Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi08-1 s. 6—8
  • Müqəddəs Yazıların kitabı nömrə 41 Mark

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 41 Mark
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
  • Başlıqlar
  • BİZƏ FAYDASI
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2008
bsi08-1 s. 6—8

Müqəddəs Yazıların kitabı nömrə 41 Mark

Yazan: Mark

Yazıldığı yer: Roma

Yazılması başa çatıb: b. e. təx. 60-65-ci illəri

Əhatə etdiyi dövr: b. e. 29-33-cü illəri

İSA Getsamani bağında həbs edilən və həvariləri onu qoyub qaçan zaman, «çılpaq bədəninə kətan örtük sarımış bir gənc Onun ardınca gedirdi». Camaat onu da tutmaq istəyəndə, o, «kətan örtüyü atıb, onlardan çılpaq qaçdı». Bu gəncin Mark olduğu hesab edilir. O, «Həvarilərin işləri» kitabında ‘Mark ləqəbli Yəhya’ kimi təsvir olunur. Ehtimal ki, o, Yerusəlimdə yaşayan imkanlı ailədən idi, çünki onların şəxsi evləri və qulluqçuları var idi. Markın anası Məryəm də məsihçi idi və erkən məsihçilərin yığıncaq görüşləri onun evində keçirilirdi. Bir dəfə mələk Peteri zindandan azad edəndə, o, Məryəmin evinə gəlmişdi və həmin vaxt qardaşlar da orada toplaşmışdılar (Mark 14:51, 52; Həv. iş. 12:12, 13).

2 Kiprdən olan levili, missioner Barnaba Markın əmisi oğlu idi (Həv. iş. 4:36; Kolos. 4:10). Barnaba Pavellə birlikdə aclıq çəkənlərə yardım etmək üçün Yerusəlimə gələndə, Mark orada Pavellə tanış oldu. Yığıncaqda bu qardaşlarla, həmçinin çalışqan səyyar xidmətçilərlə ünsiyyət Markda missioner xidmətinə başlamaq arzusu oyatdı. Beləliklə, o, Pavellə Barnabanı ilk missioner səyahətlərində müşayiət etmiş və onlarla əməkdaşlıq etmişdi. Lakin hansısa səbəblər üzündən Mark Panfilyanın Perge şəhərində onlardan ayrılıb, Yerusəlimə geri qayıtmışdı (Həv. iş. 11:29, 30; 12:25; 13:5, 13). Buna görə də Pavel ikinci missioner səyahəti zamanı Markı özü ilə aparmaq istəməmişdi, nəticədə Pavel ilə Barnaba arasına nifaq düşmüşdü. Pavel Sila ilə getmiş, Barnaba isə əmisi oğlu Markı götürüb, Kiprə yola düşmüşdü (Həv. iş. 15:36-41).

3 Mark xidmətdə özünü yaxşı xidmətçi kimi göstərmiş və təkcə Barnabaya deyil, sonralar həvari Peter və Pavelə də böyük köməyi dəymişdi. Pavel birinci dəfə Romada həbsdə olanda Mark da onunla idi (b. e. təx. 60, 61-ci illəri) (Filim. 1, 24). Sonra 62-64-cü illərdə Mark Peter ilə birlikdə Babildə olub (1 Pet. 5:13). Ehtimal ki, eramızın 65-ci ilində Pavel yenidən Romada həbsdə idi və məktubda «o mənə xidmət üçün yararlıdır» deyərək Timoteydən Markı da özü ilə gətirməyi xahiş etmişdi (2 Tim. 1:8; 4:11). Sonuncu dəfə Müqəddəs Kitabda Mark haqqında burada xatırlanır.

