Dekabr
Bazar ertəsi, 1 dekabr
O ki qaldı ölülərin dirilməsinə, bunu hətta Musa kol haqqındakı əhvalatında... göstərib (Luka 20:37).
Yehova ölüləri diriltməyə qadirdir? Əlbəttə. Axı O, Qüdrət Sahibidir (Vəhy 1:8). O, istənilən düşməni, hətta ölümü məhv etməyə qadirdir (1 Kor. 15:26). Yehovanın ölüləri diriltməyə qadir olduğunu sübut edən başqa bir amil də var: Onun yaddaşının həddi-hüdudu yoxdur. Yehova ulduzların hər birini adı ilə çağırır (Əşy. 40:26). Eynilə ölən kəslərin də heç birini unutmur (Əyy. 14:13; Luka 20:38). Dirildəcəyi kəslərlə bağlı hər şey — həm genetik kodları, həm həyatda yaşadıqları, həm də xatirələri xırdalığına kimi Onun yaddaşındadır. Gördüyümüz kimi, Yehovanın gələcəkdə ölüləri dirildəcəyinə tam əmin ola bilərik. Çünki O, bunu həm istəyir, həm də buna qadirdir. Bu vədə inanmaq üçün daha bir əsasımız var: O, qədimdə ölüləri dirildib. Yehova bir neçə mömin insana, eləcə də İsaya ölüləri diriltmək qabiliyyəti vermişdi. w23.04 s. 9—10, abz. 7—9
Çərşənbə axşamı, 2 dekabr
Qoy sözləriniz həmişə duzlu, ürəkaçan olsun (Kol. 4:6).
Əgər nəzakətlə və mülayimliklə danışsaq, ola bilsin, insanlar bizə qulaq asmaq istəyəcək və söhbəti kəsməyəcək. Əlbəttə, əgər kiminsə məqsədi müzakirədə haqlı çıxmaq və ya etiqadımızı lağa qoymaqdırsa, söhbəti davam etdirməyə dəyməz (Məs. 26:4). Amma belə insanlar tək-tük olur. Çox vaxt insanlar müjdəyə qulaq asır. Gördüyünüz kimi, mülayim olmağı qarşınıza məqsəd qoymağa dəyər. Kimsə sizə mübahisə yaradacaq sual verəndə və ya haqsız yerə tənqid edəndə mülayim cavab vermək üçün Yehovadan güc istəyin. Yadda saxlayın ki, sizin mülayim cavabınız sayəsində fikirayrılıqları deyişməyə gətirib çıxarmayacaq. Üstəlik, bu, insana bizə və Müqəddəs Kitabdakı həqiqətlərə qarşı fikrini dəyişməyə kömək edə bilər. Odur ki, etiqadınızı «müdafiə etməyə hazır olun, ancaq bunu həlimliklə və dərin hörmətlə edin» (1 But. 3:15). Qoy mülayimlik sizin gücünüz olsun! w23.09 s. 19, abz. 18, 19
Çərşənbə, 3 dekabr
Səbri geyinin (Kol. 3:12).
Gəlin səbir göstərməyin dörd yolundan danışaq. Birincisi, səbirli insan tez özündən çıxmır. Stres altında olanda və ya kimsə onu əsəbiləşdirəndə o, sakitliyini qoruyur və əvəz çıxmır (Çıx. 34:6). İkincisi, səbirli insan sakitcə gözləməyi bacarır. Əgər nəsə gözlədiyindən uzun çəkirsə, o, təlaş keçirmir, hövsələdən çıxmır (Mət. 18:26, 27). Üçüncüsü, səbirli insan tələskən deyil. Belə insana hansısa vacib iş tapşırılanda o, tələm-tələsik bu işə başlayıb tez onu başından etməyə çalışmır. Əksinə, lazımınca vaxt ayırıb edəcəyi işi planlaşdırır. İşə başlayanda isə onu keyfiyyətli görmək üçün nə qədər lazımdırsa, o qədər vaxt ayırır. Dördüncüsü, səbirli insan şikayət etmədən çətinliklərə dözür. Bu cür insan çalışacaq ki, çətinliyə dözsün və bu zaman müsbət şeyləri görməyi bacarsın (Kol. 1:11). Bir məsihi kimi biz bütün bu sahələrdə səbir göstərməliyik. w23.08 s. 20—21, abz. 3—6
Cümə axşamı, 4 dekabr
Ürəkləri isə Yehova araşdırar (Məs. 17:3).
Nəyə görə məcazi ürəyimizi qorumalıyıq? Əsas səbəb odur ki, Yehova ürəyimizi araşdırır. Bu isə o deməkdir ki, Yehova bizə baxanda insanların gördüyündən artığını görür. O bizim daxilən necə insan olduğumuzu yaxşı bilir. Yehovanın bizi sevməsini istəyiriksə, ağlımızı əbədi həyat verən hikmətlə doldurmalıyıq (Yəh. 4:14). Beləcə, Şeytan və onun dünyası ağlımızı nə ruhani, nə də əxlaqi cəhətdən zəhərləyə bilməyəcək (1 Yəh. 5:18, 19). Yehovaya yaxınlaşdıqca Ona sevgimiz və hörmətimiz artacaq. Onu kədərləndirmək istəmədiyimiz üçün günah etmək fikri ağlımızın ucundan belə keçməyəcək. Xorvatiyada yaşayan Marta adlı bacı az qala əxlaqsızlıq edəcəkdi. O yazmışdı: «Aydın düşünmək və günahdan ani həzz almaq istəyini boğmaq çox çətin idi, amma Yehovadan qorxmaq məni qorudu». Allah qorxusu onu necə qorumuşdu? Marta deyir ki, verəcəyi səhv qərarın nəticəsi üzərində düşündü. Biz də eyni şeyi edə bilərik. w23.06 s. 20—21, abz. 3, 4
Cümə, 5 dekabr
Xalqların gözü qarşısında, sizin aranızda müqəddəsliyimi göstərəndə biləcəklər ki, Mən Yehovayam,— Külli-İxtiyar Yehova bəyan edir (Hizq. 36:23).
İsa bilirdi ki, Yehovanın niyyəti Öz adını bütün böhtanlardan təmizləməkdir. Ona görə davamçılarına bu cür dua etməyi öyrətmişdi: «Göylərdə olan Atamız, qoy adın müqəddəs tutulsun» (Mət. 6:9). İsa başa düşürdü ki, bəşəriyyətdə bundan mühüm məsələ yoxdur. Kainatda Allahın adını müqəddəs tutmaq üçün İsa qədər can qoyan ikinci varlıq olmayıb. Bununla belə, bilirsiniz, İsa həbs olunanda düşmənləri onu nədə ittiham etdilər? Allahın adına küfr etməkdə! Atasının müqəddəs adını təhqir etmək, Ona qara yaxmaq İsa üçün ən iyrənc günah idi. Belə bir günahı işləməkdə ittiham olunması İsa üçün çox ağır idi. Bəlkə də ölümündən bir neçə saat əvvəl İsanın «şiddətli iztirab» çəkməsinin əsas səbəbi elə bu idi (Luka 22:41—44). w24.02 s. 11, abz. 11
Şənbə, 6 dekabr
Ev hikmətlə tikilər (Məs. 24:3).
Həyat uğrunda yarışda biz Yehovanı və İsanı ailə üzvlərimizdən çox sevməliyik (Mət. 10:37). Amma bu o demək deyil ki, biz ailə məsuliyyətlərimizi icra etməməliyik, sanki onlar əlimizi-qolumuzu bağlayır, Yehova ilə İsanı razı salmağa mane olur. Əksinə, Yehovanı və İsanı razı salmaq üçün biz ailədə üzərimizə düşən vəzifəni yerinə yetirməliyik (1 Tim. 5:4, 8). Bunu edəndə daha xoşbəxt oluruq. Axı Yehovanın niyyətinə əsasən ailənin xoşbəxt olması üçün ərlə arvad bir-birinə məhəbbət və hörmət göstərməlidir, valideynlər uşaqlarını sevməli və onlara tərbiyə verməlidir və uşaqlar ata-analarının sözünə qulaq asmalıdır (Efes. 5:33; 6:1, 4). Ailədəki rolunuzdan asılı olmayaraq Müqəddəs Kitabda yazılan hikmətli məsləhətlərə əməl edin. Özünüzün düzgün bildiyi, yaşadığınız ərazidə qəbul olunan, yaxud da mütəxəssislərin dediyi fikirləri bu məsləhətlərdən üstün saymayın. Müqəddəs Kitaba əsaslanan nəşrlərdən yaxşıca istifadə edin. Orada prinsipləri tətbiq etməyin yolları izah olunur. w23.08 s. 28, abz. 6, 7
Bazar, 7 dekabr
Gecə-gündüz onları oxu ki, hər kəlməsinə dəqiqliklə əməl edəsən. Onda hər işin avand olar və hikmətlə hərəkət edərsən (Yuş. 1:8).
Hər bir məsihi bacı müəyyən bacarıqlara yiyələnməlidir. Gənc bacıların uşaq vaxtı öyrəndiyi bəzi bacarıqlar onlara ömürləri boyu xeyir gətirəcək. Məsələn, oxumağı və yazmağı öyrənin. Bəzi mədəniyyətlərdə qadın üçün oxumağı və yazmağı bilmək elə də vacib hesab olunmur. Amma hər bir məsihinin bu bacarığa yiyələnməsi çox vacibdir (1 Tim. 4:13). Bu səbəbdən maneələr olsa da, öyrənməyə davam edin. Bəs bunun hansı xeyrini görəcəksiniz? Məsələn, özünüzə iş tapa biləcəksiniz. Allahın Kəlamını öyrənmək və başqalarına öyrətmək daha asan olacaq. Ən əsası, Müqəddəs Kitabı oxuyub mütaliə edə bildiyiniz üçün Yehovaya daha da yaxınlaşacaqsınız (1 Tim. 4:15). w23.12 s. 20—21, abz. 10, 11
Bazar ertəsi, 8 dekabr
Yehova mömin bəndələri sınaqlardan necə qurtarmağı... yaxşı bilir (2 But. 2:9).
Yehovadan xahiş edin ki, nəfsə üstün gələsiniz. Günahlı olduğumuz üçün həmişə nəfsimizlə mübarizə aparırıq. Şeytan isə bu mübarizəmizi daha da çətinləşdirir. Məsələn, o, əxlaqsız əyləncələrlə zehnimizi korlamağa çalışır. Bu cür əyləncələr ağlımızda çirkin fikirlər yaradır. Bu fikirlər bizi Yehovanın gözündə napak edir və ciddi günaha sürükləyir (Mark 7:21—23; Yaq. 1:14, 15). Yehovanın köməyi ilə nəfsimizə üstün gələ bilərik. İsa davamçılarına öyrətdiyi duaya belə bir xahiş daxil etmişdi: «Qoyma yolumuzu azaq, bizi Şərirdən xilas et» (Mət. 6:13). Yehova dadımıza çatmağa hazırdır, yetər ki, bunu Ondan istəyək. Bundan əlavə, duamıza uyğun davranmalıyıq. w23.05 s. 6—7, abz. 15—17
Çərşənbə axşamı, 9 dekabr
Üçqat ip tez qırılmaz (Vaiz 4:12).
Səmavi Ataları ilə münasibətlərinə dəyər verən ər-arvadlar canla-başla Onun məsləhətlərinə əməl edir. Bunun sayəsində onlar məhəbbətlərini soyudacaq problemlərdən uzaq olur və ya onların öhdəsindən gəlirlər. Həmçinin ruhani düşüncəli insan Yehovaya bənzəməyə və Onun kimi xeyirxah, səbirli, bağışlayan olmağa çalışır (Efes. 4:32—5:1). Ərlə arvadda bu xüsusiyyətlər olanda məhəbbətlərinin getdikcə artması daha asan olur. 25 ildən çoxdur ki evli olan Lena bacı deyir: «Ruhən yetkin insanı sevmək, ona hörmət göstərmək asandır». Müqəddəs Kitabdan bir hadisəyə baxaq. Yehova Davudun nəslindən o qədər adamın içindən gələcək Məsihin valideynləri kimi Yusiflə Məryəmi seçdi. Çünki onların hər ikisinin Yehova ilə möhkəm münasibəti var idi. Yehova bilirdi ki, Ona məhəbbət həmişə nikahlarının mərkəzində olacaq. w23.05 s. 20—21, abz. 3, 4
Çərşənbə, 10 dekabr
Sizə rəhbərlik edənlərə itaət edin (İbr. 13:17).
Ağamız İsa kamil olsa da, rəhbərlik etmək üçün təyin etdiyi qardaşlar qeyri-kamildir. Onlara itaət etmək bizə bəzən asan olmur, əsas da onlar istəmədiyimiz bir şeyi bizə buyuranda. Bu, bir dəfə Butrusa da çətin olmuşdu. Mələk ona demişdi ki, Musanın qanununda napak hesab olunan heyvanların ətini yesin, Butrus isə bundan imtina etmişdi, özü də bir dəfə yox, düz üç dəfə (Həv. 10:9—16). Nəyə görə? Çünki yeni göstəriş ona ağlabatan gəlmirdi. İndi isə həvari Bulusun necə davrandığına baxaq. Yerusəlimdəki ağsaqqallar ona demişdi ki, özü ilə dörd nəfər götürüb məbədə getsin və paklansın; hamı görsün ki, o, Qanuna riayət edir. Bulus məsihilərin artıq Qanunun tabeliyində olmadığını bilirdi, həm də o, heç bir səhv iş görməmişdi. Amma yenə də səhərisi gün «həmin kişiləri yanına alıb onlarla birlikdə paklandı» (Həv. 21:23, 24, 26). Bulusun itaəti sayəsində bacı-qardaşlar arasındakı birlik pozulmadı (Rom. 14:19, 21). w23.10 s. 10, abz. 15, 16
Cümə axşamı, 11 dekabr
Yehovadan qorxanların payı Onun dostluğudur (Zəb. 25:14).
Bəlkə ağlınıza gəlməz ki, yaxşı dostluqda qorxu da olmalıdır. Amma Yehova ilə möhkəm dostluq qurmaq üçün Ondan qorxmaq vacibdir. Yehovaya neçə müddətdir xidmət etməyimizdən asılı olmayaraq, hər birimizin ürəyində Allah qorxusu olmalıdır. Bəs Allahdan qorxmaq nə deməkdir? Allahdan qorxan insan Onu sevir və bu dostluğa xətər yetirəcək şeylərdən uzaq olur. İsa Məsihdə məhz bu cür qorxu var idi (İbr. 5:7). Bu, vahiməli qorxu deyildi (Əşy. 11:2, 3). Əksinə, İsa Yehovanı ürəkdən sevirdi və Ona itaət etmək istəyirdi (Yəh. 14:21, 31). İsa kimi biz də Yehovaya dərin hörmət və ehtiram bəsləyirik, çünki O, məhəbbətli, hikmətli, ədalətli və qüdrətlidir. Həmçinin bilirik ki, Yehova bizi sevir və nəsihətlərinə münasibətimiz Onun üçün vacibdir. Hərəkətlərimiz Yehovanı ya kədərləndirir, ya da qəlbini sevindirir (Zəb. 78:41; Məs. 27:11). w23.06 s. 14, abz. 1, 2; s. 15, abz. 5
Cümə, 12 dekabr
O, güclənəndə qürurlandı və bu qürur onu uçuruma apardı. O, Allahı Yehovaya xainlik etdi (2 Saln. 26:16).
Üziyyə padşah güclənəndə unutdu ki, əlində olan hər şeyə Yehovanın sayəsində sahibdir. Bundan nə öyrənirik? Unutmamalıyıq ki, həyatda və xidmətdə əldə etdiyimiz hər bir gözəl şeyi bizə Yehova verib. Buna görə də nəyəsə nail olanda bununla öyünməməliyik, əksinə, hər şey üçün Yehovaya minnətdar olmalıyıq (1 Kor. 4:7). Təvazökarlıqla qəbul etməliyik ki, günahlıyıq və düzəlişə ehtiyacımız var. 60 yaşlarında olan bir qardaş yazmışdı: «Başa düşdüm ki, özüm haqda yüksək fikirdə olmamalıyam. Hansısa ağılsız hərəkətimə görə mənə düzəliş ediləndə çalışıram, lazımi dəyişikliklər edib irəli gedim». Yehovadan qorxmağın və təvazökarlığımızı qorumağın sayəsində xoşbəxt ömür sürəcəyik. Bu, danılmaz faktdır! (Məs. 22:4). w23.09 s. 10—11, abz. 10, 11
Şənbə, 13 dekabr
Siz gərək dözümlü olasınız ki, Allahın iradəsini yerinə yetirib Onun vəd etdiyi şeyi alasınız (İbr. 10:36).
Birinci əsrdəki məsihilərə dözüm lazım idi. Çünki onlar məsihi olduqları üçün hamının üzləşdiyi çətinliklərdən əlavə, başqa sınaqlarla da üzləşirdilər. Çoxlarını yəhudi din xadimləri və Roma hökuməti təqib edirdi. Bu azmış kimi ailə üzvləri onlara göz verib işıq vermirdi (Mət. 10:21). Üstəlik, məsihilər yığıncağın içində də çətinliklər yaşayırdı: bəzən onlar özlərini dönüklərdən və onların saxta təlimlərindən qorumalı olurdular (Həv. 20:29, 30). Həmin məsihilər bütün bu çətinliklərə dözdülər (Vəhy 2:3). Bunu necə bacardılar? Onlar Əyyub peyğəmbərin və dözüm göstərən digər mömin insanların nümunəsi üzərində düşünürdülər (Yaq. 5:10, 11). Dua edib Yehovadan güc istəyirdilər (Həv. 4:29—31). Həmçinin dözüm göstərməyin gətirəcəyi mükafat barədə düşünürdülər (Həv. 5:41). Biz də dözümlü ola bilərik. Bunun üçün Müqəddəs Kitabdan və nəşrlərimizdən dözüm göstərən insanlar barədə oxumalıyıq və onların nümunəsi üzərində düşünməliyik. w23.07 s. 3, abz. 5, 6
Bazar, 14 dekabr
Padşahlığı və Allahın tələb etdiyi salehliyi hər şeydən üstün tutun, onda bütün bunlar sizə veriləcək (Mət. 6:33).
Nə Yehova, nə də İsa bizdən ümidini üzmür. Həvari Butrus İsanı danandan sonra iki yol arasında qalmışdı: ya Məsihin davamçısı olmağa son qoyacaqdı, ya da davam edəcəkdi. İsa Yehovaya yalvarmışdı ki, Butrusun imanı tükənməsin. O belə bir dua etdiyini Butrusa da demişdi və söyləmişdi ki, sonralar Butrusun dindaşlarının imanını möhkəmləndirəcəyinə əmindir (Luka 22:31, 32). Yəqin, Butrus İsanın bu sözlərini xatırlayanda çox ruhlanırdı. Bizim də həyatda seçim etməli olduğumuz məqamlar olur. Bu zaman sadiq qalmağımız üçün Yehova ağsaqqallar vasitəsilə bizə dəstək ola bilər (Efes. 4:8, 11). Yehova həm Butrusun, həm də digər həvarilərin maddi tələbatını ödəyirdi. Təbliğ işini həyatımızda hər şeydən üstün tutsaq, O bizim də qeydimizə qalacaq. w23.09 s. 24—25, abz. 14, 15
Bazar ertəsi, 15 dekabr
Fağıra lütf eləyən Yehovaya borc verir, Allah da ona əvəzini verər (Məs. 19:17).
Yehova bizim başqaları üçün etdiyimiz ən xırda yaxşılığı belə görür. O buna dəyərli bir qurban və əvəzini verəcəyi bir borc kimi baxır. Əgər bir vaxtlar yığıncaq xidmətçisi və ya ağsaqqal kimi xidmət etmisinizsə, bilin ki, Yehova keçmişdə etdiyiniz işləri, göstərdiyiniz məhəbbəti unutmur (1 Kor. 15:58). Elə indi göstərdiyiniz məhəbbət də Onun gözündən yayınmır. Yehova istəyir ki, Ona və insanlara sevgimiz getdikcə artsın. Yehovaya məhəbbətimizi artırmaq üçün Onun Kəlamını oxuyub üzərində düşünməli və müntəzəm olaraq duada Onunla söhbət etməliyik. Bacı-qardaşlara məhəbbətimizi artırmaq üçün isə müxtəlif yollarla onlara kömək etməliyik. Sevgimiz artdıqca biz həm Yehova ilə, həm də ruhani ailəmizlə daha yaxın olacağıq və bu dostluğumuz əbədi sürəcək. w23.07 s. 10, abz. 11; s. 11, abz. 13; s. 13, abz. 18
Çərşənbə axşamı, 16 dekabr
Çünki hər kəs öz məsuliyyət yükünü daşıyacaq (Qal. 6:5).
Hər bir məsihi sağlamlığının qeydinə necə qalacağına özü qərar verməlidir. Müqəddəs Kitabda qərarımıza təsir edəcək cəmi bir neçə qanun var. Məsələn, qandan və cindarlıqdan uzaq durmaqla bağlı qanunlar (Həv. 15:20; Qal. 5:19, 20). Qalan sahələr isə şəxsi seçim məsələsidir. Hansısa müalicə üsulunun xeyirli və ya zərərli olduğuna əmin olsaq da, bacı-qardaşların seçim etmək hüququna hörmətlə yanaşmalıyıq. Bu məsələdə növbəti dörd amili yadda saxlamalıyıq: 1) Yalnız Allahın Padşahlığı bizi tam şəkildə və birdəfəlik sağaldacaq (Əşy. 33:24). 2) Hər məsihi onun üçün hansı müalicə üsulunun daha yaxşı olduğuna «tam əmin» olmalıdır (Rom. 14:5). 3) Biz başqalarının qərarını nə mühakimə etməliyik, nə də onların imanını sarsıdacaq bir şey etməliyik (Rom. 14:13). 4) Məsihilər bir-birilərinə məhəbbət göstərirlər və başa düşürlər ki, yığıncaqdakı birlik seçim etmək azadlığından daha üstündür (Rom. 14:15, 19, 20). w23.07 s. 24—25, abz. 15
Çərşənbə, 17 dekabr
Bütün nəzirilik günləri ərzində o, Yehova üçün müqəddəsdir (Say. 6:8).
Yehovanı çox istəyirsiniz? Buna şübhə yoxdur. Elə qədim dövrdən bu yana sizin kimi Yehova ilə münasibətlərini qiymətləndirən çox adam olub (Zəb. 104:33, 34). Bəziləri Yehovaya ibadət etməkdən ötrü qurbanlar verib. Qədim İsraildə yaşamış nəziriləri, başqa sözlə, həsr olunmuş kəsləri buna misal çəkmək olar. Nəzirilər Yehovaya xüsusi şəkildə xidmət etmək üçün müəyyən qurbanlar verən israillilər idi. Musanın qanununa əsasən kişi də, qadın da Yehova ilə xüsusi əhd bağlayıb bir müddət nəziri kimi yaşamağı seçə bilərdi (Say. 6:1, 2). Bu əhdi verənlər digər israillilərdən tələb olunmayan qaydalara əməl etməli idi. Bəs onları belə bir əhd verməyə nə təşviq edirdi? Görünür, onlar bunu Yehovaya məhəbbətdən irəli gələrək edirdilər, verdiyi bol nemətlərə görə Ona minnətdarlıqlarını bildirmək istəyirdilər (Qan. 6:5; 16:17). w24.02 s. 14, abz. 1, 2
Cümə axşamı, 18 dekabr
Ey əhdinə sadiq qalan, Səni sevib əmrlərinə riayət edənlərə məhəbbət göstərən... Allah Yehova! (Dən. 9:4).
Müqəddəs Kitabda «sədaqət» və ya «məhəbbət» kimi tərcümə olunan ibrani sözü çox vaxt Allahın Öz xidmətçilərinə bəslədiyi isti münasibəti və bağlılığı bildirir. Həmçinin eyni söz Allahın xidmətçilərinin bir-birinə bəslədiyi məhəbbətə aid də işlənir (2 İşm. 9:6, 7). Sədaqətimiz günü-gündən daha möhkəm ola bilər. Bunu Dənyalın nümunəsindən aydın görə bilərik. Onun həyatında Yehovaya sadiqliyini sübut etdiyi çoxlu hadisələr olub. Amma o ən böyük sınaqla təxminən 90 yaşında üzləşmişdi. Saray əyanlarının Dənyalı görəsi gözü yox idi və onun ibadət etdiyi Allahı saymırdılar. Buna görə də onlar Dənyalı öldürmək üçün tədbir tökdülər. Onlar şaha fərman imzalatdılar. Bununla Dənyalın şaha, yoxsa Allaha sadiq qalacağı bəlli olacaqdı. Şaha sədaqətini sübut etmək üçün Dənyal sadəcə 30 gün Yehovaya dua etməməli idi. Amma o, Yehovaya sədaqətindən dönmədi (Dən. 6:12—15, 20—22). w23.08 s. 5, abz. 10—12
Cümə, 19 dekabr
Bir-birimizi sevək (1 Yəh. 4:7).
Yehova istəyir ki, dindaşlarımıza olan məhəbbətimiz tükənməsin. Əgər kimdəsə məsihi xüsusiyyətlərindən bəzilərinin çatışmadığını görsəniz, nəzərə alın ki, o da Müqəddəs Kitab prinsiplərinə uyğun davranmaq istəyir. Sadəcə həmin vaxt düşünülməmiş hərəkət edib (Məs. 12:18). Yehova sadiq xidmətçilərini zəifliklərinə rəğmən sevir. Səhvlər edəndə dərhal bizi silib atmır, yaxud bizə acıqlı qalmır (Zəb. 103:9). Nə yaxşı ki, Yehova bağışlayan Allahdır. Biz də Ondan örnək götürüb, başqalarını bağışlamalıyıq! (Efes. 4:32—5:1). Bir məqamı da unutmayın: bu şər dünyanın sonu yaxınlaşdıqca bacı-qardaşlarımızla münasibətimizi möhkəmləndirməliyik. Biz qarşıda təqiblərin artacağına hazırlıqlı olmalıyıq. Hətta imanımıza görə həbsə də düşə bilərik. Əgər belə bir şey baş versə, bacı-qardaşlarımıza həmişəkindən daha çox ehtiyacımız olacaq (Məs. 17:17). w24.03 s. 15—16, abz. 6, 7
Şənbə, 20 dekabr
İnsanın addımlarını yönəldən Yehovadır (Məs. 20:24).
Müqəddəs Kitabda Yehovaya yaxınlaşan, Onun rəğbətini qazanan və dolğun ömür sürən gənclərdən danışılır. Onlardan biri Davud idi. O ta uşaqlıqdan Yehovaya ibadət etməyə qərar vermişdi. Sonralar isə sadiq padşah oldu (1 Pad. 3:6; 9:4, 5; 14:8). Davudun nümunəsini araşdırsanız, Yehovaya sədaqətlə qulluq etmək istəyəcəksiniz. Həmçinin Markın və ya Timutinin həyatı barədə daha çox şey öyrənə bilərsiniz. Görəcəksiniz ki, onlar Yehovaya uşaqlıqdan xidmət etməyə başlamışdılar və axıradək sədaqətlə ömür sürmüşdülər. Bununla onlar Yehovanın qəlbini sevindirmişdilər. Gələcəyiniz həyatınızı bu gün necə qurmağınızdan asılıdır. Əgər öz ağlınıza yox, Yehovaya güvənsəniz, O sizin addımlarınızı yönəldəcək. Siz xoşbəxt, dolğun ömür sürə bilərsiniz. Unutmayın ki, Yehova Onun yolunda etdiyiniz hər bir şeyi qiymətləndirir. Həyatınızı Yehovaya xidmətə sərf etməkdən daha yaxşı nə ola bilər? w23.09 s. 13, abz. 18, 19
Bazar, 21 dekabr
Bir-birinizi ürəkdən bağışlayın (Kol. 3:13).
Həvari Bulus dindaşlarının qeyri-kamil olduğunun fərqində idi. Məsələn, əvvəl-əvvəl yığıncaqda bəziləri onun Məsihin şagirdi olduğuna şübhə ilə yanaşırdı (Həv. 9:26). Sonralar isə bir başqaları onun arxasınca danışıb adına qara yaxmağa çalışırdılar (2 Kor. 10:10). Həmçinin Bulus bir ağsaqqalın bacı-qardaşların büdrəməsinə səbəb ola biləcək yanlış hərəkətini də görmüşdü (Qal. 2:11, 12). Bundan əlavə, Bulusun əməkdaşlarından biri olan Mark onu çox məyus etmişdi (Həv. 15:37, 38). Bəhs etdiyimiz bu vəziyyətlərin hər birində Bulus onu incidən kəslərdən yan gəzə bilərdi. Amma o, bacı-qardaşlarla yaxşı münasibətini pozmadı və Yehovaya fəal şəkildə xidmətini davam etdirdi. Bəs Bulusa ruhdan düşməməyə nə kömək etdi? Bulus bacı-qardaşları sevirdi. Bu məhəbbət ona diqqətini dindaşlarının səhvlərinə yox, müsbət xüsusiyyətlərinə cəmləməyə kömək etmişdi. Həmçinin məhəbbəti sayəsində günün ayəsində yazılan sözlərə uyğun davrana bilmişdi. w24.03 s. 15, abz. 4, 5
Bazar ertəsi, 22 dekabr
Rəbbin qulu çəkişmələrdən uzaq durmalı, hamıyla mülayim [davranmalıdır] (2 Tim. 2:24).
Müqəddəs Kitabda mülayim olmağın dəyərini göstərən çox hadisə yazılıb. Onlardan biri də İshaq idi. O, filiştlilərin ərazisi olan Qərarda yaşayanda qonşuları paxıllıqdan atasının nökərlərinin qazdığı quyuları torpaqla doldurmuşdular. Amma İshaq onlarla bu quyuların davasını döymədi. O, ev əhlini də götürüb oradan köçdü və başqa quyular qazdı (Yar. 26:12—18). Amma filiştlilər bu ərazidəki suların da onlara məxsus olduğunu dedilər. Buna baxmayaraq, İshaq onlarla dava etmədi (Yar. 26:19—25). Başqaları onu özündən çıxarmağa nə qədər çalışsa da, o, mülayim qaldı. Nəyin sayəsində? Sözsüz ki, valideynləri ona bu sahədə gözəl nümunə qoymuşdular. O, İbrahimin sülhpərvər, Saranın isə «sakit və həlim ruh»lu olmasından çox şey öyrənmişdi (1 But. 3:4—6; Yar. 21:22—34). w23.09 s. 15, abz. 4
Çərşənbə axşamı, 23 dekabr
Niyyət etdim, həyata keçirəcəyəm (Əşy. 46:11).
Yehova təyin etdiyi vaxtda Oğlunu yer üzünə göndərdi. İsa Padşahlıq haqda təbliğ etdi və insanları günahdan, ölümdən xilas etmək üçün öz həyatını qurban verdi. Sonra İsa dirildi və Allahın Padşahlığının Padşahı təyin olundu. Yehova İsanın idarə etdiyi Padşahlıq vasitəsilə yer üzü ilə bağlı niyyətini yerinə yetirərək adına bəraət qazandıracaq. Bu, Müqəddəs Kitabın əsas mövzusudur. Yehovanın niyyəti dəyişilməzdir. O, söz verib ki, hər şey dediyi kimi olacaq (Əşy. 46:10; İbr. 6:17, 18). Yer kürəsi Cənnətə çevriləcək. Adəmlə Həvvanın kamil, saleh nəsli əbədi yaşayacaq (Zəb. 22:26). Amma Yehovanın daha geniş məqsədi var. Onun əsas niyyəti odur ki, göydə və yerdə olan bütün şüurlu varlıqların arasında birlik yaratsın. Onda onların hamısı Yehovanın rəhbərliyini qəbul edib Ona sədaqətlə qulluq edəcək (Efes. 1:8—11). Doğrudan da, Yehova Öz niyyətini möhtəşəm şəkildə həyata keçirir. Buna valeh olmamaq mümkün deyil. w23.10 s. 20, abz. 7, 8
Çərşənbə, 24 dekabr
«Mərd olun»... Ordular Allahı Yehova bəyan edir: «Mən sizinləyəm!» (Həq. 2:4).
Babildən çıxan yəhudilər Yerusəlimə qayıtdıqdan sonra maddi cəhətdən korluq çəkməyə başladılar. Həmçinin siyasi baxımdan ölkədə vəziyyət ürəkaçan deyildi və ətraf xalqlar onları təqib edirdi. Bu qədər problemin içində onlara diqqətlərini Yehovanın məbədinin bərpasına cəmləmək çətin idi. Elə buna görə də Yehova xalqını ruhlandırmaq üçün Həqqayla Zəkəriyyə peyğəmbəri göndərirdi və onlar işlərinin öhdəsindən yaxşı gəldilər (Həq. 1:1; Zək. 1:1). Amma təxminən 50 il sonra yəhudilərin şövqü yenidən söndü. Qanunun peşəkar köçürücüsü olan Üzeyir xalqı ruhlandırmaq üçün Babildən Yerusəlimə gəldi, onları pak ibadəti həyatlarında hər şeydən üstün tutmağa təşviq etdi (Üzr. 7:1, 6). Həqqay və Zəkəriyyənin söylədiyi peyğəmbərliklər israillilərə təqiblər vaxtı Yehovaya etibarlarını qoruyub saxlamağa kömək etmişdi. Bu peyğəmbərliklər bu gün bizə də hər çətinliyimizdə Yehovaya etibarımızı qorumağa kömək edəcək (Məs. 22:19). w23.11 s. 14—15, abz. 2, 3
Cümə axşamı, 25 dekabr
Məhəbbətə bürünün, çünki məhəbbət insanlar arasında kamil birlik yaradır (Kol. 3:14).
Dindaşlarımıza hansı yollarla məhəbbətimizi göstərə bilərik? Bunun bir yolu onlara təsəlli verməkdir. Ürəyimizdə şəfqət hissi olsa, daima bir-birimizə təsəlli verə biləcəyik (1 Salon. 4:18). Bəs dindaşlarımıza məhəbbətimizi necə möhkəm saxlaya bilərik? Çətin olsa da, onların səhvlərini bağışlamaqla. Nəyə görə dindaşlarımıza məhəbbət göstərmək indi daha çox vacibdir? Görün Butrus nə deyib: «Hər şeyin sonu yaxındır. Buna görə də... bir-birinizi hərarətlə sevin» (1 But. 4:7, 8). Bu şər dünyanın sonuna daha da yaxınlaşdıqca nələr baş verəcək? İsa davamçıları barədə peyğəmbərlik etmişdi: «Mənim adıma görə bütün xalqlar sizə nifrət edəcək» (Mət. 24:9). Bu cür münasibət qarşısında möhkəm dayanmaq üçün aramızda birlik olmalıdır, onda Şeytan nə qədər çalışsa da, aramızda parçalanma yaratmağa müvəffəq ola bilməyəcək (Filip. 2:1, 2). w23.11 s. 13, abz. 18, 19
Cümə, 26 dekabr
Biz Allahın əməkdaşlarıyıq (1 Kor. 3:9).
Allahın Kəlamındakı həqiqətlərin misilsiz gücü var. İnsanlara Yehova barədə gerçəkliyi öyrədəndə möhtəşəm bir şeyin şahidi oluruq: onların Şeytanın yalanlarından tutulmuş gözləri yavaş-yavaş açılır. Bizim kimi onlar da göydəki Atamızın gözəl xüsusiyyətlərini görməyə başlayırlar. Yehovanın sonsuz qüdrəti onları heyrətə gətirir (Əşy. 40:26). Onun ədalətli olduğuna əmin olurlar (Qan. 32:4). Hikmətinin böyük olduğunu anlayırlar (Əşy. 55:9; Rom. 11:33). Həmçinin Yehovanın məhəbbət olduğunu bilib təskinlik tapırlar (1 Yəh. 4:8). İnsanlar Yehovaya yaxınlaşdıqca Onun övladı kimi əbədi yaşamaq ümidləri daha gerçək olur. Doğrudan da onlara Atalarına yaxınlaşmağa kömək etmək bizim üçün böyük şərəfdir! Bu zaman Yehova da bizə «əməkdaşları» kimi baxır (1 Kor. 3:5). w24.02 s. 12—13, abz. 15
Şənbə, 27 dekabr
Nəzir deməmək nəzir deyib onu yerinə yetirməməkdən yaxşıdır (Vaiz 5:5).
Əgər Müqəddəs Kitabı öyrənirsinizsə, yaxud həqiqətdə böyümüsünüzsə, vəftiz olunmaq barədə düşünürsünüz? Bu, çox gözəl məqsəddir! Vəftiz olunmazdan əvvəl siz özünüzü Yehovaya həsr etməlisiniz. Bəs həsrolunma necə olur? Siz Yehovaya dua edib söz verirsiniz ki, yalnız Ona ibadət edəcəksiniz və Onun iradəsini həyatınızda hər şeydən üstün tutacaqsınız. Həmçinin bundan sonra da Yehovanı bütün qəlbinizlə, bütün varlığınızla, bütün ağlınızla və var gücünüzlə sevəcəyinizə söz verirsiniz (Mark 12:30). Həsrolunma təklikdə, Yehova ilə sizin aranızda olur. Amma vəftiz hamının gözü önündə olur. İnsanlar görür ki, siz özünüzü Yehovaya həsr etmisiniz. Sizin həsrolunma əhdiniz müqəddəs bir əhddir və Yehova verdiyiniz əhdə uyğun yaşamağınızı istəyir (Vaiz 5:4). w24.03 s. 2, abz. 2; s. 3—4, abz. 5
Bazar, 28 dekabr
Hər kəs arvadını özünü sevdiyi kimi sevsin, arvad da ərinə dərin hörmət bəsləsin (Efes. 5:33).
Bütün ailələrdə çətinliklər var. Müqəddəs Kitabda aydın şəkildə deyilir ki, evlənənlər «həyatda yeni çətinliklərlə üzləşəcəklər» (1 Kor. 7:28). Çünki ər də, arvad da qeyri-kamildir və xasiyyətləri, sevib-sevmədiyi şeylər bir-birindən fərqlənir. Onların aldığı tərbiyə, böyüdüyü mədəniyyət də fərqli ola bilər. Vaxt keçdikcə, ola bilsin, onlar nikahdan əvvəl bir-birilərində görmədikləri xüsusiyyətləri sezsinlər. Bu kimi şeylər ərlə arvad arasında söz-söhbətə gətirib çıxara bilər. Hər ikisində də səhv olduğu halda, onlar problemi həll etmək yerinə, ola bilsin, bir-birilərini günahlandırsınlar. Hətta vəziyyət o həddə çata bilər ki, onlar məsələnin həllini ayrı yaşamaqda və ya boşanmaqda görsünlər. Bəs bu yaxşı həll yoludur? Xeyr. Yehova istəyir ki, ər də, arvad da nikaha hörmət etsin, hətta həyat yoldaşı çətin adam olsa da. w24.03 s. 16, abz. 8; s. 17, abz. 11
Bazar ertəsi, 29 dekabr
Ümid... məyusluq gətirməz (Rom. 5:5).
Həsr olunub vəftiz olunandan sonra da Yehovanı daha yaxından tanıdığınız və yetkinləşdiyiniz üçün yer üzündə əbədi yaşamaq ümidiniz böyüməyə davam etdi (İbr. 5:13—6:1). Yəqin, Romalılara 5:2—4 ayələrində yazılanları öz təcrübənizdə yaşamısınız. Yəni siz müxtəlif əziyyətlərlə üzləşmisiniz, amma dözüm göstərib Allahın razılığını qazanmısınız. Bunu biləndən sonra isə Allahın vəd etdiyi şeyləri alacağınızı gözləmək üçün daha çox səbəbiniz yaranıb. Ümidiniz əvvəlkindən də möhkəm olub. Artıq o sizin üçün daha gerçək, daha realdır. Sahib olduğunuz ümid həyatınızın hər sahəsinə güclü təsir edir, məsələn, ailənizlə rəftarınıza, verdiyiniz qərarlara və vaxtınızdan necə istifadə etməyinizə. Həvari Bulus Allahın razılığını qazanandan sonra sahib olduğunuz ümid barədə vacib bir fikri vurğulayır. O sizi ümidinizin gerçəkləşəcəyinə əmin edir (Rom. 15:13). w23.12 s. 12—13, abz. 16—19
Çərşənbə axşamı, 30 dekabr
[Yehova] sənin dövrünün səbatıdır (Əşy. 33:6).
Ciddi sınaqla üzləşəndə hisslərimiz, fikirlərimiz, davranışımız həmişəki kimi tarazlı olmaya bilər. Gəmini atıb tutan dalğalar kimi biz də həmin an qarışıq hisslər keçirə bilərik, bir hissdən o biri hissə düşə bilərik. Bu kimi hisslər bizi boğanda Yehova bizə necə kömək edir? Allah bizə səbatlı, yəni möhkəm qalmağa kömək edəcəyinə söz verir. Gəmi fırtınaya düşəndə o yana bu yana bərk yırğalanmağa başlayır. Gəmini stabil saxlamaq üçün onun hər iki tərəfinə adətən sabitləyici qurğu quraşdırılır. Onlar gəminin bərk yırğalanmasının qarşısını xeyli alır. Bunun sayəsində gəmidəkilər daha təhlükəsizlikdə olur və səyahət rahat keçir. Adətən bu sabitləyici qurğuların gəmi hərəkətdə olanda daha çox köməyi dəyir. Eynilə biz də çətin anlarımızda xidmətimizi davam etdirsək, Yehova bizə sabit qalmağa kömək edəcək. w24.01 s. 22, abz. 7, 8
Çərşənbə, 31 dekabr
Allaha bel bağlamışam, qorxmuram (Zəb 56:4).
Sizi qorxu bürüyəndə bu sual üzərində düşünün: «Yehova keçmişdə hansı işləri görüb?» Onun yaratdıqlarına nəzər salın. Məsələn, güllərə, quşlara «fikir verin». Onlar Yehovanın bənzərində yaradılmasalar da, Ona ibadət edə bilməsələr də, Yehova onların qayğısına qalır. Məgər Yehova sizin qeydinizə daha çox qalmaz? Bu barədə düşünmək Allaha etibarınızı artıracaq (Mət. 6:25—32). Həmçinin Yehovanın Öz xidmətçiləri üçün nələr etdiyi barədə də düşünə bilərsiniz. Bunun üçün güclü iman göstərən hansısa personaj barədə, yaxud Yehovanın müasir dövrdə yaşamış xidmətçiləri barədə oxumaq olar. Bundan başqa, Yehovanın şəxsən sizin qeydinizə necə qaldığını yadınıza salın. O sizin həqiqətə gəlməyinizə necə kömək edib? (Yəh. 6:44). Dualarınıza necə cavab verib? (1 Yəh. 5:14). Əziz Oğlunun fidyə qurbanlığı sayəsində hər gün hansı nemətləri əldə edirsiniz? (Efes. 1:7; İbr. 4:14—16). w24.01 s. 4, abz. 6; s. 7, abz. 17