Müqəddəs Yazıların kitabı nömrə 51 Koloslulara
Yazan: Pavel
Yazıldığı yer: Roma
Yazılması başa çatıb: b. e. təx. 60-61-ci illəri
EFESİ tərk edən iki adam Böyük Menderes çayı boyunca Kiçik Asiyadan keçib şərqə doğru səyahət etmişdi. Onlar Frikiyadan axan Lik çayına çatanda çay boyunca üzü yuxarı dağlı-dərəli yerlərlə cənub-şərqə doğru irəlilədilər. Səyahətçilərin qarşısında gözəl mənzərə açıldı: münbit yaşıl çəmənliklər və böyük qoyun sürüləri. (Yun istehsalı bu ərazidə əsas gəlir mənbəyi idia.) Vadi boyu yuxarı qalxaraq səyahətçilər onlardan sağda yerləşən və həmin Roma əyalətinin idarə mərkəzi olan zəngin Laodikiya şəhərindən keçdilər. Səyahətçilər sol tərəfdə, çayın əks sahilində, mə’bədlərinə və qaynar bulaqlarına görə şöhrət qazanmış İyerapolis şəhərini görə bilərdilər. Hər iki şəhərdə, həmçinin dərədən təxminən 16 kilometr yuxarıda yerləşən kiçik Kolos şəhərində məsihçi yığıncaqları vardı.
2 Nəhayət səyahətçilər Kolos şəhərinə çatdılar. Onların hər ikisi məsihçi idi. Hər halda, onların biri, Kolosdan olub bu ərazini yaxşı tanıyan Onisim adlı qul idi və o, ağasının yanına qayıdırdı. Onun ağası bu şəhərdəki yığıncağın üzvü idi. Onisimin yol yoldaşı azad adam Tixik idi. Onların hər ikisinə həvari Pavel «Kolosda olan... sadiq qardaşlara» məktub çatdırmağı həvalə etmişdi. Bildiyimizə görə, Pavel heç vaxt Kolosda olmamışdı. Əsasən qeyri-yəhudilərdən ibarət olan Kolos yığıncağını, vaxtilə burada çalışan və hal-hazırda Pavellə Romada olan Epafranın təşkil etdiyi ehtimal edilir (Kolos. 1:2, 7; 4:12).
3 «Koloslulara məktub»un giriş və yekun sözlərindən onun Pavel tərəfindən yazıldığı aydın olur (1:1; 4:18). Yekun sözlərindən mə’lum olur ki, həvari məktubu həbsdə yazmışdı. Görünür bu, həvari Pavelin birinci dəfə Romada həbsə alındığı vaxt idi (b. e. 59-61-ci illəri). Həvari, Filimona göndərdiyi məktub da daxil olmaqla, bir sıra ruhlandırıcı məktublarını məhz bu zaman yazmışdı (Kolos. 4:7-9; Filim. 10, 23). Çox ehtimal ki, «Koloslulara məktub» ilə «Efeslilərə məktub» təxminən eyni vaxtda yazılıb, çünki bir çox fikirlər və ifadələr eynidir.
4 «Koloslulara məktub»un doğruluğuna şübhə etməyə əsas yoxdur. O, Pavelin digər məktubları ilə birlikdə eramızın 200-cü ilinə aid edilən Çester Bittinin № 2 (P46) papirusuna daxildir. Bu göstərir ki, erkən məsihçilər onu Pavelin məktubu kimi qəbul edirdilər. Pavelin digər məktublarının doğruluğunu təsdiq edən erkən nüfuzlu mənbələr onun bu məktubunun da doğruluğunu təsdiq edir.
5 Paveli koloslulara məktub yazmağa nə vadar etmişdi? Hər şeydən öncə, Onisim Kolosa qayıdırdı. Epafra bu yaxınlarda Pavelin yanına gəlmişdi və şübhə yoxdur ki, Kolos yığıncağının vəziyyəti haqqında çatdırdığı mə’lumat Pavelin məktub yazmasına daha bir səbəb idi (Kolos. 1:7, 8; 4:12). Buradakı məsihçi yığıncağı müəyyən təhlükələrə mə’ruz qalırdı. Həmin vaxt dinlərdə parçalanma gedirdi və onların müəyyən tə’limlərini mənimsəyən yeni dinlər əmələ gəlirdi. Şəhərdə bütpərəstlərin fəlsəfəsinə daxil olan asketizm, spiritizm və mövhumata inam geniş yayılmışdı. Bütün bunlar, o cümlədən yəhudilərin hansısa yeməkləri yeməmək və müəyyən günlərə riayət etmək adəti, ehtimal ki, Kolos yığıncağının bə’zi üzvlərinə tə’sir etmişdi. Hər necə olsa da, görünür, problemin ciddiliyi Epafranın uzun məsafəni qət edib Romaya, Pavelin yanına gəlməsinə səbəb oldu. Ancaq bütün yığıncağın təhlükə altında olmadığı Epafranın Kolos məsihçilərin məhəbbəti və mətanəti haqqında dediyi ruhlandırıcı sözlərindən görünür. Epafranın gətirdiyi xəbəri eşitdikdən sonra, Pavel Kolos yığıncağına məktub yazmaqla dəqiq biliyi və təmiz ibadəti müdafiə etmək qətiyyətində oldu. O, məktubunda Allahın Məsihə verdiyi hakimiyyətin bütpərəst fəlsəfəsindən, mələklərə ibadətdən və yəhudi adət-ən’ənələrindən üstünlüyünü vurğuladı.
