40:6-8).
38 Yeşaya gələcək Padşahlığa olan ümidi çox gözəl təsvir edir. Budur, gözlərimizin önündə ‘padşahın salehliklə hökm sürəcəyi, başçıların ədalətlə rəhbərlik edəcəyi’ «yeni göylər və yeni yer» canlanır. Məgər bu, sevinib şadlanmaq üçün səbəb deyilmi? (65:17, 18; 32:1, 2). Peter yenidən Yeşayanın ümidverici xəbərinə qayıdır: «Onun [Allahın] və’dinə görə yeni göylər və yeni yer gözləyirik ki, onlarda salehlik ömür sürür» (2 Pet. 3:13). Padşahlıq haqqındakı bu gözəl mövzu, «Vəhy» kitabının sonuncu fəsillərində özünün ən yüksək nöqtəsinə çatır (Yeşaya 66:22, 23; 25:8; Vəhy 21:1-5).
39 Beləliklə, «Yeşaya» kitabı Yehovanın düşmənlərini və saxta dindarlıq göstərənləri çox sərt şəkildə mühakimə etsə də, Yehovanın uca adına bəraət qazandıracaq Xilaskar Padşahlığa olan gözəl ümid haqqında böyük şövqlə danışır. Bu kitab bizə, Yehovanın Padşahlığı ilə əlaqədar gözəl həqiqətləri açıqlayır və sevinclə Allahın qurtuluşuna e’tibar etdiyimiz təqdirdə ürəyimizi isindirir (Yeşaya 25:9; 40:28-31).
[Haşiyələr]
a «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 1221-1223, ing.
b «Müqəddəs Yazıların dərk edilməsi», c. 1, s. 957; c. 2, s. 894, 895, ing.
c «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 324, ing.