4 Müjdələrdən ən qısası olan bu Müjdə həmin bu Marka aid edilir. O, İsanın həvariləri ilə əməkdaşlıq edirdi və həyatını xoş xəbərin təbliğinə həsr etmişdi. Ancaq Mark 12 həvarinin sırasına daxil deyildi, həmçinin o, bilavasitə İsa ilə əməkdaşlıq etməmişdi. Bəs o, İsanın xidmətini əvvəldən axıradək canlı surətdə təsvir etmək üçün təfərrüatları haradan bilirdi? Qədim tarixçilər Papi, Origen və Tertullianın fikrincə, bu haqda Marka sıx ünsiyyətdə olduğu Peter danışmışdıa. Peter ona, hətta «oğlum» deyə müraciət etmişdi (1 Pet. 5:13). Peter, demək olar ki, Markın qələmə aldığı hər şeyin canlı şahidi olmuşdu, buna görə də o, digər Müjdələrdə olmayan bir çox məqamları Peterdən öyrənmişdi. Məsələn, Mark Zevedeyin ‘işçilərinin’ olmasından, cüzamlının ‘diz çöküb’ İsaya yalvarmasından, cinə tutulmuş adamın ‘özünü daşlarla yaralamasından’, həmçinin İsanın «Zeytun dağında, mə’bədin qarşısında oturarkən» ‘İnsan Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyi’ haqda peyğəmbərlik etməsindən danışırdı (Mark 1:20, 40; 5:5; 13:3, 26).

5 Peter çox həssas insan idi, buna görə də İsanın hiss və duyğularını anlayıb, Marka təsvir edə bilmişdi. Elə buna görə də, Mark tez-tez İsanın hansı hissləri keçirdiyi, baş verənlərə necə münasibət göstərdiyi haqda yazır; məsələn, o deyir ki, İsa ‘ətrafındakılara qəzəblə baxıb, kədərlənmiş’, ‘ah çəkmiş’ və ‘dərindən ah çəkmişdi’ (3:5; 7:34; 8:12). Məhz Mark İsanın varlı gənc rəisi ‘sevdiyindən’ danışaraq, onun hisslərindən bizə xəbər verir (10:21, İ–93). Bundan başqa, İsanın körpə uşağı sadəcə şagirdlərinin arasına gətirdiyini deyil, onu həm də ‘qucaqladığını’, başqa bir halda da uşaqları ‘qucaqladığını’ oxuyanda qəlbimiz necə də isinir! (9:36; 10:13-16).

6 Markın yazı üslubunda Peterin xasiyyətinin bə’zi cəhətləri: tez coşan, canlı, enerjili, həyat dolu və təsviri olduğu əks olunur. Adama elə gəlir ki, Peter hadisələri bundan daha tez təsvir edə bilməzdi. Məsələn, «dərhal» sözündən dəfələrlə istifadə etməsi hekayəyə dramatik çalar verir.

7 «Mattanın Müjdəsi»nin Mark üçün əlçatan olmasına və onun Müjdəsində digər Müjdələrdən heç birində olmayan cəmi 7 faiz əlavə mə’lumatın olmasına baxmayaraq, Markın sadəcə bir neçə əlavələr etməklə «Mattanın Müjdəsi»nin qısa xülasəsini verdiyini düşünmək səhv olardı. Matta İsanı və’d olunmuş Məsih və Padşah kimi təsvir etdiyi halda, Mark onun həyatını və işlərini başqa yöndən nəzərdən keçirir. O, İsanı mö’cüzələr yaradan Allahın Oğlu, qələbə çalan Xilaskar kimi təsvir edir. Mark Məsihin təbliğindən və tə’limlərindən çox, fəaliyyətinə diqqət yönəldir. Burada İsanın məsəllərinin yalnız kiçik bir hissəsi və uzun nitqlərindən biri yazılıb, Dağüstü Təbliğ isə buraxılıb. Məhz bu səbəbdəndir ki, «Markın Müjdəsi»ndə yazılan hadisələr digərlərindən az olmasa da, o, nisbətən qısadır. Orada ən azı 19 mö’cüzə ətraflı təsvir olunub.

