Müqəddəs Yazıların kitabı nömrə 50 Filipililərə
Yazan: Pavel
Yazıldığı yer: Roma
Yazılması başa çatıb: b. e. təx. 60-61-ci illəri
HƏVARİ Pavel xoş xəbəri Makedoniyaya çatdırmaq tapşırığını rö’yada alanda əməkdaşları Luka, Sila və gənc Timotey ilə birlikdə bunu tez yerinə yetirdilər. Onlar kiçik Asiyadakı Troasdan gəmi ilə Neapolisə və oradan dağ keçidi ilə təxminən 15 km aralıda yerləşən Filipiyə gəldilər. Luka oranı «Makedoniya əyalətinin başlıca şəhərlərindən biri» kimi təsvir edir (Həv. iş. 16:12). Bu şəhər, b. e. ə. 356-cı ildə Makedoniyanın padşahı II Filip (Böyük İsgəndərin atası) tərəfindən ələ keçirildikdən sonra Filipi adlanmışdır. Buranı daha sonralar romalılar ələ keçirmişdir. Bu şəhərdə eramızdan əvvəl 42-ci ildə, sonralar Qeysər Avqust olan Oktavianın mövqeyinin möhkəmlənməsinə kömək edən həlledici döyüş olmuşdur. O, qazandıqları qələbənin şərəfinə Filipi şəhərini Roma koloniyası etmişdir.
2 Pavel yeni şəhərə gələndə adəti üzrə ilk növbədə yəhudilərə təbliğ edirdi. Ancaq eramızın təxminən 50-ci ilində, Pavel birinci dəfə Filipidə olanda burada az yəhudi tapmışdı və ehtimal ki, onların sinaqoqu yox idi, çünki onlar dua etmək üçün adətən şəhərdən kənarda çay sahilində yığışırdılar. Pavelin təbliği qısa vaxt ərzində səmərə gətirir. İlk hay verənlərdən biri ticarətlə məşğul olan, Məsih haqqındakı həqiqəti həvəslə qəbul edən və səyahətçilərin onun evində qalmasını israrla xahiş edən yəhudi prozeliti Lidiya olur. Luka yazır ki, bu qadın onun evində qalsınlar deyə, onların ‘razılığını aldı’. Tezliklə onlar müqavimətlərlə üzləşirlər və Pavel ilə Silanı dəyənəklə döyüb zindana atırlar. Onlar həbsdə olan zaman zəlzələ baş verir, sonra isə keşikçi ailəsi ilə bərabər Pavel və Silaya qulaq asaraq imana gəlir. Növbəti gün Pavellə Sila azadlığa buraxılır və şəhəri tərk etməzdən əvvəl Lidiyanın evində qardaşlara baş çəkib onları ruhlandırırlar. Bəli, Filipidə yığıncaq təşkil olunanda onun başına çox bəlalar gəldi. Bütün bu xatirələr Pavelin yaddaşında qaldı (Həv. iş. 16:9-40).
3 Bir neçə il sonra, üçüncü missioner səyahəti zamanı Pavel Filipidəki yığıncağa bir daha baş çəkir. Bu yığıncaq yaranandan təxminən on il sonra Filipidəki qardaşların zərif məhəbbəti Paveli təşviq etmişdir ki, Müqəddəs Yazılarda yerləşən və bu sevimli yığıncağın adını daşıyan ilhamlanmış məktubu yazsın.
4 Birinci ayədə deyildiyi kimi, bu məktubu Pavel yazıb və bu faktı ümumiyyətlə bütün Müqəddəs Kitab şərhçiləri tam əsasla qəbul edir. Polikarp (b. e. 69?-155?) filipililərə yazdığı məktubunda qeyd edirdi ki, Pavel də onlara məktub yazmışdı. İqnati, İriney, Tertullian və İsgəndəriyyəli Klement kimi erkən Müqəddəs Kitab şərhçiləri Pavelin məktubundan sitat gətirirdilər. Bu məktub eramızın ikinci əsrinə aid olan Muratori fraqmentində və bütün digər erkən kanonlarda yerləşdirilib. «Filipililərə məktub» təqribən 200-cü ildə yazıldığı təxmin edilən Çester Bittinin № 2 (P46) papirusunda Pavelin digər səkkiz məktubunun sırasına daxil edilmişdir.
5 Məktubun yazıldığı yeri və tarixi dəqiq müəyyən etmək olar. Pavel bu məktubu yazdığı vaxt Roma imperatorunun mühafizəçisinin nəzarəti altında həbsdə saxlanılırdı və məsihçi fəaliyyəti ilə fəal məşğul olurdu. O, məktubunu qeysərin sarayında işləyən imanlı insanların salamları ilə bitirir. Bu faktların hamısı məktubun Romadan göndərildiyini göstərir (Filip. 1:7, 13, 14; 4:22; Həv. iş. 28:30, 31).
