Müqəddəs Yazıların kitabı nömrə 40 Matta
Yazan: Matta
Yazıldığı yer: Fələstin
Yazılması başa çatıb: b. e. təx. 41-ci ili
Əhatə etdiyi vaxt: b. e. ə. 2-ci ildən b. e. 33-cü ilinə qədər
EDENDƏ üsyan qaldırılan andan e’tibarən, Yehova insanlara təsəlliverici ümid verir ki, salehliyi sevənlərin hamısını ‘qadının’ Zürriyyəti vasitəsilə azad edəcəkdir. Onun niyyətinə görə bu Zürriyyət, yə’ni Məsih İsrail xalqından gəlməli idi. Yehova yüzilliklər boyunca bu xalqdan olan adamları onlarla peyğəmbərliklər yazmağa ilhamlandırmışdır. Bu peyğəmbərliklər Zürriyyətin Allahın Padşahlığının Hökmdarı olacağını, görəcəyi işlərin Yehovanın adını həmişəlik rüsvayçılıqdan təmizləyərək, onun müqəddəs tutulmasına xidmət edəcəyini göstərir. Bu peyğəmbərlər Yehovanın hökmranlığını kimin müdafiə edəcəyi, insanları qorxudan, zülmdən, günah və ölümdən kimin azad edəcəyi barədə çoxlu təfsilatlar yazmışlar. İbranicə Müqəddəs Yazılar yazılıb qurtardıqdan sonra, yəhudilər Məsihin gəlişini tam əminliklə gözləməyə başladılar.
2 Bu vaxt dünya səhnəsində böyük dəyişikliklər baş verirdi. Allah millətləri Məsihin gəlişinə hazırlayırdı, bu xəbəri hər yanda yaymaq üçün daha əlverişli şərait ola bilməzdi. Beşinci dünya imperiyası olan Yunanıstanın sayəsində millətlər arasında universal ünsiyyət vasitəsinə çevrilən bir dil geniş yayılmışdı. Altıncı dünya imperiyası olan Roma dağınıq millətləri bir dünya imperiyası altında birləşdirərək özünə tabe etdirdi, imperiyanın istənilən yerinə gedə bilmək üçün isə yollar saldırdı. Çox sayda yəhudilər bu imperiyanın hər yerinə səpələnmişdilər, buna görə də başqa xalqlardan olan insanlar yəhudilərin Məsihin gəlişini gözlədiklərindən xəbərdar idilər. Və budur, Edendə Zürriyyətlə bağlı və’d verildikdən 4000 il sonra, Məsih peyda olur! Uzun müddət gözlənilən Zürriyyət gəldi. Məsih yer üzündə Atasının iradəsini sədaqətlə yerinə yetirdikcə, bəşər tarixində ən mühüm hadisələr baş verirdi.
3 Bu unudulmaz hadisələri qeydə almaq üçün yenidən ilhamlanmış yazıları tərtib etməyin vaxtı idi. Yehovanın ruhunun tə’siri altında dörd nəfər kişi bir-birindən asılı olmadan İsanın Məsih, və’d olunmuş Zürriyyət və Padşah olduğunu sübut edən dörd kitab yazmaqla onun həyatını, xidmətini, ölümünü və dirilməsini təfsilatı ilə təsvir etmişlər. Bu kitablar «İncil» adlanır; «incil» sözü «xoş xəbər, müjdə» deməkdir. Onların dördü də oxşardır, çox vaxt isə eyni hadisələri təsvir edir, ancaq bu o demək deyil ki, onlar sadəcə bir-birini təkrarlayır. İlk üç «Müjdə»ni çox vaxt sinoptik (yunanca sinopsis — oxşar baxış) adlandırırlar, çünki onlar İsanın yer üzündəki həyatını eyni üsulla təsvir edirlər. Bununla belə bu insanların hər biri — Matta, Mark, Luka və Yəhya — Məsih haqqında mə’lumatı özlərinə məxsus tərzdə nəql edirlər. Onlardan hər birinin öz mövzusu, məqsədi və ifadə etmək üslubu var, bundan əlavə onlar kimin üçün yazdıqlarını unutmurdular. Onların yazdıqlarını nə qədər çox tədqiq ediriksə, bir o qədər də çox hər birinin fərqli cəhətlərini qiymətləndiririk. Müqəddəs Yazıların bu dörd kitabı İsa Məsihin həyatını biri-birindən müstəqil şəkildə təsvir edir, bir-birini tamamlayır və ümumi təsəvvür yaradır.
4 Məsih haqqında xoş xəbəri ilk qələmə alan Matta olmuşdur. Ehtimal ki, onun adı «Yehovanın ən’amı» mə’nasını daşıyan ibranicə «Mattitya» adının qısa formasıdır. O, İsanın seçdiyi 12 həvaridən biri idi. İsa Fələstində səyahət edərək təbliğ etdiyi və Allahın Padşahlığı haqqında öyrətdiyi zaman, Matta onunla yaxın dost olmuşdu. İsanın şagirdi olmazdan əvvəl o, vergiyığan idi. Bu iş yəhudilərə azad olmadıqlarını, Roma imperiyasının əsarəti altında olduqlarını xatırlatdığı üçün, onların güclü nifrətinə səbəb olurdu. Matta, həmçinin Halfay oğlu Levi kimi də tanınırdı. O, İsanın ardınca getmək də’vətinə məmnuniyyətlə razı oldu (Mat. 9:9; Mark 2:14; Luka 5:27-32).
5 Mattaya aid edilən «Müjdə»də bu kitabı yazanın Matta olduğu birbaşa göstərilməsə də, erkən kilsə tarixçilərinin çoxsaylı sübutları bunun məhz belə olduğunu göstərir. Demək olar ki, qədim kitablardan heç biri öz müəllifinin kimliyi «Matta» kitabı qədər aydın və yekdilliklə sübuta yetirməmişdir. İyerapolisli Papiydən başlayaraq (b. e. II əsrinin birinci yarısı), bir sıra şahidlər təsdiq etmişlər ki, bu «Müjdə»ni qələmə alan Matta olub və bu kitab Allah Kəlamının e’tibarlı bir hissəsidir. «Mak-Klintok və Stronqun ensiklopediyası»nda deyilir: «“Matta” kitabının hissələrindən sitatlar gətirənlər arasında Şəhid Yustin, Dioqnetə məktubun müəllifi (bax: Otto’s Justin Martyr, vol. ii), Heqezipp, Lionlu İriney, Tatian, Afinaqor, Teofil, Klement, Tertullian və Origen də vardı. Yalnız sitat gətirmələrinə deyil, həm də sitat gətirmə tərzlərinə, doğruluğuna tam əminliklərinə, şübhə etdiklərinə işarə edən heç bir şeyin olmamasına görə belə qənaətə gələ bilərik ki, əlimizdəki kitabın mətni təsadüfi dəyişikliklərə mə’ruz qalmayıb»a. Mattanın mə’lumatının doğru olduğuna əmin ola bilərik, çünki o, həvari olmuşdur, demək ki, Allahın ruhu onun üzərində olmuşdur.
6 Matta öz «Müjdə»sini Fələstində yazmışdır. Neçənci ildə yazdığı mə’lum deyil, ancaq bə’zi əlyazmaların (hamısı eramızın X əsrindən sonraya aid edilir) sonundakı imzalar b. e. 41-ci ilinə işarə edir. Mattanın öz «Müjdə»sini əvvəlcə həmin dövrdə geniş yayılmış ibrani dilində yazdığını, sonradan isə onu yunan dilinə tərcümə etdiyini təxmin etməyə əsas var. «Məşhur insanlar haqqında» («De viris inlustribus») əsərinin III fəslində Yeronim deyir: «Levi adlanan və vergiyığandan həvariyə çevrilən Matta, Yəhudeyada sünnətlilərdən iman edənlər arasında Məsihin müjdəsini ibrani hərfləri və sözləri ilə yazanlardan birincisi olmuşdur»b. Yeronim, həmçinin xatırladır ki, bu «Müjdə»nin ibranicə mətni onun günlərinə qədər (b. e. IV-V əsrləri) Pamfilin Qeysəriyədə topladığı kitabxanada qorunub saxlanılmışdır.
