Avqust
Cümə, 1 avqust
Salehin dərdi-səri çox olar, lakin Yehova onu bütün bəlalardan qurtarar (Zəb. 34:19).
Bu məzmurda iki vacib fikir var: 1) Saleh insanlar problemlərlə üzləşir, 2) Yehova onları bu problemlərdən qurtarır. Necə? Məsələn, həyata real baxmağa kömək edir. Yehova xidmətimizdən sevinc duyacağımıza söz verir, amma bu dünyada həyatımızın problemsiz olacağına zəmanət vermir (Əşy. 66:14). O istəyir ki, biz ümidimizi gələcəyə — vəd etdiyi əbədi həyata bağlayaq (2 Kor. 4:16—18). O vaxta qədər isə Yehova bizə hər gün Ona xidmət etməyə kömək edəcək (Mərs. 3:22—24). Həm keçmişdəki, həm də bizim dövrümüzdəki imanlı insanların nümunəsindən nə öyrənə bilərik? Ola bilər ki, gözləmədiyimiz problemlərlə üzləşək. Amma Yehovaya bel bağlasaq, O mütləq bizə dayaq olacaq (Zəb. 55:22). w23.04 s. 14—15, abz. 3, 4
Şənbə, 2 avqust
Hər kəs hökumətə tabe olsun (Rom. 13:1).
Yusiflə Məryəm bizim üçün gözəl nümunədir. Bu ər-arvad onlar üçün asan olmayanda belə hökumətə tabe olurdu (Luka 2:1—6). Məryəmin hamiləliyinin təxminən doqquzuncu ayında onların itaətkarlığı sınandı. Roma imperatoru Sezar Avqust əhalinin siyahıya alınması üçün fərman verdi. Yusiflə Məryəm dağlı-təpəli yollarla haradasa 150 kilometr qət edib Beytləhmə getməli idi. Bu heç də asan səyahət olmayacaqdı, əsas da Məryəm üçün. Yəqin, onlar həm Məryəmin, həm də doğulmamış körpənin sağlamlığına görə narahat idilər. Birdən yolda Məryəmin doğuş sancıları tutsaydı, necə olacaqdı? Axı o, bətnində gələcək Məsihi daşıyırdı. Bu onlara hökumətin əmrinə itaətsizlik etməyə haqq qazandırardı? Yusiflə Məryəmin narahat olmaq üçün yetərincə səbəbi olsa da, onlar qanuna tabe oldu. Yehova da onların itaətini qiymətləndirib qeydlərinə qaldı. Məryəm sağ-salamat Beytləhmə çatdı, sağlam uşaq dünyaya gətirdi, hətta Müqəddəs Kitab peyğəmbərliyinin yerinə yetməsində pay sahibi oldu! (Mik. 5:2). w23.10 s. 8, abz. 9; s. 9, abz. 11, 12
Bazar, 3 avqust
Bir-birimizi ruhlandıraq (İbr. 10:25).
Şərh verməyin adı gələndə həyəcan sizi bürüyür? Yaxşı hazırlaşmağın sizə köməyi dəyə bilər (Məs. 21:5). Mövzu ilə yaxşı tanış olanda şərh vermək insana daha asan olur. Həmçinin qısa şərhlər verin (Məs. 15:23; 17:27). Qısa şərh verəndə insan o qədər də həyəcanlanmır. Öz sözlərinizlə qısa şərhlər versəniz, göstərəcəksiniz ki, yaxşı hazırlaşmısınız və mövzu barədə anlayışınız var. Ola bilsin, bu məsləhətlərə əməl etsəniz də, yenə həyəcan keçirirsiniz, bir-iki dəfədən artıq şərh verə bilmirsiniz. Bu zaman əmin ola bilərsiniz ki, Yehova əlinizdən gələni etdiyinizi görür və qiymətləndirir (Luka 21:1—4). Əlinizdən gələni etmək gücünüz çatmayan şeyi etmək demək deyil (Filip. 4:5). Nəyə gücünüzün çatdığını müəyyən edin, onu etmək üçün məqsəd qoyun və Yehovaya dua edin ki, sizə həyəcanınızı boğmağa kömək etsin. Kimisi üçün ilk məqsəd bir qısa şərh vermək ola bilər. w23.04 s. 21, abz. 6—8
Bazar ertəsi, 4 avqust
Zirehi geyməli, xilas ümidini dəbilqə kimi başımıza qoymalıyıq (1 Salon. 5:8).
Həvari Bulus bizi oyaq olan yaraq-yasaqlı əsgərə bənzədir. Hərbi xidmətdə olan əsgər hər an döyüşə hazır olmalıdır, eynilə biz də. Biz iman və məhəbbət zirehini geyinməklə və ümid dəbilqəsini başımıza qoymaqla Yehovanın gününə hazır ola bilərik. Zireh əsgərin ürəyini qoruyurdu. İman və məhəbbət də bizim məcazi ürəyimizi qoruyur. Onlar bizə daima Yehovaya xidmət etməyə və İsanın ardınca getməyə kömək edir. İmanımız sayəsində əminik ki, bütün qəlbimizlə Yehovanı axtarsaq, O bizi mükafatlandıracaq (İbr. 11:6). İman kömək edəcək ki, çətinliklərə dözməli olsaq belə, Rəhbərimiz İsaya sadiq qalaq. Bəs imanımızı necə möhkəmləndirə bilərik? Təqiblər və maddi çətinliklər qarşısında sadiqliyini qoruyan bacı-qardaşların nümunəsi barədə düşünməklə. Həyatını sadələşdirib Padşahlığı hər şeydən üstün tutan bacı-qardaşlardan örnək götürmək isə bizə maddiyyat tələsinə düşməməyə kömək edə bilər. w23.06 s. 10, abz. 8, 9
Çərşənbə axşamı, 5 avqust
Buluda baxan biçin biçməz (Vaiz 11:4).
Özünə hakim olmaq hissləri, hərəkətləri idarə etmək bacarığıdır. Məqsədimizə çatmaq üçün özümüzə hakim olmalıyıq, xüsusilə də qoyduğumuz məqsədə çatmaq çətin olanda və ya buna həvəsimiz olmayanda. Bildiyimiz kimi, özünə hakim olmaq ruhun bəhrəsidir. Ona görə də Yehovadan müqəddəs ruh istəyin ki, bu xüsusiyyəti yetişdirməyə sizə kömək etsin (Luka 11:13; Qal. 5:22, 23). Mükəmməl şəraitin yaranacağı vaxtı gözləməyin. Bu dünyada çətin ki belə şərait yaransın. Əgər hər şeyin mükəmməl olmasını gözləsək, məqsədimizə heç vaxt çatmarıq. Ola bilsin, həvəsimizin az olmasına səbəb qoyduğumuz məqsədə çatmağın bizə çətin görünməsidir. Əgər sizdə də belədirsə, bəlkə, qarşınıza böyük məqsədlərə aparan xırda məqsədlər qoyasınız? Məsələn, məqsədiniz özünüzdə hansısa xüsusiyyəti inkişaf etdirməkdirsə, bəlkə, bu xüsusiyyəti əvvəlcə kiçik yollarla göstərəsiniz? Əgər məqsədiniz Müqəddəs Kitabı başdan axıra qədər oxumaqdırsa, bəlkə, buna əvvəlcə qısa vaxt ayırasınız? w23.06 s. 20, abz. 1, 2; s. 21, abz. 5
Çərşənbə, 6 avqust
Salehlərinsə yolu sübh şəfəqi kimidir, gün günorta yerinə qalxdıqca daha da işıqlanır (Məs. 4:18).
Axırzaman boyu Yehova təşkilatı vasitəsilə daima bol ruhani qida təqdim edib ki, hamımız «Müqəddəslik yolu»nda yeriməyə davam edə bilək (Əşy. 35:8; 48:17; 60:17). Deyə bilərik ki, Allahın Kəlamını öyrənməyə başlayan hər bir insan «Müqəddəslik yolu»na qədəm qoyur. Bəzilərinin bu yolda səfəri qısa çəkir, sonra onlar bu yolla getmirlər. Digərləri isə qəti qərarlıdırlar ki, ta mənzilbaşına çatana kimi bu yolda qalsınlar. Bəs bu yol hara gedib çıxır? «Müqəddəslik yolu» göydə yaşamaq ümidi olanları göydə «Allahın cənnəti»nə aparır (Vəhy 2:7). Yer üzündə yaşamağa ümid edənləri isə bu yol minilliyin sonunda alacaqları kamilliyə aparır. Əgər siz hal-hazırda bu yolla yeriyirsinizsə, qətiyyən geri boylanmayın. Yeni dünyaya aparan bu səyahəti tamamlayana kimi bu yolda qalın. w23.05 s. 17—19, abz. 15—18
Cümə axşamı, 7 avqust
Biz sevirik, çünki əvvəlcə Allah bizi sevdi (1 Yəh. 4:19).
Yehovanın sizin üçün etdiyi hər bir şey barədə düşünsəniz, Ona minnətdarlığınız artacaq və beləcə, həyatınızı Ona həsr etmək istəyəcəksiniz (Zəb. 116:12—14). Müqəddəs Kitabda «hər bir gözəl pay və hər bir kamil nemət»in Yehovadan nazil olduğu deyilir (Yaq. 1:17). Yehovanın ən böyük hədiyyəsi isə Öz Oğlunu — İsa Məsihi bizim üçün qurban verməsidir. Bir düşünün, fidyə sayəsində bizim Yehova ilə yaxın dostluq münasibətləri qurmaq imkanımız yaranıb. Həmçinin önümüzdə əbədi həyata qapı açılıb (1 Yəh. 4:9, 10). Tarix boyu göstərilmiş məhəbbətin ən böyük təcəssümünə — fidyəyə görə, həmçinin Yehovanın bizə bəxş etdiyi digər nemətlərə görə minnətdarlığımızı bildirməyin ən yaxşı yolu özümüzü Ona həsr etməkdir (Qan. 16:17; 2 Kor. 5:15). w24.03 s. 5, abz. 8
Cümə, 8 avqust
Doğruluq yolunda yeriyən Yehovadan qorxur (Məs. 14:2).
Bu dünyanın əxlaq dəyərləri çox aşağı düşüb. Buna görə də özümüzü Allahın saleh bəndəsi olan Lut kimi hiss edirik. O, «qanun tanımayan adamların azğınlığına görə» əzab çəkirdi, çünki bilirdi ki, Yehova bu şər əməllərə nifrət edir (2 But. 2:7, 8). Ürəyində Allah xofu və Allah sevgisi olduğu üçün Lut ətrafdakı insanların əxlaqsız davranışına ikrahla yanaşırdı. Bizim də ətrafımızdakı insanlar Yehovanın əxlaq qaydalarına demək olar ki, məhəl qoymur. Buna baxmayaraq, əgər biz Allaha sevgimizi qorusaq və ürəyimizdə Allah xofu yetişdirsək, bu dünyada əxlaqi cəhətdən təmiz qala bilərik. Buna nail olmaq üçün Yehova «Məsəllər» kitabı vasitəsilə bizi doğru yola yönəldir. Kişili-qadınlı, böyüklü-kiçikli hər bir məsihi buradakı məsləhətlərin xeyrini görə bilər. Yehovadan qorxmaq bizə kömək edir ki, pis əməllərə bəraət qazandırmayaq. w23.06 s. 20, abz. 1, 2; s. 21, abz. 5
Şənbə, 9 avqust
Kim ardımca gəlmək istəyirsə, qoy özünü inkar etsin, işgəncə dirəyini götürüb günbəgün daşısın və daima ardımca gəlsin (Luka 9:23).