8 Matta öz Müjdəsini yəhudilər üçün yazdığı halda, Mark, görünür, birbaşa romalılar üçün yazmışdır. Bunu haradan bilirik? Musanın qanunu yalnız söhbət zamanı ona istinad ediləndə xatırlanır, İsanın nəsil şəcərəsi isə ümumiyyətlə buraxılıb. Burada təsvir olunduğu kimi, Məsih haqqında xoş xəbər bütün bəşəriyyət üçün əhəmiyyət daşıyır. Mark qeyri-yəhudi oxuculara tanış olmayan yəhudi adətlərinə və tə’limlərinə aydınlıq gətirir (2:18; 7:3, 4; 14:12; 15:42). Arami ifadələrinin tərcüməsi verilir (3:17; 5:41; 7:11, 34; 14:36; 15:22, 34). O, Fələstinin coğrafi adlarına və oradakı bitkilərin adlarına izahatlar verir (1:5, 13; 11:13; 13:3). Yəhudi sikkəsinin dəyəri Roma pulu ilə göstərilir (12:42). O, latın sözlərindən başqa Müjdə yazıçılarından daha çox istifadə edir, məsələn: «pretorium» (valinin sarayı), «senturiya» (yüzbaşı), «spekulyator» (cəllad) (6:27; 15:16, 39).

9 Mark əsas e’tibarilə romalılar üçün yazdığından, görünür, öz Müjdəsini Romada yazmışdı. Həm erkən tarixçilərin fikrinə, həm də kitabın məzmununa əsasən belə qənaətə gəlmək olar ki, kitab həvari Pavelin ya birinci, ya da ikinci həbsi zamanı, eramızın 60-65-ci illəri ərzində Romada qələmə alınmışdır. Həmin illərdə Mark Romada ən azı bir dəfə, hətta, ola bilsin, iki dəfə olmuşdur. İkinci və üçüncü əsrin bütün görkəmli ilahiyyatçıları təsdiq edir ki, bu Müjdənin yazıçısı məhz Markdır. İkinci əsrin ortalarında bu Müjdə artıq məsihçilər arasında geniş yayılmışdı. «Markın Müjdəsi»nin Yunanca Müqəddəs Yazıların erkən kataloqlarının hamısında olması, onun e’tibarlı olduğunu təsdiq edir.

10 Ancaq bə’zən 16-cı fəslin 8-ci ayəsindən sonra əlavə edilən geniş və qısa xülasələr e’tibarlı hesab olunmamalıdır. Onlar qədim əlyazmaların çoxunda, məsələn, Sina kodeksi və Vatikan kodeksi №1209-da buraxılmışdır. Dördüncü əsrin tarixçiləri Yevsevi və Yeronim mö’təbər əlyazmaların «çünki qorxurdular» sözləri ilə bitməsində həmrə’ydirlər. Digər xülasələr, ehtimal ki, kitabın gözlənilmədən bitməsini gözə çarpdırmamaq üçün əlavə olunumuşdur. Azərbaycanca «İncil» kitabında «Markın Müjdəsi»nin 16-cı fəslinin 9-20 ayələri uzun xülasədən götürülmüşdür.

11 «Markın Müjdəsi»nin dəqiqliyi onun təkcə başqa Müjdələrlə deyil, həm də «Yaradılış»dan «Vəhy»ə qədər olan bütün Müqəddəs Yazılarla tam həmahəngliyindən görünür. Bundan başqa İsa sadəcə sözdə səlahiyyətə malik olan kimi deyil, həm də təbiət qüvvələri, Şeytan və cinlər, xəstəlik və hətta ölüm üzərində hakimiyyətə sahib olan şəxs kimi göstərilir. Beləliklə, Mark öz Müjdəsinə maraqlı şəkildə başlayır: «Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı». Onun gəlişi və xidməti ‘müjdə’ idi və buna görə də «Markın Müjdəsi»ni öyrənməyin bütün oxuculara faydası dəyməlidir. Markın təsvir etdiyi hadisələr eramızın 29-cu ilinin yazından eramızın 33-cü ilinin yazına kimi olan dövrü əhatə edir.

BİZƏ FAYDASI

31 İsa Məsihin belə canlı surətdə təsvir olunması sayəsində, erkən məsihçilərin dövründən indiyədək «Markın Müjdəsi»nin bütün oxucuları İbranicə Müqəddəs Yazılarda Məsihə dair yazılan çoxlu peyğəmbərliklərin necə yerinə yetdiyini görürlər. İlk sitatdan, «budur, Mən Sənin önündə Öz elçimi göndərirəm» sözlərindən başlayaraq, İsanın dirək üzərində «Allahım, Allahım! Nə üçün Məni tərk etdin?» deyə çəkdiyi naləyədək İsanın sə’ylə etdiyi xidmət haqqında Markın yazdıqlarının hamısı İbranicə Müqəddəs Yazılarda qabaqcadan deyilənlərlə həmahəngdir (Mark 1:2; 15:34; Mal. 3:1; Məz. 22:1). Bundan başqa, İsanın mö’cüzələri və möhtəşəm işləri, sağlam tə’limləri, nöqsansız təkzibləri, Yehovanın Kəlamına və ruhuna tam itaət etməsi, o cümlədən, məhəbbətlə davamçılarının qayğısına qalması göstərir ki, o, Allahın Oğlu kimi səlahiyyətə malik idi. O, Yehovadan səlahiyyət almış «hakimiyyət sahibi» kimi tə’lim verirdi və vurğulayırdı ki, yer üzündə əsas işi «Allahın Səltənəti Müjdəsini», yə’ni ‘Allahın Səltənətinin yaxınlaşdığını’ təbliğ etməkdir. Onun tə’limləri qulaq asanların hamısına misilsiz fayda gətirir (Mark 1:22, 14, 15).

32 İsa öz davamçılarına demişdi: «Allahın Səltənətinin sirri sizə bildirilmişdir». Mark «Allahın Səltənəti» ifadəsini 14 dəfə işlədir və Padşahlıq vasitəsilə həyat əldə etmək istəyən insanlara bir çox rəhbər prinsiplər verir. İsa demişdir: «Kim canını Mənim namimə və Müjdə uğrunda itirsə, onu qurtaracaqdır». Həyatı almağımıza nəyin isə mane olmasına yol vermək olmaz: «Sənin üçün tək gözlə Allahın Səltənətinə girmək, iki gözün olaraq cəhənnəm oduna atılmaqdan yaxşıdır». İsa daha sonra bəyan etmişdi: «Kim Allahın Səltənətini körpə bir uşaq kimi qəbul etməzsə, oraya əsla girə bilməz» və «Sərvətə güvənənlər üçün Allahın Səltənətinə girmək nə qədər çətindir!» O dedi ki, iki böyük əmri yerinə yetirməyin bütün yandırma qurbanlarından və digər qurbanlardan üstün olduğunu başa düşən ‘Allahın Səltənətindən uzaq deyil’. «Markın Müjdəsi»ndə olan bu və başqa Padşahlıq tə’limlərində gündəlik həyatımızda tətbiq edə biləcəyimiz çoxlu faydalı öyüd-nəsihətlər var (4:11; 8:35; 9:43-48; 10:13-15, 23-25; 12:28-34).

33 Markın yazdığı xoş xəbəri əvvəldən axıra kimi bir və ya iki saata oxuyaraq həyəcanlandırıcı, cəld və dinamik surətdə İsanın xidmətini nəzərdən keçirmək olar. Allahdan ilham almış bu hekayəti istər nəfəsini dərmədən, istərsə də dərindən tədqiq edib, üzərində düşünərək oxumaq həmişə fayda gətirir. «Markın Müjdəsi», birinci əsrdəki məsihçilər kimi, bu gün tə’qib olunan məsihçilər üçün də eyni cür faydalıdır, çünki indi məsihçilər ‘çətin anlarda’ yaşayır və Nümunəmiz İsa Məsih haqqında bu Müjdə kimi, Allahdan ilham almış rəhbərliyə ehtiyac duyurlar. Onu oxuyun və həyəcanlandırıcı hadisələri gözünüzün önündə canlandırın. Qoy bu, İmanımızın Banisi və Kamilləşdiricisi olan İsanın izləri ilə onda olan bitməz-tükənməz sevinclə getmək əzminizi möhkəmləndirsin (2 Tim. 3:1; İbr. 12:2). Qoy o sizin qarşınızda daima fəaliyyətdə olan bir insan kimi canlansın, onun sə’yi sizə də hopsun, onun sarsılmaz nöqsansızlığını, tə’qib və müqavimətlər qarşısında göstərdiyi cəsarəti təqlid edin. Allahdan ilham almış Yazıların bu dəyərli parçasından təsəlli tapın. Qoy bu kitab əbədi həyatı almağınıza kömək olsun!

[Haşiyələr]

a «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 337 (ing.).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş