Yehovanın salehliyindən zövq alın
“Salehliyin və inayətin ardınca gedən adam həyat, salehlik və izzət tapar” (SÜLEYMANIN MƏSƏLLƏRİ 21:21).
1. Müasir insanların getdiyi hansı yollar fəlakətli nəticələrə gətirib çıxarıb?
“YOL var ki, insanın qarşısında düz görünür, amma sonu ölümdür” (Süleymanın məsəlləri 16:25, MKŞ). Müqəddəs Kitabda çəkilən bu məsəl, müasir insanların əksəriyyətinin getdiyi yolu necə də dəqiq təsvir edir! Ümumiyyətlə insanlar, yaxınlarının ən lazımi tələbatlarını nəzərə almadan, yalnız öz gözlərində doğru olan işi icra etməyə çalışırlar (Süleymanın məsəlləri 21:2). Onlar qanuna sözdə tabe olur, ancaq fürsət düşən kimi yaşadıqları ölkənin qanunlarından yan keçir, mə’nəvi və ictimai normalara riayət etmirlər. Nəticədə, parçalanmış və qeyri-müəyyənlik içində olan cəmiyyət yaranıb (2 Timoteyə 3:1-5).
2. Bəşəriyyətin şəxsi faydası üçün nə gərəkdir?
2 Xeyrimiz üçün, həmçinin bütün bəşər ailəsinin sülh və təhlükəsizliyi üçün hamının razılaşa biləcəyi və riayət etməyə hazır olacağı ədalətli qanun və normalar olduqca vacibdir. Aydındır ki, nə dərəcədə ağıllı və səmimi olsa da, insanlar tərəfindən təklif edilən heç bir qanun və normalar bu tələbatı ödəyə bilməz (Yeremya 10:23; Romalılara 3:10, 23). Ədalətli qanunlar mövcuddursa, onları haradan tapmaq olar və onlar nədən ibarətdir? Yəqin ki, növbəti sual daha vacibdir: Əgər bu cür qanunlar mövcuddursa, onlara sevinib, riayət edəcəksinizmi?
Ədalətli normaları haradan tapmaq olar
3. Hamıya məqbul və faydalı normalar vermək tələbinə kim müvafiqdir və nəyə görə?
3 Hamıya məqbul və faydalı normalar üçün, bütün milli, mədəni və siyasi səddləri keçən və insan zəifliyinin və uzaqgörməzliyinin mane olmadığı şəxsə müraciət etməliyik. Sözsüz ki, bütün bu tələblərə müvafiq olan şəxsiyyət Qadir Yaradanımız Yehova Allahdır. O bəyan edir: “Göylər necə yerdən yüksəkdirsə, yollarım sizin yollarınızdan və düşüncələrim sizin düşüncələrinizdən elə yüksəkdir” (İşaya 55:9). Bundan əlavə, Müqəddəs Kitabda deyilir ki, Yehova “sədaqət Allahıdır və haqsızlıq etməz, sadiq [saleh] və doğru olan odur” (Təsniyə 32:4). Müqəddəs Kitabın müxtəlif hissələrində Yehovanın saleh olduğu fikrinə rast gəlinir (Çıxış 9:27; 2 Tarixlər 12:6; Məzmur 11:7; 129:4; Yeremyanın mərsiyələri 1:18; Vəhy 19:2). Bəli, sadiq, ədalətli və saleh Allah olduğu üçün, ən üstün normaları bizə Yehova verə bilər.
4. “Saleh” sözü nə deməkdir?
4 Bu gün bə’zi ölkələrdə “saleh” sözü dəbdə deyil. Çox insanlar ona mənfi və hətta təhqiredici mə’na verirlər. Onlar üçün salehlik riyakarlığa, ikiüzlü mö’minliyə bərabərdir. Lakin bir lüğətə əsasən “saleh” sözü “dini əxlaq qaydalarına ciddi şəkildə riayət edən, dindar, günahsız”, həmçinin “ədalətli, düzgün” mə’nasını verir. Məgər biz, bütün bu gözəl xüsusiyyətləri özündə cəmləşdirən qanun və ya normaların mövcud olmasına sevinmərikmi?
5. Salehlik anlayışı Müqəddəs Kitabda necə müəyyən edilir?
5 “Yəhudi ensiklopediyasında” salehlik haqqında qeyd olunur: “Salehlik — sadəcə mücərrəd anlayış deyil (“Encyclopaedia Judaica”). Bu xüsusiyyət, hər cəhətcə ədalətli və düzgün davranmaqdan ibarətdir”. Məsələn, Allahın salehliyi, sadəcə olaraq Onun müqəddəslik və paklıq kimi daxili xüsusiyyəti deyil, düzgün və ədalətli işlərdə Onun mövcudluğunun izharıdır. Yehova müqəddəs və pak olduğuna görə, demək olar ki, Onun etdiyi və Ondan izhar olan hər bir şey ədalətli və doğrudur. Müqəddəs Kitabda deyildiyi kimi, “Rəbb bütün yollarında adildir və bütün işlərində inayətlidir” (Məzmur 145:17).
6. Pavel öz günlərində yaşayan bə’zi imansız yəhudilər haqqında nə dedi və nəyə görə?
6 Həvari Pavel bu fikri, Romada yaşayan məsihçilərə yazdığı məktubunda qeyd edir. O, iman etməyən bə’zi yəhudilər haqqında yazırdı: “Allahın istədiyi salehliyi anlamayaraq və öz salehliklərini bərqərar etməyə çalışaraq, onlar Allahın istədiyi salehliyə tabe olmadılar” (Romalılara 10:3). Pavel nəyə görə bu insanların “Allahın istədiyi salehliyi” anlamadıqlarını qeyd edir? Məgər onlara Allahın ədalətli qanunlarını öyrətməmişdilərmi? Öyrətmişdilər. Lakin onların əksəriyyəti salehliyi, tamamilə şəxsi cəhət kimi və dini qaydalara son dərəcə dəqiq, səliqəli riayət etməyin səmərəsi kimi anlayırdılar. Onlar, yaxınlarına qarşı münasibətdə salehliyi əldə rəhbər tutulması lazım olan bir norma hesab etmirdilər. İsanın günlərində yaşayan din rəhbərləri kimi, onlar ədalətin və salehliyin nə olduğunu başa düşə bilmədilər (Matta 23:23-28).
7. Yehovanın salehliyi necə təzahür olunur?
7 Yehovanın salehliyi isə Onun bütün işlərində və başqaları ilə münasibətində aydın təzahür olunur. Onun salehliyi, bilərəkdən edilən günaha göz yummağa yol verməsə də, O, buna görə soyuq, qorxması və uzaqlaşması gərək olan hədsiz tələbkar Allah deyil. Bundan əlavə, Onun saleh işləri sayəsində insanlar Ona yaxınlaşa və günahın dəhşətli nəticələrindən canlarını qurtara bilərlər. Bu səbəbdən Yehova tamamilə haqlı olaraq “Haqq Allah və Xilaskar” adlanıb (İşaya 45:21).
Salehlik və xilas
8, 9. Qanun Allahın ədalətli olduğunu necə göstərirdi?
8 Yehovanın salehliyi ilə xilas bəxş edən məhəbbəti arasındakı bağlılığı anlamaq üçün, Musanın vasitəsilə Allahın İsrail xalqına verdiyi Qanuna diqqət yetirək. Qanunun ədalətli olduğuna şübhə yoxdur. İsrail xalqı ilə vidalaşarkən Musa onlara xatırlatdı: “Bu gün önünüzə qoymaqda olduğum bütün bu şəriət kimi o qədər adil qanunları və hökmləri olan hansı böyük millət vardır?” (Təsniyə 4:8). Əsrlər sonra isə İsrail padşahı Davud dedi: “Rəbbin hökmləri haqdır; hamısı doğrudur” (Məzmur 19:9).
9 Qanunun vasitəsilə Yehova yaxşılıq və pislik normalarının nədən ibarət olduğunu aydın göstərdi. Qanunda israillilərin nəinki dini məsələlərdə, hətta işgüzar münasibətlərdə, ailə həyatında, qida, sanitariya və sözsüz ki, məhkəmə qərarlarında belə necə davranacaqları barədə xırda təfsilatlara qədər yazılmışdı. Qanunu pozmaq ciddi cəza, bə’zi hallarda isə ölüm hökmü ilə nəticələnirdia. Bəs Qanunda verilən ədalətli tələblər, bə’zilərinin bu gün iddia etdikləri kimi, ağır, dözülməz yük idimi, insanları azadlıq və sevincdən məhrum edirdimi?
10. Yehovanı sevənlər Onun qanunlarına necə yanaşırdılar?
10 Yehovanı sevən kəslər Onun verdiyi ədalətli qanun və fərmanlardan sevinc duyurdular. Məsələn, gördüyümüz kimi, Davud padşah Yehovanın hökm qərarlarının həqiqi və ədalətli olduğunu e’tiraf etməklə bərabər, onları ürəkdən sevir və belə qərarlara görə minnətdarlığını bildirirdi. O, Yehovanın qanun və hökmləri haqqında yazırdı: “Qızıldan, çox saf qızıldan da ziyadə arzulanar; baldan və süzmə şan balından dadlıdır. Qulun da onlarla qorunur; onları tutmaqda böyük mükafat vardır” (Məzmur 19:7, 10, 11).
11. Necə oldu ki, Qanun “Məsihə yol göstərən mürəbbi” oldu?
11 Əsrlər sonra, Pavel Qanunu daha çox qiymətləndirməyin səbəbini göstərdi. O, Qalatiyadakı məsihçilərə məktubunda yazırdı: “Qanun Məsihə yol göstərən mürəbbimiz oldu ki, biz imanla saleh sayılaq” (Qalatiyalılara 3:24). Pavelin günlərində mürəbbi, yə’ni tərbiyəçi böyük evdə qul və ya nökər kimi xidmət edirdi. Onun vəzifəsi uşaqları qorumaq və onları məktəbə aparmaq idi. Buna oxşar tərzdə, Qanun da israilliləri, qonşu xalqların əxlaqsızlığından və dini natəmizliyindən qoruyurdu (Təsniyə 18:9-13; Qalatiyalılara 3:23). Bundan əlavə, Qanun israillilərə onların günahkar vəziyyətlərini, bağışlanmaya və xilasa möhtac olduqlarını bildirirdi (Qalatiyalılara 3:19). Qanunun tə’yin etdiyi qurban gətirmək tədbirləri fidiyə qurbanlığının gərəkliyinə işarə edir və həqiqi Məsihi müəyyən etmək üçün bir timsal kimi xidmət edirdi (İbranilərə 10:1, 11, 12). Bu minvalla, Yehova öz salehliyini Qanun vasitəsilə təzahür etdirərək, bunu insanların rifahı və əbədi xilası naminə etdi.
Allahın saleh sandığı kəslər
12. Qanuna dəqiq riayət etməklə israillilər nəyə nail ola bilərdilər?
12 Yehovanın verdiyi Qanun hər bir sahədə ədalətli olduğu üçün, israillilər ona riayət etməklə Allahın gözündə saleh ola bilərdilər. Musa, Və’d edilən diyara yaxınlaşan israillilərə xatırlatdı: “Allahımız Rəbbin önündə bütün bu əmrləri bizə əmr etdiyi kimi icra etməyə diqqət etsək bizim üçün salehlik olacaqdır” (Təsniyə 6:25). Üstəlik Yehova söz verdi: “Qanunlarımı və hökmlərimi tutacaqsınız; əgər bir adam onları icra edərsə, onlarla yaşayacaqdır; mən Rəbbəm” (Levililər 18:5; Romalılara 10:5).
13. İnsanlardan ədalətli Qanunun icrasını tələb etməklə Yehova ədalətsizlikmi göstərirdi? İzah edin.
13 Əfsuslar olsun ki, israillilər bir xalq kimi Yehovanın qarşısında Onun qanun və hökmlərini yerinə yetirmədilər və buna görə də və’d edilən xeyir-dualara malik olmadılar. Allahın bütün qanunlarını icra etmək onlara müyəssər olmadı, çünki Allahın Qanunu kamil, onlar isə qeyri-kamil idilər. Bu, Allahın ədalətsiz olduğunumu göstərir? Əlbəttə, yox. Pavel yazırdı: “İndi nə deyək? Məgər Allahın yanında haqsızlıqmı var? Əsla!” (Romalılara 9:14). Qanuna qədər və ondan sonra da, ayrı-ayrı insanların qeyri-kamil və günahlı olmalarına baxmayaraq, Allah onları saleh sanmışdı. Allah qorxusuna malik olan bu insanlar sırasına Nuh, İbrahim, Eyub, Rahab və Daniel daxildir (Təkvin 7:1; 15:6; Eyub 1:1; Hezekiel 14:14; Yaqub 2:25). Onda belə bir sual yaranır: Allah hansı əsasa görə bu insanları saleh sanmışdır?
14. Müqəddəs Kitabda bir insanın “saleh” adlanması hansı mə’nanı daşıyır?
14 Müqəddəs Kitabda bir insanın salehliyi barədə bəhs edildikdə, onun günahsız və kamil olduğu nəzərdə tutulmur. Bu o deməkdir ki, həmin adam Allahın və insanların qarşısında öz vəzifəsini yerinə yetirir. Məsələn, “Nuh saleh” sayıldı və “öz nəsli arasında qüsursuz” idi, çünki “Nuh hər şeyi” Allahın ona əmr etdiyi kimi yerinə yetirdi (Yaradılış 6:9, 22, MKŞ; Malaki 3:18). Vəftizçi Yəhyanın valideynləri Zəkəriyyə və Elizavet “Allah qarşısında saleh olub Rəbbin bütün əmr və ehkamlarına qüsursuz” əməl edirdilər (Luka 1:6). Hətta israilli olmayan romalı yüzbaşı Kornelius “saleh, Allahdan qorxan bir adam” adlanmışdı (Həvarilərin işləri 10:22).
15. Salehlik nə ilə sıx bağlıdır?
15 Bundan əlavə, insanın salehliyi sadəcə Allahın tələblərini yerinə yetirməsindən ibarət deyil, lakin onun ürəyində olanlarla, yə’ni Yehovaya və Onun və’dlərinə olan inamı, minnətdarlığı və məhəbbəti ilə sıx bağlıdır. Müqəddəs Kitabda deyilir ki, İbrahim “Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı” (Yaradılış 15:6, MKŞ). İbrahim yalnız Allahın mövcudluğuna deyil, həmçinin Onun “zürriyyət” barədəki və’dinə də inanırdı (Təkvin 3:15; 12:2; 15:5; 22:18). Bu cür iman və ona müvafiq tərzdə edilən işlər əsasında, Yehova İbrahimin və başqa sadiq insanların qeyri-kamilliyinə baxmayaraq, onlarla ünsiyyətdə olur və onlara xeyir-dua verirdi (Məzmur 36:10; Romalılara 4:20-22).
16. Fidiyəyə iman gətirmək sayəsində nəyə nail olunur?
16 Nəhayət, insanların salehliyi İsa Məsihin fidiyə qurbanlığına iman etmələrindən asılıdır. Pavel birinci əsrin məsihçiləri haqqında yazırdı: “Onlar, Onun [Allahın] lütfü ilə İsa Məsihin fidiyəsi nəticəsində salehliyi müftə aldılar” (Romalılara 3:24, İ-93). Pavel burada, Məsihlə bərabər səmavi Padşahlıqda həmvaris seçilənlər haqqında danışırdı. Lakin İsanın fidiyə qurbanlığı yalnız onlara deyil, eyni zamanda milyonlarla başqa insanlara da Allahın gözündə salehliyə çatmağa imkan yaratdı. Həvari Yəhya rö’yasında “ağ libas geyib... taxtın və Quzunun qarşısında” duran “kimsənin saymağa qadir olmadığı böyük bir izdiham” gördü. Ağ libas bu insanların Allah qarşısında təmiz və saleh olduğunu göstərirdi, çünki onlar “libaslarını yuyub, onları Quzunun qanı ilə ağartdılar” (Vəhy 7:9, 14).
Yehovanın salehliyindən zövq alın
17. Salehliyə can atan kəslər hansı addımları atmalıdırlar?
17 Baxmayaraq ki, Yehova, insanların salehliyə çatmaları naminə Oğlu İsa Məsihi məhəbbətlə qurban verdi, lakin insanlar avtomatik olaraq salehliyə nail olmurlar. İnsan gərək fidiyəyə iman gətirsin, Allahın iradəsinə müvafiq yaşasın, özünü Yehovaya həsr etsin və bunu suda vəftiz olunmaqla göstərsin. Sonra insan salehliyə can atmağa davam etməli və digər ruhani keyfiyyətləri inkişaf etdirməlidir. Pavel, səmavi də’vətə malik olan vəftiz olunmuş məsihçi Timoteyi təşviq edərək dedi: “Salehlik, Allah yoluna bağlılıq, iman, məhəbbət, təhəmmül, həlimlik yolunu izlə” (1 Timoteyə 6:11; 2 Timoteyə 2:22). Daima sə’y göstərməyin gərəkliyini İsa da qeyd etmişdir: “Əvvəlcə Onun Padşahlığını və Onun salehliyini axtarın”. Allahın Padşahlığının xeyir-dualarına malik olmağa çalışdığımız kimi Yehovanın salehlik yolları ilə getməyə də sə’y göstəririkmi? (Matta 6:33, İ-93).
18. a) Salehliyə can atmaq nəyə görə asan deyil? b) Lutun nümunəsindən biz nə öyrənirik?
18 Əlbəttə, salehliyə can atmaq asan deyil. Çünki hər birimiz qeyri-kamilik və təbiətcə salehliyə meylli deyilik (İşaya 64:6). Bundan əlavə bizi, Yehovanın saleh normaları ilə maraqlanmayan insanlar əhatə edir. Bizim vəziyyətimiz, öz qanunsuzluğu ilə məşhur olan Sodom şəhərində yaşayan Lutun vəziyyətini xatırladır. Həvari Peter, Yehovanın Lutu qaçılmaz fəlakətdən xilas etməyi nəyə görə düzgün sandığını izah etdi. O yazırdı: “Bu saleh, onların arasında yaşayaraq, onların haqsız işləri barəsində eşidib, bunları görürdü və öz saleh canına gündən-günə əzab verirdi” (2 Peter 2:7, 8). Buna görə də hər birimiz özündən soruşmalıdır: Hər yanda rast gəldiyim əxlaqsızlıqla öz ürəyimdə razılaşırammı? Populyar, lakin qəddar əyləncələri və idman növlərini sadəcə xoşagəlməz bir şeymi sayıram? Yoxsa, Lut kimi mən də bu saleh olmayan işlərdən əzab çəkirəm?
19. Əgər Allahın salehliyindən zövq alırıqsa, hansı xeyir-dualara malik olacağıq?
19 Biz, bu təhlükəli və mütərəddid dünyada Yehovanın salehliyinə sevinərək, təhlükəsizlik və müdafiə tapırıq. “Ya Rəbb, çadırında kim qalacaq? Müqəddəs dağında kim oturacaq?” suallarına Davud padşah belə cavab verdi: “Kamal ilə yeriyən və saleh iş görən və ürəyindən həqiqəti söyləyən” (Məzmur 15:1, 2). Yehovanın salehliyinə can ataraq, ondan zövq alaraq biz, Allahla yaxşı münasibətləri qoruyacaq və Onun xeyirxahlığından yararlanmağa və Ondan xeyir-dua almağa davam edəcəyik. Ona görə də həyatımızdan məmnunuq, özümüzə hörmət hissi və qəlb rahatlığı duyuruq. Allahın Kəlamında deyilir: “Salehliyin və inayətin ardınca gedən adam həyat, salehlik və izzət tapar” (Süleymanın məsəlləri 21:21). Bundan başqa, hər şeydə ədalətlə davranmağa sə’y göstərərək ətrafımızdakı insanlarla gözəl münasibətlərə malik olacaq və həyatımızı həm mə’nəvi, həm də ruhani cəhətdən yaxşılaşdıracağıq. Məzmurçu bəyan edirdi: “Xoşbəxtdir o kəslər ki, haqq-ədalətə bağlıdır, hər zaman dürüst davranır” (Məzmur 106:3).
[Haşiyə]
a Musanın qanununun əhatə etdiyi şeylərin təfsilatı üçün, Yehovanın Şahidləri tərəfindən nəşr olunmuş “Müqəddəs Yazıların dərk edilməsi” ensiklopediyasında “Qanun əhdinin bə’zi xüsusiyyətləri” adlı məqaləyə baxın, II cild, səh. 214-220 (ing.).
İzah edə bilərsinizmi?
• Salehlik nə deməkdir?
• Xilas, Allahın salehliyi ilə necə bağlıdır?
• Allah insanları hansı əsasa görə saleh sayır?
• Yehovanın salehliyindən necə zövq ala bilərik?
[23-cü səhifədəki şəkillər]
Davud padşah Allahın qanunlarına dərin məhəbbət ifadə edirdi.
[24-cü səhifədəki şəkillər]
Allah Nuhu, İbrahimi, Zəkəriyyəni, Elizaveti, həmçinin Korneliusu saleh sandı. Bilirsinizmi nəyə görə?