Ola bilsin, siz ailə üzvlərinizin təqibi ilə üzləşmisiniz, yaxud Yehovanın işini birinci yerə qoymaq üçün müəyyən maddi qurbanlar vermisiniz (Mət. 6:33). Əmin olun ki, imandan irəli gələrək etdikləriniz Yehovanın nəzərindən yayınmır (İbr. 6:10). Çox yəqin ki, İsanın növbəti sözlərinin doğruluğuna öz təcrübənizdə əmin olmusunuz: «Mənim yolumda və müjdə uğrunda evini, bacı-qardaşını, anasını, atasını, uşaqlarını, yaxud tarlalarını qoyub gələn mütləq bu dövrdə təqiblərlə yanaşı yüzqat artıq ev, qardaş, bacı, ana, uşaq və tarla, gələcəkdə isə əbədi həyat alacaq» (Mark 10:29, 30). Bəli, aldığınız nemətlər verdiyiniz istənilən qurbandan qat-qat dəyərlidir (Zəb. 37:4). w24.03 s. 9, abz. 5
Bazar, 10 avqust
Əsl dost hər zaman sevər, o, dar gün üçün doğulmuş qardaşdır (Məs. 17:17).
Yəhudiyyədəki məsihilər aclıqdan əziyyət çəkəndə Antakya yığıncağındakı bacı-qardaşlar «qərarlaşdırdılar ki, hər kəs Yəhudiyyədə yaşayan qardaşlara gücü çatan qədər yardım göstərsin» (Həv. 11:27—30). Aclıqdan əziyyət çəkən bacı-qardaşlar uzaqda yaşasalar da, Antakyadakı məsihilər onları köməksiz qoymadılar (1 Yəh. 3:17, 18). Biz də dindaşlarımızın fəlakətlə üzləşdiyini eşidəndə şəfqət göstəririk, dərhal onların dadına çatmağa çalışırıq. Məsələn, ağsaqqallara yardım işində iştirak etmək istədiyimizi bildiririk, ümumdünya işinə ianə edirik və ya fəlakətdən zərərçəkənlər üçün dua edirik. Ola bilsin, bacı-qardaşlarımız zəruri tələbatlarını ödəmək üçün köməyə ehtiyac duyacaqlar. Arzu edirik ki, Padşahımız İsa Məsih hökmünü icra etməyə gələndə şəfqət göstərdiyimizi görsün və bizi Padşahlığı miras almağa dəvət etsin (Mət. 25:34—40). w23.07 s. 4, abz. 9, 10; s. 6, abz. 12
Bazar ertəsi, 11 avqust
Qoy hamı sizi dərrakəli adam kimi tanısın. Rəbb yaxındır (Filip. 4:5).
İsa Məsih Yehovadan örnək alaraq dərrakəli davranırdı. Bildiyimiz kimi Yehova onu yer üzünə «İsrail evinin itmiş qoyunları»na təbliğ etmək üçün göndərmişdi. Amma bu təyinatı yerinə yetirərkən o, dərrakəli davranırdı. Məsələn, bir dəfə israilli olmayan bir qadın İsaya yalvarmışdı ki, onun qızını sağaltsın, çünki cinlər qızına zülm edirdi. İsanın qadına rəhmi gəldi və onun xahişini yerinə yetirdi, qızını sağaltdı (Mət. 15:21—28). Başqa bir nümunəyə baxaq. Daha öncə İsa belə sözlər demişdi: «Kim... məni dansa, mən də... onu danacağam» (Mət. 10:33). Bəs Butrus İsanı üç dəfə dananda İsa onu dandı? Xeyr. O görürdü ki, Butrus imanlı insandır və etdiyi hərəkətə görə peşmandır. Diriləndən sonra İsa Butrusa göründü və çox yəqin ki, onu bağışladığına və hələ də sevdiyinə əmin etdi (Luka 24:33, 34). Yehova Allah və İsa Məsih dərrakəlidir. Bəs bizim barədə nə demək olar? Yehova bizim də dərrakəli olmağımızı istəyir. w23.07 s. 21—22, abz. 6, 7
Çərşənbə axşamı, 12 avqust
Artıq ölüm olmayacaq (Vəhy 21:4).
Yehovanın Cənnətlə bağlı vədinin yerinə yetəcəyinə inanmaq üçün tutarlı səbəblərimiz var. Bəs əgər kimsə bu vədə etibar etmirsə, onlara necə kömək edə bilərik? Bu üç əsası gətirmək olar: Birincisi, vədi verən Yehovanın Özüdür. «Vəhy» kitabında deyilir: «Taxtda oturan dedi: “Budur, Mən hər şeyi təzə edirəm”». Niyyətini həyata keçirmək üçün Yehovanın hikməti də var, gücü də var, istəyi də var. İkincisi, Yehova vədinin gerçəkləşəcəyinə o qədər əmindir ki, onun artıq yerinə yetdiyini söyləyir. Məhz buna görə O demişdi: «Bu sözlər doğru və etibarlıdır... Onlar yerinə yetdi!» Üçüncüsü, Yehova nəyisə etməyə başlayıbsa, O bunu mütləq axıra çatdırır. Çünki O demişdi: «Mən Alfa və Omeqayam» (Vəhy 21:6). Bəli, Yehova sübut edəcək ki, Şeytan yalançıdır və Ona niyyətini yerinə yetirməyə mane ola bilməz. Ola bilsin, kimsə belə desin: «Gözəl sözlərdir, amma çətin ki belə şey olsun». Bu zaman ona Vəhy 21:5, 6 ayələrini oxuyub izah edə bilərsiniz. Qoy həmin insan görsün ki, Yehova vədini yerinə yetirəcəyinə zəmanət verib, bir növ sözünün altına Öz imzasını atıb (Əşy. 65:16). w23.11 s. 7, abz. 18, 19
Çərşənbə, 13 avqust
Səndən böyük bir xalq törəyəcək (Yar. 12:2).
Yehova bu vədi verəndə İbrahim peyğəmbər 75 yaşında idi. Bəs o bu vədin yerinə yetdiyini gördü? Tam yox. Fərat çayını keçdikdən və 25 il gözlədikdən sonra möcüzəvi şəkildə oğlu İshaq dünyaya gəldi. Bundan 60 il sonra isə nəvələri Eyslə Yaqub anadan oldu (İbr. 6:15). Amma nəslinin böyük xalqa çevrildiyini və onların Vəd edilmiş diyarı miras aldığını görmək İbrahim peyğəmbərə nəsib olmadı. Bununla belə, bu mömin insanın Yaradanla möhkəm dostluğu var idi (Yaq. 2:23). İbrahim diriləndə biləcək ki, onun imanı və səbri sayəsində yer üzündəki bütün xalqlar mübarək qılınıb (Yar. 22:18). Sözsüz, o çox sevinəcək. Buradan nə öyrənirik? Biz Yehovanın bütün vədlərinin elə indicə yerinə yetdiyini görməsək də, əmin ola bilərik ki, İbrahim peyğəmbər kimi səbirli olsaq, Yehova bizə həm indi mükafat verəcək, həm də vəd etdiyi yeni dünyada daha çox nemətlər bəxş edəcək (Mark 10:29, 30). w23.08 s. 24—25, abz. 14
Cümə axşamı, 14 avqust
O, Yehovaya ibadət etdiyi müddətdə Allah onun işini avand edirdi (2 Saln. 26:5).
Gəncliyində Üziyyə təvazökar idi. O, Allahdan qorxmağı öyrənmişdi. Üziyyə 68 il ömür sürmüşdü və ömrünün əksər hissəsində Yehova onun işlərini avand etmişdi (2 Saln. 26:1—4). Üziyyə çoxlu düşmən xalqları məğlub etmişdi və Yerusəlimin müdafiə sistemini möhkəmləndirmişdi (2 Saln. 26:6—15). Sözsüz ki, o, Yehovanın köməyi ilə etdiyi işlərə görə çox sevinirdi (Vaiz 3:12, 13). Üziyyə bir padşah kimi başqalarına göstərişlər verməyə vərdiş etmişdi. Bəlkə də elə bu səbəbə görə düşünürdü ki, ürəyi istəyəni edə bilər. Məsələn, bir gün o, təkəbbürlü davranıb «buxur qurbangahında buxur yandırmaq üçün Yehovanın məbədinə» girmişdi, halbuki padşahların bunu etməyə ixtiyarı yox idi (2 Saln. 26:16—18). Baş kahin Əzriya onu səhv hərəkətdən döndərməyə çalışanda Üziyyə bərk qəzəbləndi. Əfsuslar olsun ki, Üziyyə bununla sədaqətlə xidmət etdiyi illəri bada verdi və cüzama tutuldu (2 Saln. 26:19—21). Əgər o, təvazökar qalsaydı, həyatı tamam başqa cür olardı! w23.09 s. 10, abz. 9, 10
Cümə, 15 avqust
O, sünnət tərəfdarlarından qorxaraq qeyri-yəhudilərdən uzaq gəzməyə başladı (Qal. 2:12).
Həvari Butrus məsh olunmuş məsihi olandan sonra da zəif cəhətləri ilə mübarizə aparırdı. Eramızın 36-cı ilində Butrus bir hadisənin şahidi oldu. Sünnətsiz olan qeyri-yəhudi Kornili müqəddəs ruhla məsh olundu. Bu hadisə sübut etdi ki, «Allah ayrı-seçkilik etməyən Allahdır» və qeyri-yəhudilər də məsihi yığıncağının bir hissəsi ola bilər (Həv. 10:34, 44, 45). Bundan sonra Butrus heç vaxt etmədiyi bir şey etdi: qeyri-yəhudilərlə bir süfrə arxasında yemək yeməyə başladı. Bununla belə, bəzi yəhudilər düşünürdü ki, yəhudilər qeyri-yəhudilərlə bir süfrə arxasında əyləşə bilməz. Onlardan bəziləri Antakyaya gələndə Butrus görünür onların qorxusundan qeyri-yəhudilərlə bir süfrəyə əyləşmədi. Həvari Bulus bu ikiüzlülüyü görüb hamının gözü qarşısında onu danladı (Qal. 2:13, 14). Butrus səhv etsə də, ruhdan düşmədi, xidmətini dayandırmadı. w23.09 s. 22, abz. 8
Şənbə, 16 avqust
Sizi... sarsılmaz edəcək (1 But. 5:10).
Özünüzü dürüstcəsinə yoxlayın. Ola bilsin, müəyyən zəif cəhətlərinizin olduğunu görəcəksiniz. Ruhdan düşməyin. Ağa xeyirxahdır, sizə təkmilləşməyə kömək edəcək (1 But. 2:3). Həvari Butrus bizə belə bir əminlik verir: «Allah... təliminizi başa çatdıracaq, sizi güclü... edəcək». Bir dəfə Butrus özünü Allahın Oğlunun yanında olmağa layiq görməmişdi (Luka 5:8). Amma Yehovanın və İsanın dəstəyi sayəsində o, Məsihin sədaqətli davamçısı ola bildi. Nəticədə, Yehova Butrusa «Ağamız və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığının qapısı»ndan daxil olmağa icazə verdi (2 But. 1:11). Bu çox böyük mükafat idi! Butrusdan örnək alaraq siz də təslim olmasanız və Yehovadan təlim almağa davam etsəniz, əbədi həyat mükafatını alacaqsınız. Siz «imanınızın hədəfinə — xilasa» yetişəcəksiniz (1 But. 1:9). w23.09 s. 31, abz. 16, 17
Bazar, 17 avqust
Göyü, yeri... yaradana təzim edin (Vəhy 14:7).
Müqəddəs çadırın bir həyəti var idi. Bu, hasara alınmış böyük bir ərazi idi. Burada kahinlər öz vəzifələrini icra edirdilər. Həyətdə yandırma qurbanı təqdim etmək üçün böyük mis qurbangah var idi. Həmçinin orada içi su ilə dolu mis çən var idi. Kahinlər müqəddəs xidmətlərini icra etməzdən əvvəl onun suyu ilə yuyunurdular (Çıx. 30:17—20; 40:6—8). Bu gün Məsihin məsh olunmuş qardaşları ruhani məbədin içəri həyətində Allaha sədaqətlə qulluq edirlər. Həyətdə böyük su çəninin olması məsh olunmuşlara və onların da simasında bütün məsihilərə əxlaqi və ruhani təmizliyi qorumağın vacibliyini xatırladır. Bəs «böyük izdiham» Allaha harada ibadət edir? Həvari Yəhya görmüşdü ki, onlar «Allahın taxtı qarşısındadırlar və gecə-gündüz Onun məbədində Ona qulluq edirlər» (Vəhy 7:9, 13—15). Böyük izdiham bunu ruhani məbədin çöl həyətində — yer üzündə edir. Yehovaya şükürlər olsun! Ona ibadət edə bilməyimiz üçün böyük ruhani məbədində bizə yer ayırıb! w23.10 s. 28—29, abz. 15, 16
Bazar ertəsi, 18 avqust
Allahdan vəd aldığına görə... imanı ona güc verdi (Rom. 4:20).
Yehovanın bizi möhkəmləndirmək üçün istifadə etdiyi bir mənbə ağsaqqallardır (Əşy. 32:1, 2). Buna görə də nəyinsə fikrini çəkəndə dərdinizi ağsaqqallara danışın. Onlar sizə kömək təklif edəndə bunu qəbul edin. Yehova onların vasitəsilə sizi güclü edəcək. Həmçinin bizim Müqəddəs Kitaba əsaslanan ümidimiz var: bəzilərimiz yer üzündə Cənnətdə, bəzilərimiz isə səmavi Padşahlıqda əbədi yaşaya bilərik. Bu ümid bizi qüvvətləndirir (Rom. 4:3, 18, 19). Ümidimiz sayəsində bizim sınaqlara dözmək, xoş müjdəni təbliğ etmək və yığıncaqda müxtəlif tapşırıqları yerinə yetirmək üçün gücümüz olur (1 Salon. 1:3). Gələcəyə ümid həvari Bulusu da gücləndirmişdi. O yazmışdı ki, «çaşqınlıq» içindədir, onu «sıxışdırırlar», «təqib edirlər», «vurub yerə səriblər», hətta bəzən həyatı ipdən asılı olub (2 Kor. 4:8—10). Bulus diqqətini ümidinə cəmlədiyi üçün bu sınaqlara tab gətirə bilmişdi (2 Kor. 4:16—18). Gələcəkdə göydə əbədi yaşayacağı ümidi onun üçün çox əziz idi. Bulus bu ümidi barədə çox düşünürdü, bunun da sayəsində «günbəgün yeniləşir»di. w23.10 s. 15—16, abz. 14—17
Çərşənbə axşamı, 19 avqust
Yehova xalqına güc-qüvvət verər, Yehova xalqına əmin-amanlıq bəxş edər (Zəb. 29:11).
Dua edərkən bu sual barədə düşünə bilərik: «Yehova xahişimi indi yerinə yetirməyi məqbul bilir?» Bizə elə gələ bilər ki, duamıza dərhal cavab lazımdır. Amma Yehova bizə kömək etməyin ən yaxşı vaxtını bilir (1 But. 5:6, 7). Duamızın cavabını həmin an almayanda düşünə bilərik ki, Yehova «yox» cavabını verib. Amma bəlkə də O «hələ yox» deyir. Məsələn, bir qardaş xəstəliyindən sağalmaq üçün dua edirdi, amma səhhətində bir irəliləyiş olmurdu. Əgər Yehova onu möcüzəvi şəkildə sağaltsaydı, onda Şeytan iddia edib deyərdi: «O, sağaldığı üçün sənə xidmət edir» (Əyy. 1:9—11; 2:4). Bundan başqa, Yehova bütün xəstələrə şəfa verəcəyi vaxtı artıq təyin edib (Əşy. 33:24; Vəhy 21:3, 4). Həmin vaxta qədər isə möcüzəvi şəkildə sağalacağımızı gözləməməliyik. Buna görə də qardaş xəstəliyinə dözüb xidmətini davam etdirə bilməsi üçün Yehovadan güc və qəlb rahatlığı istəyə bilər. w23.11 s. 24, abz. 13
Çərşənbə, 20 avqust
Bizimlə günahlarımıza görə rəftar etmir, təqsirlərimizə görə payımıza düşən cəzanı vermir (Zəb. 103:10).
Şimşon ciddi səhv etsə də, təslim olmadı. O, Yehovanın ona verdiyi tapşırığı yerinə yetirmək, filiştlilərə qarşı vuruşmaq üçün fürsət axtardı (Hak. 16:28—30). Şimşon filiştlilərdən heyfini çıxmaq üçün Yehovadan kömək istədi. Yehova da onun yalvarışını eşidib ona yenidən qeyri-adi güc verdi. Nəticədə, Şimşon əvvəlkindən də çox filiştlini qırdı. Şimşon səhvinin acısını çəksə də, bu ona Yehovanın niyyətini yerinə yetirməyə mane olmadı. Eynilə, ola bilsin, bizə səhvimizə görə irad tutulsun və ya məsuliyyətimizi itirək. Amma biz buna görə Yehovaya xidmətimizi dayandırmamalıyıq. Unutmamalıyıq ki, Yehova bizi bağışlamağa hazırdır (Zəb. 103:8, 9). Səhv etsək də, Şimşon kimi biz də, Yehovanın işində yararlı ola bilərik. w23.09 s. 6, abz. 15, 16
Cümə axşamı, 21 avqust
Dözüm Allahın razılığını qazandırır, Allahın razılığından ümid doğur (Rom. 5:4).
Sizin dözümünüz «Allahın razılığını» qazandırır. Bu o demək deyil ki, əzab çəkdiyinizi görmək Allaha xoşdur. Əksinə, Yehovaya xoş olan sizin sadiq qalmağınızdır. Bəli, dözümünüzlə Allahın qəlbini şad edirsiniz. Bundan gözəl nə ola bilər?! (Zəb. 5:12). Gəlin İbrahim peyğəmbəri yadımıza salaq. O da çoxlu çətinliklərlə üzləşmişdi, amma sadiq qaldığı üçün Yehovanın razılığını qazanıb, Onun dostu olmuşdu və saleh sayılmışdı (Yar. 15:6; Rom. 4:13, 22). Biz də onun kimi ola bilərik. Yehovanın razılığını qazanmaq Onun yolunda nə qədər iş görməyimizdən, təyinatlarımızdan asılı deyil. O, sədaqətlə dözüm göstərdiyimizə görə bizdən razı qalır. Yaşımızdan, vəziyyətimizdən, bacarığımızdan asılı olmayaraq, hamımız dözüm göstərə bilərik. Bəlkə də, hal-hazırda hansısa sınağınız var və sədaqətlə dözürsünüz. Əmin olun ki, Yehova sizdən çox razıdır. Bunu biləndə gələcəyə ümidiniz daha da möhkəmlənir. w23.12 s. 11—12, abz. 13, 14
Cümə, 22 avqust
Mərd ol! (1 Pad. 2:2).
Məsihi qardaş yaxşı ünsiyyət qurmağı öyrənməlidir. Yəni o başqalarının fikirlərinə qulaq asmalı, hisslərini başa düşməlidir (Məs. 20:5). Həmçinin qardaş qarşısındakı insanın səs tonundan, üz ifadəsindən və bədən dilindən onun keçirdiyi hissləri oxumağı öyrənməlidir. İnsanlarla vaxt keçirmədən bunları öyrənmək mümkün deyil. Əgər ünsiyyət qurmaq üçün elektron poçt, mesaj və bu kimi vasitələrdən müntəzəm istifadə edirsinizsə, insanlarla üz-üzə söhbət etmək sizə çətin olacaq. Ona görə də insanlarla canlı söhbət etməyə çalışın (2 Yəh. 12). Yetkin məsihi qardaş həm özünü, həm də ailəsini dolandırmalıdır (1 Tim. 5:8). Müəyyən bacarığa yiyələnmək yaxşıdır, çünki bu sizə iş tapmağa kömək edəcək (Həv. 18:2, 3; 20:34; Efes. 4:28). Qoy başqaları sizi zəhmətkeş, işini axıra çatdıran insan kimi tanısın. Bunun sayəsində iş tapmaq sizin üçün daha asan olacaq. w23.12 s. 27—28, abz. 12, 13
Şənbə, 23 avqust
Yehovanın günü gecə gələn oğru kimi gələcək (1 Salon. 5:2).
Müqəddəs Kitabda «Yehovanın günü» deyiləndə Onun düşmənlərini məhv etdiyi və xalqına qurtuluş verdiyi vaxt nəzərdə tutulur. Qədimdə Yehova bəzi xalqlar üzərində hökmünü icra etmişdi (Əşy. 13:1, 6; Hizq. 13:5; Səf. 1:8). Bizim dövrdə «Yehovanın günü» Böyük Babilə hücum ilə başlayıb Armageddon müharibəsi ilə bitəcək. Həmin gün xilas olmaq üçün biz artıq indidən hazırlaşmalıyıq. İsa da demişdi ki, biz böyük müsibətə hazır olmalıyıq. O bu sözlərlə bir dəfə yox, daima hazır olmağı nəzərdə tuturdu (Mət. 24:21; Luka 12:40). Həvari Bulus salonikililərə yazdığı birinci məktubda bir neçə nümunə çəkmişdi. Bu nümunələrlə məsihilərə Yehovanın hökm gününə hazır olmağa kömək etmişdi. Bulus bilirdi ki, Yehovanın günü elə bu dəqiqə gəlməyəcək (2 Salon. 2:1—3). Amma yenə də onları təşviq etmişdi ki, həmin gün sabah gələcəkmiş kimi ona hazırlaşsınlar. Bu məsləhət bizə də aiddir. w23.06 s. 8, abz. 1, 2
Bazar, 24 avqust
Əziz qardaşlarım, mətin qalın, sarsılmaz olun (1 Kor. 15:58).
1978-ci ildə Tokioda 60 mərtəbəli göydələn inşa edilirdi. İnsanları maraqlandırırdı ki, görəsən, bu boyda bina tez-tez baş verən zəlzələlərə necə tab gətirəcək. Mühəndislər binanı elə layihələndirmişdilər ki, o həm möhkəm, həm də elastik olsun və beləcə, seysmik təkanlar zamanı uçmasın. Məsihilər də bu göydələnə bənzəyirlər. Hansı mənada? Məsihi mətin olmalıdır, amma eyni zamanda vəziyyətə uyğunlaşmağı da bacarmalıdır. O, möhkəm və sarsılmaz olmalıdır ki, Allahın qayda-qanunlarına əməl etsin. O, «itaətkardır» və əqidəsindən bir addım belə geri çəkilmir. Eyni zamanda o, «mülayimdir», yəni mümkün, yaxud lazım olduğu halda vəziyyətə uyğunlaşmağı bacarır (Yaq. 3:17). Tarazlı olmağı öyrənən məsihi nə çox sərt olacaq, nə də həddən artıq yumşaq. w23.07 s. 14, abz. 1, 2
Bazar ertəsi, 25 avqust
Siz onu heç vaxt görməmisiniz, buna baxmayaraq, onu sevirsiniz (1 But. 1:8).
Şeytan İblis İsanı sınağa çəkmişdi. Hətta ona açıq demişdi ki, Allaha xəyanət etsin. İsa bu sınaqdan da üzüağ çıxmışdı (Mət. 4:1—11). Şeytan dəridən-qabıqdan çıxırdı ki, İsa günah etsin və beləcə, fidyə ödənilməsin. Yer üzündə xidmət edərkən isə İsanın başqa sınaqları da olmuşdu. Düşmənləri onu təqib edirdi, hətta onu öldürməyə cəhd etmişdilər (Luka 4:28, 29; 13:31). Bundan başqa, İsa şagirdlərinin səhvlərinə də dözməli olmuşdu (Mark 9:33, 34). Həyatının həll olunduğu məhkəmədə İsaya işgəncə verib ələ salmışdılar. Sonra isə o, əzablı, alçaldıcı şəkildə edam edilmişdi (İbr. 12:1—3). İsa işgəncə dirəyində çəkdiyi əzablara təkbaşına, Yehovanın müdafiəsi olmadan dözməli olmuşdu (Mət. 27:46). Aydındır ki, İsa Məsih fidyəni təqdim etmək üçün çox əzaba qatlaşıb. İsanın bizdən ötrü nələri qurban verdiyi barədə düşünəndə ona məhəbbətimiz daha da artır. w24.01 s. 10—11, abz. 7—9.
Çərşənbə axşamı, 26 avqust
Tələskən ehtiyaca yuvarlanar (Məs. 21:5).
Səbir başqaları ilə yaxşı münasibəti qorumağa kömək edir. Bu xüsusiyyətin sayəsində kimsə danışanda biz diqqətlə qulaq asırıq (Yaq. 1:19). İnsanlarla aramızda mehriban münasibət olur. Səbir kömək edir ki, gərgin vəziyyət yarananda tez reaksiya verməyək və xoşagəlməz ifadələr işlətməyək. Həmçinin səbirli olsaq, başqası xətrimizə dəyəndə qəzəblənməyəcəyik. Ondan əvəz çıxmayacağıq, əksinə, bir-birimizə qarşı həmişə səbirli olub bir-birimizi ürəkdən bağışlayacağıq (Kol. 3:12, 13). Səbir xüsusiyyəti daha yaxşı qərarlar verməyə də kömək edir. Bunun sayəsində tez-tələsik, hisslərə qapılıb qərar verməyəcəyik. Əksinə, müxtəlif variantları götür-qoy edəcəyik və onların içindən ən yaxşısını seçəcəyik. Məsələn, əgər iş axtarırıqsa, ola bilsin, qarşımıza çıxan ilk işi qəbul etmək istəyək. Amma səbirliyiksə, biz vaxt ayırıb müəyyən amilləri ölçüb-biçəcəyik. Məsələn, bu iş ailəmizə və Yehova ilə münasibətimizə necə təsir edəcək? Səbirli olmağın sayəsində yanlış qərar verməyəcəyik. w23.08 s. 22, abz. 8, 9
Çərşənbə, 27 avqust
Cismimdə ağlımın qanunu ilə döyüşən başqa bir qanun görürəm. O, məni cismimdə yaşayan günah qanununun əsiri edir (Rom. 7:23).
Əgər günaha meyilinizə görə ruhdan düşmüsünüzsə, özünüzü Yehovaya həsr edərkən verdiyiniz vədi xatırlayın. Bu sizə nəfslə mübarizəni davam etdirməyə güc verəcək. Necə? Yehovaya həsr olunanda siz özünüzü inkar etmiş olursunuz. Bu o deməkdir ki, siz Yehovanı narazı salacaq arzu və istəklərinizə yox deyirsiniz (Mət. 16:24). Yəni hansısa bir sınaqla üzləşəndə «nə edim?», «necə edim?» deyib, baş sındırmalı olmayacaqsınız. Çünki siz qərarınızı bəri başdan vermisiniz — Yehovaya sadiq qalmağı seçmisiniz. Buna görə də Onu razı salmağa qətiyyətli olacaqsınız. Bununla da bir növ Əyyub peyğəmbər kimi davranacaqsınız. O, çox güclü sınaqlarla üzləşsə də, qətiyyətlə demişdi: «Mən son nəfəsimədək sadiq qalacağam!» (Əyy. 27:5). w24.03 s. 9, abz. 6, 7
Cümə axşamı, 28 avqust
Yehova Onu çağıranlara, Onu səmimi-qəlbdən çağıranlara yaxındır (Zəb. 145:18).
«Məhəbbət... Allahı» Yehova bizimlədir! (2 Kor. 13:11). O bizimlə şəxsən maraqlanır. Əminik ki, Onun məhəbbəti bizi əhatə edir (Zəb. 32:10). Yehovanın sevgisini hansı yollarla göstərdiyi barədə daha çox düşünsək, qayğımıza qaldığına daha da əmin olacağıq, özümüzü Ona yaxın hiss edəcəyik. Biz Yehovaya çəkinmədən dua edə bilərik, sevgisinə nə qədər ehtiyac duyduğumuzu deyə bilərik. Bütün narahatlıqlarımızı Onunla bölüşə bilərik, çünki əminik ki, O bizi başa düşür və bizə kömək etmək istəyir (Zəb. 145:19). Soyuq havada ocaq bizi isitdiyi kimi çətinliklərlə, sınaqlarla üzləşəndə də Yehovanın məhəbbəti qəlbimizi isindirir. O bizi ovudur, bizə qəlb rahatlığı verir, odur ki, sevinin! Onun məhəbbətinin qarşılığında siz də belə deyin: «Yehovanı sevirəm»! (Zəb. 116:1). w24.01 s. 31, abz. 19, 20
Cümə, 29 avqust
Mən Sənin adını onlara açdım (Yəh. 17:26).
İsa insanlara sadəcə olaraq Allahın adının Yehova olduğunu demirdi. Yəhudilər Allahın adını onsuz da bilirdi. İsa onlara Allahı tanıdırdı (Yəh. 1:17, 18). Məsələn, Tövratda açıqlanır ki, Yehova rəhmli və mərhəmətli Allahdır (Çıx. 34:5—7). Amma İsa Yehovanın belə bir Allah olduğunu daha aydın göstərmək üçün itmiş oğul və ata ilə bağlı məsəl çəkmişdi. Biz atanın tövbə edən oğlunu «hələ uzaqda ikən» gördüyünü, qabağına qaçıb onun boynuna sarıldığını, onu ürəkdən bağışladığını oxuyanda Yehovanın nə qədər rəhmli və mərhəmətli olduğunu daha yaxşı başa düşürük (Luka 15:11—32). İsa Allahın əslində necə varlıq olduğunu başa düşməyə kömək edirdi. w24.02 s. 10, abz. 8, 9
Şənbə, 30 avqust
[Allahdan] aldığımız təsəlli ilə müxtəlif cür dərdi olanlara təsəlli [verək] (2 Kor. 1:4).
Yehova da sınaqlarla üzləşənlərə məhz bu cür təravət, təsəlli verir. Bəs biz Yehovadan örnək götürüb necə şəfqətli ola bilərik və başqalarına necə təsəlli verə bilərik? Bunun bir yolu özümüzdə başqalarına təsəlli verməyə kömək edəcək xüsusiyyətlər yetişdirməkdir. Məsələn, hansı xüsusiyyətlər? Dindaşlarınıza hər gün məhəbbət göstərməyə və «daima bir-birinizə təsəlli» verməyə sizə nə kömək edəcək? (1 Salon. 4:18). Bunun üçün bir-birinizin dərdinə şərik, qardaşsevən və xeyirxah olmalısınız (Kol. 3:12; 1 But. 3:8). Nəyə görə bu keyfiyyətlərə yiyələnmək lazımdır? Şəfqət xüsusiyyəti və bununla bağlı digər xüsusiyyətlər sizin şəxsiyyətinizin bir hissəsinə çevriləndə əzab çəkən insana təsəlli vermək daxilinizdən gələcək. İsanın da dediyi kimi «insan ürəyində aşıb-daşan fikirləri dilə gətirir. Yaxşı adam özünün yaxşı xəzinəsindən yaxşı şeylər çıxarır» (Mət. 12:34, 35). Bəli, darda olan bacı-qardaşlarımıza təsəlli vermək onlara sevgimizi ifadə etməyin mühüm yollarından biridir. w23.11 s. 10, abz. 10, 11
Bazar, 31 avqust
Ağıllı adamlarsa dərk edəcək (Dən. 12:10).
Peyğəmbərlikləri başa düşmək üçün köməyə ehtiyacımız var. Belə bir nümunəyə baxaq: Tutaq ki, siz heç vaxt olmadığınız bir yerə getmisiniz. Amma yanınızdakı dostunuz həmin əraziləri yaxşı tanıyır. O bilir ki, siz indi haradasınız və hansı yol hara aparır. Yəqin, onunla yola çıxdığınıza görə sevinərsiniz. Yehova da belə bir dostdur. O, hansı zaman kəsiyində yaşadığımızı və qarşıda bizi nələrin gözlədiyini yaxşı bilir. Buna görə də peyğəmbərlikləri başa düşmək üçün Ondan kömək istəməliyik (Dən. 2:28; 2 But. 1:19, 20). Hər bir valideyn istəyər ki, uşaqlarının gözəl gələcəyi olsun. Yehova da bunu istəyir (Ərm. 29:11). Amma insanlardan fərqli olaraq, Yehova gələcəyimizin necə olacağını dəqiqliklə deyə bilər. Baş verəcək vacib hadisələri bizim də bilməyimiz üçün Yehova Kəlamına peyğəmbərliklər yazdırıb (Əşy. 46:10). w23.08 s. 8—9, abz. 3, 4