BİZƏ FAYDASI
12 Romadan iki qardaşın gəlişi xəbərinin Kolos məsihçiləri arasında necə tez yayıldığını təsəvvür etmək çətin deyil. Onlar Pavelin məktubunu dinləmək üçün, ehtimal ki, tez-tələsik Filimonun evinə yığışdılar (Filim. 2). Məktubda Məsihin mövqeyi və dəqiq biliyin zəruriliyi haqqında necə də təravətləndirici həqiqətlər yazılıb! İnsan fəlsəfəsi və yəhudi adət-ən’ənələri ilə bağlı məsələlərə aydınlıq gətirildi, Məsihin sülh və kəlamı yüksəldildi! Orada yığıncağın hər üzvü — nəzarətçilər, ərlər, arvadlar, atalar, uşaqlar, ağalar, qullar üçün düşüncə və ürəklə qəbul ediləsi öyüd-nəsihət vardı. Onisim Kolosa qayıdanda yenə də ağası Filimona xidmət etməyə başladı və bu məktubdakı məsləhətlər onlar üçün də faydalı idi. Nəzarətçilərə yığıncaq üzvlərini düzgün tə’limə yönəltməyə dair gözəl rəhbərlik verilmişdi. Pavelin sözləri kolosluların Yehovaya səmimi-qəlbdən xidmət etmək imkanları üçün duyduqları minnətdarlıqlarını möhkəmləndirdi. Dünyanın insanı kölə edən düşüncə tərzindən və əməllərindən azad olmağa dair koloslulara verilən dəyərli məsləhətlər indiki yığıncaqlar üçün də aktual olaraq qalır (Kolos. 1:9-11, 17, 18; 2:8; 3:15, 16, 18-25; 4:1).
13 Koloslulara 4:6 ayəsində məsihçi xidmətçilərinə dəyərli məsləhət verilir: «Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz». Həqiqətə daxil olan fərəhləndirici sözlər səmimi insanların ruhani iştahasını qaldıracaq və onların əbədi xeyri üçün olacaq. Həmçinin məsihçinin minnətdarlıqla dolu ürəyindən gələn müntəzəm dualarını Yehova bol-bol xeyir-dualandıracaq: «Duada sabit olun və onda şükran ilə oyaq durun». Məsihçilərlə ünsiyyət bizi ruhlandırır, sevinc və təravət gətirir. Pavel deyir: «Bir-birinizə tam hikmətlə tə’lim və nəsihət verin; ürəklərinizdə Rəbbə minnətlə nəğmə oxuyun» (4:2; 3:16). Siz «Koloslulara məktub»u oxuduqca bir çox başqa hikmətli və praktiki məsləhətlər də tapacaqsınız.
14 Məktubda Qanuna riayət etmək barədə deyilir: «Bunlar, gələcək şeylərin kölgəsidir, gerçəklik isə Məsihə məxsusdur» (2:17, İ–93). «Koloslulara məktub»da Məsihlə bağlı «gerçəklik» vurğulanır. Məktubda, Məsihlə vəhdətdə olanlar üçün göylərdə hazırlanmış izzətli ümiddən tez-tez danışılır (1:5, 27; 3:4). Bu məsihçilər Atamız onları zülmətin hakimiyyətindən azad edib ‘Öz sevimli Oğlunun səltənətinə köçürdüyü’ üçün Ona minnətdar ola bilərlər. Beləliklə, onlar özlərini ‘görünməyən Allahın surəti və bütün xilqətin fövqündə duran, ilk doğulan Oğula’ təslim ediblər. «Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey... istər taxtlar, istər hökmdarlıqlar, istər rəyasətlər, istərsə də hakimiyyətlər» onun vasitəsilə yaradılmışdır. Bu Oğul Allahın Padşahlığında ədalətlə idarə etməyə tam müvafiqdir. Buna görə də, Pavel məsh olunmuş məsihçilərə nəsihət edir: «Beləliklə, əgər Məsihlə dirilmisinizsə, səmavi dəyərləri axtarın. Məsih səmada, Allahın sağında oturmuşdur» (1:12-16; 3:1).
[Haşiyələr]
a «The New Westminster Dictionary of the Bible», 1970, page 181.