Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w06 1/5 s. 27—31
  • Padşah Məsihə sədaqətlə xidmət edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Padşah Məsihə sədaqətlə xidmət edin
  • Gözətçi qülləsi 2006
  • Başlıqlar
  • Oxşar material
  • Sədaqətə layiq Padşah
  • Təbəə olmaq üçün tələblər
  • Qanuna tabe olan təbəələr
  • Sədaqət sınaqdan keçirilir
  • Sədaqətli təbəələrin alacağı əbədi mükafatlar
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Allahın Padşahlığı haqqında həqiqət
    Gözətçi qülləsi (kütləvi) 2020
  • Padşahlığın 100 illik fəaliyyəti sizə necə təsir edir?
    Gözətçi qülləsi 2014
  • Bəyan etməli olduğumuz xəbər
    Teokratik Xidmət Məktəbində təlim alırıq
Əlavə
Gözətçi qülləsi 2006
w06 1/5 s. 27—31

Padşah Məsihə sədaqətlə xidmət edin

«Ona hakimiyyət, izzət və padşahlıq verilmişdi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar ona xidmət etsin» (DANİEL 7:14).

1, 2. Biz haradan bilirik ki, Məsihin Padşahlıq hakimiyyəti b. e. 33-cü ilində hələ tam bərqərar olmamışdı?

HANSI hökmdar təbəələri uğrunda canından keçmiş, padşahlıq etmək üçün yenidən həyata qayıtmışdır? Hansı padşah yerdə yaşayıb, təbəələrinin e’tibar, sədaqətini qazanmış və sonra göydən idarə etməyə başlamışdır? Bunları və daha çox şeyləri edən yeganə şəxsiyyət İsa Məsihdir (Luka 1:32, 33). Məsih dirilib göyə qalxdıqdan sonra eramızın 33-cü ili Pentikost günündə Allah «bütün şeylərin üzərində rəhbər olmaq üzrə, Onu imanlılar cəmiyyətinə verdi» (Efeslilərə 1:20-22, İ–93; Həvarilərin işləri 2:32-36). Beləliklə, İsa hökmranlıq etməyə başladı, ancaq onun hakimiyyəti məhdud idi. Onun ilk təbəələri ruhani İsraili, yə’ni ‘Allahın İsrailini’ təşkil edən ruhla məsh edilmiş məsihçilər oldular (Qalatiyalılara 6:16; Koloslulara 1:13).

2 Həmin Pentikost günündən təxminən 30 il sonra həvari Pavel təsdiq etdi ki, Məsihin Padşahlıq hakimiyyəti hələ tam bərqərar olmamışdı, lakin o, ‘Allahın sağında oturub, bundan sonra düşmənlərinin ayaqlarının altına kətil olaraq qoyulmasını gözləyirdi’ (İbranilərə 10:12, 13). Sonra eramızın birinci əsrinin sonlarında qoca həvari Yəhya ona verilən vəhydə görmüşdü ki, Kainatın Hökmdarı Yehova İsanı rəsmi surətdə yeni tə’sis edilmiş Padşahlığın Padşahı tə’yin edir (Vəhy 11:15; 12:1-5). Biz tarixin elə bir mərhələsində yaşayırıq ki, Məsihin 1914-cü ildə göydə Padşah kimi hökmranlığa başladığını təsdiq edən əsaslı sübutları görürüka.

3. a) 1914-cü ildən Padşahlıq haqqında xoş xəbərə hansı yenilik daxil oldu? b) Biz özümüzə hansı sualları verə bilərik?

3 Beləliklə, 1914-cü ildən e’tibarən Padşahlıq haqqında xoş xəbərə yenilik daxil oldu. Məsih «düşmənlərinin ortasında», Allahın göydə tə’yin etdiyi Padşah kimi fəal surətdə hökmranlıq etməyə başladı (Məzmur 110:1, 2, KM; Matta 24:14; Vəhy 12:7-12). Onun bütün yer üzündə olan sədaqətli təbəələri bəşər tarixində indiyədək görünməmiş Müqəddəs Kitabın ümumdünya tə’lim proqramında iştirak edərək həvəslə onun hakimiyyətinə tabe olurlar (Daniel 7:13, 14; Matta 28:18). ‘Səltənətin Oğulları’ olan ruhla məsh edilmiş məsihçilər ‘Məsihin səfirləri’ kimi xidmət edirlər. Allahın Padşahlığının nümayəndələri kimi fəaliyyət göstərən Məsihin ‘başqa qoyunlarından’ ibarət izdiham onlara sədaqətlə köməklik göstərir (Matta 13:38; 2 Korinflilərə 5:20; Yəhya 10:16). Buna baxmayaraq, hər birimiz Məsihin hakimiyyətinə həqiqətən də tabe olub-olmadığımızı təhlil etməliyik. Biz ona bütünlüklə sədaqətliyikmi? Göydə idarə edən Padşaha sədaqətimizi necə göstərə bilərik? Gəlin əvvəlcə Məsihə sədaqətli olmaq üçün hansı səbəblərin olduğunu müzakirə edək.

Sədaqətə layiq Padşah

4. İsa tə’yin olunmuş Padşah kimi edəcəyi işləri yer üzündə xidmət etdiyi zaman necə göstərdi?

4 Biz Məsihə, gözəl xüsusiyyətlərinə və bizim üçün etdiklərinə görə minnətdarlıqdan irəli gələrək sadiq qalırıq (1 Peter 1:8). İsa tə’yin olunmuş Padşah kimi, Allahın qoyduğu vaxtda hökmranlıq edəndə bütün dünyada hansı işlər görəcəyini yerdə yaşayarkən kiçik miqyasda nümayiş etdirmişdi. O, acları doydurur, xəstələri, korları, topalları, karları və lalları sağaldırdı. O, hətta ölüləri həyata qaytarırdı (Matta 15:30, 31; Luka 7:11-16; Yəhya 6:5-13). Bundan başqa, İsanın yerdəki həyatını nəzərdən keçirdikdə Yerin gələcək Hökmdarı kimi onun hansı xüsusiyyətlər, xüsusilə fədakar məhəbbət göstərəcəyini öyrənirik (Mark 1:40-45). Bununla əlaqədar Napoleon Bonapartın belə sözlər söylədiyi deyilir: «İsgəndər, Sezar, Böyük Karl və mən imperiyalar yaratmışıq. Lakin bu dahi əsərlərimiz necə yaradılıb? Zor gücünə! Yalnız İsa Məsih öz Padşahlığını məhəbbət üzərində qurub və milyonlarla insan onun uğrunda həyatından belə keçməyə hazırdır».

5. İnsanları İsaya cəlb edən nə idi?

5 İsa həlim və qəlbdən təvazökar olduğu üçün yorğun və yükləri ağır olanlar onun ibrətamiz tə’limlərindən və xeyirxahlığından təravət alırdılar (Matta 11:28-30). Uşaqlar özlərini onun yanında rahat hiss edirdilər. Təvazökar və ağıllı insanlar həvəslə onun şagirdi olurdular (Matta 4:18-22; Mark 10:13-16). Nəzakətli və hörmətcil davranışı sayəsində İsa, Allah qorxusu olan bir çox qadınların sədaqətini qazanmışdı. Xidmətlə məşğul olduğu üçün bu qadınların bir çoxu vaxtını, gücünü və vəsaitini əsirgəməyərək onun qeydinə qalırdılar (Luka 8:1-3).

6. Lazar öləndə İsanın hansı zərif hissləri özünü büruzə vermişdi?

6 İsanın ən zərif hissləri sevimli dostu Lazar öləndə özünü büruzə verdi. Marta və Məryəmin iztirabları onu o dərəcədə riqqətə gətirmişdi ki, o, kədərdən inildədi və «ağladı». Baxmayaraq ki, İsa Lazarı tezliklə dirildəcəyini bilirdi, güclü ürəkağrısı və kədərdən «ürəyi çox sıxıldı». Sonra məhəbbət və şəfqət hissindən irəli gələrək İsa Allahın verdiyi səlahiyyətdən istifadə edib Lazarı diriltdi (Yəhya 11:11-15, 33-35, 38-44).

7. Nəyə görə İsa sədaqətimizə layiqdir? (Həmçinin 31-ci səhifədəki çərçivəyə baxın.)

7 Biz İsanın salehliyə olan güclü məhəbbəti, riyakarlıq və pisliyə olan nifrəti qarşısında ehtiram hissi duyuruq. O, tamahkar tacirləri iki dəfə cəsarətlə mə’bəddən qovmuşdu (Matta 21:12, 13; Yəhya 2:14-17). Bundan başqa, yer üzündə yaşayanda hər cür çətinliyə mə’ruz qalmış, bizim bu gün üzləşdiyimiz problem və əzablarla o da üzləşmişdi (İbranilərə 5:7-9). İsa, həmçinin ədalətsizlik və ədavətin qurbanı olmağın nə demək olduğunu da bilirdi (Yəhya 5:15-18; 11:53, 54; 18:38–19:16). Sonda, İsa Allahın iradəsini yerinə yetirmək və təbəələrinə əbədi həyat vermək üçün cəsarətlə özünü amansız ölümə təslim etdi (Yəhya 3:16). Məsihin bu xüsusiyyətləri xidmətinizi sədaqətlə davam etdirməyə sizi təşviq etmirmi? (İbranilərə 13:8; Vəhy 5:6-10). Bəs Padşah İsanın təbəəsi olmaq üçün nə tələb olunur?

Təbəə olmaq üçün tələblər

8. Məsihin təbəələri hansı tələblərə müvafiq olmalıdırlar?

8 Belə bir müqayisəyə diqqət yetirin: başqa ölkənin vətəndaşlığını almaq üçün müəyyən tələblərə cavab vermək lazımdır. İnsandan nümunəvi vətəndaş olması və müəyyən sağlamlıq normalarına müvafiq olması gözlənilə bilər. Buna bənzər şəkildə Məsihin təbəələri də yüksək əxlaq normaları və yaxşı ruhani sağlamlığa malik olmalıdırlar (1 Korinflilərə 6:9-11; Qalatiyalılara 5:19-23).

9. Biz Məsihə sədaqətli olduğumuzu necə göstərə bilərik?

9 İsa Məsih, haqlı olaraq təbəələrindən özünə və Padşahlığına qarşı sədaqət tələb edir. Təbəələr, İsanın tə’yin olunmuş Padşah kimi yer üzündə yaşayanda verdiyi tə’limlərə müvafiq həyat sürməklə sədaqətli olduqlarını göstərirlər. Məsələn, onlar Padşahlığın maraqlarını və Allahın iradəsini maddi mənfəətdən üstün tuturlar (Matta 6:31-34). Onlar ən ağır sınaq altında belə Məsihin xüsusiyyətlərini təqlid etməyə çalışırlar (1 Peter 2:21-23). Bundan başqa, Məsihin təbəələri onun nümunəsini izləyərək başqalarına yaxşılıq etmək üçün əllərindən gələni edirlər (Matta 7:12; Yəhya 13:3-17).

10. Məsihə sədaqətimizi a) ailədə, b) yığıncaqda necə təzahür etdirə bilərik?

10 İsanın davamçılarının sədaqəti onların ailə münasibətlərindən də görünür. Məsələn, ər arvadı və uşaqları ilə münasibətində məsihçi xüsusiyyətlərini əks etdirməklə göydəki Padşaha sədaqətini göstərir (Efeslilərə 5:25, 28-30; 6:4; 1 Peter 3:7). Qadın isə Məsihə olan sədaqətini ədəbli davranışı və ‘həlim və sakit ruhu’ ilə təzahür etdirir (1 Peter 3:1-4; Efeslilərə 5:22-24). Uşaqlara gəldikdə isə, onlar Məsihin itaətkarlıq nümunəsini təqlid etməklə sədaqətli olduqlarını göstərirlər. Uşaqlıqda İsa, valideynlərinin qeyri-kamil olduğuna baxmayaraq, onların itaətindən çıxmırdı (Luka 2:51, 52; Efeslilərə 6:1). Məsihin təbəələri «başqalarının dərdlərinə şərik, qardaş sevən» və «şəfqətli» olmaqla onu sədaqətlə təqlid edirlər. Onlar Məsih kimi təvazökar olmağa çalışır, ‘pisliyə pisliklə, söyüşə də söyüşlə cavab vermirlər’ (1 Peter 3:8, 9; 1 Korinflilərə 11:1).

Qanuna tabe olan təbəələr

11. Məsihin təbəələri hansı qanunlara tabedirlər?

11 Hər hansı bir ölkənin vətəndaşlığını almaq istəyən insanlar həmin ölkənin qanunlarına tabe olduqları kimi, Məsihin təbəələri də həyatlarını onun tə’limlərinə və əmrlərinə uyğunlaşdıraraq ‘Məsihin Qanununa’ tabe olurlar (Qalatiyalılara 6:2). Onlar, xüsusən də ‘Hökmdarın [məhəbbət] Qanununa’ sadiq yaşayırlar (Yaqub 2:8). Bu qanunlara nə daxildir?

12, 13. ‘Məsihin Qanununa’ necə tabe ola bilərik?

12 Məsihin davamçıları qeyri-kamildirlər və onların da zəiflikləri vardır (Romalılara 3:23). Buna görə də, ‘bir-birilərini var qüvvə ilə səmimi qəlbdən sevməkdən’ ötrü ‘onlar qardaşlara riyasız məhəbbət’ inkişaf etdirməlidirlər (1 Peter 1:22). ‘Birinin digərindən şikayəti varsa’ məsihçilər ‘təhəmmül edərək bağışlamaqla’ Məsihin qanununa sədaqətlə əməl edirlər. Bu qanuna tabe olmaq bir-birlərinin qeyri-kamilliyinə göz yummağa və bir-birini sevməyə səbəblər tapmağa kömək edir. Sən, məhəbbətli Padşahımıza tabe olaraq bir-birini «kamil birliyin bağı olan məhəbbətlə» sevən insanların arasında olduğuna görə minnətdar deyilsənmi? (Koloslulara 3:13, 14).

13 Bundan başqa, İsa başa saldı ki, Onun nümunə qoyduğu məhəbbət insanların bir-birinə göstərdikləri məhəbbətdən daha üstündür (Yəhya 13:34, 35). Əgər yalnız bizi sevənləri seviriksə, «xüsusi bir şey» etmirik. Belə məhəbbət natamam və qeyri-mükəmməldir. İsa təşviq edirdi ki, hətta bizə ədavət bəsləyən və tə’qib edənləri belə prinsiplərə əsaslanan məhəbbətlə sevərək Atasının məhəbbətini təqlid edək (Matta 5:46-48). Bu məhəbbət, həmçinin Padşahlığın təbəələrini, onlara tapşırılan əsas işi sədaqətlə davam etdirməyə təşviq edir. Söhbət hansı işdən gedir?

Sədaqət sınaqdan keçirilir

14. Təbliğ işi nə üçün bu dərəcədə vacibdir?

14 Padşahlığın təbəələrinin ‘Allahın Səltənətini ciddi şəkildə bəyan etmək’ kimi mühüm bir tapşırığı vardır (Həvarilərin işləri 28:23). Bu işi yerinə yetirmək çox vacibdir, çünki Xilaskar Padşahlıq Yehovanın Ali hökmranlığına bəraət qazandıracaqdır (1 Korinflilərə 15:24-28). Biz xoş xəbəri e’lan edəndə, onu eşidənlərin Allahın Padşahlığının təbəələri olmaq imkanı yaranır. Bundan başqa, Padşah Məsih bəşəriyyəti məhz bu xəbərə göstərdiyi münasibət əsasında mühakimə edəcəkdir (Matta 24:14; 2 Saloniklilərə 1:6-10). Beləliklə, İsaya sədaqətimizi, birinci növbədə, Padşahlığı təbliğ etmək əmrini yerinə yetirməklə göstəririk (Matta 28:18-20).

15. Nə üçün məsihçilərin imanı sınağa çəkilir?

15 Şeytan təbliğ işinə müqavimət göstərmək üçün hər bir üsula əl atır, insan hökmdarları Allahın İsaya verdiyi hakimiyyəti tanımırlar (Məzmur 2:1-3, 6-8). İsa öz davamçılarını xəbərdar etmişdi: «Qul ağasından üstün deyildir. Əgər Məni tə’qib etdilərsə, sizi də tə’qib edəcəklər» (Yəhya 15:20). Beləliklə, Məsihin davamçıları sədaqətləri sınağa çəkilən ruhani müharibədə iştirak edirlər (2 Korinflilərə 10:3-5; Efeslilərə 6:10-12).

16. Padşahlığın təbəələri «Allahınkını Allaha» necə verirlər?

16 Allahın Padşahlığının təbəələri, gözəgörünməz Padşahlarına sədaqəti qoruyurlar, lakin bununla yanaşı insan hakimiyyətlərinə hörmətsizlik göstərmirlər (Titusa 3:1, 2). İsa demişdi: «Qeysərinkini qeysərə, Allahınkını Allaha verin» (Mark 12:13-17). Məsihin tə­bə­ələ­ri Allahın qanununa zidd getməyən dövlət qanunlarına tabe olurlar (Romalılara 13:1-7). Lakin yəhudi Ali Məhkəməsi Allahın qanunlarına qarşı çıxaraq, İsanın şagirdlərinə təbliği dayandırmağı əmr edəndə, onlar qətiyyətlə, eyni zamanda hörmətlə «insanlardan artıq, Allaha itaət etmək gərəkdir» deyə cavab vermişdilər (Həvarilərin işləri 1:8; 5:27-32).