6 Bəs məktub nə vaxt yazılıb? Görünür, Pavel xeyli vaxt idi ki Romada həbsdə saxlanılırdı, çünki imperatorun bütün saray mühafizlərinə və bir çoxlarına onun bir məsihçi kimi həbs edilməsi və bunun səbəbləri haqqında xəbər çatması üçün kifayət qədər vaxt tələb olunurdu. Həmçinin Epafroditin Filipidən (1 000 km) Pavelə hədiyyə gətirməsi, Epafroditin Romada xəstələndiyi barədə mə’lumatın Romadan Filipiyə çatması və bacı-qardaşların onun dərdinə şərik olduğu barədə xəbərin Filipidən Romaya çatması üçün vaxt tələb olunurdu (Filip. 2:25-30; 4:18). Pavel Romada birinci dəfə eramızın təxminən 59-61-ci illərində həbs edilmişdi. Buna görə də, bu məktubu eramızın 60 və ya 61-ci ilində, Romaya ilk gəlişindən bir-iki il keçəndən sonra yaza bilərdi.
7 Pavel ilə Filipi məsihçiləri arasında möhkəm qarşılıqlı məhəbbət telləri yaranmışdı. Bu münasibət, həqiqət sözləri vasitəsilə Pavelin Filipidə ruhani uşaqlarının dünyaya gətirməsində yaşadığı doğuş ağrıları, ona bir çox səyahətlərində və çətinliklərində kömək edən filipililərin hədiyyələri, bağlılığı və səxavəti, həmçinin Makedoniyada missioner səyahətinə başlayanda Yehovanın verdiyi gözəl xeyir-duaları sayəsində yaranmışdı. Bu məsihçilərin xeyirxahcasına təqdim etdiyi hədiyyələri, o cümlədən Epafroditin səhhəti və Romada xoş xəbərin təbliğ edilməsi ilə canlı maraqlanmaları Paveli onlara sevgi dolu ruhlandırıcı məktubu yazmağa təşviq etdi.
BİZƏ FAYDASI
12 «Filipililərə məktub» bizim üçün olduqca faydalıdır! Əlbəttə, biz Yehova tərəfindən bəyənilmək və Pavelin Filipidəki yığıncağa dediyi sözlərə oxşar tə’rif sözlərini məsihçi ağsaqqallarımızdan eşitmək istəyirik. Buna, filipililərin gözəl nümunəsini izlədiyimiz və Pavelin məhəbbətdən irəli gələrək verdiyi məsləhətlərə əməl etdiyimiz təqdirdə nail ola bilərik. Biz də filipililər kimi, səxavətli olmalı, qardaşlarımız dara düşəndə kömək əlimizi uzatmalı, həmçinin müjdənin müdafiə və qanun çərçivəsində təsdiq edilməsində iştirak etməliyik (1:3-7). Biz əyri və pozğun nəsil arasında «ulduzlar» kimi parlayaraq, ‘bir ruhda sabit durmağa, Müjdəyə iman üçün yekdilliklə sə’y göstərməyə’ davam etməliyik. Belə edir və ehtiramlı şeylər haqda düşünürüksə, filipililər həvari Pavelə sevinc gətirdiyi kimi, biz də qardaşlarımıza sevinc gətirə bilərik (2:15; 1:27; 4:1, 8).
13 Həvari Pavel «məni təqlid edin» deyir. Onu necə təqlid edə bilərik? Üsullardan biri, hər şəraitdə məmnun qalmaqdır. Pavel istər bolluq, istərsə də yoxsulluq içində olsun, Allaha xidmətini sə’ylə və sevinclə davam etdirmək üçün, düşdüyü şəraitə uyğunlaşaraq şikayətsiz yaşamağı öyrənmişdi. Sadiq həmimanlılarımıza zərif məhəbbət göstərməkdə hamımız Paveli təqlid etməliyik. O, Timotey və Epafroditin xidməti haqqında necə də fərəhlə danışırdı! «Sevincim və başımın tacı, həsrətini çəkdiyim sevimli qardaşlarım» dediyi filipililəri Pavel özünə necə də doğma sanırdı! (3:17; 4:1, 11, 12; 2:19-30).
14 Paveli daha necə təqlid edə bilərik? ‘Hədəfə doğru qaçmaqla’! Düşüncələrini ‘ehtiramlı şeylərə’ yönəldənlərin hamısı Yehovanın göyə və yerə dair e’cazkar niyyəti ilə yaxından maraqlanır. Bu niyyətə əsasən, ‘Ata Allahın izzəti üçün hər dil İsa Məsihin Rəbb olduğunu iqrar edəcək’. Filipililərə verilən gözəl məsləhət, Allahın Padşahlığı altında əbədi yaşamağa ümid edənlərin hamısını bu məqsədə doğru irəliləməyə təşviq edir. Ancaq «Filipililərə məktub», ilk növbədə, ‘vətəndaşlığı göylərdə’ olanlara və Məsihin ‘izzətli bədəninə bənzər hala gəlməyi’ səbirsizliklə gözləyənlərə ünvanlanıb. Qoy izzətli mirasları göylərin Padşahlığı olanların hamısı, «arxada qalan hər şeyi unudub, qarşıda olana çatmağa can ataraq», ‘yüksək də’vətə daxil olan mükafat üçün hədəfə doğru qaçmaqda’ həvari Paveli təqlid etsin! (4:8; 2:10, 11; 3:13, 14, 20, 21).