7 Eramızın III əsrinin əvvəllərində Yevsevi Origeni sitat gətirmişdir. Origen «Müjdə»lər haqqında mülahizə yürüdərək demişdir: «Matta tərəfindən yazılan ilk “Müjdə”... yəhudilərdən olan məsihçilər üçündür, eyni zamanda ibrani dilində yazılmışdır»c. Onun ilk növbədə yəhudilər üçün yazıldığını İsanın qanuni olaraq İbrahimin nəslindən olduğunu sübut edən nəsil şəcərəsi, həmçinin Məsihin gəlişini göstərən İbranicə Müqəddəs Yazılardan çoxsaylı sitatlar sübut edir. Belə qənaətə gəlmək məntiqəuyğundur ki, Matta İbranicə Müqəddəs Yazılardan Yehovanın adının da daxil olduğu parçaları sitat gətirərkən, tetraqrammatondan istifadə edirdi. Elə buna görə də bu kitabın «Yeni Dünya Tərcüməsi»ndə, eləcə də XIX əsrdə F. Deliç tərəfindən nəşr olunan «Mattanın Müjdəsi»nin ibranicə mətnində Yehovanın adına 18 dəfə rast gəlinir. Matta Yehovanın adına İsanın bəslədiyi münasibəti bəsləyirdi və yəhudilərin mövhumatdan irəli gələrək bu adı istifadə etməmələri onu heç də çəkindirmirdi (Mat. 6:9; Yəh. 17:6, 26).
8 Matta əvvəllər vergiyığan olduğu üçün, onun pulları, rəqəmləri və qiymətləri dəqiqliyilə təsvir etməsi təbiidir (Mat. 17:27; 26:15; 27:3). Matta Allahın ona göstərdiyi mərhəməti çox qiymətləndirirdi, çünki ona, nifrət olunan vergiyığana xoş xəbərin təbliğçisi və İsanın dostu olmaq imkanı verilmişdi. Buna görə də dörd «Müjdə» arasında yalnız «Mattanın Müjdəsi»ndə deyilir ki, İsa qurbanlardan əlavə, mərhəmətin də vacib olduğunu dəfələrlə qeyd etmişdir (9:9-13; 12:7; 18:21-35). Yehovanın lütfü Mattanı çox ruhlandırdı və bu onu İsanın ən ruhlandırıcı sözlərindən birini yazmağa təşviq etdi: «Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür» (11:28-30). Öz həmvətənlərindən yalnız təhqirlər eşidən keçmiş vergiyığan üçün bu nəvazişli sözlər necə də ruhlandırıcı idi!
9 Matta İsanın ilk növbədə «Səmavi Səltənət» haqqında öyrətdiyinə xüsusi diqqət yetirirdi (4:17). İsa onun üçün Təbliğçi və Padşah idi. Matta «Səltənət», yə’ni padşahlıq sözünü o qədər tez-tez (50-dən çox) istifadə edirdi ki, onun «Müjdə»sini Padşahlıq Müjdəsi adlandırmaq olar. Onun üçün İsanın nitqlərini və təbliğini dəqiq xronoloji qayda ilə verməkdən çox, məntiqi ardıcıllıqla vermək daha vacib idi. İlk 18 fəslində Matta Padşahlıq mövzusunu vurğulamağa çalışıb, buna görə hadisələri xronoloji qayda ilə verməkdən yan keçib. Lakin qalan 10 fəsildə (19-dan 28-ə kimi) ümumilikdə hadisələri xronoloji qayda ilə təsvir edir, bununla belə, Padşahlıq mövzusunu vurğulamağa davam edir.
10 Matta tərəfindən gətirilən mə’lumatın 42 faizi digər üç «Müjdə»də yoxdurd. Bu mə’lumatlara ən azı on məsəl, yə’ni əyani nümunə daxildir: tarlada səpilmiş dəlicələr məsəli (13:24-30); gizlədilmiş dəfinə məsəli (13:44); dəyəri çox böyük olan mirvari məsəli (13:45, 46); tor məsəli (13:47-50); mərhəmətsiz qul məsəli (18:23-35); işçilər və dinar məsəli (20:1-16); ata və iki oğul məsəli (21:28-32); hökmdar oğlunun toy ziyafəti məsəli (22:1-14); on qız məsəli (25:1-13); talant məsəli (25:14-30). Hər necə olursa-olsun, bu kitabda b. e. ə. 2-ci əsrdə İsanın anadan olmasından başlayaraq, b. e. 33-cü ilində göyə qalxmasından əvvəl şagirdlərilə görüşməsi ilə bitən hadisələr təsvir olunmuşdur.
BİZƏ FAYDASI
29 Dörd «Müjdə»dən birincisi olan «Matta» kitabı İbranicə Müqəddəs Yazılarla Yunanca Müqəddəs Yazılar arasında gözəl körpüdür. Orada Məsihin və Allahın və’d olunmuş Padşahlığında Padşahın kim olduğu aydın şəkildə göstərilir, onun davamçıları üçün tələblər verilir və onların yer üzündə görməli olduqları iş təsvir olunur. Əvvəlcə Vəftizçi Yəhya, sonra İsa, daha sonra isə şagirdləri ‘Səmavi Səltənətin yaxınlaşdığı’ haqda təbliğ edirdilər. Üstəlik, bugünkü sistemin sonuna qədər İsanın növbəti əmri qüvvədədir: «Səmavi Səltənət haqqında olan bu Müjdə xalqların hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir». Padşahlıq işində iştirak etmək və Ağamız İsa Məsihi təqlid edərək «bütün xalqlar» arasında şagird hazırlamaq necə də böyük şərəfdir! (3:2; 4:17; 10:7; 24:14; 28:19).
30 «Mattanın Müjdəsi» həqiqətən də ‘xoş xəbərdir’. Bu ilhamlanmış xəbər b. e. I əsrində onu qəbul edənlər üçün sevindirici idi və Yehova Allah qayğı göstərib ki, həmin xəbər bizim günlərdə də «xoş xəbər» olaraq qalsın. Hətta məsihçiliyə e’tiqad etməyənlər belə bu «Müjdə»nin qüdrətini e’tiraf etmişlər. Məsələn, Hindistanın siyasi xadimi Mohandas (Mahatma) Qandi, Hindistanın vitse-kralı Lord İrvenə demişdir: «Əgər sizin ölkəniz və mənim ölkəm Məsihin Dağüstü təbliğindəki tə’limlər əsasında birləşərsə, onda biz yalnız öz ölkələrimizin deyil, həm də bütün dünyanın problemlərini həll edə bilərik»e. Başqa bir vaxt Qandi demişdi: «Dağüstü təbliğdəki qaynaqlardan dərin suları çəkib çıxarın [...] Çünki bu təbliğin prinsipləri hamı və hər birimiz üçündür»f.
31 Lakin bütün dünya, o cümlədən özünü məsihçi adlandıranlar öz problemlərinin həlli ilə çarpışmaqdadırlar. Yalnız nisbətən az olan həqiqi məsihçilər həm Dağüstü təbliğdə, həm də Mattanın qeydə aldığı xoş xəbərin qalan hissəsində verilən müdrik məsləhətləri yüksək qiymətləndirir, öyrənir və həyatlarında tətbiq edirlər, bununla da bol xeyir-dualar qazanırlar. İsanın həqiqi xoşbəxtlik, əxlaq və ailə dəyərləri, məhəbbətin qüdrəti, Allaha məqbul dualar, ruhani işlərin maddi şeylərdən üstünlüyü haqda, həmçinin əvvəlcə Padşahlığı axtarmağın, müqəddəs şeyləri qiymətləndirməyin, oyaq durmağın və itaətkarlıq göstərməyin vacibliyinə dair verdiyi gözəl məsləhətlərə təkrar-təkrar müraciət etmək faydalıdır. Mattanın 10-cu fəslində İsanın «Səmavi Səltənət» haqqında necə təbliğ etməyə dair göstərişləri yazılıb. İsanın çoxsaylı məsəllərində: «Qulağı olan eşitsin!» çağırışına diqqət yetirənlər üçün vacib dərslər var. İsanın peyğəmbərlikləri, məsələn, onun öz ‘iştirakının əlamətini’ dəqiq təsvir etməsi imanı möhkəmləndirir və gələcəyə əminlik verir (5:1–7:29; 10:5-42; 13:1-58; 18:1–20:16; 21:28–22:40; 24:3–25:46).
32 «Mattanın Müjdəsi»ndə bir çox peyğəmbərliklərin necə yerinə yetdiyi yazılıb. Həmin peyğəmbərliklərin icrasını göstərmək üçün Matta çox vaxt İbranicə Müqəddəs Yazılardan sitat gətirir. Bu, İsanın Məsih olduğuna dair danılmaz sübutdur, çünki peyğəmbərliklərin yerinə yetməsini bütün təfərrüatı ilə düzüb-qoşmaq tamamilə qeyri-mümkün idi. Misal üçün, Matta 13:14, 15 ayələrini Yeşaya 6:9, 10 ayələri ilə; Matta 21:42 ayəsini Məzmur 118:22, 23 ayələri ilə; Matta 26:31, 56 ayələrini Zəkəriyyə 13:7 ayəsi ilə müqayisə edin. Bu peyğəmbərliklərin həyata keçməsi əminliyimizi möhkəmləndirir ki, Yehovanın ‘Səmavi Səltənətlə’ bağlı gözəl niyyəti həyata keçəndə İsanın Matta tərəfindən yazılan bütün peyğəmbərlikləri də mütləq yerinə yetəcək.
33 Allah bu Padşahlığın Hökmdarının həyatı haqqında qabaqcadan ən xırda təfərrüatına qədər necə də dəqiq təsvir etmişdir! Sadiq Matta isə Allahdan ilham alaraq bu peyğəmbərliklərin yerinə yetməsini dəqiq təsvir etmişdir. Yerinə yetən peyğəmbərliklərin və «Matta» kitabında yazılan və’dlərin üzərində düşünməklə, salehliyi sevən insanlar biliklərini artıra və Allahın Öz adını təqdis etmək üçün istifadə edəcəyi ‘Səmavi Səltənətə’ ümidlərini möhkəmləndirə bilərlər. «İnsan Oğlu hər şeyin yenilənməsində izzətli taxtına oturacağı zaman», bu Padşahlıq ruhani aclıq çəkən həlim insanlara saysız-hesabsız xeyir-dualar gətirəcək, Məsihin başçılıq etdiyi elə həmin Padşahlıqdır (Mat. 19:28). Bütün bunlar haqqında biz Mattanın yazdığı ruhlandırıcı xoş xəbərdən öyrənirik.
[Haşiyələr]
a 1981 Reprint, Vol. V, page 895.
b Latın mətninin tərcüməsi E. K. Riçardson tərəfindən nəşrə hazırlanıb və «Texte und Untersuchungen zur Geschichte der altchristlichen Literatur» adlı silsilə şəklində nəşr olunub, Leypsiq, 1896, c. 14, s. 8, 9.
d «Introduction to the Study of the Gospels», 1896, B. F. Westkott, page 201.
e «Treasury of the Christian Faith», 1949, edited by S. I. Stuber and T. C. Clark, page 43.
f «Mahatma Gandhi’s Ideas», 1930, by C. F. Andrews, page 96.