17. Sədaqətimiz sınağa çəkilərkən nə üçün cəsarətli olmalıyıq?

17 Əlbəttə, Məsihin təbəələri tə’qiblər qarşısında Padşahlarına sadiq qalmaq üçün cəsarətli olmalıdırlar. Lakin İsa demişdi: «Mənə görə insanlar sizi təhqir və tə’qib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür» (Matta 5:11, 12). Məsihin erkən davamçıları bu sözlərin doğruluğuna öz şəxsi təcrübələrindən əmin olmuşdular. Hətta təbliği dayandırmadıqlarına görə döyüldükdə belə onlar sevinirdilər, «çünki Rəbb İsanın adı üçün təhqir edilməyə layiq görülmüşdülər. Və hər gün mə’bəddə və evdən-evə tə’lim verməkdən və İsanın Məsih olduğunu müjdələməkdən vaz keçmirdilər» (Həvarilərin işləri 5:41, 42). Siz də çətinlik, xəstəlik, ehtiyac və müqavimətlərlə üzləşdiyiniz zaman sədaqətinizi qoruduğunuza görə tə’rifə layiqsiniz (Romalılara 5:3-5; İbranilərə 13:6).

18. İsanın Ponti Pilata dediyi sözlər nə deməkdir?

18 Padşah tə’yin olunan İsa Roma valisi Ponti Pilata demişdi: «Mənim Səltənətim bu dünyadan deyildir; əgər Mənim Səltənətim bu dünyadan olsaydı, nökərlərim cəhd edərdilər ki, Mən yəhudi idarəçilərə təslim edilməyim; lakin indi Mənim Səltənətim buradan deyildir» (Yəhya 18:36). Buna görə, Səmavi Padşahlığın təbəələri nə silah qaldırır, nə də cəmiyyətdəki toqquşmalara qoşulurlar. «Əmin-amanlıq Hökmdarı»na sadiq qalaraq onlar dünyanın ziddiyyətli məsələlərində tamamilə bitərəf mövqe tuturlar (Yeşaya 2:2-4; 9:6, 7).

Sədaqətli təbəələrin alacağı əbədi mükafatlar

19. Nə üçün Məsihin təbəələri gələcəyə inamla baxırlar?

19 «Şahların Şahı» olan Məsihin sədaqətli təbəələri gələcəyə inamla baxırlar. Onlar tezliklə İsanın qeyri-adi gücünü nümayiş etdirəcəyini səbirsizliklə gözləyirlər (Vəhy 19:11–20:3; Matta 24:30). Padşahlığın ruhla məsh olunmuş sədaqətli oğulları misilsiz mükafatlarını — Məsihlə birlikdə göydə padşah olacaqları vaxtı səbirsizliklə gözləyirlər (Matta 13:38; Luka 12:32). Məsihin sədaqətli «başqa qoyunları» da səbirsizliklə Padşahlarının onlardan razı qaldığını göstərən sözləri söyləyəcəyini gözləyirlər: «Ey sizlər, Atamın mübarəkləri, gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Səltənəti miras alın» (Yəhya 10:16; Matta 25:34). Qoy Padşahlığın bütün təbəələri Padşah Məsihə sədaqətlə xidmət etməyə qəti qərarlı olsunlar!

[Haşiyə]

a Yehovanın Şahidləri tərəfindən nəşr olunmuş «Əbədi həyata aparan bilik» kitabının 90-97-ci səhifələrindəki «Allahın Padşahlığı hökmranlıq edir» adlı fəslə baxın.

İzah edə bilərsinizmi?

• Nə üçün Məsih bizim sədaqətimizə layiqdir?

• Məsihin təbəələri ona sədaqətlərini necə təzahür etdirirlər?

• Biz nə üçün Padşah Məsihə sədaqətli olmaq istəyirik?

[31-ci səhifədəki çərçivə]

MƏSİHİN BƏ’Zİ GÖZƏL XÜSUSİYYƏTLƏRİ

Qərəzsizlik (Yəhya 4:7-30)

Şəfqət (Matta 9:35-38; 12:18-21; Mark 6:30-34; İbranilərə 4:15, 16)

Fədakar məhəbbət (Yəhya 13:1; 15:12-15)

Sədaqət (Matta 4:1-11; 28:20; Mark 11:15-18)

Mülayimlik (Matta 15:21-28)

[29-cu səhifədəki şəkil]

Bir-birimizə məhəbbət təzahür etdirməklə, ‘Məsihin Qanununa’ sədaqətlə tabe oluruq.

[31-ci səhifədəki şəkillər]

Məsihin xüsusiyyətləri ona sədaqətlə xidmət etməyə səni təşviq edirmi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş